Bütün
dünya gördü ki, Azərbaycan, eyni zamanda, bir neçə
beynəlxalq səviyyəli tədbir keçirməyə
qadir olan bir ölkədir
Sahib Ələkbərov:
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr
olunmuş bu yarış Azərbaycanda velosiped idmanı növünə
marağın artırılması məqsədini
güdürdü
Xəbər
verildiyi kimi, 9-13 may tarixlərində ölkəmizdə
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş ilk beynəlxalq velotur keçirildi. Bu beynəlxalq
yarışın təşkilatçıları Azərbaycan
Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, həmçinin,
Gənclər və İdman Nazirliyi idi. Yarışın
texniki cəhətdən təşkilini isə bu tədbirə
cəlb olunmuş Almaniyanın “Freunde Eventlogistik” şirkəti
həyata keçirirdi. Onu da xüsusi olaraq vurğulamaq yerinə
düşər ki, bu velotur Beynəlxalq Velosipedçilər
İttifaqının (BVİ) təqvim planına daxil
edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına
aid BVİ kontinental turu idi. Azərbaycanda ilk dəfə
keçirilən velosiped idman yarışına hər biri 6
idmançıdan ibarət olan, 16 ölkədən kişilərdən
ibarət 18 komanda qatılmışdı. Bundan əlavə,
yarışda müxtəlif ölkələri təmsil edən
16 qadın velosipedçi də iştirak edirdi. Bəs,
yarışın təşkilatçıları bu turnirlə
bağlı qarşılarına qoyduqları məqsədə
nail ola bildilərmi? Beynəlxalq veloturun Təşkilat Komitəsinin
sədri, Azərbaycan Velosiped İdmanı
Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovla
söhbətimizdə bu və digər suallara cavab almağa
çalışdıq.
-
Sahib müəllim, ölkəmiz daha bir möhtəşəm
beynəlxalq idman yarışına ev sahibliyi etdi.
Qonaqların və iştirakçıların qənaətinə
görə, bu yarış beynəlxalq standartlara uyğun
olaraq lazımi şəkildə keçirildi. Bəs, Təşkilat
Komitəsi olaraq sizin hədəfləriniz, məqsədləriniz
nə idi və həmin məqsədlərə nail olundumu?
- Hər
şeydən əvvəl qeyd etmək istəyirəm ki,
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr
olunmuş bu yarış Azərbaycanda velosiped idmanı
növünə marağın artırılması məqsədini
güdürdü. Məlum olduğu kimi,
vaxtı ilə bizdə velosiped idmanı kifayət qədər
yüksək səviyyədə olub. Məsələn,
bu yarışda fəxri qonaq kimi iştirak edən Aleksandr
Averin və onun kimi digər tanınmış velosipedçilərimiz
olub. Amma təəssüflər olsun ki,
80-ci illərdən başlayaraq, velosiped idmanı növünə
diqqət azalıb və bu sahədə bir durğunluq
yaranıb. 80-ci illərin əvvəllərində
Bakıda həmin dövr üçün müasir hesab olunan
bir velotrek tikilmişdi. Lakin sonrakı illərdə
həmin velotrek bərbad vəziyyətə salınıb.
Əlbəttə ki, bu başucalığı
gətirən bir şey deyil. Digər bir tərəfdən,
velosiped idmanının başqa idman növlərindən fərqi
ondan ibarətdir ki, bir çox idman növlərini bir zalda,
qapalı şəraitdə keçirmək
mümkündür. Amma velosiped idmanı əsasən
açıq havada keçirilən kütləvi idman
növüdür. Maraqlı
burasıdır ki, digər tərəfdən də, bu elitar
bir idman növü hesab olunur. Bu həm də,
insanların sağlamlığı, sağlam həyat tərzi
üçün ən vacib olan, əlçatan bir idman
növüdür. Yəni, hamı bununla məşğul
ola bilər. Ancaq bunun
üçün müvafiq maddi-texniki baza və lazımi
şərait yaradılmalıdır. Bütün
bunlar keçən ildən Velosiped İdmanı
Federasiyasına rəhbərlik edən cənab Fazil Məmmədovun
gündəlik diqqət mərkəzində olan məsələlərdir.
- Yeri gəlmişkən,
bu baxımdan, yəni, maddi-texniki baza baxımından bizdə
durum necədir?
