Milli Qurtuluş
Günü xalqımızın həyatında mühüm əhəmiyyət
kəsb edən bayramlardan biridir
Yeni Azərbaycan
Partiyasının İdarə Heyətinin üzvü, professor Zahid Qaralov www.yap.org.az saytına
müsahibə verib:
- Zahid
müəllim, bu günlər xalqımız 15 İyun-Milli Qurtuluş
Gününü böyük təntənə ilə qeyd
edir. Bu tarix haqqında hər zaman müzakirələr
gedir, araşdırmalar aparılır. Bu mənada,
Siz, 1993-cü ilin iyun ayını və ona qədərki
dövrü necə xarakterizə edərdiniz?
- Azərbaycan
xalqı, ümumilikdə, bir sıra milli və dövlət
bayramlarını qeyd edir. Amma hesab edirəm ki,
15 İyun-Milli Qurtuluş Günü xalqımızın həyatında
mühüm əhəmiyyət kəsb edən bayramlardan
biridir. Bu bayram mahiyyətinə, məzmununa
və xalqın ona münasibətinə görə
böyük özəlliyə malikdir. Digər
tərəfdən, bu bayramın yaşı azdır, 1997-ci
ildən qeyd olunur. Niyə bu bayram Milli
Qurtuluş Günü adlanır? 1987-1993-cü
illərdə baş verən hadisələr haqqında
xalqımız və cəmiyyətimiz bilir. 1987-ci ildə Qorbaçov tərəfindən Ulu
öndərimiz Heydər Əliyevin ədalətsiz olaraq ölkə
rəhbərliyindən uzaqlaşdırılması ilə Azərbaycana
qarşı hərtərəfli hücumlar
başlanıldı. O vaxtdan 1993-cü ilə qədər
böyük itkilər verə-verə gəldik. İlk olaraq, Azərbaycana qarşı böyük
siyasi kampaniya başlanıldı. Yalan məcmularla
cinayət işləri başlanıldı, insanları təqib
edirdilər və bütün bunlar Heydər Əliyevin əleyhinə
aparılan kampaniyalar idi. Bunun əsas təşkilatçısı
da Mixail Qorbaçov idi. Bu ərəfələrdə
isə Sovet İttifaqının özündə də
çökmə baş verirdi. Baltikyanı ölkələrdə
ciddi proses başlamışdı, bizdə də mitinqlər
gedirdi. Ayrı-ayrı respublikalarda olduğu kimi Azərbaycanda
da bu proses baş verirdi. Bütün bu proseslər
ona gətirib çıxardı ki, Qorbaçovun
başçılığı ilə SSRİ-nin ermənipərəst
rəhbərliyi respublikamızda 20 Yanvar
qırğınını törətdilər. Həmin dövrdə çox insan qorxurdu, həyatını
itirməkdən çəkinirdi, amma Ulu öndər Heydər
Əliyev ailəsi ilə birlikdə Moskvadakı Azərbaycan
nümayəndəliyinə gələrək ölkəmizdə
baş verən bu qırğını dünyaya bəyan
etdi. Həmin vaxtlar M.Qorbaçov
üçün işləyən insanlar Bakıda da
insanları üz-üzə qoyur, xalq arasına
iğtişaşlar salırdı, bölücülük
aparırdılar. Amma bütün bunlar
SSRİ-nin dağılmasının qarşısını
ala bilmədi.
SSRİ-nin dağılmasından sonra Azərbaycan da
öz müstəqilliyini elan etdi. 1991-ci ilin
oktyabrında müstəqillik haqqında Konstitusiya Aktı qəbul
olundu. Daha sonra hay-küylə “biz dövlət qururuq”,
“biz qələbə çaldıq”, “biz Azərbaycanı
Rusiya istismarından azad etdik və ölkəni də biz idarə
etməliyik” deyən bir qrup silah gücünə siyasi hakimiyyəti
zəbt etdilər. Daha sonra 1992-ci ildə
prezident seçkiləri keçirildi və bu seçkinin necə
keçdiyi hər kəsə bəllidir. Elan etdilər
ki, kim zavodların-fabriklərin
dağıdılmasında iştirak etməyibsə, mitinqlərdə
çıxış etməyibsə, Qarabağda gedib
döyüşüb gəlməyibsə bizdən deyillər.
