15 iyun Azərbaycan
xalqının və dövlətinin qurtuluş tarixidir
“Yeni Azərbaycan” qəzetində
keçirilən növbəti “dəyirmi masa”da 15 iyun tarixinin
Azərbaycan dövlətçiliyində yeri və əhəmiyyəti,
müstəqilliyimizin keçdiyi mürəkkəb və
şərəfli yol müzakirə olunub
Hər
bir xalqın tarixində yadda qalan, unudulmayan günlər olur.
15 iyun Azərbaycanın tarixinə şərəfli təqvim
kimi daxil olmuş və çox haqlı olaraq bu günü
Milli Qurtuluş Günü kimi bayram edirik. Azərbaycanın
bu gününün yadda qalan hadisəsi Ulu öndərin
öz xilaskarlıq missiyasına başlaması ilə
bağlıdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu,
ölkənin tarixində yeni bir mərhələnin
başlanğıcı oldu. Bugünkü “dəyirmi
masa”mızda da 15 iyun tarixinin Azərbaycan dövlətçiliyində
yeri və əhəmiyyəti, müstəqilliyimizin
keçdiyi mürəkkəb və şərəfli yolu
müzakirə etdik. “Dəyirmi masa”nın bu dəfəki
qonaqları isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə
Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə, YAP Siyasi
Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov, “Xalq cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli, Milli QHT forumunun
prezidenti Rauf Zeyni və politoloq Cümşüd Nuriyevdir.
-
İlk olaraq istərdik həmin illərdə baş verən
prosesləri xatırlayaq. Arif müəllim, siz 1993-cü il
iyun hadisələrinin canlı şahidisiniz. Həmin dövrdə
nə baş verdi ki, Azərbaycan vətəndaş müharibəsi
təhlükəsi ilə üz-üzə dayandı?
Arif
Rəhimzadə: 1993-cü ilin iyununda Azərbaycanda gərginlik
ən yüksək həddə çatmışdı. Amma
tarixə nəzər saldıqda görmək olar ki, zaman-zaman
belə hallar yaşanıb. Məsələn, birinci dəfə
respublikamızda bu qədər gərgin olmasa da 60-cı illərin
sonunda da belə vəziyyət yaranmışdı. Onu da qeyd
etmək yerinə düşər ki, bu gərginliyin
kökündə ermənilərin qeyri-konstruktiv münasibətini,
Ermənistanın bizə qarşı olan
işğalçılıq siyasəti dayanırdı. Təbii
ki, zaman-zaman bizim də böyük səhvlərimiz,
laqeydliyimiz olub. Bildiyiniz kimi, ötən əsrin 60-cı illərinin
sonunda da ermənilər Azərbaycana qarşı ərazi
iddiaları ilə çıxışlar edirdilər. Onda
Sovet hakimiyyətinin güclü vaxtı idi. Amma bu məsələdə
əsas dönüş nöqtəsi 1969-cu ildə Heydər Əliyevin
Azərbaycanda hakimiyyətə gəlməsi oldu. Ulu öndər
hakimiyyətə gələndən sonra dərhal Ağstafada
Ermənistanın birinci katibi ilə görüşdü. Həmin
söhbətin məğzi heç kimə məlum deyildi,
amma bəlli idi ki, söhbət çox gərgin
keçmişdi. Çünki ermənilərin Dağlıq
Qarabağla bağlı müraciətlərinə, hətta
Ali Sovetdə də baxılmışdı. Belə bir qərara
gəlinmişdi ki, sərhədlərə yenidən
baxılsın. Amma buna baxmayaraq, Heydər Əliyevin arqumentləri
sayəsində 17 il ərzində ermənilər bu məsələni
qaldıra bilmədilər.
