YAP Azərbaycanın
ağrılı-acılı, kədərli günlərindən,
ölkənin dağılması, parçalanması
dövründən bugünkü inkişafına qədər
çox şərəfli və çətin bir yol keçib
Yeni Azərbaycan
Partiyası İcra katibinin müavini, millət vəkili
Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
-
Siyavuş müəllim, ötən ilin sonlarında Yeni Azərbaycan
Partiyası şəhər və rayon təşkilatlarında
hesabat-seçki konfranslarına start verdi. Bu günə qədər
əksər təşkilatlarda artıq bu tədbirlər
reallaşıb. Ümumiyyətlə, siz bu konfransların nəticələrini
necə qiymətləndirirsiniz?
-
Ümumilikdə, Yeni Azərbaycan Partiyasının (YAP) 84
rayon - şəhər təşkilatı var. Partiyanın
Nizamnaməsinə müvafiq olaraq rayon-şəhər təşkilatları
2 ildən bir bu konfransları keçirməlidir. Lakin bəzən
bu konfranslar seçkilər ilinə təsadüf etdiyi
üçün həmin vaxt bu konfransları növbəti
vaxtlara keçiririk. 2011-ci ildə və 2012-ci ilin birinci
yarısında seçki ilə əlaqədar heç bir məsələ
olmadığına görə, biz bu dövrdə
konfranslarımızı keçirdik. 2012-ci ilin
yarısından sonra isə növbəti il üçün
seçki hazırlıq işləri aparılacaq. O müddətədək
rayon-şəhər təşkilatlarında hesabat
konfranslarımızı başa çatdırmaq üzrəyik.
Yalnız 8 təşkilatda hələ ki, bu konfranslar baş
tutmayıb və yaxın günlərdə hazırlıq
işləri başa çatdıqdan sonra həmin rayon -
şəhər təşkilatlarında proses davam etdiriləcək.
Burada bir
neçə məsələyə diqqət yönəltmək
istəyirəm. Partiya sıralarının genişlənməsi
ilk partiya təşkilatlarının sayının
artırılması zərurətini ortaya
çıxarıb. İlk partiya təşkilatları əsasən
məntəqələr ətrafında yaradılır. Azərbaycanda
5 minə yaxın məntəqə var. Bu gün YAP ilk təşkilatlarının
sayı 8 minə yaxındır. Elə məntəqələr
var ki, onların ətrafında bir neçə ilk təşkilat
fəaliyyət göstərir. Bu da seçkilər ərəfəsində
elektoratın öyrənilməsi, seçicilərlə
işin aparılması, problemlərin aradan
qaldırılmasına köməklik göstərir.
İlk təşkilatlarla
yanaşı, partiyaya üzv olanların sayı da artır. Bu
gün YAP-ın 20 mindən artıq üzvü olan rayon təşkilatları
var. Belə ki, YAP-ın bir rayon təşkilatının
üzvlərinin sayı bütövlükdə ölkə
üzrə fəaliyyət göstərən müxalifət
partiyalarının ümumi üzvlərinin sayından
artıqdır. Məsələn, partiyanın Gəncə,
Yasamal, Səbail kimi böyük rayon təşkilatlarının
20 min nəfərdən artıq üzvü var. Hazırda 10-a
yaxın təşkilatımızın üzvlərinin
sayı 20 minə qədərdir. Çox gözəl
haldır ki, ötən il partiyaya qəbul olan 30 mindən
yuxarı üzvlərin 45 faizi gənclərdir. Biz şahidi
oluruq ki, Azərbaycan gəncliyi qanunvericiliklə onların
siyasi partiyaya üzv olma hüququndan istifadə edərək
daha çox YAP-a etimad göstərir. Çoxlu sayda tələbələr
YAP-a üzv olmaq üçün müraciət edirlər. Bu
baxımdan da, rayon - şəhər təşkilatlarının
say tərkibi kəmiyyət və keyfiyyətcə genişlənib.
Bunun nəticəsində müvafiq olaraq bütün təşkilatların
seçkili orqanlarda, istər rayon şurası, istər nəzarət
təftiş qrupu, istərsə də idarə heyətində
30 faizədək dəyişikliklər aparılıb. Yəni,
gələn yeni qüvvələr partiyanın idarəçiliyində
bilavasitə təmsil olunurlar. Bu baxımdan həm
yaşlı, həm orta nəslin potensialı ilə gənc nəslin
qüvvəsi birləşdirilir. YAP-ın gələcək
inkişaf perspektivləri ilə bağlı bütün
istiqamətlər üzrə işlər görülür.
