Əli Həsənov:
Biz təzyiqlə addım atmırıq
Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov “Media forum”
saytının suallarını cavablandırıb:
-
ABŞ Dövlət Departamenti 2011-ci ildə dünya ölkələrində,
o cümlədən Azərbaycanda insan hüquqlarının
durumu haqda hesabat yayıb. Avropa Parlamenti isə Azərbaycanda
insan hüquqlarının vəziyyətinə dair qətnamə
qəbul edib. Hesabatın yayılmasının və qətnamənin
qəbul edilməsinin “Eurovision 2012” mahnı
yarışının keçirildiyi günlərə
düşməsini necə qiymətləndirirsiniz?
-
Avropa Parlamentini deyə bilmərəm, amma ABŞ Dövlət
Departamentinin hesabat yaymasının “Eurovision” mahnı
yarışması ilə bağlı olduğunu
düşünmürəm. Çünki Dövlət
Departamenti hər il belə hesabat yayır. Bu yalnız Azərbaycanla
bağlı olmur, başqa ölkələr haqda da hesabatlar
hazırlanıb dərc edilir.
Avropa Parlamenti də, ABŞ Dövlət
Departamenti də bizim tərəfdaşımızdır,
onlarla tərəfdaşlıq münasibətlərimiz var. Azərbaycanın
rəsmi qurumları hesabat və qətnaməni öyrənəcəklər,
nəzərə alınması mümkün olan məsələlər
nəzərə alınacaq. Dövlətimizin və
xalqımızın maraqlarına cavab verməyən müddəaları
isə nəzərə almağımız mümkün deyil.
-
Hesabatda və qətnamədə əsasən söz, mətbuat,
sərbəst toplaşmaq azadlığının təmin
olunması sahəsindəki vəziyyət tənqid olunub. Tənqidlərlə razısınızmı?
- Təfsilata varmaq istəmirəm. Onu deyim ki, Azərbaycan
öz tərəfdaşları,
xüsusən də
ABŞ, Avropa İttifaqı,
Avropa Şurası ilə, bu sahələrdə
fəaliyyət göstərən
digər təşkilatlarla
insan hüquqları, söz, mətbuat, sərbəst toplaşmaq azadlığı məsələləri
ətrafında sıx
əməkdaşlıq edir.
Birgə
müzakirələr aparıb
mövcud problemləri
aradan qaldırırıq,
lazımi addımlar atırıq. Amma öncə
müvafiq qurumlar hesabat və qətnaməni öyrənməlidirlər,
orada əks olunan məsələlərə
baxmalıdırlar, yanaşmanın,
metodikanın doğru
olub-olmadığını, informasiyaların dəqiq olub-olmadığını bilməlidirlər.
Dünyanın hər bir ölkəsində tənqid
etmək üçün
məsələ tapmaq
olar. Həmin qurumlar ABŞ-da
da insan hüquqları, ayrı-ayrı
məsələlər barədə
həmişə açıqlamalar
verirlər. Təbii ki,
dünyada ideal dövlət,
cəmiyyət yoxdur.
Hər bir ölkədə müxtəlif problemlər
var. Əsas məsələ
dövlətin həmin
problemləri həll etmək üçün iradəsinin və dünyada qəbul olunan normalarla hərəkət etmək
imkanının olmasıdır.
Əgər bunlar olarsa,
qalan problemlər həllini tapar.
- “Eurovision - 2012” müsabiqəsinin indiyədək olan mərhələsi necə
keçib? Hansısa problemlər yaranıbmı?
Azərbaycan iqtidarı bu
müsabiqənin siyasiləşdirilməsi
cəhdlərinə qarşı
çoxsaylı çağırışlar
edib. Sizcə, müsabiqənin siyasiləşdirilməsi cəhdlərinin
qarşısını almaq
mümkün olubmu?
- “Avroviziya” bizim
tədbir deyil. Ötən
il Azərbaycan
təmsilçiləri qalib
gəldiklərinə görə,
müsabiqənin qaydalarına
uyğun olaraq, yarışma bu il Bakıda keçirilir. Azərbaycan müstəqil dövlətdir,
xalqının milli adət-ənənələri, dəyərləri var, ölkənin dünyaya nümayiş etdirmək üçün çoxlu
tarixi və müasir nailyyətləri
mövcuddur. “Eurovision”dan istifadə edib bunu dünyaya
göstərməyə çalışırıq.
Xüsusən də Azərbaycanın
zəngin mədəniyyətini,
qonaqpərvərliyini, tolerant cəmiyyətini, dövlətin
müasir inkişafını,
dünyəvi xarakterini
dünyaya kifayət qədər nümayiş
etdirə bilmişik.
