Milli enerji, milli güc və milli
dövlət
Milli enerji pozitiv və neqativ
platformada
Bütöv bir sistem olmaq etibarilə hər bir cəmiyyətin
təkmil surətdə idarə olunması, müsbət və
mənfi meyillərə istiqamətlənməsi və
inkişafının təmin edilməsi sosium daxilindəki
funksional dinamik güclərlə əlaqədardır. Əlbəttə
ki, cəmiyyətin inkişafının əsasında duran
fundamental faktorlardan birini sosium daxilindəki funksional dinamik
güclərin hansı tip enerji ilə yüklənməsi təşkil
edir. Bir çox cəmiyyətlərdə
neqativ enerji yükü üstünlük təşkil etdiyindən
burada destruktiv meyillər hökm sürür, xaos və
institusional problemlər mövcud olur. Bəzi
cəmiyyətlərdə isə dinamik güclər pozitiv
enerji ilə yükləndiklərindən onların fəaliyyəti
ictimai nizam və ahəngdarlığın mühafizəsinə
xidmət edir, bunun sayəsində isə sosiumda stabillik və
sabit inkişafa nail olmaq mümkün olur.
Qəzəb və xoşgörü
sosial faktor kimi
Təsadüfi deyil ki, modern cəmiyyətlərdə
sosial psixoloqları düşündürən başlıca
məsələlərdən biri də məhz cəmiyyətdəki
neqativ yüklərin neytrallaşdırılması, eyni
zamanda, pozitiv enerjinin miqyası və səviyyəsinin
artırılmasıdır. Əlbəttə ki,
sosium daxilində pozitiv enerjinin bərqərar olunması cəmiyyətin
siyasi sisteminin xarakteristikasından, mənəvi dəyərlər
və stimullardan, sosial ədalət prinsipinin nə dərəcədə
təşəkkül tapmasından, cəmiyyəti
formalaşdıran fərdlərin intellektual və ümumi
dünyagörüşü səviyyəsindən və s.
asılıdır. Məhz bütün bu
ünsürlər modern Qərb cəmiyyətlərində təşəkkül
tapdığından bəhs olunan sosiumlarda inkişaf, sabitlik
və pozitiv tendensiyalar müşahidə olunur. Bu cür nizamlı və davamlı inkişafın
fonunda Qərb cəmiyyətlərində elm, sənaye və
digər sahələrdə yüksək tərəqqi meyilləri
əldə olunub. Bu isə sosiumda funksional
fərdlərin-peşəkar kadrların və intellektual
subyektlərin formalaşmasını şərtləndirib ki,
bu da birbaşa inkişaf və tərəqqinin qarantı
qismində çıxış edən əsas amillərdən
biridir.
Enerjinin fərdlərdən
sosial-siyasi qruplara transferi hadisəsi
Əlbəttə ki, cəmiyyət bütöv bir
sistemdir və fərdlərin məcmusundan ibarətdir. Deməli,
sosiumda təşəkkül tapmış pozitiv və neqativ
enerjinin kökünü fərdlərdə axtarmaq
lazımdır. Burada isə ilk növbədə
diqqəti ayrı-ayrı fərdlərin şəxsi keyfiyyətlərinə,
daha sonra fərdlərin formalaşdırdığı sosial
qruplar və kollektivlərin, bunun ardınca isə ictimai-siyasi
institutların fəaliyyət mexanizminə yönəltmək
lazımdır. Ümumiləşdirsək,
deyə bilərik ki, inkişaf etmiş və intellektual əsaslı
cəmiyyət üçün inkişaf etmiş və
intellektual fərd şərtdir. Çünki
cəmiyyət bütöv bir sistem olmaqla yanaşı, həm
də funksional vahiddir. Odur ki, cəmiyyəti
formalaşdıran fərdlərin inkişafı məhz
sosiumun inkişafını, cəmiyyət daxilindəki proseslər
və tendensiyaların pozitiv xarakter almasını şərtləndirən
faktordur. Təbii ki, burada söhbət təkcə
fərdlərin intellektual potensialından və inkişaf səviyyəsindən
getmir. Ən əsası budur ki, fərdlər
özlərinin ümumi dünyagörüşlərinə
müvafiq surətdə mənimsədikləri dəyərləri
sosial-siyasi müstəvidə reallaşdırmalı və
praktik müstəvidə pozitiv enerjinin təşəkkül
tapması üçün fəaliyyət göstərməlidirlər.
