Azərbaycanda
İKT sahəsi sürətlə inkişaf edir
YAP-ın təşəbbüsü
ilə “Azərbaycan-2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyasının rabitə və informasiya
texnologiyaları bölümünün hazırlanması ilə
əlaqədar dəyirmi masa keçirilib
Dünən
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü
ilə “Hilton” hotelində “Azərbaycan-2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasının rabitə və
informasiya texnologiyaları bölümünün
hazırlanması ilə əlaqədar dəyirmi masa
keçirilib. Dəyirmi masada
çıxış edən YAP Sədrinin müavini-İcra
katibi, millət vəkili Əli Əhmədov Azərbaycanın
bugünkü iqtisadiyyatının sürətlə modernləşdiyini
bildirib. Modernləşmənin səbəbləri
haqqında danışan Əli Əhmədov qeyd edib ki, səbəblərdən
birincisi Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni
bir inkişaf mərhələsinə çatmasıdır
ki, bu mərhələnin sonrakı inkişafı isə yeni
struktur dəyişikliklərinin həyata keçirilməsini
tələb edir. “Digər səbəb Azərbaycan
iqtisadiyyatının daha qətiyyətlə dünya
iqtisadiyyatına inteqrasiya etməsidir. Azərbaycan
iqtisadiyyatının lokomotivi rolunu uğurla yerinə yetirən
neft amili son illər ərzində ölkəmizdə yeni bir
iqtisadi və sosial modelin formalaşmasına gətirib
çıxarıb. Azərbaycanın
iqtisadi inkişafı həyatımızın bütün
sferalarındakı dəyişikliklər, bütövlükdə
ölkəmizin yeni bir inkişaf mərhələsinə gəlib
çatması təbii ki, bu amilin bilavasitə təsirinin
altında baş verib” - deyə, YAP Sədrinin müavini
vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə,
inkişaf elə bir mərhələyə gəlib
çatıb ki, sonrakı mərhələnin həyata
keçirilməsi çox əhəmiyyətli və müasir
tələblərə cavab verən struktur dəyişikliklərinin
həyata keçirilməsini olduqca vacib tələbat kimi
qarşıya qoyub. O qeyd edib ki, bununla əlaqədar olaraq Azərbaycan
Prezidenti İlham Əliyev “Azərbaycan-2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasının hazırlanması
ilə bağlı çox əhəmiyyətli Sərəncam
imzalayıb: “Bu Sərəncamın qarşıya qoyduğu
başlıca vəzifə Azərbaycanın gələcək
inkişaf perspektivlərini, o cümlədən də, iqtisadi
inkişaf perspektivlərini müəyyənləşdirmək,
son illərdə formalaşmış Azərbaycanın iqtisadi
inkişaf modelini təkmilləşdirmək, dünya
iqtisadiyyatına inteqrasiyanı sürətləndirmək
üçün daha qabaqcıl, müasir iqtisadi
çağırışlara cavab verən iqtisadiyyatın sahələrini
formalaşdırmaqdan ibarətdir. Hazırda bu konsepsiya üzərində
iş aparılmaqdadır”.
