Zamanı geri
qaytarmaq olmaz və ya axına qarşı üzmək
ağıllı iş deyil
Sabit siyasi sistem milli mənəviyyata
söykənən əxlaqi keyfiyyətləri siyasi dəyər
kimi formalaşdırır
Müstəqilliyimizi
qazandıqdan sonra Azərbaycan Respublikası bütün
istiqamətlər üzrə ciddi irəliləyiş və
inkişaf əldə etməyi bacarıb. Bu gün artıq Azərbaycanın
iqtisadi yüksəlişi, regionların, qeyri-neft sektorunun
inkişafı, intellektual potensialının artması, eləcə
də, ölkəmizdə demokratiya və insan
hüquqlarının bərqərar olunması istiqamətində
əldə etdiyi tərəqqi ölkəmizi sevən və
sevməyənlər tərəfindən qəbul edilməkdədir.
Amma hesab edirik ki, hər bir ölkənin inkişafı hər
nə qədər onun hərbi, iqtisadi, sənaye, intellektual
qüdrəti ilə ölçülürsə, bir o qədər
də həmin cəmiyyətin siyasi sisteminin inkişaf səviyyəsi
ilə ölçülür. Ötən illər ərzində
Azərbaycanda sabit siyasi sistem formalaşmışdır. Bu
sistem milli mənəviyyata söykənən əxlaqi keyfiyyətlərin
siyasi dəyər kimi formalaşmasını təmin etmiş
beləliklə, siyasi sistemimizdə özünəməxsus
siyasi mədəniyyət təşəkkül
tapmışdır.
Azərbaycan dövləti fikir
müxtəlifliyi və müxalifliyini demokratik norma kimi
görür
Azərbaycanın
siyasi palitrasına nəzər salsaq görərik ki, demokratik
sistemin tələblərinə cavab verən bütün
göstərici və əsasları Azərbaycanın siyasi
sistemində tapmaq olar. Yəni, Azərbaycan
Respublikasının Milli Məclisində bir neçə
siyasi partiyanın nümayəndələri təmsil olunurlar,
ölkəmizdə QHT-lər, insan hüquqları təşkilatları
sərbəst şəkildə fəaliyyət göstərirlər,
söz, fikir və mətbuat azadlığı bərqərar
olunub. Bütün bu proseslərin içərisində
dövlət ədalətli hakim kimi ən müxtəlif
siyasi cərəyanların, fikir sahiblərinin nümayəndələrinə
bərabər məsafə saxlamaqla onların hər birinə
eyni doğmalığı göstərir. Heç
şübhəsiz ki, Azərbaycanda fərqliliyin, fikir müxtəlifliyinin
və müxalifliyinin inkişafında maraqlı olan elə
ilk növbədə dövlətin özüdür.
Çünki bu gün Azərbaycanı idarə edənlər
bilirlər ki, düşüncə, fikir azadlığı,
yeni ideya istehsalı, rəngarənglik olmasa ölkəmizin
inkişafı birtərəfli olar. Ona görə də, bu
gün dövlətin ali marağı ondan ibarətdir ki, Azərbaycanda
siyasi, iqtisadi paralel olaraq sosial, mədəni, idman, aqrar və
qeyri-neft sektorları və s. inkişaf etsin.
Rəqabət beynəlxalq
münasibətlər sisteminin əzəli faktoru kimi
Məsələ
burasındadır ki, ölkəmizin uzunmüddətli sabit
inkişafı bir sıra xarici və daxili qüvvələrdə
müəyyən qıcığa səbəb olur. Bu da təbiidir.
Çünki yerləşdiyimiz mürəkkəb geosiyasi
coğrafiyada və bütün dünyada dövlətlər
və xalqlar bir-biri ilə rəqabət içərisindədirlər.
Bu rəqabət, əslində, beynəlxalq münasibətlər
sisteminin dinamikasını şərtləndirir, onu canlı
olaraq ayaqda tutur. Heç şübhəsiz ki, istər beynəlxalq,
istərsə də ölkədaxili münasibətlərdə
siyasi proseslər müəyyən əxlaq və normalara
söykənməlidir. Azərbaycanın son 20 illik tarixi onu
göstərdi ki, kim siyasətdə dediyimiz normalara, yəni,
xalqın mentalitetindən, mədəniyyətindən
doğan dəyərlərə sadiq qalaraq siyasi fəaliyyət
ilə məşğul olursa təbii ki, xalqın dəstəyini
də almağa nail olur. Bu, bir növ Azərbaycan
xalqının ictimai əxlaq, siyasi mədəniyyət dəyərləridir.
