Heydər
Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən
ölkə Prezidenti İlham
Əliyev öz fəaliyyətində
ölkəmizin ekoloji durumuna
xüsusi diqqət və qayğı
göstərir
Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri Hüseyn Bağırov www.yap.org.az saytına müsahibə
verib:
-
Hüseyn müəllim, mayın 10-da xalqımız Ulu öndər
Heydər Əliyevin anadan olmasının 89-ci
ildönümünü coşğu ilə qeyd etdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki
yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...
-
Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri,
heç şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin
adı ilə, Onun irimiqyaslı və çoxşaxəli
dövlətçilik fəaliyyəti ilə
bağlıdır. Azərbaycana otuz dörd illik rəhbərliyi
dövründə ölkənin bütün sahələr
üzrə inkişafında, dövlət müstəqilliyinin
möhkəmləndirilməsində Onun xidmətləri
ölçüyəgəlməzdir. Heydər Əliyev hələ
sovet hakimiyyəti illərində var qüvvəsi ilə Azərbaycanın
gələcək inkişafı, tərəqqisi, rifahı,
xalqın həyat səviyyəsinin
yaxşılaşdırılması və cəmiyyətin
firavanlığı naminə yorulmaq bilmədən
çalışmışdır.
Azərbaycan
xalqının bəşəriyyətə bəxş etdiyi ən
nadir və görkəmli şəxsiyyətlərdən biri,
qüdrətli dövlət xadimi, dünya şöhrətli
siyasətçi Heydər Əlirza oğlu Əliyev Azərbaycan
tarixinin parlaq səhifələrini yazaraq ölkənin salnaməsində
dərin iz qoymaqla, sözün həqiqi mənasında, onu
qurub-yaratmışdır. Bu böyük şəxsiyyət
titanik zəhməti, tükənməz enerjisi,
işıqlı zəkası və dəmir iradəsi ilə
daim xalqının, Vətəninin, dövlətinin xidmətində
dayanmışdır.
Ümummilli
lider Heydər Əliyev keçmiş ittifaqın
iqtisadiyyatı üçün əlverişli xammal
bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf
strategiyasını böyük uzaqgörənliklə işləyib
həyata keçirmişdir. Bunun nəticəsi kimi bir
sıra əsas göstəricilər üzrə geridə
qalmış Azərbaycan qısa müddətdə
inkişafın yeni mərhələsinə qədəm
qoyaraq tez bir zamanda keçmiş ittifaqın qabaqcıl
respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini
əhəmiyyətli dərəcədə artıra
bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin
iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının
formalaşması, ölkədə strateji əhəmiyyətli
sənaye və istehsal müəssisələrinin
açılması da məhz ötən əsrin 70-80-ci illərinə
təsadüf edir. Heydər Əliyevin qətiyyətli iradəsi
və təşəbbüskarlığı ilə
keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli
müəssisələri məhz Azərbaycanda inşa
olunmuş, bununla da respublikamızın gələcək
müstəqilliyinin iqtisadi əsasları
formalaşdırılmışdır.
- Azərbaycanın
təbii sərvətlərinin, ekologiyasının mühafizəsi
ilə bağlı Ümummilli lider Heydər Əliyevin
gördüyü işlər haqqında fikirlərinizi bilmək
istərdik. Rəhbərlik etdiyiniz nazirlik Ulu öndərin bu
istiqamətdəki tövsiyələrini hansı səviyyədə
yerinə yetirməkdədir?