Qeyd edim ki, bəzi yerlərdə müasir ictimai proseslərə
cavab verməyən, bu və ya digər şəkildə
partiyanın apardığı siyasi işin önündə
gedə bilməyən rayon - şəhər təşkilatları
sədrlərinin dəyişdirilməsi ilə bağlı tədbirlər
görülür. Bu da partiyanın növbəti seçki
prosesləri üçün atdığı mühüm bir
addım hesab edilə bilər.
-
Siyavuş müəllim, sizin də qeyd etdiyiniz kimi, fəal, vətənpərvər
gənclərin partiya sıralarına cəlb olunması,
onların gənc lider kimi yetişdirilməsi Yeni Azərbaycan
Partiyasının fəaliyyətində prioritet istiqamətlərdən
biridir. Yeni Azərbaycan Partiyası gənclərə özlərini
təsdiq üçün, bacarıqlarını, potensiallarını
reallaşdırmaq üçün geniş imkanlar yaradır.
Bəs gənclərin partiyanın həyatında, ölkəmizdə
cərəyan edən ictimai - siyasi proseslərdə yerini və
rolunu necə qiymətləndirirsiniz?
- YAP gənclərin
potensialından maksimum dərəcədə istifadə edir.
Onlar üçün geniş meydan açır ki,
bütün sahələrdə potensiallarını üzə
çıxara bilsinlər. Bu sahələrdə
çoxşaxəli tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, YAP ayrı-ayrı sahələr,
ictimai-siyasi, beynəlxalq əməkdaşlıq və s. məsələlərlə
əlaqədar layihələr və tədbirlər reallaşdırır.
Bu cür tədbirlərin bir qismi də gənclərlə
bağlıdır. Biz gənclərin qış məktəbini
təşkil etdik, burada bir çox mövzular müzakirə
olundu. Belə desək, gənclər həm istirahət etdi, həm
də Azərbaycanın ictimai, siyasi xadimləri, Milli Məclisin
deputatları ilə görüşərək onların
mühazirələrini dinlədilər, diskussiyalar
aparıldı, həm də gənclərin özlərinin təqdimatları
maraqla izlənildi.
Bununla
yanaşı, sosial şəbəkələrdə gənclərin
işinin təkmilləşdirilməsi ilə əlaqədar
rayon - şəhər təşkilatlarının gənclər
birliklərinin sədrlərinin konfransı keçirildi.
İndi artıq biz regionlarda bu tip tədbirlərin
keçirilməsini nəzərdə tuturuq. Region gəncləri
ilə görüş və onları maraqlandıran, bu
gün gündəlikdə olan məsələlər ilə
bağlı fikir mübadiləsi aparmaq qarşıya məqsəd
qoyulub. Biz çalışırıq ki, region gəncləri
mərkəzdən olan gənclərlə birlikdə bu
müzakirələri aparsınlar. Bir neçə bölgələrdə
artıq bu layihələrimiz hazırdır və gələn
həftədən bu tədbirlərə start verəcəyik.
Bu tədbirlərdə bütün mövzular, o cümlədən,
narkomaniyaya qarşı mübarizə, erkən yaşlarda
nigaha girmə, təhsil sistemi, təlim-tərbiyə və s.
məsələlər müzakirə olunacaq. Həmçinin,
Azərbaycanın beynəlxalq siyasətdə yeri və rolu
mövzusunda gənclərlə diskussiyaların
aparılması nəzərdə tutulub. Eyni zamanda, müxtəlif
idman oyunlarının təşkili nəzərdə tutulub.
Az öncə qeyd etdiyim kimi, yenə də region gəncləri
ilə mərkəz gənclərinin, eləcə də,
müxtəlif sahələri təmsil edən gənclərin
bir araya gətirilməsinə xüsusi önəm veririk. Bu,
həm də onların dünyagörüşünün, siyasi
mədəniyyətinin genişlənməsi baxımından əhəmiyyətlidir.
Bununla
yanaşı, gənclərin beynəlxalq əlaqələrinin
genişlənməsinə xüsusi önəm verilir.
Ayrı-ayrı gənclər təşkilatları ilə əlaqələr
qurulur, qarşılıqlı səfərlər həyata
keçirilir. Keçən il həm bizim gənclərimiz
müxtəlif ölkələrdə, tədbirlərdə
olublar, həm də başqa ölkələrin fəal gəncləri
bizim ölkəmizə səfər ediblər. Qısacası,
partiyanın gənclər siyasəti müxtəlif istiqamətlərdə
uğurla həyata keçirilir və bu proses davam etdiriləcək.
- Beynəlxalq
əməkdaşlıqdan söz düşmüşkən,
YAP-ın beynəlxalq əlaqələri barədə nə
deyə bilərsiniz? Bildiyimiz kimi, hakim partiya müxtəlif
ölkələrin siyasi partiyaları ilə və bəzi
beynəlxalq təşkilatlarla çox geniş əlaqələr
qura bilib...
