Azərbaycan
dövləti bu gün uğurlu mədəniyyət siyasəti
həyata keçirir
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq
doktoru İsrafil İsrafilov www.yap.org.az saytına müsahibə
verib:
-
İsrafil müəllim, məlum olduğu kimi Azərbaycanda
bütün sahələr dinamik inkişaf yolundadır. Bu
baxımdan, mədəniyyət sahəsinin inkişafı,
dövlətin bu sahəyə qayğısı haqqında
fikirlərinizi bilmək istərdik...
- Azərbaycan
Respublikasının hər bir vətəndaşı bu
gün mədəniyyətə qayğını
görür, hiss edir və bu qayğıdan bəhrələnir.
Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində
ölkənin ümumi inkişafı və bu inkişafın
nəticələri hər birimizin fərəhinə səbəb
olur. Bu inkişaf hər bir sahədə, o cümlədən,
mədəniyyət sahəsində də özünü
göstərir. Mədəniyyətə dövlət
qayğısı bu gün yüksək səviyyədədir.
Mədəniyyət
olduqca geniş məhfumdur. Bu, sadəcə incəsənətlə
məhdudlaşmır, bütövlükdə dilin inkişaf
tendensiyaları, dilin zəngiləşməsi, Azərbaycanın
tarixinin, xalqımızın ənənələrinin, mədəni
irsinin tanınması, qəbul olunması və sevilməsi mədəniyyət
siyasətinin bəhrələri, nəticələridir.
İncəsənətin mədəni həyatımızdakı
yerinə gəlincə, burda da 20-30 il bundan əvvəlki
dövrlərlə müqayisədə ciddi irəliləyişlər
var. Mədəniyyət bir çevrədə qapalı qala
bilməz. Mədəniyyət hər zaman sirayətedici,
nüfuzedicidir, sərhəd tanımaz bir fəaliyyət sahədir.
O cümlədən, mədəniyyətin ən aktiv və
demokratik olan incəsənət sahəsi, konkret olaraq teatr,
kino, tətbiqi incəsənət sahəsi,
ifaçılıq, musiqi artıq uzun illərdir ki, ölkəmizin
hüdudlarını aşıb, beynəlxalq miqyasda Azərbaycanı
yetərincə tanıdıb.
-
Dövlətin mədəniyyət siyasətinin tərkib hissəsi
olaraq bu gün Azərbaycan teatrlarının inkişafına
xüsusi diqqət yetirilir. Bu istiqamətdə qəbul
olunmuş dövlət proqramlarının icrası nəticəsində
nə kimi nailiyyətlər əldə olunmaqdadır?
- Azərbaycanda
mədəniyyət sahəsi üzrə verilən fərmanlar,
qəbul olunan qanunlar, dövlət
başçısının ayrı-ayrı illərdə
imzaladığı sərəncamlar, dövlət
proqramları mədəniyyətin sıçrayışla
inkişafına rəvac verib. Təkcə teatr sahəsində
son bir neçə il ərzində xeyli işlər
görülüb. Məsələn, bizim tariximizdə
heç bir zaman teatr haqqında qanun olmayıb. Amma bu gün
biz “Teatr və teatr fəaliyyət haqqında” Qanunun müddəalarına
müvafiq olaraq çalışırıq. Eyni zamanda, teatr
sahəsində yeni dövr üçün fövqəladə
əhəmiyyət kəsb edən xüsusi Sərəncam
imzalanıb. Bu, Azərbaycan teatrının 2009-2019-cu illərdəki
inkişaf perspektivlərini nəzərdə tutan Dövlət
Proqramıdır ki, dövlət
başçımızın Sərəncamı ilə təsdiqlənib.
Bu Dövlət Proqramında elə mühüm məsələlər,
inkişaf tədbirləri nəzərdə tutulub ki, hətta
ikinci dərəcəli, xırda bir amil kimi dəyərləndirilən
cəhətlər də orada öz əksini tapıb. Biz, adətən
qlobal məsələlərdən danışırıq,
amma bu proqramda ən kiçik detallar da nəzərə
alınıb. Bununla bağlı Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən geniş tədbirlər
planı hazırlanıb. Hazırda həmin tədbirlər
planı çox fəal hərəkətdədir. Məsələn,
bir neçə teatrın birləşdirilməsi həmin
proqramda nəzərdə tutulan islahat proseslərinin
başlancığı idi. Bilirsiniz ki, teatrların uzun illər
gileyləndiyi məsələlərdən ən əsası
maddi-texniki bazanın zəifliyi idi. Artıq bizim istər
paytaxt teatrları, istərsə də bölgə
teatrlarında aparılan geniş bərpa, yenidənqurma
işləri özünü göstərməkdədir. Biz
bu ilki teatr mövsümünün
açılışını Mingəçevir teatrına
həsr etdik və teatr mövsümünün
açılışını da Mingəçevirdə
etdik. Təsəvvür edin ki, Mingəçevir teatrı həm
bölgə teatrıdır, həm də gənc teatrdır.
