“Azərbaycan dastanı”, “Bakı
gözəlləməsi” və “Qardaş qardaşdı,
qardaş” nidası...
Bəlli olduğu kimi, bu günlərdə
respublikamızda “Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu” İctimai Birliyinin Azərbaycan-İraq Parlamentlərarası
Dostluq Qrupu, həmçinin, digər qurum və
quruluşların iştirakı ilə gerçəkləşdirdiyi
“Azərbaycan-İraq əlaqələri: dünəni,
bugünü, gələcəyi” adlı proqram uğurla
başa çatıb. Proqramda iştirak edən İraq
Türkman nümayəndə heyəti tanınmış
ictimai-siyasi xadimlər, sənətçilər və ədəbiyyatçılardan
təşkil olunub. Nümayəndə heyətinin üzvləri
olan tanınmış İraq Türkman ədibləri - dr.
Mustafa Ziya, dr. Şəmsəddin Kuzəçi və
keçmiş millət vəkili Fövzi Əkrəm Tərzioğlu
“Yeni Azərbaycan”ın suallarını cavablandırıblar.
İraqlı yazar soydaşlarımızla müsahibəni təqdim
edirik:
- İstərdim, öncə Azərbaycan
- İraq mədəni əlaqələri, bu əlaqələrin
yaxın tarixi, bu günü və sabahı barədə
fikirlərinizi bölüşəsiniz.
Dr. Mustafa Ziya: Münasibətlərimizin
tarixi öz yerində, biz Azərbaycanı 1960-cı ildən
sonra yenidən tanımış olduq. O zaman Azərbaycandan
İraqa ədəbi kitablar və əsərlər gəlirdi.
Biz də o kitabları böyük bir sevgi və sayğı
ilə oxuyurduq. Baxdıq ki, bizim ədəbiyyatla Azərbaycan
ədəbiyyatı demək olar, eynidir, heç fərqi
yoxdur. Sonradan da tarixi oxuyanda gördük ki, Kərkük və
Azərbaycan mədəni və ictimai əlaqələri 200
il Türkmənçay müqaviləsinə qədər eyni
idi, amma ondan sonra bir qırıqlıq oldu. 1960-cı ildən
sonra da yenidən əlaqələr bərpa olunmağa
başladı. Bizim Azərbaycanla mədəni əlaqələrimiz
elə kitablar vasitəsilə başladı. Bizim Bağdadda
“Qardaşlıq” dərgimiz var idi və həmin dərgidə
hörmətli Rəsul Rzanın məqalələri
çıxdı. Ustad şair 1961-ci ildə “Uzaq ellərin
yaxın töhfələri” adında bir qisim məqalələr
yazdı. Bunlar inkişafa bir az da olsa dəstək olurdu. Sonra əziz
qardaşımız professor Qəzənfər Paşayev
İraqda demək olar ki, 6 il yaşadı. Bizim ədəbiyyatımızı,
folklorumuzu, ictimai həyatımızı “6 il Dəclə və
Fərat sahillərində” kitabında tanıtdı. Belə
hesab edirəm ki, Azərbaycanda Kərkükü əsasən
elə bu kitab vasitəsilə öyrəniblər.
Dr. Ş.Kuzəçi: Azərbaycan-İraq
mədəni əlaqələrindən danışarkən
öncə onu vurğulamaq istərdim ki, bu əlaqələr
öncə bir bütövün daxilində baş verən
proses şəklində olub. Bu xüsusda mən böyük
dövlət xadimi Heydər Əliyevin sözlərini xatırlatmaq
istərdim: “Mən tarixi araşdıranda gördüm ki,
Quzey Azərbaycan da, Güney Azərbaycan da, Kərkük də
bir bütövün parçalarıdır”.
