İsmixan Bayramov: Bizim universitetlər də dünyadakı bütün təhsil sərgilərinə qatılırlar

 

İsmixan Bayramov Bakı Dövlət Universitetini bitirib, doktorantura təhsilini Kiyev Dövlət Universitetində alıb. 1993-cü ildə Ankara Universitetində çalışmaq üçün Türkiyəyə gedib və həmin ildən 2001-ci ilə qədər Ankara Universitetində çalışıb. 2001-ci ildə İzmir Ekonomi Universiteti yaradılıb və İ.Bayramovu ora dəvət ediblər. Həmin universitetin ilk qurucu dekanlarından biri olub. Beləliklə, 2001-ci ildən fənn ədəbiyyət fakultəsinin dekanı, həm də riyaziyyat bölümünün rəhbəri olaraq fəaliyyət göstərir.

- Türkiyə təhsilində universitetlər arasındakı münasibətləri necə şərh edərdiniz?

- Türkiyə təhsilinə görə, ölkədə həm vakıf universitetləri, həm də dövlət universitetləri var. Ona görə də universitetlər arasında güclü rəqabət mövcuddur, onlar öz imkanlarını nümayiş etdirmək, tələbələrlə birbaşa ünsiyyətdə olmaq üçün müxtəlif təhsil sərgilərinə qatılırlar. Çünki tələbələrlə üz-üzə danışan zaman daha çox məlumat verilmiş olur. Bizim universitetlər də dünyadakı bütün təhsil sərgilərinə qatılırlar. Əslində, bu cür sərgilərə dekanlar getmir. Bu işlə məşğul olan xüsusi insanlar var. Amma mən azərbaycanlı olduğuma görə, Bakıda keçirilən təhsil sərgisində özüm iştirak edirəm. Universitetimizi təqdim etmək, tanıtmaq üçün bizim üzərimizə müəyyən yük düşür.

- Sizin universitet azərbaycanlı tələbələrə hansı xidmətlər təqdim edir və onları bu işlərə cəlb edə bilirsinizmi?

- Azərbaycandakı, eləcə də dünyadakı bütün tələbələr üçün ən önəmli məsələlərdən biri 4-5 il təhsil aldıqdan sonra dünyada hansı işi görəcəyini müəyyənləşdirməkdir. Bu tələbələrə də yaxşı universitetləri seçməyi tövsiyə edirik. Eyni zamanda, universitetlər də keyfiyyətlərinə görə fərqlənirlər. Məsələn, ABŞ-da çoxlu sayda universitet olsa da onların arasında bəziləri tək-tək seçilir. Türkiyədə də 160-dan çox universitet var və bir çoxları keyfiyyəti ilə fərqlənir ki, bizimki də onlardan biridir. Tələbələrə daha çox onlara normal seçimlər etmək üçün düzgün yol göstərilir. Hesab edirəm ki, universitetlərin tanıtım etməsi, müxtəlif təkliflərlə çıxış etməsi daha düzgündür.

- Hazırda sizin universitetdə neçə azərbaycanlı tələbə təhsil alır?

- Azərbaycanla əlaqələr hələ təzə-təzə qurulur. Keçən il 6 tələbə oxumaq üçün bizim universiteti seçib, son 2 il ərzində Azərbaycandan 20-ə yaxın tələbə təhsil almaq üçün bizim universitetə gəlib. Bunların arasında çox bilikli, savadlı və gələcəyi parlaq olan insanlar çoxdur. Hələ ki, Azərbaycandan fənn fakultəsinə maraq göstərilmir. Amma tərcümə, psixologiya , sosiologiya fakultələrinə maraq böyükdür.

- Azərbaycan universitetləri ilə hər hansı bir əməkdaşlıq əlaqələriniz varmı və gələcəkdə hansı universitetlərlə əlaqələrin qurulmasını istərdiniz?

- İzmir Ekonomi Universiteti bütün Ege bölgəsinin ilk vaqıf universitetidir. Yəni, 2001-ci ildə Türkiyə Ticarət Palatasının təşəbbüsü ilə ilk vaqıf universiteti olaraq yaradılıb. İzmir Ekonomi Univeristeti bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq edir. Azərbaycan İqtisad Univerisitetindən bir qrup nümayəndə bu günlərdə bizim universitetdə olub. Onlarla da memorondum imzalanması, qarşılıqlı əməkdaşlıq bağlı məsələlər barədə müzakirə apardıq, ətraflı danışdıq. Dünyada əməkdaşlıq etmədiyimiz hər hansı bir universitet yoxdur. Avropada tanınacaq səviyyədə diplomlarımız var. Biz hər zaman Azərbaycanın müxtəlif universitetləri ilə əməkdaşlığa açığıq. Azərbaycan universitetlərindəki nümayəndələrlə münasibətlərimiz var yaxın zamanlarda qardaş ölkə olan Azərbaycanın universitetləri ilə əməkdaşlığa imza atmağı düşünürük.

 

 

Yeni Azərbaycan.- 2012.- 13  mart.- S.6.