Mövcud potensial Azərbaycanın
gələcəkdə daha yüksək
inkişafına təminat yaradır
Milli Məclisin deputatı, Regional
məsələlər komitəsinin üzvü Azər Badamov
www.yap.org.az saytına müsahibə verib:
- Azər
müəllim, bu yaxınlarda regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının icrasının üçüncü ilinin
yekunlarına həsr olunmuş konfrans keçirildi.
Ümumilikdə, bu proqramların bölgələrin
inkişafı prosesində əhəmiyyəti haqqında nə
deyə bilərsiniz?
- Son
dövrlərdə əldə olunan sosial-iqtisadi
inkişafı əks etdirən rəqəmlər 20 illik
müstəqillik tarixi olan bir dövlət üçün
olduqca mühüm göstəricilərdir. Ən əsası
isə, regionların sosial-iqtisadi inkişafı ilə
bağlı atılan addımlar, regionların əsaslı
inkişafına nail olunması yönündə aparılan
işlər, yeni infrastrukturların qurulması, yeni iş yerlərinin
açılması Azərbaycan dövlətinin
bugünkü inkişaf tablosunun əsas ştrixləridir. Bu
mənada iki mərhələdə həyata keçirilən
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət
proqramları xüsusi əhəmiyyət kəsb edir.
Qeyd
etmək yerinə düşər ki, fevralın 28-də
regionlarin 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının
üçüncü ilinin yekunlarına həsr olunmuş
konfrans ölkəmizin əldə etdiyi inkişaf yolunun əyani
nümayişinə çevrildi. Möhtərəm
Prezidentimiz İlham Əliyev bir daha vurğuladı ki, bu
proqramın da əsas istiqaməti bölgələrin
inkişafına yönəldilib.
Ümumilikdə,
ötən dövr ölkəmizin inkişafı
üçün uğurlu və xüsusi əhəmiyyətə
malik olub. Təkcə 2011-ci ildə Azərbaycanda qeyri-neft sektoru
sürətlə inkişaf edib və bu göstərici 10
faizdən çox olub. Ölkəmizdə sənayeləşmə
yüksək inkişaf tempi əldə edib və möhtərəm
Prezidentimizin də qeyd etdiyi kimi bölgələrdə minlərlə
yeni müəssisə yaradılıb. Valyuta
ehtiyatlarımız 40 milyard dolları keçib. Ötən
ildə də ölkəmizdə səhiyyə
ocaqlarının, məktəblərin tikintisi, təmiri davam
etdirilib, 33 səhiyyə ocağı, 60-a yaxın məktəb
tikilib və təmir edilib, 4 Olimpiya İdman Kompleksi və bir
sıra mədəniyyət ocaqları inşa edilib. Bu
quruculuq işlərinin hər yerdə, o cümlədən
bölgələrdə də görüldüyünü
bildirən möhtərəm Prezidentimiz 2011-ci ildə 94 min
yeni iş yerinin açıldığını, onlardan 73
mininin daimi iş yerləri olduğunu, 2003-cü ildən bu
günə kimi isə 1 milyondan artıq yeni iş yerinin
açıldığını, işsizliyin səviyyəsinin
aşağı düşərək 5,4 faiz, yoxsulluq səviyyəsinin
7,6 faiz təşkil etdiyini vurğulayıb.
2011-ci
ilin ən əsas özəlliyyi isə turizmin inkişafı
ilə bağlı olub. Belə ki, 2011-ci il ölkəmizdə
“Turizm ili” elan edildi və il ərzində bu sahəyə
böyük diqqət göstərildi. Turizm ili çərçivəsində
ölkəmizdə ən yüksək səviyyədə
turizm infrastrukturları yaradılıb ki, bunun içində
Qusar rayonunda yerləşən Şahdağ Turizm Kompleksinin
xüsüsi yeri var. Möhtərəm Prezidentimiz İlham Əliyev
bu turizm obyektinin 2012-ci ildə istifadəyə veriləcəyini
diqqətə çatdırıb: “Bu da dünya miqyasında
nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki,
dünyanın ən gözəl xizək mərkəzlərindən
biri olacaqdır. Çünki dünyanın ən gözəl
yerlərində olan müsbət təcrübəni biz ora gətiririk,
tətbiq edirik”.
-
Regionların sosial-iqtisadi inkişafı daim ölkə
Prezidentinin diqqətindədir. Bu diqqətin nümunəsi
olaraq Prezident İlham Əliyev bu yaxınlarda Qusar rayonuna da səfər
edib. Qusardan seçilmiş millət vəkili kimi bu səfərlə
bağlı fikirlərinizi bilmək maraqlıdır. Dövlət
başçısının bu səfəri ilə əlaqədar
rayon ictimaiyyətinin təəssüratı necədir?
- Cənab
Prezident İlham Əliyevin rayonumuza etdiyi səfər Qusar
rayonunun əhalisi tərəfindən sevinclə
qarşılanıb. Ümumiyyətlə, edilən səfərlər
ölkə başçısının rayonumuza olan diqqət
və qayğısının sübutudur. Müasir Azərbaycanın
inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin
adı və fəaliyyəti ilə bağlıdır.
