Gün gələcək biz o torpaqlara qalib kimi, güclü bir dövlətin vətəndaşı kimi qayıdacağıq

 

Bahar Muradova: Mən bu günki mövqeyimə görə Yeni Azərbaycan Partiyasına, Heydər Əliyev şəxsiyyətinə, ölkə Prezidenti cənab İlham Əliyevə, bu gün Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan mənim bütün siyasi həmfikirlərimə, bu yolda mənə dəstək olan insanlara borcluyam

 

Martın 20-si Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın doğum günüdür. Bir neçə gündən sonra 50 illik yubileyini qeyd edəcək Bahar Muradova ilə görüşüb, həm təbriklərimizi çatdırdıq, həm də onun həyat prinsipləri, hadisələrə baxış, ölkəmizdə baş verən mühüm olaylar haqqında geniş fikirlərini öyrəndik. Milli Məclisin sədr müavini Bahar Muradova ilə müsahibəni oxucularımıza təqdim edirik.

- Bahar xanım, ümumiyyətlə, siyasətçi olmaq, siyasətlə məşğul olmaq çox çətindir. Bu, bir qadın üçün isə daha mürəkkəb, daha çətin bir işdir. Siz təxminən 20 ildir ki, fəal siyasətlə məşğul olan bir xanım kimi, bu çətinliklərin öhdəsindən necə gələ bilirsiniz?

- Siyasət əlbəttə ki, çətin peşədir. Təbii ki, qadın və ya kişi olmasından asılı olmayaraq, məsələyə bir fərdin taleyi kontekstində baxsaq, bu, çox bəsit yanaşma olardı. Dinc, normal inkişaf etmiş, uzun illər, əsrlər  dövlətçilik ənənəsi olan bir dövlətdə siyasətlə məşğul olmaq bir başqa məsələdirsə, öz müstəqilliyini yenicə əldə etmiş, yaxud bizim kimi müstəqilliyini ikinci dəfə bərpa etmiş, xüsusilə əraziləri işğala məruz qalmış, ittifaqın tərkibindən çıxması səbəbindən bir çox iqtisadi, sosial, mənəvi çətinliklərlə üzləşmiş bir ölkədə siyasətlə məşğul olmaq tamamilə başqa bir məsələdir. Təbii ki, dövrün, qarşıya qoyulan hədəflərə çatmaq üçün göstərilən fəaliyyətin özünə xas çətinlikləri var. Bu çətinlikləri bizim hamımız hiss etmişik. Azərbaycan xalqı, Azərbaycan dövləti, siyasətçilər, ictimai xadimlər, hər bir Azərbaycan vətəndaşı bu çətinlikləri görüb, yaşayıb. Tariximizə nəzər yetirsək, görərik ki, istər tariximizdə, istər bu günümüzdə bizim çox yaxşı nümunələrimiz var. Bu çətin peşə ilə məşğul olan xanımlarımız adlarını tarixə öz zəhmətləri, fəaliyyətləri, əməyi ilə yazıblar, onlar bu gün də hər bir Azərbaycan qadını, qızı üçün örnəkdirlər. Məhz, bu, bizə imkan verib ki, müəyyən mənada siyasi proseslərdə, bu çətin peşədə dayanıqlıq əldə etmək, balansı qorumaq, bu sahədə uğur qazanmağın sirlərini öyrənmək üçün bu örnəyə müraciət edək. O mənada, həm ümumi, həm fərdi, hər bir kəsin özünün bioqrafiyası baxımından obyektiv, subyektiv çətinliklər olub. Lakin bu çətinliklər məni qorxutmayıb. Əksinə, məndə bu sahəyə marağı daha da artırıb. Yəni, heç vaxt bu çətinliklərdən qorxmamışam, bunları bir problem, baryer kimi qarşılamamışam. Onları keçiləsi bir yol, mərhələ kimi qəbul etmişəm. Üstəlik də, bir var insanın özünün hədəfləri, öz istəyi, özünün bildiyi yol, bir də var ki, onu əhatə edən mühit, mühitin yaratdığı şərait, o mühitdə ünsiyyətdə olduğu, üzləşdiyi, onun taleyini yönləndirən insanlar və digər amillər də mühüm əhəmiyyət kəsb edir. Bu anlamda, mən özümü bəxti gətirmiş siyasətçi, bəxti gətirmiş qadın hesab edə bilərəm. Çünki bütün mənalarda və bütün bu istiqamətlərin hər birindən yalnız kömək, dəstək və qayğı görmüşəm, çətinlikləri rahat keçmişəm.

