İNTERAKTİV ELEKTRON XƏRİTƏLƏR ELEKTRON HÖKUMƏTİN XİDMƏTİNDƏ

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) iqtisadiyyatın və bütövlükdə cəmiyyətin prioritet fəaliyyət sahəsinə çevrilmişdir. Respublikamızda aparılan uğurlu neft siyasəti və reallaşdırılan dövlət proqramlarının nəticəsi olaraq qeyri-neft sektorunun və iqtisadiyyatın yeni sahələrinin imkişafı üçün geniş imkanlar açılmışdır. Uzunmüddətli perspektivə hesablanmış addım kimi qeyri-neft sektorunun inkişafı məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadənin prioritet istiqaməti kimi önə çəkilməsi torpaqlardan istifadə, geodeziya, xəritəçəkmə sahəsində də yaranmış imkanlardan səmərəli yararlanmağa təkan vermişdir.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa, Komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir.

Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən Onun hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni, 1992-ci ildə Muxtar Respublikanın Culfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının həyata keçirilməsi Komitənin başlıca işlərindən olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir. Təbii ki, bu həcmdə işin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan həyata keçirilməsi qeyri-mümkün idi. Ölkə rəhbərliyinin xüsusi qayğısı və diqqəti sayəsində qısa zaman kəsiyində Komitənin həmin dövrdə analoqu olmayan maddi-texniki bazası, o cümlədən, İKT avadanlıqları və müasir ölçmə cihazları parkı formalaşdırıldı, beynəlxalq təcrübə öyrənildi, müvafiq kadr potensialı yaradıldı. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası MDB məkanında ən uğurlu torpaq islahatına imza atdı. 2000-ci illərin əvvəlləri üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi istifadə olunan aparat və proqram vasitələri həcmi və modernliyi baxımından mərkəzi icra hakimiyyəti orqanları sırasında birincilər sırasına yüksəldi. Elə həmin illərdə bizdə formalaşan kadr potensialı bu gün nəinki Komitənin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, idarə və müəssisələrin, özəl qurumların müvafiq sahələr üzrə aparıcı qüvvəsinə çevrilmişdir.

Son illərdə informasiya texnologiyaları nüvəsi ətrafında yeni materiallar, enerji mənbələri, istehsal texnikası, o cümlədən, torpaqlardan səmərəli istifadənin təşkili, geodeziya və kartoqrafiya sahələrində ciddi texnoloji sıçrayışlardan ibarət toplum meydana gəlmişdir. M.Kastelsə görə, eksponensional olaraq genişlənən bu texnoloji transformasiya prosesi informasiyanın yaradıldığı, saxlandığı, emal olundugu və ötürüldüyü universal rəqəmli dil vasitəsilə texnoloji sahələr arasında interfeysi təmin etməlidir.

Bütün bunlar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində İKT-dən istifadə sahəsində yeni baxışların, yeni fəlsəfənin meydana gəlməsinə təkan verdi. Komitə və tabelikdə olan qurumlarda istər İKT avadanlığının, istərsə də proqram təminatının ən son texnologiyalara uyğun yenilənməsinə başlandı. Yüksək keyfiyyətli elektron xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və tabeçilikdə olan qurumların müasir tələblərə tam cavab verən lokal şəbəkələrinin qurulması yekunlaşmaq üzrədir. Şəbəkənin qurulması zamanı ən yüksək ötürücülüyə malik kabellərdən və bütün son texnologiyaları dəstəkləyən şəbəkə avadanlıqlarından istifadə olunmuşdur. Komitənin rayon (şəhər) şöbələrinin və tabelikdə olan qurumların regional bölmələrinin fiber-optik xətt vasitəsilə vahid İntranet şəbəkəsinə qoşulması prosesinə başlanmışdır. ESRİ, Bentley və digər tanınmış brendlərin proqram vasitələrinin son versiyaları əldə olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılır ki, üç ay müddətində elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də, elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etsin; dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirsin; dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “elektron hökumət” portalının yaradılmasını təmin etsin; mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodiki dəstəyi təmin etsin; dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin.