- Biz bu
sahədə fəaliyyətimizi əsasən iki istiqamətdə
qurmuşuq. Birincisi, biz Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konqresinin İdarə Heyətinin üzvüyük. Burada 56
dövlət təmsil olunur. Elə ölkələr var ki,
burada bir neçə siyasi partiya ilə təmsil olunur. Lakin
idarə heyətinin sadəcə 20 üzvü var, onlardan biri
də Azərbaycandır. Həmçinin, Avropa Xalqları
Partiyasında müşahidəçi qismində təmsil
olunuruq. Onlarla da müxtəlif sahələrdə əməkdaşlıq
edirik. Həmçinin, orada təmsil olunan bütün
partiyalarla sıx əlaqələr qura bilmişik. Bu əməkdaşlıq
davam etdirilir.
YAP
dünyanın bir çox ölkəsinin siyasi partiyaları
ilə ikitərəfli əməkdaşlığa dair
müqavilələr imzalayıb. Bu yaxınlarda biz Ukraynada
Regionlar Partiyasının qurultayında iştirak etdik. Bu,
Ukrayna prezidenti Viktor Yanukoviçin rəhbərlik etdiyi
partiyanın seçkilər öncəsi sonuncu qurultayı
idi və bir çox təşkilati məsələlər
qurultayda öz həllini tapdı. Bundan öncə isə
Avropa Xalqları Partiyasının İtaliyada keçirilən
tədbirində iştirak etdik. Bu səfərlərin hər
ikisində rəsmi səviyyəli müxtəlif görüşlərimiz
oldu və bu görüşlərdə həm də
partiyalarımız arasında əməkdaşlığın
inkişaf etdirilməsinə dair geniş müzakirələr
aparıldı. Bu gün bir sıra başqa dövlətlərin
də siyasi partiyalarından münasibətlər qurulması
ilə bağlı bizə müraciətlər daxil olur.
Biz əlaqələrimizdən
yararlanaraq Azərbaycanın dövlət siyasəti, ölkəmizin
problemləri, ərazilərimizin işğal olunması və
s. məsələlərlə bağlı beynəlxalq
ictimaiyyətə daha dolğun, ətraflı məlumatlar
veririk. YAP Xocalı soyqırımının 20 illiyi ilə
bağlı dünyanın bütün ölkələrinin
parlamentlərinə, müxtəlif təşkilatlara
Xocalı faciəsinə dair qısa, lokanik məlumatlandırıcı
müraciətlər göndərib.
Eyni
zamanda, qondarma “erməni soyqırımı” ilə
bağlı Fransa parlamentinin qəbul etdiyi məlum qərarla əlaqədar
olaraq YAP və onun gəncləri intensiv şəkildə
iş aparıb. Demək olar ki, parlamentin bütün üzvlərinə
məktublar göndərilib, onların bir qismindən cavab da gəlib.
Fransa parlamentinin vitse-spikerindən bizə məktub daxil oldu
ki, o, istənilən halda həmin məsələnin əleyhinədir.
Yəni, biz bu cür çoxşaxəli əlaqələr
quraraq dövlətimizin maraqlarının beynəlxalq aləmdə
müdafiə olunmasına öz töhfələrimizi veririk.
- Azərbaycan
dövlətinin inkişafında, müstəqilliyimizin
möhkəmlənməsində, dövlətimizin və
xalqımızın bugünkü nailiyyətlərinin əldə
olunmasında Yeni Azərbaycan Partiyasının rolu və xidmətləri
müqayisəolunmazdır. Ona görə də, Yeni Azərbaycan
Partiyasının yaranmasının 20-ci ildönümü təkcə,
partiya üzvləri üçün deyil, bütövlükdə
xalqımızın həyatında əlamətdar bir tarixi
hadisədir. YAP bu tarixi hadisəyə hazırlıqla
bağlı hansı tədbirləri planlaşdırır?
- YAP fəaliyyət
göstərdiyi 20 ilin 19 ilini iqtidarda olub. Təməli
Ümummilli liderimiz tərəfindən qoyulan YAP Azərbaycanın
ağrılı-acılı, kədərli günlərindən
ölkənin dağılması, parçalanması
dövründən bugünkü inkişafına qədər
çox şərəfli və çətin bir yol
keçib. YAP-ın üzvləri dövlətçiliyimizin
qorunub saxlanması və möhkəmləndirilməsi,
ölkəmizin iqtisadi inkişafı və bugünkü tərəqqinin
əldə olunmasında müstəsna rol oynayıb. Buna
görə də, biz fəxr edirik ki, məhz YAP-ın
üzvləriyik. Bu gün Azərbaycana verilən qiymət,
ölkəmizin BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsinə bu qədər dəstək
göstərilməsi, Azərbaycanda “Eurovision 2012” mahnı
müsabiqəsinin keçirilməsi, 2020-ci ildə Olimpiya
oyunlarının keçirilməsinə dair ölkəmizin
namizədliyinin irəli sürülməsi və əsas
iddialılardan biri kimi qəbul olunmasında təbii ki,
hazırkı iqtidarın və YAP-ın böyük rolu var.