Bunun
ikinci mərhələsi 80-ci illərin sonunda oldu. Bildiyiniz
kimi, o vaxtlar artıq SSRİ-nin özünün
varlığı sual altında idi. Ermənilər çoxdan
idi ki, buna hazırlaşırdılar. Onların xaricdən dəstəyi,
müəyyən qədər silahlı qüvvələri
vardı, ən əsası isə onlar rus-sovet silahlı
qüvvələrində müəyyən mövqeləri
tutan zabitlərə malik idilər. Bütün bu məsələlərin
nəticəsində onlar bizim əraziləri zəbt etməyə
başladılar. Əlbəttə, Azərbaycanda yekdillik
olsaydı, yaxşı rəhbər olsaydı, belə bir vəziyyət
yaranmazdı. Beləliklə, 1992-ci ildə Xocalı hadisələrindən
sonra vəziyyət gərginləşdi. Daha sonra mart
ayında Ayaz Mütəllibov hakimiyyətdən getdi, may
ayında yenidən hakimiyyətə qayıtdı.
Şuşa işğal olundu. Həmin vaxtı Nofəl Kərimov
adında müharibə iştirakçısı olmuş bir
polis rəisi vardı, deyirdi ki, ermənilər Şuşaya
başlarını əymədən girdilər. Amma ondan qabaq
Zağulbada rus generalları Yaqub Məmmədovla
danışıqlar aparmışdı və belə bir fikir
formalaşdırılmışdı ki, bir neçə rayon
ermənilərə verilsin, sonra Ayaz Müttəllibov hakimiyyətə
gətirilsin, həmin ərazilər yenidən ermənilər
tərəfindən boşaldılsın və beləliklə,
Mütəllibovun nüfuzu artırılsın. Bu məsələdə,
əlbəttə, iqtidarda olan müdafiə naziri Rəhim
Qazıyev də maraqlı idi. R.Qazıyev, artıq ona verilən
imtiyazlarla, vəzifələrlə kifayətlənmirdi, daha
artığını istəyirdi.
May
ayının 15-də isə Xalq Cəbhəsi səs-küylə,
güllə-boranla parlamentin binasını zəbt etdi və
Mütəllibov hakimiyyətdən getməli oldu. Bununla da Azərbaycanın
faciəsinin ən yüksək zirvəsi başlandı. Xalq
Cəbhəsi hakimiyyətə gəldi və səriştəsiz,
təsadüfi, işbilməyən, dövlət idarəçiliyindən
xəbərsiz insanların yarıtmaz fəaliyyətinin nəticəsində
dövlət orqanlarının işi iflic vəziyyətə
düşdü. Özünü samballı adam hesab edənlər
öz ətrafında silahlı qruplar yaradırdılar. Bu məsələlərin
ən yüksək zirvəsi də məhz Gəncə hadisələri
idi. Ona kimi Milli Qəhrəman adlandırdıqları,
Qarabağ üzrə prezidentin nümayəndəsi
seçdikləri adama birdən-birə dedilər ki, işə
yaramır. Bundan sonra Gəncəyə hücum oldu və orada
xeyli adam öldü. Nəticədə demək olar ki, vətəndaş
müharibəsi başlandı. Beləliklə, may ayında
artıq cəmiyyətdə də bu fikir
formalaşmışdı ki, Azərbaycanı
düşdüyü bu durumdan ancaq Heydər Əliyev xilas edə
bilər. Ulu öndər Heydər Əliyevin yanına
Naxçıvana minlərlə adam gedirdi. O cümlədən,
1992-ci ildə bir qrup ziyalı və fəal ictimai mövqedə
olan insanlar - “91-lər” Heydər Əliyevə müraciət
etmişdi. Heydər Əliyev bu müraciətlərə biganə
qala bilməzdi. O demişdir ki, xalqım qarşısında,
ölkəm qarşısında öz borcumu yerinə
yetirmişəm, amma mən laqeyd qala bilmərəm ki,
gözümün qarşısında yaradılan dövlət
dağıdılır və insanlar əziyyət çəkir.
- Arif
müəllim, Ulu öndər çox böyük təxribatlara
və hətta sui-qəsd cəhdlərinə baxmayaraq,
dövlətinin və xalqının dar günündə bu
ağır yükü öz üzərinə
götürdü və böyük səriştə ilə,
müvəffəqiyyətlə missiyasını yerinə
yetirə bildi...
