Müasir Azərbaycanın
ən mühüm gerçəkliyi iqtisadi yüksəliş
üzərində formalaşan möhkəm ictimai-siyasi
sabitlikdir
- Əli
müəllim, istərdik ki, söhbətimizə ölkəmizdə
mövcud ictimai və siyasi durumun ümumi təhlili ilə
başlayaq...
- Hər
bir ölkənin ictimai-siyasi vəziyyətini müəyyənləşdirən
əsas amil onun iqtisadi durumudur. Azərbaycan son
illərdə iqtisadi cəhətdən sürətlə
inkişaf edir və 2011-ci ildə də ölkəmizin
iqtisadi inkişafı yüksək tempini saxlayıbdır.
Azərbaycan iqtisadiyyatının yüksəlişi,
iqtisadiyyatın inkişafı ilə əlaqədar cəmiyyətin
digər sahələrində baş verən müsbət dəyişikliklər
ölkənin bütövlükdə ictimai-siyasi və mənəvi-psixoloji
durumunu müəyyənləşdirir. Əgər
ümumi xarakteristika verməli olsaq, bütövlükdə
ölkəmizdəki ictimai-siyasi sabitliyi ayrıca vurğulamaq
lazım gələcəkdir. Bu da ondan ibarətdir
ki, Azərbaycanın iqtisadi durumu, iqtisadi durumunun
formalaşdırdığı sosial vəziyyət ölkə
vətəndaşlarının mütləq əksəriyyətini
öz hökumətindən, dövlətindən məmnun
salacaq gerçəkliyi formalaşdırıbdır. İnsanlar hökumətdən, hakimiyyətdən
razıdırlar, bu da ictimai-siyasi sabitliyin əsasını təşkil
edir.
Digər tərəfdən, mən ölkəmizin
bütövlükdə ictimai-siyasi durumunu Azərbaycan
dövlətinin siyasi qüdrətinin artması, nüfuzunun
yüksəlməsi ilə izah etmək istərdim. Bu da ondan ibarətdir
ki, müstəqilliyinin 20-ci ildönümünü bir
neçə ay bundan öncə qeyd etmiş Azərbaycan
artıq qüdrətli dövlətə çevrilibdir.
Bu, həm də beynəlxalq aləmdə öz
təsdiqini tapır. Azərbaycan ötən il Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilibdir və
hesab edirəm ki, bu, 20 illik müstəqillik tarixinə malik
olan Azərbaycan dövləti üçün kifayət qədər
əhəmiyyətli beynəlxalq nailiyyət olmaqla, ölkəmizin
beynəlxalq aləmdə güclü, qüdrətli, eyni zamanda,
beynəlxalq münasibətlər sistemində fəal
iştirak edən bir dövlətə çevrildiyini təsdiq
edir. Eyni zamanda hesab edirəm ki, Azərbaycan,
xüsusilə də Bakı şəhəri artıq
dünyanın mədəni mərkəzlərindən birinə
çevrilib ki, bu da bütövlükdə ölkə vətəndaşlarının
milli iftixar hissini formalaşdıran gerçəklik kimi
ictimai-siyasi və mənəvi-psixoloji duruma müsbət təsir
edən reallıqdır. Beləliklə,
müasir Azərbaycanın ən mühüm gerçəkliyi
iqtisadi yüksəliş üzərində formalaşan
möhkəm ictimai-siyasi sabitlikdir.
- Bir neçə
gün öncə Azərbaycan hökumətinin Milli Məclisdə
hesabatı dinlənildi. Müzakirələr
zamanı Siz regionların inkişafı ilə bağlı
çox maraqlı təkliflə çıxış edərək
regionların inzibati idarəetmə mexanizmlərinin dəyişdirilməsi
ilə əlaqədar müvafiq işlərin görülməsi
təklifini səsləndirdiniz. İstərdik,
bu məsələyə aydınlıq gətirəsiniz.
Bu təklifin mahiyyəti nədir və Sizcə,
hansı dəyişikliklər həyata keçirilməlidir?
- Bu təklifin
mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda Prezident İlham Əliyevin
təşəbbüsü ilə 2004-cü ildən etibarən
“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı” uğurla həyata keçirilir. Bu
proqramın həyata keçirilməsinin nəticəsi olaraq
regionların həm iqtisadi, həm də infrastruktur göstəriciləri
müsbət mənada əhəmiyyətli dərəcədə
dəyişir. Sözün müsbət mənasında,
regionlarımız tanınmaz olubdur. Bu, bir
gerçəklikdir. Eyni zamanda, regionlarda
iqtisadi fəallıq, sahibkarlıq fəallığı
artıbdır. Təbii ki, yaradılan
infrastruktur, sahibkarlığın inkişafı
üçün formalaşdırılan şərait
regionlarda iqtisadi göstəricilərin artmasına səbəb
olub. Beləliklə, Azərbaycanda “Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi sayəsində
əhəmiyyətli mərhələlər keçilib. Və hazırda inkişaf elə bir yüksək
pilləyə çatıb ki, islahatların yeni mərhələsinə
başlamağa ehtiyac yaranıb. Bununla əlaqədar
olaraq, Azərbaycanın regionlarının idarə edilməsində
bəzi təkmilləşdirmələrin həyata
keçirilməsinə də zərurət yaranıbdır.
Yeri gəlmişkən, “rayon” məfhumundan
imtina etməyin vaxtının çatdığını da
vurğulamışam. Birincisi, “rayon” məfhumu
sovet dönəmi ilə bilavasitə əlaqədardır və
bu, nə Azərbaycan dilinə uyğundur, nə də
bugünkü Azərbaycanın idarəçilik mexanizmində
özünə lazımi yer tapa bilib. Hesab
edirəm ki, “rayon” məfhumu sövet dönəmindən
qalmış yükə çevrilib ki, Azərbaycan bu
yükdən xilas olmalıdır. Onu da qeyd edim ki,
postsovet məkanında yer alan ölkələrin
çox az bir hissəsində “rayon” məfhumunun
saxlanmasına rast gəlmək olar. Eyni zamanda,
Azərbaycanın dövlət idarəçiliyinin tarixinə
nəzər salsaq, görərik ki, bu, tamamilə yad bir
elementdir. Ona görə də mən təklif
edirəm ki, inzibati ərazi vahidlərinin “rayonlar” məfhumu
ilə adlandırılmasına son qoyulsun. Hazırki gerçkliyə və idarəçilik məfkurəsinə,
strukturuna daha çox uyğun gələn, Azərbaycanın
dövlətçilik tarixini əks etdirən bir məfhum
seçmək olar.
