MÜASİR AZƏRBAYCANIN BU GÜNÜ HEYDƏR ƏLİYEV İDEYALARININ GERÇƏKLİYİDİR

 

Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Onların arasında zəmanəsinin görkəmli lideri, dünya siyasətçiləri arasında fərqlənən Ulu öndər Heydər Əliyevin hər kəsə nümunə göstərilən həyat yolu qətiyyət, siyasi iradə nümunəsi kimi diqqəti çəkir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.

Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin digər dövlətlərə nümunə göstərildiyini, etibarlı tərəfdaş kimi tanındığını, beynəlxalq reytinq hesabatlarında birinciliyi ələ almasını, dünyanın nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, bu il öz mahiyyətinə görə ən böyük musiqi müsabiqəsi olan “Eurovision-2012”yə ev sahibliyi edəcəyini böyük qürur hissi ilə qeyd edəndə, sözsüz ki, bu uğurlara nail olmaq üçün keçilən yola nəzər salıb, onları şərtləndirən amilləri diqqətdən keçirməyi özümüzə borc bilirik. Bu reallıq hər zaman önə çəkilir ki, düzgün qurulan siyasət ölkəni daim inkişafa, tərəqqiyə aparır. Bunun gerçəkliyə söykəndiyini təsdiqləmək üçün Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durumla 1993-cü ildən bu yana keçdiyi şərəfli yolu müqayisə etmək kifayətdir.

Əslində, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən- məhz Ümummilli liderin hakimiyyətə gəlişindən sonra başlamışdır. Ulu öndər o dövrdə milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Ulu öndər bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bu baxımdan Ümummilli liderin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.

“Mən çox böyük sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm” söyləyən dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gördüyü işlərə, qazanılan uğurlara diqqət yetirsək dövlətə, xalqa xidmətin Onun fəaliyyətinin əsasında dayandığının şahidi olarıq. Ulu öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi ərəfədə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Onun gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başladı. 1993-cü ildə hakimiyyətə qayıdanda da özünün siyasi bacarığı sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan xilas etdi, doğma xalıqını vahid bir məfkurə, ideya ətrafında səfərbər edib, onların qəlbində sabaha inam hissi yaratdı. Müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı və qəbul olundu, seçildi, milyonların ehtiramını qazandı. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi həyatın son 40 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasi xadim Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Heydər Əliyev ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi ölkəmizin müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu öndər bildirirdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Diaspor quruculuğunu həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birinə çevirən Ümummilli lider dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini təmin etmək üçün Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə olunması məqsədilə Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ulu öndər 2001-ci ilin noyabrında bu istəyini reallaşdırmaqla diaspor quruculuğu sahəsində yeni mərhələnin əsasını qoydu. Artıq həmin dövrdən başlayaraq hər beş ildən bir Dünya Azərbaycanlılarının Qurultayı keçirilir. Ötən ilin mühüm hadisələrindən biri də məhz Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqadər imzaladığı Sərəncama əsasən, Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi oldu. “Günbəgün güclənən Azərbaycan hamımızın qürur mənbəyidir” deyən dövlət başçısı İlham Əliyev bir daha bu uğurların əsasında Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin dayandığını diqqətə çatdırdı. Bildirdi ki, xalq-iqtidar birliyi uğurlara geniş yol açmaqla yanaşı, sabaha inamı daha da artırır.

Müstəqilliyimizin möhkəmləndirilməsində Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu inkaredilməzdir. Ümummilli lider bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən iqtisadi tərəqqiyə təkbaşına nail ola bilməz. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 110 milyard dollara yaxındır ki, bunun da 40 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Bu fakt dünyanın Azərbaycanın bu gününə və sabahına inamının, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin təsdiqidir.

Neft strategiyasının əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri regional çərçivədən çıxaraq, qlobal xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafının, beynəlxalq aləmdə yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi. Eyni zamanda, “Əsrin müqaviləsi” olmasaydı, BTC və BTƏ neft-qaz kəmərləri, bunlar olmasaydı isə, “Cənub dəhlizi”ndən söhbət açmaq olmazdı. 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatmasının məhz 28 May - Respublika gününə təsadüf etməsinin rəmzi mənası olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bu faktın özü dövlət müstəqilliyimizin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin böyük rola malik olduğunun təsdiqidir. Azərbaycan müstəqil siyasət yeritdiyini dünyaya nümayiş etdirərək, növbəti uğurlara yol açdı.

Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli lider əsas vəzifə kimi demokratik dövlət quruculuğuna diqqət yetirdi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və təcrübədə özünü təsdiqləyən bu fikri həm də dövlətimizin həyata keçirdiyi siyasətin prioriteti oldu: “Demokratiya daim inkişafda olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır”.

