Fərhad Məmmədov:
Azərbaycan postkonflikt dövründə də regionun lider
dövləti olaraq qalacaqdır
Azərbaycan Respublikası Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə
üzrə fəlsəfə doktoru Fərhad Məmmədovun
AzərTAc-a müsahibəsi
- Son
dövrlərdə təmas xəttində Ermənistan
silahlı qüvvələrinin fəallaşması, atəşkəsin
pozulmasına yönəldilmiş təxribatların daha
intensiv xarakter alması, rəsmi Yerevanın sülh
danışıqlarından yayınması hansı daxili və
xarici amillərlə bağlıdır?
- Bu
gün Ermənistan Respublikası sosial, siyasi, iqtisadi, hətta
demoqrafik problemlərin əhatəsindədir. Ermənistanın
Azərbaycan ərazilərini işğal altında
saxlaması faktı bu ölkədə vəziyyətin daha da
gərginləşməsi, ətraf aləmdən, regionda gedən
müsbət dəyişikliklərdən, qlobal iqtisadi layihələrdən
tamamilə təcrid olunması ilə nəticələnmişdir.
Artıq donor dövlətlər və beynəlxalq
təşkilatlar da Ermənistana hər hansı bir formada
iqtisadi və maliyyə yardımlarının burada vəziyyəti
yaxşılaşdıracağına, borc və kreditlərin
nə vaxtsa geri qaytarılacağına şübhə ilə
yanaşmaqdadırlar. İqtisadçıların
proqnozlarına görə, işğalçı dövlətin
xarici borclarının ümumi məbləği bu il ən
yüksək həddə - 4,2 milyard
ABŞ dolları həcminə çatacaqdır. Bu rəqəm isə ölkənin büdcə xərclərindən
təqribən iki dəfə çoxdur. Ermənistanın
Dövlət Gəlirləri Komitəsinin məlumatına
görə, 2012-ci ildə büdcə kəsiri 350 milyon
ABŞ dolları təşkil edəcəkdir. Rəsmi Yerevan isə donorların qapısını
döyərək onların “xeyriyyəçi”liyinə, mərhəmət
göstərib Ermənistanın dövlət borclarını
siləcəklərinə ümid bəsləməkdədir.
Əlbəttə, yaranmış siyasi-iqtisadi və
sosial vəziyyət əhali arasında gərginliyin şiddətlənib
sosial partlayış həddinə çatmasına, hakimiyyətin
yürütdüyü yarıtmaz siyasətə qarşı
etirazların kütləvi xarakter almasına səbəb
olmuşdur. Rəsmi
statistik məlumatlar Ermənistan sakinlərində miqrasiya
meyillərinin getdikcə artdığını və hər il təqribən 60 min nəfərin xarici
ölkələrdə məskunlaşdığını
bildirir. Halbuki yalnız 2012-ci ilin ilk dörd
ayı ərzində 67 min 273 nəfər sosial-iqtisadi səbəblər
üzündən ölkəni tərk etmişdir. Hakimiyyətə yaxın sosioloqlar bu faktı “ermənilərin
genetik olaraq, yeni əraziləri fəth etmək meyilləri”
kimi yozmağa çalışsalar da, Ermənistan Milli Elmlər
Akademiyasının mütəxəssisləri tamamilə fərqli
fikirdədirlər. Məsələn, Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun
araşdırmalarında deyilir ki, indiyədək ölkə
vətəndaşlarının təqribən yarısı -
iki milyon nəfər xarici ölkələrə mühacirət
etmək məcburiyyətində qalmışdır. Sosioloji sorğular isə hazırda Ermənistanda
yaşayan əhalinin 40 faizinin də potensial miqrant olduğunu
müəyyənləşdirmişdir. Həmin
şəxslərin 93 faizi xarici ölkələrdə məskunlaşmaq
niyyətlərini Ermənistandakı dözülməz
sosial-iqtisadi şərait, işsizlik problemi, ölkənin gələcəyinə
inamsızlıq və mövcud hakimiyyətə
etimadsızlıqla əlaqələndirmişdir.
