Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib

 

Əli Həsənov: Hər bir azərbaycanlı gənc Vətənimizin təəssübünü çəkməlidir. Azərbaycanın ünvanına yönəlmiş hər bir ədalətsiz tənqidə layiqli cavab verməyi bacarmalıdır

 

Dünən Bakıda, “Gülüstan” sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib.

AzərTAc xəbər verir ki, qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edib.

Qurultay Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətinə dair film nümayiş olunub. Ümummilli lider Heydər Əliyevin gənclərimizlə bağlı dediyi qiymətli fikirləri ilə başlayan filmdə Azərbaycan gəncliyinin inkişafı sahəsində həyata keçirilən tədbirlər, gənclərimizin beynəlxalq səviyyədə qazandığı uğurlar və s. geniş əks olunub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi filmin əsas məzmununu təşkil edib. Filmdə, həmçinin son illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi işlərdən bəhs edilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri (ARGTMŞ) Fuad Muradov Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsinin əhəmiyyətindən danışıb.

F.Muradov bildirib ki, Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresində bu birliyin yaradılması ideyası irəli sürülüb, qısa vaxtda təşkilatın fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib. Şura sədri  diqqətə çatdırıb ki, Azərbaycan gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərdə aparıcı qüvvə kimi çıxış edib. Ümummilli lider Heydər Əliyevin gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını deyən F.Muradov Prezident İlham Əliyevin Ulu öndərin bu siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycan gəncliyinin xaricdə təşkilatlanması istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq bildirib ki, xarici ölkələrdə fəaliyyət göstərən 50-dən çox azərbaycanlı gənclər təşkilatı ümummilli məsələlərdə hər zaman vahid mövqedən çıxış edir. Şura sədri qurultaya dünyanın 34 ölkəsində 356 nümayəndə seçildiyini, 17 ölkədən isə Azərbaycan icmasının rəhbərlərindən ibarət 28 nəfər qonağın iştirak etdiyini deyib. F.Muradov ümumilikdə qurultayda 532 nəfərin iştirak etdiyini bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarına təbrik məktubunu oxuyub: “Əziz gənclər! Sizi - Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır və xoş arzularımı çatdırıram. Müstəqil dövlət kimi iyirmi illik yol keçmiş Azərbaycan Respublikası qısa dövr ərzində milli dövlətçiliyini möhkəmləndirmiş, iqtisadi qüdrətini və siyasi nüfuzunu artırmış, dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Yeni ideyaları və quruculuq həvəsi ilə seçilən Azərbaycan gəncliyi qazanılan bütün uğurlara öz töhfəsini vermiş, ölkəmizin ictimai-siyasi, sosial-mədəni inkişafında fəal rol oynamışdır. Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Respublikamızda gənclərlə bağlı son illərdə mühüm qanunlar, xüsusi dövlət proqramları qəbul olunmuş və hazırda uğurla icra edilir.

Gənclərimizin təhsilə, elmə və müasir informasiya-kommunikasiya texnologiyalarına artan marağı, vətənpərvərliyi və yüksələn ictimai fəallığı gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verir. Sevindirici haldır ki, harada yaşamasından və ictimai statusundan asılı olmayaraq hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir.

Düşünürəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcəkdir. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır. Sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram”.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin qurultay iştirakçılarına məktubunu isə Dumanın əməkdaşı Ramin Qasımov təqdim edib.

Dumanın əməkdaşı Ramin Qasımov iştirakçıları təbrik edib, qurultayın əhəmiyyətindən danışıb. Bildirib ki, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, müxtəlif ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha ciddi və daha konkret nəticələrin əldə olunması üçün bu qurultayın böyük əhəmiyyəti olacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qurultayda çıxış edib. Tədbiri yüksək dəyərləndirən Əli Həsənov Azərbaycan gəncliyinin keçdiyi yol, son 20 ildə əldə olunan uğurlar barədə ətraflı məlumat verib, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1994-cü ildən başlayaraq gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşması istiqamətində görülən işlərdən danışıb.

