AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ - AZƏRBAYCANIN ZƏNGİNLƏŞMƏ VƏ İNKİŞAF DOKTRİNASI

 

Ümummilli lider Heydər Əliyevin yaratdığı möhtəşəm milli inkişaf doktrinasını ötən 20 ildə uğurla həyata keçirən müstəqil Azərbaycan Respublikası bu qısa dövr ərzində misilsiz sosial-iqtisadi nailiyyətlərə imza atıb, meqainkişaf indikatorlarına görə, nəinki postsosialist ölkələrini geridə qoyub, eyni zamanda, Avropanın inkişaf etmiş dövlətlərinin bir çoxunun proqressiv meyarlarından irəli gedib. Özünəməxsus fundamental dövlətçilik ənənələrini, milli inkişaf strategiyasını möhkəmləndirən, demokratik cəmiyyət quruculuğunu, siyasi və iqtisadi islahatları genişləndirən, keyfiyyətli iqtisadiyyatın yaradılmasının dönməzliyini təmin edən Azərbaycan müstəqillik dövrünün iki onilliyi ərzində qarşıya qoyduğu sistemli, kompleks strateji hədəflərin bütün komponentlərini tam uğurla reallaşdıra bilib.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən mükəmməl milli inkişaf modeli sürətli inkişafın, intibah erasının çağırışlarına, sosial-iqtisadi proseslərin dinamikasına uyğun olaraq son 8 ildə daha da zənginləşdirilib və Azərbaycanın yeni modernizasiya modeli formalaşdırılıb. Cənab Prezident İlham Əliyev respublikamızda yeni dövrün inkişaf qanunauyğunluqları nəzərə alınmaqla çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb. Prezident İlham Əliyev Azərbaycanın dövlət idarəetmə sisteminin çevikliyini, mükəmməl mexanizmlərini təmin edən vahid idarəçilik institutunu yaradıb. Azərbaycanın Siyasi Lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən edib.

2003-cü il Azərbaycan iqtisadiyyatında yeniləşmə mərhələsi və keyfiyyət dəyişikliklərinin başlanğıc tarixidir. Bu mərhələ respublikamızın siyasi və iqtisadi həyatında tamamilə yeni proseslərin baş verdiyi bir tarixi dövrdür. Ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı 2003-cü il Azərbaycanın siyasi tarixində yeni  hadisə sayılır. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasi kursunun, iqtisadi doktrinasının yeni dövrdə ən mükəmməl şəkildə inkişaf etdirən ictimai xadim, Siyasi Lider kimi dünya siyasi xəritəsində möhtəşəm yer tutan xarizmatik, rasional düşüncə tərzinə malik şəxsiyyətdir.

 

Milli intibah erasının başlanğıcı

 

Modernizasiya erasının başlanğıcında iqtisadiyyatın strukturunun yeniləşməsi və sosialyönümlü iqtisadi reformaların geniş vüsət alması cəmiyyətin sosial bazasının da yetkinləşməsinə zəmin yaradıb. Azərbaycan cəmiyyəti modern sosial-iqtisadi inkişaf pilləsinə yüksəlib, yeni meyarlarla yaşayan sosial təbəqənin formalaşmasının əsası qoyulub. Azərbaycan cəmiyyətinin milli inkişaf modelinə transformasiya olunması demokratik dövlət quruculuğunun mühüm komponenti olmaqla, yüksək sosial rifahlı postindistriual dövlət platformasının qurulmasına dərin baza yaradıb.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, 2003-cü il milli transformasiyanın yeni mərhələsinin başlanğıcı oldu, səlis qurulmuş sabit iqtisadi sistemi inkişafda olan iqtisadi strukturun intensiv formalaşması məkanına yönəltdi: “İlham Əliyevin Prezidentliyinin əsas konsepti güclü iqtisadi bazanın formalaşdırılmasından ibarət idi. Bu da kütləvi şüurun və cəmiyyətin sosial-mədəni bazasının postindustrial dəyərlər və demokratik ənənələr məcrasına mərhələ-mərhələ transformasiyasına imkan yaratmalıdır. Bununla yanaşı, geostrateji və geoiqtisadi məsələlər kompleksini həll etmək, milli artımın sabitliyini və davamlılığını təmin etmək, ölkəni beynəlxalq münasibətlərin obyektinə deyil, subyektinə çevirmək lazım idi, çünki yeni dünya nizamını formalaşdıran ümumdünya transformasiyaları dövründə Azərbaycanın qlobal proseslərdə iştirakının təmin edilməsi son dərəcə zəruridir”.

