Heydər Əliyev
ideyaları Azərbaycan xalqını xoşbəxt gələcəyə
aparır
Fəaliyyətinin
hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin
və onun üzvlərinin mənafeyinə xidmət etmiş,
Azərbaycan torpağının, Azərbaycan dövlətinin,
Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla
çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi,
dövlətçiliyimizin inkişafı, demokratiyanın
genişləndirilməsi, xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
mümkün ola bilən hər bir işi görmüş
Ümummilli lider Heydər Əliyev bəşər tarixində
hər hansı bir dövlətin
başçısının öz ölkəsi
üçün edə bilmədiklərini Azəbaycan
üçün reallığa çevirdi. Hələ 1969-cu
ildə birinci dəfə respublika rəhbərliyinə gələndə
Ulu öndər Heydər Əliyev Azərbaycan adlı məmləkəti
aqrar, ikinci dərəcəli respublika halından ən
yüksək sürətlə inkişaf edən sənaye
dövlətinə çevirdi. Eyni zamanda,
xalqımızın milliliyini özündə ifadə edən
keyfiyyətləri də dirçəltməklə insanlarda Vətən,
dövlət sevgisini daha da artırdı. Bunun nəticəsi
idi ki, keçmiş SSRİ imperiyasının dağılmasından
sonra xalqımızın idealları reallığa
çevrildi və Azərbaycan 1991-ci il oktyabrın 18-də
“Azərbaycanın Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini
elan və həm də bərpa
etdi.
Bu aktla, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən
azad olsa da və ürəyində həmişə
yaşatdığı, həsrətini çəkdiyi
azadlıq arzularına qovuşsa da, yenidən dövlət
müstəqilliyinin qorunub saxlanılması Ulu öndər
Heydər Əliyevin respublika rəhbərliyinə yenidən
qayıdışı ilə reallaşdı.
Belə ki, 1991-1992-ci illərdə, habelə 1993-cü
ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət,
müstəqillikdən çox anarxiyanı
xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət
rəhbərləri xalqın ürəyində həmişə
yaşatdığı və həsrətində olduğu
müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək
üçün zəruri tədbirlər görmək,
ölkənin iqtisadi gücündən və potensialından
səmərəli istifadə etmək əvəzinə, milli
maraqları şəxsi mənafeyə qurban verərək,
cinayətkarcasına səhlənkarlıq nümayiş etdirərək,
fəaliyyətdə və inkişafda olan hər bir şeyi
dağıtdılar. Anarxiya və hər cür
qanunsuzluqlar dövrü hesab edilən 1991-1993-cü illər ərzində
Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə
məruz qaldı. Öz xalqına qarşı
ağır cinayətlər törətmiş Vəzirov və
Mütəllibovun xəyanətkar əməlləri, özbaşınalığa
rəvac vermiş AXC-Müsavat hakimiyyətinin naşı və
səriştəsiz fəaliyyəti nəticəsində, əvvəllər
yaradılmış qüdrətli iqtisadi potensial, demək
olar ki, tam dağıdıldı, milli sərvətlərimiz
talan edildi. Həmin dövrdə qanunsuz
silahlı dəstələrin yaradılmasına rəvac
verildi ki, bu da separatizm meyillərinin güclənməsinə
əlverişli şərait yaradırdı. Cəmiyyətdə
cəzasızlıq şəraitində cinayətkarlıq
görünməmiş bir həddə çatdı: vətəndaşlar
öz adicə hüquqlarını qoruya bilmirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr
ona gətirib çıxartdı ki, torpaqlarımızın
böyük bir hissəsi, demək olar ki, ermənilərə
müharibəsiz təhvil verildi. Bir
milyondan artıq soydaşlarımız öz doğma
yurdlarından didərgin düşdü. Nəticədə,
Azərbaycanın yenicə əldə edilmiş dövlət
müstəqilliyi, ökəmizin ərazi
bütövlüyü böyük təhlükə ilə
üzləşdi.