Bax, bu anlamda, siz “bu əlaqələrin
yaxın tarixi” deməkdə çox haqlısız. Bu, həm
də onu sübut edir ki, bütöv, uzun müddət vahid
olan milli-mədəni məkan, mühit zamanla
parçalanıb, araya sərhədlərlə, necə deyərlər,
tikanlı məftillərlə qorunan ideoloji-siyasi fərqliliklər
girib, artıq əlaqələr qurmaq ehtiyacı yaranıb, əlaqələr
gerçəklikdən könüllərə, varaqlara
köçüb... Qısa kəsmək istərdim, Mustafa bəyin
də dediyi kimi, bir də XX yüzilliyin 60-cı illərində
İraq-Azərbaycan ədəbi-mədəni əlaqələrində
yeni səhifə açılmağa
başlanmışdır. Bu əlaqələrin
memarlarının ruhu şad olsun, hələ də bu işə
öz töhfələrini verənlərə isə
könül dolusu təşəkkürlər, əfəndim.
Fövzi Əkrəm Tərzioğlu:
Dostlarımızın dediklərinə qatılıram. Sizlər
də sağ olun ki, bu sualı verirsiz - deməli,
oxucularınızın, Azərbaycan ictimai fikrinin bu və bu
kimi sualların cavablarını bilmək tələbatı
var. Başqa sözlə, mövzu ictimaiyyət
üçün maraq kəsb edir yaxud sizlər belə
düşünürsünüz. Bunlar çox xoşdur. Bəlli
olduğu kimi, mən Bakıda təqribən ay yarım
öncə də olmuş, mətbuatın bu səpkili
suallarını cavablandırmışdım.
Mədəni, ədəbi əlaqələr
baxımından İraqla Azərbaycanın çox yaxşı
təcrübəyə, yaxşı da perspektivə malik
olduğunu deyə bilərəm. Daimi olaraq dostluğumuzu və
qardaşlığımızı davam etdirməyə
çalışırıq. İştirakçısı
olduğumuz proqramın “Azərbaycan-İraq əlaqələri:
dünəni, bugünü, gələcəyi”
adlandırılması da, proqram çərçivəsində
gerçəkləşən fəaliyyətlər də,
hesab edirəm, dediyimiz bu gözəlliyin sübutu, təsdiqidir.
- Siz hər üçünüz
şairsiniz, ədəbiyyatçısınız, bilmək
istərdim, Azərbaycan ədəbiyyatı ilə nə qədər
tanışsınız, kimləri oxumusunuz, tədqiq etmisiniz,
təbliğ etmisiniz?
Dr. Mustafa Ziya: Mənim Azərbaycan ədəbiyyatı
ilə tanışlığım Məhəmməd
Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması ilə
başlayır. Bizim İraqdakı şairlər də bu
şeirə 15-ə yaxın nəzirə yazdılar. Nə
zaman ki, Quzey Azərbaycan və onun ədəbiyyatı ilə
də tanışmaq fürsətimiz oldu, Səməd
Vurğunu, Rəsul Rzanı tanıdıq, Kərkükdə
onların şeirlərinin sözlərinə bəstələnmiş
mahnılar səslənməyə başladı. Qədim
dövrlərə baxdıqda isə görürük ki, ədəbiyyatlarımız
eynidi. Elə Nəsimi və Füzulinin adını çəksək
bəs edər. Həm də onların yazı dili elə Kərkük
yazı dili deməkdir. Unutmamaq lazımdır ki, 1970-ci illərdə
dr. Əbdüllətif Bəndəroğlu Azərbaycana gəlirdi
və əlaqələrin genişlənməsində onun
çox böyük rolu olmuşdu. 1988-ci ildə Azərbaycandan
Bağdada çox böyük bir heyət gəldi və mən
də bu heyətlə təmaslarda oldum. O zaman çox
böyük şairlər gəlmişdi və bir sıra
yaddaqalan tədbirlər də təşkil edildi. Rəhmətlik
Nəbi Xəzri də gəlmişdi, onun bir şeir məclisində
dediyi şeirlər xatirimdədir. 1994-cü ildə isə
daha böyük bir heyət Bağdada gəldi - Sabir Rüstəmxanlı,
Zəlimxan Yaqub və başqa tanınmış şairlər
də var idi bu heyətin tərkibində. Bunların da nəticəsində
Azərbaycan-İraq mədəni əlaqələri daha da
inkişaf etməyə başladı.
