AZƏRBAYCAN İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ

 

Hazırda yüksək tərəqqi və zənginləşmə erasına qədəm qoymuş müasir Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Sözsüz ki, respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki meqainkişaf erasına çatmasının başlıca məntiqi, elmi-iqtisadi məzmunu Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib.

Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi model Azərbaycanın son 8 ildə davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları da məhz modernləşmə və tərəqqi modelinin prioritet konseptlərini təşkil edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.

Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 8 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.

 

Regionların inkişafını təmin edən mükəmməl strategiya...

 

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin gərgin əməyi və əzmkarlığının nəticəsi olaraq hazırlanan və həyata keçirilən bu mükəmməl proqram Azərbaycanın son 8 ildə ən mütərrəqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir.

Regionların inkişafı ilə bağlı birinci proqramın tam vaxtında icra olunması, ikinci proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.

Regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.

Ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 2003-cü ildə 73 faiz təşkil etdiyi halda, hazırda 95 faizə çatıb. Görülmüş işlərin nəticəsi olaraq 2004-cü ildən indiyədək ölkədə 40 minə yaxın yeni müəssisə yaradılıb ki, bunun da təxminən 40 faizi regionların payına düşür. Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni iş yerlərinin 86,2 faizi qeyri-dövlət sektorunda yaradılıb. Son 8 ildə bölgələrdə yaradılmış iş yerlərinin sayı 1 milyonu ötüb. Təkcə, 2011-ci ildə 80 mindən çox yeni iş yerləri açılıb. Yeni iş yerlərinin yaradılması insanların məşğulluğunun təmin olunmasına töhfə verməklə bərabər, yoxsulluğun azaldılmasına, insanların sosial vəziyyətinin yaxşılaşmasına təkan verib.

Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. İşsizliyin yüksək səviyyədə olduğu ölkələrdə işçi qüvvəsindən yarımçıq istifadə nəticəsində iqtisadi sistem özünün istehsal imkanlarından tam istifadə edə bilmir. İşsizlik, həmçinin, insanların həyati vacib maraqlarına ciddi zərbə vurur və onları yaşayış uğrunda mübarizə aparmaq hüdudlarına gətirib çıxarır. Beləliklə, işsizliyin səviyyəsi hər bir ölkədə iqtisadiyyatın ümumi vəziyyətinin əsas göstəricilərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyev məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin müəllifi kimi çevik və operativ addımlar atmaqla insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail oldu. Azərbaycanda ümumi makroiqtisadi artım templəri əyani şəkildə istehsal müəssisələrinin rentabelli fəaliyyətini göstərir, eyni zamanda, insanların məşğulluğunun təmin olunduğunu şərtləndirir. Bu amillər isə son nəticədə işsizliyin səviyyəsinin aşağı düşdüyünü ifadə etmiş olur. Ümumiyyətlə, “Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramı”nın məzmunu birbaşa sosial xarakter daşıyır və sənədin məntiqi nəticəsi insan amilinə söykənir. Yəni, dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur. Cənab Prezident bu qənaətdədir ki, “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, bölgələrdə proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın və infrastruktur da inkişaf etsin.

Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Eyni zamanda, Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlər həyata keçirilib.

 

Regional inkişaf proqramı Azərbaycanın beynəlxalq iqtisadi gücünü artırıb...

 

Dövlət başçısı ötən 8 ildə bütün rayonlara səfər edib, ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyev rayonlara səfərləri çərçivəsində iri istehsal və xidmət müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı, həmçinin, bir sıra infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin və bərpasının vəziyyəti ilə də yaxından tanış olub.

Prezident İlham Əliyevin sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı istər Bakı kəndləri olsun, istərsə də regionlardakı kənd və qəsəbələr, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin olunmasına səbəb olur.

Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemləri, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal bu kimi məsələlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır. Həmin sərəncamlara əsasən, hər bir iqtisadi rayon üzrə yeni tədbirlər planı müəyyənləşir. Bu isə Prezident İlham Əliyevin bölgələrdəki inkişafı, yeni proqressiv meyilləri nəzarətdə saxladığını göstərir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqrama əlavə xarakteri daşıyan tədbirlər planı yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırki müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxacaq. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.

