Sabitlik və inkişafı təmin edən ideyalar

 

Lider amili cəmiyyətin ümumi inkişafının, milli tərəqqiyə xidmət edən dayanıqlı əsasların yaradılmasının, bütöv bir ölkənin, xalqın gələcək taleyini müəyyən edən ideyaların reallığa çevrilməsinin ən mühüm şərtidir. Bir çox hallarda cəmiyyətin xilası, dövlətin tərəqqisi məhz lider amilindən asılı olur. Xalqın yetirdiyi liderlər milli ideyaların yaradıcıları kimi çıxış edir və cəmiyyəti bu ideyaların həyata keçirilməsi uğrunda səfərbər edə bilir. Azərbaycanın çağdaş tarixində bu missiyanı xalqımızın Ümummilli lideri Heydər Əliyev yerinə yetirmişdir. Azərbaycanın milli dövlətçilik konsepsiyasını irəli sürən Ulu öndər, tarixi ənənələrə və müasir inkişaf meyillərinə əsaslanaraq bu konsepsiyanı böyük uğurla reallaşdırmış, ölkəmizin inkişaf strategiyasının əsasını qoymuşdur.

Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, dünya birliyində öz layiqli yerini tutması, dövlətin xalqa xidmət missiyasını həyata keçirməsi Heydər Əliyevin tarixi xidmətləridir. Ulu öndər qurub yaratdığı dövlətin hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəminin yaradılması, onun güclü daxili potensiala malik olması yönündə möhtəşəm nailiyyətlərə imza atmış, dövrün çağırışlarına adekvat reaksiya verərək Azərbaycanın dünyaya uğurlu inteqrasiyasını təmin etmişdir.

Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə gələcəkdə dövlət müstəqilliyinə qovuşacaq Azərbaycanın gələcək inkişafı üçün zəruri əsasları formalaşdıran Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı təkcə iqtisadi, sosial sferada sürətli inkişaf, daxili siyasi sabitliyin yaranması, Azərbaycanın beynəlxalq birliyin həqiqi müstəqil subyektinə çevrilməsi ilə məhdudlaşmamış, milli, ideoloji zəmində də heyrətamiz nəticələrin əldə olunmasına, bəşəri idealların cəmiyyətdə daha sürətlə intişar tapmasına gətirib çıxarmışdır. Bununla da Azərbaycan 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi ucbatından üzləşdiyi anarxiyadan, siyasi hərc-mərclikdən, çoxsaylı digər problemlərdən, ən əsası isə yenicə qazandığı suverenliyini itirmək təhlükəsindən xilas olmuş və demokratik özüllər üzərində dayanan, Avroatlantik məkana inteqrasiya kursu seçən milli dövlətçiliyinə qovuşmuşdur. Bununla yanaşı, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında əsl dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni bir siyasi mərhələ başlanmış, ölkəmiz vahid Avropa ailəsinə qəbul edilmişdir. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən xilas olmuş, Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, insanlarda gələcəyə inam formalaşmış, cəmiyyətdə sabitlik və əmin-amanlıq yaranmışdır.

“Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik dövlət olacaq, həm də cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq” - deyə, müstəqil dövlətimizin gələcək inkişaf yollarını müəyyənləşdirən Ulu öndər, ən dəyərli milli sərvət hesab olunan dövlət müstəqilliyinin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təmin etmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda dövlətin ümumi maraqlarından daha çox, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələrin ləğvi, ölkədə vətəndaş müharibəsinin qarşısının alınması, nizami silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hərbi nizam-intizamın möhkəmləndirilməsi, Milli Ordunun formalaşdırılması məhz Ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi sayəsində mümkün olmuşdur.

Təcrübəli dövlət xadimi kimi xarici siyasət məsələlərinə həmişə xüsusi önəm verən böyük tarixi şəxsiyyətin dünyanın müxtəlif ölkə və təşkilatlarında etdiyi qətiyyətli çıxışlar, ən nüfuzlu beynəlxalq tribunalardan milli məqsədlər üçün məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin həm bu günü, həm də gələcəyi baxımından müstəsna rol oynamışdır.

Ümummilli liderin xarici sferada həyata keçirdiyi siyasətin əsasını sülh, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət kimi fundamental məsələlər, o cümlədən, mehriban qonşuluq prinsipləri, qarşılıqlı surətdə faydalı əməkdaşlıq məsələləri təşkil etmiş, bu istiqamətdə də konkret addımlar atılmışdır.