Amma buna baxmayaraq, Mingəçevir tamaşaçıları
və teatr xadimləri, Mingəçevir ictimaiyyəti gözəl
bir hədiyyə qazandılar. 20-30 il bundan qabaq bu yalnız xəyal
olardı. Paytaxt teatrlarına gəlincə, Kukla Teatrı, Gənc
Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı
artıq yenidənqurma-bərpa işlərini bitirib,
özünün tamaşaçılarını qəbul edir
və repertuarları ilə geniş fəaliyyət göstərir.
Digər
teatrlar-Musiqili Komediya Teatrının əsaslı təmirdən
sonra bu ilin ortalarında açılışı nəzərdə
tutulur, Opera və Balet Teatrı da yenidənqurma və
rekonstruksiya işlərindən sonra tamamilə yeni və
geniş maddi-texniki baza əsasında fəaliyyət göstərəcək.
Mən düşünürəm ki, bu əlbəttə, həmin
Dövlət Proqramının başlanğıcıdır.
Proqram 2009-2019-cu illər üçün nəzərdə
tutulub və biz hələ 2012-ci ilin ilk aylarını
yaşayırıq. Ona görə, biz həm görülən
işlərdən çox ruhlanmışıq, həm də
gələcəyə çox nikbin baxırıq.
Çünki bu istiqamətdə aparılan işlər
yaxın zamanda öz bəhrəsini verəcək.
- Azərbaycan
mədəniyyətinin dünyada təbliği yönündə
də xeyli vacib və diqqətəlayiq işlər
görülməkdədir. Ölkəmizin nüfuzlu mədəniyyət
xadimi olaraq bu prosesi necə qiymətləndirirsiniz?
- Azərbaycan
mədəniyyəti bu gün sərhədlərimizi
aşıb. XXI əsrdə Azərbaycanın müstəqillik
tarixi ilə bağlı müxtəlif mülahizələr,
düşüncələr söylənilir. Xoşbəxtlikdən
bunların hamısı pozitiv düşüncələrdir.
Müstəqilliyimizin ilk illərindən başlamış,
indiyə qədər keçdiyimiz yol hamar olmayıb, mürəkkəb
olub. Biz bir ölkə, xalq olaraq təcavüzə məruz
qalmışıq, torpaqlarımız işğal olunub, mədəniyyət
abidələrimiz dağıdılıb, mədəni sərvətlərimiz
talan olub. Bütün bunlar hamısı yaşanmış
tarixdir. Amma bizim xalqımız vüqarlı xalqdır. Yəni,
itkilərimizlə yanaşı biz sınmamışıq,
ayaq üstəyik, fəaliyyətimzi davam etdiririk və
işğal altında olan torpaqlarımızın
azadlığı uğrunda dövlət
başçısının apardığı fəaliyyət
bütün xalqı bu sahədə mübarizəyə
kökləyir. Bu, sadəcə siyasi proses deyil. Və ya
iqtisadiyyatda əldə olunan naliyyətlər yalnız
iqtisadiyyatda rəqəm göstəriciləri kimi deyil. Bu,
bütövlükdə bizim mədəni həyatımıza,
əxlaqımıza, düşüncəmizə təsir
edir. Təbii olaraq, mədəniyyət buna adekvat reaksiya verir.
Bu proses ədəbi əsərlərdə, musiqimizdə, tətbiqi
sənətimizdə, şeirimizdə, nəsrimizdə,
dramaturgiyamızda, kinomuzda, teatrımızda əlbəttə
ki, öz əksini tapır. Əvvəllər bizim mədəni
uğurlarımız yalnız Moskva ilə
uyğunlaşdırılırdı və ancaq Moskvanın
köməyi sayəsində ölkə sərhədlərindən
kənara çıxa bilirdik. Biz yalnız SSRİ
respublikalarının birinin nümayəndələri kimi
görünürdük. Düzdür, bizim böyük sənətkarlarımız,
musiqimizdə Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov,
Xəyyam Mirzəzadə, Arif Məlikov kimi,
ifaçılıq sənətində Rəşid Behbudov,
Müslüm Maqomayev, Zeynəb Xanlarova kimi böyük sənət
adamlarımız dünyaya çıxırdılar və
dünyada bu və ya digər səviyyədə Azərbaycan
mədəniyyəti haqqında təsəvvür yarada
bilirdilər.