- Təəssüflə
qeyd etməliyəm ki, bizdə bu baza hələlik çox
aşağı səviyyədədir. Yəni,
velotrek demək olar ki, uzun illərdir işləmir,
Bakının küçələrində, eləcə də,
digər rayonlarda son illər baş verən ciddi iqtisadi
yüksəlişlə bağlı maşınların
sayı həddindən çox artıb. Hər
yerdə tıxaclar var və həmin maşın
karvanlarının içərisində velosiped sürmək
müşkül məsələdir. Yəni,
söhbət ondan gedir ki, mütləq qaydada bu idman
növü üçün müvafiq baza yaratmaq
lazımdır. Digər bir tərəfdən isə, bu
idman növünün inkişafı üçün Azərbaycanda
hər cür təbii şərait var. Bu idman növü
üçün düzəngah, dağlıq ərazilər,
eniş-yoxuş, həmçinin, dolambaclar olmalıdır ki,
ölkəmizdə də bunların hamısı mövcuddur.
Son illər görülmüş böyük
işlər nəticəsində ölkəmizdə gözəl
infrastruktur yaranıb. Yollar var. Qeyd edim ki, hazırlıq
mərhələsində bəzən bu yarışın
texniki işlərini həyata keçirən alman şirkətinin
rəhbəri Alberxt Roeder deyirdi ki, yolun hansısa bir hissəsində
xırda problemlər olsa da, tədbir üçün məqbuldur.
Lakin biz bunu Azərbaycanın adına layiq
hesab etmir və çalışırdıq ki, marşrut boyu
yollarımızın hamısı ideal vəziyyətdə
olsun ki, velosipedçilər heç bir yerdə maneə ilə
üzləşməsinlər.
- Yəni,
belə demək mümkündürmü ki, məhz Təşkilat
Komitəsinin məsələyə məsuliyyətlə
yanaşması, həyata keçirilən maarifləndirici
işlər və görülən təhlükəsizlik tədbirləri
öz bəhrəsini verdi?
- Bəli.
Qonaqlarımızın əksəriyyəti də
bunu qeyd etdilər ki, çox ciddi təhlükəsizlik tədbirləri
görülmüşdü və bu tədbirlərin birincisi
o idi ki, yollar yaxşı vəziyyətdə idi. Biz aprelin 14-də veloturun marşrutlarına daxil olan
bütün yolları qarış-qarış gəzdik.
Sonra isə Qəbələdə müvafiq
qurumların təmsilçilərinin iştirakı ilə
görüş keçirərək, yarışla
bağlı məsələləri müzakirə etdik.
Təbii ki, burada da ən vacib məsələ,
məhz yolların yaxşı vəziyyətdə
olmasını təmin etmək idi. Burada
bir haşiyə çıxım. Bakıda
Azadlıq meydanı ilə gedəndə Neftçilər
prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində
4 dəmiryolu keçir. Velosipedlərin təkəri
belədir ki, dəmiryolunda onlar sürüşə bilərdi.
Bu olmasın deyə biz yarış günü
həmin dəmir yollarının üstünü bir neçə
saatlığa asfaltla örtdük. Yarış
başa çatandan sonra isə həmin yollar təmizləndi
və qatarlar hərəkətlərini davam etdirdilər.
Bu almanları da çox təəccübləndirmişdi.
Biz buna ona görə nail olduq ki, bütün dövlət
orqanları bu yarışa xüsusi önəm verdilər və
hamı bir nəfər kimi bunu öz işi hesab etdi. Bilirsiniz ki, Bakının küçələrində,
xüsusən aeroport yollarında və başqa yerlərdə
“Azəryolservis”in böyük maşınları yolu
süpürürlər. Amma siz təsəvvür
edin ki, yarışın ikinci mərhələsi başlayan
gün Bakıdan Şəkiyə qədər olan
bütün yolları həmin maşınlar
süpürdülər və yolda bir çınqıl belə
qalmadı. Eyni zamanda, sizin də
vurğuladığınız kimi, insanlar üçün
çoxlu maarifləndirmə işləri aparıldı.
Bəlkə də ilk dəfə idi ki,
Bakıda belə genişmiqyaslı və məqsədyönlü
bir təbliğat kampaniyası keçirilirdi. Şəhər bəzədilmişdi. Bütün marşrut boyunca reklamlar, insanların
çox toplaşdığı yerlərdə, universitetlərdə,
orta məktəblərdə, müvafiq afişalar
asılmışdı. Şəhərin
görməli yerlərindəki elektron reklam monitorlarında tədbirlə
bağlı xüsusi hazırlanmış videoçarx
nümayiş olunurdu. Onu da qeyd edim ki, bu
yarışa qədər “Eurovision” mahnı müsabiqəsi
ilə bağlı Bakı artıq bəzədilmişdi.