Azərbaycan ədəbiyyatını
biz çox yaxından oxuyub öyrənməyə çalışırıq,
çünki bu bizim öz ədəbiyyatımızdır. Mən
dr. Bəndəroğlu ilə birlikdə “müqayisəli ədəbiyyat”
kitabı hazırlamışdım. O kitabda hoyratlarla
bayatıları tədqiq etmiş, oxşar, fərqli cəhətləri
araşdırmağa çalışmışıq.
Sonradan, bizim əlaqələrimiz səfərlərlə
davam etdirildi. Ümumiyyətlə, çağdaş İraq
Türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatına
çox yaxındı. İnanıram ki, Azərbaycanda da bizim
hoyratları, bayatıları tədqiq edənlər oldu.
Bilirsiz, biz 2001-ci ildə, professor Qəzənfər
Paşayevlə Bakıda Nizami adına Ədəbiyyat Muzeyində
İraq Türkman Ədəbiyyat Muzeyi açdıq. Muzeydə
İraq türkmanlarının, özəlliklə, Kərkükün
mədəniyyəti, folklor örnəkləri əyani vəsaitlər,
nəşrlər və s. orda sərgiləndi. Biz bu gün də
çalışırıq bütün uyğunprofilli
yığıncaqlara qatılaq və mədəni əlaqələrin
inkişafında bir qatqımız olsun.
Fövzi Əkrəm Tərzioğlu: Təbii,
Azərbaycan ədəbiyyatı ilə hər zaman yaxından
tanış olmağa çalışmışıq - istər
klassik ədəbiyyat - hansı ki, o əsasən ortaq ədəbiyyatımızdır,
istərsə də çağdaş dövrdən yetərincə
məlumatım var. Bilirsiz, mən bir neçə il, mərkəzi
Bakıda olan Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB)
İraq təmsilçisi olmuşam, hazırda da fəxri
üzvüyəm, üstəlik, mən də, dr. Kuzəçi
də, dr. Ziya da Azərbaycan Yazıçılar Birliyinin
üzvləriyik - bu üzvlüklər də bizim Azərbaycan
ədəbiyyatında baş verən hadisələrdən məlumatlı
olmağımızı şərtləndirir, tələb
edir. Davamlı olaraq burdan əldə edə bildiyim, habelə
Bağdadda çap olunan qəzet və jurnallardan, xüsusən
də, “Birlik səsi” jurnalından oxuduqlarımızı qeyd
edə bilərəm.
Dr. Ş.Kuzəçi: Fövzi
qardaşım dedi, mən də bu mövzuda bir xeyli
şanslıyam. Daha doğrusu, 2000-ci ildən - DGTYB
başqanının I müavini seçiləndən bəri
davamlı olaraq Azərbaycan Respublikasına gəlib-gedirəm.
Mənim şəxsi kitabxanamın böyük bir qismini Azərbaycanla
bağlı nəşrlər, Azərbaycan şair və
yazıçılarının əsərləri tutur və
onlar mənim üçün çox əzizdir. Bir də
Türk dünyası ünvanlı festivallara
qatılırıq, Azərbaycan yazarları, alimləri ilə
orada da, habelə internet ortamında da tanış oluruq. Təbii,
bunların da toxunduğunuz mövzuya, əlaqələrin
möhkəmlənməsinə, fikir və məlumat
alış-verişinə özünəməxsus təsiri
olur.
Məmnuniyyətlə deməliyəm,
bizim hər üçümüzün üzdə olan Azərbaycan
yazarlarının bir çoxu ilə dostluğumuz
mövcuddur.