- Ulu
öndər Azərbaycanda rəhbər olduğu müddətdə
bütün sahələrdə olduğu kimi ekoloji problemlərin
həlli məsələlərini də daim diqqət mərkəzində
saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin
mühafizəsi, eləcə də təbii sərvətlərdən
səmərəli istifadə məsələlərinə
xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti
illərində ölkəmizdə ətraf mühitin
mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət
alıb və formalaşmağa başlayıb. 1969-1982-ci illərdə
respublikamızda həyata keçirilən təbiəti
mühafizə tədbirlərinin təşəbbüskarı
Heydər Əliyev olmuşdur. Məhz Onun təşəbbüsü
ilə keçən əsrin 70-ci illərində həyata
keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində
Abşeron yarımadası yaşıl libasa bürünməyə
başlamışdır. 1970-ci ilə qədər Bakı
şəhərində 3 min hektara qədər
yaşıllıq sahəsi mövcud idisə, Ulu öndər
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin
illərdə yaşıllıqların sahəsi 17 min hektara
qədər çatdırılımışdı.
Bu
dövrdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən
səmərəli istifadə olunmasına dair 8 qanun qəbul
olunmuş, hökumət səviyyəsində 30-dan artıq qərar
təsdiq edilmişdir.
Azərbaycan
öz müstəqilliyini əldə etdikdən sonra
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gəlmiş Ulu öndərimiz ekoloji məsələləri
bir daha ön cərgəyə çəkmiş, bu sahədə
olan mövcud problemlərə xüsusi diqqət
ayırmışdır. Bu dövrdə bir sıra yeni
qanunlar-meşə, torpaq, su haqqında və s. qanunlar qəbul
edilmişdir.
Ətraf
mühitin idarə olunmasının təkmilləşdirilməsi
məqsədilə Ulu öndərimizin Sərəncamına əsasən
2001-ci ilin may ayında Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yaradılmışdır.
Bir qədər
sonra-2003-cü ildə isə Onun sərəncamları ilə
“Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa
dair” və “Meşələrin bərpası və
artırılmasına dair” milli proqramlar təsdiq edilərək
həyata keçirilmişdir.
Heydər Əliyevin
sosial-iqtisadi siyasətini uğurla davam etdirən Azərbaycan
Prezidenti cənab İlham Əliyev öz fəaliyyətində
ölkəmizin ekoloji durumuna xüsusi diqqət və
qayğı göstərir.
Dövlət
müstəqilliyinin bərpasından ötən iyirmi il ərzində
aparılan uğurlu dövlət siyasəti nəticəsində
ölkəmizin sosial-iqtisadi inkişafı və dünya
iqtisadiyyatına inteqrasiyası sahəsində çox
böyük nailiyyətlər əldə olunmuşdur.
Müstəqil dövlət quruculuğu prosesində iqtisadi
islahatların və inkişafın mahiyyət etibarı ilə
yeni bir modeli yaranmış, makroiqtisadi sabitlik qorunub
saxlanılmış və iqtisadi inkişafın
dayanıqlılığı təmin edilmişdir.
Son illər
əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını
daha da möhkəmləndirərək qeyri-neft sektorunun,
infrastruktur sahələrinin, regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi,
yoxsulluğun azaldılması, ekoloji təhlükəsizliyin
təmin olunması və digər məsələlərin həlli
istiqamətində daha təsirli tədbirlərin həyata
keçirilməsi üçün imkanları genişləndirmişdir.
Bu gün
də Ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri
rəhbər tutularaq müstəqil Azərbaycan
Respublikasının zəngin təbiətini, təbii sərvətlərini
qorumaq və bərpa etmək üçün vaxtilə
başlanılmış işlər davam etdirilir, bu istiqamətdə
yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin
həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların
diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi
ekoloji siyasət reallaşdırılır.
Uzun illər
ərzində yaranmış ekoloji problemlər təhlil edilərək,
onların kompleks həllinə yönəldilən və
davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və
Dövlət Proqramı təsdiq edilərək icrasına
başlanılmış, respublikamızda mövcud olan qoruq və
yasaqlıqların əraziləri genişlənmiş, milli
parklar yaradılmış, ətraf mühitin
yaxşılaşdırılması istiqamətində tədbirlər
həyata keçirilmişdir.
