Hakimiyyət
mitinq üçün hər bir rayonda qanunun tələbinə
uyğun olaraq müəyyən yerlər ayırıb
Siyavuş Novruzov: Müxalifət
gördü ki, onların sosial bazaları mövcud deyil, Azərbaycan
ictimayyəti tərəfindən dəstəklənmirlər
Yeni
Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini,
millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsi:
-
Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi
məsələsi birmənalı qarşılanmadı. Hətta
bəzi partiyalar bu qanunu hakimiyyətin YAP-ı maliyyələşdirməsi
üçün vasitə kimi dəyərləndirdilər. Bu
fikirlər haqda nə düşünürsünüz?
- Bu
günə qədər Yeni Azərbaycan Partiyası tədbirlərini
təşkil etmək, partiya Aparatının
saxlanılması, beynəlxalq tədbirlərin keçirilməsi
və digər bu kimi texniki təchizat məsələlərini
öz vəsaiti hesabına həll edir. YAP-ın 560 min
üzvü var və qeyd edim ki, partiyamız üzvlük
haqqının hesabına maliyyələşir. Bu proses şəffaf
şəkildə aparılır. Hər bir işləyən
partiya üvzü bir manatdan az olmamaq şərti ilə ayda
üzvlük haqqı ödəyir. Təqaüdçülərdən,
tələbələrdən və işsızlərdən
partiyamız üzvlük haqqı almır. Bəzi təşkilatlarımızda,
bu, əmək haqqının bir faizidi, bəzi təşkilatlarda
isə bir manatdan az olmayaraq üzvlük haqqı ödənilir.
Yəni bir manat ödəyən var, iki, üç manat
ödəyən var və bu şəkildə üvzlük
haqqı toplanılır. Bu da kifayət edir ki, Yeni Azərbaycan
Partiyasının həm rayon-şəhər təşkilatlarında,
həm də Mərkəzi Aparatında ştatda olan
işçilər fəaliyyət göstərə bilsinlər.
O cümlədən müəyyən layihələr
reallaşsın, tədbirlər keçirilsin, xaricdən gələn
qonaqlar qarşılansın və buradan xaricə ezam edilənlər
maliyyələşdirilə bilsin. YAP bir çox beynəlxalq
qurumların üzvüdür, Avropanın bir çox
partiyaları ilə yaxından əməkdaşlıq edir,
onların nüməyəndələri gəlir, bizim
nümayəndələr oraya gedir. Məsələn, bu ilin
sonunda Asiya Ölkələrinin Siyasi Partiyalarının
Baş Assambleyasının burada toplantısı keçiriləcək
və bu tədbirdə 60-a yaxın dövlətin iqtidarda olan
siyasi partiyalarının 600-dən çox nümayəndəsi
iştirak edəcək. Bu cür tədbirlər çox olur,
bu tədbirlərin təminatını YAP toplanılan
üzvlük haqqı ilə təmin edir. Yarandığı
gündən bu günə kimi Yeni Azərbaycan Partiyası
öz maliyyə dövriyəsi barədə ildə bir dəfədən
az olmayaraq mətbuata, ayrı-ayrı strukturlara hesabat verir.
Lakin bu günə kimi YAP-ın dövlət tərəfindən
maliyyə alması ilə bağlı fikirlər səsləndirən
partiyalar neçə illərdir fəaliyyət göstərməsinə
baxmayaraq, nə seçkilərdə, nə seçkilərdən
sonra, nə də bütün dövr ərzində öz
maliyyə mənbələri haqqında məlumat verməyiblər.
Baxmayaraq ki, ştatlı aparatları var, o aparatda
çalışanlar başqa heç bir yerdə işləmirlər.
