Azərbaycan beynəlxalq
müstəvidə mövqeyini əhəmiyyətli dərəcədə
gücləndirən dövlətdir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, məlum olduğu kimi, çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Məhz bu reallıqlar və perspektivlə bağlı nə deyə bilərsiniz?
- Ümumiyyətlə, son illər Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Bu mənada mən sizinlə tamamilə raziyam. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi ugurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə cevirir. Və buna bizim coğrafi baxımdan çox strateji bir yerləşməmizi əlavə etsək, biz birmənalı olaraq böyük bir maraq oyadırıq, bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə yaxın olmaq, tərəfdaşlıq etmək istəyirlər. Möhtərəm Prezidentimizin uğurlu və praqmatik xarici siyasətinin nəticəsi olaraq biz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq təşkilatlarda, o cümlədən, UNESCO-da və İSESCO-da böyük səyləri və zəhməti Azərbaycanın imicini bütün dünyada gücləndirir, xalqımızın mədəniyyətini, qədim tarixini yüksək səviyyədə təbliğ edir.
Nəticə etibarilə qeyd etmək istəyirəm ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.
- Ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Milli dövlətlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi səciyyələndirirlər. Sizin bu haqda fikirləriniz necədir?
- Həqiqətən
də, bu, belədir. Son iki ildə Yaxın
Şərqdə baş verən proseslər, İranın
getdikcə izolyasiyaya düşməsi, Rusiyada
yavaş-yavaş başlayan qeyri-sabitlik Azərbaycanın bir
enerji ixracatcısı kimi rolunu getdikcə artırır.
Fikrimcə, bunun iki əsas izahı var: birincisi, ölkəmiz
dünyanın əsas enerji ixracatçısı olan regionda
bir stabillik və əminamanlıq məkanına (həm
siyasi, həm də iqtisadi baxımdan) çevrilib və sirr
deyil ki, bu faktor xarici investorlar üçün sərmayə
qoymaq, investisiya yatırmaq baxımından əsasdır. İkinci səbəb isə, yuxarıda qeyd etdiyim
kimi, bizim coğrafi baxımdan strateji məkanda yerləşməyimizdir.
Ölkəmiz nəinki öz zəngin enerji
ehtiyatlarına görə maraq doğurur, hətta Orta Asiyadan,
Yaxın Şərqdən enerji ixracatında bir alternativ yol
olaraq çox vacibdir.
Eyni zamanda vurğulamaq lazımdır ki, bu gün Xəzər
hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib
olduğu zəngin enerji ehtiyatlarından səmərəli
şəkildə istifadə etməklə beynəlxalq miqyasda
enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayan başlıca aktorlardan biri kimi
çıxış edir. Ölkəmiz milli
dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata
keçirilən praqmatik və rasional əsaslara söykənən
siyasət nəticəsində miqyasına görə regional,
əhəmiyyətinə görə isə qlobal xarakterli
transmilli layihələrin mərkəzi oyunçusu qismində
çıxış etməkdədir.
- Azərbaycanın
beynəlxalq müstəvidə həyata keçirdiyi fəaliyyətdə
ölkə parlamenti nə dərəcədə rol
oynayır?
- Təbii
ki, ölkəmizin beynəlxalq əlaqələrinin
inkişafında Azərbaycan parlamentinin də xüsusi yeri
var. Bilirsiniz ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda
təmsil olunur, eləcə də, bir çox ölkələrin
parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir.
Mütəmadi olaraq Milli Məclis xarici
qonaqların gəldiyi məkana çevrilir, eləcə də,
millət vəkillərimiz başqa ölkələrdə
tet-tez səfərlərdə olurlar. Əlbəttə,
parlament çox mühüm hakimiyyət qoludur və onun fəaliyyətində
beynəlxalq fəaliyyət xüsusi yer tutur. Biz bütün beynəlxalq əlaqələrimizdə,
iştirak etdiyimiz tədbirlərdə, görüşlərdə
Azərbaycan həqiqətlərinin təbliği
baxımından üzərimizə düşən vəzifələri
yerinə yetirməyə çalışırıq. Bir sıra ölkələrin parlamentləri ilə
sıx əlaqələr qurulub ki, bu dövlətlərarası
münasibətlərdə əhəmiyyətli rol oynayır.