Fərmanın 2-ci bəndi ilə mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə bir sıra mühüm vəzifələr qoyulmuşdur. Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 18 iyul 2011-ci il tarixli 215 nömrəli əmr imzalanmışdır. Həmin əmrlə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparatında olan vakansiyalar hesabına ümumi şöbənin nəzdində İnformasiya texnologiyaları sektoru yaradılmış və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələr nəticəsində komplektləşdirilməsi yekunlaşmaqdadır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 22 fevral 2012-ci ildə keçirilmiş geniş kollegiya iclasında sektorun təqdimatı olmuş və gələcək fəaliyyət planı müzakirə olunmuşdur. Həmçinin, Komitənin tabeliyində olan qurumlarda da həmin sektorun normal fəaliyyətinin tənzimlənməsi üçün müvafiq bölmələrin yaradılmasına başlanmışdır. Digər əmrlə Komitənin tabeliyində olan qurumlara qısa müddət ərzində müstəqil İnternet informasiya resurslarının yaradılmasını başa çatdırmaq və bu zaman göstərilən xidmətlərə görə ödəmələrin nəğdsiz ödəniş sistemləri vasitəsilə həyata keçirilməsi imkanlarını, həmçinin, göstərdikləri elektron xidmətlərin tam interaktivliyini təmin etmək tapşırılmışdır.

Komitənin rəsmi internet informasiya ehtiyatı olan www.dtxk.gov.az portalında elektron xidmət bölməsi yaradılmış, göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilmiş, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə birlikdə elektron xidmət bölməsinə müraciət edən şəxslərin identifikasiyasını, onlar tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini həyata keçirən xüsusi proqram (“mühərrik”) hazırlanmış və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilmişdir.

Göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi üçün müvafiq billinq sistemlərinin layihələndirilməsinə başlanmışdır. Müvafiq ödəniş sistemlərinə inteqrasiyanın başa çatdırılması üzrə intensiv işlər davam etdirilir, elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatlar zamanı fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirləri həyata keçirilir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi geodeziya və kartoqrafiya sahəsində dövlətin siyasətini müəyyən edərək, Komitənin Əsasnaməsinə uyğun olaraq ölkəmizin müdafiə və təhlükəsizliyini, dövlət sərhədlərinin delimitasiya, demarkasiya və redemarkasiyasını, eləcə də, onların mühafizəsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, Xəzər dənizində Azərbaycana mənsub olan hissəsinin müəyyən edilməsi, tikinti, arxitektura və şəhərsalma, rabitə, meliorasiya və su təsərrüfatı, ekologiya, kənd təsərrüfatı və ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrini, elm, təhsil və ictimaiyyəti müvafiq məlumat və materiallar ilə təmin etmək məqsədilə Komitə Dövlət Peyk Geodeziya, Qravimetriya və Yüksəklik şəbəkələrinin qurulması, bərpası, modernləşdirilməsi və müşahidəsi; ölkə (o cümlədən, şəhər və qəsəbələrin) ərazisini əhatə edən müxtəlif miqyaslı topoqrafik xəritə və planların hazırlanması, yeniləşdirilməsi, çapa hazırlığı, nəşri, müxtəlif mövzularda tematik xəritə və atlasların tərtibi və yüksək keyfiyyətli çapı, mühəndis geodeziya və digər zəruri işləri yerinə yetirir.

Təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı müəssisə və təşkilatlar da kartoqrafiya sahəsində “özfəaliyyət”lə məşğuldurlar. “Kartoqrafiya” sahəsi çox həssas bir sahədir. Burada dövlət sirrini daşıyan məlumat və materialların yayılmaması, coğrafi adların düzgün əks etdirilməsi, istifadə olunan geodeziya əsası, düzgün seçilmiş kartoqrafik proyeksiya, riyazi əsaslar, şərti işarələr, obyektlərin dəqiq yerləşdirilməsi və bir çox faktorların nəzərə alınması vacibdir. DTXK-da hər bir kartoqrafik məhsul son təhvilədək ən azı 5-6 nəzarət mərhələsindən keçir. Hər bir xəritə yalnız xüsusi redaktorların yoxlanılmasından sonra nəşr oluna bilər. Məhz bu səbəbdən Komitəmiz tərəfindən istehsal olunan xəritələr bütün tələb olunan parametrlərə cavab verir və bu günə qədər heç bir xəritəmiz ilə bağlı mənfi reklamasiya daxil olunmamışdır.

Bəzi işbazlar müasir avadanlıq, kompüter, proqram təminatlar, şübhəli xəritələr və ya müəlliflik hüququmuz olan xəritələri əldə etməklə yararsız xəritələrin istehsalı ilə məşğuldurlar. Bir daha təkrar edirik: Hər bir xəritə unikal kartoqrafik əsərdir. Əsərlərin yaradılması ilə diletantlar yox, professionallar məşğul olmalıdır.

