Əsassız hay-küy

 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun “Zerkalo” qəzetinin 26 may sayında rus dilində “Əsassız hay-küy” məqaləsi dərc olunub. Həmin məqalədəki əhəmiyyətli fikirləri və yazının aktuallığını nəzərə alaraq, onun tərcümə edilmiş variantını oxucularımızın diqqətinə təqdim edirik.

Rüstəm İbrahimbəyov bu yaxınlarda müxalifət nəşrlərindən birinə verdiyi müsahibədə qondarma “ziyalılar forumu”nu hədsiz siyasiləşdirməyin arzuedilməz hal olması barədə mənim tənqidi çıxışımı şərh edərək, görünür, lazımi arqumentlər tapa bilmədiyindən, məni “savadsızlıqda” günahlandırmışdır. Açığını deyim ki, mən onunla şəxsən tanış deyiləm, heç yerdə və heç vaxt görüşməmişəm. Bir-birimizin savad dərəcəsini müəyyən etmək üçün onunla heç vaxt yarışa girməmişəm. Deməli, mənim şəxsi keyfiyyətlərim barədə onda kifayət qədər məlumat yoxdur, odur ki, mənim haqqımda dedikləri ya sadəcə yalandır, bu isə belə yaşda adama yaraşmır, ya da böhtan, bu isə daha pis.

Lakin bu məqaləni yazmağa məni sövq edən heç də kinossenaristdən şəxsən inciməyim olmamışdır. Bu günlərdə mən onun “Əcəl zəngi” adlı məqaləsini oxudum. R.İbrahimbəyov həmin məqalədə yəqin ki, özünün “siyasi fəaliyyəti” dövründə qazandığı yeni adəti üzrə artıq daha genişmiqyaslı böhtana əl atır, öz hücumlarının obyekti kimi Azərbaycanı, onun reallıqlarını və perspektivlərini seçir. Bu yerdə rusların bir zərb-məsəli yada düşür: “elə alınmadı, belə eləyərik”. İbrahimbəyovun yaradıcılığında heç bir uğur yoxdursa o, “gündəmdə qalmaq” üçün hansısa bir üsul tapmalıdır. Mən qəti əminəm ki, qərəzli opponentlə polemika heç də həmişə ən düzgün metod deyildir, çünki belə opponentə hansı dəlillər gətirsən, ona heç vaxt heç nəyi sübut edə bilməyəcəksən. Buna baxmayaraq elə məsələlər var ki, onların barəsində susmaq mümkün deyil və bəzi məqamları xatırlatmaq lazım gəlir. Ən azı ona görə ki, ağa qara deyəndə sən sussan, gec-tez elə adamlar tapılacaqdır ki, onlar da ağın qara olduğunu təkrarlamağa başlayacaq və sən özünü, ən yaxşı halda sadəcə daltonik kimi hiss edəcəksən.

Əsas məsələyə keçməzdən və nəyə görə daha susa bilmədiyimi izah etməzdən əvvəl belə bir geniş müqəddimə etməli oldum.

Ernest Heminqueyin məşhur “Əcəl zəngi” kitabının adı və həmin kitabda müəllifin epiqraf kimi seçdiyi “Əcəl zənginin kimin üçün çalındığını heç vaxt soruşma, bu zəng sənin üçün çalınır” frazası əvvəllər yalnız ədəbiyyatçılara məlum olan Con Donnun adını hamıya tanıtdırdı. Bəlli olduğu kimi, Con Donn vaxtilə şairdən daha çox çılğın vaiz kimi tanınmışdır. Öz vaxtında kral I Yakov ona hətta dünyəvi vəzifə də verməmişdi, hesab edirdi ki, Con Donn vaiz kimi doğulmuşdur və onun vəzifəsi Allah kəlamını xalqa çatdırmaqdır.