Orada işlədikləri üçün əmək
haqqı alırlar, amma bu əmək haqqının mənbəyi
haradır, o məlum deyil. Bildiyiniz kimi İsa Qəmbər
prezident seçkilərində prezidentliyə namizəd kimi
maliyyə hesabatı verməli idi, öz gəlirləri
haqqında deklarasiya təqdim etməli idi. 20 ildir onun gəlirlərinin
qarşısında sıfır rəqəmi yazılır, yəni
onun heç bir gəliri yoxdur. Sual olunur ki, bəs onda
İsa Qəmbər hava ilə dolanır?! O, digər tərəfdən
ailə başçısıdır, ailəsini saxlamalıdır.
Onun gəlir mənbələri barədə mənin
informasiyam var. Çünki mən prezidentin səlahiyyətli
nümayəndəsiyəm, mən istənilən prezidentliyə
namizəd olan şəxsin sənədlərini
qaldırıb baxmaq hüququna malikəm və mən sənədlərə
baxmışam. Sənədlərdə il
ərzində onların heç bir gəliri
olmadığı göstərilir. Bu 20 ildə
göydən dollar, avro yağmayıb ki, bunlar haradan maliyyələşir?
Əslində, onlar siyasi partiyaların dövlət
tərəfindən maliyyələşməsinin üzdə
deməsələr də, gizlində əleyhinədirlər.
- Əleyhinə olmalarının səbəbi nədir?
- Əleyhinə olmalarının səbəbi ondan ibarətdi
ki, dövlət büdcəsindən maliyyə
aldıqları tərzdə, dövlətin təqdim etdiyi
ayrı-ayrı struktur əsasında onlar hesabat verməli
olacaqlar. Bu hesabat nəticəsində onların hansı
qaranlıq mənbələrdən maliyyələşməsi
bəlli olacaq. Dünya praktikasında
siyasi partiyalar bir şərtlə dövlət tərəfindən
maliyyələşir ki, o da seçkilərdə göstərilən
nəticəyə əsaslanır. İstər
Avropa İttifaqına, istərsə, Avropa Şurasına daxil
olan ölkələrdə, istərsə də dünyada
bütün demokratik ölkələrin təcrübəsində
bu prinsip, bu qaydada qoyulub və bu sistem əsasında gedir.
Ölkələr var, siyasi partiyalara seçkidə
iştirak edən seçicilərin 1 faiz səsini
topladığı təqdirdə maliyyə ayırır, elə
ölkələr də var ki, 14 faizlik bariyer müəyyənləşdirib.
Bu baryer Kanadada 14 faizdi, Tükiyədə 7
faizdi, Yunanıstanda 6 faizdi. Azərbaycanda
isə reallıqları nəzərə alaraq, bu baryer 3
faizdir. Yəni, Azərbaycanda beş
milyon seçici var, bu beş milyonun hamısı seçkidə
iştirak etsə onun 3 faizi 150 min seçici edir. Bir partiya orta hesabla hər dairədən 1200 səs
ala bilmirsə deməli o, siyasi partiya mövcud deyil. Azərbaycan bu məsələni də güzəştə
gedərək maliyyələşməni üç mərhələdə
edib ki, digər siyasi partiyalar da Azərbaycanın siyasi
sistemində formalaşsın, fəaliyyəti
üçün imkan yaransın. İkinci
mərhələdə olan 40 faiz parlamentdə təmsil olunan
partiyalar arasında bərabər bölünür. Baxmayaraq ki, YAP-ın son mərhələdən
başqa, iki mərhələdə hüquqları pozulub.
Birinci mərhələdə qoyulan 3 faizlik
baryeri yanlız YAP keçib. Lakin baryeri
keçməyimizə baxmayaraq, biz oradan vəsait ala bilməyəcəyik.
