ARDNŞ-in fəaliyyətində ətraf mühitin mühafizəsi xüsui yer tutur

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin rəisi Azər Əliyev www.yap.org.az saytına müsahibə verib:

- Azər müəllim, ölkəmizdə ətraf mühitin mühafizəsi daim diqqət mərkəzindədir. Bildiyimiz kimi Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində böyük layihələr həyata keçirilir. Bu layihələrin əhəmiyyəti nədən ibarətdir?

- Ətraf mühitin mühafizəsi haqlı olaraq Azərbaycan Respublikasının dövlət siyasətinin prioriteti kimi təqdim olunur. XX əsrin sonlarından başlayaraq, bütün yer kürəsində insanlar ətraf mühitə daha qayğıyla yanaşmağa, təbiətlə ahəngdar yaşamağa can atırlar. Ardıcıl və proqram xarakterli tədbirlərin görülməsi nəticəsində, ölkəmizdə sosial-iqtisadi göstəricilərin davamlı olaraq artması və həyat səviyyəsinin yüksəlməsində böyük inkişafa nail olunmuşdur.

Azərbaycan Respublikasında ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq Dövlət Proqramları qəbul edilir və icra edilir. Bu günlərdə cənab Prezidentin sədrliyi ilə “Bakı şəhərinin və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrasının bir illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Bu proqramın əhəmiyyətli hissəsi Bakı şəhəri və onun qəsəbələrinin problemlərinin icrasına həsr olunmuşdur. Proqramın icrası müxtəlif təşkilatlar arasında çox yaxşı əlaqələndirilmiş və planlaşdırılmış şəkildə uğurla icra olunur.

2012-ci ilin yanvar ayında dərc olunmuş ABŞ-ın Kolumbiya və Yel universitetlərinin hazırladığı Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksinə (EPİ - Environmental Performance İndex) görə, Azərbaycanın ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması sahəsində son 10 ildə gördüyü işlərə görə 132 ölkə arasında 2-ci yeri, iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində isə 1-ci yeri tutmuşdur.

Ətraf mühitlə bağlı xəstəliklərin azalması, insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş böyük işlər, təhlükəli tullantıların idarə olunması sahəsindəki müsbət dəyişikliklər, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi və s. uğurlu fəaliyyətlər belə yüksək nəticələrin əldə olunmasına gətirmişdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə Azərbaycanın kəmiyyət öhdəliyi götürməyən tərəf olmasına, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına iqlim dəyişikliyi bəndi üzrə 1-ci yeri tutmuşdur. Hesabatda meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi, meşə itkilərinin azaldılmasına görə son 10 ildə Azərbaycanın 132 dövlət arasında ən yüksək nəticə əldə etmişdir. Bu bir daha son dövrlərdə Azərbaycanda görülən işləri kənardan qiymətləndirdikdə digər dövlətlərlə müqayisədə ekoloji problemlərin daha sürətlə həll olunduğunun göstəricisidir.

Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çox mühüm işlər görmüşdür. Onun çağırışı ilə qlobal ekoloji ətraf mühitin mühafizəsi - İDEA kampaniyasına start verilmişdir.

- ARDNŞ də ardıcıl olaraq ekoloji tədbirlər həyata keçiriməkdədir. Şirkətin bu il yaranmasının 5 illiyini qeyd edən Ekologiya İdarəsi bu sahədə aktiv fəaliyyət göstərir. Bu istiqamətdə nə kimi nailiyyətlər əldə edilmişdir?

- ARDNŞ ekoloji problemlərin həll olunması üçün ardıcıl və effektli tədbirlər həyata keçirməklə həmişə ön yerlərdə dayanır. ARDNŞ tərəfindən ekoloji layihələrin icrası ilə əlaqədar ətraf mühitin mühafizəsi sahəsində vahid siyasətin icra olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin yerinə yetirilməsi, Abşeron yarımadasında neft-qaz hasilatı və emalı prosesində çirklənmiş ərazilərdə ekoloji monitorinqin aparılması, dinamikanın müəyyənləşdirilməsi, layihələrin prioritetləşdirilməsi, ekoloji bərpa işləri üçün texnologiyaların seçilməsi, ARDNŞ-in fəaliyyət ərazilərində yaşıllaşdırma işlərinin planlı aparılması məqsədilə yaradılmış Ekologiya İdarəsinin fəaliyyət göstərdiyi müddətdə müsbət nəticələr əldə edilmişdir.

