Ölkəmizdə həyata keçirilən uğurlu siyasət dinamik inkişafımızı təmin edir və Azərbaycan beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədr müavini Elton Məmmədov www.yap.org.az saytına müsahibə verib:

 

- Elton müəllim, Azərbaycan son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dinamik inkişaf edir. Bu inkişafın nəticələri Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin güclənməsi prosesində rolu ilə bağlı fikirlərini bilmək istərdik...

- Məlum olduğu kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu daxili xarici siyasət həyata keçirilir. Bu siyasət ölkəmizin dinamik inkişafı ilə müşaiyət olunur. Vurğulamaq yerinə düşər ki, ilk növbədə respublikamızda mövcud olan ictimai-siyasi sabitlik inkişafımızın başlıca qarantıdır. Prezidentimizlə xalqın birliyi bu sabitliyi daha sarsılmaz edən əsas amildir.

Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu illərdə ümumi daxili məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,9 dəfə, bütövlükdə investisiyalar 5 dəfə, o cümlədən, qeyri-neft sahələri üzrə 14,1 dəfə, əhalinin real gəlirləri 2,6 dəfə artıb, bir milyondan artıq yeni yeri yaradılıb, xalqın həyat səviyyəsi yaxşılaşdırılıb, yoxsulluq 5,3 dəfə azaldılıb.

Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. Ölkədə aparılan diversifikasiya siyasəti, istehsal sosial infrastrukturun inkişafı sayəsində ötən il qeyri-neft sektorunda 9,4 faizlik yüksək artıma nail olunub. Ölkəmizin strateji valyuta ehtiyatları isə 40 milyard dolları ötüb. Dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icra edilməsi bütövlükdə hökumətin öhdəliklərinin və qəbul olunmuş Proqramlar üzrə tədbirlərin maliyyələşdirilməsini təmin edib.

Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaradıb. Qeyri-neft sektorunun emal sənayesində, o cümlədən metallurgiya, maşın və avadanlıqlar, kimya, tikinti materialları və digər istehsal sahələrində yüksək artım əldə olunub.

Ümumiyyətlə, görülən işlər, əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən davamlı milli inkişaf strategiyası xalqın rifahının yüksəldilməsini və Azərbaycanın tərəqqisini təmin edəcək.

Təbii ki, dinamik inkişaf, uğurlu siyasət Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Qlobal maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkədə qazanılan nailiyyətləri yüksək qiymətləndirib. Onlar Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulamışlar. Həmin qurumların rəyinə əsasən respublikamız ötən il yüksək insan inkişafına malik ölkələr sırasında yerini daha da möhkəmləndirib.

Eyni zamanda, ötən il ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkə başçısının uğurlu daxili və xarici siyasətinin, diplomatiyamızın böyük uğurudur.

- Azərbaycan parlamenti təbii ehtiyatlarımız və ondan istifadə qaydaları haqqında bir sıra qanunlar qəbul edib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini kimi bu sahədə qəbul olunmuş qanunların əhəmiyyəti və işlək mexanizmi haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Milli Məclis müstəqil dövlətimizin inkişafı üçün mütərəqqi qanunlar qəbul edib və bu qanunlar bütün sahələri əhatə edir. Dünya birliyinin layiqli üzvü olan dövlətimizdə hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi həyata keçirilir. Təbii ki, sivil dövlət quruculuğu prosesində mütərəqqi qanunların qəbul edilməsi vacib şərtlərdən biridir. Bu mənada Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar beynəlxalq standartlara tamamilə uyğundur. Təmsil etdiyim komitənin hazırladığı qanunlara gəlincə, qeyd etdiyiniz sahə üzrə də mükəmməl qanunvericilik bazası mövcuddur. Bu sahə qanunları təbii ki, ölkənin inkişaf konsepsiyasına uyğun olaraq həyatımızda öz təsdiqini tapır. Bilirsiniz ki, qanunlar parlament tərəfindən qəbul olunduqdan sonra, Konstitusiyaya uyğun olaraq, cənab Prezidentin imzaladığı sərəncam əsasında qüvvəyə minir. Daha sonra Nazirlər Kabineti həmin qanunların icrası ilə əlaqədar müvafiq sənədləri hazırlayıb qəbul edir. Yəni bu proses sahə qanunlarımızın icrası üçün işlək mexanizmin təmin olunmasına zəmanət verir. Bu baxımdan, hesab edirəm ki, millət vəkili kimi son 11 ildə təmsil etdiyim komitənin qəbul etdiyi sahə qanunları respublikamızda təbii ehtiyatlar, ekologiya, energetika və qaz-enerji təchizatı sahəsində olan məsələlərin həlli istiqamətində ümumi qanunvericilik bazasına kifayət qədər töhfələr verib.