Çünki orada göstərilib ki, parlamentə
düşməyən siyasi partiyalar bu mərhələdən
maliyyə ala bilər. Hesab edirəm ki, bu
düzgün deyil. Məncə baryeri
aşan hər bir siyasi partiya bərabər şəkildə
vəsait almalıdır. İkinci mərhəldəki
40 faiz nəzərdə tutulan vəsaitlər isə partiyalar
arasında bərabər bölünür. Elə partiya
var ki, parlamentdə bir deputatı var, YAP-ın isə 71 nəfər
deputatı var, 1-lə 71 arasında bu vəsait bərabər
bölünür. Bu ədalətsizlikdir. Amma YAP burada da güzəştə getdi ki, digər
partiyalar da Azərbaycanın siyasi sistemində fəaliyyət
göstərə bilsinlər. Qəbul
olunmuş bu qanun YAP-ın deyil, parlamentdə təmsil olunan
digər partiyaların maliyyə təminatının
yaxşılaşmasına, layihələrini öz
hesablarına reallaşdırmasına böyük təkan verəcək.
Qeyd etmək istəyirəm ki, YAP buna qədər
də bu işləri görüb və öz üzvlərinin
hesabına maliyyələşir.
-
Bildiyiniz kimi, müxalifətin növbəti mitinqi mayın 6-na təyin olunub. Amma bu mitinqin təxirə
salınma ehtimalı var. Səbəb olaraq hakimiyyətin
razılaşdırılmış mitinqin keçirilməsində
yaratdığı əngəllər göstərilir, məsələn
nəqliyyatla bağlı yaradılan problemlər və s.
- Qətiyyən
bu fikirlərlə razı deyiləm. Biz, hətta,
istərdik ki, onlar hər həftə mitinq keçirsinlər.
Sadəcə olaraq, hakimiyyət mitinq
üçün hər bir rayonda qanunun tələbinə
uyğun olaraq müəyyən yerlər ayırıb. Səbaildə də, Xətaidə də,
Sabunçuda da və digər rayonlarda da mitinq keçirmək
üçün yerlər ayrılıb. Onlar
Səbaildə olan müvafiq yeri seçiblər və o yer
tam abadlaşdırılıb, yolları isə
qaydasındadır. Orada mitinq keçirmək
üçün heç bir əngəl törədilməyib.
Ümumiyyətlə, müxalifət əgər
öz fikrini, ideyasını əhaliyə çatdırmaq
istəyirsə, deməli mitinq yaşayış massivilərinə
yaxın yerlərdə keçirilməlidir. Orada yetərincə sakin yaşayır, kifayət qədər
marşurut işləyir. Sadəcə mitinqə adam yığılmır və onlar deyə
bilməzlər axı heç kim gəlmir, onları dəstəkləmir.
Arada bir elan edirlər ki, filan yerdə avtobus saxlanılıb.
Bu, tamamilə yalan informasiyadır. Mitinq müddətində
biz dəfələrlə o yoldan keçmişik və
heç bir əngəllə
qarşılaşmamışıq, əhali də
marşurutlarla istənilən yerə gedib-gəlirdi. Sadəcə
olaraq, onların mitinqinə insanlar gəlmir. Digər bir tərəfdən
Əl Oyunları Sarayından mitinq keçirilən yerə
olan məsafə maksimum bir kilometr yarımdır. Əgər
sizin tərəfdarlarınız mitinqdə iştirak etmək
istəsə 15 dəqiqəyə oraya ayaqla gedib çata bilərlər.
Sadəcə müxalifət gördü ki, onların sosial
bazaları mövcud deyil, Azərbaycan ictimaiyyəti tərəfindən
dəstəklənmirlər. Mən hər zaman deyirəm
onların keçirdiyi mitinq deyil, piketdi və onların piketi
iflasa uğradı. Onlar həmişə Fəvvarələr
meydanında mitinq keçirmək istədiklərini bildirirlər.
O ərazidə də əhali hər zaman çox olur, orada
istirahət edən insanları mitinq iştirakçısı
kimi göstərmək istəyirlər. Mitinqə
yığışan jurnalistlər, mühafizəçilər
mitinq iştirakçılarından qat-qat çox olur. 40-a
yaxın təşkilatın mitinqdə iştirak etdiyini deyirlər.
Elə həmin təşkilatlardan olan insanların
qohumları, tanışları mitində iştirak edirlər.