ARDNŞ-in ətraf mühitin mühafizəsi üzrə əsas prinsipləri - ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində onun praktiki fəaliyyətinin ümumi istiqamətlərini müəyyən etməkdən ibarətdir. Bu ARDNŞ-in ekoloji siyasətində təsbit olunmuşdur.

Biz ekoloji tarazlığa nail olmaq, ətraf mühiti sağlamlaşdırmaq, insanların sağlamlığını qorumaq kimi qarşımızda duran vacib ekoloji məsələlərin həlli məqsədi ilə ilkin olaraq torpaqların neft və neft məhsulları, lay suları, digər istehsalat tullantıları ilə çirklənməsinin qarşısını almağı, bütün yeni planlaşdırılan və həyata keçirilən layihələrdə ətraf mühitin dostu olan, enerji tutumu az olan, az tullantı yaradan yaşıl texnologiyalardan istifadə etmək və paralel olaraq tarixən formalaşmış və mövcud çirklənmiş ərazilərin reabilitasiya və rekultivasiyası edilməsində görürük.

Bunun üçün tullantıların idarə olunması, atmosferə atılan emissiyaların qarşısının alınması istiqamətində ARDNŞ-də məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu gün ARDNŞ Bakı şəhərində fəaliyyət göstərən emal müəssisələrinin şəhərdən kənara köçürülməsi və bütün parametrləri baxımdan ən yüksək ekoloji standartlara cavab verəcək yeni neftin qazın emalı kompleksin layihələndirilməsinə başlayıb. Bu həm respublikamızda nəqliyyat vasitələrindən atmosferə atılmaların avro-5 və daha yüksək standartlara cavab verməsini təmin edəcək, həm də emal müəssisələrinin Bakı şəhərindən kənara köçürülməsi ilə bağlı çox müsbət ekoloji təsirlərə nail olunacaqdır. Biz məhsulların istehsalına sərf olunan enerji tutumunu azaltmağı, məhsulun karbon tutumunu azaltmağı, enerji effektivliyini artırmağı qarşımıza məqsəd qoymuşuq.

Bildirdiyiniz kimi bu il biz Ekologiya İdarəsinin yaradılmasının 5 illiyini qeyd etdik. Bu müddətdə ARDNŞ-in ekoloji sahədə qazandığı uğurları - neft-mədən ərazilərini rekultivasiya olunması, lay sularının utilizasiyası, hasilat prosesində tam qapalı dövrün təmin edilməsi, tullantıların idarə olunması, təmizləyici qurğularının və yeni texnologiyaların tətbiqi, aparılan yaşıllaşdırma işləri və s. haqqında hesabat verərkən, ARDNŞ-in çoxminli kollektivi ilə birlikdə, uzun illərdən qalma ekoloji problemlərin həllində qısa müddət ərzində əldə olunmuş böyük nailiyyətlərdə bizim idarənin də rolunu görürük.

- Azər müəllim, vacib məsələlərdən biri də neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyasıdır. Bu sahədə görülən işlər haqqında nə deyə bilərsiniz?

- Bəli, qarşımızda duran ən əsas ekoloji layihələrdən biri neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyasıdır. Məlum olduğu kimi ARDNŞ neftin sənaye üsulu ilə 160 illik hasilatı dövründə neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi üzrə irimiqyaslı işlər həyata keçirir. Ərazilərin təmizlənməsindən öncə çirklənmənin hopma dərinliyini, çirklənmə dərəcəsini, çirklənmənin xüsusiyyətini və s. parametrləri müəyyənləşdirmək məqsədi ilə ilkin monitorinq işləri həyata keçirilir. Aparılmış monitorinqlərin nəticələri əsasında ərazilərin çirklənmə xüsusiyyətlərini əsasən müvafiq təmizləmə texnologiyası seçilərək tətbiq edilir. İstifadə olunan texnologiyalar bu sahədə qabaqcıl təcrübəyə və yerli torpaq xüsusiyyətlərinə görə seçilir. Mexaniki rekultivasiya işləri başa çatmış ərazilərdə bioloji bərpa prossesləri həyata keçirilir.

