Azərbaycan
Kinematoqrafçılar İttifaqının idarəetmə
prinsipləri müasir dövrün tələblərinə
cavab vermir
Cəmil Quliyev: Ona görə də,
bizlər belə bir qərara gəldik ki, artıq yeni təşkilatın
yaradılmasının vaxtı çatıb
Məlum olduğu kimi, iyunun 21-də Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı
yaradılıb. Yeni qurumun yaradılmasına “Nizami” Kino Mərkəzində
“Kino və konseptual problemlər” mövzusunda
keçirilmiş tədbirdə qərar verilib. Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının təşəbbüs qrupunun və
İdarə Heyətinin tərkibinə tanınmış kino
xadimləri daxildirlər.
Tədbirdə çıxış edənlər
bildiriblər ki, yaradılma təşəbbüsü irəli
sürülmüş Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının fəaliyyət
istiqamətləri milli filmlərin beynəlxalq arenaya
çıxarılması, beynəlxalq simpozium və
konfransların təşkili, kino infrastrukturunun
formalaşdırılmasından ibarət olacaq. Qeyd edilib ki,
bu gün Azərbaycan kinosunun əsas problemlərindən biri
gənc nəslin formalaşmaması məsələsidir.
Müzakirədə çıxış edənlər
Azərbaycan kinosunun mövcud vəziyyətindən
danışıblar. Eyni zamanda, ölkəmizdə
kinoşünaslıq ənənələrinin itirilməkdə
olduğu təəssüflə qeyd edilib.
Ümumiyyətlə, çıxışlarda Azərbaycan
Kinematoqrafçılar İttifaqının fəaliyyətinin
qeyri-qənaətbəxş olduğu vurğulanıb. Qeyd olunub ki,
hazırda mövcud olan Azərbaycan Kinematoqrafçılar
İttifaqının fəaliyyəti qənaətbəxş
deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər.
Lazımdır ki, milli filmlər təhlil və
təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən
biridir. Müzakirələrdən sonra Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
yarandığı elan olunub və Xalq artisti Şəfiqə
Məmmədova ittifaqın sədri seçilib. Beləliklə,
bu qurumun yaradılması zərurəti və digər məsələlərlə
bağlı suallara cavab almaq məqsədilə Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
yaradılması üzrə təşəbbüs qrupunun
üzvü, tanınmış rejissor, Azərbaycan Dövlət
Film Fondunun direktoru Cəmil Quliyevə müraciət etdik.
- Cəmil
müəllim, ötən həftə ölkəmizin kino xadimləri
yeni bir ictimai qurumun yaradılmasına qərar veriblər. Ümumiyyətlə, bu qurumun yaradılmasını
zəruri edən səbəblər hansılardı?
- Qeyd etmək
istəyirəm ki, son illər Azərbaycan kinosu, Azərbaycan
kinematoqrafiyası sürətlə inkişaf etməyə
başlayıb. Bu inkişafın əsas səbəbi
isə dövlətimizin milli kinomuzun tərəqqisinə,
onun maddi-texniki bazasının möhkəmləndirilməsinə
böyük qayğı göstərməsidir. Daha dəqiq
desək, möhtərəm Prezidentimiz İlham Əliyev cənəblarının
2007-ci il fevralın 23-də
imzaladığı “Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında”, həmçinin, 2008-ci il
avqustun 4-də imzaladığı “Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamlar
ölkəmizdə kinonun çox sürətlə inkişaf
etməsinə, həmçinin, kinomuzun maddi-texniki
bazasının möhkəmləndirilməsinə yeni təkan
verdi. Məhz həmin sərəncamlardan sonra
Dövlət Film Fondu tikildi, “Nizami” Kino Mərkəzi bərpa
olundu. Azərbaycanda istehsal olunan filmlərin
sayı iki dəfə artdı. Eyni zamanda,
sənədli kino, animasiya filmləri inkişaf etməyə
başladı. Dövlət tərəfindən
kino sahəsində çalışan gənclərə
çox böyük diqqət yetirildi və onlar müxtəlif
layihələrdə uğurla iştirak etməyə
başladılar. Ümumiyyətlə, bu
istitqamətdə atılan addımların, həyata
keçirilən tədbirlərin sayı çoxdur. Təbii ki, belə bir dövrdə kino sahəsində
çalışan ictimai təşkilatlar da dövlətə
dəstək olmalı, kino siyasətinin
reallaşdırılmasına kömək etməlidirlər.
