Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünyanın
müxtəlif ölkələrində təhsil alan və yaşayan azərbaycanlı
gənclərin üzərinə böyük
məsuliyyət qoyur
YAP Gənclər
Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər
Birliyinin sədri Ramin Məmmədov “www.yap.org.az” saytına
müsahibə verib:
-
Ramin müəllim öncə sizi Dünya Azərbaycanlı Gənclər
Birliyinin sədri seçilməniz münasibətilə təbrik
edirik...
-
Çox sağ olun. Mən də bu yüksək etimada layiq
görüldüyüm üçün ölkə rəhbərliyinə,
mənə etimad göstərən hər kəsə minnətdarlıq
edirəm. Bakıda Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayının keçirilməsi Azərbaycan
Prezidenti İlham Əliyevin həm diaspor quruculuğuna, həm
də gənclərə xüsusi diqqət və
qayğısının nəticəsidir. Heç şübhəsiz,
bu etimada layiq görülməyimdə, yəni, Dünya Azərbaycanlı
Gənclər Birliyinin sədri seçilməyimdə Yeni Azərbaycan
Partiyasının da xüsusi rolu var. O mənada ki, hakim partiya
dövlətin gənclər siyasətinin həyata
keçirilməsində aktiv rol oynamaqla yanaşı, gənclərə
öz bacarıqlarını açıq şəkildə
ifadə etmək üçün geniş meydan verib.
Partiyanın Gənclər Birliyi olaraq bizlər də
yaradılmış bu imkandan lazımi şəkildə
yararlanaraq, üzərimizə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışırıq. Daha doğrusu, cənab
Prezidentin, partiyamızın Sədri İlham Əliyevin gənclərə
verdyi önəm, göstərdiyi diqqət hər zaman biz gənclərə
əlavə bir güc, mənəvi ruh yüksəkliyi verir.
Cənab Prezidentin gənclərə göstərdiyi diqqət
və qayğıdan irəli gələrək YAP gəncləri
kimi biz də öz fəaliyyətimizi məhz bu istiqamətdə
qurmuşuq.
-
Ümumiyyətlə, Bakıda Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis qurultayının keçirilməsini necə
dəyərləndirirsiniz?
- Məlum
olduğu kimi, martın 12-də Bakıda, “Gülüstan”
sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis
qurultayı keçirilib. Qurultayda hökumət və dövlət
nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı
gənclər tərəfindən təsis edilmiş və
respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının
təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində
təhsil alan fəal azərbaycanlı tələbələrdən,
həmçinin, Azərbaycan diaspor təşkilatlarının
rəhbərlərindən ibarət 500-dək nümayəndə
və qonaq iştirak edib. Təbii ki, dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlı gənclərin
nümayəndələrinin Bakıda bir araya gəlməsi
olduqca qürurverici bir hadisədir. Qeyd edim ki, bu qurultayın
keçirilməsi və birliyin yaradılması ideyası
2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində
keçirilən Dünya Azərbaycanlı Gənclərinin I
Konqresində irəli sürülüb. Qısa vaxt ərzində
Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər
və İdman Nazirliyi, gənclər siyasəti ilə məşğul
olan digər dövlət qurumları, o cümlədən
xarici ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarının birgə səyi nəticəsində
bu təşkilatın fəaliyyətinin əsas istiqamətləri
müəyyən edilib.
-
İstər bu qurultayın keçirilməsi, istərsə də
atılan digər mühüm addımlar ölkəmizdə gənclər
siyasətinin uğurla həyata keçirildiyindən xəbər
verir. Bəs, gənclərimiz onların gələcəyi
naminə atılan bu addımları adekvat şəkildə
cavablandıra bilirlərmi?
-
Kimsəyə sirr deyil ki, Ümummilli liderimiz Heydər Əliyevin
təşəbbüsü və göstərişi ilə
1994-cü ildən başlayaraq gənclərimizin milli vətənpərvərlik
ruhunda formalaşması istiqamətində mühüm işlər
görülüb. 1994-cü ilin əvvəlində məhz
Heydər Əliyevin Fərmanı ilə ilk dəfə Azərbaycanda
Gənclər və İdman Nazirliyi yaradılıb. Bu
nazirliyin qarşısına Azərbaycan gəncliyini səfərbər
etmək, vahid istiqamətə yönəltmək, ölkənin
inkişafında gənclərin rolunu artırmaq vəzifəsi
qoyulub. Elə o vaxtdan başlayaraq Azərbaycanda gənclər
dövlət siyasətinin həyata keçirilməsi işinə
fəal cəlb olunublar. Yəni, Ulu öndər Heydər Əliyev
gənclər siyasətini dövlətin prioritet vəzifəsi
elan etdikdən sonra Azərbaycan gəncləri
üçün geniş inkişaf perspektivləri
açılıb. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
dövlət gənclər siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində
Azərbaycan gəncləri hərtərəfli diqqət və
qayğı ilə əhatə olunublar. Gənclər xaricdə
təhsil almaq imkanı qazanıb və bu gün minlərlə
azərbaycanlı gənc xarici ölkələrdə təhsil
alır. Gənclərimiz müxtəlif beynəlxalq təşkilatlarda
da ölkəmizi uğurla təmsil edirlər. Eyni zamanda, Azərbaycan
gəncliyi də daim ölkədə gedən ictimai-siyasi
proseslərdə aparıcı qüvvə kimi
çıxış edir.
- Azərbaycan
gənclərinin xaricdə təşkilatlanması ilə
bağlı prosesi necə dəyərləndirərdiniz?
