Azərbaycanda polad magistralın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov www.yap.org.az saytına müsahibə verib:

- Arif müəllim, hazırda respublikamızın hər bir guşəsində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə genişmiqyaslı tədbirlər keçirilməkdədir. Məlum olduğu kimi, ölkəmizdə bütün sahələrin inkişafı Heydər Əliyev siyasətinin uğurları ilə bağlıdır. Bu baxımdan, Azərbaycan polad magistralının inkişafında Heydər Əliyev siyasətinin rolu haqqında fikirlərinizi bilmək istərdik...

- Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, anadan olmasının 89 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız Ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda Onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.

XX əsrin 90-cı illərində Ümümmilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Ərzuman oğlu Məmmədovu dəmir yoluna rəis təyin etdi. Bu, dəmir yolunun tarixinə dönüş ili kimi daxil oldu.

Polad magistralda çalışanlar insanlar yaxşı bilirlər ki, istər keçmiş İttifaq illərində, istərsə də müstəqillik illərində bu dahi şəxsiyyət dəmir yoluna, onun inkişafına daim diqqət və qayğı göstərmişdir. Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu, məhz, dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyat sektorunun müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir.

- Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə dəmir yolu nəqliyyatında həyata keçirilən tədbirlərin miqyası haqqında nə deyərdiniz? Bu sahənin inkişaf tempini necə səciyyələndirərdiniz?

- Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti, məhz, Ulu öndərimizin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Aşağıda təqdim etdiyimiz qısa xronologiya Ümummilli liderin qayğısı və nəzarəti ilə reallaşan tədbirlərin hələ tam siyahısı deyil. Burada mən Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu sahə ilə bağlı gördüyü işləri diqqətinizə çatdıracağam. Ümumiyytlə, 1969-1999-cu illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

Sovetlər birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdir. 1970-ci ildən başlayaraq şəhərətrafı qatarları müasir tələblərə cavab verən, yeni seriyalı ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlandı. 1970-ci illərdə Sumqayıt-şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt, Poylu stansiyalarında yeni vağzal binaları, məhz, o böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilmişdir.

Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun istismar fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir. 1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 7 stansiyada 33 yoldəyişdirici mərkəzləşdirilmiş, 5 keçid avtomatlaşdırılmış, yarım avtobloklama 33 km xəttin 8 stansiyasında quraşdırılmışdır. Ulu öndər Heydər Əliyevin köməyi sayəsində Gəncə şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi. 1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilmişdir.

Respublikanın şimal-qərb zonasının iqtisadi inkişafında böyük əhəmiyyətli işlərdən biri də onun böyük nüfuzu sayəsində 1980-ci ildən başlanan Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi olmuşdur. Bütün tikinti işləri 1985-ci ildə başa çatdırılmışdır.

1970-1985-ci illər ərzində yolun daxilində və qonşu dövlətlərin dəmir yolları sərhədlərində sərnişin və yük qatarlarının kütləvi buraxılışı üçün böyük işlər aparılmışdır.

1970-1987-ci illərdə Ulu öndər Heydər Əliyevin qayğısı ilə yüzlərlə Azərbaycanlı gənc respublikadan kənara oxumağa göndərildi. Hazırda dəmir yolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük bir hissəsi vaxtilə Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə respublikadan kənarda oxumağa göndərilən gənc mütəxəssislərdir. Onu deyim ki, həmin ərəfədə respublikadan kənarda təhsil alıb gənc mütəxəssis kimi bu gün polad magistralda çalışanların sayı 180 nəfərə yaxındır.

1981-ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verildi. Azərbaycan dəmir yolunun vaqon təsərrüfatının inkişaf illəri 1969-cu ildən sonra başlamışdır. Belə ki, 1969-cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposu və bir yuyucu-buxarlayıcı stansiyadan ibarət olduğu halda, hal-hazırda 9 vaqon deposu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliyyət göstərir. Bundan əlavə 1998-ci ilin yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki müayinə məntəqəsi fəaliyyətə başlamışdır.

Keçmiş SSRİ respublikalarının cəmi bir neçəsində konteynerlərin təmiri üzrə depo olduğu halda, 1975-ci ildə Bakıda konteynerlərintəmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo tikilib istifadəyə verilmişdir.