Yəni burada insanların biliyinə, peşəkarlığına,
elminə, intellektinə üstünlük verilmirdi. Hamı AXC hakimiyyətinin kadr siyasətinin bərbad
vəziyyətdə olduğunun şahidi idi. Mən o
zaman onların rəhbərliyinə dedim ki, 1918-ci ildə
hakimyyətə gələn insanlar mərdlik göstərdilər,
bununla belə cəmi 2 il yaşadılar,
bu gedişlə isə siz heç bir il də yaşaya bilməyəcəksiniz.
Mərhum Elçibəy dövlət başçısı
olan zaman müşavirələrin birində dedi ki, “sovetlərin
atasına rəhmət, 70 ildə onların etmədiklərini,
almadıqları rüşvəti 7 ayda bizim məmurlar
alıblar, bir az insaflı olun”. Əslində, bu, o demək idi ki, artıq dövlət
idarə olunmur. Bunu bilən ermənilər
də Azərbaycana rusların köməyi ilə daha
böyük təcavüz etməyə başladılar.
- Azərbaycan
ziyalılarının bu hadisələrlə bağlı
mövqeyi necə idi? Onların mövqeyi ictimai
rəyə nə dərəcədə təsir göstərirdi?
- Həmin
dövrdə ölkəmizdə görünməmiş dərəcədə
özbaşınalıq yaranmışdı. Ağır
bir vəziyyət idi. Ona görə də,
nüfuzlu ziyalılar, Ziya Bünyadov kimi od-alov içindən
çıxmış insanlar görürdülər ki, bu
dövlət qurulmamış necə dağılır. Həqiqətən, 1992-1993-cü illərdə dərəbəylik
idi, hərənin cibində bir qumbara, əlində bir avtomat
vardı. Küçəyə
çıxmaq mümkün deyildi. Ən yüksək maaş alan institut direktoru idi-o vaxtkı pulla 5
min manat əmək haqqı alırdı. Amma elə
bir vəziyyət yaratmışdılar ki, 5 min manata bir
kolbasa düşürdü. Hakimiyyət
insanlara kəpək yedizdirdi. Oğurluq, dələduzluq,
açıq-açığına baş alıb gedirdi.
Orduda özbaşınalıq vardı, kim-kimi
istəyirdi güllələyirdi. Bu hadisələr
göz önündə baş verirdi və hər kəsə
bəlli idi ki, bu yolla dövlət qurmaq olmaz. Heç 1917-ci ildə kommunistlər belə bu yolla
getmirdi.
Belə bir vəziyyətdə bir qrup ziyalı mənim
rəhbərlik etdiyim Elmi-Tədqiqat Pedoqoji Elmlər
İnstitutuna yığışıb vəziyyətdən
çıxış yolunu müzakirə edirdi. Həmin
insanlara isə o vaxtkı hakimiyyət təzyiq etmək
üçün dəstələr göndərirdilər.
Hakimiyyətdəkilər bilirdilər ki, mən
institutun direktoruyam, söhbətlərimiz olurdu, mən də
onlara deyirdim ki, siz bu qayda ilə dövləti idarə etmək
qabiliyyətində deyilsiniz. Onlar isə
deyirdilər ki, bizə Elmlər Akademiyası, elm adamları
lazım deyil. Belə bir şəraitdə
mübarizəmizi davam etdirirdik. Ziyalılar
yaş senzinin götürülməsini tələb edirdi.
Mövqeyimiz belə idi ki, Azərbaycanı
üzləşdiyi ağır problemlərdən yalnız
Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilər.