Ölkə
rəhbərliyinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin
müzakirəsinə həsr olunmuş müşavirələrin
keçirilməsi, ətraf mühitlə bağlı qəbul
olunmuş dövlət proqramlarının icrasına göstərilən
diqqət, mövcud ekoloji problemlərin daha səmərəli
həlli məqsədilə müvafiq sərəncamların
imzalanması, bu sahənin ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına parlaq nümunədir.
-
Hüseyn müəllim, Ümummilli lider Heydər Əliyev
siyasətinin bu gün uğurla davam etdirilməsi nəticəsində
ətraf mühitin mühafizəsi, təbii sərvətlərimizin
qorunması məsələlərində ciddi nailiyyətlər
əldə edilməkdədir. Qarşıda hansı vəzifələr
durur və bu vəzifələrin uğurlu həlli istiqamətində
nə kimi tədbirlər həyata keçirilir?
- Bəli,
Ulu öndər Heydər Əliyev ideyalarını bu gün də
yaşadaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi altında, insanların rifah halının
yaxşılaşdırılması naminə, ətraf
mühitin ən müasir metodların tətbiq edilməsi ilə
idarə edilməsinə nail olunması istiqamətində
yeni-yeni layihələr reallaşdırılır. Bu
baxımdan, ölkəmizin ekoloji siyasəti qabaqcıl
dünya ölkələri tərəfindən qəbul
olunmuş davamlı inkişaf prinsipləri, Minilliyin
inkişaf məqsədlərinə əsaslanaraq qurulub. Məlum
olduğu kimi, 2012-ci ildə Rio de Janeyroda BMT-nin Davamlı
İnkişaf üzrə Konfransı keçiriləcəkdir.
Yoxsulluğun aradan qaldırılması, davamlı inkişaf
kontekstində yaşıl iqtisadiyyat və davamlı
inkişaf üzrə institusional çərçivə
Dünya Sammitinin əsas mövzuları kimi müəyyən
edilmişdir.
Hazırda
BMT-nin iqtisadi və sosial gündəliyində xüsusi yeri
olan konfransa hazırlıq məqsədi ilə
başlanılmış proses çərçivəsində
qlobal və regional müstəvidə hazırlıq
iclasları keçirilir. Əhalinin daha yaxşı
yaşaması, yoxsulluğun aradan qaldırılması, sosial
rifahının təmin edilməsi və ekoloji təhlükələrin
azaldılması üçün iqtisadi inkişafın yeni
modelinin qurulması mühüm amillərdən biridir.
Azərbaycan
hələ 2003-cü ildə davamlı inkişaf üzrə
Milli proqram qəbul etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən
biri olan Ətraf mühitin davamlılığını təmin
etmək üzrə fəaliyyət planına əsasən
davamlı inkişaf prinsipləri dövlət siyasəti və
proqramlarına daxil edilmiş və təhlükəsiz
içməli su və sanitariya xidmətləri ilə təmin
olunmamışların sayını azaltmaq prioritet kimi qəbul
edilmişdir.
Respublika
Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi
Milli və Dövlət proqramlarında bu hədəflərin
reallaşması üçün vəzifələr müəyyənləşdirilmişdir.
Bu proqramların əsas məqsədi ölkə
iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik
inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının
daha dolğun təmin olunmasına, regionların
inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin
təmin edilməsinə, ətraf mühitin mühafizəsinə
yönəldilmiş dövlət əhəmiyyətli
investisiya layihələrinin sistemli və səmərəli
şəkildə həyata keçirilməsini təmin etməkdən
ibarətdir.
- Azərbaycan
Respublikasında “yaşıl iqtisadiyyata” keçid mərhələsi
çərçivəsində hansı işlər
görülür?
- Ölkədə
iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə
bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi
üçün təmiz texnologiyaların tətbiqinə böyük
yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb
olunması üçün ekoloji cəhətdən təmiz
alternativ enerji mənbələrindən geniş istifadə
etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat,
tikinti və digər sahələrdə enerjidən səmərəli
istifadə üzrə tədbirlər həyata keçirilir.
