Prezident İlham Əliyevin
rəhbərliyi altında sahibkarlığın
inkişafı istiqamətində atılan addımlar ölkənin
davamlı inkişafına yönəlmiş sistemli
və ardıcıl fəaliyyət konsepsiyasıdır
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd
Musayev www.yap.org.az saytına müsahibə verib:
- Məmməd
müəllim, məlum olduğu kimi, Azərbaycanda
sahibkarlığın inkişafına xüsusi dövlət
qayğısı mövcuddur. Bu amil bütövlükdə
ölkə sahibkarlarının fəaliyyətinə nə dərəcədə
təsir göstərir?
- Azərbaycanda
müasir milli sahibkarlığın inkişafı bilavasitə
1993-cü ilin ortalarından başlamışdır. Həmin
dövrdə Ümummilli lider Heydər Əliyev demokratik həyat
tərzinin diktə etdiyi gerçəklik kimi bazar
iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın
yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş
və ölkənin iqtisadi siyasətinin təməlini
qoymuşdur. Ölkə iqtisadiyyatının sürətli
inkişafında özünəməxsus rolu olan,
sahibkarlıq fəaliyyətinin genişlənməsinə dəstək
verən Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası ölkə
Prezidenti cənab İlham Əliyevin sahibkarlığın
inkişafı sahəsində müəyyənləşdirdiyi
strategiyanın uğurla həyata keçirilməsinə
öz töhfəsini verir. Ümumiyyətlə Azərbaycanın
bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi
göstərdi ki, sahibkarlığın, özəl sektorun
inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi
təmin etmək, əhalinin məsğulluğunu təmin etmək,
infrastrukturu yeniləşdirmək, sosial məsələlərin
həllinə nail olmaq mümkün deyildir. Sahibkarlar
Konfederasiyası olaraq bunları dərk edir, ölkənin
davamlı inkişafını təmin edəcək yeni
iqtisadi siyasətin həyata keçirilməsində və
bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsində
yaxından iştirak etməyə
çalışırıq.
Dövlət
rəhbərinin həyata keçirdiyi məqsədyönlü
iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor
yeni inkişaf mərhələsinə qədəm qoymuş,
sahibkarlığın inkişafına diqqət daha da
artırılmışdır. Kiçik və orta
sahibkarlığın güzəştli kreditlərlə
maliyyələşdirilməsi mexanizmləri daha da təkmilləşdirilmiş,
iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin
qarşısının alınması, bu sahədə
inkişafa mane olan problemlərin aradan qaldırılması
istiqamətində mühüm addımlar
atılmışdır. Regionlarda mühüm infrastruktur layihələrinin
həyata keçirilməsi, göstərilən xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması, antiinhisar
fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın
qarşısının alınması üçün əsaslı
tədbirlərin görülməsi, “Korrupsiyaya qarşı
mübarizə üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi,
bir pəncərə prinsipinin tətbiqi ilə biznes subyektlərinin
qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi,
yerlərdə regional iqtisad məhkəmələrinin
yaradılması və digər tədbirlər bu istiqamətdə
atılmış ciddi addımlardır.
Dövlət
başçısının ölkədə
sahibkarlığın inkişafı istiqamətində
atdığı addımlar da ölkənin davamlı
inkişafına yönəlmiş sistemli və ardıcıl
fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin
hərəkətverici qüvvəsi hesab edilən
sahibkarlığın inkişafı keçid
iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin
yenidən qurulmasında, sosialyönümlü problemlərin
kompleks həllində mühüm rol oynayan
sahibkarlığın inkişafı, orta təbəqənin
formalaşması, aparılan inkişaf prosesində bir
harmoniya yaradır.
Azərbaycanda
sahibkarlığı inkişaf etdirən amillərdən biri
də regionlarda rəqabət qabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən, müasir
texnologiyalara əsaslanan müəssisələrin
yaradılmasıdır. Regionlarda istehsal olunan bir cox məhsullarımız
artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da
bütövlükdə ixrac payında qeyri-neft məhsullarının
payını artırır. İxracyönümlü məhsul
istehsal edən müəssisələrə dövlət dəstəyinin
genişləndirilməsi və ixrac imkanlarının
artırılması istiqamətində işlər davam
etdirilir.
-
Bildiyiniz kimi, ölkəmizdə investisiya qoyuluşu ilbəil
artmaqdadir. Bu prosesdə sahibkarların da öz payı var. Diqqətçəkən
məqamlardan biri odur ki, Azərbaycan sahibkarları tərəfindən
xarici ölkələrin iqtisadiyyatına da sərmayə
qoyuluşu artır. Bu uğuru hansı amillərlə izah edərdiniz?
-
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin
sosial-iqtisadi inkşafının yekunlarına və 2012-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasdakı çıxışında qeyd etmişdir ki, “Azərbaycanda
sahibkarlar sinfi yaradılıbdır. Onlar əldə edilən
gəlirlərin bir hissəsini yeni müəssisələrə
yönəldirlər. 2011-ci ildə qoyulmuş 20 milyard dollar
investisiyadan 13 milyard dolları Azərbaycan dövlətinin, 7
milyard dolları isə xarici investorların vəsaiti
olduğunu nəzərə alsaq 4-5 ildən sonra bizə əlavə
xarici bazarlar lazım olacaqdır”.