Baş verən hadisələrdən belə qənaətə
gəlirdik ki, Heydər Əliyev rəhbər gəlməsə,
Azərbaycan dağılacaq. Ulu öndərin
hakimiyyətə gəlməsi üçün də
güclü, ölkəyə siyasi mədəniyyət gətirə
bilən bir siyasi partiya yaratmaq lazım idi. Ona görə də, 91 nəfər ziyalı Heydər
Əliyevə müraciət etdi. Ulu
öndərimiz “91”-ləri partiyamızın “Qızıl
Fondu” adlandırırdı. Biz
bütün təqiblərə, çətinliklərə
baxmayaraq Yeni Azərbaycan Partiyasını yaratdıq. Partiyamız şərəfli yol keçdi və cəmisi
bir neçə ay sonra hakimiyyətə gəldi.
- O
zamankı hakimiyyət Ümummilli lider Heydər Əliyevə
və tərəfdarlarına qarşı təzyiqlər
göstərirdi. Bütün bunlara baxmayaraq,
qarşıya qoyulan məqsədə doğru mübarizənin
daha da güclənməsini və həmin təzyiqlərin
gücsüzlüyünü hansı amillərlə izah edərdiniz?
- Onu da qeyd edim ki, biz həmin vaxt açıq çıxışlara başladıq. Hakimiyyət isə bundan ciddi narahatçılıq keçirirdi. Ona görə də, 1992-ci ilin oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd edildi. Burada hakimiyyətin məqsədləri vardı. Belə ki, Naxçıvanın muxtariyyətinin ləğv olunması təklifləri səslənirdi. Məqsəd Heydər Əliyevi Naxçıvanın rəhbərliyindən uzaqlaşdırmaq idi. Digər məqsəd isə Ulu öndərimizi fiziki cəhətdən aradan götürmək idi. Belə bir şəraitdə xeyli ziyalının iştirakı ilə Elmlər Akademiyasında yığıncaq keçirildi. Yığıncağı akademik Ziya Bünyadov aparırdı. Yığıncaqda Naxçıvan MR-in Ali Məclisinin Sədri Heydər Əliyevi Müdafiə Komitəsinin yaradılması məsələsi müzakirə olundu. Beləliklə, 27 nəfərdən ibarət komitə yaradıldı və komitənin sədri mən seçildim. Həmin vaxt komitənin bəyanat hazırlandı və bütün səfirliklərə göndərildi ki, vəziyyət necədir. Ondan sonra qəzetlərdə bu istiqamətdə çıxışlar oldu. Mən də silsilə məqalələrlə çıxış etdim. “Heydər dağına kölgə salmaq olmaz” məqaləsi “İki sahil” və “Səs” qəzetlərində dərc olundu. Yüzlərlə, minlərlə ziyalı bu hərəkata qoşuldu. Artıq xalq ayağa qalxmışdı. Çünki vəziyyət kritik həddə çatmışdı. Hakimiyyət öz səriştəsiz siyasəti ilə dövləti uçuruma aparırdı. Nəhayət, onların siyasəti Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi və bu siyasətin ölkəni dağıdacağını hakimiyyətdəkilər anladılar. Ona görə də, hakimiyyətin özü Heydər Əliyevə minnətçi düşdü. Amma Ulu öndər çətin vəziyyətdə olan Naxçıvanı tərk etmək istəmirdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayının 9-da Heydər Əliyev Bakıya gəldi. Ulu öndər Bakıya gələn kimi Gəncəyə gedərək vəziyyəti yerində öyrəndi. 1993-cü ilin iyunun 15-də isə Ulu öndər Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi. Bununla da, Azərbaycan tarixində yeni mərhələ başlandı. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə xalqımız rahat nəfəs aldı.
- Zahid müəllim, həmin dövrdə baş verən proseslərin fəal iştirakçısı kimi hadisələrin inkişafını necə xarakterizə edərdiniz?
- Bilirsiniz ki, müəyyən qüvvələr Azərbaycanı parçalamaq istəyirdilər. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmaqla ilk növbədə Azərbaycanı parçalanmadan qurtardı. İkincisi, xalqı təhlükələrdən, qorxu hissindən, silahlılardan, talançılıqdan xilas etdi. Eyni zamanda, Ulu öndərimiz ölkəni beynəlxalq aləmdən təcrid olunmasından, etnik separatizmdən, ideyaca parçalanmadan qurtardı. Nəhayət, xalqı mənəvi ruh düşkünlüyündən xilas etdi. Heydər Əliyev bəyan etdi ki, “mən fəxr edirəm ki, Azərbaycanlıyam”.