-İndi Kərkükdə bizim
çağdaş Azərbaycan yazıçı və
şairlərindən kimləri oxuyurlar, yaxud oxumaq istəyirlər?
Dr. Mustafa Ziya: Doğrusu, mən bizdə
çağdaş şairlərdən daha çox XX
yüzilliyin əvvəllərində, eləcə də,
1960, 1970-ci illərdə ədəbiyyata gəlmiş şair
və yazıçıların oxunduğunun şahidi
olmuşam. Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və
başqalarının da adını çəkə bilərəm
və bizdə daha çox bunları oxuyurlar. Amma Kərkükdə
yeni yazarlarla o qədər də yaxından tanış deyillər.
Fövzi Əkrəm Tərzioğlu:
İraqda Azərbaycan Respublikasında yaşayıb-yaradan
şair və yazıçıları, buranın ədəbi
mühitini geniş şəkildə ilk tanıdan “Altı il
Dəclə-Fərat sahilində” kitabının müəllifi
Qəzənfər Paşayev olub. Rəsul Rza, Qasım
Qasımzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Vaqif
Arzumanlı imzaları ilə tanışıq. Yeni dönəmdən
Əkbər Qoşalını, Rəsmiyyə Sabiri, Aygün
Həsənoğlunu, Həyat Şəmini deyə bilərəm.
Daha sonra Türk dünyası ədəbiyyatı və
sırf folklorla əlaqəli çoxlu sayda burada dostlarım
var və hər zaman əlaqə saxlayırıq. Mədəni
və ədəbi əlaqələri genişləndirmək
üçün hər kim əlini daşın altına
qoyursa, onları salamlayıram. Örnəyi, Zərnişan
Azayeva və AzTV-nin “Turan” proqramının yaradıcı heyətini
sizin səhifələrdən də sayğı ilə
salamlamaq istərdim.
Dr. Ş.Kuzəçi: Vallah, bu elə
mövzudur ki, mən burada oxucu, müşahidəçi yox,
məsuliyyət daşıyan şəxs durumundayam. -
Doğrudur, bu məsuliyyət ictimai, könüllü məsuliyyətdir,
ancaq yenə də məsuliyyətdir. Sizə deyim, DGTYB-nin
İraq təmsilçiliyinin xətti ilə ötən illərdə
müəyyən işlər görmüşük, ancaq
etiraf etmək gərəkirsə, bu işlər daha çox
İraq Türkman yazarlarının tanıdılması,
istedadların üzə çıxarılması, onlara dəstək
durulması yönündə olub. Hesab etmişik ki, bunun
öncəlik tanınmasına ehtiyac var. Çünki
türkmanların Türk dünyasından, xüsusilə də,
Türkiyədən, Azərbaycandan gözləntiləri
çoxdur. Ancaq artıq zaman yetişib ki, Azərbaycan
yazarlarını, onların əsərlərini istər ərəb
dilində, istərsə də İraq Türkman ağzı
ilə İraqda nəşr edək, buradan şair və
yazıçıları Kərkükə dəvət edək,
orada festivallar, simpoziumlar düzənləyək. Bu o demək
deyil ki, indiyədək bu istiqamətdə heç bir iş
görülməyib. Görülüb, təbii - qəzetlərdə,
dərgilərdə, saytlarda müxtəlif nəsillərə
mənsub Azərbaycan yazarlarının yaradıcılıq
örnəklərini vermişik, İraq Gənclər-İdman
Nazirliyinin dəstəyi ilə Kərbalada Füzuli simpoziumu
düzənləmişik.
Onu da deyim ki, biz DGTYB xətti ilə ərəbdilli
oxucular üçün “Çağdaş Azərbaycan
şeir antolojisi” nəşr etməyi
düşünürdük, artıq Xalq
yazıçısı Anar da bu işə öz müsbət
münasibətini bildirib. Bu həm İraq üzərindən
ərəb ölkələrində, həm də ərəb
əlifbası və ərəb dili ilə yazıb-oxuyan
türkman oxucuları üçün maraqlı olacaq, deyə
düşünürük. Ən yaxın planlardan biri olaraq
bu antolojinin hazırlanmasını, çap olunmasını
istəyirik.