Buraya qanunvericilik sahəsində əməkaşlığı,
təcrübə mübadilələrini də əlavə
etsək, onda Azərbaycan parlamentinin ümumilikdə ölkəmizin
beynəlxalq fəaliyyətində nə qədər vacib rol
oynadığını görə bilərik.
Ümumiyyətlə,
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədr
muavini olaraq deyə bilərəm ki, parlamentimizdə beynəlxalq
fəaliyyətə böyük maraq var. Biz hər zaman xarici
səfərlərimizdən sonra parlamentdə səfərlərimizlə
bağlı müzakirələr aparırıq, həmkarlarımızın
tövsiyələrini, fikirlərini dinləyib ümumi gələcək
addımları razılaşdırırıq.
- Azərbaycanın
balanslaşdırılmış xarici siyasət
strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi
təhlükəsizliyinin təmin olunmasına birbaşa
töhfələr verməkdədir. Amma buna
baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə
ciddi təhdid kimi çıxış edir. Ölkəmiz münaqişənin beynəlxalq
hüquq normalarına əsasən həll olunması
üçün maksimum səy göstərsə də,
işğalçı ölkə buna qarşı
çıxır. Bu prosesdə beynəlxalq
birliyin təşəbbüsləri və addımları nədən
ibarət olmalıdır?
-
Vurğulamaq lazımdır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normalarına əsasən həll edilməsi Azərbaycan
dövlətinin qarşısında duran ən öncül
strateji vəzifələrdən biri və birincisidir. İstər Ulu öndər Heydər Əliyev, istərsə
də Prezident İlham Əliyev tərəfindən dəfələrlə
bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə
özünün ərazi bütövlüyünü bərpa
edəcək və təcavüzkar qüvvələr
işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq.
Məhz bu cür qətiyyətli və prinsipial
mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli naminə bütün
resurslarından səmərəli istifadə etməkdə və
aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir.
Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə
bütün beynəlxalq qurumlarda münaqişəyə
münasibət getdikcə dəyişir, reallıq aydın
olmağa başlayır. Onu da xüsusi vurğulamaq
lazımdır ki, Azərbaycanın tutduğu prinsipial
mövqenin və sərgilədiyi praqmatik siyasətin fonunda
dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri
və qaçılmaz bir proses olduğunu hər zaman bəyan
edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq
təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları çərçivəsində həlli
ilə bağlı fundamental və zəruri qətnamələr
qəbul edilib. Elə bu prosesə paralel
olaraq ATƏT-in Minsk qrupu da münaqişənin həlli
yönündə öz fəaliyyətinin səmərəlilik
səviyyəsini artırmaqdadır. Prezident İlham Əliyevin
bildirdiyi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri
Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunması, erməni qoşunlarının bütün
işğal olunmuş ərazilərdən
çıxarılması, məcburi köçkünlərin
doğma yurd-yuvalarına qayıtması və bütün
kommunikasiya xətlərinin açılmasına əsaslanır.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd
etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil.
Və məsələnin sonuna qədər diplomatik yollarla həllini
tapmağa çalışacağıq. Lakin təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanın
qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir.
Beynəlxalq qurumlarda da bizim mübarizə
apardığımız 2 əsas qrup var: erməni lobbisinin
nümayəndələri və bizim nailiyyətlərə
qısqanclıqla yanaşan, bizim artan nüfuzumuzu istəməyən
qüvvələr. Aydındır ki, əgər bu
münaqişə həllini taparsa, Azərbaycan gücünə
güc çatacaq və daha da sürətli addımlarlarla
inkişaf edəcək və bunu istəməyənlər
çoxdur. Lakin onların səyləri bu günə kimi
ciddi bir nəticə verməyib, getdikcə də mövqeləri
bu istiqamətdə zəifləməkdədir. Bundan əlavə,
günü-gündən hərbi gücümüz, ordumuzun
qüdrəti artmaqdadır, Azərbaycan ordusu hal-hazırda Cənubi
Qafqazın ən güclü silahlı qüvvəsidir və
Ali Baş Komandanın əmri gələn kimi
torpaqlarımız azad olacaq. Buna mənim heç bir
şübhəm yoxdur.
- Bu
yaxınlarda, ABŞ dövlət katibi Cənubi Qafqaza, o
cümlədən Azərbaycana səfər etdi. Sizcə, bu səfərin
əhəmiyyəti nədən ibarətdir?
- Mənim
üçün bu, ABŞ kimi süperdövlətin bu regiona
və xüsusən də Azərbaycana olan və
günü-gündən artan diqqətinin bariz nümunəsidir.