Əli Həsənov dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin nümayəndələrinin bu gün Bakıda bir araya gəlməsindən  qürur duyduğunu bildirib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni idarə etmək missiyasını öz üzərinə götürən insanların səriştəsizliyi ucbatından gənclərimiz ayrı-ayrı düşərgələrə parçalanıb. 1990-1993-cü illərdə Azərbaycan gənclərinin müxtəlif siyasi düşərgələrə, silahlı qruplaşmalara cəlb edildiyini bildirən Əli Həsənov deyib: “Həmin illərdə ayrı-ayrı qruplara xidmət edən Azərbaycan gəncliyi özünü elə aparırdı ki, layiqli vətəndaş, gələcək nəsil, sanki, belə olmalıdır. O zamanlar  hakimiyyətdə olanlar da özlərini elə aparırdılar ki, guya gənc nəslin inkişafına xidmət edir, onun problemlərini ümumiləşdirir və özünü gələcəkdə əvəz edəcək yeni nəsil formalaşdırırlar. Əslində isə, o illərdə nə gənclik dövlətə bağlı idi, nə də dövlət gənclərlə məşğul olurdu. Vahid dövlət siyasəti olmadığından gənclərimiz Vətənimizə, millətimizə layiqli vətəndaşlar kimi formalaşa bilmirdilər. Belə bir vaxtda Azərbaycanda yenidən hakimiyyətə qayıdan, dövlətimizi parçalanmaqdan xilas edən Heydər Əliyev gəncliyimizi formalaşdıran, gələcəyə istiqamətləndirən dövlət siyasətini müəyyənləşdirdi”.

Əli Həsənov qeyd edib ki, 1994-cü ilin əvvəlində məhz Heydər Əliyevin Fərmanı ilə ilk dəfə Azərbaycanda  Gənclər və İdman Nazirliyi yaradılıb. Bu nazirliyin qarşısına Azərbaycan gəncliyini səfərbər etmək, vahid istiqamətə yönəltmək, ölkənin inkişaf modelində gənclərin rolunu artırmaq vəzifəsi qoyulub. Elə o vaxtdan başlayaraq Azərbaycanda gənclər dövlət siyasətinin həyata keçirilməsi işinə fəal cəlb olunublar.

Şöbə müdiri bildirib ki, o zamanlar dünya azərbaycanlı gəncləri ilə iş aparılması barədə danışmaq belə mümkün deyildi. Həmin vaxtlarda qarşıda yalnız ölkə daxilində yaşayan, ayrı-ayrı siyasi düşərgələrə, silahlı dəstələrə bölünmüş gənclərimizdə milli vətənpərvərlik ruhunu formalaşdırmaq, onları dövlətin layiqli vətəndaşları kimi yetişdirmək missiyası dururdu. İndi isə Azərbaycanda nəinki ölkə daxilində, onun hüdudlarından kənarda dövlətimizin təəssübünü çəkən, Vətənə xidmət işini öz amalına çevirən gənclər ordumuz formalaşıb. Bu gənclər ordusu hazırda  intellekti, yüksək vətənpərvərliyi və fəallığı ilə Azərbaycan dövlətinə, millətinə layiqincə xidmət edir, ölkəmizi beynəlxalq aləmdə uğurla tanıdırlar.

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi ilə  çoxmilyonlu Azərbaycan gəncliyinin sıralarının daha da genişlənəcəyini bildirən şöbə müdiri deyib: “Qurultayın keçirilməsi barədə təşəbbüs 2010-cu ilin noyabrında Frankfurtda Dünya Azərbaycanlı Gənclərin (DAG) I Konqresində irəli sürülüb. Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, gənclər siyasəti ilə məşğul olan digər dövlət qurumları, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının iştirakı ilə bu möhtəşəm qurultay baş tutub”.