Mən qeyd etmişdim ki, bir hörmətli adamın cümə
axşamına müxalifətin mitinqindən daha çox adam
gedir. Bu gün elmi-texnalogiyanın ən yüksək nəticələri
var. Elə çəkiliş kameraları var ki, onların
vasitəsi ilə mitinqdəki insanların sayını müəyyənləşdirmək
mümkündür. Mən dəfələrlə
görmüşəm ki, xarici təşkilatların nümyəndələri
o aparatlar vasitəsi ilə elə avtomabillərindən mitinqdə
iştirak edən əhalinin sayını müəyyənləşdirirlər.
Necə ki, vaxtı ilə Müsavat başqanı deyəndə
mitinqdə minlərlə adam çıxarmışıq,
Amerikanın keçmiş səfiri dedi ki, axı orada 800
insan vardı, biz hər şeyi müşahidə etmişik,
niyə bizə yalan deyirsiniz. Yenə deyirəm biz onların hər
həftə, hər gün mitinq keçirməsinin tərfdarıyıq.
Onların təhlükəsizliyinə Azərbaycan dövləti
tam təminat verir. Sadəcə olaraq onlar mitinq keçirmək
iqtidarında deyillər.
Mitinq
keçirməyin əsas səbəbkarı və bu məsələni
ortaya atan Müsavat Partiyasıdır. Bildiyiniz kimi Müsavatda
qurultay olmalıdır, yeni başqan seçilməlidir. Bu
fikirdən insanları yayındırmaq üçün
mitinqlər ortaya atılıb. Çünki seçkilərlə
bağlı çox böyük problemlər var.
Müsavatçıların böyük əksəriyyəti
İsa Qəmbərin partiya sədri olmağını istəmirlər.
İllərdi o, təşkilatı geriyə aparıb,
parçalanıb, partiyanın yaradıcıları, ilkin
üvzləri istefa verib oradan gediblər. Orada qalan bir neçə
nəfər var ki, onların da Müsavata aidiyyatı yoxdur,
başqa təşkilatlardan gələn şəxslərdir.
Bütün seçkilərdə partiyanın məğlubiyyəti
- elə bu yaxınlarda Hikmət Hacızadə mətbuatda
çıxış edib dedi ki, artıq bu adamlar nüfuzdan
düşüblər, bu səbəbdən onlar getməlidirlər,
daha rəhbərlik edə bilməzlər - yerli təşkilatlardan
da bu mesajların gəlməsi, partiyada başqa namizədlərin
də seçimlə şansı, bildiyiniz kimi Qubad
İbadoğlu və digərlərinin başqanlığa
namizədliyini verməsi bu situasiyaları yaradıb. Onlar isə
seçkiləri cəmiyyətin yaddaşından
çıxarmaq üçün əsas foksu mitinqlərə
yönəldiblər. Bu yolla vaxtı uzatmaq və İsa Qəmbəri
2013-cü ildəki prezident seçkilərinə
çıxartmaq istəyirlər. Buna heç bir lüzum
yoxdur, o, Azərbaycanda 0,1 faiz səs ala bilməyəcək,
heç lazım olan imzaları toplaya bilməyəcək. Bu
mitinqlər nəticəsində aydın oldu ki, onların
heç bir sosial bazası yoxdur. Onların iki əsas məqsədi
var, qarşıdurma yaratmaq məqsədi ilə mayın 6-da
keçiriləcək mitinq üçün müxtəlif
yerlər təklif edəcəklər. Çünki
tapşırıq bundan ibarətdir. Və digər məqsəd
“Müsavat”da keçiriləcək qurultaydan diqqətləri
yayındırmaqdır.
-
Müsavat Partiyası qurultayın təxirə
salınmasının səbəbi olaraq hakimiyyətin onlara
uyğun yer verməməsini göstərir. Bildirirlər ki,
qurultayda minə yaxın insan iştirak edəcəyi halda
hakimiyyət iki yüz nəfərlik yer verir, o da şəhərdən
kənardadı və bu Müsavat kimi tarixi olan bir partiyaya
qarşı hörmətsizlikdir.