Əli Əhmədov
qeyd edib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizi bu
konsepsiyanın hazırlanmasilə əlaqədar aparılan
işlərlə tanış etmək niyyəti
ilə bu cür dəyirmi masalar keçirir, təqdimatlar
aparılır. “Bu gün biz Azərbaycan
iqtisadiyyatının aparıcı sahəsinə çevrilməli
olan və bu iddianı açıq şəkildə ortaya
qoymuş çox vacib sahəsi ətrafında söhbət
aparacağıq. Bu da İKT sahəsidir ki, həm
hörmətli Prezidentimizin dəfələrlə qeyd etdiyi
kimi, həm də bütövlükdə iqtisadi strukturda
baş verən dəyişikliklərin ortaya qoyduğu
reallıqlardan çıxış edərək deyə bilərik
ki, bu sahənin inkişaf potensialı və perspektivləri gələcək
Azərbaycan iqtisadi modelinin ümumi
görüntüsünün və mahiyyətinin
yaranmasında əhəmiyyətli rol oynayır. Təbii ki, İnkişaf Konsepsiyasının əsas
sahələrindən birini də məhz İKT-nin sürətli
inkişafı təşkil edir. Bu istiqamətdə
Azərbaycanda çox böyük layihələr həyata
keçirilməkdədir. Bu layihələrin
müəyyən hissəsi ilə əlaqədar Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən cəmiyyətə
mütəmadi məlumatlar verilir. Bu tədbirimizdə
də İKT sahəsində gələcəyə
hesablanmış işlərlə bağlı geniş təqdimat
olacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Dəyirmi
masada rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov ölkəmizdə
İKT-nin inkişafı və gələcəkdə bu sahə
ilə bağlı həyata keçiriləcək layihələr
haqqında geniş məlumat verib. Ə.Abbasov
bildirib ki, dövlət başçısının bu Sərəncamı
və onun əhəmiyyəti ölkəmizdə geniş
müzakirə olunur. Nazirin sözlərinə
görə, konsepsiya çərçivəsində Azərbaycanda
ÜDM-nin 2020-ci ilədək iki dəfə artaraq
hazırkı 50 mlrd. manatdan 100 mlrd. manata çatacağı gözlənilir:
“Artımın əsasən qeyri-neft sektoru hesabına
olması nəzərdə tutulub. Bu artıma çatmaq
üçün Azərbaycanda ÜDM-in orta illik artım tempi
5,5-6 faiz olmalıdır. Ümumiyyətlə,
İKT-nin 10 faiz inkişafı iqtisadiyyatın 1 faiz
inkişafına səbəb olur”.
Ölkəmizdə rabitə və İKT-nin
inkişafından danışan Ə.Abbasov qeyd edib ki, bu sahədə
əsas hədəflər innovasiya yönümlü
iqtisadiyyatın yaradılması, informasiya cəmiyyətinə
tam keçid, elektron idarəetmə sahəsində yeni xidmətlərin
göstərilməsi və gələcəyə
hesablanmış infrastrukturun yaradılmasıdır. Onun sözlərinə
görə, 2011-ci ildə İKT sahəsindən 1,8 mlrd. manat gəlir əldə
olunub, 2020-ci ildə isə bu rəqəmin 9,3 mlrd. manata çatacağı gözlənilir:
“2011-ci ildə sahənin ümumi artım tempi 13 faiz olub. Bu gəlirlərə çatmaq üçün
orta illik artım tempi 20 faiz olmalıdır. Hazırda Azərbaycan bu sahədə orta dünya
göstəricilərinin səviyyəsini keçib və
inkişaf edən ölkələrlə inkişaf etmiş
ölkələr arasında yer tutur. Ümumiyyətlə,
2020-ci ilədək İKT sektorunun beş
dəfə artması gözlənilir”.
Ə.Abbasov İKT-nin inkişafı üzrə
üç əsas komponenti açıqlayıb. Bunlar infrastrukturun
inkişafı, xüsusi iqtisadi zonaların yaradılması və
İKT-nin digər sektorlarda katalizator rolunun
artırılmasıdır: “Bu səviyyəyə çatmaq
üçün ilk növbədə, telekommunikasiya, əsasən
də genişzolaqlı internet inkişaf etdirilməlidir. Artıq Azərbaycan 4G xidmətini istifadəyə
vermək üzrədir. Bütün mobil
rabitə operatorları bu xidməti göstərməyə
başladıqdan sonra Azərbaycan 4G-nin tətbiq olunduğu
40-cı ölkə olacaq”.
Nazir İKT üzrə ixracyönümlü istehsalı
məhdudlaşdıran amilləri də sadalayıb. Onun sözlərinə
görə, bunlar İKT sahəsində vergi güzəştlərinin
tətbiq olunmaması və bu sahədə fəaliyyət
göstərən şirkətlərin maliyyələşdirilməsində
mövcud olan problemlərdir: “Gömrük
rüsumlarının yüksək olmaması idxalı təşviq
edir. Əslində isə, ixracı təşviq
etmək lazımdır”.