“Eurovision” mahnı müsabiqəsi ərəfəsində Rüstəm İbrahimbəyov da bu anqlikan keşişi kimi bizə moizə oxumağı qərara almışdır. Bilmirəm, bəlkə də orada, İngiltərədə qayda belədir ki, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində bütün dindarlara və qeyri-dindarlara moizə oxumaq, tövbə etməyə çağırmaq və izah etmək lazımdır ki, onlar günaha batıblar, amma bizdə axı qayda başqadır. Bizim qaydalara görə, qonaq gözləyən vaxt zibili kürüyüb şəhərin mərkəzinə yığmaq, öz çirkli paltarlarını meydanda, camaatın qabağında yumaq qəbahətdir.

Rüstəm İbrahimbəyovun əsassız və ünvansız ittihamlarla dolu məqaləsi, əlbəttə hüquq-mühafizə orqanlarında araşdırılma tələb edir, lakin Rüstəm İbrahimbəyov həmişəki kimi ilk növbədə öz təhlükəsizliyinin qeydinə qalmışdır. Axı əsassız ittihamlar çox olsa da, əslində onların heç birinin ünvanı yoxdur.

Sual edilir, nəyə görə o, birdən-birə bizi ifşa etməyi qərara almışdır? Bəlkə münasib fürsəti əldən vermək istəməmişdir? Bəlkə bir daha özünü yada salmaq istəyir. Kim bilir... Amma Con Donnu nahaq yerə narahat etmişdir. Bu, Emil Zolyanın stilinə daha çox oxşayır. Onun məşhur “Mən ittiham edirəm” məqaləsi daha çox yerinə düşərdi. İbrahimbəyov az qala prokuror, əsas ittihamçı və ifşaedici mövqeyindən çıxış edir. Axı ona bu hüququ kim vermişdir? Əlbəttə, bu, yalnız qəsbkarlıq hüququ, necə deyərlər, işğalçı hüququdur. Lakin belə məsələlərdə o mahir ustadır. Nahaq yerə deyil ki, artıq 45 ilə yaxındır bütün kinematoqrafçılar adından danışmaq hüququnu qəsb etmişdir. Ümumiyyətlə, onun məqaləsini oxuyandan sonra belə çıxır ki, biz kollektiv yaramazlar millətiyik və bəzilərinin idarə etməsi, digərlərinin idarə olunması əhəmiyyətsiz şeydir. Biz hamımız o qədər yaramazıq ki, əgər Rüstəm İbrahimbəyov Con Donn olsaydı özünün moizələri ilə bizi cəhənnəm əzabına düçar edərdi. Lakin cəhənnəm odunda yanmazdan əvvəl istərdim ki, hörmətli (və ya hörmətsiz - kimə necə xoş gəlirsə) rejissor üçün kiçik bir siyasi savad dərsi keçək.

Məsələ burasındadır ki, sovet dövründə “bəşərin vicdanı, eşqi və ürəyi” sayılan partiya barədə köhnə şüarı əldə rəhbər tutan cənab İbrahimbəyov nədənsə özü təkbaşına, bütün cəmiyyətin olmasa da, bir ovuc adamın düşünən beyin, vicdan, eşqi və ürəyi olmağı qərara almış, üstəlik, hökumət əleyhinə təşviqatçı və ittihamçı hüququnu da mənimsəmişdir. Görünür, sovet siyasi maarif dərsləri münbit torpağa düşmüşdür.