Bu gün Azərbaycan vahiddir və bütün insanlar dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bərabər hüquqa sahibdirlər, bu dövlətin vətəndaşlarıdırlar. Vaxtilə “mən cəbhədə olmuşam, silah götürmüşəm, yerin böyüyü mənimdir” düşüncəsinə son qoyuldu, Azərbaycandakı hərc-mərclik aradan qaldırıldı.
Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra ilk milli Konstitusiya qəbul olundu, qanunun aliliyi təmin edildi. Azərbaycanda hakimiyyət diktatura formasından sivil müstəviyə keçdi, hakimiyyət bölgüsü aparıldı. Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin səlahiyyətləri müəyyənləşdirildi. Yəni Heydər Əliyev demokratik qanunlara əsaslanan dövlət qurdu. Bu hakimiyyət bölgüsü dünyada demokratik prinsiplərin əsaslarından biridir. Harada bu hakimiyyət bölgüsü olmayıbsa, orada ədalətsizlik olar. İndi bunu dərk etməyən və özünü demokrat adlandıran adamlar var ki, Azərbaycanı parlament tipli ölkələrlə müqayisə edir. Bizim ölkə prezidentli, unitar respublikadır. Konstitusiyanın 109-cu maddəsində bu məsələ öz əksini tapıb. Ölkədə dövlət başçısı verdiyi bütün qərarlarda məhz Konstitusiyanın bu maddəsinə əsaslanır. Bu Konstitusiyaya xalq səs verib, Prezidenti də xalq seçib.
- 15 iyun tarixinin milli bayram səviyyəsində qeyd olunması təşəbbüsləri necə yarandı? Milli Qurtuluş Gününün müasir dövrümüz üçün əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan inkişaf edir və bunun əsası isə Ulu öndərimiz tərəfindən qoyulub. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla, xalqımızı bütün bəlalardan qurtardı. Ona görə də, bu dövrün dəyərləndirilməsi zərurətə çevrilmişdi. Düşündük ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən bu tarixi Milli Qurtuluş Günü adlandıraq. Bu məsələni biz Milli Məclisdə dəfələrlə qaldırdıq və 1997-ci ilin iyun ayında iclasların biri məhz bu məsələyə həsr olunmuşdu. O vaxta qədər də, mətbuatda bu məsələ ilə bağlı yazılar verilmişdi, təkliflər irəli sürülmüşdü. O cümlədən, mən də yazılı formada təkliflərimi irəli sürmüşdüm. Məsələ ilə bağlı Milli Məclisdə də 20-dən çox deputat çıxış etdi. Qərara aldıq ki, 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunsun. Qərar Milli Məclisin sədri tərəfindən imzalandı.
Ulu öndər Heydər Əliyev Azərbaycana siyasi mədəniyyət gətirdi. Onun yaratdığı, bu gün isə Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP bir siyasi mədəniyyət nümunəsidir. Bu partiya regionda ən yüksək siyasi mədəniyyətə malik olan partiyalardandır. Bu gün partyamızın üzvlərinin sayı 560 min nəfərə çatıb.
Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla inkişaf edən Azərbaycan dünya dövlətlərinin səsini alaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Eyni zamanda, İslam ölkələri ilə əlaqələrimiz yüksək səviyyədədir. Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, İslam bizim mənəviyyatımızın əsasıdır. Azərbaycan digər sahələrdə də böyük uğurlar qazanır ki, cəmiyyətimiz bütün bunları bilir. Hesab edirəm ki, qazanılar nəticələr məhz qurtuluşdan başlanan hərəkatın göstəriciləridir. Ona görə də, mən bu bayramı hər zaman yüksək səviyyədə qeyd edirəm, çünki bu bayram bizim ən əziz bayramlarımızdandır.
Yeni Azərbaycan.-
2012.- 15 iyun.- S.4.