Əlbəttə ki, ideal cəmiyyət yoxdur. Bu və ya digər
sosiumlarda, hətta modern Qərb cəmiyyətlərində
belə həm pozitiv, həm də neqativ enerji təşəkkül
tapmışdır. Amma bunların
proporsiyasına (nisbətinə) müvafiq olaraq bir cəmiyyət
digərindən özünün inkişafına və ahəngdarlıq
səviyyəsinə görə fərqlənir.
Neqativ enerjidən necə
xilas olmalı?!
Vurğulanması zəruri olan məqamlardan biri də
idarə olunan və olunmayan enerji məsələsidir. Bu gün
sosial psixoloqları və cəmiyyətşünasları
düşündürən başlıca məsələlərdən
biri də neqativ enerjinin necə idarə olunması, həmçinin,
onun cəmiyyətdən ixrac olunmasının metod və vasitələrinin
tapılmasıdır. Bu istiqamətdə
Qərb cəmiyyətlərində artıq müəyyən
üsul və vasitələrdən istifadə olunmaqdadır.
Eyni zamanda, inkişaf etmiş cəmiyyətlərdə
bu yöndə psixoloq xidməti təklif olunmaqdadır. Həmçinin, Qərb cəmiyyətlərində
fərdlərin neqativ yüklü enerjidən arınması
üçün inanc vasitələri və dini dəyərlər
mühüm əhəmiyyət kəsb edir. Məsələn, günah işlətmiş və
ya özünü günahkar hesab edən şəxslər
dini liderə (məsələn, papaza) müraciət etməklə
günahlarını etiraf etmiş olurlar. Günahını
etiraf etmiş şəxs özünü təmizlənmiş
hesab edir və öz vicdanı qarşısında bir daha
günah etməmək kimi öhdəlik götürür.
Təbii ki, bu, fərdi müstəvidə
neqativ enerjinin cəmiyyətdən zərərsiz olaraq ixrac
olunmasının bir formasıdır. Amma təəssüf
ki, İslam dinində də bu cür müsbət xüsusiyyət-tövbə
ənənəsi olmasına baxmayaraq, nədənsə,
müsəlman şərqində mövcud olan cəmiyyətlərdə
günahı etiraf etmək, yanlış yoldan dönmək ənənəsinə
çox az hallarda rast gəlinir.
İnkişaf və tərəqqi isə bu cür
sindromların “sındırılması”nı
tələb edir.
Pozitiv və neqativ enerjinin sosial
mediada təzahürü
Bütün bunların fonunda olduqca mühüm əhəmiyyət
kəsb edən digər bir məsələ və istiqamətə
də toxunmaq məqsədəmüvafiqdir. Belə ki,
müasir kibertexnologiyaların, informasiya və kommunikasiya vasitələrinin,
yeni təmayüllü sosial medianın yaranması da pozitiv və
neqativ enerjinin təşəkkül tapması və müxtəlif
sahələrə sirayət etməsinə şərait
yaradır. Sosial media özünəməxsus
platformadır. O, bütün fərdləri əhatə
edəcək qədər kütləvidir, eyni zamanda, ifrat sərbəstlik
verəcək qədər azaddır. Belə
olan təqdirdə bəhs olunan platformada idarəetməni və
rasional nəzarəti necə təşkil etmək
lazımdır?
İlk növbədə qeyd etmək lazımdır ki,
yuxarıda inkişaf etmiş sosium kimi səciyyələndirdiyimiz
cəmiyyətlərdə bu platformadan müsbət enerjinin təşəkkülü
və idarəolunması istiqamətində pozitiv surətdə
istifadə edilməkdədir. Bu isə
özlüyündə cəmiyyətə nizam, ahəngdarlıq,
tərəqqi və sabitlik gətirməkdədir. Amma rasional münasibətlər sisteminin
formalaşmadığı neqativ yüklü cəmiyyətlərdə
bu platforma, bir növ, xaos və destruktiv ziddiyyətlər mənbəyi
kimi çıxış edir ki, bu da əlbəttə ki,
arzuolunmazdır. Məsələn, “Ərəb
baharı” adlandırılan Yaxın Şərq və
Şimali Afrika olaylarından sonra bir daha əmin olduq ki, sosial
media hər nə qədər inkişaf üçün bir
açar əhəmiyyəti daşıyırsa, bir o qədər
də tənəzzül mənbəyi və ya vasitəsi kimi
də çıxış edir.