Beləliklə,
son dövrlərdə
işğalçı Ermənistan Respublikasının
döyüş bölgələrində fəallaşmasının,
atəşkəs rejimini pozmasının və
qoşunların təmas xəttində insan itkisi ilə nəticələnən
təxribatlar törətməsinin arxasında rəsmi
Yerevanın ictimai fikri ölkənin sosial-iqtisadi problemlərdən,
hakimiyyət böhranından yayındırmaq, iqtisadi fəlakətdən
xilas olmaq məqsədilə xaricdən ianələr toplamaq cəhdlərinin
dayandığı şübhəsizdir. Bu təxribatlar
isə atəşkəs rejiminin nisbi xarakter
daşıdığını, işğalçı tərəfin
sülh danışıqlarından məqsədli şəkildə
yayındığını, mövcud status-kvonun bundan sonra da
dəyişilməz qala bilməyəcəyini getdikcə daha
aydın sübuta yetirməkdədir. Lakin
ATƏT-in Minsk qrupunun həmsədrləri bir tərəfdən
status-kvonun dəyişdirilməsini zəruri hesab etsələr
də, digər tərəfdən bu istiqamətdə hələ
də təsirli tədbirlər görmürlər.
Xüsusilə
vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının
siyasi, iqtisadi və hərbi potensialı, Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı qəbul
etdiyi qətnamələrin məzmunu, eləcə də beynəlxalq
normalardan irəli gələn tələblər Ermənistan
silahlı qüvvələrinin işğalı altında
olan ərazilərimizin geri qaytarılması, qaçqın və
məcburi köçkünlərin pozulmuş
hüquqlarının bərpası istiqamətində ən
müxtəlif, hətta radikal variantların tətbiqi
üçün geniş imkanlar açır. Bununla
belə, Azərbaycan malik olduğu hərbi və hüquqi
üstünlüklərə baxmayaraq, münaqişənin
sülh yolu ilə nizamlanmasına doğru real səylər
göstərdiyini dəfələrlə bəyan etmişdir.
Rəsmi Yerevan isə hərb variantının -
genişmiqyaslı döyüş əməliyyatlarının
başlanmasını Ermənistanın labüd məğlubiyyəti
və dövlətçiliyi üçün böyük fəlakətlə
nəticələnəcəyini yaxşı dərk etməkdədir.
Odur ki, bütün siyasi imkanlarını, məhdud
hərbi gücünü mövcud status-kvonun
saxlanılmasına, münaqişənin konservasiyasına
yönəltməyə çalışır. Digər tərəfdən, münaqişənin
nizamlanmasından sonra - postkonflikt dövründə də Azərbaycan
Respublikasının Cənubi Qafqaz regionunun lider dövləti
olaraq qalacağını yaxşı anlayır. Nəticədə, Azərbaycanın qonşu region
dövlətləri, xüsusilə İran və Rusiya ilə
münasibətlərinin pozulmasına,
qarşılıqlı etimadsızlığın
yaradılmasına istiqamətlənmiş əbəs cəhdləri
məhz bu amildən qaynaqlanır.
- Strateji
Araşdırmalar Mərkəzində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hansı tədqiqat işləri aparılır?
- Strateji Araşdırmalar Mərkəzinin tədqiqat
istiqamətləri genişdir. Aparılan araşdırmalar Azərbaycan
Respublikasının daxili və xarici siyasəti,
iqtisadiyyatı, milli maraqlarının təminatı ilə
bağlı məsələləri, təhlükəsizlik
problemlərini və s. əhatə edir. Lakin Azərbaycanın
üzləşdiyi ən ağır problemin - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin mümkün həll
variantlarının öyrənilməsi, müvafiq təhlili
materialların, proqnoz və tövsiyələrin
hazırlanması digər əlaqədar dövlət
qurumları və elmi təşkilatlarla yanaşı, mərkəzin
də prioritet mövzularından biri olaraq qalmaqdadır. Eyni
zamanda, xarici ölkələrdəki tərəfdaşlarımız
- müvafiq beyin mərkəzlərinin mütəxəssisləri
ilə birlikdə oxşar etnoərazi problemləri ilə
üzləşmiş dövlətlərdə münaqişələrin
nizamlanması təcrübəsini, onların Azərbaycan
reallıqlarına uyğunlaşdırılması
yollarını araşdırır, birgə elmi konfranslar,
müzakirələr keçirir, elmi nəşrlər
hazırlayır, beynəlxalq tədbirlərdə fəal
iştirak edirik.