- Bahar xanım, belə bir aksioma var ki, insanın dünyaya gəldiyi, böyüyüb başa çatdığı mühit onun bir fərd, şəxsiyyət olaraq formalaşmasında çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, qarabağlı olmaq, qarabağlıların arasında yetişmək cəmiyyətdəki yüksək rolunuzu müəyyənləşdirməyinizə, fəal bir xanım olaraq formalaşmağınıza hansı formada təsir edib, bu, sizə nə verib?

- Mühitin insana, onun şəxsiyyətinə təsirini heç kəs inkar edə bilməz. Çünki ilkin olaraq dünyanı gözünü açdığın məkanda dərk edirsən və ilk olaraq, sənin dünyan elə o olur. Hər hansı bir məfhumun da ilkin qavranışı, ilkin qəbulu insanın xatirəsində, beynində ömrü boyu yaşayır. Ona əlavə cizgilər ola bilər, amma onun tam şəklini heç nə dəyişə bilməz. Mənim üçün dünya doğulduğum evdən, o məhəllədən, o kənddən, o rayondan, o regiondan, əlbəttə ki, Azərbaycandan başladı. Bu gün mənim üçün dünya anlayışı nə qədər geniş olsa da, ilkin olaraq, o məhdud çərçivədən başlayıb. İrəliyə baxdıqca, bu çərçivələr nə qədər genişlənirsə, geriyə baxdıqca da bir o qədər daralır. İnsan xarakteri də belədir ki, insan əvvəl daha geniş dünyaya, çərçivələrin daha geniş olmasına meyl edir, daha çox irəliyə, daha çox yuxarıya, özünün olduğu yerdən daha çox kənarlara meyl edir və hesab edir ki, inkişaf ordadır. Amma bütün bunlara baxmayaraq, inkişafın fundamenti məhz elə ilk mühitdə qoyulur. Mən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda doğulub, boya başa çatmışam və Azərbaycan mühitinin bir hissəsi olan Qarabağ mühitinin özünəməxsusluğunu, həm bütün Azərbaycan insanını birləşdirən, həm də bəzi hallarda fərqləndirən cizgiləri öz xarakterimdə hiss edirəm. Qarabağ da Azərbaycanın bütün digər bölgələri kimi, çox gözəldir. Eyni zamanda, bu bölgə istər təbiəti ilə, istər insanları, təbii coğrafi şəraiti, adət-ənələləri, özünəməxsus dünyagörüşü ilə fərqlənir, həm də oxşayır. Bu mənada bunların hər biri mənim xarakterimə müəyyən qədər təsir göstərib. Hesab edirəm ki, mən ömrümün sonuna qədər də bir azərbaycanlı, bir qarabağlı olaraq qalacam.

- 2010-cu ildə parlament seçkiləri ərəfəsində seçicilərinizlə görüşlərinizdə belə bir fikir səsləndirmişdiniz ki, “millət vəkili olmaq nə qədər məsuliyyətli və şərəflidirsə, bu bölgənin insanlarının seçdiyi bir millət vəkili olmaq, qarabağlıları təmsil edən bir millət vəkili olmaq ikiqat daha məsuliyyətlidir”. Siz, məsuliyyətinizi iki qat artıran səbəbləri nədə görürsünüz?

- Bu gün Qarabağ işğal altındandır. Bu gün təkcə qarabağlıların yox, bütün Azərbaycan xalqının, Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli məsələ Qarabağın işğaldan azad edilməsidir. Əlbəttə, bu, davamlı bir prosesdir və bu prosesdə hər kəsin öz yeri və rolu var. Amma mən düşünürəm ki, öz torpaqlarından didərgin düşmüş insanlar, onların təmsil edən insanlar daha fəal olmalıdırlar. Çünki bizim evlərimiz yağmalanıb, yurdlarımız talanıb, dağıdılıb, bu müharibənin dəhşətlərinin nə olduğunu öz həyatımızda hiss etmişik, yurd içində yurd həsrəti çəkməyin nə demək olduğunu yaxşı bilirik. Ona görə də, hesab edirəm ki, biz daha artıq səy göstərməliyik. Bu gün mənim seçicilərim qaçqın, köçkün həyatı yaşayan insanlardır. Düzdür, dövlətimiz bu insanların yüksək həyat şəraiti ilə təmin olunması üçün müvafiq işlər görür, mümkün olan hər şeyi edir, amma bu insanlar sosial cəhətdən yaxşılaşmış həyatlarını öz yurdlarından kənarda sürdürmək məcburiyyətindədirlər. Bunun özü psixoloji gərginlik, kompleks yaradır ki, bütün bunlar nəzərə alınmalıdır. Əlbəttə ki, ikiqat diqqətli, ikiqat qayğıkeş, ikiqat həssas, ikiqat məsuliyyətli olmalısan ki, bütün bu vəzifələrin öhdəsindən gələ, həm də bu incə məqamları nəzərə ala biləsən.