Sosial medianın bu gücü və keyfiyyəti,
heç şübhəsiz, onu yaradanlar tərəfindən əvvəlcədən
nəzərə alınmış və məqsədə
uyğun şəkildə sistemləşdirilmişdir. Bu isə
sosial mediaya idarəetmə keyfiyyəti gətirməklə
konkret sosial-psixoloji silaha çevirmişdir. İdarə edilənlər bu silah vasitəsilə
ayrı-ayrı cəmiyyətlərdə ən müxtəlif
hadisələr törədə, milli dövlətlərin və
xalqların hüquqlarını öz maraqları naminə
ciddi zərbə altında qoya bilirlər. Başqa sözlə, sosial media beynəlxalq təzyiq
qrupları kimi fəaliyyət göstərir və onu idarə
edən transmilli güclərin imperialist maraqlarına xidmət
edir. Məsələn, ilk baxışda cəlbedici
görünən və dəbdə olan bir “demokratiya nəğməsi”
düşünülür və bu “nəğmə”yə
öz milli maraqlarına qarşı çıxış etmək
üçün xüsusi qəzəb və kin notları
yüklənir. Bu kin və qəzəb fərdlər
tərəfindən mənimsənilməklə vətəndaşı
mənsub olduğu dövlətə qarşı istiqamətləndirir.
Sosial media vasitəsilə kütləviləşdirilən
bu “nəğmə” “xor”a, sonra isə dirijor vasitəsilə
idarə edilən simfonik orkestrə çevrilir. Dirijor qismində imperialist mərkəzlər
çıxış edir. Belə mərkəzlərin
maraqları isə əsla milli dövlətlərin mənafeyi
ilə üst-üstə düşmür. Dirijorun çubuğu ilə idarə edilən
kütlə qeyri-şüuri davranışı mənimsəməklə
idarə olunan xaos qismində çıxış edir. Dirijor çubuğu hədəf olaraq milli dövlətləri
göstərir və “Ərəb baharı” hazırdır.
Bundan sonra yaddaşlarda “demokratiya nəğməsi”,
real həyatda isə terror, qarşıdurma, milli faciə və
milli dövlətlərin dağılması müşahidə
olunur. Böyük bir cəzasızlıq mühiti, bir-birinə
kin duyan bir neçə tərəf, xaos cəmiyyəti, viran
olmuş ölkə: qazanan isə, əlbəttə ki,
imperialist güclərdir.
Sosial mediada enerji paylaşımı
və onun Azərbaycan təcrübəsi
Neqativ enerji yüklü fərdlərin
üstünlük təşkil etdiyi cəmiyyətlərdə,
çox təəssüf ki, sosial media üzərindən
destruktiv xarakterli fikirlər təbliğ edilir və sosium
daxilindəki ictimai ahəngin pozulmasına zəmin
yaradılır. Hətta Azərbaycanda da bəzi qüvvələr bilərəkdən
və ya bilməyərəkdən sosial media üzərindən
neqativ enerji paylaşımı edir ki, bu da cəmiyyət
daxilindəki fərdlərin mənfi enerji ilə yüklənməsini
şərtləndirir. Təəssüflər olsun ki, həmin
qüvvələr bununla imperialist güc mərkəzlərinin
transmilli səciyyə daşıyan strateji planlarına xidmət
edirlər. Ancaq bəxtimiz onda gətirib ki, cəmiyyətimiz
kifayət qədər intellektual və yetkindir. Bir çox fərdlər
məsələnin mahiyyətini tam olaraq dərk edir,
anlayır, digər bir qisim isə elmi-nəzəri əsasları
bilməsə də, intuitiv olaraq onların məqsədlərini
başa düşür və idarəolunan xaosa qarşı
dururlar. Ona görə də, ölkəmizdə tərəqqi
və inkişaf baş verir və bu proses dövlətimiz tərəfindən
milli maraqlarımıza uyğun şəkildə məharətlə
idarə olunur.