O ki
qaldı regional idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı təklifimə, bunun əsasında regional
idarəetmənin sadələşdirilməsi, regional idarəetmə
xərclərinin azaldılması dayanır. Sövet
dövründə bu cür kiçik rayonların
yaradılması özünü doğruldurdu, çünki
həmin dövrdə mərkəzləşdirilmiş idarəetmə
sisteminə istinad olunurdu. Amma Azərbaycanda
hazırki dövlət idarəçiliyi cəmiyyət həyatının
bütün sahələrinə nəzarət etmir, başqa
sözlə, cəmiyyətin bütün sahələri
dövlət idarəçiliyinə şamil edilmir. Beləliklə də, qeyri-mərkəzləşdirilmiş
idarəçilik sisteminin mövcud olduğu Azərbaycanda bu
cür xırdalanmış inzibati ərazi vahidlərinin
saxlanılmasına ehtiyac yoxdur. İndi inzibati ərazi
vahidlərinin rəhbərləri çox az
sahələrə müdaxilə edirlər, çox az sahələri
idarə edirlər. Ona görə də,
hazırda əvvəlki dövrlərə şamil oluna biləcək,
əvvəlki dövlərdə yaradılmış, -əlbəttə
ki, sovet dövrünü nəzərdə tuturam, - idarəçilik
məfkurəsinin və formasının saxlanılması
artıq əlavə idarəçilik xərclərini tələb
edir və regional idarəçiliyin xeyli dərəcədə
mürəkkəbləşməsinə gətirib
çıxarır. Düşünürəm
ki, bu, Prezidentimiz tərəfindən dəfələrlə
qeyd edilmiş islahatlar konsepsiyasının tərkib hissəsi
kimi də nəzərdən keçirilə bilər. Bu gün Azərbaycanda həyata keçirilən
işlər, bütövlükdə, Azərbaycan dövlətinin
xeyli dərəcədə qüdrətlənməsinə
imkan yaradır ki, tədricən və
düşünülmüş şəkildə regional idarəetmə
sisteminin təkmilləşdirilməsi istiqamətində
mütərəqqi islahatlar həyata keçirilsin və bunun
konsepsiyası hazırlansın.
- Əli müəllim, məlum olduğu kimi, Azərbaycan
dinamik inkişaf yolunda sürətlə irəliləyir. Bu isə
ölkəmizdə beynəlxalq əhəmiyyətli
mühüm tədbirlərin keçirilməsinə də
imkan verir. Eyni zamanda, cari ilin may ayında
paytaxtımız “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Görülən
bütün işlər deməyə əsas verir ki, Azərbaycan
bu tədbirin yüksək səviyyədə həyata
keçirilməsinə öz töhfələrini verəcək.
Amma bütün bunlara baxmayaraq, bir çox qərəzli
daxili və xarici dairələr “Eurovision” mahnı müsabiqəsini
siyasiləşdirməyə çalışır və bu
mahnı müsabiqəsindən bir alət kimi istifadə edərək
ölkəmizə qarşı qara piar kampaniyası həyata
keçirirlər, bəzən boykot
çağırışlarını da müşahidə
edirik. Sizcə, ölkəmizə
qarşı bu qədər qərəzli fəaliyyətin,
obyektivlikdən uzaq olan təxribat xarakterli
çağırışların əsasında nələr
dayanır?
- Azərbaycan
özünün sürətli inkişafı, sahib olduğu zəngin
təbii resursları və əlverişli geopolitik mövqeyi
ilə regional miqyasda və beynəlxalq müstəvidə
diqqəti cəlb edən dövlətə çevrilibdir. Bütün bunlar Azərbaycana olan marağı
artırıbdır. Beləliklə,
ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə
ölkəmizin yerləşdiyi bölgədə öz
maraqlarını həyata keçirmək üçün
müəyyən cəhdlər edirlər. Bu, əvvəllər də olub, bu gün də
müşahidə olunur, şübhəsiz, gələcəkdə
də baş verəcəkdir. Bu,
ümumiyyətlə, dünya praktikasında rast gəlinən
bir gerçəklikdir. Amma son dövrlər
ayrı-ayrı dövlətlərin Azərbaycana qarşı
bu kimi hərəkətləri bir az daha
intensivləşib. Bu intensivləşmənin
kökündə dayanan əsas reallıq ondan ibarətdir ki,
Azərbaycan regionun lider dövlətinə, ən qüdrəli
ölkəsinə çevrilibdir. Bu
gün Cənubi Qafqaz iqtisadiyyatının əhəmiyyətli
bir hissəsi Azərbaycana mənsubdur. Və
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı
belə bir fikir söyləməyə imkan verir ki, yaxın
zamanlarda bütövlükdə Cənubi Qafqazın
iqtisadiyyatı dedikdə əsas etibarilə Azərbaycan
iqtisadiyyatı başa düşüləcək.
Digər tərəfdən, Azərbaycanın demoqrafik
inkişafı, əhalisinin sürətlə artması da
ölkəmizin regionda rolunu və əhəmiyyətini ciddi
şəkildə artırıbdır. Hazırda Azərbaycanın
9 milyondan çox əhalisi var və hesab edirəm ki, bir
neçə ildən sonra ölkə əhalisinin sayı 10
milyona çatacaq. Bu isə Cənubi
Qafqazın ümumi əhalisinin böyük əksəriyyəti
demək olacaqdır. Elə bu gün də
Azərbaycanın əhalisi region əhalisinin yarıdan
çoxunu təşkil edir. Düşünürəm
ki, bir neçə ildən sonra ölkəməzin bu mənada
xüsusi çəkisi daha da artacaqdır. Beləliklə, Azərbaycanın regionda mövqeyi
bu baxımdan da artmış olacaqdır. Əhali
təkcə çoxsaylı insan demək deyil, eyni zamanda,
böyük insani və iqtisadi potensialdır. Bütün bunların hamısı Azərbaycanın
gücünü və gücünün mütəmadi surətdə
artmasını göstərir. Bundan
başqa, ölkəmizin beynəlxalq münasibətlər
sistemində mövqelərinin möhkəmlənməsi Azərbaycanın
həm regional, həm də regiondankənar proseslərdə
rolunu artırıb və mövqeyini möhkəmləndiribdir.
Bu isə öz növbəsində Azərbaycana
olan marağı daha da artırıbdır. Beləliklə, qeyd etdiyim kimi, müxtəlif
üsul və metodlardan istifadə edərək Azərbaycan
vasitəsilə bölgəmizlə bağlı maraqların
reallaşdırılması istəkləri güclənir.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm
ki, mədəni hadisə olan “Eurovision” mahnı müsabiqəsindən
də məhz elə bu məqsədlə istifadə etmək
cəhdləri açıq şəkildə özünü
göstərir. Hesab edirəm ki, bu gün Azərbaycanda həyata
keçirilən abadlıq-quruculuq, modernləşmə, yeniləşmə
proseslərinə başqa don geyindirərək bundan Azərbaycana
qarşı təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərinin
çoxalması və bundan da “Eurovision” məsələsində
sui-istifadə edilməsi sadaladığımız məqamlara
əyani misal ola bilər. Təbii ki,
bütün bunların hamısı Azərbaycanın həyata
keçirdiyi siyasətə hər hansı bir ciddi təsir
göstərmək gücündə deyil. Çünki hazırda Azərbaycana təzyiq etmək
istəyən qüvvələr açıq şəkildə
görürlər ki, onların ölkəmizə
qarşı istifadə etdikləri təsir
rıçaqları getdikcə öz gücünü itirməkdədir.