- Bahar xanım, siz Qarabağ münaqişəsinin həllindən həmişə əminliklə və böyük inamla danışırsınız. Bu inam və əminliyi yaradan səbəblər nələrdir?

- Bu əminliyin çox ciddi səbəbləri var. Əvvəla, biz heç kəsin ərazisini işğal etməmişik, bizim torpaqlarımız işğal olunub. Beynəlxalq hüququn prinsipləri, insan hüquqları, insanların yaşamaq, mülkiyyət hüquqları bizə münasibətdə pozulub. Bu isə onu deməyə əsas verir ki, beynəlxalq hüququn tələbləri, haqq və ədalət bizim tərəfimizdədir. Əminlik ilk növbədə burdan doğur ki, əvvəl - axır haqq - ədalət qalib gəlməlidir. Bu haqq - ədalətin zəfər gününü yaxınlaşdırmaq da bizim fəaliyyətimizdən asılıdır. Bu istiqamətdə də əminliyimiz var. Ona görə ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə Prezidentinin rəhbərliyi ilə uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan dövləti çox böyük nailiyyətlər əldə edib, Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, dünyanın diqqət və marağı ölkəmizə yönəlib. Bu isə deməyə əsas verir ki, biz öz problemimizi gec - tez aradan qaldıracağıq. Biz o torpaqlara mütləq qayıdacağıq.

- Maraqlıdır, biz Qarabağ danışıqlarında hansı nöqtədəyik?

- Biz danışıqlara müsbət nəticə baxımından yanaşsaq, artıq neçə ildir ki, eyni nöqtədəyik. Amma erməni lobbisinin, erməni maraqlarına xidmət edən beynəlxalq dairələrin, dünya erməniliyinin başlatdığı bir prosesdə artıq keçən hər gün onlar üçün uğursuzluq sindromunu möhkəmləndirir, Azərbaycan üçün isə uğur qazanmaq ehtimallarını daha çox artırır. Ən əsası, dünyada erməni mifi dağılmaqdadır. Azərbaycan həqiqətləri artıq daha geniş anlamda dünyada qəbul olunmaqdadır. Əgər vaxtilə, qondarma “erməni soyqırımı” qərarlarının qəbulu, xarici dövlətlərin parlamentlərində erməni maraqlarına xidmət edən qərarların qəbulu müşahidə edilirdisə, bu gün artıq Azərbaycan mövqeyindən qəbul edilən qərarlar və məsələlərə yanaşma özünü daha çox göstərməyə başlayıb. Artıq dünya ermənilərin öz siyasətlərini yalan üzərində qurduqlarının fərqindədir. Bunun özü Qarabağ məsələsinin haqq-ədalət çərçivəsində həllinə şərait yaradan amillərdən biridir.

- Azərbaycanın əldə etdiyi uğurlardan söz düşmüşkən, sizə belə bir sual ünvanlamaq istərdik. Bildiyimiz kimi, ölkəmiz may ayında keçiriləcək beynəlxalq musiqi yarışması “Eurovision 2012”yə evsahibliyi edəcək və bu istiqamətdə çox böyük işlər görülməkdədir. Amma istər ölkə xaricində, istərsə də ölkə daxilində bəzi qüvvələr bu məsələdən ciddi “narahatlıq” keçirirlər. Onlar hətta bəzi dövlətləri bu yarışmanı boykot etməyə çağırırlar. Bu “narahatçılığın” kökündə nə dayanır?

- Azərbaycanda uzun illərdir öz siyasi ambisiyalarını reallaşdıra bilməyən bir qrup uğursuz narazılar bu prosesləri gərginləşdirməklə öz niyyətlərinə çata biləcəklərini düşünürlər. Onlar hesab edirlər ki, vəziyyət nə qədər gərgin olacaqsa, özlərini bir o qədər yaxşı hiss edəcəklər. Bu, onlar üçün yeganə “saman çöpüdür”. Azərbaycanın bütövlükdə uğuru sayılan, ölkəmizin dünyaya açılması və dünyanın Azərbaycana maraq və diqqətinin artması, ölkəmizi bir növ kəşf etməsi üçün çox gözəl bir şans olan musiqi yarışmasının gətirəcəyi dividentləri, nailiyyətləri bir kənara qoyaraq, özünün sırf qrup maraqlarından çıxış edənlər şaiələrlə, dezinformasiyalarla beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər. Bu fəaliyyət Azərbaycanda yeni deyil. Mən hesab edirəm ki, bu da baş tutmayacaq. Kimlərsə öz siyasi ambisiyalarını bu yarışmanın hesabına reallaşdırmaq, bu yarışmanın ətrafında qalmaqal yaratmaq istəyirsə, əmin ola bilərsiniz ki, bunlar boş cəhdlərdir. Yaxşı olar ki, hər bir vətəndaş bu məsələyə daha çox azərbaycançılıq nöqteyi-nəzərdən yanaşsın.

