AZƏRBAYCAN NAMİNƏ ÇALIŞAN BÖYÜK ŞƏXSİYYƏT

 

XX əsrdə xalqımızın yetişdirdiyi ən böyük tarixi şəxsiyyət-Ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir. Yalnız bir yolla-bütöv və tam həqiqətin yolu ilə gedən və böyük uğurlar qazanan Ulu öndərimiz Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən və onları reallığa çevirən şəxsiyyətlərin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır.

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, - deyən dahi rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi misli görünməmiş qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və Ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Tarixi reallıqlar təsdiqləyir ki, xalqları dünya miqyasında tanıdan, məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynamış fenomenal tarixi şəxsiyyətləridir. Məhz belə fenomenal şəxsiyyətlərin müəyyənləşdirdiyi mütərəqqi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun beynəlxalq aləmdə özünəlayiq yer tutmasını təmin edir. Bu mənada, Ulu öndərin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi, məhz bu istəklə dövlətimizin gələcəyi üçün misilsiz əhəmiyyəti olan böyük layihələrin, nəhəng işlərin təməli qoyulmuşdur. Həmin layihələr, Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlanmış işlər hələ uzun illər Azərbaycanın inkişafını, güclənməsini, rifah və firavanlığını təmin edəcəkdir.

Tarix boyu şəxsiyyətlərin cəmiyyətdəki rolunu aydınlaşdırmağa çalışmış böyük mütəfəkkirlər daim bu fenomeni dərindən öyrənməyə, obyektiv elmi-politoloji nəticələr çıxarmağa çalışmışlar. Çoxsaylı nəzəriyyələrə, geniş fikir müxtəlifliyinə rəğmən, ümumi qənaət bundan ibarətdir ki, hər bir xalqın milli inkişaf yolunu müəyyənləşdirərək onu dünya miqyasında tanıdan, layiqli mövqelərə çıxaran məhz xarizmatik liderlərdir. Müəyyən mürəkkəb və taleyüklü siyasi mərhələdə məsuliyyətdən çəkinməyərək dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş belə liderlər xalqlarının daim can atdığı azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində əvəzsiz rol oynayır, tarixdə əbədiyaşarlıq hüququ qazanırlar.

Fransız mütəfəkkiri Şarl Montöskye yazırdı ki, xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir tarix yaradırlar. XX əsrdə xalqımızın yetişdirdiyi qeyri-adi və fenomen şəxsiyyət-Ümummilli liderimiz Heydər Əliyev də məhz hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol, əslində, məhz Ulu öndərimizin hakimiyyətə gəlişindən sonra başlamışdır.

Etiraf etməliyik ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Onun Azərbaycanın rəhbəri seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olmasıdır. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu günün özündə də daha yüksək dinamika ilə davam etməsi 1969-cu ildən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyası funksiyasını yerinə yetirdiyini qətiyyətlə təsdiq edir.

Ulu öndərin hələ 1970-1980-ci illərdə xalqımız üçün həyata keçirdiyi möhtəşəm quruculuq, inkişaf və tərəqqi işlərinə nəzər salmağa çalışan hər bir insan bu sualı özü-özünə ünvanlamalı olur: görəsən, xalqının əbədiyaşar liderinə çevrilmiş Heydər Əliyev fenomeninin qüdrəti nədə idi? Bu sualın hər cür mübaliğə və pafosdan uzaq bir cavabı var: Haqq-ədalət uğrunda mücadiləni özünün həyat kredosuna çevirməklə, hakimiyyətdə olduğu bütün dövrlərdə xalqının maraq və mənafeyini üstün tutmaqla və bununla da kütləvi ictimai rəğbət qazanmaqla.

Azərbaycan ictimai şüurunda insanların can atdığı ali ideallardan birinə çevrilmiş “ədalətli rəhbər” arzusu məhz Heydər Əliyev dühasının nurlu şəxsiyyətində öz təsdiqini tapmışdır. Ulu öndərimiz Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, bütün dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, liberal ideyaların möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmlənməsi uğrunda hər zaman misilsiz xidmətlər göstərmişdir. Yüksək bəşəri dəyərlərə hörmət Heydər Əliyevin daxilən azad şəxsiyyət olmasından, demokratizmindən, vətəndaşlıq məsuliyyətindən irəli gəlmiş, böyük strateq hər bir fərdin maraq və mənafeyinin ödənməsini, qanuni hüquqlarının qorunmasını dövlətin başlıca vəzifəsi saymışdır.

Cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan Heydər Əliyev yalnız belə bir yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün saymışdır. Dərin zəkası, lider xarizması, milli ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə hər zaman xalqının sevimli şəxsiyyəti olmuş Ulu öndərimiz bu ucalığa hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən-qanunsuzluğa, ədalətsizliyə və nihilizmə qarşı apardığı prinsipial mübarizə ilə yüksələ bilmişdir.