İndi isə ittihamların məğzi barədə. Onlardan birincisi korrupsiya ilə bağlıdır. Cənab İbrahimbəyov Qarabağ münaqişəsinin həllini onunla əlaqələndirir ki, bizim dövlət şübhəli ictimai-siyasi reputasiyaya malikdir. Bu iyrənc fikir bizə əsaslı-əsassız qara yaxan erməni və ermənipərəst saytlar ruhundadır. Burada hər hansı əks faktlar göstərməyin mənası yoxdur. O, faktları başqalaşdırmaq sahəsində ustadır. Lakin hər halda əsassız danışmayaq və heç olmasa fransız jurnalisti və politoloqu Aleksandr Adlerin məşhur “Fiqaro” qəzetində dərc edilmiş bir məqaləsini yada salaq: “İri şəhər olan Bakının həyat tərzi və Aralıq dənizi bölgəsinə xas olan nəzakətli davranış nikbinlik və etimad hissləri oyadır. Bu hisslər əsassız deyildir, çünki son illərdə iqtisadi sahədə uğurlar, dənizdə zəngin neft və qaz yataqlarının kəşf edilməsi bu cür nikbinlik üçün əsas verir.

Görünür, biz bu fakta demək olar ki, hər yerdə etinasızlıq göstəririk, lakin son illərdə Azərbaycan Avropanın bütün mümkün strukturlarında, o cümlədən Avropa Şurası, “Eurovision” mahnı müsabiqəsi kimi strukturlarda mövqeyini möhkəmlətmişdir. Keçən il həmin müsabiqənin əsas mükafatı bu ölkəyə verilmişdir. Bu, Azərbaycanın bütün Avropanı qəbul etməsinə imkan verəcəkdir”. Bu fikirlər fransız intellektualına və estetə məxsusdur. Rüstəm İbrahimbəyov yenə məşhur “Küpəgirən qarı əleyhinədir” cizgi filmində təsvir edilən sovet reallıqları çərçivəsində qalır.

Cənab İbrahimbəyovun növbəti gözlənilməz gedişi təhsilə aiddir. Özü ədəbiyyatçı və kinematoqrafçı, təhsil sahəsindən çox uzaq bir adam “yaxşı polis” - “pis polis”, “yaxşı nazir” - “pis nazir” terminləri ilə mühakimə yürüdür və ən sadə məsələləri başa düşmür ki, bütün postsovet məkanında təhsil islahat vəziyyətindədir. Elə elm də. Oraya əlavə vəsait və maliyyə cəlb edilməsi qısa müddətdə effekt verməyəcəkdir. Ən əvvəl ona görə ki, orada təhsilin keyfiyyətcə yeni məzmunu, keyfiyyətcə yeni müəllim, yeni infrastruktur lazımdır. Hələlik bütün bunlar Dünya Bankının və Valyuta Fondunun müxtəlif pilot layihələri çərçivəsində yetişməkdədir. Biz artıq 2000 məktəb tikməyə, təhsil ilə bu və ya digər şəkildə əlaqədar olan çoxsaylı obyektləri təmir etməyə macal tapmışıq. İndi əsas məsələ insan amilidir, onu isə Rüstəm İbrahimbəyovun sehirli çubuğunun köməyi ilə modernləşdirmək qeyri-mümkündür.

Təhsil heyrətamiz dərəcədə mühafizəkar sahədir və onun xilas yolu da bundadır. Dövlət elm və təhsil işçilərini qoruyub saxlamaq və müdafiə etmək, infrastrukturu inkişaf etdirmək, maddi-texniki bazanı möhkəmlətmək üçün çox iş görmüşdür. İndi təhsildə, ilk növbədə struktur dəyişiklikləri aparılmalıdır. Bu dəyişikliklər hərtərəfli ölçülüb-biçilmiş və əsaslandırılmış proqrama çevrilənə qədər nağd mövcud olanları dağıtmaq nəinki ağılsızlıq, həm də çox təhlükəlidir. Burada inqilabi dəyişikliklər yolu ilə heç nə etmək olmaz. Bəli bizə 12 illik məktəb lazımdır, bizə keyfiyyətcə fərqli ali təhsil lazımdır. Lakin dövlət buna nail olmaq üçün hər şeyi edir və bunu yalnız korlar görməyə bilər.

