Biz Ermənistan nümayəndələrinin
iştirak etdiyi bütün tədbirlərdə
olmalıyıq
Musa Quliyev: Çünki bizim
olmadığımız tədbirlərdə ermənilər
istədikləri böhtanı, yalanı Azərbaycanın
ünvanına deyə bilərlər
Məlum
olduğu kimi, Milli Məclisin deputatları Asəf Hacıyev,
Musa Quliyev və Jalə Əliyeva Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı (QDİƏT) Parlament Assambleyasının
39-cu plenar iclasında iştirak etmək üçün 21-24
may tarixlərində Yerevanda səfərdə olacaqlar. Səfərlə
bağlı məlumat almaq üçün Milli Məclisin
Sosial siyasət komitəsinin sədr müavini, QDİƏT
PA-da nümayəndə heyətinin üzvü Musa Quliyevlə
əlaqə saxladıq. Millət vəkili Azərbaycan təmsilçilərinin
bu tədbirdə iştirakının təmin olunduğunu
dedi:
-
QDİƏT PA-nın iclasları əlifba sırası ilə
üzv dövlətlərdə keçirilir. Növbə Ermənistana
çatdığı üçün təşkilatın
iclası Yerevanda keçiriləcək. Bu tədbirdə
QDİƏT PA-ya sədrlik Azərbaycana keçəcək və
6 ay ərzində qurumun rəhbəri Azərbaycan parlamentinin
spikeri olacaq. Ona görə də, biz həm iclasda iştirak
etmək, həm də sədrliyi qəbul etmək
üçün Yerevana səfər etməliyik. Bildiyiniz kimi,
QDİƏT PA-da üç komitə fəaliyyət göstərir.
İqtisadi məsələlər komitəsində əsas məruzəçi
mən olacam. Məruzə üzv dövlətlərdə
üzümçülük və şərabçılığın
inkişaf perspektivləri mövzusunu əhatə edir. Mədəniyyət
və sosial məsələlər komitəsində isə əsas
müzakirə mövzusu QDİƏT-ə üzv ölkələrdə
uşaq hüquqlarının qorunması ilə
bağlıdır. İclasın qətnaməsini həmin
komitənin sədri Jalə Əliyeva oxuyacaq.
Hüquq
komitəsində isə müzakirələr üzv ölkələrdə
iqtisadi cinayətkarlıqla və terrorizmlə mübarizənin
vəziyyəti haqqında olacaq. Hər iki komitənin
işində imkan var ki, başqa məsələlərlə
yanaşı, Qarabağ problemini qaldıraq və Ermənistanın
işğalçılıq siyasətini ifşa edək. Eyni
zamanda, Ermənistanın təcavüzünün
qaçqın uşaqlara nə qədər mənfi təsir
göstərdiyi, ölkəmizin terrorizmdən əziyyət
çəkdiyi, Dağlıq Qarabağda
separatçılığın və onun nəticələri
barədə fikirlərimizi səsləndirmək
imkanımız olacaq.
-
İşğalçı dövlətə səfərlə
əlaqədar Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinə
təminat verilibmi?
-
Bizim təhlükəsizliyimiz təmin olunmalıdır. Biz
Yerevana Gürcüstan vasitəsilə gedəcəyik. Məlumat
üçün deyim ki, Türkiyə nümayəndə heyəti
də Tbilisiyə gələcək. Və beləliklə, Azərbaycan,
Gürcüstan və Türkiyə nümayəndə heyəti
birlikdə maşınlarla Yerevana yola düşəcək.
Qeyd etdiyim kimi, səfərimizlə əlaqədar təhlükəsizlik
məsələləri də nəzərə alınıb.
Hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarda təmsil
olunursa, iclasların hansı ölkədən keçirilməsindən
asılı olmayaraq, biz bu tədbirlərə getməliyik. Həm
Azərbaycanın mövqeyini müdafiə etmək
üçün, həm də ölkəmizə qarşı
əks fikir olarsa onlara cavab vermək üçün bizim bu
iclasda iştirakımız vacibdir. Fikrimcə, hansı təşkilatda
və tədbirdə Ermənistanın nümayəndəsi varsa,
orada biz də olmalıyıq.
-
Ölkəmizdə heç də hamı Ermənistana səfər
etməyi müsbət qarşılamır və buna etirazlar
da olur. Bu baxımdan, həmin insanlara nə demək istərdiniz?
- Azərbaycan
Ermənistanla heç bir əməkdaşlıq etmir və
işğalçı dövlətlə əlaqələr
mövcud deyil. Bizim Yerevana səfərimizdə məqsəd
beynəlxalq tədbirdə iştirak etməkdir. Beynəlxalq
tədbirin hansı ölkədə keçirilməsinin əhəmiyyəti
yoxdur. Digər tərəfdən, həmin adamlar bilməlidir
ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə
ATƏT-in Minsk qrupu məşğul olursa, həmsədrlər
ölkələrə səfərlər edirsə və hər
iki tərəflə məsləhətləşərək
bu işi aparırsa, Azərbaycan nümayəndə heyətinin
də hər hansı beynəlxalq təşkilat çərçivəsində
Yerevana getməsinin müsbət tərəfləri
çoxdur. Ona görə ki, bizim iştirak etmədiyimiz tədbirlərdə
ermənilər istədikləri böhtanı, yalanı Azərbaycanın
ünvanına deyə bilər. Azərbaycan nümayəndələrinin
tədbirlərdə iştirak edib Ermənistanın
işğalçı siyasətini ifşa etməsi
yaxşıdır, yoxsa yox? Bütün bunları nəzərə
alaraq biz həmin tədbirlərdə iştirak etməliyik.
Hesab edirəm ki, millət vəkilləri olaraq belə tədbirlərdə
iştirak edərək mövqeyimizi ortaya qoymalı və
müdafiə etməliyik.
-
Bildiyimiz kimi, indiki Ermənistan dövləti qədim Azərbaycan
torpağında yaradılıb. Bu baxımdan, Ermənistana səfər
çərçivəsində hansısa məkanı ziyarət
etməyi düşünürsünüzmü?
- Əslində,
protokoldan kənara çıxa bilmərik. Amma QDİƏT
PA-nın Baş Assambleyasının toplantılarında adətən
bir gün mədəni proqramlar tərtib olunur və həmin
proqramlar çərçivəsində nümayəndə
heyətlərini ölkənin gəzməli-görməli
yerləri ilə tanış edirlər. Əgər imkan
yaransa, mən belə proqramda iştirak etməyib,
doğulduğum Sisyan rayonunun Urud kəndini ziyarət etmək
niyyyətimi bildirəcəm. İstəyirəm ki, kəndimizin
məzarlığının yerləşdiyi ərazini ziyarət
edim. İndi orada qəbirlər olmasa da, həmin ərazini
ziyarət edib, dünyasını dəyişmiş
doğmalarımın ruhuna dualar oxumaq istəyirəm. Amma bu
istəyimin reallacağını isə indidən deyə bilmərəm.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2012.- 19 may.- S.3.