Bu il Xəzər rayonunda yerləşən Buzovna-Maştağa yatağının ərazisində, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi və bərpası məqsədi ilə məhsuldarlığı 550 m3/gün olan zavod inşa edilmiş və istifadəyə verilmişdir. 2006-2011-ci illər ərzində 1000 ha neft və neft məhsulları ilə çirklənmiş ərazi rekultivasiya edilmişdir və işlər yüksək templə davam etdirilir.

Həmçinin, ARDNŞ-in Bakı buxtasının təmizlənməsi məqsədi ilə 2007-ci ildən başlayaraq, dənizin dibinin və səthinin təmizlənməsi istiqamətində bir çox işlər həyata keçirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində dənizin bu hissəsi geniş miqyasda batmış gəmi və metal qurğulardan, həmçinin yarımbatmış metal konstruksiyalardan təmizlənmişdir. Buxta ərazisində Ekologiya İdarəsi tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilərək buxtaya açılan axarlar və onların həcmi müəyyənləşdirilmişdir. Eyni zamanda, Bakı buxtası və Xəzər dənizinin sahil zolağı boyunca ekoloji sağlam mühitin yaradılması məqsədi ilə, xüsusi qurğularla təchiz olunmuş ekoloji təyinatlı “Bulvar-1” gəmisi gətirilərək istismara buraxılmışdır.

- Ekoloji Məlumat Bazasının üstünlükləri nədən ibarətdir?

- ARDNŞ-in ekoloji fəaliyyətini əyani əks etdirmək üçün Abşeron yarımadasında neftqazçıxarma idarələrinin fəaliyyət zonalarında aparılan monitorinq işləri çərçivəsində əldə edilən məlumatların İdarə oluna bilən Ekoloji Məlumat Bazası - yeni elektron operativ informasiya bazası yaradılmışdır. Məlumat bazası xüsusi kompüter proqramı vasitəsi, ixtisaslı kadrlar tərəfindən idarə olunur. Nəlumat bazasının idarə olunması üçün yaradılmış qrup müvafiq təlim kurslarında iştirak etmiş, praktiki vərdişlərə yiyələnmiş və müvafiq sertifikatlar almışlar.

Ekoloji Məlumat Bazasında Abşeron yarımadasında neft və digər tullantılarla çirklənmiş, lay suları altında qalmış torpaq əraziləri və onların çirklənmə dərinliyi dəqiq koordinatlarla öz əksini tapmışdır. Elektron Məlumat Bazası vasitəsilə monitorinq aparılan sahələr üzrə ekoloji vəziyyətin dəyişmə tendensiyasını izləmək, qiymətləndirilmək və ekoloji problemlərin idarə olunması mümkündür. Bu məlumat bazası hər il yeniləşdirilir. Neft-qaz əməliyyatları aparılan ərazilərdə aparılan monitorinq məlumatları vaxtaşırı bu bazaya daxil edilir. Hal-hazırda bu bazaya çirklənmiş torpaqların müxtəlif parametrlər, çirkləndiricinin növü, çirklənmə dərəcəsi üzrə göstəriciləri daxil edilir.

- Müasir dövrümüzdə yeni texnologiyaların təbiqi çox aktualdır. Bu mənada fəaliyyətinizdə yeni texnologiyaların imkanlarından nə dərəcədə istifadə edirsiniz?

- Dünyanın ən böyük su hövzələri olan dənizlərin suyundan istifadə edilməsi aktual məsələlərdəndir. Bununla əlaqədar ARDNŞ-nin dənizdəki fəaliyyət sahələrində dəniz suyunu duzsuzlaşdıran Əks Osmos qurğuları quraşdırılmışdır. Həmin sahələrdə çalışan işçilərin suya olan tələbatının tam və keyfiyyətli şəkildə ödənilməsi məqsədi ilə “Neft daşları”nda gücü 500 m3/gün olan 2 ədəd və NQÇİ-nin bir sıra özüllərində isə gücü 7-8m3/gün olan modul tipli “Əks Osmos” qurğuları fəaliyyət göstərməkdədir. Bundan başqa Çilov adasında gücü 300 m3/gün və 500 m3/gün təşkil edən 2 ədəd “Əks Osmos” tipli qurğu quraşdırılmışdır. Sözügedən NQÇİ-nin dənizdə yerləşən bütün özüllərində isə gücü 7-8m3/gün olan modul tipli “Əks Osmos” qurğuları quraşdırılaraq istismara verilmişdir. Pirallahi adasında gücü 500 m3/gün olan “Əks Osmos” tipli qurğu istismara buraxılmışdır. Ekologiya İdarəsinin laboratoriyası tərəfindən hər həftə qurğuların giriş və çıxışından götürülən su analiz olunur və daimi nəzarətdə saxlanır.