Müstəqillik
illərində isə biz Azərbaycan mədəniyyətinin
izlərini daha dərin, qabarıq görürük. Məsələn,
bu gün Azərbaycan muğamı dünyanı fəth edir.
Hətta aşıq sənəti dünyanın aparıcı
salonlarından eşidilir, tanıdılır. Dünyanın
müxtəlif yerlərində-İtaliyada, İsveçdə,
Norveçdə, İspaniyada, Fransada, Almaniyada Azərbaycanın
teatr xadimləri müxtəlif janrlarda, üslüblarda
tamaşalar göstərirlər. Yəni, bunlar sadə məsələlər
deyil. Bizim bu gün sözün sağlam mənasında Avropa
mədəni məkanına böyük hücumumuz var. Azərbaycan
kinosunun müxtəlif mötəbər festivallarda
iştirakı, görkəmli rejissorumuz Vaqif Mustafayevin
böyük sənət uğurları əlbəttə ki,
bir günün, beş günün işi deyil. Bu,
böyük mədəni siyasətin konkret uğurlu nümunələridir.
Bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin
beynəlxalq miqyasda, xüsusən Avropa mədəni məkanında
yer tutması heç şübhəsiz ki, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın çox
böyük şəxsi səyləri və təşəbbüsləri
nəticəsindədir. Artıq böyük yol
açılıb və Azərbaycan mədəniyyətinin,
incəsənətinin xüsusi çəkisi açıq
görünməyə başlayıb. Əlbəttə, bəzən
müxtəlif düşüncələr olur. Azərbaycan
muğamı məgər əvvəl yox idimi və ya
muğam ustaları səhnələrə
çıxmırdılarmı? Əlbəttə ki, Azərbaycanda
muğam sənəti, muğam ifaçılığı,
muğam sənətində təhsil-tədris var idi. Sadəcə,
Azərbaycan muğamı teatrımız, kinomuz kimi yalnız
respublikamızın hüdudlarının daxilində səslənirdi.
Yəni özümüz ifa edib, özümüz dinləyirdik.
Amma bu gün Azərbaycan muğamının dünyada izi var.
Bu iz heç bir zaman silinən deyil və dünyanın
müxtəlif yerlərində və qitələrində Azərbaycan
muğamı təqdir olunur. Əlbəttə ki, bu istiqamətdə
görülən işlər çox böyük, müstəsna
əhəmiyyətə malikdir. Və biz Azərbaycan mədəni
irsinin, o cümlədən muğamın dünyada təbliği
yönündə əvəzsiz fəaliyyətinə görə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevaya minnətdar olmalıyıq.
Bizdən sonra gələn nəsillər də bilməlidirlər
ki, bizim Azərbaycan mədəniyyətinin dünyaya, Avropaya
çıxışı necə baş verib. Dünyada Azərbaycan
mədəniyyətinin izləri var, o izlər yetərincə
möhkəmdir, tanınır, bəyənilir və
dünyanın bir sıra xalqları tərəfindən
öyrənilir. Bu çox vacib və əhəmiyyətli məsələdir.
Dünyada mədəni irsi olmayan xalq yoxdur, amma kim dünya
çapında, beynəlxalq miqyasda onu necə hansı izlə
tanıtdırır, bu başqa məsələdir.
Xalqımız bu mənada fəxr edə bilər ki, mədəni
irsimizin dünyada tanıdılması istiqamətində
layiqli işlər görülüb və hazırda bu proses
gündəlik fəaliyyətlə davam etdirilir.
-
“Eurovision” mahnı müsabiqəsində qələbə və
bu nüfuzlu yarışmanın bu il Bakıda keçirilməsi
də Azərbaycanın mədəniyyət sahəsində
beynəlxalq səviyyəli uğurları
sırasındadır...
-
Şübhəsiz ki, bu hadisə Azərbaycanın mədəniyyətinin
beynəlxalq müstəvidə ən böyük qələbələrindən
biridir. Xalqımız bu qələbə ilə qürur duyur.