1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə başlayan Heydər Əliyev hüquqi mexanizmləri gücləndirmiş, məmur özbaşınalığına, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparmış, xalqımızın milli və iqtisadi inkişafını təmin etmişdir. “Qoy ədalət zəfər çalsın!” devizindən çıxış edən Ümummilli liderimiz qanuna, hüquq qaydalarına riayət edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın bəşəri hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilmiş, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Heydər Əliyev hələ o zaman sərt ideoloji buxovlar şəraitində xalqının hüquqları uğrunda keçmiş ittifaq rəhbərliyi ilə mübarizə aparmış, haqqı nahaqa verməmiş, milliləşdirmə siyasəti yeritməklə mütərəqqi fikirli ziyalıları amansız təqib və təzyiqlərdən qorumuşdur. Bir sıra müttəfiq respublikalardan fərqli olaraq, həmin illərdə Azərbaycanda nəinki dissident olmamış, əksinə, tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yaratmış, Ulu öndərimizin xalqına bağlılığı onları həbs olunaraq zindana atılmaq təhlükəsindən hifz etmişdir.

Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, hər cür riskə rəğmən, o dövrün naqisliklərini açıq deməkdən çəkinməmişdir. Bu baxımdan, Heydər Əliyevin Azərbaycan KPMK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda, tənqidi ruhlu çıxışı Sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi ehtiramla xatırlanır. Plenumda çıxış edən Heydər Əliyev mövcud problemləri konkret şəkildə, çılpaqlığı ilə önə çəkmiş, dövlət idarəçiliyi sistemində formalaşmış bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu bəyan etmişdir. Ulu öndər, eyni zamanda, çoxsaylı problemlərin həllində bir sıra rəhbər şəxslərin məsuliyyət daşıdığını da aşkar şəkildə bildirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin tarixi missiyası həm də o dövrdə xalqın daxilində toplanan milli ruhu və idealları keçmiş rejimin hücumlarından qoruyaraq xalqın milli yüksəlişini təmin etmək, hüquqlarını qorumaq olmuşdur. Böyük strateq keçmiş ideologiyanın sərt qəlibləri çərçivəsində belə, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr həm də milli özünüdərk və özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, azərbaycanlı məfkurəsinin yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir.

Heydər Əliyev peşəkar strateq kimi daim qeyd etmişdir ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Böyük öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ümummilli liderimizin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi Ulu öndərimizin təhsil siyasətinin əsas leytmotivini təşkil etmişdir. Eyni zamanda, Ulu öndərimiz milli-hərbi kadrların hazırlanmasını da öz siyasətinin prioritet istiqamətlərindən biri elan etmişdir. Məhz Ümummilli liderimizin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.

Daim elmin, təhsilin inkişafına xüsusi diqqət yetirən Ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində 1969-1982-ci illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu dəyərli ənənələr sırasında azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi mühüm yer tutur. Ümummilli liderimiz təhsil sistemində saflıq, obyektivlik, ədalət prinsiplərinin qorunmasını da daim diqqətdə saxlamışdır. Ümummilli liderin birbaşa nəzarəti altında ali və orta ixtisas məktəblərinə qəbul olunan tələbələrin, həmçinin, istehsalatın müxtəlif sahələrinə, eləcə də, elm-təhsil mərkəzlərinə təyinat alan məzunların sosial tərkibi imkansız ailələrin hesabına daim sağlamlaşdırılmışdır.

Böyük öndərimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında ədəbiyyatın rolunu yüksək qiymətləndirdiyi qədər, ana dilinin də ictimai həyatımızdakı müstəsna mövqeyinə daim böyük əhəmiyyət vermişdir. Öz xalqını və dilini dərindən sevən Ümummilli liderimiz rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq respublika iqtisadiyyatının, mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsinə və inkişafına xüsusi diqqət yetirmişdir. Məhz Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit olunmuşdur.

Bütün bunlarla yanaşı, Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında 1969-cu ildən etibarən ölkədə iqtisadi quruculuq siyasətinə start verilmiş, məhz Heydər Əliyevin qətiyyəti sayəsində Bakıda və respublikanın digər bölgələrində keçmiş ittifaq və dünya əhəmiyyətli sənaye müəsissələrinin əsası qoyulmuş, xalqımızın gələcək iqtisadi müstəqilliyini təmin edən faktorlar təmin edilmişdir. Ulu öndərin şəxsi təşəbbüsü və iradəsi nəticəsində qurulan Dərin Özüllər Zavodu, Bakı Məişət Kondisenerləri Zavodu, bu gün Ulu öndərin adını daşıyan möhtəşəm Saray kompleksi və onlarla bu cür obyektlər Azərbaycan xalqı qarşısında Dahi öndərin tarixi xidmətləri sayılır.

Beləliklə, bu gün Heydər Əliyev dühası ilə milli dövlətçilik ideyaları arasındakı bağlılığın 35-40 il əvvələ təsadüf etdiyini bütün obyektiv araşdırmalar etiraf edir. Birmənalı olaraq təsdiqlənir ki, Ümummilli liderimiz Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirləri həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır.