Əsasən
neft və qaz ehtiyatına görə əcnəbi
investorları özünə cəlb edən Azərbaycan tədricən
özü analoji funksiyanı yerinə yetirməyə
başlamaqdadır. Bildiyiniz kimi, “Azərbaycan Respublikası
Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın birinci mərhələsi
biznes imkanlarının genişlənməsinə, sənaye
potensialının formalaşmasına yönəlmişdir.
Azərbaycanın
inkişaf etmiş dünya ölkələrinə siyasi
inteqrasiyası, bilavasitə iqtisadi inteqrasiyadan asılıdır.
Azərbaycanda
istehsal olunan mal və materialların, xüsusən də
qeyri-neft sektoruna aid olan sənaye və kənd təsərrüfatı
mallarının dünya bazarına çıxarılması
üçün mövcud beynəlxalq əlaqələrin
inkişaf etdirilməsinə, yeni əlaqələrin
qurulmasına Konfederasiya çox böyük önəm verir.
Dünyada
ən nüfuzlu beynəlxalq reytinq agentliyi “Standart and Poors” Azərbaycan
iqtisadiyyatının mövcud durumunun “Pozitivə” doğru
yüksəldiyini, ölkənin kredit reytinqinin
artdığını bildirir. Bu fakt onu göstərir ki, Azərbaycan
təkcə ölkə daxilində deyil, həm də xarici
ölkələrdə investisiya qoyuluşlarını davam
etdirir.
Azərbaycanın
neft gəlirlərindən əldə etdiyi valyuta
ehtiyatlarının həcminin 40 milyard dolları ötməsi
indi ölkənin, daxili investisiya layihələrinə sərmayə
yatırmaq imkanları ilə bərabər, xarici dövlətlərə
də iri miqdarda vəsait yatırmasına, həmçinin, əcnəbi
şirkətlərin səhm bazarında iştirak etməsinə
şərait yaradıb. Bunun real mənzərəsini isə
Türkiyə, Rumıniya, Gürcüstan, Moldova və digər
dövlətlərin maliyyə bazarında müşahidə
etmək olar.
-
Sahibkarlığın inkişafında hüquqi bazanın təkmilləşdirilməsi,
müasir tələblərə cavab verən sənəd və
təlimatların hazırlanması, sahibkarların maarifləndirilməsi
istiqamətində görülən işlərin əhəmiyyəti
barədə nə deyərdiniz?
- Sahibkarlığın
fəaliyyətinin tənzimlənməsi ilə bağlı
yeni dövrün tələblərinə cavab verən
qanunvericilik bazasının yaradılması təbii ki, zəruri
məsələlərdən biridir. Bu sənədlərdə
bazar münasibətləri əsasında iqtisadiyyatın
inkişafına şərait yaradılması, sahibkarlığa
hüquqi təminatın verilməsi, rəqabət mexanizminin
formalaşması, həmçinin, rəqabətin
qorunması ilə bağlı müddəalar əksini
tapmalıdır. Bu sənədlər bir qayda olaraq ölkə
iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi,
rəqabət mühitinin və özəl mülkiyyətçilər
təbəqəsinin formalaşdırılması məqsədi
ilə qəbul edilmişdir.
Sahibkarlığın
inkişafının ən vacib komponentlərindən biri də
sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin
öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin
göstərilməsidir. Bu məqsədlə ötən il ərzində
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə
Respublikada 144 tədbir keçirilmişdir ki, onlardan 80-i
regionlarda yerli iş adamlarının iştirakı ilə təşkil
edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu
bilik və bacarıqlarını artırmaq, inkişaf
etmiş ölkələrdə mövcud texnologiya və
işin qurulması mexanizmlərini mənimsəmək məqsədilə
Almaniyada müvafiq müəssisələrdə təcrübə
keçmək üçün göndərilmişlər.
Qeyd
etmək lazımdır ki, hazırda ölkəmizdə 60-a
yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.
Bütün bu mühüm hüquqi-normativ və proqram sənədlərinin
yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi
əldə olunan nailiyyətlərin təminatçısına
çevriləcəkdir.
Ölkə
sahibkarlarının maarifləndirilməsi sahəsində bir
çox seminar, konfrans və “dəyirmi masa”lar
keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara
çatdırılması təmin edilmiş, onların
ölkə daxilində və xaricdə keçirilən biznes
forumlarda iştirak etmələrini imkan daxilində təmin
etməyə çalışmışıq.
Bu
sahədə 2011-ci ildə əldə etdiyimiz nailiyyətlərdən
biri də Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyanın orqanı olan
“Biznes Həyatı” jurnalının təsis edilməsidir.
Jurnalın artıq iki nömrəsi çapdan
çıxmışdır.
Regionlarda
mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və daha da genişləndirilməsinə,
ixracyönümlü məhsul istehsalının
stimullaşdırılması və sahibkalıq fəaliyyətinin
artırılmasına xüsusi diqqət verilmişdir.
Biznes
mühitinin yaxşılaşdırılması məqsədilə
Vergi Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər
ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim
olunmuşdur. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq
müqaviləsinə uyğun olaraq vergi terminallarında
sahibkarlara xidmət işi
yaxşılaşdırılmışdır. Hazırda fəaliyyət
göstərən 32 terminalda bizim əməkdaşlar
çalışırlar.
Yeni Azərbaycan.- 2012.- 16 mart.- S.6.