İnkişaf edən Azərbaycan ictimaiyyəti heç
şübhəsiz ki, cəmiyyətdə baş verən
prosesləri dərindən izləməklə bərabər,
eyni zamanda, onu obyektiv kriteriyalara dayanaraq qiymətləndirməyi
də yaxşı bacarır.
Dövlət qurmaq və onu
mühafizə etmək istedadı
Müstəqilliyimizin
20 illik tarixi bir daha isbat etdi ki, uzun əsrlər boyu müstəqil
dövlət qurmağı bacaran Azərbaycan xalqı bu
gün də, istər əxlaqi, istər mədəni, istərsə
də siyasi dünyagörüşündə
yaşatdığı dövlətqurma istedadını hələ
də qoruyub saxlamaqdadır. Eyni zamanda, Azərbaycan xalqı
qurduğu dövləti mühafizə etməyə, qoruyub
saxlamağa da qadir bir xalqdır. Nadir hallarda bəzi siyasi
manipulyatorlar Azərbaycan xalqının iradəsi adı
altında antidövlətçilik hərəkətləri
nümayiş etdirməyə nail olsalar da dərhal xalq bunu
başa düşərək həmin şəxsləri cəzalandırır.
Yaxın keçmişimizdə, 1993-cü il 4 iyul, 1994-cü
il 3-4 oktyabr, 1995-ci ilin 16-17 mart hadisələrində də
heç şübhəsiz ki, Azərbaycan xalqı bir daha tarixdən
gələn bu milli keyfiyyətini büruzə verməklə
öz dövlətçiliyini qorumuş oldu.
Siyasi-mədəni və siyasi-əxlaqi
dəyərləri bilməyən siyasətbazlar
Təəssüf
ki, bəzi özünə siyasətçi deyən şəxslər,
vaxtı ilə bu və ya digər icra strukturlarında müəyyən
məsul vəzifə tutmuş insanlar siyasətçi
olmadıqlarına və Azərbaycan xalqının siyasi təfəkkürünü,
siyasi-mədəni, siyasi-əxlaqi dəyərlərini bilmədiklərinə
görə, kənardan bu proseslərə müdaxilə etməklə
bir növ özlərini xalqın iradəsinə qarşı
qoyurlar. Zaman göstərdi ki, bu insanlar əsla siyasətdə
uğur qazana bilmirlər. Bunlar kimlərdi?!
Yarımçıq elmi işçilər,
yarımçıq hərbçilər, yarımçıq
sahibkarlar, yarımçıq direktorlar və s. onlar
dünyada baş verən siyasi prosesləri dərk edə bilmədikləri
kimi ölkəmizdə baş verən siyasi proseslərin də
dərin qatlarına enə bilmirlər. Çünki onlar
xalqdan çox uzaqdırlar. Belə olanda isə dediyimiz kimi ən
müxtəlif kataklizmlər və hadisələr yaranır.
Məhz zaman-zaman Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsində maraqlı olmayan xarici qüvvələrin
istinad etdiyi subyektlər də həmin şəxslərdir.
Xüsusən bu şəxslər o zaman fəallaşırlar
ki, ölkədə güclü inkişaf gedir, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həll olunması ilə
bağlı mövqelərimiz güclənir, Azərbaycan beynəlxalq
arenada söz sahibi olur və s. Bu zaman məhz ölkə
daxilindəki özünü siyasətçi adlandıran
qaragüruhlar xaricdəki antiazərbaycançı mərkəzlərin
təlimatları ilə hərəkətə keçirlər.
Son dövrlərdə cəmiyyətimizdə müşahidə
etdiyimiz hadisələr də məhz burdan qaynaqlanır.