Azərbaycanın bütün klassik ədəbiyyatı, o cümlədən, cənab İbrahimbəyov, sizin əsərləriniz də dövlət vəsaiti hesabına kütləvi tirajla çap edilmişdir. Hər bir yazıçının - istər klassik, istər müasir yazıçının kitablarının 25 min tirajla çap edilməsi indiki dövrdə heç kəsin yuxusuna da gəlməz. Bu kitablar bütün mərkəzi kitabxanalar üzrə paylanmış, bütün məktəblərə göndərilmişdir. Bunun əvəzinə siz mağazalarda Azərbaycan dilində satılan kitabların 5 faiz olması barədə gülməli rəqəm gətirir və hakimiyyətə bu məsələ ilə məşğul olmağı təklif edirsiniz. Dövlət kitab nəşri sahəsində çox böyük işlər görmüş, yaradıcı ziyalılar qarşısında öz öhdəliklərini demək olar ki, yerinə yetirmişdir. Kitab ticarəti isə biznesdir və bunun dövlətə heç bir aidiyyəti yoxdur.

Siz deyirsiniz ki, Ali Sovetin deputatlarını deputat pensiyalarından məhrum etmişlər. Siz bir tarixi faktı təkzib edirsiniz ki, həmin deputatlar özlərinin qərarı ilə öz hüquqlarını Milli Şuraya həvalə etmiş, sonradan Milli Şura Milli Məclisə çevrilmişdir, bu Milli Məclisin üzvləri isə öz deputat pensiyalarını alırlar.

Bəxtiyar Hacıyevlə bağlı məsələdə yenə faktların saxtalaşdırılması müşahidə olunur. Qonşu Türkiyədə gənclər arasında təqlid və ehtiram etalonu olan əsgər - “Mehmetcik” obrazını orduda xidmət etməkdən imtina edən adamla müqayisə etmək haqsızlıqdır. Axı bəzən ictimai qınaq tədbiri qanunda nəzərdə tutulmuş sərt cəzadan daha təsirli olur. Tarkanla bağlı hamıya məlum olan əhvalatı yada salmaq kifayətdir.

Burada isə həmin Bəxtiyar Hacıyev qanuna görə alternativ xidmətin nəzərdə tutulmadığını bilə-bilə hansısa uydurma bəhanələrlə orduda xidmət etməkdən nümayişkaranə şəkildə imtina edir. Siz isə onu cəfakeş kimi qələmə verirsiniz. İnsandan süni vasitələrlə müxalifətçi yaratmaq, hətta onun siyasi ambisiyalarının reallaşdırılması üçün ona xüsusi şərait yaratmaq olar ki, tələbələr arasında heç nə ilə fərqlənməyən bir oğlan birdən-birə Harvard Universitetinin tələbəsi olsun. Lakin faktiki müharibə vəziyyətində olan ölkədə fəraridən qəhrəman yaratmaq olmaz. Bu, sadəcə əxlaqsızlıqdır. Yeri gəlmişkən, Harvard Universitetini bitirənlərin birincisi o deyil. Bu məşhur təhsil müəssisəsini 16 azərbaycanlı bitirmişdir. Onlar öz Vətənini sevir və onun qarşısında öz borcunu verməkdən imtina etmirlər.

Bu gün Elm fondu dünya elm mərkəzləri səviyyəsində fəal işləyən və onlarla əməkdaşlıq edən qüvvələrin cəmləşdiyi layihələri məqsədli şəkildə maliyyələşdirir.

