Xəyanətin və vandalizmin qurbanı -Şuşa

 

Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 20 il keçir. Məlum olduğu kimi, Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev 2012-ci ilin 9 aprel tarixində “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Sərəncam imzalayıb. Sərəncamda unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalı ilə Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə zərər vurulduğu qeyd olunur. Həmçinin, Sərəncamda Azərbaycanda və ölkənin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlərin keçirilməsi nəzərdə tutulub.

 

Silahlı birləşmələrə nəzarət uğrunda mübarizə

 

Tarixdən də bəlli olduğu kimi, uzun illər ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər SSRİ-nin dağılması ərəfəsində yenidən bu istiqamətdə fəaliyyətə keçdilər. Daha doğrusu, 1991-ci ilin sentyabrında Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq-”Dağlıq Qarabağ Respublikası” yaradıldı. Beynəlxalq ictimaiyyət tərəfindən, demək olar ki, heç bir müqavimətə rast gəlməyən, əksinə bəzi yaxın və uzaq dövlətlərin himayəsini açıq-aşkar hiss edən ermənilər daha da azğınlaşaraq məkrli planlarının reallaşması istiqamətində növbəti addımlar atmağa başladılar. Və məhz həmin ərəfədə, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” Qanun qəbul etdi. Bu qüvvələrin ilk hissələri dekabrın 8-də cəbhəyə yola salındı. Lakin təəssüflər olsun ki, bu qüvvələrdən real nəticələrin əldə olunması istiqamətində deyil, başqa məqsədlərlə istifadə edilməyə başlandı. Belə ki, həmin hərbi hissələrə müxtəlif siyasi qüvvələrin təsiri böyük idi.

Eyni zamanda, bəzi təşkilatların, məsələn AXC-nin, hətta ayrı-ayrı şəxslərin hərbi dəstələri vardı. Bu azmış kimi ölkədə hərb sənətini mükəmməl bilən komandirlər çatışmırdı. Baş qərargahın işi pis qurulmuşdu. Hərbi hissələrə pozuculuqla məşğul olan satqınlar soxula bilmişdi.

Məhz bu proseslərin fonunda noyabrın 19-da 22 rayon və şəhərdə özünümüdafiə batalyonlarının yaradılması haqqında əmr verildi. Tərkibi yerli əhalidən formalaşan bu qüvvələr müvəqqəti hesab olunurdu və sonradan ordu hissələri çağırışçılar hesabına komplektləşdiriləndə könüllülər tədricən ehtiyata buraxılacaqdı. Özünümüdafiə batalyonlarının komandirləri, onların müavinləri rayonların hərbi komissarları tərəfindən seçilir, icra hakimiyyəti başçılarının razılığı ilə təyin edilir və Müdafiə Nazirliyinə təqdim olunurdu. Bu batalyonların komandirləri icra başçılarının müdafiə məsələləri üzrə müavinləri idilər. Bir sözlə, özünümüdafiə batalyonlarına rəhbərlikdə ikili tabeçilik kimi yolverilməz bir vəziyyət yaranmışdı.

Yəni, görünən odur ki, gələcəkdə ordunun əsasını təşkil edəcəyi düşünülən silahlı birləşmələri lazımi şəkildə təchiz etməkdənsə, onlara nəzarət uğrunda gizli savaş başlamışdı. Bu isə öz ağır nəticəsini düşmənlə döyüşlərdə göstərirdi. Belə ki, lazımi döyüş qabiliyyəti, təchizatı olmayan və müdafiə taktikası seçməyə məcbur olan bu yerli özünümüdafiə qüvvələri xeyli dərəcədə yaxşı silahlanmış və təlim görmüş düşmənə qarşı, təbii ki, döyüşə bilmir, tez-tez məğlubiyyətə uğrayırdılar.