1993-1995-ci illərdə dövlət
çevrilişlərinə cəhdlərin məqsədi və
İsa Sadıqovun məntiqsizliyi
Ayrı-ayrı
qəzetlərdə məhz təkrar-təkrar 1992-1993-cü
illərdə olan hadisələri yenidən qeyri-obyektiv şəkildə
şərh etməyə cəhdlər göstərilir. Onlar
Azərbaycan xalqını bir növ bu hadisələrə
qaytarmaqla o dövrdə baş verənlər üzərindən
siyasi dividend əldə etməyə
çalışırlar. Bunlardan biri də İsa
Sadıqovdur. Bu adamın kim olduğu Azərbaycan xalqına
yaxşı bəlli olmadığı üçün onun
düşüncələri xalqımız üçün
maraqlı deyil. Hərbçi olan və yol verdiyi səhvlərə
görə, dövlət, məhz dövlət institutları
tərəfindən cəzalandırılan bu şəxs bu
gün cılız şəxsi ambisiyalar və şəxsi
qisas zəminində çox sönük yazılar yazmağa
başlayıb və “Azadlıq” qəzetini özü
üçün tribuna seçib. Özünütəkziblə
dolu olan bu yazılarda həmin şəxsin
qisasçılıq hissləri və duyğuları dərhal
özünü büruzə verir. Əlbəttə ki, o
dövrdə baş verən hadisələr vaxtı ilə Azərbaycan
mətbuatında geniş şəkildə
işıqlandırılıb və xalq bu barədə ətraflı
məlumatlıdır. Mən əminəm ki, heç həmin
şəxsin özü də öz yazdıqlarının
obyektiv olduğuna inanmır və yazdıqlarının şəxsi
təxəyyülünün məhsulu olduğunu bilir. Buna
baxmayaraq, yazının zərərli cəhəti ondan ibarətdir
ki, o dövrün hadisələrini bilməyən bəzi gənclərdə
və ya az məlumatlı olan vətəndaşlarda həmin
dövr barədə yalnış təsəvvürlər
yarada bilər. Məhz başqa bir səbəbdən deyil,
yalnız bu səbəbdən yazıdakı müəyyən
məsələlərə toxunmağı vacib hesab edirik.
1993-1995-ci
illərdə Azərbaycanda dövlət çevrilişinə
cəhdlərin başlıca mahiyyəti ondan ibarət idi ki,
ölkə güclənməsin, daxildə daim xaos
yaşansın, qarşıdurma olsun və Azərbaycan öz ərazilərinin
işğalına ciddi müqavimət göstərə bilməsin.
Bunun üçün ayrı-ayrı xarici güc mərkəzləri
tərəfindən Azərbaycanda müxtəlif
qruplaşmalar yaradılmışdı. Həmin xarici qüvvələr
kimin arxasında olduğunu və ya ölkə daxilində fəaliyyət
göstərən qüvvələr kim tərəfindən
müdafiə olunduğunu gizlətmirdirlər. Hətta o
dövrdə “filankəsin vəzifəsi 7 dövlətlə,
filankəsin vəzifəyə gəlməsi 3 dövlətlə
razılaşdırılıb” kimi məşhur tezislər
var idi. Yəni, bu, bir siyasi əxlaq, mədəniyyət və
siyasi iradə deyildi. Çox təəssüf ki, o dövrdə
Azərbaycan cəmiyyətini idarə edən və yaxud
hakimiyyətə iddialı olan qrupların siyasi iradəsi
yalnız bundan ibarət idi və heç bir halda xalqın
iradəsinə söykənmirdi. Ona görə də, hadisələrin
inkişafı məhz 1994-cü ilin 3-4 iyul hadisələrinə
gətirib çıxardı. O dövrdə rəsmən
qiyam baş verdi. Ayrı-ayrı ölkələrdən idarə
olunan qruplaşmalar ölkəni döyüş poliqonuna
çevirdilər. Ölkədə vətəndaş
müharibəsi başladı. Burada da məqsəd Azərbaycanı
müxtəlif əlamətlərə görə federasiyalara
parçalamaqdan ibarət idi. Bu qüvvələrin bir qismi -
şimal tərəfdən idarə olunan qüvvələr məhz
Azərbaycanın zəif düşməsi nəticəsində
ermənilərin qalibiyyətinə əmin idilər. Digər
qismi isə bəzi Qərb dairələrindən, qonşu
dövlətlər tərəfindən idarə olunurdular.
