Azərbaycan ermənilərin
xalqımıza qarşı törətdiyi
soyqırımların dünyada
tanınması istiqamətində sistemli iş aparır
AMEA-nın
A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi
Bəhramov www.yap.org.az saytına müsahibə verib:
- Cəbi
müəllim, tarix boyu dəfələrlə ermənilər
azərbaycanlılara qarşı qırğınlar törədiblər.
Bunların sırasında miqyasına görə 1918-ci ilin
mart ayında törədilmiş qətliamlar daha
böyükdür. Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı
ilə 31 mart tarixi hər il Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir. İstərdik
ki, bu sənədin əhəmiyyəti haqqında fikirlərinizi
bildirəsiniz...
-
Ümumiyyətlə, Azərbaycan xalqının zəngin
tarixi var. Biz tariximizi vərəqləyərkən
xalqımızın nə qədər şərəfli
azadlıq mübarizəsi apardığının,
işğalçılara qarşı nə qədər rəşadətlə
döyüşdüyünün şahidi oluruq. Təəssüf
ki, tariximizdə ağrılı-acılı günlərimiz,
faciələrimiz də az olmayıb. Azərbaycan ikinci dəfə
müstəqilliyini əldə etdikdən sonra tariximizin
obyektiv şəkildə öyrənilməsi,
araşdırılması və geniş ictimaiyyətə
çatdırılması üçün böyük
imkanlar yarandı. Xüsusilə Ulu öndərimiz Heydər Əliyev
1993-cü ildə ikinci dəfə hakimiyyətə
qayıtdıqdan həqiqi tariximizin öyrənilməsi və
yazılması istiqamətində ciddi addımlar
atılmağa başlandı. Ümummilli liderimiz həmişə
bu məsələyə həssaslıqla yanaşırdı
və həqiqi tariximizin yazılıb bugünkü, eləcə
də, gələcək nəsillərə
çatdırılması üçün önəmli qərarlar
verib.
Ümummilli
liderimiz Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da
imzaladığı Fərmana əsasən, 31 mart tarixinin azərbaycanlıların
soyqırımı günü kimi qeyd olunması da bu siyasətin
tərkib hissəsidir. Bu sənəd gələcək nəsillərin
bu tarixi hadisələri unutmaması, keçmişimizin
xatırlanması üçün çox mühüm əhəmiyyət
kəsb edir. Nə üçün məhz bu günü
dövlət başçısının
imzaladığı Fərman əsas gün kimi qəbul edib?
Çünki bunun həm hüquqi, həm də tarixi əsasları
vardır. Bu iki məqam həmin Fərmanın imzalanmasına
zəmin yaratdı. Azərbaycan dövləti müstəqillik
qazandıqdan sonra öz tarixinə müraciət etməyə,
tarixini araşdırmağa, tarixdə olan qara ləkələri
ayırd etməyə haqq qazandı. Bu baxımdan,
əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti
vardır.
Bilirsiniz, hansısa hadisələrin
soyqırımı olduğunu
iddia etmək üçün dərin tarixi, hüquqi əsaslar olmalıdır. Qeyd edim ki, ilk dəfə
“soyqırım” beynəlxalq
hüquqi termininin mahiyyəti 1948-ci ildə
BMT-nin İnsan hüquqları komitəsinin
qəbul etdiyi 264 saylı konvensiyaya uyğun olaraq müəyyən edilib və bu anlayış
bir dövlət, bir siyasi qurum,
hərbi təşkilatın
bir milləti, xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini, milli mənsubiyyətinə
görə məhvə
məhkum etməsini ifadə edir. Məhz bu məqamları
nəzərə alsaq,
söyləyə bilərik
ki, azərbaycanlıların
etnik təmizləməyə
məruz qalmasının,
deportasiyaya, soyqırıma
məruz qalmasının
200 illik tarixi var. Erməni kilsəsinin fitvası ilə, ermənilərin əli ilə, erməni terror təşkilatlarının - Daşnaksütyun,
ASALA və digər təşkilatların iştirakı
ilə azərbaycanılara
qarşı etnik təmizləmə, deportasiya
və soyqırımı
həyata keçirilib.
Bütün bunların hamısı
arxiv sənədləri
ilə təsdiq olunub.
- Ümumiyyətlə, xalqımıza
qarşı törədilmiş
soyqırımın tarixi
kökləri haqqında
nə deyə bilərsiniz? Bu prosesdə
ermənilərin Azərbaycan
ərazilərinə köçürülməsi
nə dərəcədə
rol oynayıb?