Buna görə də, hesab edirik ki, YAP qarşısında
duran vəzifələrdən bir hissəsini yerinə yetirib.
Digər hissəsi - qarşıda duran perspektivlərlə
bağlı işlər də aparılır. Partiyanın 20
illiyi ilə bağlı qeyd edim ki, xüsusi proqramımız
var. Partiyanın 20 illik həyatı xalqdan və dövlətdən
kənarda olmayıb. Bunlar bir - biri ilə əlaqəli, iç-içə
olan proseslərdir. Bu baxımdan da geniş şəkildə
proqram hazırlamışıq. May ayından sonra həmin
proqram əsasında müvafiq tədbirlərin həyata
keçirilməsi ilə bağlı işlər
görüləcək.
- Azərbaycan
bu gün dünyamiqyaslı tədbirlərə, idman
yarışlarına, siyasi konfranslara, mədəni tədbirlərə
yüksək səviyyədə evsahibliyi edir. May ayında
keçiriləcək “Eurovision” musiqi yarışması da
bunlardan biridir. Ötən il musiqi yarışmasında
qazanılan böyük qələbədən sonra Azərbaycan
dövləti dərhal bu musiqi yarışmasının təşkilinə
hazırlıq işlərinə başlayıb və
hazırda hazırlıqlar yüksək səviyyədə
davam etməkdədir. Buna baxmayaraq, bəzi dairələrin də
haqsız iradlarını və bu musiqi yarışmasına
qarşı qərəzli kampaniyalarını müşahidə
edirik. Siz, bu tendensiyanı, bu qeyri - ədalətli
kampaniyanı nə ilə əlaqələndirərdiniz?
-
Birincisi, “Eurovision” siyasi kampaniya deyil, bu musiqi
festivalıdır. Bu musiqi bayramı tamamilə siyasətdən
kənarda dayanmalıdır. Ümumiyyətlə, bu istiqamətdə
cəhdlər olunması belə “Eurovision”un prinsip və nizamnaməsinə
ziddir. Məlum olduğu kimi, Azərbaycan “Eurovision” tarixində
çox fərqli bir yarışma keçirəcək.
İstər onun hazırlıq işlərinin
başlanması, dövlət komissiyasının
yaradılması, ona ayrılan vəsaitlər, quruculuq
abadlıq işləri, proqramları, görülən digər
bütün işlər bu qənaətə gəlməyə
imkan verir ki, Azərbaycanda keçiriləcək “Eurovision” bu
yarışmanın tarixinə bir ilk, yenilik və ən
möhtəşəm yarışma kimi düşəcək.
Yaxşı yadımdadır ki, ötən yarışmada, yəni,
Azərbaycanın qalib olduğu yarışmada nəticələri
şərh edən rusiyalı aparıcılar qeyd etmişdilər
ki, indi Azərbaycanın qonaqları necə
qarşılayacağına baxarsınız. Biz Azərbaycana
inanırıq və Azərbaycanın potensialı
yarışmanı yüksək səviyyədə
keçirməyə imkan verir. Bu da ona əsaslanır ki, Azərbaycanda
keçirilən bütün yarışmalar, forumlar, beynəlxalq
tədbirlərin hər biri istər təhlükəsizlik,
istər təşkilati, istər texniki, insanların sərbəst
hərəkət etməsi baxımından çox yüksək
səviyyədə təşkil olunur.
Lakin bəzi
qüvvələr bu prosesə kölgə salmaqdan
ötrü Azərbaycana marağı olub tələbi ödənməyən
dövlətlər tərəfindən
qızışdırılıb ortaya atılıblar.
Hansı ölkədə görünüb ki, “Eurovision”
keçirilən ölkədə amnistiya tələb olunsun.
Cinayətkar cinayət törədibsə, cəzasını
çəkməlidir. Qanun qarşısında cavab verməlidir.
Bu halın qanunlar çərçivəsində həlli
mümkündür. Kimsə aşağı instansiyaların
qərarından narazıdırsa, onun daha böyük
instansiyalara müraciət etməsi məqsədəuyğundur.
Əgər ədalətsizlik varsa, bu, məhkəmə yolu ilə
həll olunmalıdır. Bunun yolu “Eurovision”dan keçmir.