Bu tipli təşkilatlar kino sahəsində olan
bir çox məsələlərin, bir sıra problemlərin
həllində də fəal iştirak etməlidirlər.
Əfsuslar olsun ki, Azərbaycan
Kinematoqrafçılar İttifaqında yaranmış
mühit buna cavab vermirdi. Məsələ
burasındadır ki, Azərbaycan Kinematoqrafçılar
İttifaqının idarəetmə prinsipləri müasir
dövrün tələblərinə cavab vermir. Azərbaycan
Kinematoqrafçılar İttifaqında olan iş sistemi
artıq tənəzzülə uğrayıb və mən
bunu tam əminliklə deyirəm. Ona görə
də, bizlər belə qərara gəldik ki, artıq yeni təşkilatın
yaradılmasının vaxtı gəlib çatıb.
Beləliklə, biz təşəbbüs qrupu yaratdıq və
bu qrup Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqını yaratmağa qərar verdi.
Onu da deyim ki, bu təşəbbüs qrupuna Azərbaycanın
çox görkəmli kino xadimləri - Şəfiqə Məmmədova,
Eldar Quliyev, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Ramiz Fətəliyev,
Mais Ağabəyov, Siyavuş Kərimi, Ayaz Salayev, “Azərbaycanfilm”
Kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Nərimanfilm”
Kinostudiyasının direktoru Nəriman Məmmədov, gənc
kinorejissor, beynəlxalq mükafatlar laureatı Yusif Quliyev
daxildirlər. Təbii ki, mən də bu təşəbbüs
qrupunun üzvüyəm.
- Bəs,
yeni yaranmış bu təşkilatın ilkin hədəfləri
nədən ibarətdir? Yəni, bu təşkilat
əsasən hansı istiqamətlərdə işləməlidir?
- Biz hesab
edirik ki, yeni yaranmış təşkilat Azərbaycan kinosu ilə
bağlı bir çox məsələlərin həllində
dövlətə dəstək ola bilər.
Bu təşkilatın hansı istiqamətlərdə işləməsinə
gəlincə, hesab edirik ki, əvvəla, Azərbaycan filmlərinin
dünyada təbliği, yayımı və nümayişi,
ölkəmizdə mütəmadi olaraq beynəlxalq kino
festivallarının təşkili, kadrların
hazırlığı ilə bağlı Tədris Mərkəzinin
yaradılması, kinematoqrafçıların sosial məsələlərinin
həlli, eyni zamanda, yeni texnologiyaların və
innovasiyaların kinematoqrafiyaya tətbiq olunması,
investisiyaların cəlb edilməsi, simpoziumların, konfransların,
digər müxtəlif tədbirlərin təşkili əsas
istiqamətlərdən olmalıdır. Bir
sözlə, biz, Azərbaycan Kinematoqrafçılar
İttifaqının işləməli olduğu, lakin işləmədiyi
bir çox sahələr üzrə işləmək,
dövlətimizə dəstək olmaq istəyirik. Çünki bu gün dövlətimiz, Azərbaycan
hökuməti ölkə kinosunun inkişafı ilə
bağlı çox böyük işlər görür.
Bütün bunları görməmək isə
ən böyük nadanlıqdır. Ona
görə də, ümid edirəm ki, bizim təşkilat Azərbaycan
kinosunun inkişafına dəstək olacaq. Çalışacağıq ki, kinomuzun
inkişafında bizim də müəyyən rolumuz olsun.
- Bəs,
bütün bunların bu günə qədər
reallaşmaması, daha doğrusu, sizin də qeyd etdiyiniz kimi,
Azərbaycan Kinematoqrafçılar İttifaqının
işləməməsinin kökündə hansı səbəblər
dayanır?
-
Ümumiyyətlə, hazırda ölkəmizdə mövcud
olan hərtərəfli inkişaf dövründə hər
bir ictimai təşkilatın üzərinə çox
böyük iş düşür. Əvvəla,
ictimai təşkilat cəmiyyətdə sağlam ictimai rəy
formalaşdırmalı, qərəzli
danışmamalıdır. Amma, biz bəzən
bunun əksini görürük. Məsələn,
Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyi
ölkəmizdə kino sahəsində aparılan uğurlu
işləri görmür və görmək istəmir.
Təbii ki, kino sahəsində fəaliyyət
göstərən ictimai təşkilat digər
yaradıcı təşkilatlarla sıx əməkdaşlıq
etməlidir. Eyni zamanda, beynəlxalq
miqyaslı başqa təşkilatlarla işləməlidir.