Onların da məqsədi ondan ibarət idi ki, Azərbaycan nə
qədər zəif düşərsə dost və qardaş
adı altında ölkənin iqtisadi və karbohidrogen
resurslarından bir o qədər maneəsiz istifadə edə
bilərlər. Başqa güc mərkəzləri isə Azərbaycanda
müəyyən dini təmayülləri himayə etməklə
etnik separatçılıq cəhdlərini alovlandırmaqla
hesab edirdilər ki, həm ermənilərə kömək
etmiş olacaqlar, həm də tarixən Azərbaycanın
müstəqilliyini həzm etməyən həmin qüvvələr
yenidən ölkənin müxtəlif əyalətlərində
nəzarəti bərpa etməklə ölkəmizə
vassalları kimi baxacaqlar. Baş verən hadisələrin
mahiyyəti bundan ibarət idi! Məhz Azərbaycan xalqı bu
həqiqəti dərk etdikdən sonra Ulu öndər Heydər
Əliyevi Azərbaycana təkidlə dəvət etdi. Təkidli
dəvət terminində və ya bu söz birləşməsində
əsla şişirtmə yoxdur. Çünki xalq bunu intiutiv
olaraq dərk edirdi ki, belə getsə, qısa müddətdən
sonra Azərbaycan müstəqil dövlət kimi mövcud
olmayacaq.
Ləğv olunmuş batalyonlar
siyasiləşmiş silahlı qruplar idi. Bu silah isə
dövlətə tuşlanmışdı
Məlumdur
ki, 1993-cü ildən sonra Heydər Əliyev hadisələrin
inkişafını yavaş-yavaş nəzarət altına
almağa başladı. Bəlli oldu ki, əslində, güya
ermənilərə qarşı vuruşmaq üçün
yaradılmış ayrı-ayrı şəxslərə aid
olan batalyonlar Vətəni qorumaq üçün deyil,
bir-birinə qarşı durmaqla məhz həmin
qruplaşmaların rəhbərlərini hakimiyyətə gətirilməsi
üçün yaradılıb. Bu mənzərə o qədər
qorxunc idi ki, artıq qarşıdurmalar real hərbi müstəviyə
transfer olunmuşdu. O dövrdə biz çox tez-tez
eşidirdik ki, filankəsin batalyonu acıq edərək cəbhədən
çəkildi. Filankəsin batalyonu hücuma keçdi. Filankəsin
batalyonu ilə filankəsin batalyonu arasında ciddi toqquşma
oldu və s. (İ.Sadıqov həmin prosesdə iştirak
etdiyi üçün bu məsələləri yaxşı
bilir) Məhz buna görə də, Azərbaycanda vahid ordu
yaratmaq üçün həmin qeyri-qanuni birləşmələr
ləğv edildi. Çox təəssüf ki, İsa
Sadıqov indi həmin qeyri-qanuni hərbi birləşmələrin
ləğvini milli ordunun ləğv edilməsi kimi qələmə
verməyə çalışır. Əslində, o
özünü aldadır. O, Azərbaycan xalqını aldada
bilməyəcək. Çünki bu informasiyalar xalqın
yaddaşında hələ canlıdır.
İ.Sadıqovun çarəsiz
etirafları
O
dövrün mürəkkəb hərbi siyasi və iqtisadi vəziyyətini
təhlil edən Ulu öndər Heydər Əliyev həmin
dövrdə Azərbaycanın vəziyyətini belə səciyyələndirmişdi:
“Müstəqilliyi əldə etmək nə qədər
çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”.
Hesab
edirik ki, bu müdrik sözlər o dövrdə Azərbaycanını
ən bariz və xarakterik təsviri idi. İ.Sadıqov da
yazılarında bunu etiraf edir. Qeyd edir ki, bir sıra digər
hərbi-siyasi qüvvələrlə yanaşı,
“OMON”çular da hakimiyyətə iddialı idi və s.
Dolayısı ilə ölkədə mərkəzləşmiş
hakimiyyət yox idi. Bu isə müstəqilliyimizin itirilməsi
təhlükəsini yaradırdı.
Dövlət Şurası ideyası
əslində Azərbaycanın parçalanmasına
hesablanmışdı
Həmin
dövrdə irəli sürülən tələblərdən
biri də Azərbaycanda Dövlət Şurasının
yaradılması idi. İsa Sadıqov da yazılarında bu məsələyə
toxunub. Əslində, sözügedən dövlət
şurasının yaradılması ölkəmizin federativ əsaslarda
parçalanması idi. Ölkəmizin Cənub, Qərb,
Şimal, Bakı və s. şəklində
parçalanması təhlükəsi mövcud idi. Heydər Əliyev
bunun da qarşısını aldı. Belə olduğu halda əgər
İsa Sadıqov doğrudan da demokratik, güclü dövlət
istəyirsə nəyə görə narazıdır?!