“Eurovision” insanları onların törətdiyi cinayətdən
azad etmir. Bu festival insanlara musiqi bəxş edir, onların
musiqi zövqünün formalaşmasına, musiqi
potensialının ortaya çıxmasına,
ifaçılıq qabiliyyətinin müəyyənləşdirilməsinə
xidmət edir. Ondan təzyiq metodu kimi istifadə olunması isə
tamamilə yanlışdır. Bu, artıq anti-Azərbaycan,
antidövlət çıxışıdır, iqtidara deyil,
xalqa və dövlətə qarşı çıxmaqdır
və bunu anlamaq lazımdır. Bu cür addımlar yalnız
düşmən mövqeyində dayananların işidir.
Dünya ölkələri də yaxşı bilir ki, bu metod
deyil və bu üsulla hələ heç kim, heç nəyə
nail olmayıb və nail olmayacaq da. Digər tərəfdən,
Azərbaycanın belə tədbirləri həyata keçirməsi
təbii ki, bizi əhatə edən bəzi dövlətləri
də qane etmir. Azərbaycan artıq nəinki regionda, həm də
postsovet ölkələrindən çıxaraq Şərqi
Avropa ölkələrində də liderliyi yavaş-yavaş ələ
almaqdadır. Azərbaycanın Şərqi Avropadakı müəyyən
layihələri maliyyələşdirməsi, aparıcı
iqtisadi forumlarda I yerlərdə dayanması, Azərbaycana
istinadlar təbii ki, bəzi ölkələri də
qıcıqlandırır. Onlar öz əlaltılarını
ortaya salaraq, bu və ya digər şəkildə məsələyə
təsir göstərməyə çalışırlar.
Lakin Azərbaycan güclü, hüquqi bir dövlətdir,
qanunun aliliyi hər şeydən üstündür. Bu
baxımdan da istənilən məsələ qanun çərçivəsində
həll olunacaqdır.
Mən
bir məsələni də qeyd etmək istəyirəm. 200
mindən artıq azərbaycanlı Ermənistandan
çıxarılıb, 1 milyondan artıq
qaçqınımız Ermənistanın
işğalçı siyasəti nəticəsində öz
yurdlarından didərgin düşüb, ev-eşikləri
dağıdılıb, qəbiristanlıqlar, mədəni
abidələr dağıdılıb, muzeylər talan olunub.
Amma bir dənə də olsun, hüquq-müdafiə təşkilatları
bunların heç biri haqqında Avropa məhkəməsinə
və ya insan haqları məhkəməsinə müraciət
etməyib. Lakin Bayıl yolunda bir ev söküləndə dərhal
buna reaksiya verilir. Və yaxud da qış bulvarında hər
hansı bir hüquq müdafiəçisinin evi plana
düşərək söküləndə, getmədikləri
məhkəmə qalmır. Baxmayaraq ki, bu evlər
sökülərkən qanunun bütün tələbləri
gözlənilir. Nəyə görə,
sadaladığımız 200 mindən artıq Ermənistandan
zorla köçürülmüş, deportasiya olunmuş məcburi
köçkün və ya 1 milyondan artıq
qaçqının əmlakı, talan olunan mədəniyyət
abidələri ilə bağlı heç bir beynəlxalq təşkilata
müraciət olunmur, amma hər hansı bir hüquq müdafiəçisinin
evi qanun çərçivəsində söküləndə
hay-küy salınır? Çünki onlar üçün
şəxsi maraqlar milli maraqdan daha üstündür. Təbii
ki, burada ikili standart və qərəzli mövqe açıq
şəkildə görünür.
-
Siyavuş müəllim, biz müəyyən əlamətdar
hadisələr ərəfəsində siyasi kampaniyalar
zamanı radikal müxalifət partiyalarının fəallaşdığını,
mitinq, aksiya keçirməklə bağlı
çağırışların artdığını
müşahidə edirik. Son dövrlərdə bu proseslər
təkrarlanmaqdadır. Bunu nə ilə izah edirsiniz?
-
Onların fəallaşması hava ilə əlaqədardır
və mövsumi xarakter daşıyır. Onların Azərbaycanda
heç bir bazası, sosial dayaqları yoxdur. 20 ildən
artıqdır ki, bunlar eyni funksiyanı yerinə yetirirlər.
Əvvəl Sovet DTK-sının təsir dairəsində idilər.