“Eurovision”nı siyasiləşdirmək üçün
göstərilən cəhdlər
ilk növbədə Avropa
Yayımları Birliyinə,
57 ildir mövcud olan brendə hörmətsizlikdir. Əgər hər
bir ölkə
“Eurovision” yarışmasından qonşu və digər dövlətlərlə
haqq-hesab çəkmək
üçün istifadə
etməyə başlasa,
buna cəhd göstərsə, onda bu yarışmadan heç nə qalmaz. Hesab edin ki, bu
il Ukrayna
qalib gəlir və bu ölkənin
əleyhdarları, rəqibləri
başlayır “Eurovision”dan
istifadə edib Ukraynaya qarşı kampaniya aparmağa. Növbəti il
Türkiyə qalib gəlir və eyni hal təkrarlanır,
daha sonra İtaliya birinci yerə çıxır və rəqibləri “Eurovision”dan istifadə edib bu dövlətə
qarşı kampaniya aparır... Belə davam etsə,
bir müddətdən
sonra “Eurovision” tamamilə
öz dəyərini itirər, heç bir ölkə bu yarışmanı arzulamaz, onun arxasına getməz.
Ona görə də yarışmanın siyasiləşdirilməsi
cəhdlərini ilk növbədə
Avropa Yayımları Birliyinə, onun gözəl brendinə qarşı hörmətsizlik
hesab edirik. Açığı, bunun Azərbaycandan
başlanmasını istəmirik.
Bu ənənənin əsası nəyə görə bizim dövlətdə qoyulmalıdır?
Əslində, “Eurovision”un siyasiləşdirilməsi
cəhdlərinin əsasını
ötən il Ermənistan qoydu. Azərbaycan qalib gələn kimi Azərbaycan əleyhinə təbliğata,
yarışmanı siyasiləşdirməyə,
Azərbaycanın qələbəsini
ləğv etdirmək
üçün bəhanələr
axtarmağa başladılar.
Buna nail ola bilmədikdə isə Bakıya gəlməmək
üçün bəhanələr
axtardılar, “Eurovision 2012”də iştirak etməmələrini
əsaslandırmağa cəhd
göstərdilər. İndi də
yarışı Ermənistanda
nümayiş etdirməmək
üçün bəhanə
axtarırlar.
Hesab edirəm
ki, “Eurovision”u siyasiləşdirmək cəhdləri
var və bu presedentin qarşısı alınmalıdır. Əks halda
“Eurovision” dəyərini itirəcək.
- Bu mahnı yarışı Azərbaycanı beynəlxalq
diqqət mərkəzinə
gətirib. Amma Avropada, ABŞ-da, azad dünyada ictimai fikri, dövlətlərin mövqeyini
formalaşdıran mətbuat
orqanlarında, beynəlxalq
təşkilatların hesabatlarında
Azərbaycanın adı
daha çox mənfi formada hallanır, məqalələrin
əksəriyyəti tənqidi
ruhdadır. Bunları necə qiymətləndirirsiniz?
Bunu kənar müşahidəçilərin
Azərbaycandakı vəziyyəti
daha obyektiv qiymətləndirməsi, yoxsa
kənar qüvvələrin
təsir və təzyiqi ilə qərəzli yanaşma hesab edirsiniz?
- “Eurovision” fonunda Azərbaycan
haqda yazılan məqalələrin, çəkilən
verilişlərin hamısının
ölkəmizin əleyhinə
yönəlməsi, tənqidi
ruhda olması ilə razı deyiləm. Mən hesab etmirəm
ki, bu, belədir.
Sadəcə olaraq Azərbaycanın
bəzi mətbuat orqanları tənqidi ruhda olan məqalələri
geniş şəkildə
trajlayır. Halbuki
müsbət ruhda yazılan məqalələr
və çəkilən
verilişlər tənqidi
formada olanlardan ən azı beş dəfə
çoxdur. Həmin məqalə və
verilişlərdə həm
Azərbaycanın dəyərləri
göstərilib, həm
hakimiyyətin, xalqın
mövqeyi əks etdirilib, həm də antixalq mövqe tutanların, bu tədbirləri qaralamağa çalışanların,
“Eurovision”dan öz siyasi məqsədləri üçün istifadə
etmək istəyən
qüvvələrin mövqelərinə
yer verilib. Eyni zamanda Azərbaycana heç bir aidiyyəti olmayan,
“Eurovision” ilə bağlı
ölkəmizə gəlib
burada şou yaratmaqla Azərbaycanın
imicini aşağı
salmaq istəyənlərin
mövqeləri işıqlandırılıb.