Belə bir şəraitdə erməni hərbi hissələri rus əsgərlərinin köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdi. Onlar 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanın mühasirəsi getdikcə daralırdı. Yeni yaranmağa başlayan Azərbaycan ordusunun hissələri, xüsusi təyinatlı polis və özünümüdafiə dəstələrinin müqavimət tədbirləri nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu. Məhz həmin ərəfədə Azərbaycan ordusunun Şuşanın mühasirəsini Daşaltı tərəfdən yarmaq üçün keçirdiyi əməliyyat tam uğursuzluqla nəticələndi. Fevralın ortalarında düşmən növbəti dəfə Qarabağlı kəndinə güclü hücuma başladı. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra ermənilər kəndi ələ keçirib onun 92 nəfər müdafiəçisini, 54 sakinini vəhşicəsinə öldürərək silos quyularına atdılar. Qalan əhali isə əsir götürüldü. Bunun ardınca isə, Xocalıda ümumilikdə insanlığa qarşı bəşəri cinayətlər törədən ermənilər, şəhəri işğal etdilər.

Bu işğalın ardınca Ali Sovetin binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi ilə parlamentin 1992-ci il martın 5-6-da keçirilən fövqəladə sessiyasında Ayaz Mütəllibov prezident postundan istefa verməyə məcbur oldu. Beləliklə, hakimiyyətdə boşluq yaranmışdı və hakimiyyəti ələ keçirmək istəyən qüvvələr siyasi vəziyyəti daha da gərginləşdirməyə çalışırdılar. Parlament spikeri Yaqub Məmmədovun prezident səlahiyyətlərini daşıdığı dövrdə elan olunmuş prezident seçkiləri bu mübarizəni daha da qızışdırmışdı.

 

“Kreslo savaşı”nın növbəti qurbanı-Şuşa

 

Məhz bu “kreslo savaşı”nın, xaos və anarxiyanın fonunda ictimai bazası zəif olan, lakin cəbhələrdə vəziyyətə əsaslı təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələrin çəkişməsinin növbəti qurbanı Şuşa və Laçın oldu. Əslində, həmin vaxt hər kəsə bəlli idi ki, Şuşaya güclü hücum gözlənilir. Vəziyyət 1992-ci ilin martında Müdafiə Şurasında müzakirə olunmuşdu. Lakin əməli iş, demək olar ki, görülmürdü. Şəhər uzun müddət mühasirədə qalmışdı. Lazımi silah və sursatlarla təmin olunmurdu. Rusların 336-cı polkunun 180 hərbi mütəxəssisinin ağır texnika ilə birlikdə ermənilər tərəfə keçməsi məlum idi. Şuşanın müdafiəsində isə cəmi 24 ağır texnika dururdu. Düşünülmüş müdafiə planı yox idi.

 

Daxili və xarici maraqların uzlaşması və ya Şuşa niyə müdafiəsiz qaldı?..

 

1992-ci ilin martında müdafiə naziri vəzifəsini ələ keçirmiş, xarici qüvvələrin əlində oyuncaq olan Rəhim Qazıyev siyasi vəziyyəti daha da gərginləşdirmək məqsədilə burada vahid komandanlığın yaranmasına mane olurdu. Bununla yanaşı, ordu zabitlərinin çoxunun hazırlıqsız, nizam-intizamsız olması da uğursuzluqlarda az rol oynamamışdı. Hərbi rabitə bərbad vəziyyətdə idi. Şuşaya hücum ərəfəsində xeyli döyüşçü qısamüddətli məzuniyyətə buraxılmışdı. Məlumatlara görə, Şuşa batalyonunda ştatda 1500-ə yaxın döyüşçü olduğu halda şəhərdə cəmi 500 döyüşçü vardı. Mayın 7-dən 8-nə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə tutdu. Bu hücumda düşmənin 80-ə yaxın T-72 tankı, 6000-ə yaxın döyüşçüsü iştirak edirdi. Ermənilərin tərəfində xaricdən muzdla tutulmuş döyüşçülər də vuruşurdu. Qəribə burasıdır ki, ermənilərin hücumundan bir qədər əvvəl Azərbaycana məxsus hərbi texnika Şuşadan çıxarılmış, xüsusi polis dəstəsinin döyüşçüləri şəhəri tərk etmişdilər. Minalanmış sahələr zərərsizləşdirilmişdi. Bununla belə ön mövqelərdə duran əsgərlər düşmənə qarşı qəhrəmanlıqla vuruşurdular. Lakin şəhərin müdafiəçilərinə köməklik göstərilmədi. Beləliklə, dövlət başçısının məlum Sərəncamında da qeyd olunduğu kimi, könüllü özünümüdafiə batalyonlarının qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edir.