2003-cü ildən başlayaraq Komitənin müəssisələrində hazırlanan xəritələr yalnız rəqəmli formatda istehsal olunur. Sonrakı mərhələdə isə ölkə ərazisini əhatə edən elektron xəritələrin istehsalına başlanılmışdır.

Hal-hazırda elektron xəritələr Azərbaycanın ərazisini tam əhatə edir.

İnteraktiv elektron xəritələr dedikdə isə, hər zaman məlumat bazasına dəyişikliklərin əlavə edilməsi mümkün olan və ümumiyyətlə, idarə olunan xəritələr başa düşülür.

Bizdən xəritə əldə etməklə digər təşkilatlar həm də vahid kartoqrafik əsasında yaradılan xəritələrin üzərinə öz məlumatlarını əlavə edə bilərlər. Belə olan halda sizin məlumatlar həm xəritədə düzgün əks etdirilər, həm də bütün standartlara cavab verən xəritələrdə yayıla bilər.

Komitə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən orqan kimi, bu sahədəki bütün neqativ halların qarşısını almağa qadirdir. 

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin portalında doqquz xidmət və həmçinin, ayrıca olaraq Komitəyə müraciət forması yerləşdirilmişdir. Xidmətlərdən həm fiziki, həm hüquqi şəxslər, həm də dövlət orqanları yararlana bilərlər. Hər bir xidmət üzrə inzibati reqlamentlər hazırlanmış, geniş ictimai müzakirələrdən sonra təsdiq olunmuşdur. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, təqdim olunan elektron xidmətlər birincilər sırasında Elektron xidmətlər reyestrinə daxil edilmiş və təsdiqlənmişdir. Yeni tərtib edilən “Elektron xidmət növlərinin Siyahısı”na dair təkliflərimizi artıq təqdim etmişik.

Bununla yanaşı, bir sıra yeni elektron xidmətlərinin tətbiqinə hazırlıq işləri həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bir sıra avtomatlaşdırılmış informasiya sistemlərinə, o cümlədən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə (İAMAS) qoşulmaması yeni elektron xidmətlərin tətbiqi və onların gələcəkdə EHDİS-ə inteqrasiyasına çətinlik törədir. İAMAS-a qoşulma ilə əlaqədar texniki problemlər həll olunur və müvafiq müraciət hazırlanır. Bu işlərin həyata keçirilməsi və koordinasiyasında yeni yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Elektron Hökumət üzrə Dövlət Agentliyinin həssas və çevik münasibət göstərəcəyinə ümid edirik.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya olunmuşdur. Bunun üçün Komitənin inzibati binasında EHDİS-in adaptasiya və təhlükəsizlik serverləri yerləşdirilmişdir. Elektron Xidmətlər Portalında Komitənin aşağıdakı dörd xidməti təqdim olunmuşdur:

Blankın nömrəsinə görə Komitəyə dair məlumatların əldə edilməsi; Kadastr nömrəsinə görə, torpaq sahələri haqqında məlumatların əldə edilməsi; İstifadəçinin tam adına görə, torpaq sahələri haqqında məlumatların əldə edilməsi; Şəxsin adına görə, Komitəyə dair məlumatların əldə edilməsi.

EHDİS-ə inteqrasiya nəticəsində müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi təmin olunmuşdur. Həmçinin, elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların, əsasən, EHDİS üzərindən həyata keçirilməsi, fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə, həmin sistemdə tətbiq olunan zəruri texniki təhlükəsizlik tədbirlərindən yararlanmağa imkan vermişdir.

Komitənin elektron xidmətlərin göstərilməsində iştirak edən bütün əməkdaşları (8 nəfər) elektron imza ilə təmin edilmiş, daha 21 nəfərlə bağlı sənədlər Milli Sertifikat Xidmətləri Mərkəzinə təqdim edilmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq İnformasiya texnologiyaları sektoru Komitədə elektron imzadan istifadəyə nəzarət edir. O cümlədən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin də elektron imzam vardır və ondan sertifikatda nəzərdə tutulan qaydada həm imza və həm də möhür kimi istifadə edilir.