Min nəfər tədqiqatçıya 9 çap olunmuş məqalə düşməsi haqqında bu səfeh informasiyanın İnternetin hansı səhifəsindən götürüldüyünü bilmirəm, lakin Elmlər Akademiyasının bu yaxınlarda keçirilmiş illik yığıncağında qeyd edilmişdir ki, keçən il təkcə Elmlər Akademiyasının əməkdaşları tərəfindən altı min məqalə, o cümlədən xaricdə iki minə yaxın, daha dəqiq desək 1930 məqalə dərc edilmişdir. Qeyd edək ki, Akademiyada doqquz min əməkdaş işləyir. Onlardan yalnız altı mini tədqiqatçıdır. Belə çıxır ki, ildə hərəyə bir məqalə düşür. Bu halda keçən il “impakt-faktora”, yəni dünya elminin top-listinə daxil olan jurnallarda dərc edilmiş məqalələrin sayı 165-ə bərabər olmuşdur və əlbəttə, cənab İbrahimbəyovun gətirdiyi rəqəmlərlə əsla müqayisə oluna bilməz.

Bütün məqaləni bu qayda ilə təhlil edərək onun nə dərəcədə qərəzli yalan və iftiralarla dolu olmasını yəqin etmək olar.

İndi isə əsas məsələ, bu qondarma “ziyalılar forumu” barədə. Yeri gəlmişkən, sizin Stolıpindən gətirdiyiniz sitat əvvəlcə tamam başqa məna daşımış və başqa kontekstdə istifadə edilmişdir. Stolıpin “inqilabçı ziyalılara” - yəni hakimiyyətə qarşı mübarizə üçün heç bir metoddan, o cümlədən terrordan da çəkinməyən adamlara müraciət edirdi. Zavallı Stolıpinin özü də məhz ziyalıların yetişdirdiyi bu terrorun qurbanı olmuşdur. Məhz bu ziyalılar - fikir verin intellektuallar yox, ziyalıların mütləqiyyətə qarşı mübarizəni öz həyatının mənası kimi seçmiş bir təbəqəsi bu cür böyük sarsıntıların baş verməsini istəyirdi. Onlar həmin sarsıntılara nail oldular və taleyin qismətindən, məhz yetişdirdikləri inqilab onların özünü məhv etdi.

Siz daim rusdilli əhaliyə istinad edirsiniz, hesab edirsiniz ki, Azərbaycan dilində danışan adamlar sizinlə dialoqa girmək üçün kifayət qədər ağıllı və savadlı deyildir. Buna görə də savadlı adamın həmişə uca tutulduğu Azərbaycanda ziyalıların rolu və yeri məsələsinə toxunmadan sizə sırf Rusiya mənbələrindən istifadə etməklə cavab verəcəyəm.

Aparıcı tədqiqatçılar müasir Rusiyada ziyalıların vəziyyətini təhlil edərək bu nəticəyə gəlirlər ki, Rusiya ziyalıları dünyada unikal fenomen olmuşdur və təsadüfi deyildir ki, bir sıra lüğətlərdə bütün ölkələrdə mövcud olan “intellektual” və “intelligensiya” sözləri arasında fərq qoyur, bununla da vurğulayırlar ki, bu sonuncu sırf Rusiya fenomenidir. Beləliklə, sırf Rusiya fenomeni olan intelligensiya hesab edirdi ki, o xalqa, həqiqət, ədalət və yüksək əxlaq ideyalarını çatdırır. Başqa sözlə desək bu müqəddəs qardaşlıq, istəsəniz sekta, yüksək ideyalara sadiqlik, altruizm, antipraqmatizm kimi keyfiyyətləri nəzərdə tutur.

Bugünkü rusiyalı sosioloqların fikrincə, XX əsrin axırlarında ziyalıların fəaliyyət mühiti əhəmiyyətli dərəcədə dəyişmişdir, məhz ona görə ki, savadlılığın mənası dəyişmişdir. İndi o, yazılı mətn üzərində işlə daha az və obrazlı informasiya ilə daha çox bağlı idi. Peşəkar pedaqoqlar, professorlar, həkimlər kimi ziyalılara tələbat əvvəlki səviyyədə qalmışdır. Ziyalılara az qala məsih rolu ayıran, ona kreativlik, cəmiyyətdə müstəsna mövqe təmin edən özünüidentifikasiya yox olmuşdur.