Son 8 ildə Azərbaycan siyasi və iqtisadi parametrlərinə, struktur dəyişikliklərinə və idarəetmə modullarına görə, tamamilə yeni bir fazaya daxil olub və bu tendensiya özünü ölkə həyatının hər bir sahəsində bariz şəkildə təcəssüm etdirir. Ölkəmizdə yeni inkişaf erasının tələblərinə uyğun olaraq islahatlar kursunun yeni konturlarının müəyyən olunması və reformaların miqyasının daha da genişlənməsi iqtisadiyyatın çoxşaxəliliyini təmin edib.

Cənab İlham Əliyev Azərbaycanda milli ideya platformasını ən dərin təməllər üzərində inkişaf etdirərək ölkənin sosial-iqtisadi, siyasi-hüquqi inkişafının yüksələn xətt üzrə irəliləyişini sürətləndirib. Prezident İlham Əliyev Azərbaycanın tamamilə keçid iqtisadiyyatını arxada qoymasına nail olub. Yeni inkişaf mərhələsi isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi sistemin və milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, liberal iqtisadiyyatın təmin olunması ölkəmizin dünya birliyinə sıx inteqrasiyasını dərinləşdirir: “Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır”.

Cənab İlham Əliyevin Prezidentliyinin ikinci beşilliyi - XXI  əsrin ilk onilliyinin sonu dünya iqtisadi sistemində yeni meyillərin meydana çıxması və ölkələrin milli inkişafında bir sıra təmayüllərin nəzərə çarpması ilə diqqəti cəlb etdi. Qlobal böhranın dərinləşərək ölkələrin iqtisadiyyatlarının motivasiya olunması yönündə zəruri tələblər qoyması və postböhran dövrünə hazırlıq siqnalları sosioiqtisadi metodologiyanın dəyişməsini də ehtiva edən əsas şərtlərdən sayıla bilərdi.

Cənab İlham Əliyevin birinci Prezidentlik dövrü Azərbaycan iqtisadiyyatının ən sürətli dövrü hesab olunur. Bu beşillikdə Azərbaycan tarixə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil olub. Bu dövr ərzində iqtisadiyyatın inkişafı  2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşüb, büdcə xərcləri 10 dəfədən çox yüksəlib. Eyni zamanda, cənab Prezidentin ilk beşillik fəaliyyəti dövründə növbəti beşillik üçün yeni iqtisadi meyarlar müəyyən olunub, qarşıdakı mərhələdə inkişafın sürətlənməsini təmin edə biləcək möhkəm zəmin yaradılıb.

Cənab İlham Əliyevin ikinci Prezidentlik dövrü iqtisadiyyatın struktur baxımından daha da təkmilləşməsi, idarəetmə texnologiyalarının  innovativ fazaya keçməsi və inkişafı ilə xarakterizə olunur. Sosioiqtisadi reformalar makroiqtisadi dinamizmi möhkəmləndirməklə yanaşı, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyinə səbəb olub, sosial islahatların tamamilə modernizasiyasını sürətləndirib.