Və yaxud onların Azərbaycanın siyasətinin
dəyişdirilməsi istiqamətində istifadə etdikləri
təsir və təzyiq rıçaqları istədikləri
effekti vermir. Onlar bundan sonra da bu istiqamətdə
hər hansı bir perspektivlərinin olmadığını
açıq şəkildə görürlər. Belə olan halda, ənənəvi üsullara istinad
etməyə çalışırlar. Bu
üsul isə ölkədaxili bəzi qüvvələri
özlərinə cəlb etməklə onlardan dövlətə
qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir.
Bu da, hesab edirəm ki, yeni metod deyil. Qıcıqlandırıcı məqam ondan ibarətdir
ki, bir sıra hallarda Azərbaycanın daxilində olan müəyyən
qüvvələr ölkəmizə təzyiq göstərmək
istəyən, ölkəmizin maraqlarının
reallaşmasına əngəllər yaratmaq istəyən
qüvvələrlə sinxron fəaliyyət göstərmiş
olurlar. Yəni, qərəzli xarici dairələrin
istəklərinin həyata keçirilməsində ucuz vasitəyə
çevrilmiş olurlar. Bu yaxınlarda
Almaniyanın xarici işlər nazirinin Bakıda olarkən bir
neçə müxalifət nümayəndəsi ilə təfərrüatı
açıqlanmayan bir görüş keçirməsini buna əyani
misal kimi göstərə bilərəm. Biz
demokratik bir cəmiyyət olaraq bu tipli görüşlərin,
birincisi, əleyhinə deyilik, ikincisi isə, Azərbaycan bu
cür görüşlərin keçirilməsindən hər
hansı bir əndişə duymur. Açıq
şəkildə qeyd etmək istəyirəm ki, bu cür
primitiv üsullar vasitəsilə Azərbaycana təsir və
ya təzyiq etmək mümkün deyil. Amma
Azərbaycan daxilində ayrı-ayrı siyasi partiyalarda təmsil
olunan insanların ölkəmizə qarşı təzyiq etmək
istəyən, Azərbaycanın maraqlarına qarşı fəaliyyət
göstərən qərəzli qüvvələrə dəstək
vermələri bu mənada bizi narahat edir. Çünki
bu prosesdə onlar azərbaycanlı kimi iştirak edirlər.
Narahatçılıq ondan ibarət deyil ki, bu,
Azərbaycanın dövlətçiliyi üçün
hansısa təhlükə yaradır. Narahatçılıq
ondan ibarətdir ki, bu, azərbaycançılıq və
dövlətçilik məfkurəsinə qarşı
çevrilmiş bir mövqe və yaxud hərəkətdir.
Təbii ki, bu, yolverilməzdir və biz bunu qəti
şəkildə pisləyirik. Bir daha demək
istəyirəm ki, Azərbaycan demokratik dövlətdir,
demokratik dəyərlər ölkəmizdə mənimsənilibdir,
demokratik təsisatlar təşəkkül tapıbdır,
ölkəmizdə siyasi plüralizm mövcuddur, müxtəlif
siyasi partiyalar fəaliyyət göstərirlər, bir sıra
hallarda onların fəaliyyəti adi demokratik dəyərlər
çərçivəsindən kənara çıxır.
Amma biz istəmərik ki, ölkəmizdə fəaliyyət
göstərən hansısa qüvvələr anti-Azərbaycançı
fəaliyyət həyata keçirən xarici qüvvələrin
maraqlarının təmin olunmasında ucuz vasitəyə
çevrilsinlər.
Ümumiyyətlə, siyasətçi üçün
yeganə istinad nöqtəsi ölkə daxilindəki
seçicilərdir. Bilirsiniz, Azərbaycanda bəzi siyasətçilər
var ki, hansısa ölkələrin mətbuatında onlara
meydan verilməsini çox qürurla qeyd edirlər. Bunu bir halda normal qəbul etmək olar ki, onlar bu
imkanlardan Azərbaycanın dünyaya müsbət mənada təqdim
olunması, ölkəmizin həmin dövlətlərlə
münasibətlərinə xidmət etməsi
üçün istifadə etsinlər. Təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, onlar bu imkanlardan Azərbaycandakı
daxili siyasi proseslərin reallıqdan uzaq şəkildə
müzakirəsi məqsədilə istifadə edirlər.
Buna görə də ortaya məhz bu cür sual
çıxır: əgər ölkə daxilindəki siyasi
proseslərdə iştirak etmək istəyən hər
hansı bir partiyanın təmsilçisi və yaxud rəhbəri
başqa bir ölkənin mətbuatında öz siyasi
platformasını ortaya qoyursa, o, bundan nə qazanacaqdır?! Həmin ölkəninmi vətəndaşları
seçkilərdə həmin şəxslərə səs
verəcəklər?! Xeyr. Bəs belə olan halda, ölkədaxili ictimai-siyasi
proseslərin başqa bir ölkənin mətbuatında
müzakirəyə çıxarılmasında məqsəd
nədir?
Təbii ki, həmin siyasətçilərə, partiya
nümayəndələrinə yer verən mətbuatın Azərbaycanla
bağlı konkret qərəzli məqsədləri var ki, biz
bunlar haqqında yuxarıda danışdıq. Əlbəttə
ki, bu məqsədlər Azərbaycanın milli maraqlarına
uyğun deyil. Həmin mətbuat
orqanları Azərbaycanın milli və dövlətçilik
maraqlarına qarşı qərəzli fəaliyyət
göstərən qüvvələrin nəzarətindədir.
Bəs azərbaycanlı bir siyasətçinin,
Azərbaycanda fəaliyyət göstərən siyasi partiya təmsilçisinin
ölkə daxili ictimai-siyasi prosesləri başqa bir ölkənin
mətbuatında müzakirəyə çıxarmasında məqsəd
nədir? Bu suala cavab olaraq qeyd edə bilərəm
ki, yeganə məqsəd ondan ibarətdir ki, Azərbaycanın
reallıqları təhrif olunsun, ölkəmizə
qarşı qarayaxma kampaniyası aparılsın və beləliklə,
ayrı-ayrı anti-Azərbaycançı qüvvələrin
ölkəmizə qarşı yönəlmiş təbliğatında
ucuz bir vasitəyə çevrilmiş olsunlar.
- Əli müəllim, Sizin qeyd etdiyiniz bəzi qərəzli,
anti-Azərbaycan xarici dairələrin əlində ucuz vasitəyə
çevrilmiş həmin daxili qüvvələr, çox təəssüf
olsun ki, ölkəmizdə müxtəlif siyasi partiyalara rəhbərlik
edirlər və onlar Azərbaycanda hakimiyyətə gəlmək
iddiasındadırlar. Ölkəmiz üçün
taleyüklü mərhələlərdə, müxtəlif
siyasi kampaniyalar ərəfəsində gündəmə gəlmək
üçün bəzi hallarda qanunsuz yollardan istifadə etməkdən
belə çəkinməyən həmin radikal siyasi partiya
nümayəndələri bu günlərdə mitinq
çağırışları ilə
çıxış edirlər. Və belə
görünür ki, həmin qüvvələr ölkədaxili
ictimai-siyasi sabitliyin pozulmasında olduqca maraqlıdırlar.