Ya bu “Eurovision” müsabiqəsi ilə
bağlı reklamların bir hissəsini çıxarıb,
veloturun reklamlarını yerləşdirmək lazım idi (təbii
ki, biz bunu heç vaxt istəməzdik), ya da gərək
başqa bir şey fikirləşəydik. Ona
görə də, işıq dirəklərindən istifadə
etmək qərarına gəldik və xüsusi reklamlar
sifariş verdik. Eyni zamanda, Nəqliyyat
Nazirliyinin şəhərdəki bütün elektron
tablolarından da maarifləndirici reklam məqsədilə
istifadə olundu. Şəhərə yenicə
gətirilmiş təzə avtobusların bir qisminin üzərinə
də veloturun reklamları yerləşdirildi. Bütün bunlar ona yönəlmişdi ki, insanlar
bu yarış barədə məlumatlı olsunlar və onun əhəmiyyətini
dərk etsinlər. Çünki bizim
üçün insanların buna münasibəti çox
vacib idi. Təbiidir ki, belə
yarışların keçirilməsi müəyyən
narahatlıqların da ortaya çıxmasına səbəb
olur. Yəni, söhbət ondan gedir ki,
yarış müddətində bəzi yollarda hərəkət
məhdudlaşır, bəzi vaxtlarda isə tamamilə
dayanır. Bu isə insanlar
üçün əlavə problemlər yarada bilər.
Bu olmasın deyə biz turnirə iki həftə
qalmış həm televiziya vasitəsilə bu barədə
insanlara məlumat verməyə başladıq, həm də
xüsusi plakatlar çap olundu və marşrut kənarında
yerləşən bütün binaların girişində yerləşdirildi.
Orada konkret olaraq hansı küçələrdə
saat neçədən neçəyədək yolların
bağlı olacağı göstərilirdi. Təşkilat komitəsi əhalidən xahiş
edirdi ki, həmin müddətlərdə alternativ yollardan
istifadə etsinlər. Bu insanlarımızın
rahatlığı üçün idi. Mən
əhalimizə minnətdaram ki, onlar bu məsələni
düzgün dəyərləndirdilər və ciddi bir
narazılıqla üzləşmədik. Nəticə
etibarilə, bu tədbir özü özlüyündə
gözəl bir bayrama çevrildi. İnsanlar
küçələrə axışdılar. Hətta bir çoxları, xüsusən də
uşaqlar yarışı izləməyə öz velosipedləri
ilə gəlmişdilər. Bizim məqsədimiz
də elə bu idi.
- Məlumdur
ki, bu günlərdə ölkəmizdə, eyni zamanda, bir
sıra mühüm beynəlxalq tədbirlər keçirilir.
Belə olan təqdirdə bu turnirin təşkili
ilə bağlı hansısa çətinlik yaranmadı ki?
- Sizin də
qeyd etdiyiniz kimi, bu günlərdə, “Eurovision” kimi
böyük bir mahnı müsabiqəsi ərəfəsində
ölkəmizdə bir sıra tədbirlər keçirilir. Bu isə bir çox məsələlərin
üst-üstə düşməsinə səbəb olur.
Lakin biz qarşımıza məqsəd qoymuşduq və ona
nail olmaq üçün əlimizdən gələni etdik.
Beynəlxalq veloturun keçirildiyi günlərdə, yəni,
mayın 12-13-ü tarixlərində Azərbaycan Velosiped
İdmanı Federasiyasının prezidenti cənab Fazil Məmmədovun
rəhbərlik etdiyi Güləş Federasiyasının təşkilatçılığı
ilə Bakıda güləş üzrə dünya kuboku
uğrunda beynəlxalq yarış da keçirildi. Təsəvvür edirsinizmi ki, bu iki beynəlxalq tədbiri
eyni vaxtda, özü də “Eurovision” mahnı müsabiqəsi
ərəfəsində həyata keçirmək nə deməkdir.
Amma həyat göstərdi ki, iradə olanda, insanlarda
məsuliyyət olanda hər şey etmək
mümkündür. Bütün dünya gördü ki,
Azərbaycan, eyni zamanda, çoxlu sayda tədbirlər
keçirməyə qadirdir və cənab Fazil Məmmədovun
yarışqabağı verdiyi müsahibədə də qeyd
etdiyi kimi, bütün dünya görür ki, 2020-ci il Olimpiadasını
da keçirmək üçün ölkəmizdə hər
cür imkan vardır.