-Oxumaqdan, təbliğ etməkdən
söz düşmüşkən, bəs sizin
özünüzün burda getdiyiniz ünvanlar içində
kitab dükanları da vardımı, Bakıdan hansı
kitablarla gedirsiniz?
Dr. Mustafa Ziya: Mən hələ vaxt
tapıb gedə bilməmişəm, amma keçən dəfə
Azərbaycana gəldiyimdə kitab dükanına gedib xeyli
sayda maraqlı kitablar almışdım. Kitab demişkən,
sizə bir fakt deyim, Səddam zamanında Türkiyədən
İraqa kitab aparmaq cinayət sayılırdı, amma Azərbaycan
ilə belə bir problem yaşanmırdı. Bunun bizə həmin
illərdə, Azərbaycan ədəbiyyatı ilə tanışlığımız
üçün çox böyük təsiri oldu.
Dr. Ş.Kuzəçi: Proqram çox
sıx olduğundan bu günədək kitab dükanına gedə
bilməmişəm. Kitab dükanına elə 5-10 dəqiqəlik
girib-çıxmaq istəmirəm, doğrusu, gərək əməlli-başlı
zaman olsun. İnşallah istirahət günü bu işlə
məşğul olacağam.
Fövzi Əkrəm Tərzioğlu: Mən
kitab yükümü keçən səfərimdə
tutmuşam. Bu səfərimdən də kitabsız dönmərik,
inşallah. Artıq bir neçə yazar öz kitabını
hədiyyə edib, özümün də almaq istədiyim
kitablar var.
Ümumiyyətlə kitab mənim
üçün ayrı bir aləmdir. Ovqatımın ən
sarsıntılı zamanlarında kitab oxumaqla təsəlli
tapıram.
- Siz Xocavənddə - Qarabağda,
Tovuzda - ön cəbhədə, eləcə də, Qubada -
toplu soyqırım məzarlığında ziyarətdə
oldunuz. Bilmək istərdim, sizin
yaradıcılığınızda Azərbaycanın
yaşadığı üzüntülər, Qarabağ
mövzusu necə bir yerə sahibdir, yaxud siz bu barədə
düşünürsünüzmü?
Dr. Mustafa Ziya: Mənim bütün
şeirlərimdə Kərkük var, Qarabağ var, Türk
dünyasının birliyi sevdası var. Bütün Türk
dünyasının ağrı-acıları var şeirlərimdə.
Azərbaycanın çəkdiyi bütün problem və
sıxıntılar elə bizim də
ağrı-acılarımızdır. Mən Bakını
görmədən “Bakı gözəlləməsi”ni
yazdım. O şeiri Nəbi Xəzri Kərkükə gələndə
oxudum və onun da xoş sözlərini eşitdim.
Dr. Ş.Kuzəçi: Bizim
yaradıcılığımız başdan-başa Vətən,
Azərbaycan, Türk dünyası, şəhid, torpaq, bayraq
üzərinə deyilmi? Sizə Kərküklü şair
Sami Yusuf Tütünçünün bir
dördlüyünü demək istəyirəm - elə bilirəm,
sualınıza poetik cavab olar:
Qürbət atəşdi, qardaş,
Həsrət yoldaşdı, qardaş,
Demə gözdən iraqam,
Qardaş qardaşdı, qardaş.
Fövzi Əkrəm Tərzioğlu:
Xoşbəxtəm ki, mən də Azərbaycanı,
Bakını görmədən 1001 beytdən oluşan “Azərbaycan
dastanı” adlı poema yazmışdım və o da 2001-ci ildə
Bakıda işıq üzü görüb. İndi millət
vəkili Qənirə Paşayeva o kitabı yenidən nəşr
etdirməyi təklif etdi, sağ olsunlar. Əlbəttə, Azərbaycanın
dərdi-dərdimiz, sevinci-sevincimizdir, başqa cür ola da
bilməz. Tanrı Azərbaycanı ucaltsın!