Onu da vurğulayım ki, biz sözügedən sahələrlə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşuq və həmin sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetiririk. Bu da Azərbaycanın beynəlxalq qanunlardan irəli gələn məsələlərə diqqətlə yanaşmasından irəli gəlir. Burada bir vacib məqama diqqəti cəlb etmək istəyirəm. Təbii ehtiyatlarımız və digər sahələrlə bağlı qəbul etdiyimiz qanunlarda hər şeydən əvvəl milli maraqlarımız əsas götürülür. Bu prosesdə milli və dövlət maraqları öndə gedir və bu prinsipdən kənar addım atılmır.

- Komitənin iş planında daha hansı məsələlər nəzərdə tutulur? Yeni qanunların hazırlanması gözlənilirmi?

- Təbii ki, zərurət yarandıqca yeni qanunlar hazırlanaraq parlamentin müzakirəsinə çıxarılır. Yəni qanun layihələrinin hazırlanması sıradan bir məsələ deyil, bunun üçün ciddi əsaslar lazımdır. Hər bir sahə qanununa zərurət yarananda biz ilk növbədə onun fəlsəfəsini düşünürük. Bu baxımdan, komitəmizdə mütəmadi olaraq işlər gedir. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, ölkəmizdə qanunlar qəbul edərkən beynəlxalq təşkilatların tövsiyə xarakterli model qanunlarından da istifadə edirik.

Hal-hazırda qloballaşan dünyanın enerji problemlərinin həlli istiqamətində ciddi müzakirələr gedir. Bu prosesdə alternativ enerji mənbələri kimi məsələlər çox önəmlidir. Ona görə də, belə bir aktual məsələnin reallaşması üçün hüquqi bazanın formalaşdırılması vacib məqamlardan biridir. Hazırda bu məsələlərlə bağlı komitəmizdə kifayət qədər müzakirələr gedir. Bütövlükdə, komitənin işlər planına bu və digər məsələlər daxildir və zərurət yarandıqca yeni qanun layihələri hazırlanıb parlamentin müzakirəsinə çıxarılacaq.

- Elton müəllim, siz həmçinin, GUAM Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbərisiniz. Üzv dövlətlərin bu təşkilat çərçivəsində əməkdaşlığı hansı səviyyədədir? Təşkilatın bu il ərzində hansısa tədbirləri keçiriləcəkmi?

- Ümumiyyətlə, Milli Məclis nüfuzlu beynəlxalq təşkilatlarla, xarici dövlətlərin parlamentləri ilə fəal əməkdaşlıq edir. Deputatlarımız, nümayəndə heyətlərimiz xarici ölkələrə səfərləri zamanı, beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması yönündə fəal iş aparırlar. Sevindirici haldır ki, bu işlər ilbəil daha da genişlənir və bunun nəticəsində də beynəlxalq birlik Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticələri, ölkəmizin inkişafı haqqında geniş məlumatlar əldə edir. Eyni zamanda, bu amil Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayır.

Qeyd edim ki, Azərbaycan digər beynəlxalq təşkilatlarda olduğu kimi GUAM PA-da da layiqincə təmsil olunur. Biz bu təşkilatın üzv dövlətləri və onların parlamentləri ilə fəal əməkdaşlıq edirik. Bildiyiniz kimi bu il təşkilata sədrlik Azərbaycana keçib. Ötən illər ərzində ümumilikdə təşkilat çərçivəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edib və dövlətlər bütün məsələlərdə birbirilərinin mövqeyini dəstəkləyir. Xatırladım ki, ötən il Bakı şəhərində GUAM PA ilə Baltikyanı Assambleyanın birgə böyük konfransı keçirildi. Bu konfransda bütün ölkələri təmsil edən parlamentarilər Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədilər.

Qeyd etmək istəyirəm ki, GUAM PA və Baltikyanı Assambleya qarşılıqlı əməkdaşlığa böyük önəm verir. İndiyə qədər təşkilatların müxtəlif tədbirləri reallaşıb və qəbul olunmuş yekun sənədlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Qeyd edim ki, bu ilin iyul ayında Bakı şəhərində GUAM-ın hökumətlərarası iclası nəzərdə tutulub. Bu iclas çərçivəsində Baltikyanı Assambeyadan olan qonaqlarımız da iştirak edəcəklər. Ümumiyyətlə, təşkilat çərçivəsində siyasi, iqtisadi, ticari və digər sahələrdə fəal əməkdaşlığımız var. Tərəflərin görüşündə əməkdaşlığın genişləndirilməsi, nanotexnologiyaların işlənib hazırlanması, innovasiya layihələrinin həyata keçirilməsi kimi məsələlər həmişə gündəmə gətirilir və bunun reallaşması üçün müvafiq sənədlərdə bu məqamlar öz əksini tapır. Ola bilsin ki, bu ilin sonunda həmin dövlətlərin parlamentarilərinin iştirakı ilə Azərbaycanda böyük bir elmi-praktiki konfrans da keçirilsin. Bütün bunlar əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

 

 

Yeni Azərbaycan.- 2012.- 20 mart.- S.11.