- Biz soyqırımdan danışanda
iki tarixi hökmən vurğulamalyıq.
Birincisi, 1918-ci il 31 mart soyqırımı,
ikincisi, 1992-ci il fevralın 26-da törədilmiş
Xocalı soyqırımı.
Bu soyqırımlar ermənilərin xarici havadarları tərəfindən
dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib.
Bu prosesin tarixinə
gəldikdə isə
qeyd etmək lazımdır ki,
1813-cü ildə imzalanmış
Gülüstan sülh
müqaviləsindən sonra
Azərbaycan torpaqlarında
yerləşdirilən ermənilərin
iştirakı ilə
XX əsrin əvvəllərindən
etibarən azərbaycanlılara
qarşı soyqırımlar
törədilib. Yəni bu
dövrdən etibarən,
hadisələr etnik təmizləmə, deportasiya
mərhələsindən soyqırım
mərhələsinə keçib.
İlk növbədə, azərbaycanlıların
sahib olduqları ərazilər
əllərindən alınmağa
başlandı. Konkret olaraq,
ermənilərin köçürülməsi
ilk olaraq İrəvan
quberniyası ərazisində
başlandı, oraya Naxçıvan qəzasının
ərazisi, Zəngəzur
qəzasının, Qarabağ
xanlığının ərazisi
daxil idi. Hətta
1828-ci ildə Türkmənçay
sülh müqaviləsi
imzalandıqdan sonra
1829-cu ilin 21 martında
bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə
ermənilərin sayı
1 milyon 300 mindən nəfərdən çox
oldu. Baxmayaraq ki, Gülüstan
sülh müqaviləsinə
qədər bu ərazidə 1 nəfər
də olsun erməni yaşamayıb.
- 1918-ci ilin mart ayında baş vermiş hadisələrin miqyası
haqqında nə demək mümkündür?
Bu tarixlə bağlı
müxtəlif ehtimallar,
rəqəmlər səsləndirilir...
- 1917-ci ilin fevralında çar Rusiyası dağıldıqdan sonra həmin ilin oktyabrında bolşeviklər
hərbi çeviriliş
edərək hakimiyyəti
ələ keçirdilər.
Bu zaman dekabrın
16-da Bakı Sovetində
sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunur və ona 500 min rubl pul ayrılır.
Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edim ki, Ərzincan
müqaviləsinə görə
rus ordusu Qafqaz cəbhəsindən
Rusiyaya qayıtmalı
idi. Rus qoşunlarının tərkibində Türkiyəyə
qarşı vuruşan
erməni hərbi birləşmələri, onların
5000 əsgəri Bakıya
gəlmişdi. Deməli, bolşevik
hökumətinin ayırdığı
5000 tüfəng Bakıya
yerləşdirilən erməni
hərbçiləri üçün
nəzərdə tutulubmuş.
Bu hərbi qüvvələr
isə azərbaycanlıların
qətlə yetirilməsinə,
soyqırımına məruz
qalmasına yönəldilmişdi.
1918-ci il martın 24-də Şaumyanın
başçılığı ilə azərbaycanlılara
qarşı başlanmış
soyqırımı bir
neçə gün davam etdi.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış
fövqəladə təhqiqat
komissiyasının açıqladığı
rəqəmlərə görə,
həmin hadisələr
zamanı Bakıda 12
min nəfərdən artıq
azərbaycanlı qətlə
yetirilmişdi. Başqa mənbələrdə isə bu rəqəmin
daha da artıq
olduğu göstərilir.
Məsələn, “Azərbaycan” qəzetinin
həmin dövrlərdə
işıq üzü
görən saylarında
mart hadisələri zamanı
Bakı və ətraf kəndlərdə
30 mindən artıq azərbaycanlınının qətlə
yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən
biri isə qeyd edir ki,
biz Bakıda 25 min nəfəri
qətlə yetirmişik.
Bütövlükdə götürəndə,
Cənubi Azərbaycanda
150 min nəfər, təkcə
Urmiya şəhərində
10 min nəfər qətlə
yetirilmişdi, Şamaxının
75 kəndi, Qubanın
122 kəndi, Zəngəzurun
115 kəndi ermənilər
tərəfindən tamamilə
məhv edilib. Bütövlükdə isə həmin
dövrdə Azərbaycan
ərazisində 700 min nəfər
soyqırımına məruz
qalıb. Qeyd edim
ki, tarixən qətliamlar törədən
ermənilərin arxasında
beynəlxalq güclər
dayanıb.