Əli Həsənov diqqətə çatdırıb ki, dünya azərbaycanlı gənclərinin təşkilatlanmasının təməli Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılması ilə qoyulub. Şöbə müdiri Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaranan bu təşkilatın fəaliyyətindən danışıb, həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin qurultay iştirakçılarına məktubunu yüksək dəyərləndirən Əli Həsənov deyib ki, bu, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nəinki Azərbaycan cəmiyyətinin və dövlətinin, eyni zamanda, Avrasiyanın ən böyük ölkəsi olan Rusiyanın ictimai siyasi və gəncliyinin həyatında ciddi bir amilə çevrildiyinin sübutudur. Ukrayna Azərbaycanlı Gənclər Təşkilatının yaranmasına da toxunan şöbə müdiri yaxın zamanlarda bu təşkilatın da həmin ölkənin ictimai-siyasi həyatında mühüm amilə çevriləcəyindən əminlik ifadə edərək deyib: “Gələcəkdə bu təşkilatdan olan azərbaycanlı gənclərin Rusiya, Ukrayna parlamentlərində, nüfuzlu ictimai qurumlarda təmsil olunduqlarını görsək, heç də heyrətlənməyin. Çünki biz buna doğru gedirik. Bunu, sözün həqiqi mənasında, alqışlamağa dəyər”.

Azərbaycan gəncliyinin həm ölkə daxilində,  həm də qlobal dünyada ciddi bir amilə çevrildiyini bildirən Əli Həsənov deyib: “Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan hakimiyyətinin,  Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan gəncliyinin fəallığının hamımız şahidi olduq. Dünyanın 70-dək ölkəsində keçirilən aksiyalar, konfranslardan tutmuş, İstanbulun Taksim meydanındakı izdihamlı yürüş, müxtəlif ölkələrin parlamentləri qarşısındakı etiraz aksiyaları, Xocalıda yaşanan dəhşətli faciənin şəkillərinin nümayiş olunması və s. tədbirlər Azərbaycan gəncliyinin fəallığının sübutu idi”.

Əli Həsənov vurğulayıb ki, Hollandiyada, Böyük Britaniyada, Almaniyada yaşayan gənclərin keçirdiyi aksiyaları, göstərdikləri səyləri də qeyd etmək lazımdır. Hər bir gəncin milli maraqlarımıza xidmət edən fəaliyyəti Azərbaycan dövləti, xalqı və Prezidentinin daim diqqətindədir. Biz onlarla qürur duyuruq. Zaman gələcək ki, azərbaycanlı gənclərin səsi Böyük Britaniya, Almaniya, Hollandiya, Rusiya, Ukrayna, Baltikyanı ölkələrin parlamentlərindən, qardaş Türkiyənin ictimai-siyasi qurumlarından gələcəkdir. Bu, 1994-cü ildən bəri həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.

Əli Həsənov çıxışına davam edərək deyib: “Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I qurultayında və Azərbaycan Gənclər Təşkilatlarının Forumundakı çıxışlarında xüsusilə qeyd edirdi ki, mən istəyirəm, Azərbaycan gəncliyi Nizamini orijinaldan oxuduğu kimi, Şekspiri və digər dünya dahilərinin əsərlərini də orijinaldan oxusun. Dünyanın qlobal həyatının ünsiyyət vasitəsinə çevrilmiş ingilis, fransız və başqa transmilli dünya dillərini öyrənsin. Azərbaycan gəncliyi nəinki öz hissləri və duyğuları ilə Azərbaycan dövlətinə bağlı olmalı,  eyni zamanda, öz dövlətini xarici ölkələrdə layiqincə təmsil etməlidir. Bunun üçün gənclərimiz xarici dilləri bilməklə yanaşı, yüksək intellektə, dəyərlərə malik olmalı, müasir texnologiyaları mənimsəməlidir. Xarici ölkələrin nüfuzlu təşkilatları ilə gözəl əlaqələr qurulmalıdır. Həmin ölkələrin ictimai-siyasi, daxili həyatında  vacib amilə çevrilməli, ən qabaqcıl gənclər nümayəndələri ilə dostluq əlaqələri yaradılmalıdır. Bunlar gəncliyimizi fərqləndirən və Ümummilli liderimizin Azərbaycan gəncliyi ilə bağlı arzusunun əsas istiqamətlərindən biridir”.

Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Ümummilli liderimiz Heydər Əliyev bütün görüşlərində Azərbaycan gəncliyini fəal olmağa çağırıb. Bu siyasəti dövlətimizin başçısı İlham Əliyev də uğurla davam etdirir. Şöbə müdiri qeyd edib ki, biz müdafiə olunmamalıyıq, həm də haqlı olduğumuzu sübut etməli, bacardığımız qədər fəallıq nümayiş etdirməliyik.

Əli Həsənov gənclərə xarici ölkələrdə Azərbaycan problemlərinə diqqəti cəlb etmək metodologiyası haqqında da məsləhətlər verib. Bildirib ki, xaricdə ölkəmizlə bağlı çıxış edərkən elə formalar seçilməlidir ki, insanların diqqətini cəlb etsin. Elə mövzular seçilməlidir ki, orada ölkəmizin dünyadakı mövqeyi, Azərbaycan həqiqətləri, Xocalı faciəsi, ermənilərin işğalçılıq siyasəti, həmçinin erməni vəhşiliyi öz əksini tapsın.

“Xaricdə yaşayan gənclərimiz yalnız intellektli olmaları ilə kifayətlənməməlidir”, - deyən şöbə müdiri qeyd edib ki, onlar, eyni zamanda, fəal olmalıdırlar. Bu, bugünkü Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir: “Biz Azərbaycan gəncliyindən çox şey umuruq. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları qəbul olunub. Bu proqramlarda gəncliyin bütün məsələləri dövlətin vəzifəsi kimi qarşıya qoyulub. Bu gün minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil alır. Hər bir azərbaycanlı gənc Vətənimizin təəssübünü çəkməlidir. Azərbaycanın ünvanına yönəlmiş hər bir ədalətsiz tənqidə layiqli cavab verməyi bacarmalıdır”.

Dünya Azərbaycanlı Gənclər Birliyinin mühüm qurumlardan birinə çevriləcəyinə əmin olduğunu söyləyən Əli Həsənov deyib ki, bu qurum həm dünya azərbaycanlı gəncləri birləşdirəcək, həm də Azərbaycan dövlətinin gənclər siyasətini uğurla həyata keçirəcək. Gənclərimiz bilməlidirlər ki, Azərbaycan Prezidenti və dövləti onlara güvənir və onların inkişafı üçün əlindən gələni edir.

Mandat və redaksiya komissiyalarının tərkibi təsdiq olunduqdan sonra qurultay öz işini bölmə iclaslarında davam etdirib.

Qurultayın I bölmə iclasında İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov “Mədəniyyətlərarası dialoqun inkişafında azərbaycanlı gənclərin iştirakı və onların qarşısında duran vəzifələr” mövzusunda məruzə edib. Elşad İsgəndərov bildirib ki, artıq Azərbaycan gəncliyi dünya arenasında öz sözünü deməyə və bütün beynəlxalq tribunalarda mövqeyini nümayiş etdirməyə qadirdir.

Elşad İsgəndərov bildirib ki, Ulu öndər Heydər Əliyev gənclər siyasətini dövlətin prioritet vəzifəsi elan etdikdən sonra Azərbaycan gəncləri üçün geniş inkişaf perspektivləri açılıb. Gənclər xaricdə təhsil almaq imkanı qazanıb və bu gün minlərlə azərbaycanlı xarici ölkələrdə təhsil alır. Gənclərimiz müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizi uğurla təmsil edirlər. Elşad İsgəndərov Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılmasının dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan gənclərin üzərinə böyük məsuliyyət qoyduğunu deyib.

Xaricdə Təhsil alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun sədri Orxan Əkbərov “Xaricdə yaşayan azərbaycanlı gənclərin ictimai-siyasi fəallığının artırılması diaspor quruculuğu işinin prioritet istiqamətlərindən biridir” mövzusunda çıxış edib.