Həm regionların inkişafı, həm də ümumilikdə ölkəmizin sosial-iqtisadi tərəqqəsi ilə bağlı həyata keçirilən əhatəli, kompleks strateji proqramlar nəticəsində Azərbaycanın makroiqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycan dünya dövlətləri içərisində makroekonomik indikatorların böyük əksəriyyəti üzrə ən yaxşı nəticələr əldə edib. Bura həm iqtisadi, həm sosial, həm maliyyə, həm investisiya, eləcə də, digər komponentlər üzrə göstəricilər daxildir. Həmin göstəricilər isə birbaşa insanların sosial yaşayışının vəziyyətini əks etdirir. Nəticədə respublikamız insanların yaşayış şəraitinin yaxşılaşması komponenti üzrə son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlib. 2000-2010-cu illər üzrə ölkəmiz indeksin orta illik artım tempinə görə MDB məkanında qabaqcıl dövlətə çevrilib və “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlib.

Qeyd etdiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın ümumi iqtisadi siyasətinin əsas baza sütunlarını təşkil edir və elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayıla bilər. Bu strateji məqsədlərə uyğun olaraq qarşıdakı illərdə bölgələrin inkişafı ilə bağlı hər bir sahə üzrə konkret işlər görüləcək, bütün yaşayış məntəqələrinin sosial infrastrukturunun ən qabaqcıl normalara çatdırılması təmin ediləcək. Nəticədə bu tədbirlər sayəsində Azərbaycanın makroiqtisadi sabitliyi daha da möhkəmlənəcək, iqtisadiyyatın diversifikasiyası dərinləşəcək, aqrar sektorda intensiv metodların tətbiqi genişlənəcək, bölgələrdə sənayeləşmə sürətlənərək yeni mərhələyə qədəm qoyacaq, iqtisadi rayonlarda sənaye şəhərciklərinin yaradılması reallaşacaq, regionların ixrac potensialı güclənəcək. Eyni zamanda, regionlarda yeni texnologiyalardan istifadə imkanlarının genişlənməsi sayəsində innovativ iqtisadiyyata keçid təmin olunacaq, biznes və investisiya mühiti daha da yaxşılaşacaq, insanların sosial rifahı və insan kapitalının inkişafı yüksələcək.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business-2012” adlı yeni illik hesabatda Azərbaycan əvvəlki illə müqayisədə mövqeyini daha da yaxşılaşdıraraq 3 pillə irəliləyib. Azərbaycanın bir sıra indikatorlar üzrə qlobal reytinqdə əhəmiyyətli dərəcədə mövqeyinin yaxşılaşması həm də regional siyasətin təntənəsi kimi səciyyələndirilə bilər. Yəni, bölgələrdəki işgüzar fəallıq, investorların regionlara cəlb olunması ölkəmizin iqtisadi azadlıq indeksinin göstəricisi sayılır ki, bu da beynəlxalq hesabatlarda öz əksini tapır. Məlum olduğu kimi, regionların inkişafı ilə bağlı siyasətin əsas konseptlərindən biri sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maliyyə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsindən ibarətdir. Azərbaycan hökuməti son 8 ildə bu istiqamətdə çox qətiyyətli addımlar atıb və nəticə də göz qabağındadır.

Dünya analitika mərkəzləri, iqtisadi tədqiqat institutları Azərbaycanı azad sahibkarlığın və biznesin ən cəlbedici, regionlarda əlverişli sahibkarlıq mühitini təmin edən ölkə kimi qiymətləndirir. Məsələn, Dünya Bankının “Doing Business-2012” hesabatında respublikamız azad sahibkarlıq indikator üzrə 9-cu yerdə qərarlaşıb. Bu, MDB regionunda ən yüksək, Avropa bölgəsində isə ən yaxşı göstəricilərdən hesab olunur. Ölkəmiz “biznesin başlanması” indikatoru üzrə 18-ci yerə layiq görülüb ki, bu da son 4 ildə ən mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Bundan başqa, investorların hüquqlarının müdafiəsi indikatoru üzrə 24-cü yerdə qərar tutmaqla Azərbaycan cəlbedici sərmayə mühitinə malik ölkə olduğunu, eyni zamanda, sərmayədarların fəaliyyətinə geniş imkan yaratdığını təsdiqləmiş olur.