Böyük öndərin qayğısı ilə bu dövr ərzində fədakarlıq göstərən dəmiryolçuların əməyinin qiymətləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, 1970-ci ildən 1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist - Qəzənfər Əliyev, qazançı Qənbər Balayev və qatar tərtibatçısı Danil Bondaryov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 21 nəfər Lenin ordeni, 241 nəfər “Qırmızı Əmək Bayrağı”, 302 nəfər “Şərəf Nişanı”, 27 nəfər “Xalqlar Dostluğu”, 24 nəfər “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuşdur. Cəmi 843 dəmiryolçu ordenlərlə, 380 nəfər isə medallarla təltif olunmuşdu. Respublikanın polad magistralının yüzlərlə işçisi keçmiş SSRİ Yollar Nazirliyinin ən ali mükafatı olan “Fəxri dəmiryolçu” döş nişanı ilə mükafatlandırılmışdır.

- Siz Ümummilli lider Heydər Əliyevin sovetlər dönəmində bu sahədə həyata keçirdiyi tədbirləri sadaladınız. Bəs müstəqillik illərində Azərbaycan dəmir yolunun inkişafı istiqamətində hansı addımlar atılmışdır?

- Əlbəttə, müstəqillik illərində Azərbaycan dəmiryolunun inkişafında yeni uğurlu mərhələ başlamışdır. Bu inkişaf prosesi də Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Mən burada müstəqillik illərində görülən işləri diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, 1996-cı ildə Şirvan, 1997-ci ildə Culfa və İmişli vaqon depoları yaradılmışdır. Dübəndi terminalı və neftdoldurma stansiyası 1998-ci il yanvarın 4-də açılmışdır. 1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların əsaslı təmiri işinə başlanılıb. 1998-ci ildə isə Azərbaycan Dəmir yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuşdur.

Böyük öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. Böyük öndər hələ o vaxt demişdir: “Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqələrinin böyük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəqliyyat sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir”.

4 dekabr 1997-ci ildə isə Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxıldı. Yüksək standartlara cavab verən bu qatar dəmir yolunun daxili imkanları hesabına qısa müddət ərzində təmir olunaraq istismara verilmişdir. Kupe, plaskart vaqonlardan və vaqon-restorandan ibarət olan qatarda sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Ondan sonra Kiyev, Brest, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt-Peterburq, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə buraxıldı.

28 dekabr 1996-cı ildə bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azərbaycan Dövlət Dəmir Yolunun ilk firma qatarlı olan Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə verildi. 4 mart 1998-ci ildə isə Bakı-Xankəndi firma sərnişin qatarını istismara buraxıldı. 1996-cı ildən başlayan yeniləşmə prosesi sonrakı illərdə də davam etdirildi. 1999-cu ildə Bakı-Gəncə istiqamətində “Ekspress” tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir.

1999-cu ildə Bakı-Gəncə istiqamətində “Ekspress” tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir. “Mingəçevir-Bakı” “Ekspress” tipli firma sərnişin qatarının istimara verilməsi isə 7 mart 2002-ci il tarixinə təsadüf edir. 7 aprel 2003-cü ildə Bakı-Dərbənd (indi Bakı-Mahaçqala) “Ekspress” qatarı sərnişinlərin istifadəsinə verildi.

- Bu dövrdə Azərbaycan dəmir yolu nəqliyyatında təmir-bərpa işlərinin həyata keçirilməsi prosesi nə kimi nəticələr vermişdir?

- Yeri gəlmişkən, qeyd edim ki, müxtəlif istiqamətlərə hərəkət edən sərnişin qatarlarının sayının artması ilə əlaqədar, sərnişinlərə bilet satışının tezləşdirilməsi, əl əməyinin yüngülləşdirilməsi, mövcud narazılıqların aradan qaldırılması məqsədilə 1997-ci il sentyabrın 1-dən etibarən Bakı vağzalında bilet satışı tam kompüterləşdirilmişdir. 1999-cu ilin dekabrında bu sistem daha da təkmilləşdirilmiş və eyni zamanda Gəncə vağzalında da tətbiq edilmişdir. 1998-ci ildən başlayaraq Bakı lokomotiv deposunda elektrovozlvarın və elektrik qatarlarının əsaslı və II həcmli (qaldırma) təmiri texnologiyası təcrübəyə tətbiq edildi. 1998-ci ildən etibarən Biləcəri və İmişli lokomotiv depolarında manevr teplovozlarının III həcmli cari təmirinə başlanılmış, 1998-ci və 1999-cu illər ərzində 3 ədəd teplovoz əsaslı, 24 ədəd teplovoz isə cari təmir edilərək istismara yararlı hala salınmışdır.

