Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin  

 

Milli Məclisin deputatı Nəriman Əliyev www.yap.org.az saytına müsahibə verib:

 

- Nəriman müəllim, insan hüquq və azadlıqlarının qorunması istiqamətində müşahidə olunan başlıca tendensiyalar hansılardır?

- Sivil dünyanın böyük nailiyyəti olan insan hüquqları ideyası vətəndaş cəmiyyətlərinin əsasını təşkil edir. Təbii hüquqlardan qaynaqlanan insan hüquqları bütün hüquq və azadlıqların əsas istinad mənbəyi olaraq hər hansı bir ölkədə demokratiyanın başlıca göstəricisidir. İnsanın doğulduğu andan sahib olduğu bu hüquqlar məhz qeyd etdiyimiz mahiyyətinə görə hər bir cəmiyyətdə, eləcə də, bütün dünyada birgə yaşayış münasibətlərinə, həyatımıza bir insanilik, dünyagörüşümüzə humanistlik meyarları gətirir. Yalnız insan hüquqlarının təmin edildiyi təqdirdə dünyanın inkişaf dinamikasının mütərəqqi, müsbət istiqamətə yön aldığı məlum olur. Bütün dünyada insan hüquqlarının təmin olunmasını rəhbər tutan hər bir dövlət gələcəyə addımlamaq iqtidarındadır. Çünki bu gün insan hüquqlarının qorunması demokratiyanın məğzini təşkil edən ali prinsipdir. Təsadüfi deyil ki, II Dünya müharibəsindən sonra demokratiya və insan hüquqlarının normativ-hüquqi sənədlərdə yer alması, eləcə də, onlara riayət olunması və qorunması artıq hec bir dövlətin daxili işi sayılmır və ümumbəşəri xarakter daşıyır.

- Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işləri necə xarakterizə etmək olar?

- Müəllifi Ümummilli liderimiz Heydər Əliyev olan Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqları öz əksini tapıb.

Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir.

Eyni zamanda, milli qanunvericiliyimiz daha da zənginləşib. 2001-ci ildə İnsan hüquqları üzrə Avropa Konvensiyasına qoşulduqdan sonra Azərbaycan dövləti öz milli qanunvericiliyində daha da təkmilləşmə işləri apardı. Həmin kurs bu gün də uğurla davam edir. Azərbaycan demokratiya və insan hüquqları sahəsində böyük nailiyyətlər əldə edib. Zaman keçdikcə bu nailiyyətlərin miqyası da genişlənir.

- Dövlətçiliyinin möhkəmləndirilməsində, sivil cəmiyyətin formalaşmasında Konstitusiya təbii ki, aparıcı rol oynayır.

- Təbii ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfındən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edildi. Ümummilli liderimiz vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Əminliklə demək olar ki, bu gün bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb edir.

- Qeyd etdiyiniz istiqamətlərdə islahatların həyata keçirilməsi prosesində parlamentin qəbul etdiyi qanunlar hansı rol oynayır?

- Əlbəttə, ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları insan hüquqlarının təmin olunmasında mühüm rol oynayıb. Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə edib.

- Nəriman müəllim, amma bu da faktdır ki, qazanılan uğurlara rəğmən bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı qərəzli yanaşmalar ortaya qoyulur. Bu cür yanaşmaları hansı amillərlə izah edərdiniz?

- Dinamik inkişaf edən Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində regionun lider dövlətinə çevrilmiş ölkəmiz bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir.

Bölgədə tərəqqi və rifahın təşviqində hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin inkişafından və gündən-günə güclənməsindən irəli gələn bir məsələdir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır.

Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən xarici qeyri-hökumət təşkilatların vasitəsi ilə atılır. Belə təşkilatların qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların heç birinin qəbul etdiyi sənədlərdə həmin insanların öz torpağında yaşamaq hüququnun qorunması məsələsini görmürük. Bu qüvvələr yalnız hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar. Lakin bütün bunlar ölkəmizi tutduğu yoldan döndərə bilməz.

 

 

Yeni Azərbaycan.- 2012.- 30 mart.- S.6.