- Xocəvənddə rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdə
Qarabağ (Azərbaycan) - Kərkük (İraq)
Dayanışma Platformu elan olundu. Sizin bu platformda nə kimi
yeriniz və nə kimi qatqılarınız olacaq?
Dr. Mustafa Ziya: Bu platform içində
ilk öncə müştərək işləməmiz, ilk
işlərdən biri olaraq Azərbaycan - Kərkük, ya da
Qarabağ - Kərkük adında kitab nəşr etməyimiz
lazım olacaq. Çünki həm Qarabağ, həm də Kərkük
bir-birinə bənzər bir sıra soyqırımlar
yaşadılar. Hər ikisini ədəbi və tarixi məsələlər
də birləşdirir. Bunların hamısı bir kitab şəklində
insanlara təqdim olunmalıdır. Ondan sonra ikinci bir
toplantı isə Kərkükdə olmalıdır. Biz burda
ermənilərin törətdikləri cinayətlərlə
bağlı faktları toplayıb kitablar hazırlamaq istəyirik,
əsas məlumatlar əlimizdə olandan sonra hər şeyi
yaza bilərik və tanıda bilərik. Ərəb dilində
hazırlamaq istəyimiz ondan irəli gəlir ki, kitabı
İraqda hər kəsə paylayaq, qoy, ərəblər də,
digər xalqlar da bu soyqırımı və vəhşiliklərdən
xəbərdar olsunlar. Bütün islam ölkələrinə
də məlumatlar verməyimiz mütləqdi.
Bu platform daxilində edəcəyimiz
işlərdə müştərək çox şeylər
var. Dediyim kimi qarşılıqlı əlaqələrin
davamlı xarakter almasını istərdim. Həmçinin,
şəhid ailələri arasında görüşlərin
olmasını uyğun bilərdim, qoy hər iki tərəf
bir-birinin yaşadıqlarını duysun. Bu şəkildə
bir qaynaşma olsa bütün dünyaya səs salar və
yaşadıqlarımızı göstərə bilərik.
Bizim üzərimizə çox böyük işlər
düşür. Bu platform çox mühüm bir əhəmiyyətə
malik olacaq.
Əlaqələrimiz bir gündə
möhkəmlənə, inkişaf edə bilməz və bunun
üçün müəyyən zamana ehtiyac var. Amma bir
işıq yeri varsa biz onun arxasınca getməyə
hazırıq. Bizim əlaqələrimiz üzərindən
problemlərimizi bütün dünyaya çıxarmaq və
tanıtmaq lazımdı. Daima da yığıncaqlar
olmalıdır ki, bizim gücümüzün olduğunu
görsünlər və anlasınlar ki, biz kimik.
İnşallah, haqq hər zaman öz yerini tapacaq.
Dr. Ş.Kuzəçi: Bu platform daha
öncəki işlərin təhlili, qarşıda duran vəzifələrin
sistemləşdirilməsi, konkret proqram əsasında
çalışma və peşəkarcasına yanaşma ilə
uğur qazanacaq. İnşallah, ümidlərimiz
böyükdü, görüləcək işlər, gediləcək
yol barədə də fikir və düşüncələrimiz
var.
Fövzi Əkrəm Tərzioğlu: Bu,
bir ictimai təsisatdır, lakin adından da
göründüyü kimi daha çox beynəlxalq hüquq,
eləcə də, unitar dövlət, ölkələrin
suveren hüquqları kimi anlayışlar, bu
anlayışlardan irəli gələn mövzular, fəaliyyətlər
zaman-zaman ön plana çıxacaq. Mən də çox
ümidvaram ki, istər Azərbaycan, istərsə də
İraq tərəfindən platformda yer alan qurumlar, şəxslər
üzərlərinə götürdükləri vəzifələrin
fərqində olacaq.