Lakin təəssüflər olsun ki, Azərbaycan
Kinematoqrafçılar İttifaqı bunların heç
birini etmir və kinomuzun inkişafına hər hansı dəstək
vermir.
- Əksər ekspertlərin qənaətinə görə,
Azərbaycan kinosunun inkişafı, eyni zamanda, gənc nəslin
bu sahəyə cəlb edilməsindən keçir. Bu baxımdan,
sizin yaratdığınız qurum gənclərin kino sahəsinə
cəlb edilməsi istiqamətində hansı addımları
atmağı düşünür?
- Mən
sualınıza “Nizami” Kino Mərkəzindəki
çıxışımda da toxunduğum maraqlı bir məqamı
xatırlatmaqla cavab vermək istəyirəm. Orada mən
Ümummilli liderimiz Heydər Əliyevin 1984-cü il mayın 18-də Moskvada, “Oktyabr”
kinoteatrındakı çıxışını yada
saldım. SSRİ-nin kino ictimaiyyəti
qarşısındakı həmin
çıxışında Heydər Əliyev çox
maraqlı bir fikir söyləmişdi. Ulu
öndər demişdi ki, kino sahəsində fəaliyyət
göstərən ictimai təşkilatlar gəncləri fəal
şəkildə kinoya cəlb etməlidirlər. Gənclərə sərbəstlik vermək və
imkan yaratmaq lazımdır ki, onlar özlərini göstərsinlər.
Məhz həmin toplantıda Heydər Əliyev
tövsiyə etmişdi ki, ssenarilərin yazılmasında,
ssenari portfelinin formalaşmasında, ssenaristlər arasında
yarışların keçirilməsində də kino ictimai
təşkilatları geniş işlər görməlidirlər.
Eyni zamanda, Ulu öndər qeyd etmişdi ki,
ittifaqlararası əlaqələr olmalıdır, festivallara
diqqət yetirilməlidir. Yəni, bizim bu
gün deyimiz məsələləri Ulu öndər Heydər
Əliyev hələ o vaxt deyib və onlar bu gün də
aktualdır. Ümid edirik ki,
yaratdığımız bu qurum həmin məsələlərin
həlli istiqamətində üzərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gələ
biləcək.
- Qeyd
etdiniz ki, fəaliyyət istiqamətlərinizdən birini də
kino sahəsində kadrların hazırlığı ilə
bağlı Tədris Mərkəzinin yaradılması təşkil
edəcək. Bu, eyni zamanda, Azərbaycanda kino məktəbinin
dirçəldilməsinə də yardım ola
bilərmi?
- Bəli.
“Nizami” Kino Mərkəzində keçirilən tədbirdə
çıxış edən gənc rejissor Yusif Quliyev maraqlı təklif irəli
sürdü. Onun fikrincə, yaxşı olardı ki, xarici
ölkələrdən tanınmış kino xadimləri gəlib
burada bizim gənclərə “master-klass”lar
keçsinlər. Yəni, biz gərək xarici
ölkələrlə fikir mübadiləsi aparaq, oradan
mütəxəssislər cəlb edək. Bəhs etdiyimiz Tədris Mərkəzi də məhz
bu işlərlə məşğul olacaq. Eyni zamanda, Tədris Mərkəzində kino sahəsi
üçün ikinci dərəcəli peşələrin
sahiblərini (rejissor assisentləri, səs operatorları,
qrimyorlar və s.) hazırlamaq lazımdır.
Son olaraq ümid edirəm ki, bizim fəaliyyətimizlə
kino sahəsində bir canlanma olacaq və yeni yaranmış təşkilat
Azərbaycan kinosuna öz töhfələrini verəcək. Çünki fəaliyyətində
heç bir irəliləyiş olmayan Azərbaycan
Kinematoqrafçılar İttifaqından fərqli olaraq, biz
ortaya konkret olaraq iş qoyacaq, çeşidli layihələrin
reallaşdırılması üçün addımlar atacaq
və kino siyasətinin reallaşdırılması istiqamətində
dövlətə yaxından dəstək verəcəyik. Ümid edirəm ki, kinomuzun inkişafında
maraqlı olan hər kəs, ölkəmizin kino xadimləri
bizim təşkilatın ətrafında sıx birləşərək,
Azərbaycan kinosunun inkişafı üçün əllərindən
gələni əsirgəməyəcəklər.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2012.- 26 iyun.-
S.15.