- Tamamilə
doğru deyirsiniz. Gəncə hadisələrindən sonra, həmin
müddətdə Heydər Əliyevin rəsmi surətdə
Azərbaycana gəlməsi istiqamətində cəhdlər
göstərilirdi. Amma buna mane olmaq istəyənlər də
vardı. Lakin qısa bir müddətdən sonra vəziyyət
daha da pisləşdi və həmin insanlar özlərindən,
həyatlarından qorxmağa başladılar. Surət
Hüseynov demişdi ki, Prezident Aparatının (indiki Prezident
Administrasiyası - red.) qarşısında dar ağacı
qurub hamını asacam. İnsanlar ölkədən çox
öz həyatları haqda düşünürdülər. Cəmiyyət
isə fikirləşirdi ki, bu vəziyyəti yalnız Heydər
Əliyev düzəldə bilər. O vaxtkı prezident
Elçibəy dəfələrlə Heydər Əliyevə
müraciət etdi, təyyarə göndərdi. Nümayəndələr
göndərildi. Bir müddətdən sonra iyun ayının
9-da Heydər Əliyev Bakıya gəldi, bir neçə
gün Elçibəylə söhbətlər etdi və iyun
ayının 13-də parlamentə gəldi. Hamıda bu fikir
vardı ki, Heydər Əliyev parlamentin sədri seçiləcək.
Lakin Rəhim Qazıyev çıxış edərək
bildirdi ki, sizin buradakı seçkilərinizin heç bir
xeyri olmayacaq, çünki Gəncədə böyük bir
qüvvə var, qüvvə sahibi var, onun təkliflərini, tələblərini
nəzərə almadan heç bir səsvermənin,
seçkinin mənası olmaycaq. Bu çıxış
parlamentdə səs-küy yaratdı. Başqa vaxt olsaydı,
fasilə elan olunardı, məsləhətləşilərdi.
Məsuliyyəti heç kim üzərinə götürə
bilməyəcəkdi. Amma Heydər Əliyev bildirdi ki, iki
saatdan sonra parlamentin qarşısında avtobuslar olacaq,
kütləvi informasiya vasitələrinin nümayəndələrini
də dəvət edirəm, Gəncədəki vəziyyəti
öyrənməyə gedirəm. Elə də oldu. Heydər Əliyev
bu məsuliyyəti öz üzərinə götürdü.
Gəncədən qayıdandan sonra ayın 15-də parlamentin
iclası oldu və Heydər Əliyev Ali Sovetin sədri
seçildi. Həmin gün məhz bizim qurtuluşumuzun
başlanğıcı oldu.
- Buna
paralel olaraq ölkədə separatçılıq baş
alıb gedirdi. Yaranmış özbaşınalıqdan separatçılar
da istifadə etməyə çalışırdılar. Bu
qüvvələr ayrı-ayrı daxili və xarici dairələr
tərəfindən dəstəklənirdi. Bununla
yanaşı, ayrı-ayrı qüvvələr hakimiyyətə
gəlmək üçün məhz həmin qüvvələrlə
dialoqa gedirdilər və onları dəstəkləyirdilər.
Bu mənzərə necə idi, nələr baş verirdi?
Cümşüd
Nuriyev: Gəncədə Heydər Əliyevə sui-qəsd
hazırlanmışdı. Mehman adında bir əsgər Heydər
Əliyevə qarşı sui-qəsd həyata keçirməli
idi. Amma sonradan həmin adam özü etiraf etdi ki, Heydər Əliyev
onu çox səmimi qarşılamışdı. Heydər Əliyevin
xarizması orada Surət Hüseynov da daxil olmaqla hamını
zərərsizləşdirdi.