Bir sözlə, görünən odur ki, həmin dövrdə Azərbaycana “rəhbərlik edən” siyasətbazların, həmçinin, hakimiyyətə can atan qrupların tutduqları mövqe və sərgilədikləri fəaliyyət məhz Şuşanın işğalına yol açan faktor kimi çıxış etdi.

 

Şuşanın işğalı strateji məğlubiyyət idi

 

Şuşanın işğal edilməsi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin növbəti cizgilərindən birini təşkil etməklə yanaşı, həm də ölkəmizin müharibə çərçivəsində strateji itkisinə dəlalət edirdi. Belə ki, Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan, 92 faizini azərbaycanlılar təşkil edən Şuşa şəhərinin işğalı ermənilərin Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirmələrini şərtləndirmiş oldu. Eyni zamanda, Şuşanın ilhaq olunması digər bir sıra rayonların da işğalına yol açdı ki, bu da ölkəmiz üçün ciddi strateji itki mənasına gəlirdi. Belə ki, Şuşanın işğalından sonra 18 may 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri mayın 15-dən davam edən güclü hücumlardan sonra ərazisi 1835 kvadrat kilometr, əhalisi isə 63 min nəfər olan Laçın rayonunu işğal etdilər. Bu isə müharibə çərçivəsində ölkəmiz üçün ciddi strateji dezavantaj oldu və sonrakı uğursuzluqlara təkan verdi. Bütün bunların da qanunauyğun nəticəsi kimi, Ermənistan silahlı qüvvələri Şuşa və Laçının işğalından sonra Azərbaycanın bütün sərhədboyu yaşayış məntəqələrinə hücumları genişləndirdilər. Bu isə hücumlar çərçivəsində çox ciddi itkilərə məruz qalmağımıza səbəb oldu. Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal etdilər. 1993-cü il aprelin 2-də isə coğrafi mövqeyinə görə Ermənistan və Dağlıq Qarabağ arasında sədd olan, sahəsi 174 min hektara çatan, 52 min nəfər əhalinin yaşadığı Kəlbəcər rayonu düşmən qüvvələri tərəfindən işğal edildi. Kəlbəcərin süqutu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə, Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı digər rayonların Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmasına şərait yaratdı.

Bir daha qeyd edək ki, strateji nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət kəsb edən Şuşanın işğal edilməsi ölkəmiz üçün, sözün əsl mənasında, strateji məğlubiyyət idi və müharibə çərçivəsində ardıcıl itkiləri şərtləndirmiş oldu. Sonradan hadisəni dəyərləndirən Ulu öndər Heydər Əliyev demişdir: “... Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini qorumaq və Ermənistanın ölkəmizə qarşı torpaq iddiasının qarşısını almaq baxımından Laçın və Şuşa çox böyük strateji əhəmiyyətə malik olan rayonlardır, heç də təsadüfi deyildir ki, Ermənistan silahlı qüvvələri, bizə düşmən olan qüvvələr məhz bu rayonların işğal olunmasına bütün səylərini cəlb ediblər. Mən böyük ürək ağrısı, ürək acısı ilə bir daha deyirəm ki, bu, Azərbaycanın başında duran adamların xəyanətinin, satqınlığının nəticəsidir.

Nə Laçın, nə də Şuşa rayonları fəth oluna bilməzdi. Yenə də tarixə qayıdıram. Keçmişdə Şuşaya nə qədər hücumlar olubdur. O vaxt vahid Azərbaycan dövləti də yox idi. Amma Şuşanı məhz onun tutduğu strateji mövqeyə görə fəth edə bilmədilər. Eləcə də Laçın. Bugünkü çıxışlar da bunu bir daha təsdiq etdi ki, Şuşa, Laçın, ancaq və ancaq Azərbaycanın o vaxt rəhbərliyində olan adamlar, həm də onları yıxıb hakimiyyətə özləri gəlmək istəyən adamlar tərəfindən qəsdən erməni işğalçılarına təslim olunub”.