1998-1999-cu illərdə və 2000-ci ilin birinci rübündə 17804 vaqon depo təmirindən, 1588 vaqon əsaslı təmirdən, 35695 yük vaqonu isə cari təmirdən buraxılmışdır. Vaqonların keyfiyyətli təmirinə görə, Bakı vaqon təmiri zavodu kollektivinin əməyi 1996-cı ildə Meksikanın təsis etdiyi Beynəlxalq Brilliant Keyfiyyət Ulduzu və 1998-ci ildə isə İspaniyanın Madrid şəhərində “Nəqliyyat üzrə Beynəlxalq Priz” nişanı kimi yüksək mükafatlarla qiymətləndirilmişdir.

7 mart 2003-cü ildə Avropa Birliyinin qrantı hesabına alınan 102 çən vaqonu Azərbaycan dəmiryolçularının ixtiyarına verilmişdir. 5 aprel 1999-cu ildə yolun Qərb istiqamətində yerləşən Baş-Mingəçevir və Mingəçevir-şəhər stansiyaları arasındakı 16 km uzunluğu olan əsas dəmir yolu xətti tam təmir edilmişdir.

Təhlükəli kilometrlərin təmiri üçün 20 km rels, 12,5 min ədəd dəmir-beton və 27,5 min ədəd ağac şpal, 41 ədəd krestovin və digər lazımi materialar alındı. Həmin materialların hesabına 35,5 km yol əsaslı və orta təmir edildi. Bu dövrdə, eyni zamanda, 10 böyük körpü, 3 orta körpü və 2 viaduk (gediş-gəliş körpüsü) təmir edilmiş, Moskva prospektindəki böyük körpünün tac tikililəri dəyişdirilmişdir.

1998-1999-cu illər ərzində yolun sağlamlaşdırıması prosesi davam etdi və təmir olunmuş körpülərin sayı 29-a çatdı və yolların orta bal qiyməti 75 bal yaxşılaşdı. 1998-ci ildə “Azərdəmiryoltikintiservis” İstehsalat Birliyinin kollektivi Bakı lokomotiv deposunda elektrik maşınlarının təmiri sexinin tikintisinə başlamış və qısa zamanda istifadəyə verilmişdir. 1996-1997-ci illər ərzində rabitə və işarəvermə qurğularının təftişi keçirilmiş, Böyük Kəsik-Ağstafa sahəsində 12 kanallı rabitə sistemi quraşdırılmış, Bakı-Aşqabad, Bakı-Kiyev teleqraf rabitə sistemi istifadəyə verilmişdir. Təhlükəsizliyin təmin olunmasını gücləndirmək məqsədi ilə Qaradağ-Səngəçal və Şəmkir-Dəllər sahələri avtomatlaşdırılmış quruğularla təchiz olunmuşdur. Üç rabitə distansiyasında rabitə xətləri tamamilə tənzimlənmişdir. Horadiz stansiyası bərpa edilərkən qatar dispetçeri ilə əlaqə yaratmaq üçün birkanallı sistem və 12 elektrik xətti, Hacılı-Horadiz arasında radioqatar və stansiyalararası rabitə sistemi yaradılmışdır.

15 oktyabr 2001-ci ildən etibarən “TASİS” proqramı üzrə dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində 503 km uzunluğunda fibrooptik kabelin çəkilişinə və müasir rabitə sisteminin qurulmasına başlanılmış və qısa zamanda başa çatdırılmışdır.

4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə Ümummilli liderimiz Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu öndər tədbirdə çıxış edərkən demişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

- Azərbaycan dəmir yolunun beynəlxalq nəqiliyyat dəhlizi kimi əhəmiyyəti nədən ibarətdir?

- 1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRACECA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRACECA-yadək yol keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır).

1998-ci il sentyabrın 7-9-də Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmişdi. Bu mötəbər tədbirdə 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. İki gün davam edən konfransda Bakı bəyannaməsi qəbul edildi. Qəbul edilən sənədlər sırasında beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Razılıq, həmçinin beş texniki Əsasnamə, o cümlədən, dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də vardır.

- Arif müəllim, bu gün ölkəmizdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi prosesi həyata keçirilir. Bu baxımdan, “Azərbaycan Resrublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini necə səciyyələndirərdiniz?

- Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırkı ölkə başçısı İlham Əliyevin zamanında yeni mərhələyə qədəm qoydu. Bu gün dövlət başçısının birbaşa qayğısı və nəzarəti ilə Azərbaycan, onun nəqliyyat strukturları “Şimal-Cənub” və “Bakı-Tbilisi-Qars” beynəlxalq və regional layihələrin reallaşması proseslərində yaxından iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu, tarixi bir sənəddir. Çünki bu sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

 

 

Yeni Azərbaycan.- 2012.- 1 may.- S.6.