Xalqımız
üçün, onun müstəqilliyi yenicə bərpa
olunmuş gənc respublika üçün ağır bir
vaxtda böyük də - kiçik də, qulluqçu da - fəhlə
də, ziyalı da - savadsız da, vəzifəli də - vəzifəsiz
də, iqtidar da - müxalifət də yekdil bir qərara gəldi:
ölkəni fəlakətdən, yaranmış bu
ağır vəziyyətdən ancaq Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyevin qətiyyəti
və iradəsi xilas edə bilər, məhz Onun ən çətin
şəraitdə düzgün olan yeganə yolu seçmək
bacarığı nəticəsində Azərbaycan məhv
olmaq təhlükəsindən qurtula, müstəqil dövlətçiliyini
qoruyub saxlaya bilər. 1993-cü il iyulun
15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gələrək müstəqilliyimizin müqəddəratında
çox əhəmiyyətli rol oynadığına görə,
həmin gün xalqın tələbi ilə Milli Bayram kimi
qeyd olunur.
Azərbaycandakı
möhkəm ictimai-siyasi sabitliyi Ulu öndər Heydər Əliyev
yaratdı
Vətənə,
xalqa məhəbbətin mahiyyəti aldadıcı təsəvvürdən
başqa bir şey olmayan, bütün proseslərə, o
cümlədən, xalq üçün ən qiymətli nemət
olan dövlət müstəqilliyinin qorunmasına şəxsi
mənfəət prizmasından baxan AXC-Müsavat
cütlüyünün hakimiyyəti ələ
keçirmiş vəzifəli şəxsləri iqtisadi,
siyasi, həm də sosial-mədəni sahələrdə
respublikanı tənəzzülə
uğratmışdılar, ölkədəki vəziyyətə
nəzarət edə bilməyən səlahiyyətli şəxslərin
fəaliyyətsizliyi ucbatından kriminogen durum
günü-gündən pisləşir, cinayətkarlıq
baş alıb gedirdi, qanunun tələbləri, səlahiyyətli
vəzifəli şəxslərin əmr və sərəncamları,
göstərişləri icra olunmur, hər kəs öz
bildiyini edirdi, xalqın iqtisadi vəziyyəti getdikcə
ağırlaşırdı, ərzaq məhsullarının
qiyməti, demək olar ki, hər gün bahalaşırdı,
çörək isə qıtlaşmışdı -
adambaşına verilən normanı almaq üçün gecədən
növbə tutulmalı idi; idarəçilik qurumları
arasında qarşılıqlı əlaqə qeyri-normal vəziyyətdə
idi, vəzifədə olanlar özləri üçün
silahlı dəstələr saxlayırdılar; istehsal
dayanmış, ölkəni iqtisadi böhran
bürümüşdü, siyasi qurumlar arasında hakimiyyət
uğrunda gərgin mübarizə gedirdi, milli maraqlara xəyanət
etmiş Mütəllibov rejimi, ondan səriştəsizlik
estafetini qamarlamış AXC-Müsavat cütlüyü
müstəqilliyimizi süquta sürükləyirdi. İctimai-siyasi proseslər nəzarətdən
çıxmış, dövlətçilik
üçün real təhlükə yaradan qanunsuz silahlı
dəstələrin törətdiyi
özbaşınalıqların həddi-hüdudu yox idi.
Dövlət müstəqilliyi şəxsi
ambisiyalara qurban verilir, dövlət, millət və xalq faktiki
olaraq parçalanır, vətəndaş müharibəsi
reallığa çevrilirdi.
Bütün
bu proseslərin Ermənistanın hərbi təcavüzü, ərazi
bütövlüyümüzün pozulması,
torpaqlarımızın işğal olunması, rayonların
düşmən tərəfə könüllü,
döyüşsüz təhvil verilməsi ilə
müşayiət olunduğunu, bir tərəfdən Surət
Hüseynovun, digər tərəfdən Əlikram Hümbətovun
dəstələrinin baş qaldırdığını nəzərə
alsaq, yaranmış vəziyyətin ciddiliyi, müstəqilliyin
itirilməsinin reallığı məlum olar.
Xaricdən
erməni işğalçıları və onları dəstəkləyən
qüvvələr, daxildən isə idarəçilik təcrübəsi
olmayan, tabelikdə olanlarla davranmağı bacarmayan səriştəsiz
AXC rəhbərlərinin ölkədə yaranmasına səbəb
olduqları qarşıdurma, anarxiya Azərbaycan
Respublikasının bir dövlət kimi xəritədən
silinməsini şərtləndirirdi.