İdarəçilikdə humanizm prinsiplərini rəhbər tutan Heydər Əliyev demokratik və sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından olan qanunun aliliyinin təmin edilməsinə daim xüsusi diqqət yetirmişdir. Bu kontekstdə hakimiyyət bölgüsünü xarakterizə edən islahatların həyata keçirilməsi istiqamətində konkret addımlar atmış, imzaladığı hüquqi sənədlərlə mülki cəmiyyətin formalaşmasında mühüm nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün real zəmin yaratmışdır. Ulu öndərin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, bu baxımdan, Azərbaycanın milli dövlətçilik tarixinin ən əhəmiyyətli faktlarından biridir. Dövlətin idarə olunmasında hakimiyyət bölgüsünün Avropa təcrübəsinə uyğun həyata keçirilməsini özündə ehtiva edən Konstitusiya hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd rolunu oynayaraq demokratik cəmiyyətin başlıca prinsip və meyarlarını müəyyən etmişdir.

Azərbaycanın sürətli tərəqqisini şərtləndirən mühüm cəhətlərdən biri də Ulu öndərin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan ibarət olmuşdur. Özəlləşdirmə prosesinə start verilməsi, torpaq islahatlarının uğurla başa çatdırılması, xarici investisiyaların ölkəmizə axınını təmin edən strategiyanın həyata keçirilməsi Azərbaycanın azad bazar iqtisadiyyatı mühitində ilk uğurlu addımlarına təkan vermişdir. Bütün bu addımlar sayəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, əvvəlki hakimiyyətlərin səriştəsiz siyasəti nəticəsində böhran mərhələsinə qədəm qoymuş inflyasiyanın qarşısı alınmışdır. “Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir” deyən Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yaranmış daxili sabitlik və dünya miqyasında Azərbaycanın artan nüfuzu 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adı ilə yeni tariximizə düşən ilk transmilli xarakterli neft müqaviləsinin imzalanması ilə nəticələnmişdir. Belə bir müqavilənin imzalanması və müqavilədə dünyanın əksər qütblərini təmsil edən transmilli korporasiyaların özünə yer alması Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən strategiyanın təntənəsi idi.

Ulu öndər Heydər Əliyevin neft strategiyasının əsasını ölkənin malik olduğu bu və digər zəngin təbii sərvətlərdən xalqın rifahı naminə istifadə olunması, müstəqilliyin əsas özüllərindən birini təşkil edən iqtisadi suverenliyin möhkəmləndirilməsi təşkil edirdi. Həyata keçirdiyi neft strategiyasının mahiyyətini açıqlayarkən, əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafında hansı rol oynayacağından danışarkən Ulu öndər demişdir: “Azərbaycan dövləti 1994-cü ildən özünün yeni neft strategiyasını həyata keçirməyə başlayır. Bu strategiyanın əsas mənası, mahiyyəti və prinsipləri ölkənin təbii sərvətlərindən, o cümlədən, neft və qaz yataqlarından Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir”.

Geosiyasi baxımdan kifayət qədər mürəkkəb vaxtda imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin qətiyyəti sayəsində ərsəyə gəlməsəydi, Azərbaycanda hər hansı sürətli iqtisadi inkişafdan söhbət gedə bilməzdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübuta yetirmişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.

Ulu öndər Heydər Əliyevin xalq qarşısında göstərdiyi misilsiz xidmətlər sırasında xüsusi diqqətçəkən məqamlardan biri də Ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi, ölkə sərhədlərindən kənarda yaşayan soydaşlarımız da daxil olmaqla azərbaycanlıların vahid ideologiya ətrafında bir araya gəlməsi məqsədilə Onun gördüyü işlərdir. Bu, bir tərəfdən soydaşlarımız arasında milli-mənəvi dəyərlər sisteminin sabitləşməsinə xidmət edən mühüm addım idisə, digər tərəfdən, yenicə müstəqillik qazanan bir dövlətin müasir dünya nizamının formalaşmasında heç də az rola malik olmayan diaspor, lobbi qüvvələrinin təşəkkül tapması demək idi. Milli dirçəliş problemi Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun rolu qənaətbəxş səviyyəyə yüksəlmişdir. Aparılan məqsədyönlü iş sayəsində dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaranmış, bu məqsəd uğrunda mübarizə geniş vüsət almışdır. Ulu öndərin memarı olduğu Azərbaycan isə dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız üçün güvənc, milli iftixar mənbəyinə çevrilmişdir.

Tarixi təcrübə belə bir həqiqəti sübuta yetirir ki, varislik prinsipi gözlənilmədən dinamik inkişaf, xalqın rifahına xidmət edən ideyanın və ya ideyalar məcmusunun davamlı xaratker alması mümkün deyil. Yəni, varislik prinsipi gözlənilmədiyi halda mövcud olan mütərəqqi ideya aşınmalara məruz qala, beləliklə məhvə məhkum ola bilər. Lakin xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada varislik prinsipi əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün vacib amildir. Sevindirici haldır ki, Ulu öndərin ideyaları, inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni yüzilliyin tələblərinə uyğun olaraq daha da zənginləşdirilir, dövlət başçısının yorulmaz və gərgin fəaliyyəti ilə ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənir.