Bəs bu cür mitinq
çağırışlarına, radikal mövqeyə bu
gün hansı ehtiyac var və bütün bunlar nəyə
xidmət edir?
-
Bilirsiniz, siyasi partiyaların
çağırışları o zaman normal qəbul oluna bilər
ki, həmin çağırışlar qəbul olunmuş
ümumi demokratik dəyərlərə və normalara
müvafiq olsun. Amma həqiqət ondan ibarətdir
ki, ölkə vətəndaşları birmənalı şəkildə
hazırki hakimiyyəti dəstəkləyirlər. Buna paralel olaraq, ölkə vətəndaşlarının
və seçicilərinin bugünkü müxalifətə
etimadı olduqca aşağı düşübdür, hətta
demək olar ki, sıfır həddinə gəlib
çatıbdır. Belə olan halda,
müxalifət nümayəndələrinin və təmsilçilərinin
çağırışları Azərbaycan vətəndaşları
tərəfindən böyük etinasızlıqla
qarşılanır. Onların
çağırışları cəmiyyətimizdə hər
hansı bir reaksiya doğurmur və ictimai müzakirə
predmetinə belə çevrilmir. Bütövlükdə,
cəmiyyətdə bu cür radikal mövqedə duran
müxalifətə inamsızlıq və etimadsızlıq
var. Təəssüf hissi ilə qeyd etmək istəyirəm
ki, bəhs olunan qüvvələr bu vəziyyətdən
düzgün nəticə çıxara bilmirlər. Prinsip etibarilə müxalifətin əleyhinə
deyiləm. Ancaq müxalifət cəmiyyətə
hər hansı alternativ ideyanı, düşüncəni təklif
etməli və buna müvafiq olaraq özünə tərəfdarlar
formalaşdırmalıdır. Amma müxalifət cəmiyyətə
bu gün hakimiyyətin həyata keçirdiyi siyasətdən
və konsepsiyadan az da olsa, fərqlənən
ideya və ya konsepsiya təklif edə bilmir. Onların
bacardıqları və məmnuniyyətlə etdikləri
yeganə iş Azərbaycana qara yaxmaq, böhtan atmaq və
ölkə reallıqlarını təhrif etməkdir. Bu böhtan təkcə Azərbaycan iqtidarına
atılmır, bütövlükdə Azərbaycana
qarşı yönəlir. Əgər Azərbaycanın
reallığı təhrif edilirsə, bu, təkcə
hökumətin qüruruna toxunan bir hadisəyə
çevrilmir. Bu, eyni zamanda, öz dövləti,
ölkəsi və hökuməti ilə qürur duyan hər
bir azərbaycanlının qüruruna, milli hissiyyatına
toxunmuş olur. Məhz bütün bunlara
görə də bir tərəfdən, müxalifətin səmərəli
təklifi olmadığına görə, digər tərəfdən
isə, bu cür qeyri-demokratik, antimilli hərəkətlərinə
görə vətəndaşların onlara inamı azalır.
Müxalifət bütün bunlardan düzgün nəticə
çıxarmalı, öz hərəkətlərinə və
davranışlarına tənqidi yanaşmalıdır. Niyə Azərbaycan
cəmiyyəti və ölkə vətəndaşları
onlara bu qədər etinasızlıqla yanaşır? Amma həmin qüvvələr özlərinə tənqidi
münasibət bəsləmək və düzgün nəticələr
çıxarmaq əvəzinə daha radikal addımlar
atırlar. Və radikal addımlar
üçün onlara təklif olunan əsas və yeganə məkan
bir sıra xarici ölkələrin mətbuat səhifələri
olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı
qərəzli xarici dairələrin ölkəmizə
qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz
vasitəyə çevrilmiş olurlar. Beləliklə,
onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az
da olsa, təsir etmək gücündə
olmadıqlarını özləri də dərk edirlər,
amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə
tamamilə daha böyük günahlara gətirib
çıxaran addımlar atmış olurlar.
- Əli müəllim, dünyada da olduqca maraqlı və
önəmli proseslər cərəyan edir. Məsələn,
müasir beynəlxalq münasibətlər sisteminin
mühüm güc mərkəzlərindən biri olan Rusiya
Federasiyasında bu günlərdə prezdent seçkiləri
keçirildi və Vladimir Putin yenidən ölkə prezidenti
seçildi. Rusiya xalqının bu
seçimini həm regionun gələcək perspektivləri, həm
də Azərbaycan-Rusiya münasibətlərinin dinamikası
baxımından necə dəyərləndirirsiniz?
- Bu məsələni
şərh edərkən bir neçə prinsipial məqam
qeyd olunmalıdır. Birincisi, təbii ki, Rusiya
Azərbaycanın qonşusudur. Əlbəttə
ki, Rusiya böyük bir dövlətdir, iqtisadi potensialı
olduqca güclüdür, dünya siyasətində əhəmiyyətli
bir rola malikdir. Amma Rusiya-Azərbaycan
münasibətlərini səciyyələndirən təkcə
bu sadaladıqlarımız deyil. Azərbayan
ən müxtəlif səviyyə və formalarda Rusiya ilə
uzunmüddətli münasibət və əlaqələr
qurubdur. 200 ildən artıq bir müddətdə
Azərbaycan əvvəlcə Rusiya
imperiyasının-Çar Rusiyasının, sonra isə
SSRİ-nin tərkibində olubdur. Təbii
ki, bu da ümumi mənəvi-mədəni mühitin
formalaşmasını şərtləndirib, insani-humanitar
münasibətlər formalaşıbdır. Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərini
səciyyələndirən çoxşaxəli əlaqələr
və gerçəkliklərdir.
Bu mənada, Rusiyada baş tutmuş prezident seçkiləri
Azərbaycanda da olduqca diqqətlə izlənilirdi. Amma bizim ikinci
prinsipi də qeyd etməyimizə ehtiyac var ki, bu da ondan ibarətdir
ki, Azərbaycanın dövlətçilik məfkurəsi,
xarici siyasəti “hər hansı bir dövlətin daxili
işinə qarışmaq, həmin ölkəyə məxsus
daxili ictimai-siyasi proseslərə müdaxilə etmək
yolverilməzdir” prinsipinə əsaslanır. Bu baxımdan, biz istənilən xalqın, o cümlədən
Rusiya xalqının seçiminə hörmətlə
yanaşırıq.
Vladimir Putinin prezident seçilməsinin Rusiya-Azərbaycan
münasibətlərinin təsiri məsələsinə gəldikdə
isə qeyd edə bilərəm ki, Azərbaycan iqtidarı ilə
Rusiyanın fəaliyyətə başlayacaq rəhbərliyi
arasında kifayət qədər səmimi münasibətlər
mövcuddur. Bu münasibətlərin əsası Ulu öndər
Heydər Əliyevin zamanında qoyulub və Prezident İlham Əliyevin
ölkəmizə rəhbərlik etdiyi dövrdə uğurla
inkişaf edərək daha da möhkəmlənibdir. Güman edirəm ki, bundan sonra da ölkələr
arasındakı münasibətlər yeni inkişaf mərhələsinə
qədəm qoyacaqdır. Onu da qeyd etmək
lazımdır ki, bu gün Azərbaycanla Rusiya arasında gərginlik
yarada biləcək hər hansı bir ciddi problem yoxdur.
