Azərbaycan mədəniyyətinin sürətli inkişafı bu sahədə yeni qanunun qəbul edilməsini zərurətə çevirir

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:

- Nizami müəllim, Milli Məclis “Mədəniyyət haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib. Bildiyimiz kimi, belə bir qanunun qəbul edilməsi məsələsi cəmiyyətimizdə geniş müzakirə mövzusu olub. Bu baxımdan, sənəddə hansı yeniliklər öz əksini tapır?

- Yeni qanun Azərbaycan Konstitusiyasının 40-cı maddəsi ilə təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədi ilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını, təşkilati, hüquqi, iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını, vəzifələrini, həmçinin, mədəniyyət işçilərinin statusunu müəyyən edir. Bu qanun mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayacaq. Eyni zamanda, demək istəyirəm ki, dövlət mədəniyyət fəaliyyətinin əsas formaları mədəni irs, peşəkar incəsənət və mədəni sənayedir.

Qanun layihəsində qeyd olunur ki, dövlət mədəniyyət sisteminə dövlətin mülkiyyətində olan teatr-konsert müəssisələri, kitabxana müəssisələri, muzey müəssisələri, təhsil və tədris müəssisələri, mədəniyyət mərkəzləri və asudə vaxtın təşkili müəssisələri, həmçinin, mədəniyyət və incəsənətin təbliği-yayımı müəssisələri daxildir. Sənəddə, həmçinin, göstərilir ki, dövlət milli-mədəni dəyər və sərvətlərinin yaradılması, qorunması, tədqiqi, bərpası və istifadəsi məqsədi ilə dövlət mədəniyyət təsisatlarını yaradır, onun fəaliyyətini təmin edir.

Qanun layihəsində yaradıcılıq ittifaqları barəsində də bəhs edilir ki, burada da yaradıcılıq ittifaqlarının nizamnaməsində müəyyən edilmiş tələblərə cavab verən yaşı 18-ə çatmış hər bir yaradıcı şəxsin könüllülük əsasında yaradıcılıq ittifaqlarının üzvü ola bilməsi məsələsi nəzərdə tutulur.

- Ümumiyyətlə, mədəniyyət sahəsində yeni qanunun hazırlanması hansı zərurətdən yarandı?

- Əlbəttə ki, bunun üçün ciddi zərurət var idi. Son 10 ildə Azərbaycan mədəniyyətinin inkişafı təkidlə tələb edirdi ki, yeni qanun qəbul olunsun. Ötən əsrin 90-cı illərinin ortalarında ölkədə mədəniyyətin həm maddi bazası, həm də ümumi sosial hazırlığı kifayət səviyyədə deyildi. İndi Azərbaycanda çox ciddi irəliləyiş var - muzeylərimiz, teatrlarımız bərpa olunub, yaradıcılıq ittifaqları ayağa qalxıb. Son zamanlar Azərbaycanın mədəni irsinin dünyada təbliği istiqamətində xeyli işlər görülür. Bu təbliğatı daha geniş formada aparmaq üçün xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, hesab edirəm ki, ölkədə prodüser institutunun inkişafı da vacibdir. Bu məsələlər yeni sənəddə öz əksini tapır. Həqiqətən də, biz əvvəl istəyirdik ki, mövcud qanunda müəyyən dəyişikliklər edək. Amma nəzərdə tutulan və zəruri olan dəyişikliklərin xeyli çox olması yeni qanunun hazırlanması vacibliyini gündəmə gətirdi. Yeni qanunda Azərbaycan mədəniyyətinin maddi təminat məsələləri öz əksini tapır. Eyni zamanda, mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, dünya mədəniyyətinin ölkəmizdə təbliğatı ilə bağlı görülən işlərin miqyası o qədər çoxdur ki, bütün bunlar yeni qanunauyğunluqlar, yeni prinsiplər diktə edir.

Qanunda mədəniyyət təşkilatlarına dair müddəalar da öz əksini tapır. Çünki mədəniyyət təşkilatlarının öz qanunauyğunluqları var. Belə ki, yeni qurumlar yaranır və bu da mədəniyyət və incəsənətin kütləviləşməsinə müsbət təsir göstərir. Bütün bunlardan əlavə, hesab edirəm ki, qanundakı bəzi anlayışlar da dəqiqləşməlidir. Biz hazırda ikinci oxunuş üçün həmin anlayışlar üzərində çox dayanırıq, onları dəqiqləşdiririk. Amma ən önəmlisi odur ki, yeni qanun mədəniyyətin inkişafı və qanun yaradıcılığı üçün materiallar verir.

- Bu qanun layihəsinin parlamentdə ikinci oxunuşa nə vaxt çıxarılması nəzərdə tutulur?