Vaxtı ilə bunları keçmiş Dzerjinski adına kluba
yığaraq onlara milli azadlıq hərəkatında necə
hərəkət etməli, nələri danışmalı
olduqları barədə məlumat verərdilər. Yəni,
bunlar keçmiş Sovet DTK agenturasında olan insanlardı və
tədricən zaman keçdikcə ağalarını və
istiqamətlərini dəyişdilər. Birinin “komandası” cənubdan,
digərininki şimaldan, birininki Avropadan, o birininki okeanın o
tayından gəlir. Yəni, bu adamların Azərbaycan
xalqı ilə, milli dövlətçilik maraqlarımız
ilə heç bir əlaqəsi yoxdur. Onların hamısı
şəxsi maraqlardan irəli gələn addımlar
atırlar. Əgər mitinq keçirirsənsə, gəl
düş qabağa ardınca adamları apar. Yoxsa
uşaqları öyrədirsən, beynini pozursan, müəyyən
adamları ortaya salırsan, əldə olunan vəsaitin
böyük miqdarını isə özünün təminatına,
istirahətinə istifadə edirsən. Bunlar
çalışırlar ki, 1-2 mitinq keçirsinlər,
ağalarından pul qopartsınlar ki, özlərinin birillik
maddi gəlirlərini təmin etsinlər. Siyasətdə
qalmaq üçün hər hansı bir vəsait sərf etməlisən.
Bu vəsaitlər hardan gəlir, bunları hamımız
bilirik. Təsəvvür edin, bunlar, hətta öz
yoldaşlarına da kələk gəlirlər. Dəfələrlə
bu barədə müzakirələr olub. Ayrı-ayrı siyasi
partiyalarda rəhbər strukturlardan istefa verənlər səbəbsiz
yerə bu addımı atmayıblar. Onlar tələb edirdilər
ki, belə bir məsələ var, gəlin
çıxarın ortaya. Düzdür çox geniş
müzakirə də aça bilmirdirlər. Çünki
özləri də çox pis vəziyyətdə
qalırdılar. Amma ortada bu faktlar var. Onlar müəyyən
qədər vəsait alırlar ki, ortaya filan qədər adam
çıxaracam. Sosial baza yoxdur, vəsaiti də sərf etmək
istəmirlər ki, adam tutsunlar. Çünki pulla tutulan adamlar
pulunu alır, gəlir iştirak edir və çıxır
gedir. Ona görə də, onlar kütləvi aksiyaları
şəhərin gur yerində keçirmək istəyirlər.
Hansı ki, o ərazilər 10 min, 15 min insanın hərəkət
etdiyi yerlərdir. Və ya özləri bilərəkdən elə
yer deyirlər ki, hökumət onlara icazə verməsin.
Çünki orada təhlükəsizliyi təmin etmək
mümkün deyil. Sərbəst toplaşmaq
azadlığı haqqında qanunda göstərilib ki,
kütləvi aksiyaların keçirilməsi
üçün elə yerlər müəyyənləşdirilir
ki, orada insanların təhlükəsizliyini təmin etmək
mümkün olsun. Bu səbəbdən də müvafiq yer
ayrılır.
Mən həmişə
onlara sual edirəm ki, qərarın harada qəbul
olunmasının nə fərqi var? Qəbul etdiyin qərar və
ya qətnamənin yerə heç bir aidiyyəti yoxdur. Səbəb
odur ki, təklif olunan yerə getdikləri zaman onların tərəfdarları
görəcəklər ki, sayları 300-ü, 500-ü
keçmir. Bəzən şəhərin mərkəzində
aksiyaya aidiyyəti olmayan, istirahət edənlər, hətta
öz ailəsi ilə istirahət edən səfirlərin
şəkillərini çəkib deyirlər ki, bunlar kütləvi
aksiyaya çıxan insanlardır. Hətta orada dövlət
məmurları da olur ki, ailəsi ilə istirahət edir və
fotoşəkildə nümayiş etdirməyə
çalışırlar ki, onlar da kütləvi aksiyada
iştirak edirlər. Bu cür qüvvələrin Azərbaycanda
heç bir sosial bazası yoxdur. Onlar artıq Azərbaycan
tarixinin qara arxivində olan adamlardır. Bəzi ölkələrdə
məğlubiyyətə uğrayan müxalifətin siyasi iradəsi
çatır, çıxır gedir öz işi ilə məşğul
olur. Bunlarda o iradə də yoxdur. Çünki siyasəti
özlərinə iş yeri seçiblər. Burada da ancaq
qazanc güdürlər.
- Yeni Azərbaycan
Partiyası həmişə ümummilli məsələlərdə
dialoq keçirilməsi təşəbbüsünü dəstəkləyib
və hətta partiyanın bu istiqamətdə keçirdiyi tədbirlərdə
müxtəlif siyasi partiyaların rəhbərləri
iştirak ediblər. Radikal müxalifət partiyalarının
liderləri isə YAP-ın bu təşəbbüsünə
qoşulmaqdan imtina edib. Buna baxmayaraq, bu gün həmin şəxslər
Yeni Azərbaycan Partiyasını dialoqa getməməkdə
ittiham edir. Həqiqətlə daban-dabana zidd olan bu fikirlərə
münasibətiniz necədir?