 

Keçid epoxasından modernləşmə erasına

 

XXI əsrin ilk onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Yola saldığımız onillik Azərbaycanın iqtisadiyyat tarixində intibah və inkişaf dövrü kimi yadda qalıb. Son on ilin inkişaf nəticələrinə görə, ölkə iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət və keyfiyyət inkişafına nail ola bilib. İqtisadi artımın 4 dəfə, ixracın 15 dəfə, valyuta ehtiyatlarının 31 dəfə artması bunun bariz göstəriciləridir. Bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində əldə olunub - orta illik inflyasiya 7 faiz, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında olub. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artıb. Bu, postkeçid dövründə ən pozitiv bir mənzərə sayıla bilər və yeni onilliyə açılan qapının kifayət qədər uğurlu başlanğıcı üçün böyük stimulyaradıcı faktordur. Modernizasiya və intibah erasının ilk dövrü çox dinamik və çoxmiqyaslı nailiyyətlərin əldə olunması, ən pozitiv indikatorların əldə edilməsi baxımından ən yeni tarixə qızıl hərflərlə yazılıb. Son 8 ildə iqtisadiyyatın keyfiyyət və məzmununun dəyişməsi və yüksəlməsi ölkədə ümumi daxili məhsulun 4 dəfəyə yaxın artmasına səbəb olub, qeyri-neft iqtisadiyyatının çəkisi 3 dəfəyə yaxın artıb. Ölkədə sənaye məhsulu istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,3 dəfə, tikinti sektorunda görülən işlərin həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sahəsində 6,4 dəfə yüksəlib. İri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaradıb, ölkəmizi investisiyaların mərkəzi regionuna çevirib. Təkcə 2011-ci ildə 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılıb. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşüb. Ümumilikdə, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti sayəsində indiyədək Azərbaycan iqtisadiyyatına 120 milyard ABŞ dollarına yaxın investisiya yönəldilib. Yoxsulluq həddi son 8 ildə 35,8 manatdan 3 dəfə artırılaraq 106,9 manata çatdırılıb. Yoxsulluq səviyyəsi qeyd olunan dövrdə 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enib.

Azərbaycan hazırlayaraq həyata keçirdiyi inkişaf ssenariləri, həmçinin, böhran zamanı iqtisadi manevrləri ilə keçid iqtisadiyyatına malik ölkə deyil, dünya dövlətləri içərisində inkişaf etmiş sabit dövlət olmasını təsdiqlədi. Çünki keçid iqtisadiyyatını yaşayan ölkə heç vaxt qlobal resessiyaları bu qədər məharətlə dəf edə bilməzdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin yüksək iqtisadi inkişafı keçid dövrünün arxada qalmasını şərtləndirir: “Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır”.

Yeni əsrin ikinci onilliyinin ilk stadiyasında ölkəmizin makroiqtisadi mənzərəsi tam qətiyyətlə onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı struktur baxımından tamamilə keçid dövründən uzaqdadır və artıq modernləşmə mərhələsinə qədəm qoyub. Təbii ki, keçid iqtisadiyyatından yeni modernləşmə erasına daxil olmaq milli iqtisadi inkişafın yeni modelinin hazırlanması və tətbiqi sayəsində mümkün olur. Azərbaycan MDB-də bu mükəmməl iqtisadi model hazırlayan novator ölkə kimi səciyyələndirilə bilər.

 

İnkişaf modelinin triumviratı - möhkəm siyasi sabitlik, sıçrayışlı iqtisadi inkişaf, yüksək sosial cəmiyyət

 

Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək etapına qədəm qoyaraq davamlı inkişaf dialektikasının qanunauyğunluqlarına rəğmən öz milli intibah modeli ilə irəliləməkdədir. Xammal ehtiyatlarının olması, dövlətin maliyyə və infrastruktur gücü - bütün bunlar vətəndaşların potensialının reallaşdırılması üçün şərait yaradır. Azərbaycan yaxın onillikdə möhkəm siyasi sabitliyin altstrukturlarını, iqtisadiyyatın məzmununu, sosial islahatların keyfiyyətini və ümumilikdə, ictimai-sosial yaşayış formulunu dəyişməklə ən yüksək keyfiyyətli həyat şəraiti təmin edən makrosivil cəmiyyətin qurulmasını strateji hədəflərə çevirib.

