“Azərbaycan
2020: inkişafın yeni hədəfləri”
Yeni Azərbaycan
Partiyası Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü münasibətilə
bu mövzuda konfrans keçirib
Mayın 5-də “Gülüstan”
sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı
ilə Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü münasibətilə
“Azərbaycan 2020: inkişafın yeni hədəfləri”
mövzusunda konfrans keçirilib.
Konfransda dövlət və hökumət
nümayəndələri, Milli Məclisin deputatları, YAP
İdarə Heyətinin və Siyasi Şurasının
üzvləri, tanınmış ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri
Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin
banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı,
Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad
edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi anılıb, məzarı
üstünə gül-çiçək düzülüb.
Yeni Azərbaycan Partiyası Sədrinin
müavini - İcra katibi, millət vəkili Əli Əhmədov
konfransı giriş sözü ilə açaraq bildirib ki,
Ulu öndər Heydər Əliyevin ümummilli bayram kimi qeyd
olunan doğum günü ölkəmizin bütün guşələrində,
dünyanın azərbaycanlıların
yaşadığı hər bir məmləkətində qeyd
edilir, Ümummilli liderin əziz xatirəsi böyük
ehtiramla anılır. Əli Əhmədovun fikrincə, bu, hər
şeydən əvvəl qədirbilən xalqımızın
Ümummilli liderimizə, Onun əziz xatirəsinə dərin
ehtiramını ifadə edir: “Digər tərəfdən, bu,
Azərbaycanda son illərdə formalaşan gözəl
dövlətçilik ənənəsinin ifadəsidir və
bunların hər ikisi, əslində dövlətimizin daha da
qüdrətlənməsinə, inkişafına,
bütövlükdə Azərbaycanın tərəqqisinə,
yüksəlişinə xidmət edən əzəmətli
amillərdir”.
Əli Əhmədov qeyd edib ki, bu gün
Azərbaycanın yüksəlişi, tərəqqisi hamı
tərəfindən birmənalı şəkildə qəbul
olunan son illərin siyasi, iqtisadi və sosial inkişaf
qanunauyğunluğuna çevrilib. Azərbaycanın yüksəliş
və tərəqqisinin sadəcə statistika
olmadığını deyən Əli Əhmədov bildirib
ki, bu, daha çox yeni keyfiyyətin meydana gəlməsi və
Azərbaycanın inkişafının yeni mərhələyə
qədəm qoymasının təsdiqidir.
“Həqiqətən, Azərbaycanda həyatın
yeni standartları yaranıb, həyatımız
bütövlükdə dəyişib və filosofların dili
ilə söyləməli olsaq, bu kəmiyyətin keyfiyyətə
keçməsini əks etdirir. Hər bir inkişaf yeni hədəflər
ortaya qoyur və cəmiyyəti bu hədəflər
uğrunda yeni mübarizəyə səfərbər edir.
Azərbaycanın müasir inkişafı
da ölkəmizin qarşısında daha böyük və əzəmətli
yeni hədəflər müəyyənləşdirir. Ölkəmiz
bu hədəflərə çatmaq istiqamətində
Prezidentimizin rəhbərliyi altında səfərbər
olunub. Bunun çox bariz şəkildə təsdiqini Prezident
İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan
2020: Gələcəyə baxış” İnkişaf
Konsepsiyasının işlənib hazırlanmasında görmək
olar. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu
gün Azərbaycanda qarşıdakı dövrlərlə əlaqədar
inkişaf konsepsiyasının hazırlanması üzərində
çox geniş, aktiv işlər aparılmaqdadır.
Heç də təsadüfi deyil ki, Yeni Azərbaycan
Partiyasının Ümummilli liderimiz Heydər Əliyevin
doğum günü ərəfəsində keçirdiyi ənənəvi
konfransların builki mövzusu məhz Prezidentimizin təşəbbüsü
ilə formalaşmaqda olan “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasının mövzusuna
uyğun şəkildə müəyyənləşdirilib” -
deyə, YAP Sədrinin müavini vurğulayıb.