Norveç-Azərbaycan Gənclər Assosiasiyasının sədri Ramil Əliyev, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Mərkəzi Şurasının üzvü Murad Qarayev, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının mətbuat katibi Arye Qut çıxışlarında təmsil etdikləri təşkilatların fəaliyyətindən, xaricdə Azərbaycan gənclərinin səfərbər olması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

İclasda mandat komissiyasının məlumatı dinlənilib.

Qurultay öz işini II bölmə iclasında YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında” mövzusunda məruzəsi ilə davam etdirib.

İclasda “Gənc liderlərin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında yeri və rolu” mövzusunda məruzə ilə çıxış edən Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov lobbi quruculuğunun əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, istənilən xarici ölkədə yaşayan azərbaycanlı gənc lobbiçilik məqsədləri üçün, ilk növbədə, şəxsi münasibətlərin qurulmasına diqqət yetirməlidir. Onun sözlərinə görə, Azərbaycan gəncləri yaşadıqları ölkələrdə  ətraflarındakı insanlarla sıx dostluq münasibətləri yarada bilsələr, ölkəmizin lobbi quruculuğuna daha çox töhfə vermiş olarlar.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü  Taleh Heydərov “Azərbaycanda gənclərin lobbi quruculuğunda fəal iştirakı: mövcud təcrübə və müasir dünyanın reallıqları” mövzusunda məruzəsində qeyd edib ki, azərbaycanlı gənclər lobbi quruculuğunda fəal iştirak etməlidirlər. Taleh Heydərov bildirib ki, təmsil etdiyi təşkilat, ilk növbədə, Azərbaycanın Avropa mediasında müsbət obrazının yaradılması istiqamətində işlər aparır. Hazırda cəmiyyətin təşəbbüsü ilə Azərbaycan haqqında film çəkilir. Filmdə xarici diplomatların respublikamızın son 20 ildə keçdiyi inkişaf yoluna baxışları əks olunacaq. T.Heydərov, həmçinin Avropada iki aydan bir “Vision of Azerbaijan” jurnalının çapdan çıxdığını diqqətə çatdırıb.

Frankfurt Sülh Avropa Sosial Araşdırmaları İnstitutunun elmi işçisi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Azər Babayev isə “Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, hazırda minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ali təhsil müəssisələrində biliklərə yiyələnir və bununla da,  qloballaşan dünyanın çağırışlarına cavab vermək iqtidarındadır. A.Babayev qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyada təhsil alan azərbaycanlı gənclərin sayı  ildən-ilə artır. Həmin gənclər Azərbaycan lobbi quruculuğu işinə fəal cəlb olunurlar.

“Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyinin sədri Elməddin Behbudov tədbirdə “Gənclər təşkilatlarının yerli ictimai və dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqələrinin inkişafı lobbi quruculuğunun əsas istiqamətlərindən biri kimi” mövzusunda məruzə ilə çıxış edib. E.Behbudov Azərbaycanın lobbi quruculuğunda gənclərin böyük potensiala malik olduğunu bildirib, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə mühüm işlər gördüyünü diqqətə çatdırıb. O,  Xocalıya ədalət” kampaniyasının beynəlxalq əhəmiyyətini vurğulayıb.

Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” İctimai Birliyinin sədri Hikmət Cavadov təmsil etdiyi qurumun bu ölkədə həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, birliyin dəstəyi ilə Ukraynada Azərbaycan məktəbi yaradılıb, “Azərbaycan dili” dərsliyi çap olunub. H.Cavadov əlavə edib ki, hazırda Kiyevdə “Azərbaycanın sözü” qəzeti mütəmadi nəşr edilir.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Qurultayın III bölmə iclası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının proqram rəhbəri Məzahir Əfəndiyevin aparıcılığı ilə “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilib.