Hələ sovet dövründə bizdə “çörək və tamaşa” şüarını lağa qoymaq qəbul edilmişdir. Lakin XX əsrin axırlarında bu şüar hədsiz aktuallaşmışdır. Yemək hamıya kifayət edirdi, əyləncə sənayesi isə kütləvi istehlakçı yaratmışdır, bu da öz növbəsində həmin sənayeyə öz zövqlərini və istəklərini diktə edir. Bəzən bu zövqlərin yüksək mədəniyyət tələblərinə uyğun olmamasına görə hiddətlənmək lazım deyil. Bütün dünya, ən aparıcı böyük dövlətlər əhalinin ümumi sayında intellektualların təşkil etdiyi bir neçə faiz həddini aşa bilməmişlər. Söhbət özlərini ziyalı sayan “obrazovanski”lərdən deyil, məhz intellektuallardan gedir. Mərhum akademik Sultanovun dediyi kimi genetika ilə mübahisə etmək olmaz. Ulu Tanrı və ya təbiət yenilik yaratmağa imkan verən istedadı əhalinin yalnız bir neçə faizinə bəxş etmişdir. Qalan adamların hamısı istehlakçılardır. Bu faktla cənab İbrahimbəyovdan başqa hamı hesablaşır.

Uzun müddət, “Azərbaycan” kinoteatrı Kinematoqrafçılar İttifaqının tabeliyində olanda İbrahimbəyov da bu faktla hesablaşır, yüksək incəsənətə oriyentasiya etmədən yalnız Hollivud filmlərini nümayiş etdirirdi. Cənab İbrahimbəyov bu gün yenə kinematoqrafın mənafelərinin sosialist müdafiəsini istəyir. Nə üçün? Bəlkə bizim hamımızı yaramazlar kimi təsvir edən, yaxşı adamların hökmən həlak olduğu, pis adamların isə hökmən varlı, qatil və zalım olduğu filmlər çəkmək üçün? Demək istəyirəm ki, siz vergi ödəyicilərinin pullarından istifadə edib pul gətirməyən kino çəkirsiniz, yəni, onun zərərlə başa gəlməsi əvvəlcədən məlumdur. Bu kino insanlara sevinc bəxş etmir və yüksək incəsənət deyildir. Elə isə nəyə gərəkdir?

Məqalənizdə Kinematoqrafçılar İttifaqı ilə bağlı bir qucaq şəxsi incikliklərinizlə siz, cənab İbrahimbəyov, qulaqlarımızı yorursunuz. Mən bütün bunlara toxunmayacağam. 1967-ci ildən bəri qısa fasilə ilə siz bu İttifaqa başçılıq edirsiniz və əgər Danimarka krallığında nə isə qaydasında deyildirsə, zənnimcə, buna görə sizdən başqa heç kəs məsuliyyət daşımır. Bunu siz yaratmısınız, cəzasını da özünüz çəkirsiniz.

Hörmətli cənab İbrahimbəyov, heç olmasa bir kreativ tapın. Bolotnayada baş verən hadisələrə cavab olaraq İrina Xakamada yaxşı demişdir ki, zəhlə tökmüş ştamplardan əl çəkmək lazımdır. Nəisə bir X-faktor lazımdır. Sizin dedikləriniz xalq üçün maraqlı olmalıdır. Bunun üçün kreativlik lazımdır, fantaziya lazımdır. 1988-ci ildə olub keçənlərin dönə-dönə təkrarı artıq heç kəsi maraqlandıra bilməz. Cənab İbrahimbəyovda isə məhz yaradıcı, kreativ ideyalar çatışmır. Məhz bu səbəbdən biz sizinlə barrikadaların müxtəlif tərəflərindəyik.

 

 

Əli Əhmədov,

Yeni Azərbaycan

Partiyası Sədrinin

müavini-İcra katibi,

Milli Məclisin deputatı

 

Yeni Azərbaycan.- 2012.- 31 may.- S.3.