Ermənistanın işğal olunmuş ərazilərdən
birmənalı olaraq geri çəkilməsindən,
Dağlıq Qarabağın Azərbaycan Respublikası ərazisi
tərkibində muxtariyyəti statusu ilə
razılaşmasından başqa alternativ yolu yoxdur. Qeyd etmək istərdim ki, tədqiqatlarımız
təkcə münaqişənin nizamlanmasına dair aktual məsələləri
deyil, həm də perspektivli, postkonflikt dövründə - Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpasından
sonra Dağlıq Qarabağın muxtariyyəti statusunun optimal
variantlarını da əhatə edir. Ekspert və təhlilçilərimizin
digər əhəmiyyətli tədqiqat sahəsi
münaqişənin Azərbaycan Respublikasının ərazi
bütövlüyü çərçivəsində həllindən,
sülhün bərqərar olunmasından sonra Dağlıq
Qarabağın azərbaycanlı və erməni sakinləri
arasında qarşılıqlı etimadın yaranmasına,
ortaq birgəyaşayış prinsiplərinin müəyyən
edilməsinə, onların etnomədəni
hüquqlarının, milli mədəniyyətlərinin
qorunması və inkişaf etdirilməsinə, fiziki təhlükəsizliyinin
təminatına, erməni əsilli vətəndaşlarımızın
Azərbaycanın sosial, hüquqi, mədəni və iqtisadi məkanına
inteqrasiyasına dair kompleks təkliflər paketini
hazırlamaqdır.
- Dağlıq Qarabağın gələcək muxtariyyət
statusu aktuallaşdıqca, bu məsələ həm Azərbaycanda
və Ermənistanda, həm də münaqişənin həllində
maraqlı olan beynəlxalq təşkilatlarda ciddi müzakirələrə
səbəb olan mövzuya çevrilir.
-
Münaqişənin Azərbaycan Respublikasının ərazi
bütövlüyü çərçivəsində həlli
birmənalıdır və bu təkcə dövlətimizin,
o cümlədən işğal altında olan Dağlıq
Qarabağın azərbaycanlı və erməni əsilli
sakinlərinin də maraqlarına, beynəlxalq hüquq
normalarına və beynəlxalq təcrübəyə tam
cavab verir. Əslinə qalsa, rəsmi Bakı hələ
ötən əsrin 90-cı illərindən etibarən dəfələrlə
Ermənistana və münaqişənin danışıqlar
yolu ilə nizamlanmasında maraqlı olan beynəlxalq təşkilatlara
Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində
ən yüksək muxtariyyət statusuna dair təkliflər
vermişdir. Lakin rəsmi Yerevanın guya həmin təkliflərdə
“erməni icmasının mənafelərinin dolğun əhatə
olunmadığını” bəhanə gətirməsi əslinə
qalsa, siyasi riyakarlığın, Dağlıq Qarabağın
erməni əsilli sakinlərinin maraqlarının nəzərə
alınmamasının göstəricisidir.
- Strateji Araşdırmalar Mərkəzində öyrənilən
variantlar münaqişə tərəflərinin maraqlarına
və beynəlxalq hüquq normalarına nə dərəcədə
cavab verir?
- Təbii
ki, dünya təcrübəsində etnoərazi
qarşıdurmalarının sülh yolu ilə nizamlanması
məqsədilə istifadə olunmuş muxtariyyət
variantlarının hər birinin fərqli və spesifik xüsusiyyətləri,
üstün və məqbul olmayan cəhətləri
vardır. Bu baxımdan, onlara “etalon” model qismində
yanaşılmamalı, siyasi, hüquqi, sosial, etnomədəni
müstəvidə diqqətlə öyrənilməli, yerli
şəraitə, milli qanunvericiliyin və beynəlxalq
hüquq normalarının tələblərinə
uyğunlaşdırılmalıdır.