Digər bir xüsusi məqam ondan ibarətdir ki, Azərbaycanın
ən ciddi problemi olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasında da Rusiya əhəmiyyətli
rol oynaya biləcək dövlətlərdən biridir. Belə ki,
Rusiya həm münaqişənin nizama salınması məqsədilə
yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr
dövlətlərindən biridir, həm də bu format çərçivəsində
son illər olduqca fəal mövqe nümayiş etdirməkdədir.
Rusiya eyni zamanda Ermənistana ciddi təsir
imkanlarına malik olan böyük dövlət kimi
münaqişənin nizamlanmasında həlledici rol oynaya bilər.
- Dağlıq Qarabağ münaqişəsindən
söz düşmüşkən, bu günlərdə Ermənistan
prezidenti Serj Sarkisyan Brüsselə səfəri çərçivəsində
Avropa İttifaqı rəsmiləri ilə görüşlərində
Azərbaycandan şikayət edib. Ermənistanın
dövlət başçısı ölkəmizin iqtisadi
imkanlarının genişlənməsini və dövlət
büdcəsindən hərbi sahəyə yönəldilən
vəsaitlərin artmasını ölkəsi
üçün ciddi təhdid kimi dəyərləndirib.
Sarkisyanı bu qədər narahat edən səbəblər
nədən ibarətdir və yaxın perspektiv
üçün Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı hansı proqnozları vermək
olar?
- Bu
narahatçılığı doğuran səbəblər
ondan ibarətdir ki, Azərbaycan həqiqətən güclənir
və beləliklə də Azərbaycan və Ermənistan
arasında fərqlər işğalçı ölkənin
ziyanına sürətlə artmaqdadır. Azərbaycanın
əhalisi 9 milyonu örtüb və bir neçə ildən
sonra bu rəqəm 10 milyona çatacaq. Ermənistanın
əhalisi isə sürətlə azalmaqdadır. Bu
gün Ermənistanın əhalisinin real sayının 2 milyon
civarında olduğu etiraf olunur və bu ölkənin rəhbərliyi
də bir neçə il bundan əvvəl
bu gerçəkliyi gizlətməsinə baxmayaraq, artıq
onun gizlədilməsinin mümkün olmadığını
dərk etməkdədir. Bu, təbiidir ki, Ermənistanda
böyük narahatçılıq yaradır. Ermənistan
yaxın vaxtlarda əhalisi olmayan və yaxud da əhalisi
çox az olan bir dövlətə
çevrilmək təhlükəsi ilə üzləşməkdədir.
Bu, təkcə demoqrafik məsələ, əhalinin
sayının azalması deyil. Bu, həm də
iqtisadi potensial resurslarının tükənməsi deməkdir.
Ən güclü iqtisadi potensial insandır və
insan olmayan yerdə təbii ki, iqtisadi potensial inkişaf etdirilə
bilməz. Və Ermənistan çox ciddi
şəkildə bu təhlükə ilə üzləşib.
Digər
məsələlər də Ermənistanı heç də
bundan az narahat etmir. Azərbaycanın
iqtisadiyyatının güclənməsi, bunun əsasında
insanlarındakı yüksək əhval - ruhiyyə də Ermənistanı
narahat edən gerçəklikdir. İşğalçı
ölkədəki çox acınacaqlı iqtisadi durum Ermənistan
vətəndaşlarının öz hakimiyyətindən
razılıq indeksini minimuma endirib. Ermənistanda
ictimai-siyasi sabitliyin qorunması müşkül bir məsələyə
çevrilibdir. Əgər insanlar kütləvi şəkildə
öz yaşayışlarından narazıdırlarsa, onlar
heç zaman hakimiyyətdən razı ola
bilməzlər. Azərbaycanda isə əks
proseslər baş verir. Ölkənin
iqtisadi durumu və bunun üzərində formalaşan sosial
durum insanların öz həyatından məmnun və
razı olmalarını təmin edibdir. Əgər
insan öz həyatından razıdırsa, bu,
bütövlükdə əhalinin, xalqın ictimai
ovqatını müəyyənləşdirir. Bu ovqatın da kökündə dayanan o məmnunluq,
razılıqdır. İnsan həyatından
razıdırsa, hökumətindən, dövlətindən,
ölkədəki idarəçilikdən, siyasi proseslərdən
razıdır. Bu, ölkənin ictimai -
siyasi durumunun möhkəmliyini, davamlılığını
təmin edir. Ermənistanda isə başqa
bir ictimai - siyasi durum və mənəvi - psixoloji vəziyyət
mövcuddur. Narahatçılığı
yaradan səbəblər və Azəəbaycandan Ermənistanın
narahatçılığı həm də bununla əlaqədardır.
Digər bir məsələ, Azərbaycanın hərbi
qüdrətinin artmasıdır. Bu gün Azərbaycanın
hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən
əhəmiyyətli dərəcədə çoxdur. İllər keçdikcə, bu fərq də Ermənistanın
ziyanına böyüməkdədir. Bu da
Ermənistan tərəfini vahiməyə sayan gerçəklik
və reallıqdır.
Və nəhayət, Azərbaycanın bütün bu
sadaladığım səbəblərlə əlaqədar
olaraq, dünyada, dünya birliyində mövqeyinin, rolunun
artmasını da ayrıca qeyd etmək istərdim. İstər,
Avropa istiqamətində, istər daha geniş beynəlxalq aləmdə
olsun, Azərbaycanın əlaqələri möhkəmlənibdir.
İndi Azərbaycanı daha güclü, daha
perspektivli bir dövlət kimi tanıyırlar. Azərbaycanla işbirliyi qurmaq istəyən dövlətlərin
sayı çoxalır. Beləliklə də,
Ermənistan bu göstəriciyə görə Azərbaycana
uduzduğunu, bu sahədə də fərqlərin getdikcə
artdığını görür. Təbii
ki, bütün bu faktorlar onları vahiməyə salır.
Mən hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycandan
şikayət etmək əvəzinə, yaranmış
bütün bu təhlükələrin
qarşısını almağın yeganə bir yolu
haqqında düşünsə, daha yaxşı olardı. Bu da
işğal etdikləri, bu günə qədər
işğal altında saxladıqları Azərbaycan
torpaqlarını geri qaytarmaq, beləliklə, Azərbaycan tərəfindən
yaradılmış bütün bu təhlükələrin
qarşısını almaqdır. Əgər,
münaqişəni yaradan səbəb aradan götürülərsə,
Azərbaycanın işğal altındakı torpaqları azad
edilərsə, Azərbaycanın sürətli inkişafı
Ermənistan üçün hər hansı bir hədə
deyil, əksinə cəlbedici bir faktora çevrilər.