Eyni zamanda, lay sularının ətraf ərazilərə axıdılmasının qarşısının tam alınması üçün Lay sularının idarə olunması üzrə müəyyən effektiv tədbirlər görülmüşdür. “Neft daşları”nda quraşdırılmış qurğu ən müasir teüxnologiyalar əsasında “28 May” NQÇİ-nin Günəşli yatağında yerləşən DDÖ-lərdən və “Neft daşları” NQÇİ-də formalaşan lay sularının qapalı utilizasiyası və təkrar laylara vurulmasının etibarlı və fasiləsiz laylarda utilizasiyasına şərait yaratmışdır. Layihənin həyata keçirilməsi nəticəsində gücü sutkada 3550 m3-ə qədər olan lay suyunun təmizlənməsi üçün, hidrosiklon və flotasiya sistemlərinin tətbiqi ilə formalaşan lay sularının qum və neftdən tam təmizlənərək, uducu quyulara vurulur.

Buna paralel olaraq ARDNŞ-nin quruda yerləşən mədən ərazilərində “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində, “Bibiheybətneft” NQÇİ-də lay sularının qapalı utilizasiyası sistemi qurulmuş və lay sularının qapalı utilizasiyası sisteminin qurulması işləri başa çatdırılmışdır. Bu işlər digər NQÇİ-lərdə də tam sürətlə davam etdirilir.

ARDNŞ-in dənizdə fəaliyyət ərazilərində formalaşan məişət-fekal suların idarə olunması üçün Bioloji təmizləyici qurğular fəaliyyət göstərir. “Neft daşları” NQÇİ-də məqsədi ilə gücü 500 m3/gün olan “Biomass” tipli, Çilov adasında hər birinin layihə gücü 200 m3/gün olan iki ədəd “KU-200” tipli bioloji təmizləyici qurğular müvəfəqiyyətlə istismar edilməkdədir. Buna paralel olaraq “28 May” NQÇİ-nin Dərin Dəniz Özüllərinin hər birində gücü “Topas” tipli bioloji təmizləyici qurğular quraşdırılmışdır.

Dünya praktikası sübut edir ki, böyük su hövzələrinin sahilində yerləşən hər hansı sənaye şəhəri həmin su hövzəsinin ekosisteminə mənfi təsir göstərir. Zəngin flora və faunası olan, öz xarakterinə görə dünyanın unikal su hövzələrindən hesab edilən, Abşeronun mirvarisi Xəzər dənizinin ekosisteminin mühafizəsi hər bir azərbaycanlını vətəndaşlıq borcudur.

Dünya ictimayətini narahat edən məsələlərdən olan İstilik Effekti Yaradan Qazların (İEYQ) Azaldılması üzrə müxtəlif tədbirlərin həyata keçirilməsi ardıcıl olaraq davam etdirilir. ARDNŞ artıq 5 ildir ki öz daxilində İEYQ mənbələrinin inventarlaşdırılmasını həyata keçirir. Bu sahədə işləri daha da genişləndirmək və iqlim dəyişmələri problemlərinin həllində daha sistemli və fəal iştirak etmək üçün ARDNŞ-nin Şurasının 29 yanvar 2010-cu il tarixli, 22 saylı Qərarı ilə “Iqlim Dəyişmələrinə Təsirin Azaldılması üzrə ARDNŞ-nin Strategiyası” sənədi təsdiq edilmişdir. Bu sənəd 2010-2020-ci illəri əhatə etməklə bu sahədə ARDNŞ-in uzunmüddətli fəaliyyətini əks etdirir.

Bundan başqa ARDNŞ-in “Səmt qazının atmosferə atılmasının azaldılması” Planı təsdiq edilmişdir. Bu Plan 2010-2015-ci illərdə ARDNŞ-in bu sahədə planlarını əks etdirir. Artıq bu proqramın icra olunmasının ikinci ilinin təhlili düşünməyə imkan verir ki, bu proqramların uğurla icra olunmasına təməl yaranmışdır.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq “Neft daşları” NQÇİ-nin müxtəlif meydançalarında 56 ədəd “NQK” tipli kiçik ölçülü kompressor, “Günəşli” yatağının 4 saylı özülündə isə 2 ədəd gücü hər birinin 4 mln m3/sutka olan Kompressor Stansiyası quraşdırılmışdır. Bundan başqa TİM layihələri çərçivəsində “Neft daşları” NQÇİ-nin yataqlarında alçaq təzyiqli səmt qazlarının yığılması və utilizə edilməsi” layihə sənədi də hazırlanmış və hazırda validatsiya mərhələsindədir.