Bir hadisəni xatırlayım, ötən il mən Türkiyəyə
tədbirə dəvət olunmuşdum və gecə
yarısı təyyarə meydanına gələndə orada
xeyli sayda insanların toplaşdığını
gördüm. Əksəriyyətini gənclər təşkil
edən həmin adamlar “Eurovision” yarışmasının
qaliblərini qarşılamaq üçün
toplaşmışdılar. İnsanlar çox sevincli idilər.
Biz 9
milyon əhalinin yaşadığı, geosiyasi mövqeyinə
görə hər zaman həsəd aparılan bir ərazidə
yaşayırıq. Say etibarı ilə az olsaq da, böyük
tariximiz var. Tarixin müxtəlif mərhələlərində
böyük itkilərimiz olub. Amma xalq olaraq itməmişik,
assimilyasiyaya məruz qalmamışıq.
Özümüzü, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi,
elmimizi qorumuşuq. Dünyada axtarsaq o qədər 9 milyonluq
xalqlar var ki, adət-ənənələrini qoruya bilməyiblər.
Ümumiyyətlə, hesab edirəm ki, “Eurovision” mahnı
müsabiqəsində qazandığımız qələbə
epoxal bir hadisədir və bununla yalnız fəxr etmək
olar. Burada başqa mülahizəyə yer yoxdur. Builki mahnı
yarışmasının Bakıda keçirilməsi isə
ölkəmizi dünyada tanınması üçün
böyük hadisə olacaq.
- Amma
ölkə daxilində bəzi dairələr bu mahnı
yarışmasının keçirilməsinə mane olmaq
üçün çirkin fəaliyyət göstərirlər.
Bu cür hərəkətlərə münasibətiniz necədir?
-
İnsan nə qədər nadan, milli təəssübkeşlikdən
uzaq olmalıdır ki, bu uğuru istər mədəni, istər
siyasi, istər ictimai və mənəvi gerçəklik
baxımından böyük hadisə olduğunu anlamasın.
Bu qələbənin nə zaman təkrarlanacağını
biz bilmirik. Amma hər il qələbə qazanmaq arzusu gərək
ürəyimizdə olsun.
“Eurovision”
mahnı müsabiqəsi mədəni tədbir olsa da, onun
siyasi, iqtisadi tərəfləri də var. Biz məsələni
qiymətləndirəndə kiçik hislərlə,
kiçik düşüncələrlə, məhdud
mülahizələrlə yanaşmamalıyıq. Təbii qəbul
etmək lazımdır ki, xaricdə Azərbaycanı sevənlərlə
bərabər, sevməyənlər də çoxdur. Azərbaycan
artıq neçə illərdir ki, özünün
inkişaf tempinə görə bir çox ölkələri,
hətta bəzi sahələrdə tanınan, dünya
çapında qiymətləndirilən dövlətləri də
qabaqlayır. Bu sadə bir məsələ deyil.
Mənim
Avropanın bir sıra aparıcı teatr rəhbərləri
ilə əməkdaşlıq əlaqələrim var. Hər
zaman üzdə olan Fransa teatrları, Almaniya, İngiltərə,
İtaliya teatrları, postsovet ölkələrində olan
teatrların ciddi problemlərlə qarşı-qarşıya
qaldıqları barədə məlumatlar əldə edirəm.
Bəlkə də bizim cəmiyyətdə bu haqda informasiya
yoxdur. Təsəvvür edin ki, hər zaman rifahı yüksək
sayılan Fransada cəmiyyətin sosial imkanları son dərəcə
zəifləyib. İnsanlarda kəskin müflisləşmə
baş verir. Digər ölkələrdə də analoji proses
gedir. Bu ölkələrin teatrlarının vəziyyətinə
baxaq. Bir neçə gün öncə İsveçin
ölkəmizdəki səfiri ilə görüşdüm,
bu mövzuda xeyli fikir mübadiləsi apardıq. ABŞ
teatrlarında səviyyə xeyli aşağı
düşüb. Yəni, Azərbaycan 20 il ərzində
böyük işlər görüb və birdən-birə
böyük dövlətlərin arasında Azərbaycanın
birinciliyini də həzm etmək bəziləri
üçün asan deyil. Bu gün Azərbaycana həsədlə
baxanların sayı çoxdur. Mən bunu çox təbii
qarşılayıram. Uğurumuza görə hər kəs
bizi yekdilliklə qəbul etməyəcək. Sadəcə,
insanı incidən odur ki, bəzən daxilimizdə də
ara-sıra xaric səslər eşidirik. Daxilimizdə bəzi
qüvvələr belə bir nüfuzlu mədəni tədbirdən
öz siyasi məqsədləri üçün sui-istifadə
edir və ölkəmizin nüfuzuna zərər vurmağa
çalışırlar. Azərbaycanın ən kiçicik
uğuruna da sevinmək hər bir azərbaycanlının
borcudur. Vətən haqqında ən yaxşı əsərlər
Azərbaycan ədəbiyyatındadır. İnsanlar gəlib
gedir, amma Vətən qalır. Bu səbəbdən Vətəni
ana kimi sevmək lazımdır, vətənimiz ən
kiçik uğur qazansa belə, buna bir vətəndaş
olaraq sevinib fəxr etməliyik. “Eurovision” mahnı müsabiqəsinin
Bakıda keçirilməsi bütövlükdə
xalqımızın ictimai, mədəni həyatında
möhtəşəm hadisədir. Bu, Azərbaycanın irəliyə
getməsinin, inkişafının təsdiqidir.