Azərbaycanın investisiyaları, digər
geniş imkanları Ermənistan üçün xilasedici bir
faktora çevrilə bilər. Digər bir
tərəfdən, bu reallıq aradan qalxarsa, Türkiyə ilə
də sərhədlər açıla, bununla da Ermənistan
öz çıxılmaz vəziyyətindən xilas olmaq
yolları ələ edə bilər. Çox
təəssüf ki, Ermənistan rəhbərliyi daha səmərəli
yollardan faydalanmaq əvəzinə, heç bir mənası
olmayan yol seçibdir ki, bu da Azərbaycandan şikayət etməkdir.
Onu da qeyd etmək vacibdir ki, Ermənistanın Azərbaycandan
şikayət etməsi bu ölkə ilə Azərbaycanın
müqayisəsində ortaya çıxan gerçəklikləri
dəyişdirmək üçün yetərli bir vasitə
deyil. Nə qədər şikayət etsələr də,
bu reallıq dəyişməyəcək. Onlar bu şikayətləri ona görə ifadə
etmirlər ki, Azərbaycan bundan sonra hərbi qüdrətini
artırmasın. Təbii ki, erməni siyasətçilər
özləri də başa düşürlər ki, Azərbaycan
bu şikayətlər əsasında öz hərbi qüdrətini
artırmaqdan vaz keçməyəcək. Bu şikayətlər Avropadan və dünyanın
digər maliyyə mərkəzlərindən Ermənistanın
ehtiyaclarını ödəmək üçün daha
çox vəsait əldə etmək, yardımlar almaq niyyətinə
xidmət edir. Ola bilər ki, bu yolla müəyyən
yardımlar alırlar. Amma bu da tamamilə
müvəqqəti olacaq. Çünki Ermənistanın
indiki durumunda hər hansı xarici yardımlarla mövcud kritik
vəziyyətdən çıxmaq mümkün deyil. Yeganə düzgün, alternativsiz yol işğal
altında saxladıqları Azərbaycan torpaqlarını
geriyə qaytarmaq və düşdükləri çox
çətin vəziyyətdən daha ağrısız
çıxmağa nail olmaqdan ibarətdir.
- Əli müəllim, sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın
xarici siyasətdə üstünlük verdiyi əsas prinsiplərdən
biri bərabər hüquqlu əməkdaşlıq,
qarşılıqlı səmimi münasibətlərə
söykənərək və heç kəsin daxili işinə
qarışmadan xoşniyyətlə əlaqələrin
inkişafına nail olmaqdır. Bunu İran İslam
Respublikasına münasibətdə də müşahidə
etməkdəyik. Azərbaycan dəfələrlə
İranın təhlükəsizliyinə təhlükə
törədəcək hər hansı bir prosesdə
iştirak etməyəcəyini və öz ərazisindən
bu ölkəyə qarşı istifadə olunmasına əsla
razılıq verməyəcəyini bəyan edib. Buna baxmayaraq, İrandakı bəzi dairələr müxtəlif
təxribatlarla Azərbaycanda vəziyyəti
qarışdırmağa, lüzumsuz bəyanatlar verərək
ölkəmizin daxili siyasətinə müdaxilə etməyə
cəhdlər göstərirlər. İranın
rəsmi dairələri isə bu kimi təxribatların
dövlətin rəsmi siyasəti olmadığını və
İrandakı demokratik mühitin bu təxribatların
qarşısını almağa imkan vermədiyini söyləyirlər.
İranın inzibati idarəetmə sistemini nəzərə
alsaq, bu ölkənin rəsmilərinin bəyanatları nə
dərəcədə səmimidir və ümumiyyətlə,
bu iki dövlət arasında əlaqələrdə
yaşanan xoşagəlməz halların aradan
qaldırılması üçün hansı addımlar
atılmalıdır?
- Azərbaycan
qonşularla münasbətlərində, bütövlükdə
xarici siyasətində bir-birinin daxili işlərinə
qarışmamaq və bir-birinin siyasətinə hörmətlə
yanaşmaq prinsipindən çıxış edir. Bu prinsip eyni zamanda, Azərbaycanın böyük
qonşularından biri olan İranla münasibətlərə
də aiddir. İran - Azərbaycan
münasibətlərində mən bir məqamı da
ayrıca vurğulamaq istəyirəm. Bu
iki dövlət arasında münasibətləri
formalaşdıran gerçəkliklərdən biri də
ondan ibarətdir ki, İranda çoxlu sayda etnik azərbaycanlılar
yaşayırlar. İran əhalisinin 40
faizini etnik azərbaycanlılar təşkil edir. İranın bütövlükdə dövlətçilik
tarixində azərbaycanlılar əhəmiyyətli rol
oynayıblar. Və təbiidir ki, orada
yaşayan azərbaycanlılar həm də İranı
özlərinin vətəni hesab edirlər. Bütün bunların hamısı bizim münasibətlərimizə
xüsusi çalarlıq gətirən məqamdır,
böyük tarixdir, bugünkü gerçəklikdir. İranla Azərbaycanın normal mehriban qonşuluq
münasibətləri heç bir vəchlə, heç bir amilin
təsiri altında pozulmamalıdır. Azərbaycan
olaraq, bizim yanaşmamız bundan ibarətdir.
O da sirr
deyil ki, İran bu gün ciddi problemlərlə üzləşibdir.
Açıq şəkildə qeyd etmək
lazımdır ki, bu problemlərin nə yaranmasında, nə
bu həddə çatmasında Azərbaycanın heç bir
rolu olmayıb, bunun Azərbaycanla heç bir əlaqəsi
yoxdur. Digər bir tərəfdən də,
İran probleminin həll olunmasında da Azərbaycan bir faktor
kimi, bir vasitə kimi heç zaman istifadə olunmayacaqdır.
Azərbaycan dəfələrlə
açıq şəkildə rəsmi şəxslərin
dili ilə öz mövqeyini ortaya qoyubdur. Belə
olan halda, İranın Azərbaycandan şübhələnməsi
hesab edirəm ki, tamamilə yersizdir. Ən
azacıq olsa belə, əsas yoxdur ki, İran üzləşdiyi
problemlərin Azərbaycanla bağlı olduğuna
inanmış olsun, yaxud da İran rəsmi dairələrində
belə bir düşüncə formalaşmış olsun.
Mən hesab edirəm ki, İran
özünün üzləşdiyi problemi həll etmək
üçün başqa yol seçməlidir. Bu yol bütövlüklə İran-Azərbaycan
münasibətlərinin üzərinə kölgə
salmaqdan tamamilə kənar olmalıdır. Əksinə, Azərbaycanla münasibətlərin
pozulmaması, münasibətlərimizə kölgə salacaq
addımların atılmaması İranın üzləşdiyi
problemlərin həllini əhəmiyyətli dərəcədə
yüngülləşdirə bilər.
Biz bütövlükdə İranla yaranmış
münaqişəli vəziyyətin danışıqlar vasitəsilə,
xüsusi gərginlik ortaya qoymadan həllinin tərəfdarıyıq. Bu, ilk növbədə,
Azərbaycanın xarici siyasətinin sülhsevər mahiyyətindən
irəli gəlir. İkinci bir tərəfdən,
təbiidir ki, Azərbaycanla İran qonşu dövlətlərdir,
İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır.