“Ərəb baharı” sindromu və
sosial media
Qeyd etdiyimiz kimi, “Ərəb baharı” kimi səciyyələndirilən
olayların başlanmasında və dinamikasında imperialist
güc mərkəzləri sosial mediadan məharətlə
istifadə etdilər. Bu zaman isə qeyd etdiyimiz kimi, daha çox “demokratiya nəğmələri”nə
istinad edildi. Amma bəhs olunan geostrateji məkanda baş verən
destruktiv olaylardan sonra heç kəs iddia edə bilməz ki,
“Ərəb baharı” Yaxın Şərq və Şimali
Afrikaya tərəqqi və rifah gətirəcək. Məsələ
ondadır ki, mövcud proseslərin fonunda ortaya atılan iddia
ilə onu təmin etməli və ya mənimsəməli olan
resurslar adekvat deyil, hətta ziddiyyətlidir. Yəni, demokratiya, insan
hüquqları və azadlıqlar və s. kimi dəyərləri
qəbul edəcək insani resurslar onu mənimsəməyə
hazır deyillər. Ən azından ona görə ki, belə
dəyərlər, birincisi, səmimi niyyətlə ixrac
olunmur, ikincisi, heç ixrac edənin məqsədi də həqiqi
demokratiya ixrac etmək deyil, üçüncüsü, 40
ölçülü ayağa 50 ölçülü
ayaqqabı geyindirilməyə çalışılır,
üstəlik israrla tələb edilir ki, sağ tay sol
ayağa, sol tay isə sağ ayağa geyindirilməlidir. Belə
geyinib, yeriyəndə isə adam yıxılaraq
gülüş hədəfinə çevrilir. Bir neçə
dəfə yıxıldıqdan sonra isə artıq emosiyalar
işə düşür, növbəti prosesdə əql
iştirak etmir və kütləvi mənfi emosiya inqilab
doğurur.
Ümumiyyətlə, inqilab yalnız dağıntı və
xaos gətirir.
Və yaxud inqilabla tərəqqi, rifah, demokratiya
və inkişaf əldə etmək olmaz. Artıq
bir neçə ildir ki, dünya miqyasında inqilablar və
iğtişaşlarla müşayiət olunan destruktiv olaylar
göstərir ki, bu tip inqilablar yalnız milli tənəzzül
mənbəyi qismində çıxış edir. Məhz buna görə də, “Ərəb baharı”
adlandırılan olayların fonunda iddia edildiyinin əksinə
olaraq deyə bilərik ki, inqilab və ya iğtişaşla əsla
demokratiya keçidi-demokratik tranziti təmin etmək olmaz.
Başqa sözlə, qanunsuzluqla qanun yaratmaq
olmaz. “Oğuznamə”də deyildiyi kimi, qanla qanun yaratmaq
olmaz!
İnqilab demokratiyaya transformasiya
üçün heç də yaxşı vasitə deyil
Məsələ ondadır ki, “Ərəb baharı” kimi
səciyyələndirilən olayların fonunda əldə
edilən nəticələr nəinki demokratik
transformasiyanı təmin etmir, hətta xaos və anarxiya mənbəyi
qismində çıxış edir. Məlum olduğu kimi,
praktik proseslərin fonunda konseptuallaşdırılmış
nəzəri mənbələrdə milli dövlətlər
şərti olaraq demokratik, demokratik transformasiya yolunda olan və
qeyri-demokratik ölkələr kimi səciyyələndirirlər.
Zənnimizcə, bunun əsası hər bir cəmiyyətin
xarakteri və fərdlərin şəxsi intellektual və mədəni
keyfiyyətləri ilə bağlıdır. Ümumiyyətlə, demokratiyaya ən müxtəlif
təriflər verilsə də, əminliklə söyləmək
olar ki, demokratiya etalon deyil və yaxud demokratiya etalonu yoxdur.
Başqa sözlə desək, hər bir
demokratiya modeli digərindən köklü surətdə fərqlənir.