Azərbaycanın milli inkişaf modelinin triumviratı - möhkəm siyasi sabitlik, sıçrayışlı iqtisadi inkişaf, yüksək sosial cəmiyyət platforması respublikamızın dünya iqtisadiyyatında yeni statusunun müəyyən olunmasında təməl bazisləri olacaq. Azərbaycan cəmiyyətində siyasi elita, elmi elita, iqtisadi elita kimi sosiotəbəqə vəhdəti formalaşmaqdadır ki, bu tendensiya ümumi inkişaf xarizmasının ayrılmaz seqmentlərindən ibarətdir.

Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. Respublikamız dünyanın iqtisadi praktikası üçün nadir nailiyyətlərə yol açan bir sosial-iqtisadi mühit formalaşdıracaq. Azərbaycanın sürətli inkişafı erasında ölkənin gələcəyi üçün hakim elitanın öz tarixi məsuliyyətini uğurla realizə etməsi onu texnokrat islahatların müvəffəqiyyəti timsalına çevrib. Bu, dünyanın Mərkəzi Asiya-Şərqi Avropa və MDB regionu ölkələri üçün idarəetmədə bir modul ola bilər.

Azərbaycan iqtisadi və siyasi modernləşmənin həyata keçirilməsində çox qətiyyətlidir. Bu halda həmin proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcəkdir. İnnovasiya modernləşməsi inkişafın təkamül yoluna yaxındır, bu isə Azərbaycanın keyfiyyət dəyişiklikləri üçün mühüm stimul deməkdir. Azərbaycan dövləti yeni çağırışlara cavab verən müasir iqtisadiyyatı inkişaf etdirməklə, postindustrial cəmiyyətə keçidi təmin etməklə ən sosioiqtisadi mühitdə, dinamik inkişaf frazasında güclü mövqeyə sahib olmağa qadirdir. Bütün bu prinsiplər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı iqtisadi ssenarilərin başlıca məzmununu təşkil edir.

Hər bir ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla başa çatdırılması mövcud iqtisadi və siyasi sabitlik əmsalı ilə sıx bağlıdır. Bu gün ölkəmizdə müşahidə olunan sürətli iqtisadi inkişaf cəmiyyətdə güclü konsensusun əldə edilməsinə səbəb olub. Azərbaycandakı mövcud siyasi-ictimai sabitlik, iqtisadi dayanıqlılıq islahatların uzunömürlülüyünü təmin edir, eyni zamanda, yeni meyarları meydana çıxarır.

Artıq Azərbaycan milli inkişaf  iyerarxiyasının üçüncü frazasına daxil olub. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşıda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarının nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zəruridir.

Bütün bu prioritetlər, ümumdünya ssenariləri məhz  Azərbaycanın hazırlayacağı yeni İnkişaf Konsepsiyasının ana trendlərini təşkil edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin sıçrayışlı inkişafının baza sənədi olmaqla ən zəngin və yüksək tərəqqi fazasının milli formulu, gələcəyin obrazının təcəssümü olacaq. Gələcəyin meyarları çoxşəbəkəli, amma konkret milli konseptual inkişaf formuluna əsaslanan istiqamətin müəyyənləşməsindən ibarətdir. Bəs, gələcəyin inkişaf bumunun ana tezisləri nədən ibarətdir?

İlk növbədə, ümumi daxili məhsulun artımını qeyri-neft-qaz sektorunun davamlı və sıçrayışlı inkişafı hesabına təmin etmək, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsini genişləndirmək,  ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsinə nail olmaq əsas fundamental trendlər və yeni onilliyin zəruri çağırışları, iqtisadi qanunauyğunluqların başlıca meyarlarıdır.

