Azərbaycanda həyata
keçirilən uğurlu siyasət yeni nailiyyətlər üçün
ciddi zəmin yaradır
Milli
Məclisin Regional məsələlər komitəsinin
üzvü, millət vəkili Rüstəm Xəlilov
www.yap.org.az saytına müsahibə verib:
-
Rüstəm müəllim, bildiyimiz kimi, Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı ilə
bağlı dövlət proqramları həyata keçirilməkdədir.
Bu proqramların uğurlu nəticələri haqqında fikirlərinizi
bilmək istərdik...
-
Hazırda yüksək inkişaf mərhələsinə qədəm
qoymuş müasir Azərbaycanın inkişaf platforması
ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət
quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması
fonunda daha da zənginləşməkdədir. Sözsüz
ki, respublikamızın yüksək artım templəri əldə
etməsinin və indiki meqainkişaf erasına çatmasının
başlıca məntiqi elmi-iqtisadi məzmunu Ulu öndər
Heydər Əliyevin yaratmış olduğu mükəmməl
inkişaf doktrinasının təməlləri üzərində
inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar
üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata
keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin
yaratdığı yeni makroiqtisadi platforma və inkişaf
formulu Azərbaycanın son illər proqressiv meyillərlə
irəliləməsinin əsas konseptlərini təşkil
edib.
Prezident
İlham Əliyevin müəllifi olduğu iqtisadi model Azərbaycanın
son illər davamlı sıçrayışlı
inkişafını təmin edib və yeni nailiyyətlərə
zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla bütün
makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə
edir. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər
toplusu olan inkişaf proqramları da məhz modernləşmə
və tərəqqi modelinin prioritet konseptlərini təşkil
edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın
iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla
yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi
tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq,
kreativ quruculuq və digər sistemli hədəflərin
reallaşmasında mühüm bir dövlət siyasətinin
tərkib hissəsini təşkil edir.
Regionların
inkişafı ilə bağlı 2004-cü ildən
başlayaraq həyata keçirilən təsirli və kompleks
tədbirlərin icrasının mövcud tendensiyası,
qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir
real tezisi meydana çıxarır: son 8 ildə Azərbaycan
iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən
əsaslı dönüşə və yüksək
indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə
inkişaf etdirməklə dünya üzrə ən proqressiv
meyarlara malik olan tam modernləşən dövlətə
çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti
altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf
formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin
yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi
tərəqqisinə səbəb olub.
-
Milli Məclisin Regional məsələlər komitəsinin
üzvü kimi bələdiyyələrlə sıx təmaslarda
olursunuz. Bir neçə il öncə bu sahədə
islahatlar oldu və bələdiyyələrin birləşdirilməsi
prosesi həyata keçirildi. Birləşmə prosesi müsbət
nəticələrini verirmi?
- Təbii
ki, müsbət nəticələr var. Zaman keçdikcə
bu nəticələr özünü daha çox göstərəcək.
İlk əvvəllər bələdiyyə qanunvericiliyi
yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların
rəyindən asılı olaraq hər bir yaşayış
yerində bələdiyyələr yaradıla bilər. Bu səbəbdən
o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi.
Amma kiçik bələdiyyələrin maddi-texniki bazasının
olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş
sayıla bilməzdi. Onların kadr potensialı zəif idi,
ödənişləri yığa bilmirdilər və s.
problemlər var idi. O səbəbdən də bələdiyyələrin
birləşdirilməsi zərurəti ortaya
çıxdı. Bu, çox düzgün proses idi.
İnkişaf etmiş ölkələrin təcrübəsinə
əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin
gələcək fəaliyyəti üçün bir stimul
sayıla bilərdi. Bu baxımdan, bələdiyyələrin
birləşməsi ən vacib məsələlərdən
biri sayıla bilər. 1000-dən artıq bələdiyyə
birləşdi və bu gün ölkəmizdə 1718 bələdiyyə
fəaliyyət göstərir. Bələdiyyələrə
istiqamət verən, metodik yardım göstərə bilən
şəhər, qəsəbə və kənd bələdiyyələrinin
assosiasiyaları fəaliyyət göstərir. Bu çox
normal və qanunauyğun bir hal sayılmalıdır.
Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət
göstərir. Bu qurumların yaradılması bələdiyyələrin
fəaliyyətinin əlaqələndirilməsinə
yaxından kömək göstərir. Digər tərəfdən,
bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində,
beynəlxalq təşkilatların toplantılarında
iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə
çatdırmaqda mühüm rol oynayır.
Hesab
edirəm ki, gənc Azərbaycan bələdiyyələri
beynəlxalq təcrübəni öyrənərək öz
fəaliyyətlərini daha da təkmilləşdirəcəklər.
Bələdiyyələrin inkişaf etməsi
üçün güclü maliyyə imkanları olmalıdır.
Hazırda isə bir çox bələdiyyələrin maliyyələşməsi
aşağı səviyyədədir. Bir müddət öncə
komitəmizin bir qrup üzvü Türkiyəyə səfər
edərək bələdiyyələrin iş təcrübəsi
ilə maraqlandı. Bu ölkədə bələdiyyələr
ölkənin həyatında vacib rol oynayır, onlara məxsus
iaşə obyektləri, səhiyyə, təhsil müəssisələri
fəaliyyət göstərir. Hesab edirəm ki, ölkəmizdə
də bələdiyyələr regionların sosial-iqtisadi
inkişafında mühüm rol oynamalı, quruculuq işlərində
yaxından iştirak etməlidirlər.
-
Rüstəm müəllim, bu yaxınlarda Rusiyada keçirilən
prezident seçkilərini müşahidə edən deputat
qrupunun tərkibində Sankt-Peterburq şəhərində səfərdə
olmusunuz. Seçkilərlə bağlı təəssüratlarınız
necədir?
- Bəli,
beynəlxalq müşahidə missiyasının tərkibində
martın 4-də Rusiyada keçirilən prezident seçkilərinin
gedişini izlədik. Mən Sankt-Peterburq şəhərində
bir sıra seçki məntəqələrində səsvermənin
gedişini müşahidə etdim. Qeyd edim ki, seçkilərə
hazırlıq yüksək səviyyədə təşkil
olunmuşdu və bu prosesdə müasir seçki
texnologiyalarından istifadə edilirdi. Bir müşahidəçi
kimi deyə bilərəm ki, seçkilərdə seçici
fəallığı var idi və hər bir vətəndaş
öz seçki hüququndan istifadə edərək istədiyi
namizədə səs verirdi. Şəxsən mən hər
hansı qanun pozuntusuna rast gəlmədim. Eləcə də,
məntəqələrdə ayrı-ayrı partiyaları təmsil
edən yerli müşqahidəçilərlə də
söhbətimiz zamanı onlar ciddi qanun pozuntusunun baş vermədiyini
bildirdilər. Ümumiyyətlə, hesab edirəm ki, Rusiyada
seçkilərin nəticələri bu ölkənin vətəndaşlarının
iradəsini əks etdirir.
Yeni Azərbaycan.- 2012.- 16 mart.- S.6.