-Siz öz əsərlərinizdə daha
çox nələri qabardırsınız? Hansı problemlər,
hadisələr sizə təsir edir ki, qələmə
sarıla bilirsiniz?
Dr. Mustafa Ziya: Şeirlərimdə daha
çox sevgidən yazıram. Amma bu sevgi ancaq
bir istiqamətdə deyil. Bura həm insana, dosta, yara və təbii
ki, Vətənə aid olan sevgi şeirləri daxildir. Həm əruz,
həm də heca vəznində yazıram. Bir qələm
adamı olaraq, türkün tarixdə yaşadığı
soyqırımı və qətliamlara biganə deyiləm və
ürək hökm edincə qələmə sarılıram.
Fövzi Əkrəm Tərzioğlu: Ədəbiyyatda,
şeir-sənətdə ayrı bir ləzzət, ayrı bir
dad var, o dadı-tamı başqa heç bir yerdə bula bilməzsən.
Sizə bir söz deyim, mən iki çağırış
İraq parlamentinin üzvü olmuşam, indi mənə
“keçmiş millət vəkili” deyilir, ancaq heç zaman
“keçmiş şair” deyilməyəcək... Ədəbiyyat
daim mənimlə, mən də ədəbiyyatlayam... Daimi
olanda isə elə daimi, qalıcı mövzulara üz
tutmalısan. Doktor Ziya demiş - insana, dosta, yara və təbii
ki, Vətənə olan sevgiyə... Bunlarla yanaşı, bizim
tarixi problemlərimiz var, torpaqlarımız işğal olunur,
kimliyimiz itir və buna bənzər problemlər də
yansıyır şeirlərimə. Bunları şeirlərimin
döyünən ürəyinə çevirmək mənim,
qələmimin, ilhamımın görəvidir.
-Mustafa bəy, siz hazırda Türkiyədə
yaşayırsınız. Maraqlıdır, Türkiyədən
baxınca İraq və Azərbaycan münasibətləri necə
görünür?
Dr. Mustafa Ziya: Türkiyədə bizim
çox sayda dostlarımız var, amma Kərküklə Azərbaycan
əlaqələrinin belə dərin olduğunu bilmirlər.
Bizim kökümüzün, dinimizin, dilimizin eyni olduğunu da
bilməyənlər var. Azərbaycan ruhən, dil, adət-ənənə
baxımından Kərkükə daha yaxındır, amma
Türkiyədə də qardaşlarımız,
qohumlarımız var, ortaq tariximiz var, böyük sevgimiz var
bu ölkəyə. Azərbaycana gələndən sonra isə
buranın da vətənimiz olduğunu dərindən
anladıq. Biz, doğrudan da bir bütövün
parçalarıyıq.
- Bəs İraqdan Azərbaycan necə
görünür. Siz şəxsən necə
gördünüz Azərbaycanı. Burda olarkən sizdə
hansı təəssüratlar oyanır?
Fövzi Əkrəm Tərzioğlu: Mən
parlament əlaqələrinə toxunmaq istərdim. Biz - şəxsən
mən və həmfikirlərim, soydaşlarım, dostlarım
Azərbaycanın maraqlarını istər İraq parlamentində,
istərsə də Ərəb Ölkələri Liqasında
müdafiə etməyə çalışmışıq,
gücümüz çatan qədər bundan sonra da bu işi
davam etdirəcəyik.
Bilirsiz, biz keçən dəfə
böyük bir heyətlə Bakıya rəsmi səfərə
gəlmişdik. O səfər öz meyvələrini verməyə
başlayır, deyə bilərəm. İndi bizim İraq
parlamentində yeni İraq-Azərbaycan parlamentlərarası
münasibətlər qurulur. İraqda (Bağdadda) Azərbaycan
səfirliyinin olmasını çox istəyir və buna
ümid edirik.