-
Birincisi, dialoq aparmaq üçün onların potensialı
olmalıdır ki, bu potensial da yoxdur. Bunlar 90-cı illərin əvvəllərində
hansı şüur, hansı təfəkkür tərzində
idilərsə, elə onda da qalıblar. Yəni, dəyişməyiblər.
Məsələn, bu yaxınlarda cənab Prezident Sərəncam
verib ki, əmanətlər qaytarılsın, dünya təcrübəsi
öyrənilsin, hesablansın və ən təkmil formada birdəfəyə
ödənilsin. Prezidentin məlum Sərəncamından sonra
arxasınca 3 adamı apara bilməyən Pənah Hüseyn
deyir ki, biz tələb edirik ki, əmanətlərin
hamısı qaytarılsın. Onun belə bir haqqı yoxdur.
Bu addım onsuz da Azərbaycan Prezidenti tərəfindən
artıq ən real, ən mükəmməl formada
atılıb və həyata keçirilir. Belə olan təqdirdə
bu tərz düşüncəli olan siyasi partiyanın rəhbəri
hansı dialoqu apara bilər. Və yaxud da başqa ümummilli
məsələlərlə bağlı, məsələn,
Azərbaycanın beynəlxalq siyasəti, Xocalı
soyqırımı, Dağlıq Qarabağ problemi ilə
bağlı müzakirələrin aparılması və ortaq
mövqeyə gəlmək üçün potensialları
yoxdur. Bunların həmişə 3-4 tələbi olur. 20 ildir
eyni şeyləri təkrarlayırlar. Halbuki, artıq Azərbaycan
Prezidenti həmin məsələlərin böyük hissəsini
həll edib, planlı və ardıcıl şəkildə
işlər davam etdirilməkdədir. Amma bunların xəbərləri
yoxdur.
Müxalifət
odur ki, iqtidara alternativ layihələr təqdim etsin, cəmiyyətlə
dövlət arasında əgər hər hansı bir gərginlik
varsa onun aradan qaldırılması prosesində vasitəçi
rolunu oynasın və yaxud da cəmiyyətin müəyyən
fikrini iqtidara çatdırsın və s. Bunların isə nə
cəmiyyətlə, nə insanlarla əlaqəsi var, nə
ictimai ab-havanı bilirlər, nə Azərbaycanın
regionlarında gedən proseslərdən xəbərləri
var, nə ölkənin iqtisadi inkişafı barədə məlumatlı
deyillər, nə gündəlik məsələlərdən
agahdırlar. Sadəcə olaraq, xaricdən bir mesaj gəlir
başlayırlar 1-2 bəyanat verməyə, daxildə də
bunlar başlayır bəyanatla çıxış etməyə
ki, onlarla bunlar dialoqa gəlmirlər.
Parlamentdə
təmsil olunan partiyalarla çoxlu sayda birgə müzakirələrimiz
olub. Məsələn, bu yaxınlarda Xocalı
soyqırımının tanıdılması ilə əlaqədar
təbliğatın hansı istiqamətdə
aparılmasının məqsədəuyğunluğu,
hüquqi əsasları, indiyədək bu sahədə
görülən işlər və irəlidə
görülməsi vacib olan məsələlər, diaspora təşkilatlarının
funksiyalarına dair müzakirələrdə parlamentdə təmsil
olunan bütün partiyalar (bitərəf, ictimaiyyət
nümayəndələri) iştirak etdi. Biz
hamısını dəvət etmişdik. Gəlmədilər.
Çünki bunlar üçün maraqlı deyil. İkinci
bir tərəfdən, axı gəlsə nəsə deməlidi.
Sual olunacaq ki, bəs sən nə etmisən bu istiqamətdə.
Nə cavab verəcək? Deyəcək ki, iqtidara gündə
bir namə göndərirəm?!
Və
yaxud da, bunların bəzilərinin yazıları öyrədilmiş
şəkildə xarici mətbuatda çıxır. Bir kəlmə
orada Dağlıq Qarabağ, Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi barədə fakt
göstərilmir, bir kəlmə Xocalı soyqırımı
haqqında fakt ortaya qoyulmur. Ancaq Azərbaycan iqtidarının
müzakirəsi gedir. Əgər sən beynəlxalq mətbuata
çıxırsansa bir kəlmə də Azərbaycanın
qlobal problemlərindən danış. Amma etmirlər,
çünki o mətbuat Azərbaycana təzyiqlər göstərməkdə
maraqlı mətbuatdır və dövlətə təzyiq
göstərmək istəyir. Səndən də sui-istifadə
edir. Ona necə sərf edir o istiqamətdə. Sənin də
nə vətəndaşlığın, nə dövlətə
və xalqa bağlılığın, nə milli təəssübkeşliyin
var ki, bu haqda bir məsələ ortaya qoya biləsən. Bu
baxımdan YAP dəfərlərlə bəyan edib ki, biz hər
hansı bir diskussiyaya hazırıq. Bizim buna
potensialımız var. Bizim əlimizdə faktlar,
gördüyümüz işlər var. Onlar ortaya nə
qoyacaq, mən onu başa düşmürəm.
