Mübariz Qurbanlı: Morninqstar
səfir kimi Azərbaycan-ABŞ münasibətlərinə
müsbət təsir göstərəcək
Gün.Az-ın
Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan
Partiyasının (YAP) İcra katibinin müavini Mübariz
Qurbanlı ilə müsahibəsi:
-
Prezident Barak Obama Amerika Birləşmiş
Ştatlarının (ABŞ) Dövlət Departamentinin
Avrasiyada enerji məsələləri üzrə xüsusi
nümayəndəsi Riçard Morninqstarı Azərbaycanda
ABŞ-ın səfiri vəzifəsinə təyin etmək
istədiyini bəyan edib. Bu şəxsin namizədliyi Azərbaycan-Amerika
münasibətlərinin inkişafı nöqteyi-nəzərindən
nə qədər qəbulolunandır?
-
Birləşmiş Ştatların öz səfirini Azərbaycana
təyin etmək istəyi müsbət haldır.
R.Morninqstarın namizədliyinin Barak Obama tərəfindən
Azərbaycandakı səfir qismində seçilməsi məsələsinə
gəldikdə isə hesab edirəm ki, bu ABŞ-ın
maraqlarına cavab verir.
R.Morninqstar
amerikalı diplomatlardan və siyasətçilərdən
öz fəallığı ilə seçilir, o bölgəni
kifayət qədər yaxşı tanıyır, dəfələrlə
Azərbaycanda səfərdə olub, iş prinsipi Azərbaycanla
ABŞ arasında enerji əməkdaşlığının
inkişaf etdirilməsinə xidmət edib.
Başqa
sözlə desək, R.Morninqstar təcrübəli diplomat və
siyasətçidir, iqtisadi prosesləri necə izləmək
lazım olduğunu əla bilən ixtisaslı peşəkardır.
Hesab
edirəm ki, əgər R.Morninqstarın namizədliyi ABŞ
Senatı tərəfindən qəbul
olunsa və o, Azərbaycanda ABŞ-ın səfiri səlahiyyətlərinin
icrasına başlasa, bu Azərbaycan-Amerika münasibətlərinə
kifayət qədər müsbət təsir göstərər.
Bundan əlavə düşünürəm ki, R.Morninqstar Azərbaycanın
siyasi elitası ilə diplomatik və şəxsi münasibətlər
yaratmağa da qabil olacaq.
-
ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri
üzrə xüsusi nümayəndəsinin namizədliyinin irəli
sürülməsi Amerika administrasiyasının Azərbaycana
münasibətdə əsas prioritetinin enerji məsələsi
olaraq qaldığı anlamına gəlirmi?
- Belə
bir halda nəzərə almaq lazımdır ki, ABŞ xarici
dövlətlərə öz səfirini təyin edərkən
öz dövlət maraqlarını əsas
götürür. Hansı vəzifəni tutmağından
asılı olmayaraq, ABŞ Dövlət Departamentinin əməkdaşı
bir qayda olaraq, öz ölkəsinin maraqlarını müdafiə
etməklə məşğul olur. Buna görə də,
Barak Obama tərəfindən ABŞ səfiri vəzifəsinə
Qafqazda Birləşmiş Ştatların enerji siyasətini həyata
keçirən şəxsin namizədliyinin irəli
sürülməsi heç də təsadüfi məsələ
deyil.
Eyni
zamanda, Morninqstarın namizədliyə seçiminin
ABŞ-ın Azərbaycanla münasibətlərdə enerji məsələsini
prioritet hesab etməsi ilə əlaqədar olduğunu zənn
etmək düzgün olmazdı.
ABŞ-ın
Azərbaycanla əlaqələri bir neçə istiqaməti,
xüsusilə də, geosiyasəti, enerji layihələrini,
regional təhlükəsizliyin təmin olunması məsələlərini,
humanitar əlaqələri, enerji ehtiyatlarının dünya
bazarlarına çatdırılması məsələlərini
və s. əhatə edir. Morninqstarın ABŞ-ın Azərbaycandakı
səfiri postuna namizədliyi onun məşğul olduğu
enerji məsələləri səbəbindən deyil, onun
regionun problemlərini yaxşı bilməsi nəzərə
alınaraq seçilib.
-
Amerikalıların Azərbaycana səfir təyin etmə məsələsini
uzatmaları Azərbaycan-Amerika münasibətlərinə
hansı təsirləri göstərdi?
-
Hesab edirəm ki, Azərbaycan və ABŞ arasında
münasibətlər hətta səfir olmadan da inkişaf edir.
Lakin, ümumilikdə, səfirin olmaması Azərbaycan-Amerika
münasibətlərinin inkişafına əngəl törətdi.
Amma, Bakıda Amerika səfirinin olmaması ABŞ-ın
özünün maraqlarına zərər gətirdi.
Çünki, qeyd etmək lazımdır ki, səfir olmayan
zamanda qəbul edən tərəfdən çox, öz
nümayəndəsini təyin etməli olan ölkə itkiyə
məruz qalır.
-
Tezliklə Morninqstarın namizədliyinin təqdim
olunacağı ABŞ Senatında bu namizədliklə
bağlı hər hansı bir iddialar yarana bilərmi?
-
ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Metyu
Brayza Morninqstara nisbətdə regionla daha çox tanış
idi. Mənə elə gəlir ki, heç kim bu aksiomanın əksinə
mübahisə etməz. Bildiyiniz kimi, Brayza öz fikirlərini
nəinki diplomatik frazalarla, həm də açıq şəkildə
ifadə edə bilən bir insandır.
Eyni
zamanda, Brayzanın Azərbaycanda səfir vəzifəsinə
təsdiqinə erməniyönlü senatorların maneəçik
törətməsinin kökündə onun region problemlərinə
ədalətli mövqe nümayiş etdirməsi, həmçinin
onun ailəsi ilə bağlı məsələlər
dururdu.
Məlum
olduğu kimi, erməni lobbisindən bilavasitə maliyyə
yardımı alan senatorlar ABŞ-ın Azərbaycan və
Türkiyədəki səfirlərinin təsdiqi zamanı təxribat
mahiyyətli suallar verməklə diplomatlara təzyiq göstərirlər.
Təbii
ki, belə hallarda təyin olunan səfir ABŞ
Administrasiyasının mövqeyindən çıxış
edir. Ona görə, hesab edirəm ki, Morninqstar da ABŞ
Senatında onun namizədliyinə baxılan zaman bir sıra
senatorlar tərəfindən müəyyən hücumlara məruz
qalacaq.
Bununla
yanaşı Morninqstar bu hücumlarla şəxsi keyfiyyətlərindəki
hansısa problemlər üzündən deyil, erməni
lobbisinin təsiri altında fəaliyyət göstərən
senatorların Azərbaycana təzyiq göstərmək
üçün bütün imkanlardan istifadə etməsi səbəbindən
üzləşəcək.
Yeni Azərbaycan.- 2012.- 19 may.- S.3.