Eləcə də, xüsusi bir təyyarə
reysi açılacaq, inşallah: Nəcəf-Bakı, Bakı
-Nəcəf..! Bu da həm iqtisadi-siyasi, həm də ictimai-mədəni
əlaqələrin genişlənməsinə yol açacaq.
Xüsusən də turizm, din turizmi inkişaf edəcək.
Sualınız çoxplanlı oldu, sizə
özümün yazdığım bir hoyratı demək istəyirəm:
Mən Tuzda yaşırsam da
Qulaq, ruhum səndədi
Bir Azər çocuğu ağlasa
bilərəm mən.
Dr. Ş.Kuzəçi: Deməliyəm ki,
İraq xalqının, təbii, xüsusilə də
türkmanların ürəyində Azərbaycanın özəl
bir yeri, sevgisi-sayğısı var. Mən artıq
vurğuladığım ki, Azərbaycana bundan öncə də
səfərlər etmişəm, amma indi tam ayrı bir
görünüş var, inkişafın ayrı bir şəkillənməsi
var Bakıda, Azərbaycanda. Paytaxtınız, respublikanız
çox inkişaf edib və hər yanda yeni binalar, yeni tikililər,
körpülər, yol qovşaqları, xiyabanlar, parklar göz
oxşayır. Dövlət Bayraq Meydanını ayrıca qeyd
etməliyəm. Bax, bütün bunlar bir İraq vətəndaşının
gördüyü, ancaq özündə saxlamayıb,
bölüşmək istədiyi gözəlliklərdir. Biz
Azərbaycanı görürük, özümüzlə -
ürəyimizdə götürürük, öyrənirik,
öyrətməyə çalışırıq.
Dr. Mustafa Ziya: Mən burda özümü
evimdəki kimi hiss edirəm və elə bilirəm ki, elə
neçə illər imiş mən burda yaşamışam.
Hər kəs mənim dilimdə danışır, hər kəs
məni başa düşür. Bizim dilimiz hər zaman bir olub
və olacaq da. Bura birinci, ya ikinci vətəndi -
orasını bilmirəm, amma bizim olduğumuz bütün
torpaqlar Vətən sayılır. Vətənin də nə
birincisi, nə ikincisi - Vətən elə Vətəndi..!
- Son olaraq, Azərbaycan oxucusuna, öz
soydaşlarınıza sözünüz nə olardı?
Dr. Mustafa Ziya: Onu deyim ki, azərbaycanlılar
öz muğamları ilə bütün dünyada məşhurdur
və bu yöndə olan çalışmalarını daha
da dərinləşdirsinlər. Dünya da Azərbaycan ədəbiyyatının
gücünü duymalıdı və bunun üçün də
çoxlu səy göstərmək, çalışmaq
lazımdı.
Fövzi Əkrəm Tərzioğlu:
Oxuculara son sözüm... Təkrarçılıq olacaq, bəlkə
- Bakıya ötən səfərim zamanı mətbuata
verdiyim müsahibədə də bənzər sual olmuşdu,
qüsura baxmasanız həmin cavabı yenidən demək istərdim:
istərdim, oxucular çox oxusunlar, yazarlar isə oxucuların
onlardan nə gözlədiyini, örnəyi, bir kərküklü
soydaşının ondan nə gözlədiyini idrak etsin...
Dr. Ş.Kuzəçi: Rəhmətlik Cabir
Novruzun bir sözü ilə cavab vermək istərdim: “Sevin Azərbaycanı,
Azərbaycanı sevin!”.
Könül SƏİD
Xüsusi olaraq “Yeni Azərbaycan”
üçün
p.s.Müsahiblərimizin
yaradıcılığından və İraq Türkman
hoyratlarından örnəklər “YA ƏDƏBİYYAT”ın
növbəti buraxılışında (qəzetimizin şənbə
sayında) oxuculara təqdim olunacaq.
Yeni Azərbaycan.- 2012.- 19 iyun.- S.6.