İclasda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında gənclərin rolu” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə  bildirib ki, bu tədbir Azərbaycan gənclərini birləşdirir, ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün səylərin artırılmasına töhfə verir. O qeyd edib ki, dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılması işinə, ilk növbədə, ölkəmiz haqqında müsbət informasiyadan başlamaq lazımdır. F.İsmayılzadə müasir dövrdə informasiyaların qısa, lakonik şəkildə çatdırılmasının daha səmərəli üsul olduğunu  bildirib.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və perspektivlər” mövzusunda məruzəsində qeyd edib ki, onun təmsil etdiyi  qurum yarandığı gündən bəri Amerikada Azərbaycan həqiqətlərini yaymaq məqsədilə   bir çox layihələr həyata keçirib. O bildirib ki, təşkilat fəaliyyəti dövründə Amerika siyasətçilərinə  üç mindən artıq məktub göndərib, ölkənin aparıcı  mətbuat orqanlarında 200-dən artıq məqalə dərc etdirib. A.Bağırov vurğulayıb ki, Amerikanın doqquz ştatının parlamenti Xocalı soyqırımı, 20 Yanvar, 31 Mart hadisələri ilə bağlı qətnamələr qəbul edib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun əməkdaşı Nicat Məmmədli “Xocalıya ədalət - Qarabağa azadlıq” beynəlxalq kampaniyası Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında uğurlu nümunələrdən biri kimi” mövzusunda məruzəsi ilə çıxış edib. O vurğulayıb ki, bu aksiya Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında uğurlu nümunələrdən biridir. Bildirilib ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən başlanan kampaniya hazırda yüksək səviyyədə təşkilatlanma mərhələsindədir və artıq qarşısına ali məqsədlər qoymağa başlayıb. Bu məqsədlərdən biri Xocalı faciəsi ilə bağlı ədalətin bərpa olunmasıdır.

News.az və gun.az informasiya portallarının baş direktoru Elnur Baimov iclasda “Sosial şəbəkələr Azərbaycan həqiqətlərinin təbliğinin effektiv vasitələrindən biri kimi” mövzusunda məruzə ilə çıxış edərək, bu şəbəkələrin Azərbaycan həqiqətlərinin təbliğində səmərəli vasitə  olduğunu vurğulayıb. O, gəncləri sosial şəbəkələrdə Azərbaycanın təbliği üçün bloqlardan, fərdi səhifələrdən fəal şəkildə istifadə etməyə çağırıb.

İclasda məruzələr ətrafında müzakirələr aparılıb, çıxışlar  dinlənilib.

Amerika-Azərbaycan Alyansının sədri Anar Məmmədov qurultayın vacibliyini qeyd edib və bunun Ulu öndər Heydər Əliyevin azərbaycanlıların həmrəyliyi istiqamətində apardığı siyasətin nəticəsi olduğunu deyib. O, həmçinin bu yaxınlarda Xocalı soyqırımının 20 illiyi ilə bağlı Alyansın ABŞ-da keçirdiyi genişmiqyaslı kampaniyadan da danışıb.

Sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olunub. Qətnamədə dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə səylərini səfərbər etməyə çağırılır. Həmçinin, sənəddə gənclərə dövlət qayğısının artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual potensialının inkişafı istiqamətində keçirilmiş tədbirlər yüksək qiymətləndirilib. Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi də təsdiq edilib. Bundan əlavə, qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin beynəlxalq gənclər təşkilatlarına müraciəti də qəbul olunub. Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat əksini tapıb. Qəbul olunmuş müraciətdə gənclər təşkilatları Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iş aparmağa çağırılır.

Qurultayda təşkilatın Nizamnaməsi və Fəaliyyət Proqramı da təsdiqlənib, Dünya Azərbaycanlı Gənclər Birliyinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.

Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri və Mərkəzi Şurası seçilib. Şuranın üzvləri arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, Amerika-Azərbaycan Alyansının direktoru Anar Məmmədov da var. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov isə Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçilib. Bundan əlavə, birliyin 9 nəfərlik Nəzarət Təftiş Komissiyası da seçilib. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı ziyafət və bədii hissə ilə başa çatıb.

 

 

Yeni Azərbaycan.- 2012.- 13 mart.- S.5.