Avtonəqliyyat vasitələrinin durmadan artması və nəticədə atmosferə atılmaların həcminin artması bu atılmaların nəzarətdə saxlanılmasını tələb edir. ARDNŞ-də Avtonəqliyyat vasitələrindən atmosferə atılan zəhərli qazların ölçülməsi üçün (Ekoloji Ölçmə Məntəqələri) 3 ədəd Ekoloji Ölçmə Məntəqəsi fəaliyyətdədir.

ARDNŞ-nin idarə və müəssisələrindəki avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zəhərli qazların ölçülməsi, atmosferin çirklənməsinin qarşısının alınması, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, atmosfer hava mühitinin qorunmasına və atmosferə atılmaların normativlərə uyğunluğuna nəzarəti təmin etmək üçün Bakı şəhərinin Səbail, Sabunçu və Suraxanı rayonları ərazisində yaradılmış 3 ədəd Ekoloji-Ölçmə məntəqələrində ARDNŞ-in nəqliyyat vasitələri texniki baxışdan keçirilir.

Artıq Ekoloji Ölçmə Mərkəzi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS Milli akkreditasiya sistemində texniki səlahiyyətliyə və müstəqilliyə akkreditasiya olunmuş və müvafiq akkreditasiya attestatı almışdır.

Cəmiyyəti düşündürən qlobal problemlərdən biri də tullantıların idarə olunmasıdır. Sənayedə və məişətdə əmələ gələn tullantıların düzgün idarə olunması ekoloji tarazlığın təmin olunmasında əsas amillərdəndir. Bu problemin həlli ilə əlaqədar ARDNŞ-nin tullantı mərkəzinin yenidən qurulması üzrə Tullantıların İdarə Olunması layihəsinin həyata keçirilməsi üzrə əməli tədbirlər həyata keçirilməkdədir.

Yenidən qurulacaq Tullantı Mərkəzində ARDNŞ-nin təşkilat və müəssisələrində istehsal prosesi nəticəsində əmələ gələn müxtəlif adda tullantının utilizasiyası, təkrar emalı və digər kompleks tədbirlərin həyata keçirmək nəzərdə tutulur.

2010-cu ildə ARDNŞ üzrə formalaşan tullantıların vahid idarəetmə sxeminin təşkil olunmas məqsədi ilə “Tullantıların İdarə Olunması Planı” hazırlanmış və təsdiq edilmişdir.

- Ətraf mühitin mühafizəsi ilə bağlı ARDNŞ-in beynəlxalq əlaqələri hansı səviyyədədir?

- ARDNŞ ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlarla uğurlu əlaqələr qurmuşdur. Belə ki, Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) və ARDNŞ arasında imzalanmış Qrant Sazişinə əsasən “Mİ- LLC” şirkəti tərəfindən Tullantıların İdarəedilməsi Mərkəzinin yenidən qurulması layihəsi üzrə Texniki İqtisadi Əsaslandırma sənədi hazırlanmışdır.

Almaniyanın Ətraf Mühit Nazirliyinin dəstəyi ilə “DIW econ” şirkəti və Ekologiya idarəsi artıq 3 ildir ki uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq daha çox instusional inkişafa, ekoloji strategiyanın icra olunması mexanizmlərinin müəyyənləşdirilməsinə yönəlib. Dünya Bankı və onun Qlobal Qaz Yandırmalarının azaldılması Partnyorluq təşkilatı ilə 4 ildir ki uğurlu əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində ARDNŞ-in mütəxəssislərinə təlim keçilmiş, texniki kömək formasında instrumental cihazlar təqdim olunmuşdur.

Beynəlxalq şirkətlərlə əlaqələrimiz dünyada mövcud olan problemlərə yanaşmanın müəyyənləşdirilməsi, bilik və bacarıqların ötürülməsi üçün mühüm əhəmiyyət kəsb edir.

 

 

Yeni Azərbaycan.- 2012.- 26 iyun.- S.9.