Ulu öndər Heydər Əliyevin irəli sürdüyü strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Son illərdə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Yüksək siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olması möhtərəm Prezidentimizə xalqın böyük rəğbətini qazandırmışdır.

Siyasi liderlik, şübhəsiz, kütlələri ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü Onun ideyalarının inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı verir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür.

Müasir dövrdə daxili və xarici siyasətin effektivlik əmsalı eyni zamanda fərdin iqtisadi və siyasi azadlıqlarını maksimum dərəcədə təmin edən liberal mühitin formalaşdırılmasından, eləcə də, iqtidarla vətəndaşların mənəvi birliyindən bilavasitə asılıdır. Xalq üçün çalışan, onun mənafeyini mümkün dərəcədə qoruyan hakimiyyət daxildə ciddi elektoral dəstəyə malik olduğunu daim hiss edir, bu da öz növbəsində onun apardığı siyasətdə inamlı, qətiyyətli və prinsipial addımlar atmasına, kənar təsir və təhdidləri neytrallaşdırmasına əlverişli imkanlar açır.

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün mövcud resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır. Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikamızı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə, ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin öz vətəndaşlarının həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Cənab İlham Əliyevin fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsas qayəsini təşkil etmişdir.

Avrotlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin yaranması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də daim dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət sayəsində ölkənin kompleks inkişafı təmin olunmuş, sosial-iqtisadi, siyasi, hüquqi sahədə modern sistem qurulmuş, cəmiyyətdə demokratik dəyərlər daha geniş miqyasda bərqərar edilmiş və onların daim təkmilləşdirilməsi prioritet məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.

Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların miqyası kifayət qədərdir. Ən möhtəşəm nailiyyətlərdən biri Azərbaycanın iqtisadi sahədə keçid dövrünü vaxt baxımından o qədər də böyük olmayan zaman kəsiyində başa çatdırmasıdır. Postsovet məkanına daxil olan bir çöx ölkələrdə keçid dövrü hələ davam etməkdədir. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtitsadi keçid mərhələsini başa vurmuş, bazar iqtisadiyyatının prinsipləri ölkəmizdə tam bərqərar olmuşdur.

İqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş Azərbaycanda bu gün əhalinin maddi rifah halının yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real imkanlar yaradılmışdır. İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.

Son illər hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır.

Ötən dövrdə qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayan, habelə, iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə, prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı, həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edən bu yanaşma Azərbaycanda da mühüm tarixi nailiyyətlərlə müşayiət olunmaqdadır.

Bu siyasətin mahiyyətində duran önəmli cəhətlərdən biri Azərbaycanın öz inkişafında təkcə təbii sərvətlərdən yox, həm də malik olduğu digər potensialdan, elmi-texniki tərəqqinin nailiyyətlərindən, insan resurslarından faydalanması, təhsilin, elmin inkişafıdır. Bu istiqamətdə həyata keçirilən siyasətin tərkib hissəsi kimi son illərdə Azərbaycanda minlərlə yeni məktəb tikilmiş, yaxud yenidən qurulmuş, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilmişdir. Aparılan elm və təhsil islahatlarının davamlılığı, bu fonda insan kapitalının formalaşması isə Azərbaycanın qarşısında daha geniş inkişaf imkanları açır.

Məlum olduğu kimi, iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də, xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Ona görə də, Azərbaycanın dövlət başçısı davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə, güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışır, bu sahədə həlledici uğurlara imza atır. Praqmatik və rasional baxışlı siyasi lider kimi dövrün mövcud reallıqlarını düzgün dəyərləndirən cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel surətdə gerçəkləşdirilən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti respublikanın gələcək yüksəlişinin, habelə, effektiv xarici siyasətinin vahid istinad nöqtəsi kimi əsaslandırır və həyata keçirir. Azərbaycan Prezidentinin dünyanın siyasi mənzərəsinin tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır.

Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və “Əsl siyasət konkret, əməli iş görməkdən ibarətdir” - deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşır, hər bir fərdin maraq və mənafeyini uca tutur. Ölkə vətəndaşları isə əmindirlər ki, Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də xalqın dəstəyi ilə inamla davam etdiriləcək və Azərbaycanın yeni-yeni nailiyyətlərinin təntənəsinə çevriləcək.

 

 

“Yeni Azərbaycan”ın Analitik Qrupu

 

Yeni Azərbaycan.- 2012.- 3 may.- S.4.