- Bəs,
velosipeddən bir nəqliyyat vasitəsi kimi istifadə
olunması istiqamətində hansısa addımların
atılması planlaşdırılırmı?
-Həqiqətən
də velosiped təkcə idman aləti deyil, həm də nəqliyyat
vasitəsidir. Dünyanın əksər ölkələrində
velosiped nəqliyyat vasitəsi kimi tıxacların
qarşısının alınmasına və ekoloji vəziyyətin
yaxşılaşdırılmasına çox ciddi köməklik
göstərir. Bu gün Bakıda tıxac
probleminin hansı səviyyədə olması hər kəsə
bəllidir və bunu həll etməyin yollarından biri də
elə velosipedlərdən geniş istifadə
olunmasıdır. Yəni, burda velosipeddən
həm nəqliyyat vasitəsi, həm də idman aləti kimi
istifadə olunmasının təbliği bu turnirin çox
lazımlı bir cəhəti idi. Lakin onu
da etiraf etmək lazımdır ki, insanların bu məsələyə
münasibəti dəyişməli, yeni yanaşmalar, yeni vərdişlər
yaranmalıdır. Siz bilirsiniz ki, Beynəlxalq
Velosipedçilər İttifaqının rəhbər vəzifəli
şəxsləri, həmçinin, həmin qurumun prezidenti
Patrik Mak Quayd da bu yarışda qonaq qismində iştirak
edirdilər. Bazar günü səhər tezdən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev onu və
Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbəri
cənab Fazil Məmmədovu qəbul etdi və bu idman
növünün inkişafı ilə bağlı öz
tapşırıq və tövsiyələrini verdi.
Siz artıq bilirsiniz ki, cənab Prezidentin
tapşırığı ilə dənizkənarı
bulvardakı yeni istifadəyə verilən ərazidə 4 km
uzunluğunda velosiped yolu salınıb. Şəhərimizin
yenidən qurulan hissələrində də velosiped
yollarının ayrılmasının nəzərdə tutulması
və aeroporta aparan magistrallardan birində velosipedçilər
üçün ayrıca yolun ayrılması məsələsinə
baxılır. Yəqin ki, “Ağ şəhər”
adlanan yaşayış massivində də velosipedçilərin
hərəkəti üçün yollar nəzərdə
tutulacaq. İmkan olan digər ərazilərdə
belə yolların ayrılması vacibdir.
- Bəs,
köhnə velotrekin taleyi necə olacaq?
- Köhnə
velotrekin yenidən qurulması layihəsi demək olar ki,
artıq hazırdır. Yaxın vaxtlarda onun
yenidən qurulmasına başlanılmalı, oradakı
uşaq-gənclər velosiped məktəbinin fəaliyyəti
canlandırılmalıdır. Onu da deyim
ki, yaxın illər ərzində Bakıda böyük,
müasir bir velotrekin tikilməsi məsələsi də
müzakirə mövzusudur. Ən əsası
budur ki, məsələyə dövlət dəstəyi,
dövlət qayğısı var, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
istiqamətdə konkret göstərişləri var.
- Yerli
miqyaslı yarışların təşkil olunması istiqamətində
bundan sonra hansı addımların atılması nəzərdə
tutulur?
- Bir
şeyi nəzərə almaq lazımdır ki, bu federasiya cəmi
bir neçə ay əvvəl yenidən təşkil olunub. İstər paytaxtda, istərsə də yerlərdə
velosiped idmanının inkişafı istiqamətində
ardıcıl addımlar atılacaq. Tezliklə
uşaq-gənclər velosiped məktəbinin fəaliyyəti
dirçəldilməli, mütləq bölgələrdə
velosiped klubları yaradılmalıdır. Özünü bu işə həsr etməyə hazır
olan idmançılar, məşqçilərimiz var.
Hazırda biz alman mütəxəssisi Teo Mauxeri
federasiyanın idman direktoru olaraq bu işlərə cəlb
etmişik. Ən nəhayət, bu yarış zamanı
da şahidi olduq ki, bizim Yelena Çalıx, Tural İsgəndərov
kimi güclü velosipedçilərimiz var ki, onlar da öz
şəxsi nümunələri ilə bu idman
növünün təbliği ilə bağlı əllərindən
gələni etməyə hazırdırlar.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2012.- 22 may.- S.5.