-
Birincisi, o Müsavatın bu Müsavata heç bir aidiyyatı
yoxdur. Əsrin əvvəlindəki Müsavatla bu Müsavat
arasında yerlə göy qədər fərq var. Onlar Azərbaycanın
mütəfəkkirləri tərəfindən
yaradılmış partiyanın adını mənimsəyiblər.
Bu gün onlar deyə bilməzlər nəyə görə
Müsavat Partiyasındadırlar. Çünki onlar ideologiyaya
deyil, ada xidmət edirlər və adın altında
maskalanırlar. Tükiyədə vaxtı ilə
Atatürkün yaratdığı Cümhuriyyət Xalq
Partiyası bu gün az bir şəkildə parlamentdə təmsil
olunur. Bu o demək deyil ki, xalq Atatürkü sevmir. Əksinə
xalq onu daha çox sevir. Lakin bugünkü Cümhuriyət
Xalq Partiyası ilə Atatürkün yaratdığı
partiya ayrı-ayrı partiyalardır. Azərbaycanda da bu belədir.
Onlar Müsavatın tarixini öz adlarına
çıxmasınlar. Yer məsələsinə gəlincə,
müvafiq yerlər verilir. Onlar Əl Oyunları Sarayında
qurultay keçirmək istəyirlər. Əl Oyunları
Sarayı özəl mülkdü və qurultay
üçün nəzərdə tutulmayıb. Qurultayda min nəfər
iştirak edəcək deyirlər. Heç Müsavatın min
nəfər üzvü yoxdur. Sadəcə olaraq onlar qurultay
keçirmək istəmirlər və bəhanələr
axtarırlar. Hansı yer təklif edilsə bəhanə
tapacaqlar ki, orada işığın rəngi düz deyil,
külək əsəcək, yağış yağacaq, yolu
bir az aralıdı, avtobus işləmir və s. Müsavat
öz qurultayını keçirmək istəmir. Qurultay
keçirilsə orada böyük qalmaqal olacaq.
Müsavatçıların əksəriyyəti İsa Qəmbərin
başqan olmasının əleyhinədirlər. Bu qurultay 2013-cü ilin prezident seçkilərinə
qədər keçirilməyəcək.
- Dediyiniz
kimi Qərb mətbuatı Azərbaycandakı bütün
prosesləri izləyir. “Eurovision” öncəsi hər
kəsin diqqəti Azərbaycanın üzərindədir.
Müəyyən xarici mətbuatlarda, xüsusilə
də alman mətbuatında Azərbaycan haqqında xoşagəlməz
məqalələr dərc olunur. Bu tip məqalələrin
dərc olunmasına səbəb nədir?
- Cənab
Prezident də hökümətin hesabatında qeyd etdi ki,
müəyyən qüvvlərin bu məsələdə
maraqları var. Burada erməni lobbisinin və bizi sevməyən
ölkələrin rolu var. Azərbaycan beynəlxalq tədbirləri
yüksək səviyyədə keçirir, həm siyasi tədbirləri,
mədəniyyət tədbirlərini, həm də idman
yarışlarını ən yaxşı şəkildə
reallaşdırır. Bundan öncə Qəbələdə
neçə dəfə musiqi festivalı keçirilib və
dünyanın ən aparıcı, ən məşhur bəstəkarları,
musiqiçiləri orada iştirak ediblər. Azərbaycan “Eurovision”u da ən yüksək səviyyədə
keçirəcək. Həm təhlükəsizlik
baxımından, həm təminat, texnika baxımından
bütün təşkilati baxımdan hər şey təkrarolunmaz
olacaq. Bundan sonra “Eurovision” hansı ölkədə
keçiriləcəksə, o ölkə çox çətinlik
çəkəcək. Müəyyən
dövlətlərin Azərbaycanda maraqları var. Azərbaycana
təziq göstərməklə hansısa güzəştli
şərtlərlə sərvətlərimizdən istifadə
etmək, Azərbaycandakı müəyyən layihələrdə
iştirak etmək istəyirlər. Bu
qüvvələr də öz mətbuat orqanlarında
böhtanla, şantajla məşğul olurlar. Dünənə kimi Azərbaycanla Almaniya arasında
çox yaxşı münasibətlər vardı. Artıq Almaniyanın maraqları ortaya
çıxdığı tərzdə burada onlara işləyən
müəyyən qüvvələrdən istifadə edirlər.