Əslində,
bu gün hakimiyyətə qarşı çıxanlar özləri
cavab verməlidirlər ki, Xankəndinə 15 kilometr
qalmış ordu niyə geri çəkildi, kim xəyanət
etdi? Bütün rayonlarımız xəyanət nəticəsində
işğal olundu. Bu xəyanətlərin siyahısında
Heydər Əliyev hakimiyyətə gələndən sonra ermənilərin
işğal etdiyi 6 rayon da vardı. O cümlədən, Tərtər
vardı, Yevlaxa qədər, Goranboy da vardı. O
siyahını onlar kiminlə
razılaşdırmışdılar, nədən Kəlbəcəri
sonradan verdilər? Onlar bu suallara cavab verməlidirlər. Bunu
bu hakimiyyətin ayağına yazmasınlar. Rəhim
Qazıyev prezident olmaq istəyirdi və Yaqub Məmmədovun
təcrübəsizliyindən istifadə edirdi. Bu gün o
adamlar hay-küy salırlar ki, onlar vaxtilə Surət
Hüseynovu milli qəhrəman etdilər, sonradan vətən
xaini çıxartdılar. Burada tək Surət Hüseynov
deyildi. Burada “Sadval” və “talış-muğan respublikası”
məsələsi vardı. Burada bir “Ləzgistan” yaratmaq istəyirdilər,
hətta danışmışdılar ki, Şəkiyə qədər
də Gürcüstanın olsun, Kür-Araz arasındakı ərazilər
Ermənistana verilsin, Bakı quberniya kimi Rusiyaya birləşdirilsin.
Cənubu isə İrana vermişdilər. Bəs
“talış-muğan respublikası”nın
yaradıcıları kimlər idi? Bu gün həmin
adamların bəziləri bu iqtidarın əleyhinə
danışırlar. Həmin dövrdə
yaradılmış qondarma “talış-muğan
respublikası”nın baş nazirindən tutmuş bütün
vəzifə sahibləri bu gün də radikal müxalifətin
içindədir. Əlikram Hümbətov heç kim idi,
orada Rusiya və İran kəşfiyyatı oturmuşdu. Heydər
Əliyev “talış-muğan respublikası” problemini həll
etməklə Rusiyaya da, dünyaya da göstərdi ki,
Dağlıq Qarabağ problemini bu qaydada həll etmək
mümkündür. Amma 1994-cu ildə, 1995-ci ildə baş
verən dövlət çevrilişinə cəhdlər buna
mane olmaq üçün idi. Amma Heydər Əliyevin siyasi zəkası
onların bütün planlarını pozdu.
-Elçin
müəllim, necə oldu ki, Azərbaycan xilas oldu.
Çünki danışılanlar göstərir ki, vəziyyət
olduqca kritik bir halda idi. Belə bir halda olan Azərbaycan necə
oldu ki, birləşdirildi, ayağa qalxdı və özünün
dövlətçilik konsepsiyasını elan etdi, Heydər Əliyev
bunu necə bacardı?
Elçin
Mirzəbəyli: Bir məqamı qeyd etmək lazımdır
ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə
Azərbaycanda milli ideologiya, vətənpərvərlik
ritorikadan əmələ keçdi. Bu prosesin başlanğıcına
diqqət yetirsək görərik
ki, qısa bir zamanda hakimiyyətdə olan qüvvələr
hakimiyyətə gəlişlərini ritorika və pafos üzərində
qurmuşdular. Konkret peşəkarlıq yox idi, heç bir sahə
üzrə insanlar mütəxəssis kimi
formalaşmamışdılar, dövlətçilik təcrübələri
yox idi. Son nəticədə bu iflasa gətirib
çıxardı. Təəssüflər olsun ki, bu iflas bir
çox rayonlarımızın itirilməsi ilə
müşayiət olundu. Heydər Əliyevin 1993-cü ildən
başlayaraq, atdığı addımlara diqqət yetirsək,
burada həm gözlənilməyən situasiyalarda atılan
addımlara diqqət yetirmək, dəyərləndirmək, həm
də planlı, ardıcıl şəkildə həyata
keçirilən siyasətə diqqət yetirmək