Qeyri-neft iqtisadiyyatında əsas ağırlıq nöqtəsi, təbii ki, regionların üzərinə düşür. Məlum olduğu kimi, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı  ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi ilə bu məqsədlərə nail olmaqdadır. Dövlət başçısı bu strategiyanı davam etdirməyi və 2013-cü ildən sonrakı dövrdə daha yeni regional inkişaf proqramının həyata keçirilməsini zəruri hesab edir. Əsas hədəflər regionlarda tamamilə yeni meyarlara əsaslanan müəssisələrin yaradılması, strateji müəssisələrin texnoloji dəyişikliklərə, qlobal çağırışlara uyğun qurulması, milli istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyaların əhatə dairəsinin daha da genişləndirilməsidir. Ana prioritetlər rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsindən ibarət olacaq, regionların iqtisadi sərvətlərinin qeyri-neft sektorunun əsas bazaları kimi dövriyyəyə cəlb olunması başlıca istiqamətlər təşkil edəcək.

Bütün bu iqtisadi siyasət qarşıdakı 10 ildə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) məbləğinin ən azı 2 dəfə artırılmasına baza yaradacaq. Hazırda 55 milyardlıq ÜDM istehsal edən Azərbaycanda milli məhsul istehsalını 100 milyard dollara çatdırmaq üçün zəngin potensial, iqtisadi resurslar, innovativ elmi-biliklərə əsaslanan qeyri-neft iqtisadiyyatının bazası vardır. Qeyd etdiyimiz kimi, Azərbaycan hökumətinin iqtisadi hədəflərinin başlıca komponentlərindən biri neft sektorundan asılılığının azaldılması və yaxın 10 il ərzində qeyri-neft iqtisadiyyatının dominantlığını təmin etməkdən ibarətdir. Son bir ildə qeyri-neft bölməsində intensiv inkişaf dinamikasının müşahidə olunması, neft sektoru ilə müqayisədə artım tempinin 2,5 dəfə çox olması bu sahədə proqressiv tendensiyanı möhkəmləndirir.

 

Yeni onilliyin milli istehsal bazası - qeyri-neft iqtisadiyyatı

 

Artıq ümumi daxili məhsulun strukturunda neft sektorunun çəkisinin azalması, qeyri-neft sektorunun payının artması meyil açıq şəkildə müşahidə olunmaqdadır. Hazırda qeyri-neft sektorunun ÜDM-də payı təxminən 45 faizə bərabərdir. Yaxın 4 ildə bu sektorun illik 8-9 faiz artımı proqnozlaşdırılır. 2012-ci ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına təmin edilməsi nəzərdə tutulur (illik 9 faiz artım), sonrakı 3 il üzrə isə 8,5 faiz artım gözlənilir. 2015-ci ildə qeyri-neft sektorunun ÜDM-də payının təxminən 61,3 faizə bərabər olacağı proqnozlaşdırılır. Proqnozlara görə, qeyri-neft sektorunda illik artım fonunda həmin sahədən daxil olan vergilərin həcmi də əhəmiyyətli dərəcədə yüksələcək.

Qeyri-neft sektorunun valyuta gətirən əsas baza sütunları innovativ modellər kimi sənaye parklarının, texnoparkların yaradılmasından ibarətdir. Bu modellər ölkədəki mövcud və yeni biliklərin, ixtiraların texnologiyalara və  texnologiyaların kommersiya məhsuluna çevrilməsinə səbəb olur, elmtutumlu müəssisələr vasitəsilə texnologiyaların sənaye sferasına ötürülməsinə, biznes sahəsində müəssisələrin dəstəklənməsinə, sənayenin strukturunun yenidən qurulmasına, regional qeyri-bərabər inkişaf səviyyəsinin azalmasına, məşğulluq probleminin həllinə, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqinə gətirib çıxarır. Dünya təcrübəsi göstərir ki, sənaye parkları ayrıca bir ərazidə fəaliyyət göstərməsinə və texnokrat idarəçilik vasitəsilə ixtisaslaşmış güclü sənaye rayonuna çevrilməsinə baxmayaraq, ümumilikdə, ölkənin iqtisadi inkişafının sürətlənməsinə  böyükhəcmli  valyuta gətirmək imkanlarına malikdir.