Komitədə “Elektron Azərbaycan” Dövlət Proqramının tətbiq edilməsi və elektron imzadan istifadənin sürətləndirilməsi, həmçinin, modern və çevik idarəetmənin təmin edilməsi, əhaliyə, dövlət orqanlarına göstərilən elektron xidmətlərin çeşidinin artırılması və keyfiyyətinin yüksəldilməsi məqsədilə, 28 fevral 2012-ci il tarixlı 58 nömrəli əmr imzalanmışdır. Həmin əmrlə Mərkəzi Aparatın, rayon (şəhər) şöbələrinin və tabelikdə olan qurumların əməkdaşları ilə idarəetmədə İKT-nin tətbiqinə dair keçiriləcək treninqlərin planı təsdiq edilmiş və onların keçirilməsinə başlanmış, virtual treninqlərin keçirilməsinə, vətəndaşların internet üzərindən videoqəbulunun təşkilinə dair təkliflər hazırlanmışdır.

Bir çox hallarda problemlərin kökü Komitənin fəaliyyət sahəsinə aid olan lisenziyalı proqram təminatlarının digərlərinə nisbətən çox bahalı olması, Cografi İnformasiya Sistemləri sahəsində respublikada yüksək səviyyəli peşəkarların azlığı və müvafiq beynəlxalq təcrübənin tam öyrənilməməsidir. Bu problemin aradan qaldırılması üçün müxtəlif mənbələr axtarılır, qrant və digər müştərək layihələrdə müvafiq bəndlərin nəzərə alınmasına xüsusi önəm verilir. Həmçinin, elektron xidmətlər və bununla əlaqədar yaradılan infrastrukturun gələcəkdə Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edəcəyinin nəzərə alınması baxımından müvafiq standartların yaradılmasına zərurət meydana çıxmışdır.

İqtisadiyyatın və cəmiyyətin inkişafının müasir mərhələsində geodeziya təminatı sahəsində ərazilərin dayanıqlı inkişafı konsepsiyasından irəli gələn yeni məqsəd və vəzifələr, həmçinin, yeni texniki və texnoloji nailiyyətlərlə şərtlənən yeni imkanlar meydana gəlir.

Yeni texniki və texnoloji imkanlar məkan məlumatlarının yığılması və emalının yeni metod və vasitələrinə əsaslanır. Ərazidəki nöqtələrin vəziyyətinin təyini metodları son illərdə peyk texnologiyaları, lazer skanlaşdırma və rəqəmli metodlardan istifadə edən məsafədən zondlamanın tətbiqi ilə əlaqədar yeni keyfiyyət səviyyəsinə yüksəlmişlər. Ətraf mühitin modelləşdirilməsi kompyuter qavrayışı, məkan-zaman dördölçülü uyuşanlığı və müxtəlif miqyaslı və tematik təyinatlı modellərin uyğunluğu tələblərinə riayət edilməklə, rədəmli formada həyata keçirilir. Ərazi geodeziya məlumatlar bankında geoməkan məlumatlarının yığılması, yenilənməsi və istifadəsinin yeni kompyuter texnologiyaları meydana gəlmişdir. Coğrafi informasiya sistemlərindən (CİS) geniş istifadə olunmağa başlanmışdır.

Coğrafi informasiya sistemləri vahid toplu halına gətirilmiş cədvəl, mətn kartoqrafik xidməti məlumatların, demoqrafik, statistik, torpaq, bələdiyyə, ünvan və digər informasiyaların analizi üçün nəzərdə tutulmuş çoxfunksiyalı vasitələrdir. Müxtəlif istiqamətli və təyinatlı CİS-lər real dünyanın məkan obyektlərinin xəritələşdirilməsi və analizi üçün müasir kompyuter texnologiyalarıdır. Bu texnologiya özündə verilənlər bazası ilə işləmək üçün sorgu və statistik analiz kimi ənənəvi əməliyyatlarla xəritənin təklif etdiyi tam vizualizasiya və məkan analizinin üstünlüklərini birləşdirir.

İlk öncə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində bu sahədə işlər həyata keçirən dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin üzvlüyü ilə daimi fəaliyyət göstərən dəyirmi masa fəaliyyətə başlayır. Gələcəkdə dəyirmi masanın Əlaqələndirmə Şurasina transformasiya olması nəzərdə tutulur. Avropaya inteqrasiya xətti götürmüş ölkəmizdə məkan məlumatlarının uyuşanlığının təmin olunması onların gələcəkdə mövcud beynəlxalq sistemlərə qoşulması istiqamətində inkişaf etdirilməlidir. Avropa İttifaqı ölkələri tərəfindən qəbul olunmuş İNSPİRE Direktivinin 3 əlavəsini nəzərdən keçirdikdə görürük ki, hər bir ölkədə mövcudluğu zəruri olan məcburi təbəqələrin böyük əksəriyyəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanır. Bu isə de-fakto Komitəni Milli Məkan Məlumatları İnfrastrukturunun operatoru funksiyalarını öz üzərinə götürməyə məcbur edir. Bu istiqamətdə ilk addım kimi isə Vahid Elektron Kartoqrafik Əsasın (VEKƏ) yaradılması qəbul olunur.