lazımdır. Heydər Əliyev ən kritik situasiyalarda, ən
ağır çətinliklər altında Azərbaycanın
problemlərini həll etməyi bacardı, ən müdrik qərarları
qəbul etməyi bacardı. “Əsrin müqaviləsi”nə
diqqət yetirək. Bildiyiniz kimi, həmin dövrdə
ayrı-ayrı şərtlər irəli
sürülürdü, müxtəlif maraqlar vardı. Həmin
zamanda ölkəni kritik situasiyadan çıxarmaq naminə
Azərbaycanın maraqlarını əsas götürərək
bu müqavilənin imzalanmasına nail olundu. Bununla da Azərbaycanın
təkcə neft strategiyasının əsası qoyulmadı,
ölkəmizin gələcək inkişafının da yolu
müəyyənləşdi. Hesab edirəm ki, həm dövlətin
xilası baxımından, həm də ölkənin iqtisadi
inkişafının təminatı istiqamətində
atılan addımlara diqqət yetirsək bunun xüsusi bir
strategiya əsasında həyata keçirildiyinin şahidi
olarıq. Heydər Əliyev hakimiyyətə gələndə
Onun gözünün önündə Azərbaycanın gələcək
inkişafı haqqında bir mənzərə vardı. Mən
hesab edirəm ki, məhz sonrakı atılan addımlar da bu
prosesin əsasında baş verdi.
A.Rəhimzadə:
Heydər Əliyev çox dahi insan idi və öz işini hər
zaman sistemli qururdu. Heydər Əliyevin sistemi vardı və
bilirdi ki, bir nömrəli iş hansıdır, iki nömrəli,
üç nömrəli iş hansıdır. Heydər Əliyev
öz üzərinə məsuliyyət götürə bilən
bir insan idi. Bu çox böyük bir məsələ, bu
çox çətin, ağır bir yükdür. Heydər Əliyevin
xalqı öz arxasınca aparmaq, inandırmaq xüsusiyəti
vardı. Məhz bunun nəticəsidir ki, qısa zamanda
silahlı qruplar ləğv edildi, ordu yaradıldı, dövlət
idarəetməsi bərpa olundu, islahatlar başlanıldı.
O vaxt neftlə bağlı qərar qəbul etmək insanda həqiqətən
də şücaət tələb edirdi. Rusiya xarici işlər
nazirinin müavini mətbuatda çıxış edərək
demişdi ki, biz səhəri günü Azərbaycanın
özünün milli sektoru hesab etdiyi əraziyə buruq qoyub
neft hasil etsək, Azərbaycan bizimlə müharibə edəcək?
Bu, açıq-aşkar şantaj idi. Amma Heydər Əliyev
bütün bunlara baxmayaraq, müqavilənin
imzalanmasını təmin etdi. Hətta müqavilənin
imzalanmasından öncə bütün qabaqlayıcı tədbirləri
görmüşdü.
Elçin
Mirzəbəyli: O vaxtlar hələlik Xəzərin statusu
müəyyənləşməmişdi və
Rusiya-Qazaxıstan-Azərbaycan müqaviləsi
imzalanmamışdı. Bu iddiaların ortalıqda olduğu
bir zamanda çox güclü tərəflərlə, Azərbaycanda
marağı olan tərəflərlə razılaşmaya gəlmək
və onların bu prosesdə iştirakını təmin etmək,
ölkənin imkanlarını genişləndirmək, həmçinin,
bundan sonra ardıcıl şəkildə özünün
neft strategiyasında fərqli manevrlər etmək hesab edirəm
ki, hər kəsin nail ola biləcəyi imkan deyil. Bu gün Xəzərin
statusu məsələsində hələ də ziddiyyətlərin
qaldığı bir vaxtda həmin dövrə nəzər
salsaq, nə qədər böyük addımların
atıldığını söyləyə bilərik.
- Həmin
dövrdə dövlət institutları böhran içində
idi. Ən böyük böhran isə maliyyə sektorunda
yaşanırdı. Şübhəsiz ki, bunun müəyyən
obyektiv səbəbləri vardı, amma subyektiv səbəbləri
də kifayət qədər idi. Bu məsələlər necə
öz həllini tapdı?