- Məlum
olduğu kimi, son illər Azərbaycan gəncliyinin xaricdə
təşkilatlanması istiqamətində mühüm işlər
görülüb. Bu gün Azərbaycanda nəinki ölkə
daxilində, onun hüdudlarından kənarda dövlətimizin
təəssübünü çəkən, Vətənə
xidmət işini öz amalına çevirən gənclər
ordumuz formalaşıb. Bu gənclər ordusu hazırda
intellekti, yüksək vətənpərvərliyi və fəallığı
ilə Azərbaycan dövlətinə, millətinə layiqincə
xidmət edir, ölkəmizi beynəlxalq aləmdə uğurla
tanıdırlar. Heç şübhəsiz, Heydər Əliyev
Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF)
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın bu istiqamətdə həyata
keçirdiyi işlər xüsusilə qeyd olunmalıdır.
Məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə
yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
səmərəli fəaliyyəti xarici ölkələrdə
formalaşan digər azərbaycanlı gənclər təşkilatları
üçün bir örnək təşkil edir. Qurultayda da
vurğulandığı kimi, Rusiya Federasiyası Dövlət
Dumasının sədri Sergey Narışkinin qurultay
iştirakçılarına məktubu Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının nəinki Azərbaycan
cəmiyyətinin və dövlətinin, eyni zamanda,
Avrasiyanın ən böyük ölkəsi olan Rusiyanın
ictimai siyasi və gəncliyinin həyatında ciddi bir amilə
çevrildiyinin sübutudur. Eyni zamanda, Xocalı
soyqırımı ilə bağlı dünyada Azərbaycan
hakimiyyətinin, Dialoq və Əməkdaşlıq uğrunda
İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım
Əliyevanın təşəbbüsü ilə
başlanmış “Xocalıya ədalət” kampaniyası
çərçivəsində Azərbaycan gəncliyinin fəallığının
hamımız şahidi olduq. Dünyanın 70-dək ölkəsində
keçirilən aksiyalar, konfranslar, həmçinin,
İstanbulun Taksim meydanındakı izdihamlı
yürüş, müxtəlif ölkələrin parlamentləri
qarşısındakı etiraz aksiyaları, Xocalıda
yaşanan dəhşətli faciənin şəkillərinin
nümayiş olunması və s. tədbirlər Azərbaycan
gəncliyinin fəallığının sübutu idi.
Ümumiyyətlə isə hazırda xarici ölkələrdə
fəaliyyət göstərən 50-dən çox azərbaycanlı
gənclər təşkilatı ümummilli məsələlərdə
hər zaman vahid mövqedən çıxış edir. Onu
da deyim ki, xaricdə yaşayan azərbaycanlı gənclərin
cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının
artırılması, müxtəlif ölkələrin
dövlət orqanları, parlament və hökumət üzvləri,
kütləvi informasiya vasitələri ilə əlaqələrin
möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması sahəsində
daha ciddi və daha konkret nəticələrin əldə
olunması üçün mühüm addımlar
atılır və hesab edirəm ki, Bakıda keçirilən
qurultay da bu istiqamətdə uğurların əldə edilməsi
üçün mühüm rol oynayacaq.
- Bəs, bundan sonra hansı addımlar atılacaq? Yəni, Dünya Azərbaycanlı
Gənclər Birliyinin
ilkin hədəfləri
nədən ibarətdir?
- Mən deyərdim ki, əslində, bu hədəflər qurultaydakı çıxışlarda
aydın şəkildə
ortaya qoyuldu. Qeyd olundu ki, qısa
zaman ərzində xarici ölkələrin nüfuzlu təşkilatları
ilə gözəl əlaqələr qurulmalıdır.
Həmin
ölkələrin ictimai
siyasi, daxili həyatında vacib amilə çevrilməli,
ən qabaqcıl gənclər nümayəndələri
ilə dostluq əlaqələri yaradılmalıdır.
Bunlar gəncliyimizi fərqləndirən
və Ümummilli liderimizin Azərbaycan gəncliyi ilə bağlı arzusunun əsas istiqamətlərindən
biridir. Ulu öndərin Azərbaycan
gəncliyinə fəal
olmağa dair tövsiyyələrini rəhbər
tutaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasətin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi barədə
gerçək məlumatların,
ölkəmiz haqqında
həqiqətlərin təbliği
istiqamətində üzərimizə
düşən vəzifələri
layiqincə yerinə yetrirməliyik. Təbii ki,
Dünya Azərbaycanlı
Gənclər Birliyi bütün bu prosesində önündə
gedəcək. Və xaricdəki
azərbaycanlı gənclərin
daha da fəal
olmaları üçün
proqramlar işləyib,
hazırlayacağıq. Bir sözlə, Dünya Azərbaycanlı
Gənclər Birliyinin
yaradılması dünyanın
müxtəlif ölkələrində
təhsil alan
və yaşayan gənclərin üzərinə
böyük məsuliyyət
qoyur. Cənab Prezident İlham Əliyevin qurultaya ünvanladığı məktubda
da vurğuladığı
kimi Dünya Azərbaycanlı Gənclər
Birliyi gənc nəslin mütəşəkkilliyinin
artırılması, Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması,
diasporun möhkəmləndirilməsi
və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin
fəaliyyətini daha
yaxşı əlaqələndirməyə
imkan verəcək. İnanıram ki, bu mötəbər məclisin
keçirildiyi gün
Azərbaycan gənclər
hərəkatının tarixinə
əlamətdar hadisə
kimi daxil olacaq.
Yeni Azərbaycan.- 2012.- 15 mart.- S.6.