Məsələn, Fransa ilə Almaniyanın idarəetmə
sisteminin fonunda hər iki ölkənin demokratiya modelləri
bir-birindən fərqlənir. Məhz bu
kontekstdə qeyd edə bilərik ki, demokratiya əxlaqdır,
həyat tərzidir, hüquqdur, azadlıqdır, intellektdir,
dünyagörüşüdür və s. Bunları isə
haradansa satın almaq mümkün deyil. Gərək,
zəhmət çəkib, illərlə qətrə-qətrə
əldə edəsən. Özü də,
bu cəhd kütləvi olmalıdır.
“Demokratiya bazarı”, imperialist
“demokratlar”ın inhisarındadır və yaxud genetik
modifikasiyalı “demokratiya”
Yuxarıda da qeyd etdik ki, “Ərəb baharı” kimi səciyyələndirilən
olayların başlanmasında və dinamikasında imperialist
güc mərkəzləri sosial mediadan məharətlə
istifadə etdilər. Bu zaman isə daha çox “demokratiya nəğmələri”nə
istinad edildi. Əlbəttə ki, məhz
bu cür yanaşmanın fonunda hazırda “demokratiya”
silahından müasir dünya siyasətində imperialist
güc mərkəzləri məharətlə istifadə etməkdədirlər.
Demokratiya haqqında mövcud fikir və
mülahizələrin hamısı bir-birindən elmi, məntiqli,
maraqlı və cəlbedici görünsə də,
bütün hallarda, nəzəriyyəçilərin və
onu ixrac etməyə çalışan mərkəzlərin
ya qeyri-səmimiliyi, ya da məsələni sonunadək izah edə
bilməmələri açıq görünür. Bizim qənaətimizcə, demokratiya haqqında ən
kütləvi və ən ümumiləşmiş fikir olan
“demokratiya xalqın hakimiyyətidir, yaxud insan hüquqları
ilə məhdudlaşdırılmış hakimiyyətidir”
tezisi o qədər də doğru deyil. Xalqın
hamısının eyni vaxtda hakimiyyətdə olması praktik
baxımdan gülüncdür. Belə olduqda, görəsən,
hakimiyyət altında olanlar kim olacaq?
Ona görə də, bu tezis daha çox ictimai ahəngdarlığı
və harmoniyanı qorumaq və azlığın (bir qrupun)
hakimiyyətini təmin etmək üçün
düşünülmüş təbliğata bənzəyir. Demokratiya bütün digər
növ cəmiyyət quruluşu modelləri kimi, cəmiyyətin
təbii tələbatı olan qrup hakimiyyətini təmin
edir. Digər deyilənlər isə siyasi aksesuarlardan başqa
bir şey deyil. Üstün cəhət isə sadəcə
vaxtaşırı seçkilərə getməklə hakimiyyətin
legitimliyinin saxlanılmasıdır. Hakimiyyətin mütləq
məzmunu isə hökm etməkdir. Bu, bütün cəmiyyətlərin
yazılmamış ali qanunudur.
Ancaq
demokratiya üstün dəyər kimi bu gün daha çox
siyasi spekulyasiya vasitəsinə, hətta qlobal güc mərkəzlərinin
imperiya maraqlarının reallaşdırılmasına xidmət
edən alətə çevrilib. “Demokratiya” mərkəzlərindən
ixrac edilən bu cür “genetik modifikasiya olunmuş demokratiya”
isə heç də həqiqi demokratiya istəyən
xalqların milli maraqlarına uyğun gəlmir. Ancaq
“demokratiya bazarı” imperialist “demokratlar”ın inhisarında
olduğu üçün “bazar”da başqa “mal”, alternativ
yoxdur. Biz mütləq demokratiya adı altında bizə
sırınanları almalıyıq. Ona görə də, nəzəriyyəyə
çox da aludə olmadan bütün hallarda milli və
dövlət maraqları ilə uzlaşmayan demokratiyadan imtina
etmək lazımdır. Bizcə, qloballaşan, hamının
bir-birinə bənzədilməsinə
çalışılan dünyada milli-mənəvi dəyərlərin
qorunmasının ən düzgün yolu məhz budur.
Hikmət BABAOĞLU
Yeni Azərbaycan.-
2012.- 6 mart.- S.4.