Aydın
Hüseynov: Ümumiyyətlə, ölkəmizin qurtuluşu
Heydər Əliyevin Moskvadan gəlib Azərbaycana qədəm
qoyduğu gündən başlayır. Heydər Əliyevin
Naxçıvan MR-in Ali Məclisinin Sədri seçilməsi
Azərbaycanın indiki varlığını təsdiqləyən
bir hadisə oldu. Ermənilərin ən böyük planı
Qarabağdan öncə Naxçıvanı tutmaq idi. Heydər
Əliyev Naxçıvanda olanda dünyanın ən böyük
dövlətlərinin rəhbərləri səviyyəsində
belə bir məktub göndərilmişdi ki, siz
Naxçıvanı blokadadan çıxarmaq
üçün Naxçıvan-Yerevan-Tiflis yolundan istifadə
etməlisiniz. Burada məqsəd Naxçıvanı Azərbaycandan
psixoloji baxımdan ayırmaq və blokadanın
götürülməsinin çıxış yolunu bu
istiqamətdə görərək humanitar dəhliz adı
altında Naxçıvanı əldə etmək idi.
Naxçıvanı qorumaqla Heydər Əliyev Azərbaycanı
qorudu. Və Heydər Əliyevin ikinci dəfə Azərbaycanda
hakimiyyətə gəlişi yenidən imperialist qüvvələrin
bu istəyinin qarşısını aldı. Heydər Əliyev
ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə
qayıtmasaydı, SSRİ başqa ad altında bərpa oluna
bilərdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlişi digər müstəqil ölkələrin də
yaşamasına bir səbəb oldu. Nəhayət ölkədə
siyasi böhranla, iqtisadi böhran, eyni zamanda, daha da kəskin
şəkildə dərinləşərsə, bu ölkənin
tam iflası deməkdir. Heydər Əliyev ikinci dəfə
hakimiyyətə qayıtdığı zamanda ölkə dərin
iqtisadi böhran içindəydi. Ölkənin valyuta
ehtiyatları demək olar ki, yox idi, inflyasiyanın səviyyəsi
1800 faiz təşkil edirdi. Ölkəyə valyuta gətirəcək
heç bir mənbə yox idi. Belə bir halda ölkənin
maliyyə mənbələrini səfərbər etmək
çətin idi. Ölkənin özünü çörəklə
bir gün təmin edəcək maliyyəsi yox idi. Vəziyyəti
kəskinləşdirən səbəblərdən biri də
o idi ki, ölkədə həm rubl, həm də manat
dövriyyədə idi. Xalq cəbhəsinin hakimiyyətdə
olduğu dövrdə yalançı millətçilik,
özünü göstərmək tendensiyası altında
heç nə düşünülmədən və ölkənin
valyuta ehtiyatlarının dəyərini müəyyənləşdirmədən
manatı dövriyyəyə buraxdılar. Manatla rubl paralel
şəkildə dövriyyədə oldu. Məzənnə
düzgün müəyyənləşmədi və süni
dəyərləndirmə xarakteri daşıyırdı. Ulu
öndər 1993-cü ilin dekabr ayında yeganə ödəniş
vasitəsinin manat olması haqqında Sərəncam
imzaladı. O vaxt pul çatmırdı, həmin vaxt proqram qəbul
edilmişdi ki, bu da nəğd pul
çatışmazlığının
qarşısını aldı. Sonradan aparılan islahatlar bu
çatışmazlığın qarşısını tam
almağa imkan verdi. Birinci növbədə qanuni orqanın
yaradılması, özəlləşdirmə prosesinin həyata
keçirilməsi, planlı sovet sistemindən bazar
iqtisadiyyatı sisteminə keçid özü çox dərin
bir proses idi.
- O
dövrdə Azərbaycan cəmiyyəti axtarışda idi. Vətəndaş
cəmiyyəti yox idi, QHT-lər yox idi. Cəmiyyət
özü aşağıdan yuxarı marginal qruplar tərəfindən
təcrid olunmuşdu? Bu məsələləri necə qiymətləndirirsiniz,
Ulu öndər hansı yolla bunları təmizləməyi
bacardı?