Açıq şəkildə deyirsə ki, hakimiyyət
koalisiyası, Dövlət Şurası qurulmalı idi, bunu da
qeyd etsin ki, söylədiyi qüvvələrin “liderləri”
bir-biri ilə görüşərək belə bir
koalisiyanı, dövlət şurasını yaratmağa
çalışırdılar. Hətta, A.Mütəllibovu, Ə.Vəzirovu
da Dövlət Şurasına üzv olmağa dəvət
edirdilər. Belə olan halda Azərbaycanda vahid mərkəzi
və unitar dövlətdən danışmaq mümkün
deyildi. Parçalanmış Azərbaycanın xəritəsi
də bəlli idi. Ona görə də, bu gün biz o
dövrdə hadisələrə müdaxilə edən və
xalqın iradəsini təmsil edən istedadlı dövlət
xadimi Heydər Əliyevə bütün bu birləşmələri
ləğv etdiyinə görə minnətdar olmalıyıq.
Bir şeyi də qeyd etmək vacibdir ki, məhz, həmin
siyasiləşmiş qruplaşmalar, yaxud, “batalyonlar” ləğv
edildikdən sonra 1994-cü ilin qış hücumu zamanı
vahid komandanlığa tabe olan ordu xeyli sayda kənd və qəsəbəmizi
işğaldan azad etdi. Bununla da, Azərbaycanın
torpaqlarının işğal edilmə tendensiyasına son
qoyuldu. Bundan sonra, ermənilər dərk etdilər ki,
artıq Azərbaycan torpaqlarını işğal etmək
heç də asan olmayacaq. Yalnız bundan sonra məcbur olub
1994-cü ilin may ayında atəşkəsə imza
atdılar.
Atəşkəsin imzalanması hərbi-siyasi
nailiyyət idi
Həmin
dövrdə atəşkəsin imzalanması Azərbaycanın
hərbi və siyasi qələbəsi idi. Əgər
müharibə uzun müddət davam etsə idi, ermənilərin
məqsədi Kür çayına qədər gəlib
çatmaq və Gürcüstandan Türkiyəyə gedəcək
Bakıdan ixrac olunacaq neft kəmərlərini nəzarətə
götürməkdən ibarət idi. Torpaqlarımız
işğal altındaykən, ermənilər həm də
milli sərvətimizə şərik olmaq istəyirdilər.
Koalisiyon hökumət qurmaq cəhdi də əslində, buna
xidmət edirdi. Bilirsiniz ki, o dövrdə Azərbaycanın
milli sərvətləri müxtəlif qruplaşmaların
liderlərinin nəzarəti altında idi. “OMON” mis, metal və
s. biznesi ilə məşğul olurdu, müxtəlif malların
ölkəyə gətiriliməsinə nəzarət edirdi və
heç bir dövlət qurumu onun qarşısını ala
bilmirdi. Başqa qruplaşmalar isə digər sahələrə
nəzarət edirdi. Faktiki olaraq, ölkənin sərvətləri,
hərbi-siyasi qruplaşmalar arasında
bölünmüşdü, hər kəs istədiyi kimi hərəkət
edirdi. Məhz belə olmasaydı, Sürət Hüseynov
baş nazir olarkən 1994-cü il hadisələrində cənub
bölgəsinə göndərilən zaman Əlikram Hümbətova
deməzdi ki, sən bu işi gərək mənim vaxtımda
etməzdin. Bu qədər ifşaedici fikirdən sonra, biz o
dövrdə hansı sabitlikdən və yaxud hansı birlikdən
danışa bilərik. Azərbaycan xalqı bu fikri söyləyən
insanı necə müdafiə edə bilər.