Vektor formatında rəqəmli dövlət topoqrafik xəritə və planlardan, yaxud bunlar olmadıqda, Yerin məsafədən zondlanmasının materiallarının rastr geokodlaşdırılmış təbəqələrindən, həmçinin, meta məlumatlardan ibarət olan ölkə, inzibati ərazi və bələdiyyə təyinatlı vahid elektron kartoqrafik əsas 1:2000, 1:5000, 1:10000, 1:25000, 1:50000, 1:100000, 1:200000, 1:500000, 1:1000000 miqyaslarda yaradılır. VEKƏ yalnız açıq nəşrə icazə verilən informasiyadan ibarət olacaq. Onun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnternet şəbəkəsindəki portalında yerləşdirilməsinin və istənilən şəxs tərəfindən bu portaldan istifadə etməklə, VEKƏ-nin məlumatlarına ödənişsiz baxışının təmin olunması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasına başlamışıq. Texniki Komitənin qarşısında duran ilk məsələ müvafiq terminologiyanın Azərbaycan dilinə harmonizasiyasının təmin olunmasıdır. Bu gün biz gündəlik həyatımızda, hətta özlərini mütəxəssis hesab edən insanların çıxışlarında “elektron xəritə”, “rəqəmli xəritə” kimi terminlərdən etinasız istifadəyə rast gəlirik. Bir qayda olaraq onlar bu terminlərin mahiyyətinə varmır, fərqini dərk etmirlər. Bu qəbildən olan digər misalları da çəkmək olar. Əlbəttə, meta məlumatların strukturu və tərkibi də xüsusi standartlarla tənzimlənməlidir. Nəzərə alsaq ki, bu sahə üzrə dünyada mövcud olan standartlar fundamental və tətbiqi elmlərin ən son nailiyyətlərinə əsaslanır, Komitənin tərkibinə xüsusi diqqət yetirmək lazımdır. Bu istiqamətdə işlərimiz hələ çoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə kosmik sənayenin yaradılması prosesini daim nəzarətdə saxlayır. Bildiyiniz kimi, orbitə çıxarılacaq ikinci peyk Yerin məsafədən zondlanması üçün nəzərdə tutulmuşdur. Bu peykin məhsullarının əsas istifadəçilərindən biri kimi bizim Komitə nəzərdə tutulur. Bununla əlaqədar, Kosmik Şuranın, işçi qrupların iclaslarında iştirak edir, “Azərkosmos” ASC ilə yaxından əməkdaşlıq edirik.

AzPOS Azərbaycanda daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsidir. Bu gün Azərbaycanın müxtəlif rayonlarında 37 GNSS referens baza stansiyaları quraşdırılmışdır. Şəbəkə GPS, GLONASS, GALİLEO sistemlərinin hər birini dəstəkləyir. Hal-hazırda, şəbəkədən istifadə qaydaları üzərində iş gedir. Yaxın günlərdə şəbəkənin istismara verilməsi gözlənilir. AzPOS-un üstünlüyü vahid koordinat-zaman fəzasının yaradilması, idarəetmə qərarlarının qəbulunun operativliyi, yalnız topo-geodeziya deyil, həmçinin, ərazilərin idarə olunmasının inzibati məsələlərinin həlli, şəbəkənin bir kompyuterdən istifadə olunması, insan və avadanlıq ehtiyatlarına qənaət etməkdir. AzPOS-dan inşaat işlərində, kommunikasiyaların təyinində, deformasiyaların monitorinqində, kadastr işlərində, kənd təsərrüfatında və naviqasiya məsələlərində istifadə olunacaq. Onu da mütləq qeyd etmək yerinə düşər ki, AzPOS-un mərkəzi stansiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aerogeodeziya Müəssisəsinin inzibati binasında yerləşir. Mərkəzi stansiyaya və 37 digər baza stansiyasına nəzarət və idarəetməni həmin müəssisənin mütəxəssisləri həyata keçirir.

 

 

Qərib Məmmədov,

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri, akademik

 

Yeni Azərbaycan.- 2012.- 18 may.- S.4.