- Cəbi müəllim, soyqırım hadisələrilə
bağlı AMEA-nın
Tarix İnstitutunda aparılan elmi araşdırmalar hansı
səviyyədədir? Yeni əsərlərin
nəşr olunması
nəzərdə tutulurmu?
- Bu məsələlər bizim
fəaliyyətimizin ön
sıralarında dayanır.
Bilirsiniz
ki, son illər ərzində institutumuz bir çox yeniliklərə imza atıb. Qarabağın tarixi, ermənilərin
xalqımıza qarşı
törətdiyi cinayətlərin
tarixi, torpaqlarımıza
ermənilərin köçürülməsi
və digər mövzularla bağlı böyük elmi əsərlər nəşr
olunub. Bir sıra nəşrlər
xarici dillərdə çap olunaraq dünyaya təqdim olunub.
Qeyd etdiyimiz
kimi, Ulu öndər Heydər Əliyevin 1998-ci ilin mart ayında imzaladığı
fərmanda qarşıya
qoyulan əsas məqsədlərdən biri
bu məsələlərin,
soyqırımı hadisələrinin
mahiyyətinin geniş
şəkildə xalqa
çatdırılıması və bu faktların
dünya miqyasına çıxarılmasıdır. Eyni zamanda,
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də
bu barədə elm adamlarına müvafiq tövsiyələr verilib.
Bu istiqamətdə AMEA-nın Tarix İnstitutunda işlər
sistemli şəkildə
davam etdirilir. İnstitutumuz Azərbaycan tarixinin
öyrənilməsinə dair
bütün zəruri
tədbirləri həyata
keçirməkdədir.
- Dövlətimiz ermənilərin
xalqımıza qarşı
törətdiyi soyqırımı
hadisələrinin beynəlxalq
miqayasda tanınması
üçün sistemli
iş aparır. Quba məzarlığı da erməni vəhşiliyinin
əyani göstəricisidir.
Hazırda Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə Quba məzarlığında “Soyqırımı
memorial kompleksi” inşa
olunur. Sizcə, bu məkan
erməni xislətini təsdiq etmək baxımından beynəlxalq
birlik üçün
kifayət deyilmi?
- Son illər Azərbaycan həqiqətlərinin dünyaya
çatıdırılması istiqamətində aparılan
işlər ciddi nəticələr verməkdədir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə
eşidilməsi, Ermənistanın
işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması
prosesində öz bəhrələrini verməkdədir.
Əminliklə demək olar
ki, dövlətimizin bu yöndəki siyasəti, diaspor təşkilatlarımızın, bir sıra QHT-lərimizin çoxşaxəli
fəaliyyəti Ermənistanı
küncə sıxışdırıb.
Xüsusilə Heydər Əliyev
Fondunun bu yöndəki fəaliyyəti
təqdir olunmalıdır.
Bu fəaliyyət nəticəsində dünya
Ermənistanın işğalçılıq
siyasəti haqqında,
ermənilərin xalqımıza
qarşı törətdikləri
qətliamlar, o cümlədən
Xocalı soyqırımı
barəsində geniş
məlumatlar əldə
edir. Yeri gəlmişkən, xatırladım
ki, bu il Xocalı soyqırımının 20-ci ildönümü
ilə əlaqədar
dünyanın bir çox dövlətlərində
tədbirlər keçirildi.
Bir sözlə, artıq ermənilər dünyanı
öz yalanlarına inandırmaqda çətinlik
çəkirlər. Çünki onların qarşısında
güclü Azərbaycan
dövləti dayanıb.
Bu baxımdan, Quba
məzarlığında yaradılan
kompleks ermənilərin
xalqımıza qarşı
törətdiyi soyqırımların
beynəlxalq birliyə
nümayiş etdirmək
üçün xüsusi
əhəmiyyətə malikdir. Ümumiyyətlə, Quba məzarlığı
erməni vəhşiliyini,
insanlığa qarşı
cinayətləri əks
etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsl həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında
mühüm rol oynayır. İnanıram ki, güclü
Azərbaycan dövləti
erməni yalanlarını
büsbütün alt-üst
edəcək.
Yeni Azərbaycan.- 2012.- 31 mart.- S.4.