Azərbaycanın demokratikləşmə strategiyası həm ölkəmizin demokratik nailiyyətlərinin miqyasını genişləndirdi, həm də demokratiya anlayışının cəmiyyətdə möhkəmlənməsi prosesinə öz töhfəsini verdi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Ötən illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir.

Sözsüz ki, Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Lakin bütün maneələri uğurlu siyasəti ilə dəf edən Ulu öndər Heydər Əliyev bildirdi ki, demokratiya Azərbaycanın strateji kursunun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkəmizdə bərqərar olması istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratik dəyərlərə sadiqliyinin nümayişi olmaqla yanaşı, bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu.

İnsan hüquqlarının qorunması dövlətin siyasətində əsas yer tutan istiqamətlərdəndir. 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Milli Konstitusiyamızın maddələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə sisteminin fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.

Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiqlənməsi, dövlət başçısının 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamı bir daha dövlətin siyasətində insan amilinin öndə dayandığını təsdiqləyir.

Sözsüz ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi bütün dövrlərdə həyata keçirilən iqtisadi islahatların əsasında dayanıb. İqtisadiyyatın inkişafında neft amilinə önəm verən Ulu öndər Heydər Əliyev, eyni zamanda, bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Onun 1999-cu ilin dekabrında böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu da neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin olunmasına xidmət edir. Bu gün Azərbaycanın böyük maliyyə vəsaiti tələb edən istənilən layihəni həyata keçirmək iqtidarında olması da bu şəffaflığın yüksək səviyyədə təmin olunmasından irəli gəlir. Hazırda Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 32 milyard dollardan artıqdır. Prezident İlham Əliyev Dövlət Neft Fondunu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirir. Təkmilləşmə, müasirləşmə dövlətimizin siyasətində prioritet məsələlərdəndir. Heydər Əliyev siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin tərəfdarı olduğunu həyata keçirdiyi tədbirlərlə sübuta yetirir. Bu gün nəinki Dövlət Neft Fondunun, ümumilikdə ölkəmizin inkişaf təcrübəsi digər ölkələrə nümunə göstərilir və yüksək dəyərləndirilir.

Yeni dövrün iqtisadi və sosial çağırışlarının öhdəsindən yüksək səviyyədə gələn Azərbaycan dövlətinin inkişaf modeli digər dövlətlərə nümunə göstərilir. Azərbaycan bu mövzuda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha inkişaf yolunda inamla irəlilədiyini nümayiş etdirir. İqtisadi tərəqqi uğurlu sosial layihələrin icrası ilə nümayiş olunur. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün sıralarında 550 mindən artıq üzvü birləşdirən, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ötən ilin sonunda “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda da bu fikir xüsusi qeyd edildi ki, müasir dövrün əsas çağırışı yoxsulluqla mübarizədir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar təqdir olundu.

Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud problemlərin həllinə geniş imkanlar açdı. Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin siyasətinin prioritet istiqamətinə çevrilməsi, demokratiyanın vacib amili kimi qanunun aliliyinin təmin edilməsi, sosial-iqtisadi tərəqqi, hər bir sahə üzrə mühüm islahatların həyata keçirilməsi və uğurlu nəticələr söz, mətbuat azadlığının təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri etdi. Ümummilli lider Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın ləğv edilməsi, beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun, digər fərman və sərəncamların imzalanması, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. əməli işlər müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin müdrik, qətiyyətli, uzaqgörən siyasətinin bariz nümunələridir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qarşıya qoyurdu.

Ən mühüm yeniliklərdən biri isə mətbuata özünütənzimləmə imkanlarının yaradılması oldu. 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin qurultayında ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 180 kütləvi informasiya vasitəsi bir araya gələrək media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurumu - Azərbaycan Mətbuat Şurasını yaratdı.

Ümummilli lider Heydər Əliyev ölkə mətbuatının problemlərini də hər zaman açıq şəkildə bildirmiş, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırmışdır. Kütləvi informasiya vasitələri cəmiyyətdə baş verən prosesləri olduğu kimi, heç bir qərəzə, təhrifə yol vermədən ictimaiyyətə çatdırmalıdır. Dahi şəxsiyyət söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının, şəxsiyyətə mənəvi təsir göstərən halların yolverilməz olduğunu bildirirdi: “Mətbuat azadlığından, söz azadlığından sui-istifadə edib, xüsusən iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar, uydurmalar yayanlar cinayət edirlər”.

Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Bir faktı da qeyd etmək istərdik ki, Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm rol oynayırlar.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin azad mətbuatın inkişafına yönələn addımları göz qabağındadır. Milli mətbuatımızın 135 illik yubileyinin dövlət başçısının Sərəncamı ilə respublikanın bütün şəhər və rayonlarında yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif edilməsi, KİV-lərə birdəfəlik maliyyə yardımının göstərilməsi dövlətin mətbuata diqqət və qayğısının bariz nümunəsidir. Yubiley ərəfəsində mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamın imzalanması da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı.

Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi azad mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Dövlət Dəstəyi Konsepsiyasından irəli gələn vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi istiqamətində mühüm addımlardan biri kimi dəyərləndirildi.

Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində atdığı addımların, həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam edirilməsi Azərbaycanın qarşısında geniş imkanlar açır, cəmiyyətimizin güzgüsü olan mətbuatın iqtisadi müstəqilliyini gücləndirir, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasını təkmilləşdirməklə dünya informasiya məkanına inteqrasiyasını sürətləndirir.

Mətbuat azadlığı sahəsində heç bir məhdudiyyətin olmadığını təsdiqləyən əsas amillərdən biri kimi internet istifadəçilərinin sayının ilbəil artması qeyd edilir. 2011-ci ildə internet istifadəçilərinin sıxlığı 65 faizdən çoxdur. Bu göstərici üzrə ölkəmiz ümumdünya orta göstəricilərini iki dəfədən çox qabaqlayır. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35 faiz aşağı düşüb. Ötən il ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədi ilə 72 ədəd müxtəlif təyinatlı radio-TV verici istismara verilib. Ölkə ərazisinin 85 faizi rəqəmli televiziya yayımı ilə təmin olunub. 20-dən çox internet televiziya və radio yayımı mövcuddur. Ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Cari ildə Ümumdünya İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin nəzərdə tutulması da ölkəmizin bu sahədə qazandığı uğurların, artan nüfuzunun təsdiqidir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemin həllinin 23 ildən artıqdır uzanmasına səbəb işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Problemin həllində diplomatik qələbənin rolunu önə çəkən dövlətimizin həqiqətlərimizin təbliği istiqamətində göstərdiyi səylər və əldə olunan uğurlar göz qabağındadır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha çox diqqət göstərdiyi sahələrdən biri məhz Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması idi. Ümummilli liderin xarici ölkələrə hər səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycanın diplomatik uğurları fonunda erməni yalanları ifşa olunur, problemin əsl mahiyyəti dünya ictimaiyyətinə açıqlandı. Beynəlxalq təşkilatlara üzv qəbul olunmağımız da həqiqətlərimizin təbliğində mühüm rol oynadı.

Ulu öndər Heydər Əliyev problemin həllində beynəlxalq dəstəyin rolunu xüsusi vurğulayırdı. Bildirirdi ki, münaqişəyə ədalətli yanaşma onun nizamlanması prosesində əsasdır. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev rəsmi Bakının problemin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməkdə qərarlı olduğunu bütün çıxışlarında bəyan edir. Diplomatik mübarizədə qələbəmizi, Azərbaycan ordusunun gücünü, xalqımızın birliyini, həmrəyliyini önə çəkən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağını böyük qətiyyətlə bildirir. Ötən ilin mühüm uğurlarından olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də ölkəmizin xarici siyasətinin, diplomatiyasının təntənəsidir. Dövlət başçısı bildirir ki, 155 ölkənin etimadını, inamını qazanmaq çox çətin, eyni zamanda, məsuliyyətli işdir. Uğurlu siyasət, prinsipial mövqe, etibarlı tərəfdaş kimi özünü təqdimetmə Azərbaycana bu uğuru qazandırdı. Ölkəmizin qurumda təmsilçiliyinin qarşıda hansı imkanları açdığına diqqəti yönəldən Prezident İlham Əliyev “Biz bu qurumda ilk növbədə ədaləti müdafiə edəcəyik” söyləyir.

Azərbaycanın bugünkü gerçəklikləri Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərinin əməli nəticəsi kimi diqqət çəkir. Bu fikirlərin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, Azərbaycan daha da qüdrətlənəcək, zənginləşəcək, dünyanın inkişaf etmiş ölkələri sırasında dayanacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, müasirləşmə, islahatları dövrün tələbinə uyğunlaşdırma dövlətimizin siyasətinin əsasını təşkil edir. Qeyd olunanlar əldə edilən uğurlarımızın çox az bir hissəsidir. Hər günü mühüm hadisələrlə yadda qalan Azərbaycan davamlı inkişaf yolunda inamla addımlayır.

 

 

Vüqar RƏHİMZADƏ,

“İki sahil” qəzetinin Baş

redaktoru,  YAP Siyasi

Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2012.- 5 may.- S.4.