Almaniya qəzetlərində Əli Kərimlinin
mütəmadi müsahibələrini dərc edirlər.
Beş il bundan öncə niyə dərc
olunmurdu?! O, müsahibələr də Azərbaycanın
heç bir problemi ilə bağlı, Qarabağla,
qaçqınlarla, Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında narkotik dövriyəsi, qanunsuz silahların
toplanması ilə bağlı bir kəlmə də
yazılmır. Ancaq Azərbaycanın daxili məsələləri
ilə bağlı materiallar dərc olunur. Burada artıq “xoruzun quyruğu” görünür.
Artıq bilinir bunlar nə istəyir, məqsədləri
nədir. Azərbaycan müxalifətinin
maliyyələşməsində onlar öz fondları vasitəsiylə
qismən rol oynayırlar. Biz gələcəkdə
kimlərin bununla məşğul olduğunu, hər şeyi
açıqlayacayıq. Bu haqda bizim dəqiq
məlumatlarımız var və bununla bağlı
lazımı ölçülər götürüləcək.
Bu sırf qərəz məqsədilə edilir.
Lakin onların qərəzindən asılı
olmayaraq bu gün Azərbaycan öz yolu ilə inkişaf edir.
Azərbaycan demokratik ölkədi, burada
qanunların aliliyi qorunur və Azərbaycan müsdəqil
siyasət yürüdür. Özünə
nə böyük qardaş, nə ortancıl qardaş və
başqa qardaşlar axtaran ölkə deyil. Bu günə kimi öz müstəqil siyasətini
regionda, dünyada yeridib və bundan sonra da bunu davam etdirəcək.
- Aprelin
24-də Qərb ölkələrinin səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri İctimai
Palatanın rəhbərləri ilə görüşdülər.
Bu o demək deyilmi artıq Qərb dövlətləri
Azərbaycan hakimiyyəti ilə deyil, məhz müxalifəti
ilə dialoqlar aparmaqda maraqlıdırlar?
- Səfirlər
bütün siyasi partiyalarla, ictimai təşkilatlarla, QHT-lərlə
Xarici İşlər Nazirliyinə xəbər vermək şərti
ilə görüşə bilərlər. Onlar
YAP-la da mütəmadi görüşürlər və bu
haqda mətbuata da məlumat verilir. Bu, onların gündəlik
iş rejimidir. Sadəcə olaraq, müxalifət
tərəfdaş toplamaq üçün bunu
şişirdilmiş şəkildə cəmiyyətə təqdim
edir. Əlbəttə, müəyyən
ölkələr müxalifətin “şişməsində”
maraqlıdırlar. Lakin nə qədər
şişirtmək istəsələr də bu müxalifət
şişən deyil. Xalqımızın
gözü tərəzidi, oraya gedən ölkələrin əksəriyyəti
Azərbaycanın ərazi bütövlüyü müzakirəyə
çıxarılanda səs vermirlər,
qaçqınlarımızla bir dəfə olsun
görüşmürlər. XX əsrin ən
böyük faciəsi olan Xocalı soyqırımının
şahidləri ilə görüş tədbirlərinə
onları dəvət etsək də gəlməyiblər.
Türkiyə, Pakistan və İran səfirləri
istisnadır. Xalq görür ki, müxalifət
şəxsi maraqlarına görə Azərbaycanın
maraqlarını kimə desən satarlar. Onlar
maddi vəziyyətlərini düzəltməkdən
ötrü istənilən qapıya xidmətə gedirlər.