Ölkəmizdə
“yaşıl iqtisadiyyata” keçid mərhələsində
ekoloji və iqtisadi tələblərə cavab verməyən
çoxlu sayda müəssisələr bağlanmış,
digərləri yenidən qurularaq modernləşdirilmiş,
yeni aztullantılı və tullantısız texnologiyalar tətbiq
olunmuşdur.
Təbii
ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər
hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin
təmin edilməsi sahəsində daha əməli tədbirlərin
həyata keçirilməsi, aparılan işlərin tam
ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji
ekspertiza tələblərinin mövcud dünya
standartlarına uyğun qurulması problemlərin
azalmasına, bu sahədə dönüşün
yaranmasına gətirib çıxarmışdır. Bu
baxımdan istehsal intensivliyi ilə müşayiət olunan və
formalaşan tullantıların ətraf mühitdən təcrid
edilməsi, onların utilizasiyası və idarə olunması
xüsusi prinsipiallıq kəsb edir. Nazirlik tərəfindən
qoyulan tələblərin icrasını təmin etmək məqsədilə
şirkətlər bu işə cəlb edilir. İnkişaf
etmiş dövlətlərdən gətirilən yeni yaşıl
texnologiya və qurğuların tətbiqinə icazə ilə
bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə müraciətlərin sayı
artmışdır.
Ekoloji
hüquq pozuntularına görə məsuliyyətin
artırılması ekoloji nəzarət sahəsində
iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib
çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət,
təbii ehtiyatlar, onların mühafizəsi və bərpası
davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının
tərkib hissəsinə çevrilmişdir.
Keçmişdən
miras qalmış ekoloji problemlərin aradan
qaldırılması və səmərəli idarəetmə
sisteminin yaradılması başqa sahələrdə
olduğu kimi Azərbaycan Respublikasının beynəlxalq
miqyasda nüfuzunun artmasına təkan vermişdir.
Müasir
dövrdə ətraf mühitin çirklənməsi, qlobal
iqlim dəyişmələri bəşəriyyəti narahat
edən əsas problemlərdəndir. Bunların həlli
istiqamətində alimlər və mütəxəssislər
tərəfindən müxtəlif fikirlər
yürüdülür ki, bunlardan da ən önəmlisi
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadədir.
Son
dövrlərdə dövlətlər özlərinin
yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb
edilməsinə çalışırlar. Bu yarışda
külək, günəş, biokütlə, dalğa,
qabarma-çəkilmə, kiçik çayların hidroloji
enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri
xüsusi yer tutur. Bu növ alternativ enerji mənbələrinin
potensial imkanları sonsuzdur və onların ekoloji səmərəliliyi
heç kəsdə şübhə doğurmur.
Ölkəmizdə
alternativ enerji mənbələrinin istifadəsi prioritet istiqamət
olduğundan ətraf mühitin
sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin
təmin edilməsi istiqamətində, o cümlədən
istilik effekti yaradan qazların tullantılarının
azaldılması sahəsində tədbirlər həyata
keçirilir. Alternativ enerji üzrə Dövlət Agentliyi
yaradılmış, müvafiq milli proqram qəbul
edilmişdir.
2011-ci ildə
günəş panellərinin istehsalı zavodu istismara
verilmiş, “tullantı enerjiyə” prinsipi əsasında fəaliyyət
göstərəcək (500 min ton/il gücündə və
ildə 250 milyon kilovat/saat elektrik enerji istehsal edəcək)
tullantı emalı zavodunun tikintisi davam etdirilir.
Nazirliyin
ucqar yerlərdə yerləşmiş avtomat hidrometeoroloji
stansiyalarının elektrik enerjisinə olan tələbatı
günəş və külək enerjisi ilə təmin
olunur. Böyük Qafqazın yüksək dağlıq ərazilərində
yaradılmış Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat
Elm Mərkəzi və onun 4200 metrə qədər yüksəklikdə
yerləşən avtomat hidrometeoroloji stansiyalarının
enerji tələbatı alternativ enerji hesabına təmin
olunmuşdur.