Bu gün hər kəs ümumi məsələlərdə birləşməli, siyasi maraqları bir kənara qoymalıdır. Amma çox təəssüf ki, biz bir çox hallarda bunu müşahidə etmirik. Bu artıq onların həyatı, yaşayış tərzi, ifadə forması, “vətəndaşlıq mövqeyidir” ki, ümumxalq məsələlərindən   öz cılız siyasi ambisiyaları üçün istifadə edirlər. Ona görədir ki, zaman keçdikcə, sıraları daha da seyrəlir, ətraflarındakı insanlar onları tərk edirlər.

- Bahar xanım, 1993-cü ildə siyasi fəaliyyətinizə Yeni Azərbaycan Partiyasında başlamısınız. Bu 19 ildə siravi üzvlükdən, partiyanın rəhbər orqanlarına, İdarə Heyətinə qədər yüksəlmisiniz və bir çox qərarların qəbulunda birbaşa iştirak etmisiniz. Ona görə də, hesab edirik ki, bu sualı sizə ünvanlanmağa tam mənəvi haqqımız çatır. Ötən il 20 illik müstəqilliyini qeyd edən Azərbaycan üçün bu il yaranmasının 20-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyası nə anlam daşıyır, bu partiyanın Azərbaycan dövlətçiliyi və xalqımız qarşısındakı xidmətləri nədən ibarətdir? Yeni Azərbaycan Partiyası sizin üçün nə deməkdir və nail olduğunuz uğurlarda bu partiyanın rolu nədən ibarət olub?

- Hər şeydən əvvəl YAP-ın Azərbaycan dövləti, xalqı və onun tarixində rolu əvəsizdir, misilsizdir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan dövlətinin formalaşmasında, möhkəmlənməsində YAP-ın rolunu heç kəs inkar edə, onun üzərinə kölgə sala bilməz. YAP-ın fəaliyyəti həm də Azərbaycan dövlətinin, xalqının fəaliyyətidir. Çünki biz müstəqilliyimizi bərpa etdikdən sonra bu partiya yaranıb və yarandıqdan bir müddət sonra hakimiyyətə gəlib. Azərbaycanın ən çətin vaxtında üz tutulan qüvvə məhz Yeni Azərbaycan Partiyası, müraciət edilən şəxsiyyət YAP-ın yaradıcısı, Ulu öndərimiz Heydər Əliyev olub. Heydər Əliyev, Yeni Azərbaycan Partiyası və müstəqil Azərbaycan Respublikası XX əsrin sonunda Azərbaycan həyatının faktıdır. Bunu istəyən də, istəməyən də qəbul etməlidir. Bu gün YAP təkcə ölkə daxilində fəaliyyət göstərmir. Regional və dünya miqyasında fəaliyyət göstərən partiyaya çevrilib. Bu əməkdaşlığımız xalqlarımız arasında əlaqələrin sıxlaşmasına töfhələr verdiyi kimi, dünyada gedən proseslərdə YAP-ın rolunu da gücləndirir. Hesab edirəm ki, bu nailiyyətlərin əldə edilməsində Ümummilli liderimiz Heydər Əliyevin, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin və YAP-ın hər bir üzvünün əvəzsiz xidməti var. Mən bundan qürur duyuram ki, belə bir partiyanın sıralarındayam. Mən bunu fərdi taleyimin müəyyənedici faktoru kimi qəbul edirəm.

- Bahar xanım, 1980-ci illərdə Bakı 1 saylı tikiş fabrikindən başlayan və bu gün Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini vəzifəsinə qədər yüksələn bir ömür yolu bu gün bir çox gənc xanımlarımız üçün örnək təşkil edir. Ona görə də, bu uğurları yaşamaq istəyən xanımlarımız nə etməlidir, bu uğurlarınızın kökündə nə dayanır?