Bu səbəbdən narahat olmağa heç bir
əsas yoxdur. Azərbaycanda hakimiyyətin
mənbəyi xalqdır. Bu gün Azərbaycan
xalqı Prezident İlham Əliyevə etimad göstərir və
bu etimad günü-gündən daha da möhkəmlənir.
Xalqın çox kiçik bir hissəsi
narazılığını bildirir.
- Əhalinin əsas narazı olan hissəsi evləri
sökülən insanlardır.
-
Bilirsiniz, məsələn, Sulutəpədə tikilən evlərin
heç birinin sənədi yoxdur. Azərbaycan
hansısa xarici şirkətlə müqavilə imzalayıb və
bu şirkət keçmiş neft quyularının yenidən
istismarını aparmalıdır. Orada tikilmiş hec bir
ev sökülmür, bələdiyyə
ilə qeyri-qanuni iş birliyinə girərək yeni tikilməyə
başlayan evlər sökülür. Vətəndaşda
başa düşməlidir ki, bu, qeyri-qanunidir. Digər tərəfdən müəyyən
sökülülər var ki, dövlət proqramına daxildi
və bu sökülülərə də kifayət qədər
vəsait sərf olunur. Yəni, hər
kvadrat metrinə 1500 AZN təklif olunur və ya ayrı-ayrı
yerlərdə mənzillər təqdim edirlər. Təklif olunan mənzillər onların öz mənzillərindən
20-25 kvadrat artıq olur. Sadəcə olaraq
maksimum nə qopardım prinsipi ilə
hay-qışqırıq salıb əlavə nələrsə
almaq istəyirlər. Yəqin o
sökülən yerlərdən siz də keçmisiniz.
O şəraitdə insanın yaşaması mümkün
deyil. Balaca, tökülmüş, təmirsiz,
çox pis vəziyyətdə 20 qonşunun bir yerdə
yaşadığı antisanitar yerlərdir. Qeyd edim ki, oradakı tikililərin əksəriyyətinin
qeydiyyatından başqa heç bir mülkiyyət hüququ
olan sənəti yoxdur. Lakin buna baxmayaraq
dövlət onların yerləşdirilməsi
üçün bütün addımları atır. Yeri gəlmişkən hər şey Azərbaycan vətəndaşı
üçün yaradılır. Qış
Bulvarında Azərbaycan vətəndaşı istirahət edəcək.
Bayıl yolunda infrastruktur yaradılır,
bulvarın ərazisi genişləndirilir. Hər
tərəfə səkkiz yol gedir. Elə
müxalifət də bundan sonra daha rahat və yaxşı
yolla gedib piketlərini keçirdə bilər, istəsələr
dənizdə də çimə bilərlər.
- Sizin mətbuata
verdiyiniz bəzi açıqlamalarda zarafatla işlətdiyiniz
ifadələr, qeyri-ciddi qarşılanır.
- Mən tam ciddi şəkildə öz fikirlərimi bildirirəm. Sadəcə olaraq, mənim fikirlərimin əksinə arqumentləri olmadığı üçün mənim qeyri-ciddi olduğumu deyib, bu şəkildə qələmə verməyə çalışırlar. Amma kiminsə buna tutarlı faktı varsa, buyura bilər, bu mətbuat, bu da onlar. İstər parlamentdə, istər televiziyada, mətbuatda bu günə qədər müxalifətdən bir nəfər ortaya çıxıb mənim verdiyim suallara özünün tutarlı arqumentini qoya bilməyib. Çünki, gərək onlar gəlib bu səviyyəyə çatsınlar. Onlar yalnız köşə yazarları vasitəsilə, atmacalarla söz deməyə çalışırlar. Mən onlara fikir vermirəm. Əgər onların potensialı varsa, gəlsinlər müzakirə aparaq.
Yeni Azərbaycan.-
2012.- 1 may.- S.3.