Azərbaycan
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının istilik effekti yaradan qazların
tullantılarının azaldılması üzrə kəmiyyət
öhdəliyi götürməyən tərəf olmasına
və Azərbaycanda istilik effekti yaradan qazların dünya
tullantılarının 0,3%-dən də az hissəsini təşkil
etməsinə baxmayaraq, Kiotodan sonrakı dövr ərzində
tullantıların azaldılması istiqamətində konkret tədbirlər
həyata keçirmişdir ki, bunun hesabına,
iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, həmin
tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon
tona enmişdir. Buna, ətraf mühitin mühafizəsi və
iqlim dəyişmələrinin təsirlərinin
yumşaldılması da daxil olmaqla, davamlı inkişaf
prinsiplərinə böyük önəm verilməsi nəticəsində
nail olunmuşdur. Ümumilikdə biz Kioto prosesi
başladıqdan bəri istilik effekti yaradan qazların
tullantılarının 500 milyon ton azaldılmasına nail
olmuşuq. Bu həcm inkişaf etmiş iri bir Avropa dövlətinin,
misal üçün, İspaniyanın illik emissiyasına bərabərdir.
Bütün
bunlar ekoloji cəhətdən təmiz sənayenin
inkişafı, enerji effektivliyinin artırılması, bərpa
olunan enerji sektorunun yaradılması istiqamətində fəaliyyət
hesabına başa gəlmişdir. Gərgin səylərdən
sonra ölkənin meşə örtüyü 0,4%
artmışdır ki, bu da növbəti 10 il ərzində 1
milyon ton karbon qazı emissiyasının azalması deməkdir.
Bundan
başqa, səmt qazlarının həcmi - 2006 - 2010-cu illər
ərzində 578,6 milyon m3-dən 298,3 milyon m3-dək
azaldılıb. Elektrik enerjisinin istehsalında mazutdan imtina
olunmuş və tamamilə təbii qaza keçilmişdir.
Elektrik enerjisi vahidinin istehsalı üçün sərf
olunan şərti yanacaq miqdarı - 2000 - 2010-cu illər ərzində
411,3 qramdan 304,5 qramadək azalmışdır.
Hesab edirəm
ki, bu gün, iqlim dəyişikliklərinin təsiri nəticəsində
planetimiz üçün əmələ gələcək zərərin
qarşısının alınması istiqamətində
ölkəmizdə gördüyümüz işlər gələcək
nəsillərin həyatının qorunmasına və
yaxşılaşdırılmasına şərait
yaradacaqdır. Ölkə əhalisinin təhlükəsiz
içməli su ilə təmin edilməsi üçün
boru kəmərlərinin çəkilişi və təmizləyici
qurğuların qurulması üzrə iri miqyaslı layihələr
həyata keçirilir. Eyni zamanda mərkəzləşmiş
şəkildə təmiz içməli suya
çıxışı olmayan ən ucqar yaşayış
məntəqələrinin də tez bir zamanda təhlükəsiz
su ilə təmin edilməsi üçün modul tipli su təmizləyici
qurğular qurulur. Son illər ölkəmizdə mərkəzləşmiş
kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud
tullantı su təmizləyici qurğuların modernləşdirilməsi
və yenilərinin inşası üzrə də
böyük layihələr icra olunur, həmçinin su
hövzələrinin hətta kiçik lokal mənbələrdən
çirklənməsinin qarşısını almaq
üçün modul tipli təmizləyici qurğular
quraşdırılır.
Bu istiqamətdə
fəaliyyətin davam etdirilməsi yaxın zamanlarda Azərbaycanda
nəinki Minilliyin İnkişaf Məqsədlərindən
biri olan “2015-ci ilədək təhlükəsiz içməli
su və sanitariya xidmətləri ilə təmin
olunmamış əhalinin sayının iki dəfə
azaldılmasına” nail olmağa, əhalinin tam şəkildə
keyfiyyətli içməli su və sanitariya xidmətləri
ilə təmin olunmasına şərait yaradır.