İranda ciddi gərginliyin olması Azərbaycanı,
həm də, narahat edir. Ən azından
İranda hər hansı bir gərginlik olarsa, bundan etnik azərbaycanlılar
əziyyət çəkəcəklər. Azərbaycan dövləti olaraq, biz bunu istəmirik.
Dünyanın istənilən yerində
yaşayan insanların, o cümlədən etnik azərbaycanlıların
rahat yaşaması bizim dövlətimizin məfkurə əsaslarından
birini təşkil edir. Biz bütün
İran vətəndaşlarının, həmçinin, etnik
azərbaycanlıların dinc, rahat, təhlükəsiz
yaşamalarını arzu edirik. Bu mənada
İranla bağlı olan problemlərin tez bir zamanda və dinc
yollarla aradan qalxmasının tərəfdarıyıq.
Təbii ki, biz bütövlükdə dünya siyasəti
nöqteyi-nəzərdən yanaşdıqda, İranın
dinc məqsədlər üçün nüvə enerjisindən
istifadə etmək haqqını qəbul edirik. Amma, eyni
zamanda, biz nüvə silahının yayılmaması
konsepsiyasını açıq şəkildə dəstəkləyirik.
Mən hesab edirəm ki, bütün dünyada
sülhün, təhlükəsizliyin, əmin-amanlığın
təmin olunmasında nüvə silahının
yayılmaması çox vacib şərtlərdən biridir.
Ona görə də biz bu prinsiplər kontekstindən
yanaşaraq İranla bağlı problemin həll edilməsinin
tərəfdarıyıq. İran tərəfinin
heç bir əsas olmadan Azərbaycanla bağlı bu cür
addımlar atması bir yandan tamamilə yersizdir, ikinci bir tərəfdən
Azərbaycanla İran arasında bu günki əlaqələrə
ciddi problemlər yaradır, nəhayət, İranın
özünün üzləşdiyi problemlərin aradan
qalxmasına xidmət etmir. Bu mənada İran
dairələrinin rəsmi şəkildə inkar etmələrinə
baxmayaraq, təbii ki, onların qeyri - rəsmi
razılığı ilə aparılan antiazərbaycan təbliğatını
qətiyyətlə pisləyirik. Mən
hesab edirəm ki, bizim münasibətlərimizdə kifayət
qədər səmimilik olmalıdır. Azərbaycan
bu səmimiliyini dəfələrlə açıq şəkildə
nümayiş etdirib. Bu gün də bizim
siyasətimizdə və münasibətlərimizdə həmin
səmimiyyət mövcuddur. Biz istərdik
ki, İran tərəfindən də bu səmimilik ortada olsun.
Əgər biz səmimi olaraq əməkdaşlıq
niyyətimizi ortaya qoyuruqsa, onda gərək praktik
addımlarımız da bu səmimiliyə uyğun olsun və
bəyanatlarımız atdığımız addımlarla
ziddiyyətlər təşkil etməsin. Təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, İranın hərəkətlərində
bəzi hallarda verilən bəyanatlarla praktik addımlar
arasında bizi narahat edən, incidən ziddiyyətlər var.
Bu ziddiyyətləri aradan qaldırmaq lazımdır. Azərbaycan buna hazırdır, bunun tərəfdarıdır,
istərdik ki, İranda da bu cür yanaşmalar olsun.
- Yeni Azərbaycan Partiyasının fəaliyyətində
xarici əlaqələrinin genişlənməsi və bir
sıra dövlətlərin siyasi partiyaları ilə
münasibətlərin inkişafı mühüm əhəmiyyət
kəsb edir. Bu günlərdə isə partiyanın nümayəndə
heyəti İtaliyaya səfər edib və bu səfər
çərçivəsində çox mühüm
görüşlər keçirilib. Bu səfər
və ümumiyyətlə, partiyanın xarici əlaqələri
haqqında məlumat verməyinizi xahiş edərdik.
- Bütövlükdə Yeni Azərbaycan
Partiyasının beynəlxalq əlaqələrinə biz Azərbaycanı
dünyaya demokratik, sürətlə inkişaf etməkdə
olan dövlət kimi tanıtmaq konsepsiyasının tərkib
hissəsi kimi baxırıq. Məmnunluq hissi ilə
qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası bu
istiqamətdə kifayət qədər geniş fəaliyyət
göstərir. Avropa istiqamətində
Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyası ilə
yüksək səviyyəli əlaqələrə malikdir.
Bildiyniz kimi, Avropa Xalqları Partiyası Avropa
Parlamentində həlledici rola malikdir və aparıcı
Avropa dövlətlərində hakimiyyətdə olan partiyalar
bu qrupda birləşiblər. Avropa
Xalqları Partiyası ilə çox yaxşı münasibətlərimizin
qurulması bizim tərəfimizdən Azərbaycanın
Avropaya inteqrasiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Hesab edirəm ki, biz bu fəaliyyətimizi
genişləndirməklə ölkəmizin Avropa strukturlarına
inteqrasiyasına öz töhfəmizi verə bilirik.
İkinci istiqamət Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konqresidir ki, Yeni Azərbaycan Partiyası artıq bu qurumla da əməkdaşlığı
qura bilibdir.
YAP bu Konqresin İdarə Heyətinə daxil olan 20 partiyadan biridir.
Məxsusi olaraq, onu qeyd etmək istəyirəm
ki, Asiyanın bütün partiyalarını birləşdirən
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konqresinin VII Baş
Assambleyası bu ilin sonlarında Bakıda keçiriləcəkdir.
Bundan savayı, YAP-ın ayrı-ayrı ölkələrdə
fəaliyyətdə olan böyük nüfuzlu partiyalarla ikitərəfli
əlaqələri var. Bu ölkələrin sırası
kifayət qədər genişdir. Bu sıraya
Rusiyanı, Türkiyəni, Ukraynanı, Çini və digər
başqa dövlətləri daxil edə bilərəm. Yeni Azərbaycan Partiyasının nümayəndələri
ayrı-ayrı partiyaların dəvəti ilə çox
tez-tez müxtəlif ölkələrdə səfərdə
olurlar.
Qeyd etdiyiniz kimi, bir neçə gün bundan əvvəl
YAP-ın nümayəndə heyəti İtaliyada səfərdə
olub. Səfər çərçivəsində bu
ölkənin keçmiş Baş naziri və
İtaliyanın ən güclü partiyalarından birinin rəhbəri
Silvio Berluskoni ilə görüşdük. Onun partiyası bu gün İtaliya parlamentində
çoxluq təşkil edir və bütövlükdə
ölkənin siyasi sistemində çox əhəmiyyətli
rol oynayır.
Həmçinin, iki gün öncə Ukraynanın
Regionlar Partiyasının qurultayı keçirildi və
YAP-ın nümayəndələri partiyanın dəvəti
ilə bu tədbirdə iştirak etdilər. Bundan
başqa, bizə müxtəlif ölkələrin siyasi
partiyalarından - o cümlədən, Vyetnam və Kanadadan səfərlərlə
bağlı dəvətlər daxil olub. Biz
o səfərlərin reallaşdırılması
imkanlarını və vaxtını təhlil edirik. Açığını deyim ki, bu əlaqələr
son dövrlərdə xeyli genişlənib və səfərləri
biz ciddi şəkildə planlaşdırmaq zorunda
qalırıq.
