Şuşanın
işğalı erməni vandalizminin
növbəti nümunəsidir
Şuşa şəhərinin Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalının 20-ci ildönümü haqqında Sərəncam
erməni təcavüzü haqqında həqiqətlərin
aşkar edilməsi və dünyaya
çatdırılması baxımından xüsusi önəm
kəsb edir
Kimsəyə
sirr deyil ki, ermənilərin Azərbaycana qarşı ərazi
iddialarının və təcavüzünün
başlıca məqsədi tarixi Azərbaycan
torpaqlarının zəbt edilməsi hesabına “Böyük
Ermənistan” xülyasının gerçəkləşdirilməsi
olub. Ən müxtəlif zaman kəsimlərində ermənilər
tarixi torpaqlarımıza qarşı təcavüz aktları
ilə çıxış edib və azərbaycanlıları
etnik soyqırımına məruz qoyublar. Əlbəttə
ki, ölkəmizə qarşı reallaşdırılan bu
cür sistemli, davamlı və nizamlı terror,
soyqırımı aktları məqsədyönlü olub və
xarici güclərin bilavasitə dəstəyi əsasında
həyata keçirilib.
Məlum
olduğu kimi, Ermənistanın Azərbaycana qarşı həyata
keçirdiyi təcavüzkar siyasətin növbəti həlqələrindən
birini də Şuşanın işğal edilməsi təşkil
edir. Belə ki, ölkəmizə qarşı həyata
keçirilən sistemli işğal siyasətinin fonunda Ermənistan
silahlı qüvvələri 1992-ci il mayın 8-də
Şuşa şəhərini işğal edib.
Şuşanın müdafiəsi uğrunda aparılan
döyüşlərdə 195 nəfər
soydaşımız şəhid olub, 165 nəfər
yaralanıb, 58 nəfər əsir düşüb və girov
götürülüb. Erməni vandalları işğal
vaxtı minlərlə eksponatın olduğu muzeyi talan ediblər,
yüzlərlə tarix-mədəniyyət abidəsi
dağıdılıb, məbədgah və məscidlər təhqirlərə
məruz qoyulub.
Qeyd
etmək lazımdır ki, Şuşa əsrlər boyu Azərbaycanın
mədəni və siyasi mərkəzlərindən biri olub və
onun tarixi Azərbaycan tarixinin ayrılmaz komponentini təşkil
edib. Şuşanın Azərbaycan tarixindəki önəmi
ondan ibarətdir ki, bu qədim şəhər ölkəmizə
görkəmli xanəndələr, bəstəkarlar,
musiqiçilər və dirijorlar bəxş etməklə
yanaşı (məhz buna görə Şuşa “Şərqin
konservatoriyası” adlandırılır), eyni zamanda, dahi
maarifçilərin, pedaqoqların, böyük ədiblərin,
bir sözlə, ziyalılar ailəsinin məskəni olub. O da
vurğulanmalıdır ki, işğalçı qüvvələr
qədim mədəniyyət məskəni olan bu şəhərdə
tariximizin misilsiz nümunələri olan maddi-mədəniyyət
nümunələrini kütləvi surətdə məhv etməkdədirlər.
Qeyd
edək ki, bu il Şuşanın Ermənistan silahlı
qüvvələri tərəfindən işğalından 20
il ötür. Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Şuşa
şəhərinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalının 20-ci
ildönümü haqqında Sərəncam imzalayıb. Sərəncamda
qeyd edilir ki, Şuşa Azərbaycanın unikal mədəniyyət
mərkəzlərindən biridir: “Təbii gözəllikləri
ilə seçilən bu şəhər milli
memarlığımızın və orta əsrlər şəhərsalma
sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi
və musiqi ənənələrimizi daim yaşadan
Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə
malik şəhər kimi təşəkkül tapanadək zəngin
yol keçmiş, Qarabağ xanlığının mərkəzi
olmaqla xalqımızın həyatında özünəməxsus
rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan,
Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli,
Firidun bəy Köçərli, Əhməd bəy
Ağaoğlu və digər görkəmli şəxsiyyətləri
ilə tarixə düşən bu şəhər dünyada
Azərbaycan muğamının beşiyi olaraq tanınır.
1977-ci
ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə “Şuşa şəhərinin tarixi hissəsini
tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul
edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri
geniş vüsət almış, mədəniyyətimizin və
incəsənətimizin böyük simalarından Üzeyir bəy
Hacıbəylinin, Xurşidbanu Natəvanın və
Bülbülün ev-muzeyləri təşkil olunmuş,
görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi
ucaldılmışdır”.
Sərəncamda
o da əks olunub ki, 1991-ci il oktyabrın 18-də öz dövlət
müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər
qəbul edən Azərbaycan Respublikası Dağlıq
Qarabağ münaqişəsi nəticəsində Ermənistanın
aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə
qaldı: “Dərin siyasi, iqtisadi, sosial böhran keçirən
və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən
çıxış yolu axtaran ölkəmiz hələ
öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji
əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində
yalnız könüllü özünümüdafiə dəstələrinin
yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına
döyüşmələrinə və layiqli müqavimət
göstərmələrinə baxmayaraq, təpədən
dırnağadək silahlanmış Ermənistan silahlı
qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini
işğal etdi”.
Əlbəttə
ki, bəhs olunan Sərəncam erməni təcavüzü haqqında
həqiqətlərin aşkar edilməsi və dünyaya
çatdırılması baxımından xüsusi əhəmiyyət
kəsb edir. Bu, həm də ona dəlalət edir ki, Azərbaycan
öz prinsipial, qətiyyətli mövqeyindən heç bir
halda geri çəkilməyəcək və işğal
altında olan ərazilərin azad edilməsi üçün
bütün vasitə və resurslardan istifadə edəcək.
Bu da belə bir qənaətə gəlməyə əsas
verir ki, Ermənistanın işğalçı siyasətini
davam etdirməsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin həyata
keçirdiyi praqmatik xarici siyasət kursu sayəsində
işğal altındakı ərazilərimiz azad ediləcək.
Əgər danışıqlar istənilən nəticəni
verməsə, Azərbaycan hərb yoluna da istinad edəcək.
Qısası, beynəlxalq hüquq normaları da tam mənada
imkan verir ki, diplomatik vasitələrin, sülh
danışıqlarının nəticə vermədiyi məqamda
- sözün bitdiyi anda Azərbaycan silahlı müdafiə
metodu və mexanizminə baş vursun. Təbii ki, öz
torpaqlarını güc tətbiqi vasitəsilə azad etmək
Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit
olunmuş ali hüququdur. Elə 1975-ci ildə qəbul
edilmiş ATƏT-in Helsinki Yekun Aktında da bu prinsip və
hüquq birmənalı şəkildə - heç bir
şübhə yeri qoyulmadan təsdiq edilir: “Ərazi
bütövlüyü beynəlxalq hüququn başlıca
norma və prinsiplərinin əsasını təşkil edir.
Hər hansı bir dövlətə, onun ərazi
bütövlüyünə qarşı xarici təcavüzkarlıq
aktı baş verərsə, bu zaman təcavüzə məruz
qalmış dövlət öz təhlükəsizliyini təmin
etmək üçün silahlı qüvvələrdən
istifadə edə bilər”.
NURLAN QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2012.- 3 may.- S.2.