-
Hüseyn müəllim, Azərbaycan Prezidenti cənab İlham
Əliyev tərəfindən 2010-cu il “Ekologiya ili” elan
edilmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
üzərinə düşən böyük vəzifələri
layiqincə yerinə yetirdi. Həmin vaxtdan kifayət qədər
zaman ötsə də, rəhbərlik etdiyiniz qurum “Ekologiya
ili” çərçivəsində görülmüş
işləri bu gün də davam etdirməkdədir...
- Ölkəmizdə
gələcək çağırışların ciddiliyi dərindən
başa düşülür və buna siyasi dəstək
olaraq Azərbaycanda 2010-ci il “Ekologiya ili” elan edilmişdi. Ətraf
mühit məsələlərinə böyük əhəmiyyət
verilməsi, o cümlədən maliyyə vəsaitlərinin
ayrılması hesabına irimiqyaslı ekoloji layihələrin
həyata keçirilməsi ölkə vətəndaşlarına
daha təmiz mühitdə yaşamağa imkan yaradır. Son
illər ölkə iqtisadiyyatının sürətlə
inkişafı nəticəsində əldə olunan gəlirlərin
qeyri-neft sektoruna, infrastrukturanın inkişafına, xüsusilə
ətraf mühitlə bağlı problemlərin həllinə
yönəldilməsi, yaxın gələcəkdə daha
böyük, ən müasir tələblərə cavab verən
ekoloji layihələrin reallaşdırılmasına imkan verəcək.
Uğurlu
ekoloji siyasət nəticəsində son illər ərzində
ətraf mühitin bütün sahələrində, o cümlədən
biomüxtəlifliyin mühafizəsi, meşələrin
inkişafı, yaşıllıqların
artırılması, su ehtiyatlarının və
tullantıların davamlı idarə olunması sahəsində
əldə olunmuş aşağıdakı nəzərəçarpacaq
nailiyyətləri qeyd etmək olar:
- Ölkəmizdə
insanların sağlam ətraf mühitdə yaşamaq
hüququ əməli tədbirlərlə təmin
olunmaqdadır. Minilliyin İnkişaf Məqsədlərinə
uyğun olaraq qısa bir müddət ərzində modul tipli
sutəmizləyici qurğuların quraşdırılması
hesabına Azərbaycanın 221 yaşayış məntəqəsində
yaşayan 400 min nəfərə yaxın əhali
Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə
cavab verən içməli su ilə təmin edilmişdir.
Eyni zamanda, istənilən tərkibdə olan suyu ekoloji cəhətdən
norma və standartlar səviyyəsində təmizləmə
imkanına malik olan mobil sutəmizləyici qurğular
alınmışdır;
- Modul
tipli su təmizləyici qurğulardan ibarət 17 stansiyanın
istismara verilməsi nəticəsində Xəzər dənizinin
ətraf mühitinin mühafizəsi sistemi
yaradılmış, bununla da təxminən 100 km sahilboyu ərazidən
dənizin çirklənməsinin qarşısı
alınmışdır;
- Təhlükəli
tullantıların idarə olunması məqsədilə Təhlükəli
Tullantılar Poliqonu yaradılmış və küllü
miqdarda təhlükəli tullantı, o cümlədən 300
min tona yaxın civə tərkibli toksiki tullantı həmin
Poliqona daşınaraq zərərsizləşdirilmişdir;
- Ölkəmizin
əsas su arteriyaları olan Kür və Araz
çaylarının daha çox çirklənməyə məruz
qaldıqlarını nəzərə alaraq, bu çaylarda və
onların transsərhəd qollarında monitorinqin müasir tələblər
səviyyəsində aparılması məqsədi ilə 2
yerdə müasir cihaz və avadanlıqlarla təchiz
olunmuş analitik tədqiqat laboratoriyaları
yaradılmışdır;
- Atom
Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq
proqramı çərçivəsində nüvə
texnologiyalarından istifadə edən ölkələrlə
sərhəd olan rayonlarda radiasiya fonu üzərində
avtomatlaşdırılmış monitorinq nəzarəti
sistemi yaradılmışdır;
- Meşələrin
mühafizəsi, bərpası, yeni meşəliklərin
salınması sahəsindəki göstəricilər durmadan
artır. Həyata keçirilmiş tədbirlər nəticəsində
meşə ilə örtülü ərazilərin sahəsi
1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin
11,4 % -dən 11,8 % -dək artmışdır.