2020-ci ilə kimi əsas strateji hədəflərdən biri iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsindən ibarətdir. Azərbaycan bu sahədə də dərin baza yaradan konseptual inkişaf modullarını müəyyənləşdirib. Hazırda yeni inkişaf erasına daxil olmuş Azərbaycan idarəetmə sistemini hazırda ən müasir innovasiyalara uyğun qurmaqdadır. Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət hakimiyyəti orqanları irimiqyaslı informasiya kommunikasiya texnologiyalarının tətbiqinə keçiblər. Bu prosesin hərəkətverici qüvvəsi dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə tələbatın artmasıdır.

Dövlətin ən zəngin resursları onun milli sərvətləri ilə yanaşı, elmi kəşfləri, elmi innovasiyaları hesab olunur.

Müasir sənaye iqtisadiyyatının inkişafını, onun ideya və platformasını biliklərə əsaslanan iqtisadi tədqiqatlar təşkil edir. Cənab İlham Əliyev zəngin sərvətlərin insan zənginliyinə, kapitalın intellektual mülkiyyətə transformasiyasını təmin etməklə strateji bir ideyanın - İnsan Kapitalı Fondunun yaradılmasını təmin edib.

Bu gün dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi innovativ inkişafın əsas fundamentini təşkil edir. Elmi bazası, intellektual mülkiyyəti güclü olan dövlətin inkişafı, iqtisadi modernləşmə xətti öz uğurlu nəticələrini verir. Məhz bu baxımdan Azərbaycanda inkişafına böyük diqqət ayrılan sahələrdən biri də elmdir. Azərbaycan dövləti yaxın illər üçün güclü kadr potensialı bazasının formalaşdırılmasını başlıca prioritetlərdən hesab edir. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda  müəyyən olunmuş hədəflər, eləcə də, Prezident yanında Elmin İnkişafı Fondunun başlıca qayəsi yeni tərəqqi erasının kadr bazasının hazırlanmasına hesablanıb. Bu strategiyanın ali məqsədi ölkəmizdə innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi fonunda texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsindən ibarətdir.

 

Gələcəyin inkişaf trayektoriyası, yaxud zənginliyə doğru yolun astanasında

 

Gələcəyin inkişaf trayektoriyasının əsas xətlərindən biri, firavan və yüksək sosial həyatın, sosial cəmiyyətin, zəngin orta təbəqənin olması üçün insan inkişafı indeksi üzrə parametrlərin dünya indikatorlarına çatdırılması mühüm vəzifədir. Azərbaycan insan inkişafı indeksinə görə, son illərdə yüksək nəticələr əldə edib. Qeyd olunan indeks üzrə respublikamızın mövqeyi dünya dövlətləri sırasında əhəmiyyətli dərəcədə yüksəlib.

Ölkəmiz insan inkişafı indeksinin orta illik tempinə görə MDB dövlətləri arasında son 10 il ərzində aparıcı dövlət olub. Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, sistemli şəkildə demokratik islahatların miqyasının genişlənməsi, söz və fikir azadlığının inkişafı, vətəndaşların mənafeyinin qorunmasına xidmət edən davamlı tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının təmin edilməsi, sosial siyasətin dərinləşməsi və digər sahələrdə əhəmiyyətli dərəcədə irəliləyişlər əldə edib.

Prezident İlham Əliyevin əsas məqsədlərindən biri XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən etmək, yeni istiqamətlər açmaq və milli inkişaf konsepsiyasının əsas məzmununu təşkil edən ölkəni irəliyə aparmaq, cəmiyyəti inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdan ibarətdir.

Yeni Konsepsiyanın həyata keçirilməsində əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan ölkələri qabaqlamasını təmin etməkdir. Beynəlxalq Maliyyə İnstitutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta sərvətləri qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dolları ötəcək. Gələcəyin obrazı çox işıqlı, nikbin, üfüqdə yeni inkişaf parıltıları ilə zəngindir. 2020-ci ildən sonrakı insanların yaşayışının, həyatının sosial mahiyyəti tam müasir keyfiyyətli meyarlara əsaslanacaq.

 

 

Aydın HÜSEYNOV,

YAP Siyasi Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2012.- 1 may.- S.5.