Xalqın israrlı tələbi ilə Bakıya gələn
Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə
başladığı ilk aylarda atdığı müdrik
addımlar sayəsində qısa müddət ərzində
vətəndaş müharibəsi və ölkəmizin
parçalanmaq təhlükəsinin qarşısını
aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə
cəhd göstərən cinayətkar qüvvələr
xalqın dəstəyi ilə zərərsizləşdirildi.
Ümummilli
lider Heydər Əliyevin müdrikliyi, dünyada gedən
proseslərə dərindən bələd olması, baş
verən hadisələrin səbəblərinin təhlili
zamanı əvəzolunmaz məharət və
bacarığı, hadisələrin qarşısının
alınması üçün qabaqlayıcı tədbirlər
görmək səriştəsi öz bəhrəsini verdi və Böyük Xilaskarımızın
Bakıya gəlməsindən bir neçə ay sonra vəziyyətin
sabitləşməsi, daha ağır nəticələrin
qarşısının alınması mümkün oldu: millət
və dövlət dəhşətli bəladan qurtuldu.
Konstitusiyanın
qəbulu Azərbaycanı sabit inkişaf yoluna
çıxartdı
Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra
hüquqi dövlət quruculuğu inkişaf yolunu bəyan etsə
də, bu məramın həyata keçirilməsi müstəqil
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbul
olunması ilə reallaşdı. Keçmiş SSRİ-nin
dağılması prosesi ilə müşayiət olunan yeni
Konstitusiya layihəsinin işlənib hazırlanması nə
milli maraqları ayaqlar altına almış Mütəllibov
hökuməti, nə də səriştəsiz AXC-Müsavat
rejimi dövründə öz həllini tapmadı.
Konstitusiyanın mahiyyətinə, onun müstəqilliyin
möhkəmləndirilməsində, dövlətçiliyin
inkişafında, ölkənin beynəlxalq nüfuzunun
artmasında roluna və əhəmiyyətinə mövcud
olan laqeyd münasibəti, xalqın təkidli tələbi ilə
hakimiyyətə yenidən qayıdışı ilə
kökündən dəyişdirən Ümummilli liderimiz Heydər
Əliyev milli Konstitusiyanın layihəsinin
hazırlanmasını gündəlik nəzarətdə
saxladı. Layihəsi beynəlxalq ekspertlər tərəfindən
demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə
tam uyğun hesab edilən, mütərəqqi milli ənənələrimizə
söykənən, bu günün reallıqlarını və
dövlətin, cəmiyyətin inkişaf perspektivlərini
böyük uzaqgörənliklə əks etdirən
normaları tövsiyə və göstərişləri, diqqət
və qayğısı ilə Konstitusiya layihəsinə daxil
etdi.
Konstitusiyanın
preambulasında qanunvericilik texnikasının fəndlərindən
məharətlə istifadə olunaraq, Azərbaycan
xalqının niyyətlərinin bəyan edilməsi
xalqımızı, dövlətimizi, millətimizi beynəlxalq
aləmdə məqsədi, amalı yüksək və ali
olanların sırasına daxil etdi. Bu, Ulu öndərimizin
peşəkar və mahir siyasətçi üçün səciyyəvi
olan zəkasının məhsulu idi.
Qurulmasına
çalışdığımız hüquqi dövlətin
əsrlərin sınağından keçərək yetkinləşmiş
belə bir tərifi var ki, demokratik cəmiyyətə xas olan
prinsipləri təsbit, təmin və müdafiə edən
dövlət hüquqidir. Demokratik cəmiyyətin prinsiplərindən
olan hakimiyyət bölgüsünün, qanunun aliliyinin,
qanunçuluğun təmininin Konstitusiyada öz əksini
tapması, insanların əsas hüquq və
azadlıqlarına bütöv bir bölmənin, hətta
bütün müddəalarının üçdə bir
hissəsindən çoxunun həsr olunması, onların həyatiliyinə
möhkəm təminat verilməsi, müstəqilliyimizin
genişlənməsi, sivil dövlətlər tərəfindən
tanınması istiqamətində dahi Prezidentimizin çox
möhtəşəm gedişlərindən olmaqla,
Konstitusiya, dövlət quruculuğu sahəsində
xalqımıza, millətimizə Prezidentimizin ən
böyük töhfələrindəndir.