-
Siyavuş müəllim, son dövrlər beynəlxalq aləmdə
baş verən olaylar və dünya ictimaiyyətinin diqqətinin
Dağlıq Qarabağ münaqişəsinə yönəlməsi
münaqişənin həllini daha da aktuallaşdırıb.
Siz bu münaqişənin həlli perspektivini necə qiymətləndirirsiniz
və yaxın gələcəkdə atılacaq addımlarla
bağlı hansı proqnozları vermək olar?
-
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlar gündən-günə
ölkəmizin xeyrinə irəliləyir. Bu yaxınlarda Milli
Məclisin üzvləri “Avronest”in təşkil etdiyi tədbirdə
iştirak etmək məqsədilə Ermənistanda səfərdə
oldu. Onlar da qayıtdıqdan sonra Ermənistandakı vəziyyətin
həddən artıq ağır olduğunu, iqtisadi
böhranın bu ölkəni acınacaqlı vəziyyətə
saldığını, əhalinin kütləvi şəkildə
ölkəni tərk etdiyini bildirdilər. Digər mənbələrdən
də əldə etdiyimiz məlumatlar bu faktı təsdiqləyir.
6-7 ildən sonra Ermənistanda adam qalmayacaq. Ermənistandakı
vəziyyət bu gün 1987-1988-ci illərdəki səviyyədədir.
Bu da çox ciddi problemlər yaradır. Əhali artıq
başa düşür ki, əgər bu münaqişə
olmasaydı və Ermənistanla Azərbaycan arasında hər
hansı iqtisadi əlaqələr olsaydı, müəyyən
layihələrdə iştirak etsəydi, Ermənistan xeyli dərəcədə
bugünkündən yaxşı vəziyyətdə
olardı. İkincisi, Ermənistanın hərbi sistemi də
çökmüş vəziyyətdədir. Ermənistan
ordusu keçmiş Sovet texnikaları ilə təmin olunub ki,
bunların da əksəriyyəti istifadə müddətini
başa vurub. Dövlətin də elə imkanı yoxdur ki,
texnikanı müasirləşdirsin. Həmçinin, orduda
baş alıb gedən rüşvətxorluq, korrupsiya,
dedovşina, yerlibazlıq və s. bu kimi hallar ordunu
acınacaqlı hala salıb. Ermənistanın bir tək
ümidi Rusiyadır. Ermənistan Rusiyanın himayəsi
altına girərək özünü qorumağa
çalışır. Mən tam qətiyyətlə deyirəm
ki, bu gün Rusiya olmasaydı, Azərbaycana bir həftə
vaxt lazım idi ki, qoşunlarımız Yerevanda dayansın.
Çünki Azərbaycan ordusu ən müasir texnika ilə təchiz
olunub, bu sahəyə ayrılan vəsaitlər ildən-ilə
artırılır, Azərbaycan artıq texnika alan deyil,
istehsal edən ölkəyə çevrilib.
Eyni
zamanda, beynəlxalq ictimaiyyətin də diqqətini bu
münaqişəyə cəlb edə bilmişik. Bu gün
artıq münaqişənin həlli istiqamətində ortaya
qoyulan iradə daha böyükdür. Bilirsiniz ki, Avropa
İttifaqı, Avropa Parlamenti kimi qurumlar da prosesə
qoşulmaq niyyətini ifadə ediblər. Beynəlxalq ictimaiyyət,
o cümlədən, Rusiya da düşünür ki,
İranla bağlı böhranın aradan
qaldırılmasından öncə bu münaqişə həll
edilməlidir. Düzdür, burada daha çox Ermənistanı
yaranacaq böhranlardan xilas etmək niyyəti hiss olunur, amma yenə
də bizim üçün münaqişənin həlli məqbuldur.
Azərbaycanın danışıqlarda müdafiə etdiyi
prinsiplər bütün dünyaya bəllidir. Azərbaycan
Prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı
münasibətilə keçirilən tədbirlərdə
nitqi zamanı bir daha bəyan etdi ki, Azərbaycanın ərazi
bütövlüyü mütləq bərpa olunmalıdır
və münaqişənin həlli yalnız bu şəkildə
mümkün olacaq. Hesab edirəm ki, Azərbaycanın ortaya
qoyduğu iradə, beynəlxalq hüquq normalarına sadiqliyi,
düzgün siyasəti nəticə etibarilə bu
münaqişənin ədalətli həllinə səbəb
olacaq.
Yeni Azərbaycan.-
2012.- 30 mart.- S.4.