Regionun lider dövləti olan ölkəmizin inkişaf
konsepsiyası dövlət başçısının rəhbərliyi
altında uğurla həyata keçirilir. Bu, birmənalı
həqiqətdir ki, Prezident İlham Əliyev görülən
işlərlə hər zaman şəxsən tanış
olur və dəyərli məsləhətlərini, göstərişlərini
verir. Bu mənada, möhtərəm Prezidentimizin Qusara
fevralın 16-da etdiyi səfər də tarixi xarakter
daşıyır. Prezidentimizin səfəri hər zaman
olduğu kimi yeni-yeni obyektlərin açılışı,
o cümlədən, əhali ilə görüş
baxımından böyük əhəmiyyətə malikdir. Hər
zaman dövlətçiliyə sadiq, möhtərəm
Prezidentimizin yürütdüyü siyasəti birmənalı
şəkildə dəstəkləyən Qusar əhalisi bu dəfə
də dövlət başçısını olduqca yüksək
sevgi və hərarətlə qarşıladı.
Çünki ölkəmizdə gedən böyük
inkişaf və quruculuq işindən Qusar rayonuna da pay
düşüb. Məhz Prezidentimizin səfəri zamanı
Qusar rayon Mərkəzi Xəstəxanasının
açılış mərasimi oldu. 170
çarpayılıq xəstəxana bundan sonra əhalinin xidmətində
dayanacaq, sağlamlığın keşiyində duracaq. Qeyd
etmək lazımdır ki, bu xəstəxana ən son
elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz
olunub. Prezident İlham Əliyevin
açılışını etdiyi bu möhtəşəm
xəstəxana binası həm də dövlətimizin səhiyyə
sahəsinin müasirləşdirilməsi istiqamətində
gördüyü işlərin tərkib hissəsidir. Prezident
İlham Əliyev Qusarda etdiyi tarixi
çıxışında da bildirdi ki, məhz xalqın və
dövlətin birgə səyi nəticəsində hər bir
layihənin təməli qoyulur, işlər sona
çatdırılır.
Çox
qısa zaman kəsiyində Qusarda gözəl Olimpiya İdman
Kompleksi açılıb, 20-yə yaxın məktəb
tikilib və təmir edilib. Bütün bunlar möhtərəm
Prezidentimizin Qusar rayonuna diqqətinin və
qayğısının təzahürüdür. Fevralın
16-da dövlət başçımızın səfəri
çərçivəsində Qusarda Şahmat Mərkəzi
də istifadəyə verildi. Bəli, 2012-ci ili “İdman ili”
elan edən möhtərəm Prezidentimizin gələcək nəslin
sağlam ruhda böyüyüb boya-başa çatması,
ölkəmizin adının yüksəldilməsi
üçün apardığı siyasi kursa uyğun olaraq
Qusar rayonunda da gənclərin sağlam ruhda inkişafı
üçün mühüm addımlar atılıb.
Qusara
səfəri zamanı dövlət başçısı
İlham Əliyev Ümummilli lider Heydər Əliyevin
adını daşıyan Mərkəzin də
açılışında iştirak edib. Mərkəzdə
Ümummilli liderin həyatı və siyasi fəaliyyətinin
müxtəlif dövrlərini əhatə edən fotoşəkillər
və sənədlər saxlanılır. Dövlətimizin
başçısı Heydər Əliyev Mərkəzində
yerləşən internet mərkəzi ilə də
tanış olub. Mərkəzdə iclas zalı və elektron
kitabxana, həmçinin 118 yerlik kinozal yaradılıb.
Bəli,
göründüyü kimi, Qusar rayonu da özünün
inkişafının yeni mərhələsinə qədəm
qoyub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gələcək
illərdə daha böyük inkişafın şahidi
olacağıq.
- Azər
müəllim, parlamentin Regional məsələlər komitəsi
bələdiyyələrin fəaliyyəti ilə
bağlı bir sıra qanunlar hazırlayıb və bu qanunlar
Milli Məclisdə qəbul edilib. Necə hesab edirsiniz, bələdiyyələrin
ölkəmizin inkişafı prosesində rolunu qənaətbəxş
saymaq olarmı?
- Bələdiyyə
sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali
ilə qarşılıqlı əlaqə müstəvisində
qurmalı və bu prosesdə vətəndaşların
iştirakının fəallığını təmin etməlidir.
Vətəndaşlarımız da bələdiyələrin
inkişafında maraqlı olmalıdır, onların
inkişafına maddi və mənəvi dəstəklərini
göstərməlidirlər. Əks halda, bələdiyyələrin
inkişafından danışmaq olmaz. Çünki müəyyən
vergilər, ödənişlər var ki, onlar vətəndaşlar
tərəfindən verilir. Əgər vətəndaşlar bu
vergiləri verməsə və qarşılığında
da bələdiyyələrin maliyyə vəsaiti olmasa,
hansısa bir işin görülməsi problem olar. Fikrimcə,
vətəndaşlar hər il öz bələdiyyələrinin
hesabatlarını dinləməlidirlər. Bələdiyyələr
də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz
seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr
də daim öz büdcəsini formalaşdırmalı, onu
müzakirəyə çıxarmalı və prosesdə
şəffaflıq təmin olunmalıdır.
Yeni Azərbaycan.- 2012.- 14 mart.-S.5.