YAP-ın
Gənclər Birliyi də çox geniş beynəlxalq əlaqələr
qurubdur. Bizim gənclərimiz Avropa Demokratik Gənclər
İtitifaqı ilə yaxından əməkdaşlıq edir.
Ayrı-ayrı ölkələrin YAP-la həm əməkdaşlığı
olan, bəzi hallarda isə hələ əməkdaşlıq
qurmadığımız siyasi partiyalarının gənclər
təşkilatları ilə YAP Gənclər Birliyi əməkdaşlıq
edir. Bu əməkdaşlıq bir qədər
də emosional və dostluq formasında həyata keçirilir.
Bu çərçivədə müxtəlif
qarşılıqlı səfərlər
reallaşdırılır. Məsələn, ötən
il Rumıniyanın Liberal Demokratlar
Partiyasının dəvəti ilə YAP-ın 10 nəfər
gənci bu ölkədə səfərdə oldu. Eynilə, YAP-ın dəvəti ilə
Rumıniyanın Liberal Demokratlar Partiyasının gəncləri
ölkəmizə səfər etdilər.
Beləliklə, geniş beynəlxalq əlaqələrimiz
var və biz bu münasibətlərin inkişafına kifayət
qədər ciddi yanaşırıq. Bir yandan Yeni Azərbaycan
Partiyası bu əməkdaşlığı həyata
keçirməklə Azərbaycanın dünyaya təqdim
olunmasına özünün imkanları daxilində töhfələrini
verir. İkinci bir tərəfdən bu əlaqələr
vasitəsilə özü dünyada tanınmış olur.
- Əli müəllim, Yeni Azərbaycan
Partiyasının gənclər siyasətinin də kifayət
qədər effektiv nəticələr verdiyini söyləyə
bilərik. Xüsusən, gənc liderlərin, mili
maraqlarımızın müdafiəsində fəallıq
göstərən gənclərin hazırlanmasında
partiyanın xidmətləri danılmazdır və bir örnək
təşkil edə bilər. O baxımdan istərdik belə
bir sualla sizə müraciət edək. YAP-ın gənclər
siyasətinin mühüm elementləri və
üstünlükləri nədən ibarətdir?
- Azərbaycanın əhalisi çox sürətlə artır. 20 ildə Azərbaycanın əhalisinin 2 milyon artması o deməkdir ki, Azərbaycanda əhalinin tərkibində gənclər daha yüksək çəkiyə malikdir. Və statistikaya görə, Azərbaycan əhalisinin 60 faizini 35 yaşa qədər vətəndaşlar təşkil edirlər. Bu, çox byöük nemətdir və bundan lazımi nəticə çıxarıb səmərəli şəkildə faydalanmaq gərəkdir. Biz bunu elə bu cür də qəbul edərək, YAP-ın gənclərlə bağlı siyasətinin həyata keçirilməsində istifadə edirik. Bir halda ki, əhalinin tərkibində gənclər çox yüksək çəkiyə malikdirlər, demək, YAP-ın həyata keçirdiyi siyasətdə gənclərlə bağlı konsepsiya həlledici rol tutmalıdır. O cümlədən, gənclər bizim partiyamızın tərkibində də daha yüksək çəkiyə malik olmalıdır. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında gənclər 40 faiz təşkil edirlər. Nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasına insanlar ölkə qanunvericiliyinə uyğun olaraq, 18 yaşından sonra daxil ola bilərlər, onda bunun nə qədər yüksək bir göstərici olduğunu daha yaxşı dərk etmiş ola bilərik. Hesab edirəm ki, belə bir yüksək göstəricinin əldə olunmasında həlledici səbəblərdən biri təbii ki, Azərbaycan iqtidarının gənclərə yönəlmiş siyasəti, Prezidentimizin gənclərə münasibətidirsə, eyni zamanda YAP-ın sıralarında gənclərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Onlar başa düşürlər ki, Yeni Azərbaycan Partiyası gənclərimizin ölkənin ictimai-siyasi həyatına qoşulması üçün çox gözəl platformadır və gənclərimiz də bundan faydalanmaq üçün çox məmnuniyyətlə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Dərk edirlər ki, YAP-ın sıralarında onlar özlərinin potensialını aşkar etmək və ondan istifadə etmək imkanları qazanırlar. Digər tərəfdən, biz gənclərimizin YAP sıralarında fəaliyyətini stimullaşdırmaqla istedadlı gəncləri üzə çıxarırıq, onları cəmiyyətə təqdim edirik, gənc liderləri formalaşdırırıq. Təbii ki, Yeni Azərbaycan Partiyasının gəncləri, bütövlükdə Azərbaycan gəncləri bir neçə ildən sonra ictimai - siyasi həyatda həlledici mövqelər tutacaqlar. Azərbaycanın gələcək nazirləri, parlament üzvləri, tanınmış biznesmenləri məhz həmin gənclərin içərisindən çıxacaqlar. Demək, YAP, həm də, bu paramertlərə və bu potensiala malik gəncləri aşkar etmək funksiyasını öz üzərinə götürüb. Guman edirəm ki, bu funksiyanı layiqincə yerinə yetirir. Bununla bağlı misallar da gətirə biləçrəm. Məsələn, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin əvvəlki sədri TürkPA yarandıqdan sonra bu qurumun baş katibi seçilib və həm cəmiyyətdə, həm də TürkPA çərçivəsində özünü kifayət qədər tanıtmış gənc siyasətçidir. Güman edirəm ki, onun yaxşı gələcək perspektivləri də var. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Dünya Azərbaycanlı Gənclərinin Konqresinin sədri seçilib və güman edirəm ki, onun da gələcəkdə çox böyük inkişaf etmək potensialı var. Mən açıq demək istəyirəm ki, YAP GB-yə daxil olan bir çox istedadlı gənclər var ki, gələcəkdə onlar Azərbaycanın ictimai və siyasi həyatında tanınmış simalara çevriləcəklər. Bu gündən artıq onlar özlərini tanıda biliblər. Birincisi, kifayət qədər bacarıqlı və qabiliyyətlidirlər, böyük potensiala malikdirlər, ikincisi, Yeni Azərbaycan Partiyası kimi qüdrətli bir partiyanın içərisində onun yaratdığı imkanlardan faydalanaraq özlərini cəmiyyətə təqdim edirlər. YAP zamin olaraq, onları cəmiyyətə təqdim edir ki, bu da onlara etimadı daha da artırmış olur.
Beləliklə, biz gənclərimizə böyük ümidlərlə baxırıq. İnanırıq ki, gənclərimiz bu ümidləri doğrultmağa layiqdirlər. Hesab edirəm ki, gənclərimiz gələcəyin çox ciddi ümid verən liderləri olacaqlar.
Yeni Azərbaycan.-
2012.- 20 mart.- S.4-5.