İnsan
ləyaqətinə, bütövlükdə insan
hüquqları ideyasına zidd olan ölüm cəzasının
tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından
asılı olmayaraq, demokratik cəmiyyətdə qeyri-insani və
amansız tədbir kimi qiymətləndirilsə də, 1992-ci
ildə müstəqillik və demokratiya şüarları ilə
hakimiyyətə gələn AXC-Müsavat liderləri totalitar
rejimlərə xas olan antihumanist, qeyri-insani qanunların
icrasını davam etdirirdilər. Ulu öndərimiz Heydər
Əliyev isə, faktik olaraq hakimiyyətə yenidən
qayıtdıqdan sonra 1993-cü ilin iyunundan ölüm cəzasının
icrasına moratorium qoydu, sonra isə 1998-ci il 10 fevral tarixli
qanunla bu cəza növünü Şərqdə ilk olaraq ləğv
edib. Bunun Konstitusiyada əksini tapması Avropa dəyərləri
baxımından çox əhəmiyyətlidir.
Konstitusiyada
insan və vətəndaş hüquq və azadlıqları
ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları,
dövlət hakimiyyətinin qolları, yerli
özünüidarəetmə orqanları, hüquq və
qanun ilə əlaqədar olan ictimai münasibətlərin
nizamlanması da əhatəli şəkildə təsbit
edilmişdir ki, bu da ölkəmizin Əsas Qanununun demokratik
prinsiplərin daşıyıcısı olan beynəlxalq
aktlar sırasına daxil olmasına imkan verir.
Ulu
öndər Heydər Əliyevin gərgin və məqsədyönlü
fəaliyyəti nəticəsində nail olduğumuz bu nəticələr
Azərbaycanın demokratik inkişaf prosesinə dönməz
xarakter verdi, azadlığın və qanunçuluğun
möhkəm təminatını yaratdı və 2001-ci il
yanvarın 25-də Azərbaycanın Avropa Şurası
üzvlüyünə qəbul olunmasını şərtləndirdi.
Onun rəhbərliyi və fəal iştirakı ilə
görülən işlər, əldə olunan nəticələr
müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi
olacağına dəlalət edir. Bu, Azərbaycan
xalqının ən müqəddəs arzusudur.
Prezident
İlham Əliyev xalqımızın arzularının ən
layiqli reallaşdırıcısıdır
Prezident
İlham Əliyev Azərbaycan xalqının müdriklik, mərdlik
və cəsarət simvolu, Heydər Əliyev kursunun layiqli
davamçısı olmaqla, respublikamızın siyasi hakimiyyətinə
rəhbər seçilməyi ilə xalqı gələcəyə
inamlı etdi.
Müstəqil
Azərbaycan dövlətinin Qurucusu, Böyük Xilaskar Heydər
Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib
hazırladığı inkişaf xəttinin ən
böyük uğuru 2003-cü il 15 oktyabr tarixli Azərbaycan
Respublikası Prezidentinin seçkilərində tam
üstünlüklə qələbə çalmağı
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
başladığı hər hansı işi, həcmindən,
mahiyyətindən asılı olmayaraq, həmişə ən
yüksək nəticə ilə sona yetirmək iqtidarında
olduğunu tam şəffaf prosedurlarla təzahür etdirdi və
xalqımıza bir daha bəlli oldu ki, müstəqilliyin
möhkəmləndirilməsi, dövlətçiliyin
inkişafı, əhalinin rifahının
yaxşılaşdırılması sahəsində Heydər
Əliyev siyasətinin müvəffəqiyyətlə həyata
keçirilməsinin təminatı etibarlı əllərdədir.
Azərbaycan
xalqı əmindir ki, Azərbaycanda sabitliyi qoruyub-saxlayan və
onu daha da dayanıqlı edən, insanların hüquq və
azadlıqlarının etibarlı müdafiəsinə nail
olan, əhalinin rifah halını durmadan
yaxşılaşdıran və ölkəmizin beynəlxalq
aləmdə nüfuzunu gündən-günə yüksəldən
möhtərəm Prezidentimiz cənab İlham Əliyev
insanların arzularının ən layiqli
reallaşdırıcısıdır.
Bilman VƏLİYEV,
YAP Abşeron rayon təşkilatının
sədri,
iqtisad elmləri namizədi
Yeni Azərbaycan.- 2012.- 2 may.- S.5.