Xanım Klintonun Bakıda səsləndirdiyi bəyanatların
hamısı diqqətə və təqdirə layiqdir. Və
bütün bunların mənası şəxsən mənim
üçün bir sübutdur ki, biz doğru yoldayıq və
ölkəmizin inkişafını bütün dünya qəbul
edib, alqışlayır.
ABŞ-ın
dövlət katibi Hillari Klintonun iyunun 6-da Azərbaycana səfəri
zamanı müzakirə olunan məsələlər və səsləndirilən
fikirlər növbəti dəfə həm də bunu sübut
etdi ki, Vaşınqtonla Bakı beynəlxalq təhlükəsizliyin
təmin olunması, iqtisadi maraqların
uzlaşdırılması, siyasi münasibətlər
sisteminin daha da təkmilləşdirilməsi, demokratik
inkişaf istiqamətində əməkdaşlığın
dərinləşdirilməsi kimi istiqamətlərdə
sıx təmaslara malikdirlər. Səfər çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
görüşü zamanı Hillari Klinton dövlətimizin
başçısının NATO-nun Çikaqo sammitində
iştirakının önəmini xüsusi qeyd edib. O həmçinin
ölkəsinin Azərbaycan ilə sıx strateji tərəfdaşlıq
əlaqələrinin olmasını məmnunluqla qeyd edərək
Azərbaycanın regionda mühüm rolunu vurğulayıb.
Öz növbəsində dövlət katibi ilə
görüşdə Prezident İlham Əliyev Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları
arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi
islahatlar, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması və digər sahələrdə əməkdaşlıq
məsələlərinə toxunaraq ikitərəfli əlaqələrin
uğurla inkişaf etdiyini bildirib. Hesab edirəm ki, iki dövlət
arasında münasibətlər yüksələn xətlə
inkişaf edəcək.
- Sevinc
xanım, bugünlərdə AŞPA-nın həmməruzəçiləri
ölkəmizdə səfərdə oldular. bəzi müxalifət
partiyaları və QHT-lər məruzəçilərə
qarşı kampaniyaya başlayıblar. Bu məsələyə
münasibətiniz necədir?
- Öncə
qeyd edim ki, Azərbaycanın Avropa Şurası ilə əlaqələri
inkişaf edir və biz bu təşkilatla konstruktiv əməkdaşlıqda
maraqlıyıq. Ölkəmiz bu təşkilata üzv olarkən
üzərinə götürdüyü öhdəliklərə
sadiqdir və onları yerinə yetirir. Bəzi vaxtlarda biz bu təşkilatda
subyektivliyə əsaslanan tənqidlərlə, əsassız
ittihamlarla rastlaşmışıq. Amma ölkəmiz belə
halda təmkinlik nümayiş etdirərək
özünün ədalətli mövqeyini qoruyub, müdafiə
edib və nəticədə ədalətli qərarların
verilməsinə nail olub. “Siyasi məhbus” məsələsi
ilə bağlı qəbul olunan qərar buna sübutdur.
Ölkəmizdə bəzi dairələrin məruzəçilərə qarşı itihamlarına gəlincə, deyə bilərəm ki, bu, heç bir məntiqə sığmır. Təbii ki, Avropa Şurası Azərbaycanda inkişafı görür və dəyərləndirir. Buraya demokratik inkişaf, insan hüquqlarının təminatı məsələsində əldə olunan nailiyyətlər də daxildir. Amma görünür, məlum qüvvələr daha öz şəxsi məqsədlərini reallaşdıra bilmədikləri üçün artıq beynəlxalq təşkilatın təmsilçilərinə qarşı heç bir etik davranışa, siyasi mədəniyyətə uyğun gəlməyən hərəkətlər edirlər. Yəqin ki, onlar ilk vaxtlarda subyektiv fikirlər əsasında Azərbaycana qarşı olan təzyiqləri unuda bilmir və bu təzyiqlərin təkrarlanmasını arzu edirlər. Amma nəzərə almaq lazımdır ki, dövr həmin dövr deyil. Bu gün əsassız ittihamlarla, iddialarla Azərbaycana təsir göstərmək mümkün deyil. Ölkəmizin daxilində olan bəzi qüvvələr bu reallığı dərk etməlidir.
Yeni Azərbaycan.-
2012.- 19 iyun.- S.5.