Əsl şəxsiyyətlərə xas qətiyyətlilik və prinsipiallıq, heç nədən çəkinmədən məqamında mövqe ortaya qoymaq cəsarəti Heydər Əliyevin özünəməxsus yüksək keyfiyyətləri sırasında xüsusi vurğulanmalıdır. Ümummilli liderimiz 1982-ci ildən sonrakı mərhələdə də milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini açıq şəkildə bildirmişdir. Qeyd etmək lazımdır ki, 1982-ci ildə Kremlə, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi məsul vəzifəyə dəvət olunan Heydər Əliyevin qəlbi daim xalqımızın qayğı və istəkləri ilə döyünmüşdür. O dövrdə üzləşdiyi haqsızlıqlara baxmayaraq, Ulu öndərimizin xalqımıza təmənnasız xidmətlərini bir kimsə əngəlləyə bilməmişdir.

Beləliklə, əgər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə xalqımızın sosial-iqtisadi-mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan təsisat kimi mövcudluğu şübhə altında olardı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görür, bunun üçün iqtisadi-siyasi, intellektual və hüquqi baza formalaşdırırdı. Bu addımlar respublikamızın müstəqilliyinin mövcudluğunun təmin edilməsinə yönəldiyindən 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın iqtisadi potensialı bir sıra dövlətlərdə qibtə doğururdu.

Halbuki, müstəqilliyin ilk illərində hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələrin yeritdiyi yarıtmaz siyasət üzündən respublikanın hər bir vətəndaşının mənafeyinin uca tutulduğu hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması sadəcə xoş ideya olaraq qalırdı. 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. 1993-cü ilin məlum Gəncə hadisələri fonunda Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsini daha dərindən hiss edən müdrik xalqımız yaranmış acınacaqlı şəraitdə çıxış yolunu məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsində görmüşdür. Bu sarsıntı və təlatümlər təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti yaxşı başa düşürdü ki, vətənimizi sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, Azərbaycanı düçar olduğu böyük fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir!

1993-cü ilin 9 iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndərimiz Azərbaycanı iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Bu qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünə qayıdışına çevrilmiş, bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissini bərpa etmiş, sabitlik və firavanlığa ciddi təminat yaratmışdır. Azərbaycanın sosial-iqtisadi və diplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün olmuşdur.

Ümummilli liderimizin böyük müdrikliklə irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün, hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndərimiz özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyi təmin etmədən yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.

Böyük şəxsiyyət olaraq Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz Ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin Qərb bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüşdür. Azərbaycan rəhbərliyi həmin illərdə, həqiqətən də, heç bir səhvə yol vermədən iri Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olmuşdur. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Eyni zamanda, bu müqavilənin imzalanması respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının əsasını qoymuşdur.

Ümummilli liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını uğurla həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədinə xidmət etmişdir. Hüquqi dövlət quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət kursunun uğurla aparılması, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqilliyimizin möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə yönəlmişdir.

Onu da etiraf edək ki, bütün xalqların həyatında dövlətin varislik tarixi ciddi əhəmiyyətə malikdir. Tarixin konkret məqamında Ümummilli lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən amillər isə, heç şübhəsiz ki, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəldilməsindən ibarət idi. Belə bir zamanda Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi kursun, milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti sosial sifarişi kimi ortaya çıxmışdır. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu konsepsiyanın tətbiqi, Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsi, bütün zamanlarda müstəqilliyimizin əbədiliyi, Azərbaycan dövlətinin yüksəlişi deməkdir.

Heydər Əliyev siyasi kursunun dövlət idarəçiliyi sistemi üçün öz əhəmiyyətini itirəcəyi təqdirdə, cəmiyyətimizdə baş verə biləcək mümkün təlatümləri, ağır faciələri isə Azərbaycan xalqı Ulu öndərimizin siyasi hakimiyyətdən kənarda olduğu ötən əsrin 90-cı illərinin əvvəllərində artıq bir dəfə yaşamışdır. Ona görə də Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun varisliyinin təmin olunması zərurətindən çıxış edərək öz müdrikliyini bir daha nümayiş etdirdi.

Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev tərəfindən nəzəri olaraq irəli sürülmüş bütün ideyaların bu gün Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə reallığa çevrilməsi Azərbaycan həyatının sevindirici gerçəklikləridir. Müasir dövlətimizin memarı Heydər Əliyevin başlatdığı böyük işlər və taleyüklü məsələlər, planlar, gənc dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən respublikanın müxtəlif regionlarında seçkiqabağı görüşlərində verdiyi vədlərinə əməl edərək ölkə iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi və əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirmişdir.

Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən bütün bu işlər isə insanlarımızın Ulu öndər Heydər Əliyev kursuna inamını daha da artırır və bu kursun əbədiyaşarlığını təmin edir. Sözsüz ki, Prezident İlham Əliyevin fəaliyyəti təsdiqləyir ki, Heydər Əliyev siyasəti Azərbaycanda daim yaşayacaqdır.

 

 

Bəhruz QULİYEV,

“Səs” qəzetinin Baş redaktoru

 

Yeni Azərbaycan.- 2012.- 4 may.- S.5.