- Qanun layihəsinin ikinci oxunuşa hazırlanması istiqamətində işlər gedir. Biz bu işləri tələsmədən həyata keçiririk. Ona görə ki, bəzi məsələlərin üzərində geniş dayanmalıyıq, müvafiq təşkilatlarla müzakirələri davam etdirilməliyik. Qanun layihəsində əksini tapan məsələlərlə bağlı mədəniyyət və incəsənət müəssisələrinin rəylərini alırıq, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri ilə müzakirələr aparırıq. Yəni, bu işlər formal şəkildə getmir, əksinə xüsusi yanaşma ilə həyata keçirilir.

Qeyd edim ki, mədəniyyət və incəsənət sahəsində fərdi hadisələr də xüsusi diqqətdə olmalıdır. Məsələn, çoxlu bəstəkarlar ola bilər, amma bir Üzeyir Hacıbəyli istedadı millətin mədəniyyətini dünyaya təqdim edir. Çoxlu şair ola bilər, amma bir Səməd Vurğun ədəbiyyatımızı müəyyən səviyyəyə qaldırıb. Yəni, bu sahədə fərdi özünəməxsusluğun, fərdi istedadın qiymətləndirilməsi vacibdir. Bilirsiniz ki, Ümummilli liderimiz Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə necə diqqət göstərilməsinin nümunəsini aşılayıb. Bu gün Azərbaycan dövləti bu diqqət və qayğını həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondu mədəniyyətimizin qorunması və dünyada təbliğ olunması istiqamətində böyük layihələrin təşkilatçısı kimi çıxış edir. Ümumiyyətlə, bütün bunlar mədəniyyət sahəsində mükəmməl qanun hazırlanmasına imkan verir. Biz elə qanun qəbul etməliyik ki, gələcək dövr üçün bizim mədəniyyət həyatımızı idarə edə bilsin.

- Nizami müəllim, qeyd etdiniz ki, Azərbaycan mədəniyyəti beynəlxalq müstəvidə geniş təbliğ olunur. Bu yaxınlarda Bakıda “Eurovision 2012” mahnı müsabiqəsi keçiriləcək. Sizcə, bu nüfuzlu beynəlxalq musiqi yarışmasının ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- “Eurovision” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi Azərbaycan üçün böyük hadisədir. Bu nüfuzlu tədbir müstəqil Azərbaycanı və onun uğurlarını beynəlxalq müstəvidə təbliğ etmək baxımından önəmli vasitədir. Azərbaycan mədəniyyəti güclü potensiala malikdir. Son illər dövlətimizin bu sahəyə ciddi diqqət və qayğısı öz bəhrəsini verməkdədir.

Ölkəmizin ötən il bu musiqi yarışmasında qalib gəlməsi o deməkdir ki, belə qələbələr üçün bizim bazamız və imkanlarımız var. “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsinə qarşı, bu müsabiqənin siyasiləşdirilməsi istiqamətində daxili və xarici dairələr tərəfindən edilən cəhdlər gülünc və mənasızdır. Bu cəhdlər bizim uğurumuza kölgə sala bilməyəcək.

- Adlar və soyadlarla bağlı məsələ də uzun müddətdir ki, cəmiyyətdə geniş müzakirə mövzusudur. Bu istiqamətdə nə kimi yeniliklər mövcuddur?

- Bilirsiniz, soyad sonluqları məsələsi niyə qalxıb? Bu, həqiqətən xeyli dərəcədə milli məsələdir. Hər bir xalqın öz mədəniyyəti var və öz mədəniyyətində soyad vermə qayda-qanunları var. Biz məsələni buna uyğun həll etməliyik. Bir də burada əsas məsələ nədir? Həqiqətən də bizdə elə nəsillər olub ki, rus soyad formalarını - “ov”- “yev”i, - XIX əsrdə qəbul edib, Sovet dövründən əvvəl, XX əvvəllərində qəbul edənlər olub. Amma Sovet dövründə bu proses dövlət səviyyəsində həyata keçirilib. Bunun mahiyyətinə insanlar o qədər varmasa da, faktiki olaraq bu, repressiyadır. Yəni, sənin mövcud olmuş soyad sistemin aqressivcəsinə dəyişdirilir, özü də bu xalqa, nə erməniyə, nə gürcüyə yox, məhz bizə bu tətbiq olunur. İndi biz bunun qarşısını almalıyıq, ya yox?

Sadəcə, burada soyad seçmə imkanlarını müəyyən qədər yumşaltmaq lazımdır. Bəlkə bu, elə xalqın ixtiyarına verilməlidir. Eyni zamanda, elmi, mədəni tövsiyələr olmalıdır, necə ki, bizim Milli Elmlər Akademiyası belə bir tövsiyələr verib. Hətta ola bilsin ki, burada heç qanuna və qərara da ehtiyac yoxdur. Amma bununla yanaşı, bu tövsiyə olunmuş modellər cəmiyyətə çatdırılmalıdır.

 

 

Yeni Azərbaycan.- 2012.- 19 may.- S.4.