Azərbaycanın bugünkü
inkişafını, xalqın
mədəniyyətini, ənənələrini
gizlətmək, qaralamaq
qeyri-mümkündür və
bəzi yazılarda nə qədər çalışsalar da, buna nail ola
bilməyiblər. Dediyim kimi,
mən xaricdə Azərbaycan haqda yalnız mənfi yazıların yazılması
fikri ilə razı deyiləm. Amma mənfilər də var. Təəssüflər
olsun ki, “Eurovision 2012”
Azərbaycan xalqının
yaddaşında, tarixində
təkcə Azərbaycan
dövlətinin, millətinin
maraqlarını təmin etmək istəyənlərin fəaliyyəti
ilə yox, həm də bu musiqi yarışmasından
istifadə edib öz ambisiyasını, şəxsi, subyektiv marağını təmin
etməyə çalışan,
Azərbaycan xalqının
maraqları üzərindən
belə məmnuniyyətlə
adlayıb özü üçün çalışan
insanların fəaliyyəti
ilə qalacaq. Eyni zamanda bu yarışı
xatırlayanlar xarici mətbuatda dərc olunan məqalələrdə
təkcə Azərbaycanı
təbliğ edənləri,
Azərbaycanı sevənləri
yox, həm də Azərbaycan əleyhinə təbliğat
aparan qüvvələri
görəcəklər. Gələcək nəsillər bunların
hamısına qiymət
verər, bunların hansına müsbət münasibət göstərəcəyini
özü müəyyənləşdirər.
- Sizcə, bu gün Azərbaycanı sevənlər, yoxsa istəməyənlər daha
çox və güclüdür?
- Dünyada Azərbaycanı
sevənlər, xalqımızın
iradəsinə hörmətlə
yanaşanlar, dəstəkləyənlər
anti-Azərbaycançı qüvvələrdən dəfələrlə
çoxdur. Biz anti-Azərbaycançı
qüvvələrin tədbirlərini
görürük, onların
nə qədər olduqlarını müşahidə
edirik. Azərbaycan
xalqının iradəsi müstəqil dövlət
yaradıb, bu ölkə dünyada tanınır, dünya
siyasətini idarə edən 15 dövlətin
sırasındadır, Azərbaycan beynəlxalq aləmdə
sayılıb-seçilən ölkədir. Azərbaycanı yıxmaq, ən sonuncu nöqtəyə
yuvarlayıb dünyada nüfuzdan salmaq istəyən qüvvələrin
gücü, nəyə qadir olduqları elə Azərbaycan cəmiyyətində
də görünür. Xalqın
onları necə dəstəklədiyi, onların seçkilərdə
nə qədər səs topladıqları əsas göstəricilərdir
və bunları hamı bilir.
-
Müxalif İctimai Palata bir neçə ay əvvəl bəyan
etmişdi ki, 2011-ci ilin 2 aprel mitinqinə görə tutulan
şəxslər azadlığa buraxılsa, “Eurovision-2012” dövründə
aksiyalar keçirməyəcək. Məhbuslar
azadlığa buraxılmadı və müxalifət etiraz
aksiyaları keçirməkdədir. Sizcə,
2 aprel məhbuslarını azadlığa buraxmaqla bu prosesin
qarşısını almaq daha düzgün olmazdımı?
- Biz təzyiqlə
addım atmırıq. İctimai Palatanın,
orada təmsil olunan insanların xarakterinə də bələdik.
Bundan sonrakı proseslər də Azərbaycan
xalqının maraqlarına cavab verən istiqamətdə gedəcək.
Hansı məsələ xalqın və
dövlətin marağına, iradəsinə cavab verirsə,
həyata keçiriləcək, uyğun olmayanlar isə bunu
kimin və necə istəməyindən asılı olmayaraq
reallaşmayacaq.
- İranla Azərbaycan arasında yaranan gərginliyin əsas
səbəbi nədir? Problemlərin aradan qaldırılması
üçün iki dövlət arasında təmaslar
varmı? Hazırda gərginlik artır, yoxsa azalır?
- İstəyirik
ki, bizi olduğumuz kimi qəbul etsinlər. İran isə istəyir
Azərbaycan onun arzuladığı kimi olsun. Bu isə
mümkün deyil. Hər halda tərəflərin məsələyə
yanaşması onu göstərir ki, Azərbaycan da, İran da
vəziyyəti gərginləşdirmək istəmir. Əgər
iradə varsa, deməli, məsələlər yoluna qoyulacaq,
problemlər aradan qalxacaq. Müvafiq dövlət orqanları
danışıqlar aparır.
- Bir aya
yaxındır İranda yoxa çıxan gənc şairlər
Fərid Hüseyn və Şəhriyar del Gerani haqda hansısa
məlumat varmı? Onları girov götürülmüş
saymaq olarmı?
- Təəssüflər olsun ki, onlar haqda heç bir informasiyaya malik deyiləm. Həmin şəxslər barədə çağırışlar etmişik. Müvafiq qurumlar, Azərbaycanın İrandakı səfirliyi, Təbrizdəki baş konsulluq iş aparır. Hələlik bir məlumat yoxdur.
Yeni Azərbaycan.- 2012.- 26 may.- S.3.