Ulu öndər Heydər Əliyev Şuşanın işğalının Azərbaycan üçün böyük zərbə olduğunu təəssüf hissi ilə qeyd edirdi: “Şuşanın, Laçının işğalı görün Azərbaycana nə qədər böyük zərbələr vurubdur. Şuşanın və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycanın başqa bölgələrinin işğal olunması üçün qapı, yol açıbdır və onlar üçün böyük imkanlar yaradıbdır”.

 

Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində torpaqlarımızın işğalı dayandırıldı və ordu quruculuğu prosesinə start verildi

 

Yuxarıda da qeyd etdiyimiz kimi, 1991-1993-cü illərdə baş verən neqativ hallar, eyni zamanda, hakimiyyətdə olan irrasional, səriştəsiz qüvvələrin, həmçinin, nə yolla olursa-olsun hakimiyyəti ələ keçirmək istəyən qrupların xainlikləri müharibə çərçivəsində ölkəmizin tənəzzülünü şərtləndirdi, ciddi itkilərə səbəb oldu. Məhz belə bir ərəfədə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev rasional təfəkkürü və praqmatik fəaliyyət mexanizminin fonunda tətbiq etdiyi strategiya ilə Azərbaycanı dərin xaos və kəskin kataklizm meyillərindən xilas etmək, eləcə də, torpaqlarımızın işğalının dayandırılmasına nail olmaq üçün əhəmiyyətli nəticələr əldə etdi. Məlum olduğu kimi, həmin dövrdə Ermənistanın işğalının miqyası genişlənmişdi və torpaqlarımızın ilhaq olunmasının dayandırılması üçün ilk növbədə atəşkəsə nail olmaq lazım idi. Bütün bu zərurətləri dərindən dərk edən Ümummilli lider Heydər Əliyevin tətbiq etdiyi strategiya sayəsində müəyyən uğurlu əməliyyatlar keçirildi, ən əsası, 1994-cü il mayın 12-də atəşkəs haqqında saziş imzalandı. Bu isə ordu quruculu istiqamətində ardıcıl və sistematik tədbirlərin görülməsinə əhəmiyyətli imkan və şərait yaratmış oldu.

Ulu öndər Heydər Əliyevin istinad etdiyi strateji tədbirlər sayəsində qısa zaman kəsiyində bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan silahlı birləşmələr formalaşdırıldı. Bunun ardınca Milli ordunun güclənməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görüldü, həyata keçirilən tədbirlər sayəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paraddakı nitqində o dövrü səciyyələndirərkən demişdir ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə ki, Milli ordunun yaranması çox vacib məsələ idi: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Azərbaycanda ordu quruculuğu lazımi səviyyədə aparılmırdı. Yalnız Azərbaycan xalqının tələbi ilə Ümummilli lider, Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu prosesi başlanmışdır. Əslində, Azərbaycanda dövlət quruculuğu prosesi başlanmışdır və müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin səyləri nəticəsində, müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılırdı. Qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur və bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Mən çox şadam ki, bu gün Azərbaycan ordusu ən yüksək standartlara cavab verir”.

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində Ümummilli liderin əsasını qoyduğu strategiyaya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində görülən işlər Ümummilli liderin irsinə, əsasını qoyduğu strategiyaya sadiq qalan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycanın xarici siyasətində Ermənistanın işğalçı və təcavüzkar simasının ifşa olunması, Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğaldan azad edilməsi üçün bütün imkanlardan istifadə edilməsi məsələsi başlıca yer tutur. Bu məqsədlə, Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi demək olar ki, bütün beynəlxalq tədbirlərdə, keçirdiyi görüşlərdə Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasını, bir milyondan artıq qaçqın və məcburi köçkün problemini dünya ictimaiyyətinin diqqətinə çatdırır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, hazırda qurumun sədri olması isə, Azərbaycanın beynəlxalq mövqelərinə olduqca müsbət təsir göstərən vacib faktordur. Digər tərəfdən, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, beynəlxalq miqyasda siyasi nüfuzunun güclənməsi dünya birliyinin işğal haqqında həqiqətləri, azərbaycanlılara qarşı erməni vəhşiliyini daha sürətlə qəbul etməsinə zəmin yaradır.