Strateji Araşdırmalar Mərkəzində həmin
modellərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması kontekstində tətbiqi
imkanlarının müəyyənləşdirilməsi
istiqamətində tədqiqat işləri davam etdirilməkdədir. Tərəflərin,
xüsusilə Dağlıq
Qarabağın Azərbaycan və erməni icmalarının təklif
olunan muxtariyyət statusu barədə ortaq qənaətə gəlmələri
üçün razılaşmada hər iki millətin
nümayəndələrinin etnomədəni identikliyi, Azərbaycan
Respublikası Konstitusiyasının tələbləri çərçivəsində
yerli qanunvericilik və idarəetmə orqanlarının fəaliyyəti,
onların səlahiyyət dərəcələri və digər
mühüm aspektlər ciddi şəkildə nəzərə
alınmalıdır. Qısaca olaraq, buraya Dağlıq
Qarabağda iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə,
humanitar əlaqələrə dair siyasətin müstəqillik
dərəcəsinə, sosial-iqtisadi sahələrin yerli
qanunvericilik səviyyəsində tənzimlənməsinə,
ana dilinin işlənməsinə, milli mədəniyyət və
incəsənətin qorunmasına və inkişafına,
ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin
qorunmasına, onların hüquq və
azadlıqlarının, o cümlədən vətəndaşların
seçki hüququnun təminatına və s. məsələlər
daxildir. Xüsusi diqqət yetirilməsi vacib olan
məqamlardan biri Dağlıq Qarabağ muxtariyyətinin
özünüidarəetmə orqanlarının Azərbaycan
Respublikasının hakimiyyət orqanları ilə
qarşılıqlı fəaliyyətinin hüquqi
baxımdan tənzimlənməsidir. Hazırda
Azərbaycanın mütəxəssisləri bu istiqamətdə
də layihələr üzərində işləyirlər.
Yeri gəlmişkən,
bu il aprelin 2-də Strateji
Araşdırmalar Mərkəzində “Müasir dünyada
münaqişə, həll və barışıq məsələləri”
mövzusunda xarici ekspertlərlə görüş
keçirilmişdir. Tədbir Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
kontekstində Aland adaları muxtariyyəti modelinin müzakirəsinə
həsr olunmuşdur. SAM-ın və Helsinki Universitetinin
Aleksanteri İnstitutunun birgə təşkil etdikləri
görüşdə Finlandiya və ABŞ-dan gəlmiş
ekspertlərlə yanaşı, Azərbaycanın rəsmi
qurumlarının və qeyri-hökumət təşkilatlarının
nümayəndələri, Milli Məclisin deputatları da
iştirak etmişlər. Finlandiya parlamentinin deputatı, Aland
muxtariyyətinin təmsilçisi xanım Elizabet Nokler, Aland adalarındakı
Sülh İnstitutunun Direktorlar Şurasının sədri
Barbro Sandbak, Avropa İttifaqının Cənubi Qafqaz üzrə
sabiq nümayəndəsi səfir Heyke Talvitiye və
başqalarının da iştirak etdikləri müzakirələr
zamanı etnoərazi iddiaları zəminində baş
vermiş iki müxtəlif münaqişənin - 1917-1921-ci
illərdə Aland adalarının statusu ilə əlaqədar
Finlandiya və İsveç arasında yaranmış
qarşıdurmanın və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nümunəsində
optimal muxtariyyət modelinin xarakterik xüsusiyyətlərinə,
sülhün əldə olunmasına təsir edə biləcək
amillərə dair səmərəli
fikir mübadiləsi olmuşdur. Bundan başqa, ötən il
Strateji Araşdırmalar Mərkəzinin direktor müavini
Gülşən Paşayevanın rəhbərliyi ilə
SAM-ın nümayəndə heyəti İtaliyada, Cənubi
Tirol Muxtar Vilayətində olmuş, bu regionun hakimiyyət təmsilçiləri,
Trento Universitetinin, İtaliya Beynəlxalq Münasibətlər
İnstitutunun, Federalizm və Regionalizm üzrə Tədqiqatlar
İnstitutunun, Alexaner Lanqer Fondunun alim və mütəxəssisləri
ilə görüşmüşlər. Müzakirələr
zamanı Cənubi Tirol Muxtar Vilayəti modelinin xarakterik
xüsusiyyətləri və onun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiqi
imkanları öyrənilmişdir.