Ə.Abbasov
vurğulayıb ki, bu ilin sonuna Azərbaycanda İKT-nin
artım tempinin 15,4 faiz, 2013-cü ildə 14,8 faiz, 2014-cü
ildə 14,4 faiz, 2015-ci ildə 14,3 faiz, 2016-cı ildə 12,8
faiz təşkil edəcəyi gözlənilir. Nazir qeyd edib ki, Azərbaycan 2015-ci ilədək
fiberoptik infrastrukturun inkişafına 342 mln. dollar investisiya yatıracaq. Onun sözlərinə
görə, investisiya Dövlət Neft Fondu tərəfindən
qoyulacaq: “Bu sahə rentabelli olduğundan, investisiya məbləğinin
40 faizi reinvestisiya olunacaq. Hazırda Azərbaycanda
fiberoptik kanallar ölkə ərazisinin 75 faizini əhatə
edir”.
Ə.Abbasov
bildirib ki, Azərbaycan hökumətinin İKT xərcləri
2020-ci ildə 3,6 mlrd. dollar
təşkil edəcək. Onun sözlərinə görə,
təxminən bu qədər də vəsait özəl sektor
tərəfindən yatırılacaq ki, nəticədə
2020-ci ildə Azərbaycanda İKT sahəsinə qoyulan sərmayələrin
həcmi 7,2 mlrd. dollara
çatacaq. Nazir qeyd edib ki, 2020-ci ildə Azərbaycan
hökumətinin İKT xərcləri kosmik sənayenin
inkişafına 1 mlrd. dollar,
yerüstü və simsiz rabitə şəbəkəsinin
inkişafına 1 mlrd. dollar, elektron
hökumət və kibercinayətkarlıqla mübarizəyə
1 mlrd. dollar, regional iqtisadi zonaların
yaradılmasına 500 mln. dollar, rəqəmsal
TV-nin inkişafına 100 mln. dollar təşkil
edəcək. O əlavə edib ki, Azərbaycanın İKT,
rabitə və poçt sahələrindən ümumi gəlirləri
2011-ci ildə 1,8 mlrd. dollar
idisə, 2012-ci ildə 2 mlrd. dollar,
2013-cü ildə 2,4 mlrd. dollar, 2014-cü
ildə 2,9 mlrd. dollar, 2015-ci ildə 3,5
mlrd. dollar, 2016-cı ildə 4,2 mlrd. dollar, 2017-ci ildə 5,1 mlrd. dollar,
2018-ci ildə 6,2 mlrd. dollar, 2019-cu ildə
7,6 mlrd. dollar, 2020-ci ildə 9,3 mlrd. dollar, 2021-ci ildə 11,4 mlrd. dollar,
2022-ci ildə 14 mlrd. dollar təşkil edəcək.
“Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında
istehsalın İKT-dəki payının 2020-ci ildə
hazırkı 9,54 faizdən 25 faizədək, İKT-nin
ÜDM-dəki payının isə hazırkı 2,5 faizdən
10 faizədək çatacağı gözlənilir” - deyə,
nazir vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan
Texniki Universitetinin rektoru Havar Məmmədov ölkəmizdə
İKT-nin neft-qaz sektorundan sonra ikinci prioritet sahə
olduğunu bildirib. Onun sözlərinə görə, İKT bilik
iqtisadiyyatının inkişafında xüsusi rol oynayır:
“Prezident İlham Əliyev neft kapitalının insan
kapitalına çevriləcəyini bəyan edib. Biz bu ideyanın uğurlu nəticələrini
görməkdəyik. Bu gün biz
İKT-nin elm və təhsil sahəsinə tətbiqinin əhəmiyyətini
görməkdəyik. Bunun nəticəsində ali məktəblərdə tədrisin keyfiyyəti
yüksəlir, kadr hazırlığı daha da təkmilləşdirilir”.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun
direktoru Rasim Əliquliyev YAP-ın təşəbbüsü
ilə keçirilən bu tədbirin əhəmiyyətini
yüksək qiymətləndirib. Onun sözlərinə görə,
ölkəmizdə İKT-nin inkişafı dövlət siyasətinin
prioritetini təşkil edir: “Azərbaycanda İKT-nin
inkişafının əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulub. Hazırda Prezident
İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son illər İKT-nin inkişafı ilə
bağlı dövlət başçısının
imzaladığı Sərəncamlar bu faktı təsdiq
edir”.