Artıq erməni təbliğat maşınını sıradan çıxaran Azərbaycan bu sahədə bir çox diplomatik uğurlara da imza atıb. Məlum olduğu kimi, Azərbaycan həqiqətlərinin təbliği sahəsində Xocalı soyqırımının dünyada tanıdılması üçün çox böyük işlər görülür. Faciənin 20-ci ildönümü ilə əlaqədar Dövlət başısının 2012-ci ilin yanvarında imzaladığı Sərəncamla soyqırımı qurbanları dünyanın bir çox ölkələrində çoxsaylı tədbirlər və aksiyalar keçirməklə bir daha anıldı, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında faktlar ölkələrin sakinlərinin diqqətinə çatdırıldı.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyeva tərəfindən 2008-ci il may ayının 8-də irəli sürülən “Xocalıya ədalət” şüarı altında keçirilən beynəlxalq kampaniya genosid həqiqətlərinin dünyada yayılmasında aparıcı rol oynayır. İƏT ölkələri ilə yanaşı, Avropa məkanında, ABŞ-da, Rusiyada bu deviz altında keçirilən tədbirlər kampaniyanın miqyasından xəbər verir.

 

Azərbaycan xalqı və ölkə rəhbərliyi nəinki Şuşanın, bir qarış torpağımızın belə işğalı ilə heç zaman barışa bilməz

 

Xocalı kimi, Şuşanın işğalı da müstəqil Azərbaycan tarixinə ən kədərli və faciəli hadisələrdən biri kimi daxil olub. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanın əzəli torpağı olan Şuşanın işğalının bu il 20-ci ildönümü tamam olur. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın işğalı, buradakı tarixi mədəni abidələrimizin, məscidlərin, qəbiristanlıqların dağıdılması, şəhərin talan edilməsi gerçəkliyi erməni vandalizminin danılmaz sübutudur. Azərbaycan xalqı və ölkə rəhbərliyi nəinki Şuşanın, bir qarış torpağımızın belə işğalı ilə heç zaman barışa bilməz. Məhz Prezident İlham Əliyevin 2012-ci ilin 9 aprel tarixində imzaladığı “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Sərəncam da bunun təsdiqidir. Sərəncamda Azərbaycanda və ölkənin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlər keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, sənəddə Azərbaycan Prezident Administrasiyasına Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirilməsi tapşırılıb.

Bu isə o deməkdir ki, bu il Şuşanın işğalı ildönümü ilə əlaqədar ölkədə və xaricdə keçirilən tədbirlər daha geniş miqyas alacaq, minlərlə başqa ölkə vətəndaşı Ermənistanın işğal siyasəti ilə, Azərbaycan xalqının başına gətirilən faciələrlə daha yaxşı məlumatlanacaq. Sözsüz ki, Azərbaycanın bu sahədə artan fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisinin fəaliyyətini geridə qoyması, işğalçı Ermənistanın təşviş və narahatlığını da artırmaqdadır. Çünki, işğaldan keçən illər ərzində Azərbaycan xalqı baş verənləri nəinki unutmur, əksinə, Qarabağsız böyüyən yeni nəsil torpaqlarımızın azad olması uğrunda hər bir sahədə-siyasi, ideoloji, hərbi sferalarda əlindən gələni etmək üçün daha böyük səy göstərir. Bütün bunlar isə təbliğat maşınını işə salaraq yalan dolu informasiyaları bütün dünyaya yaymaqla, özünü məzlum xalq kimi təqdim etməyə çalışan ermənilərin planlarını alt-üst edir. Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar müxtəlif ölkələrdə keçirilən kütləvi silsilə tədbirlər isə heç şübhəsiz, ermənilərin informasiya müharibəsindəki məğlubiyyətini daha da dərinləşdirəcək.

 

 

“Yeni Azərbaycan”ın Analitik Qrupu

 

 

Yeni Azərbaycan.- 2012.- 8 may.- S.6.