- Aland
adaları və Cənubi Tirol muxtariyyət modellərinin
xarakterik xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
- Təqribən
8 min adadan ibarət olan Aland muxtariyyəti Finlandiyanın ərazisində
yerləşir. Onun əhalisinin əksəriyyəti
isveçlərdir. Bu adalar XIX əsrin əvvəllərinədək İsveç
krallığının, 1917-ci ilədək isə çar
Rusiyasının tərkibində olmuşdur. Rusiya
imperiyasının süqutundan sonra adadakı isveçlər
arasında separatçılıq əhval-ruhiyyəsi baş
qaldırmış və onlar İsveç
krallığına birləşmək barədə siyasi
mübarizəyə başlamışlar. Bu
isə Finlandiya və İsveç arasında siyasi
qarşıdurmaya səbəb olmuşdur. Nəticədə,
1921-ci ildə Millətlər Liqası Aland adalarının
Finlandiya ərazisi olduğunu təsdiqləmiş, bununla belə,
ada sakinlərinə dil, adət və ənənələrinin,
mədəniyyətlərinin qorunmasına dair onlara muxtariyyət
statusu verilməsi barədə Finlandiya qarşısında məsələ
qaldırmışdır. Hazırda Aland
muxtariyyətinin büdcə, daxili siyasət məsələlərini
tənzimləyən, hakimiyyət qurumlarını müəyyənləşdirən
seçkili orqanı - yerli parlamenti vardır. Muxtariyyət səhiyyə, təhsil, iqtisadiyyat, təsərrüfat,
rabitə, ictimai asayişin qorunması və digər sahələr
üzrə müstəqil siyasət yürüdə bilir.
Ölkə sakinləri ikili vətəndaşlıq
hüququna malikdirlər, muxtariyyətin qubernatoru Finlandiya
Prezidenti tərəfindən təyin olunur və s.
Cənubi Tirol muxtariyyəti isə nisbətən fərqli
xüsusiyyətlərə malikdir. Tirol coğrafi ərazi
kimi iki yerə bölünmüşdür. Onun bir hissəsi Avstriyada, digəri isə
İtaliyada yerləşir. 1919-cu il
Sen-Jermen Sülh müqaviləsinə əsəsən, Cənubi
Tirol Avstriyadan alınaraq İtaliyaya qatılmışdır.
Bu aksiya uzun müddət hər iki dövlət
arasında münasibətlərdə problemlərə səbəb
olmuşdur. Bununla belə, 1948-ci ildə Cənubi
Tirol bölgəsinə muxtariyyət statusu verilmiş, 1969-cu
ildə isə İtaliya və Avstriya arasında
yaranmış ziddiyyətlərin aradan qaldırılması
məqsədilə, həmin muxtariyyətə dair sənəd
qəbul olunmuşdur. 1992-ci ildə isə
Avstriya rəsmi şəkildə İtaliyaya ərazi
iddialarından əl çəkdiyini bəyan etmişdir.
Cənubi Tirol qanunvericilik hakimiyyətinə və geniş idarəetmə
hüquqlarına malikdir. Lakin xarici siyasət və
müdafiə məsələləri bilavasitə mərkəzin
- İtaliya hökumətinin səlahiyyətindədir. Status anlaşmasına görə, Cənubi Tirolda qəbul
olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil
etməməlidir. İnkişaf etmiş kənd
təsərrüfatına və geniş turizm imkanlarına
malik olan Cənubi Tirolun əldə etdiyi gəlirin 10 faizi
İtaliya büdcəsinə verilir. Yerdə
qalan vəsait isə yerli hakimiyyətin sərəncamındadır.
Burada italyan və almandilli sakinlərin mədəni
hüquqları qanun çərçivəsində qorunur və
inkişaf etdirilir.
Bununla belə,
Finlandiya və İsveç, İtaliya və Avstriya
arasında yaranmış etnoərazi münaqişələrinin hər biri spesifik xüsusiyyətlərə,
fərqli tarixi-coğrafi xarakterlərə malikdir. Avropada
baş vermiş
etnosiyasi qarşıdurmaların həllində
istifadə olunan istənilən muxtariyyət modeli təbii ki,
olduğu kimi Azərbaycan şəraitinə tətbiq oluna
bilməz. Bu variantlar etnoərazi
qarşıdurmalarınn aradan qaldırılmasında əsasən
beynəlxalq təcrübə nümunəsi, hüquqi baza
modeli funksiyasını daşıya bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması üçün məqbul
sayılan variant təkmilləşdirilməli, yerli şəraitə
və milli qanunvericiliyin tələblərinə
uyğunlaşdırılmalıdır.
Yeni Azərbaycan.-
2012.- 20 iyun.- S.6.