Rauf Zeyni:
Təbii ki, Heydər Əliyev fenomenini anlamaq üçün
50-ci illərdən bu yana baş verən tarixi proseslərin
heç olmasa müəyyən faizini bilmək,
araşdırmaq, öyrənmək lazımdır.
Çünki o prosesləri bilmədən 90-cı illərdə
baş verənlərə qiymət vermək mümkün
deyil. İkinci bir məsələ, bilavasitə idealizm məsələsidir.
Yəni, şəxsiyyətin Tanrıdan şəxsiyyət,
xilaskarın Tanrıdan xilaskar olaraq yaradılmasına inanmadan
bu fenomenə qiymət vermək mümkün deyil. Mən bir
maraqlı fakt deyim, 1993-cü ilin mayın 13-də Əbülfəz
Elçibəy Sumqayıt şəhərinə gəlmişdi
və ilk dəfə idi ki, hakimiyyətə gələndən
sonra Sumqayıta səfər etmişdi. Orada bizim söhbətimiz
oldu. Mən bildirdim ki, biz xalqa vəd etdiyimizi yerinə yetirə
bilmədik, biz xalqa dediyimiz sözləri tuta bilmədik və
belə idarəetmə olmaz. Belə getsə bir aydan sonra
haradasa partlayış qopacaq. Sən demə, artıq həmin
vaxt partlayış hazır imiş, biz əyalətdə
olduğumuz üçün xəbərimiz yox idi. O vaxt təbii
ki, bugünkü vətəndaş cəmiyyətinin
olmaması, bu cür imkanlarımızın, QHT-lərin
olmaması, anarxiyanın, özbaşınalıqların
olması bütün bunlara yol açdı. Həmin dövrdə
bəlkə də Elçibəyin yeganə məsuliyyətli
hərəkəti o oldu ki, hakimiyyəti Heydər Əliyevə
təhvil verdi. Gəlin etiraf edək ki, hər tarixi şəxsiyyətin
öz rolu var. Tanrı özü Heydər Əliyev kimi bir
xilaskarı yaratmışdı ki, O, vaxtında gəlib
xalqını xilas etsin. Heydər Əliyev siyasi
dühasının nə qədər böyük olduğunu
yalnız araşdırmalar nəticəsində bəlli etmək
olar. Onu da deyim ki, məhz 1997-ci ildə BMT ilə Azərbaycan
arasında bağlanan memoranduma əsasən ölkəmizdə
vətəndaş cəmiyyətinin təməli qoyuldu. Bu
gün artıq Azərbaycanda 3000 QHT Ədliyyə Nazirliyində
qeydiyyatdan keçib, dövlətimiz 4 ildə 10 milyon manat
ayırıb QHT-lərə. Bu məsələlər məhz
sabitlikdən və inkişafdan irəli gəlir.
-
Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin ən
böyük xidmətlərindən biri Prezident İlham Əliyev
kimi bir lider yetişdirməsi və Onu xalqımıza bəxş
etməsidir. Məhz Heydər Əliyevin bu strateji seçimi
bu gün özünü doğruldur və Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə
böyük uğurlara imza atır.
A.Rəhimzadə:
Azərbaycanın bugünkü inkişafı yüksək səviyyədədir.
Bütün dünyada vəziyyət olduqca mürəkkəbləşib.
Hətta ən böyük, güclü dövlətlərdə
belə qarşıdurmalar yaranır, ən yüksək
iqtisadiyyata malik dövlətlər belə ağır günlər
yaşayır. Azərbaycan isə belə mənfi hallardan kənardadır.