Ölkəmizdəki yüksək inkişaf tempi Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Standard ənd Poor’s” kimi ən nüfuzlu iqtisadi qurumların, reytinq agentliklərinin, eləcə də, “Financial Times”, “The Economist” kimi iqtisadi nəşrlərin hesabat və qiymətlərində öz müsbət əksini tapmaqdadır. Həmin qurumlar Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatların mühüm nəticələrini təqdir edir, respublikamızın inkişaf dinamikasına görə dünya miqyasında əsas aparıcı dövlətlərdən olacağını bildirirlər.

 

2013-cü ildən sonrakı ssenarilər, yaxud yeni regional inkişaf proqramı...

 

Bu gün Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində yeni iqtisadi münasibətlər formalaşıb, mülkiyyət çoxnövlülüyü təmin edilib, azad rəqabət şəraiti yaradılıb, biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib və özəl sektorun davamlı inkişafına nail olunub. Hazırda yeni inkişaf mərhələsində irəliləyən ölkəmizin qarşısında duran əsas vəzifələr milli iqtisadiyyatın diversifikasiyasının təmin edilməsi, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev regional inkişaf proqramının öz mühüm nəticələrini verdiyini təqdir edərək regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni Dövlət Proqramının hazırlanacağını da bəyan edib. Dövlət başçısı qeyd edib ki, 2009-2013-cü illərə dair regional inkişaf proqramının icrası başa çatdıqdan sonra yeni proqram start götürəcək. Artıq bu proqramın ilkin konturları da məlumdur: “Növbəti illər üçün bizim artıq proqramlarımız hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Onun konsepsiyası indi hazırlanır. Bu məsələ ilə bağlı mənim bir çox fikirlərim, planlarım vardır. Əminəm ki, Azərbaycan bu illər ərzində necə inkişaf edib, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir”.

Dövlət başçısı respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və qarşıdakı illərdə yeni meyarların, texnoloji dəyişikliklərin, mühüm iqtisadi-sosial çağırışların meydana çıxacağını və buna uyğun olaraq daha pozitiv addımların atılacağını bəyan edib. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxacaq. Yaxın dövrdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızın qarşısında inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası zəruri olacaq. Azərbaycan innovativ iqtisadiyyata keçidi təmin etməklə bu meyarların regionlarda da tətbiqinə üstünlük verəcək. Hazırda geniş regional miqyaslı proqramların icrası sayəsində modernləşən və yaxud yenidən qurulan və milli istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyaların əhatə dairəsi daha da genişlənəcək.

Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxacaq. Yaxın dövrdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızın qarşısında inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası zəruri olacaq. Azərbaycan innovativ iqtisadiyyata keçidi təmin etməklə bu meyarların regionlarda da tətbiqinə üstünlük verəcək. Hazırda geniş regional miqyaslı proqramların icrası sayəsində modernləşən və yaxud yenidən qurulan və milli istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyaların əhatə dairəsi daha da genişlənəcək. Ən son nəsil avadanlıqlara əsaslanan modellərin tətbiqi real olacaq ki, bu da innovasiyaların geniştutumluluğunu şərtləndirmiş olacaq. Bütün bunlar isə yeni regional inkişaf proqramının hazırlanmasını zəruri edir.

2013-2018-ci illərə dair yeni regional inkişaf proqramının hazırlanmasını yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışlar ortaya çıxarır və hökumət müasir inkişaf meyarlarına uyğun olaraq bu iqtisadi və sosial sifarişləri yerinə yetirməyə tam qadirdir. Məlum olduğu kimi, davamlı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqrama əlavə xarakteri daşıyan tədbirlər planı hazırlanır və həyata keçirilir. Bu əlavələr yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırki müasir inkişaf mərhələsinin reallıqlarıdır.

2013-cü ildən sonrakı dövrdə başqa hədəflər üzrə tədbirləri meydana çıxaracaq. Əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsindən ibarət olacaq, regionların iqtisadi sərvətlərinin qeyri-neft sektorunun əsas bazaları kimi dövriyyəyə cəlb olunması başlıca istiqamətlər təşkil edəcək.

Nəticədə bu tədbirlər sayəsində Azərbaycanın makroiqtisadi sabitliyi daha da möhkəmlənəcək, iqtisadiyyatın diversifikasiyası dərinləşəcək, aqrar sektorda intensiv metodların tədbiqi genişlənəcək, bölgələrdə sənayeləşmə sürətlənərək yeni mərhələyə qədəm qoyacaq, iqtisadi rayonlarda sənaye şəhərciklərinin yaradılması reallaşacaq, regionların ixrac potensialı güclənəcək. Eyni zamanda, regionlarda yeni texnologiyalardan istifadə imkanlarının genişlənməsi sayəsində innovativ iqtisadiyyata keçid tam təmin olunacaq, biznes və investisiya mühiti daha da yaxşılaşacaq, insanların sosial rifahı və insan kapitalının inkişafı yüksələcək.