- Paytaxtda
və respublikamızın bölgələrində
yaşıllaşdırma işləri geniş vüsət
almış, Bakı və onun ətrafında 4 milyondan
artıq ağac əkilmişdir və bu işlər daha
geniş ərazilərdə həyata keçirilməkdədir.
Artıq Hövsan ətrafında əvvəlki illərdə
salınmış 200 ha zeytun üstünlük təşkil
edən qarışıq əkinlərə əlavə olaraq
300 ha ərazidə zeytun massivləri salınmış və
97-98 % bitiş təmin olunmuşdur.
Hal-hazırda
həmin ərazilərdə və eyni zamanda Bakı - Quba
magistral avtomobil yolunun Zeynalabdin Tağıyev - Zarat qəsəbələri
arası ərazidə 350 ha, Bakı - Şamaxı magistral
avtomobil yolunun Müşviqabad qəsəbəsi -
Çaylı kəndi arası ərazidə 223 ha,
Bakı-Qazax magistral avtomobil yolunun Ələt - Atbulaq hissəsində
450 ha, Bakı - Astara magistral avtomobil yolunun Ələt - Salyan
hissəsində 250 ha sahədə kompyuter idarəetmə
sisteminə malik ən müasir damcılı suvarma sistemlərinin
quraşdırılması üçün
avadanlığın Azərbaycana gətirilməsi prosesi
sürətlə gedir.
Sürüşməyə
həssas və çətin bitmə şəraitinə malik
Bayıl yamacında 60 ha ərazidə quraqlığa
davamlı və estetik görkəmə malik 156 min ağac və
kol əkilmiş, bütün ərazidə xüsusi
texnologiya üzrə dik yamaclarda adi yolla mümkün olmayan təbii
yaşıl ot örtüyü yaradılır. Ağaclar
üçün müasir damcılı, ot örtüyü
üçün isə toz şəklində səpilən
suvarma sistemlərinin qurulması işləri tamamlanmaq üzrədir.
Bu da suvarmanın ancaq torpağın üst qatında cəmləşərək,
sürüşməyə təsir etməməsi
üçün vacibdir.
- Bioloji
müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin
əsas istiqamətlərindən biridir. Həyata
keçirilmiş tədbirlər nəticəsində
xüsusi mühafizə olunan təbiət ərazilərinin
ümumi sahəsi 2003-cü ildən etibarən 478 min hektardan
1 132,5 min hektaradək artırılır və nəticədə
10 Milli Park, 1 Biosfer Rezervat, 11 Qoruq və 24 Yasaqlıqdan ibarət
şəbəkə ölkə ərazisinin 13,1 % təşkil
edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən
(11-12%) artıqdır.
Hazırda,
“Samur-Yalama Milli Parkı”nın, Qızılağac Dənizkənarı
Milli Parkının və “Zaqatala-Balakən Biosfer
Rezervatının” formalaşdırılması prosesi həyata
keçirilir.
Bununla da
Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində
hüquqi-təşkilati tədbirlər uğurla başa
çatacaqdır. Əsas diqqət xüsusi mühafizə
olunan təbiət ərazilərinin beynəlxalq standartlara
uyğun infrastrukturunun yaradılması və biomüxtəlifliyin
effektiv mühafizəsi və bərpası işlərinin
daha da sürətləndirilməsi üzərində cəmləşəcək.