1995-ci ilin 16-17 mart hadisələri
zamanı xalq-hakimiyyət birliyi dövləti xilas etdi
Hesab
edirik ki, həmin dövrdə milli iradənin bir siyasi liderdə
təcəssüm (təcəlli) etməsi məhz Azərbaycan
xalqının tarixi nailiyyəti idi. Xalq özü də bu
prosesləri dərindən dərk etdiyini və Heydər Əliyevin
tərəfində olduğunu istər siyasi, hüquqi müstəvidə,
yəni seçki prosesində, istərsə də digər
sahələrdə göstərirdi. 1995-ci ilin 16-17 mart hadisələri
dövründə biz bir daha bunun şahidi olduq. Xalq meydana
çıxaraq, Prezident Aparatının qarşısına gələrək
öz liderini müdafiə etdi. Əslində, xalq Heydər Əliyevin
timsalında öz iradəsini müdafiə edirdi. Və yaxud
o dövrdə Heydər Əliyev dövlət, dövlət
isə Heydər Əliyev hesab edilirdi. Tarix göstərdi ki,
keçid dövrü üçün yalnız belə bir
siyasi model bizi xilas edə bilərdi, etdi də! Çünki
xalqın Heydər Əliyevə inamı və etimadı
sonsuz idi. Məhz bu inam və birlik Azərbaycan dövlətini
parçalanmaqdan xilas etdi. Hadisələrin əsl mahiyyəti
ondan ibarət idi ki, o dövrdə federasiya tərəfdarları,
etnik separatçılıqla məşğul olanlar dövlət
koalisiyası və şurası yaradılması tərəfdarları
bu və ya digər şəkildə siyasi meydandan uzaqlaşdırıldı
və Azərbaycanda vahid mərkəzi dövlət
yaradıldı. Bunu Heydər Əliyev etdi. Belə olan halda bu
gün o dövrdən nə yazırsansa yazın, nə demək
istəyirsənsə deyin, bunun heç birini nə xalq, nə
gənclik, nə də heç bir siyasi auditoriya qəbul etməyəcək.
Məhz o dövrdə 1995-ci ilin mart hadisələrindən
sonra aprel ayının 5-6-da iki gün respublika sarayında
ölkəmizin ictimai-siyasi həyatında baş verən
hadisələrin təhlilinə həsr olunmuş sayca
3-cü ümumxalq nümayəndələrinin
toplantısı keçirildi. Böyük dövlət xadimi
Heydər Əliyev qədim dövlətçilik ənənəmizdən
gələn bu xalq qurultayı ənənəsini canlı
olaraq yaşatdı. Ulu öndər bu qədim Azərbaycan
dövlətçilik ənənəsinə sadiq qalaraq 5-6
aprel tarixində qeyd etdiyimiz məkanda ümumxalq
toplantısı keçirdi. Həmin toplantını Heydər
Əliyev müdrik kəlamla açdı: “Hər bir ölkə,
xalq XX əsrdə öz ölkəsi üçün nələr
əldə etiyini, nələr itirdiyini əsrin sonuna qədər
yekunlaşdırmalıdır. Biz Azərbaycanı XXI əsrdə
tarixini yazmalıyıq. XX əsrdə keçdiyimiz yolu
araşdırmalıyıq, tədqiq etməliyik, nələr
əldə etdiyimizi, nələr itirdiyimizi müəyyən
etməliyik”.
Artıq heç kəs heç
bir zaman xalqın iradəsindən kənar hakimiyyətə gələ
bilməyəcək
1995-ci
il hadisələrindən sonra Azərbaycanda artıq
silahlı qarşıdurmaya, etnik separatçılığa
son qoyuldu və mərkəzi dövlət yaradıldı.
1996-cı ildə Heydər Əliyev ümumxalq
toplantısında yekun nitqində ötən dövrü belə
ümumiləşdirirdi: “Azərbaycanda zorla güc işlətmək
silah gücünə hakimiyyətə gəlmək
mümkün deyil. Bunu hamı bilməli, dərk etməlidir və
belə cinayət əməllərindən çəkinməlidir”.
Həqiqətən
də, dövlətçilik tariximizin sonrakı
inkişafı sübut etdi ki silah gücü ilə xarici
antiazərbaycançı mərkəzlərin iradəsi ilə
hakimiyyətə gəlmək erası başa çatdı. Əminik
ki, artıq heç vaxt, heç kəs xalqın iradəsindən
kənar hakimiyyətə gələ bilməyəcək.
Çünki yenidən silahlı qruplaşmalar yaratmaq, xarici
qüvvələrdən maliyyə yardımı əldə
etməklə, Azərbaycanda çevriliş etmək hakimiyyəti
ələ keçirmək cəhdlərini reallaşdırmaq
mümkün olmayacaq. Azərbaycanda real hüquqi siyasi sistem var
və ölkədə hakimiyyətə gəlməyin yolu məhz
bu siyasi sistemin vətəndaşlar və siyasətçilərə
verdiyi mexanizmlər vasitəsilə həyata keçirilir.
Hikmət Babaoğlu
Yeni Azərbaycan.-
2012.- 15 mart.- S.4.