 

Gələcəyə baxış - yeni onilliyin çağırışları...

 

Azərbaycan hazırda yeni islahatların astanasındadır. Yeni onilliyin ilk ili ölkəmizin yüksək inkişaf etmiş ölkə kimi mövqeyinin daha da artmasına zəmin yaradıb. Respublikamızın müasir iqtisadi inkişaf yolu yeni çoxşaxəli islahatlar strategiyasına, güclü və inkişaf etmiş dövlətin iqtisadi əsaslarının daha da möhkəmlənməsinə əsaslanır. Azərbaycan yeni inkişaf və intibah ssenarilərini həyata keçirməklə bərabər, yeni çağırışların və meqainkişafın sabahkı tələblərini nəzərə alaraq təmkinli, ölçülüb-biçilmiş, praqmatik, eyni zamanda, bütün hədəfləri müəyyən edə biləcək uzaqgörənliklə reformaların yeni platformasını formalaşdırıb. Bu platforma çoxsistemli konseptlər məcmusu olmaqla yanaşı, tam praqmatikliklə proqnozlaşdırılmış onilliyin yeni pozitiv meyarlarına yaxınlaşdıran strategiyalar bazasına söykənir.

Yeni əsrin ikinci onilliyi ölkəmizin iqtisadi inkişaf dinamikası baxımından daha yeni meyarlar kəsb etməsi ilə səciyyələndirilə bilər. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Hazırda ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 41 milyard dolları ötüb. Strateji valyuta ehtiyatlarının həcminin artması ölkəmizdə effektiv pul siyasətinin həyata keçirilməsinin göstəricisi kimi səciyyələndirilə bilər. Bu tendensiya həm də ölkəmizdə qeydə alınan yüksək və sürətli iqtisadi artımın məntiqi nəticəsi kimi də dəyərləndirilməlidir.

Cənab Prezident İlham Əliyevin əsas məqsədlərindən biri XXI əsrin ikinci onilliyində Azərbaycanı ən yüksək inkişaf etmiş dövlətlər qrupuna çatmasına nail olmaqdar. Bunun üçün ölkəmizin güclü iqtisadi potensialı mövcuddur. Bu potensialı hərəkətə gətirib neftdənkənar iqtisadiyyatın platformasını yaratmaq qarşıdakı on ilin əsas meyarları olacaq. Bütün bu hədəflərin ümumi konseptual elmi-iqtisadi əsasları isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapacaq. Prezident İlham Əliyevin müəllifi olduğu “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yeni dövrün sosial-iqtisadi və makroinkişaf çağırışlarının reallaşması üçün fundamental baza sənədi hesab oluna bilər. Azərbaycanın qarşıdakı sosial-iqtisadi inkişaf platforması və makroiqtisadi ssenarisi innovativ iqtisadiyyata keçidi uğurla başa çatdırmaqdan ibarətdir. İnkişaf Konsepsiyası yeni onilliyin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni, humanitar sektorlarında həyata keçirilməsi hədəf seçilən tədbirlərin müəyyən edilməsini nəzərdə tutur.

Yeni konsepsiya Azərbaycanda innovativ-kreativ iqtisadiyyatın yaradılmasını və rəqabətədavamlı milli məhsul ixracının gücləndirilməsini, bunun fonunda ölkəmizin milli ixrac potensialının qlobal bazarlarda üstünlüyünü təmin etməyi nəzərdə tutur. Postneft dövründə innovativ iqtisadiyyatın əsas aparıcı sahəsi kimi sənaye, informasiya kommunikasiya texnologiyaları milli inkişafın təkanverici bölmələri olmaqla yanaşı, güclü maliyyə rezervlərinə malik iqtisadi sektorlara çevriləcək. Bu pozitiv proqnozları yeni onilliklə bağlı inkişaf ssenariləri də ehtiva etmiş olur.

 

 

Vaqif ABDULLAYEV,

Beyləqan RİH-nin başçısı,

YAP Siyasi Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2012.- 2 may.- S.4.