- İlk növbədə hər bir kəs özünə inanmalıdır. Sənin özünün inandığın şəxsiyyətlər olmalıdır. Tutduğun yola, siyasi əqidənə sahib olmalısan. Məqsədyönlü fəaliyyət göstərməli, çətinliklərdən yorulmamalısan. Daim irəliyə baxmalı, irəlidə daha yaxşı günlərin olacağına inanmalı və bu günləri əldə etmək üçün daha çox səy göstərməli, məsuliyyətli olmalısan. İnsan həyatı ilin fəsillərinə bənzəyir. Soyuqda soyuqdan, istidə istidən qorunmalısan. Bütün bunları sənə göndərilmiş bir maneə kimi qəbul etmək olmaz. Bütün bunlar sənin üçün keçməli olduğun bir mərhələdir. Doğrudur çətinliklər də olur, ağrılar da olur, bəzən başqa obyektiv və subyektiv səbəblərdən bu keçidi ləngidən və yaxud sürətləndirən hadisələr də baş verə bilər. Mən özümü mənimlə birgə Azərbaycanda yaşayan, mənim kimi həyata baxışları olan yüzminlərlə, milyonlarla insanlardan heç də fərqli saymıram. Hesab edirəm ki, mən də onlardan biriyəm. Əlbəttə ki, bütün sadaladığım bu cəhətləri özündə formalaşdırmaq, onları qoruyub saxlamaq və inkişaf etdirmək cəhdi içində olmaqla yanaşı, mən özümü həm də bəxti gətirmiş bir qadın sayıram. Mənim qarşıma hər zaman istəklərimi qiymətləndirən, onları reallaşdırmaq üçün şərait yaradan insanlar çıxıb. Hər şeyin əsasında inam və səmimiyyət dayanır. İnanırsansa, bütün çətinliklərə dözməlisən. Təbii ki, mənim də uğursuzluğum, çətinliklərim olub. Amma mən heç vaxt ruhdan düşməmişəm. Hər şeyə yenidən, sıfırdan və başqa bir istiqamətdə başlamağa çalışmışam. Mən yenə də hər şeyə rəğmən, özümün bütün səylərimə rəğmən, bu günki mövqeyimə görə Yeni Azərbaycan Partiyasına, Heydər Əliyev şəxsiyyətinə, ölkə Prezidenti cənab İlham Əliyevə, bu gün Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan mənim bütün siyasi həmfikirlərimə, bu yolda mənə dəstək olan insanlara borcluyam. Əlbəttə ki, bu inamı, etimadı doğrultmaq və daha da inkişaf etdirmək üçün işləmək mənə qalır. Amma bu inamı ortaya qoyan, özləri ilə birlikdə mənim də bu yolu keçməyim üçün şərait yaradan onlardır. Çünki insan təklikdə heç bir uğur əldə edə bilməz. Mən özümü çox güclü hesab edirəm. Çünki ən güclü siyasi qüvvənin, partiyanın sıralarındayam. Bizim aşa bilməyəcəyimiz heç bir maneə yoxdur. Sadəcə, bir az zamana ehtiyac var. Bu gün YAP-ın rəhbəri Azərbaycanda ən güclü şəxsiyyətdir, dünyada ən çox tanınan, nüfuzu olan liderlərdən biridir. Bizim hər birimizin arxasında Yeni Azərbaycan Partiyası olmasa, bizi bütün məsələlərdə dəstəkləyən Prezident cənab İlham Əliyev olmasa, bizim bütün uğurlarımız yalnız fərdi uğurlarımız hesab oluna bilər və o da yaxın ətrafımıza, dostlarımıza bəlli ola bilər.

- Bahar xanım sizi bir daha təbrik edirik və arzu edirik ki, Qarabağa qayıtmaq, bayramlarınızı, ad günlərinizi o torpaqlarda qeyd etmək üçün növbəti yubileyinizi gözləməyək.

- İnşallah! Mən də inanıram ki, gün gələcək biz o torpaqlara qalib kimi, güclü bir dövlətin vətəndaşı kimi qayıdacağıq. Azərbaycan dövlətinin bayrağı hər bir guşəmizdə, o cümlədən Qarabağımızda qürurla dalğalanacaq. Hesab edirəm ki, bütün qarabağlılar kimi, mənim də bütün doğum günlərini, bütün bayramlarını ən rahat keçirəcəyim yer yalnız Qarabağdır.

P.S. Biz də çoxminli Yeni Azərbaycan Partiyasının üzvləri adından YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar xanım Muradovanı səmimi qəlbdən təbrik edirik, ona ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında yeni-yeni uğurlar arzulayırıq.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2012.- 16 mart.- S.4.