-
İsrafil müəllim, bu gün teatrlarımızda kadr
potensialı hansı səviyyədədir? Gənclərin
teatrlara marağını qənaətbəxş saymaq
olarmı?
- Teatr sənətinin
təbiəti belədir ki, o heç vaxt bir yerdə
dayanmır. Sadəcə, elə mərhələlər var
ki, burada zənginlik özünü göstərir. Məsələn,
Azərbaycan müsiqisinin elə dövr oldu ki, birdən-birə
beş nəhəng bəstəkar formalaşdı və
musiqimiz dünya musiqisini zənginləşdirən əsərlər
ortaya qoydu. Azərbaycan ədəbiyyatı da, təsviri sənəti
də, kinosu da belə oldu. Bu mənada teatr da belə bir
dövrü yaşayıb.
Hazırda
teatrlarımızın yeni inkişaf mərhələsinə
qədəm qoyub. Amma burada nəsillərin dəyişməsi
prosesi qaçılmazdır və bunu təbii qəbul etmək
lazımdır. Çünki bütün dövrlərdə
bu proses baş verib. Yəni teatrda yeni rejisssor, aktyor, o cümlədən
tamaşaçı nəsli formalaşır. Amma iş
burasındadır ki, cəmiyyətin qapalılığı
birdəfəlik yox olub, cəmiyyət dünyaya
açılıb. Yeni nəslin teatrlardan estetik tələbi əvvəlki
nəsillərlə müqayisədə fərqlidir. Əlbəttə
ki, teatr yeni nəslin çağırışlarına cavab
verməli və özünün repertuar siyasətini bu tələbləri
nəzərə almaqla qurmalıdır. Bu gün biz istəsək
də-istəməsək də Avropa mədəni dəyərləri
ilə uzlaşan mədəni proses yaşamalıyıq.
Çünki sənət adamları olaraq eyni üslublarla,
janrlarla işləyirik.
Kadr məsələsinə
gəlincə, biz təkcə neçə-neçə parlaq
istedadlar olan rejissorlarımızın mövcudluğu ilə
öyünə bilmərik. Məsələn, Azərbaycan
teatrında Adil İskəndərov, Mehdi Məmmədov, Tofiq
Kazımov və başqaları olub. Onlar görkəmli sənətkarlar
idilər. İndi isə biz rejissor potensialımızla
öyünə bilmirik. Bu gün bizdə həllini gözləyən
problemlərdən biri rejissura məsələsidir. Eləcə
də, bir neçə müəllifi çıxmaq şərtilə
ölkədə dramaturgiya qıtlığı var. Ölkəmizdə
fəaliyyət göstərən 27 teatrın hər biri yeni
tamaşa ortaya qoymaq istəsə, bizə 27 müasir
mövzulu pyes lazımdır. Amma bu yoxdur. Aktyor yaradıcılığına
gəlincə, bilirsiniz ki, istedadlı olmaq Allah vergisidir. Biz
plan qoya bilmərik ki, Mədəniyyət və İncəsənət
Universiteti hər il 20 istedadlı aktyor yetişdirsin. Yəni
bu məsələ sərəncamla, tapşırıqla
alınan iş deyil. Demək istəyirəm ki, universitetə
daxil olan tələbələrdən yalnız bir neçə
nəfəri istedad səviyyəsinə görə qaneedici
olur. Bu mənada kadr problemi hələ də qalmaqdadır.
Amma biz gələcəyə nikbinliklə baxırıq.
Yeni Azərbaycan.-
2012.- 14 mart.-S.5.