İKT
sahəsində ölkəmizin qazandığı nailiyyətlərin
göz qabağında olduğunu deyən R.Əliquliyevin
fikrincə, artıq Azərbaycan bu məsələdə də
model kimi çıxış edir: “Son 10 ildə Azərbaycanda
İKT sahəsində əldə olunmuş nailiyyətlər
informasiya cəmiyyətinin formalaşmasına gətirib
çıxarıb. Bu cəmiyyət
açıq olduğu üçün ölkənin
qarşısında milli maraqların təminatı, təhlükəsizlik
və qlobal dünyaya inteqrasiya problemlərini qoyur.
Düşünürəm ki, bu məsələlər “Azərbaycan-
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında öz əksini tapacaq”.
AMEA-nın müxbir üzvü, millət vəkili Asəf
Hacıyev də İKT sektorunun cəmiyyət və ölkə
həyatı üçün önəmini vurğulayıb. Onun sözlərinə
görə, hazırda bir çox dövlətlər bu sahədə
liderliyi ələ almağa çalışır.
Çünki İKT olmadan güclü inkişaf
mümkün deyil: “Ölkəmizdə İKT-dən gələn
gəlirlər 5-6 ildən sonra iki dəfə artacaq. Gələcəkdə bu sahənin gəlirləri
ÜDM-in 80 faizini təşkil edəcək. Verilən məlumatlardan
göründüyü kimi, ötən il Azərbaycanda
İKT sahəsində gələn gəlir 1,8
milyard dollar həcmində olub və 35 ildən sonra bu gəlirlər
200 milyard dollara çatacaq. Bu o deməkdir ki,
İKT gəlirləri neft gəlirlərini də ötəcək.
Bu gün dövlət xətti ilə 150 gəncimiz dünyanın
nüfuzlu ali məktəblərində
İKT sahəsi üzrə təhsil alır. Bu
fakt dövlətimizin İKT sahəsinə olan diqqətinin
nümunəsidir”.
AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev
YAP-ın təşəbbüsü ilə keçirilən
bu tədbiri yüksək qiymətləndirib və İKT sahəsində
mövcud vəziyyətin ictimaiyyətə
çatdırılması baxımından əhəmiyyətini
vurğulayıb. T.Əliyev qeyd edib ki, İKT sahəsində gəlirlərin
artması təqdirəlayiqdir: “Bu gəlirlər daxili və
xarici gəlirlər hesabına əldə edilir. Çalışmaq lazımdır ki, xaricdən gələn
gəlirlər daha da artsın”.
O, bu məsələ
ilə bağlı təkliflərlə çıxış
edib. T.Əliyevin daha bir təklifi seysmik proseslərlə
bağlı olub: “Konservasiya olunmuş neft quyuları vasitəsilə
yeraltı antenalar yerləşdirmək olar ki, bununla da seysmik
prosesləri izləmək mümkündür. Hazırda
ölkəmizdə belə 4 neft quyusu var. Biz onların vasitəsilə
Türkiyədə baş verən son zəlzələnin (zəlzələnin
dəqiq yeri müəyyənləşməmişdi)
olacağını 15 saat əvvəl öyrənə
bilmişdik. Ona görə də, bu
yöndə işlər davam etdirilməlidir”.
Dəyirmi
masada çıxış edən YAP
İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov
ölkəmizdə İKT-nin inkişafı ilə
bağlı fikirlərini bildirib. İKT-nin cəmiyyətin
inkişafında əhəmiyyətini vurğulayan Ş.Əsgərovun
sözlərinə görə, ölkəmiz bu sahədə
böyük nailiyyətlər əldə etməkdədir:
“Yeni Azərbaycan Partiyası bu tədbirləri təşkil
etməklə daim ictimai maraq kəsb edən məsələləri
cəmiyyətə çatdırır. Bu, həmçinin,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin
təbliğatı deməkdir”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2012.- 20 iyun.- S.3.