Ölkəmiz bu müddətdə müstəqil, dinamik
inkişaf edən bir dövlətə çevrilib. Ölkəmizdə
vətəndaş cəmiyyəti quruculuğu yüksək səviyyədədir
və demokratik prinsiplər bərqərar olub. Bu da əlbəttə
ki, qurtuluşun bəhrəsidir. Təbii ki, ölkəmizdə
son illər ərzində də çox işlər
görülüb və bu işlərdə şübhəsiz,
Prezident İlham Əliyevin böyük rolu var. Onun
böyüklüyü bir də ondan irəli gəlir ki,
dövlət başçımız bu yolu yaxşı
inkişaf etdirir və irəli aparır.
C.Nuriyev:
Azərbaycan dünyada bir neçə ilkə imza atdı. Məsələn,
indiyə qədər dünyada cəmisi üç
inkişaf modeli-sıçrayışlı Şərq (Cənubi
Koreya), klassik Qərb (kapitalizm) və astagəl Rusiya modeli
mövcud idi. Azərbaycan yeni bir model seçdi, bu da paralel
islahatlar modelidir. Bunun bazasını Heydər Əliyev
yaratmışdısa, onun üst qurumunu siyasi cəhətdən
formalaşdıran Prezident İlham Əliyev oldu. Mən Heydər
Əliyevin “mən İlham Əliyevə özüm kimi
inanıram” sözünü xatırlatmaq istəyirəm. Bu
bir daha Heydər Əliyevin yanılmadığını
göstərdi. Əgər bu gün 9 milyonluq bir xalqın
dövlətini dünyada 155 dövlət dəstəkləyirsə,
onunla hesablaşırlarsa bu əsası Heydər Əliyev tərəfindən
qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən
inkişaf etdirilən həmin quruculuq və tərəqqi
siyasətinin nəticəsidir.
E.Mirzəbəyli:
Bildiyiniz kimi, ilk Respublikamız dövründə Azərbaycanın
nümayəndə heyətinin böyük səyi nəticəsində
o dövrün ən ali qurumu olan Millətlər
Liqasının üzvü olmaq üçün xeyli
mücadilə aparıldı və o zaman Azərbaycan Millətlər
Liqasına üzv seçildi ki, artıq ölkəmizin
işğalına bir neçə ay qalmışdı. Bu
gün nəinki Azərbaycan ən ali qurum olan BMT-nin
üzvüdür, həmin qurumun Təhlükəsizlik
Şurasının üzvüdür, həmin quruma sədrlik
edir. Məncə bu fakta diqqət etsək qurtuluşun Azərbaycan
üçün nə qədər böyük əhəmiyyət
kəsb etdiyini görmək mümkündür.
A.Hüseynov:
1992-ci ildə Azərbaycanın valyuta ehtiyatları
sıfır idi. Bu gün Azərbaycanın valyuta
ehtiyatları 50 mld. dollardır.
5 ildən sonra 100 mld. dollar olacaq. Bu rəqəmlər Azərbaycanın
inkişaf tempinin hansı səviyyədə olmasını
göstərir və bu inkişaf özü-özünə
olmur. Bu inkişaf Heydər Əliyevin müəyyənləşdirdiyi
və Özü qədər inanaraq bizə tövsiyə
etdiyi, bu gün dövləti idarə edən Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasi kursun, Onun gərgin zəhməti,
yüksək qabiliyyətinin bəhrəsidir.
R.Zeyni:
Qurtuluş tarixinin mahiyyətini çox mənalarda, çox
məqamlarda yaşamışıq. Amma mən bunu ən əsası
“Bayraq meydanının” açılışında
yaşadım. Bayrağımızın 162 metr
hündürlüyünə qaldırılması və
möhtərəm Prezidentimizin Sərəncamına əsasən
görülən işlər. Dövlət
başçısı o bayrağın altında bəyan etdi
ki, bu bayraq Şuşada və Xankəndində dalğalanacaq.
Mən görürəm ki, inkişafımız, qüdrətimiz
bizi oraya aparır. Ali Baş Komandanımızın rəhbərliyi
altında bu məsələlər İnşallah yerini alacaq
və bayrağımız o torpaqlarımızda da
dalğalanacaq.
Aqşin ŞAHİNOĞLU,
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2012.- 14
iyun.- S.6.