Eyni
zamanda, vəhşi təbiətin mühafizəsi istiqamətində
aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun
dəstəyi ilə 2010-cu ildən etibarən ceyranların
tarixi ərazilərinə reintroduksiyası layihəsinə
başlanmış, bu günədək 100 başadək
ceyran öz tarixi areallarına buraxılmışdır.
- Son
dövrlərdə iqlim dəyişmələrinin təsirindən
yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin
gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq
sisteminin təkmilləşdirilməsi üçün
hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi,
modernləşdirmə işləri aparılır. Bu məqsədlə
ölkədə çətin keçilən ərazilərdə
hidrometeoroloji şəraiti daha dəqiq və fasiləsiz izləməyə
imkan verən 18 Avtomat Meteoroloji Stansiya, 8 Avtomat
yağıntıölçən, 5 Avtomat su səviyyəsi
ölçən və 2 ultrasəs su sərfi ölçən
cihazlar qurulmuşdur.
Eyni
zamanda, Kür çayının mənsəbində səviyyə
tərəddüdünü və
Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin 3700 metr
yüksəkliyədək ərazilərində meteoroloji
şəraiti real vaxt rejimində izləməyə imkan verən
videogörüntülərin alınması üçün
avadanlıqlar quraşdırılmış və
hal-hazırda Kiş çayında sel axınlarını və
Ləzədə meteoroloji şəraiti fasiləsiz izləməyə
imkan verən avadanlıq qurulur.
Hazırda
Fransanın “Meteo France İnternational” və ABŞ-ın “Weather
Central” şirkətləri ilə ölkəmizin meteorologiya
sisteminin ən müasir tələblərə cavab verən səviyyəyə
çatdırılması üçün layihə
hazırlığı başa çatır. - Beynəlxalq
ictimaiyyətin diqqətini ölkəmizdə aparılan
ekoloji tədbirlərə yönəltmək
üçün son illərdə “Azərbaycan Yaşıl
Dünya Naminə” və “Xəzər: Ətraf Mühit
üçün Texnologiyalar” adlı Beynəlxalq ekoloji sərgi
və konfranslar keçirilmişdir.
-
Aparılan uğurlu siyasət nəticəsində təmin
edilmiş yüksək iqtisadi inkişafın ahənginə
tam uyğun olaraq geoloqlarımız bu müddətdə yeni
ciddi nəticələr əldə etmişlər.
2003-2005-ci
illərdə kəşf olunaraq balansa
götürülmüş qızıl yataqlarının
bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan
qızıl istehsal edən ölkələr sırasına
çıxmışdır.
Geoloqlarımızın
səyləri nəticəsində son 2 ildə Göygöl
rayonunda Tülallar qızıl yatağı
aşkarlanmış, 80 ton qızıl, 290 ton
gümüş ehtiyatları hesablanmış və yataq
istismar işlərinə hazırlanmaqdadır. Daşkəsən
rayonunda Qöşqardağ-Çanaqçı qızıl
yatağı aşkarlanmış və 20 ton qızıl
ehtiyatları proqnozlaşdırılmışdır.
Şəmkir
rayonu ərazisində ölkədə ilk dəfə platin
qrupu metalların yatağı aşkarlanmışdır.
Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə
işləri aparılır.
Ümummilli
lider Heydər Əliyevin layiqli davamçısı, ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
sosial-iqtisadi inkişaf sahəsində müəyyən
olunmuş düzgün siyasət indiyə qədər ölkəmizə
yalnız uğur gətirmiş və bu sahədə siyasətin
düzgün və uğurla həyata keçirilməsi nəticəsində,
onun tərkib hissəsi olan ekoloji durumun
sağlamlaşdırılması və təbii sərvətlərdən
səmərəli istifadə edilməsinə bundan sonra da nail
olunacaqdır.
Yeni Azərbaycan.- 2012.- 22 may.- S.6.