Sonra Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
konfransda geniş məruzə ilə çıxış edərək
bildirib: “Azərbaycan xalqının əvəzsiz tarixi nailiyyəti
olan dövlət müstəqilliyimizin 20 ili artıq arxada
qalmışdır. Milli suverenliyin əldə edilməsi
siyasi mahiyyətinə və əhəmiyyətinə görə
Azərbaycan tarixində müstəsna bir səhifə olmaqla,
xalqımızın azadlıq və müstəqillik
uğrunda uzun illər boyu apardığı mücadilənin
məntiqi nəticəsi idi. Bir millət və dövlət
olaraq tarix meydanına çıxmaq, öz taleyinin sahibi olmaq,
azad və suveren yaşamaq haqqına qovuşmaq kimi milli
ideyanın reallaşması, şübhəsiz ki, asan başa
gəlməmiş, xalqımız ağır sınaqlarla
dolu, ziddiyyətli və təlatümlü tarixi mərhələlərdən
keçməli olmuşdur. Ötən əsrin 90-cı illərinin
əvvəllərində müstəqilliyini yenicə elan
etmiş respublikada hökm sürən dərin böhran, Ermənistanın
hərbi təcavüzü, Dağlıq Qarabağda erməni
separatizmi, daxili hərc-mərclik ictimai-siyasi həyatın
bütün sahələrini iflic vəziyyətinə
salmışdı. Xalqın iradəsini təmsil edə bilməyən
mövcud hakimiyyət gərgin ictimai-siyasi vəziyyəti,
get-gedə artmaqda olan etnik separatçılıq meyillərini
və vətəndaş qarşıdurması təhlükəsini
aradan qaldırmaq iqtidarında deyildi. Dövlətçiliyin
təməl prinsipləri kökündən
sarsıdılmış, müstəqilliyin və xalqın
taleyi xaosun, özbaşınalığın öhdəsinə
buraxılmışdı. Siyasi, iqtisadi, hərbi, mənəvi-psixoloji
böhranın tüğyan etdiyi Azərbaycan unitar dövlət
quruluşunun, milli müstəqilliyinin itirilməsi təhlükəsi
ilə üz-üzə qalmış, ölkədaxili və
xarici anti-Azərbaycan qüvvələrin təxribatlar
poliqonuna çevrilmişdi. 1993-cü ilin iyununda xalqın təkidli
tələbləri və yekdil iradəsi ilə dahi öndər
Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı belə bir çarəsiz və
çıxılmaz vəziyyətə təsadüf edirdi.
Keçən əsrin 70-80-ci illərinin abad Azərbaycanından
Heydər Əliyevə son dərəcə acınacaqlı
miras qalmışdı. Qarşıda əhalinin milli dövlətçiliyinə
və sabahkı gününə sarsılmış
inamının özünə qaytarılması, ölkə
həyatının bütün sahələrinə nüfuz
etmiş böhranın aradan qaldırılması, Qarabağ
cəbhəsindəki uğursuzluqların
qarşısının alınması, ictimai-siyasi sabitliyin,
milli-mənəvi həmrəyliyin və vətəndaş
sülhünün təmin edilməsi,
dağıdılmış iqtisadiyyatın və təsərrüfat
münasibətlərinin yeni prinsiplər əsasında
dirçəldilməsi, ən başlıcası isə
itirilməkdə olan dövlət müstəqilliyinin qorunub
saxlanılması kimi taleyüklü problemlər və vəzifələr
dururdu.
Yalnız Heydər Əliyev fenomeni bu
ağır məsuliyyətin öhdəsindən gələ
bilərdi və Onun fövqəladə siyasi iradəsi, zəngin
dövlətçilik təcrübəsi, əsl liderlik
keyfiyyətləri sayəsində xalqımız və
dövlətimiz onu gözləyən böyük bəlalardan
və təhlükələrdən xilas olundu. Qısa zaman kəsiyində
bu böyük dövlət xadiminin müdrik daxili və xarici
siyasəti nəticəsində ölkədə hökm
sürən hərc-mərcliyə son qoyularaq, ictimai-siyasi
sabitlik və sosial ədalət prinsipləri bərqərar
edildi, siyasi, iqtisadi, hüquqi-demokratik islahatlar dönməz və
ardıcıl xarakter aldı. Azərbaycanda sözdə deyil, əməldə
müstəqil dövlət quruculuğu prosesi başlandı.
Heydər Əliyev öz xalqının
taleyində müstəsna rol oynayan, Vətənin ağır
günündə onun imdadına yetişən, müqəddəs
xilaskarlıq və quruculuq missiyasını üzərinə
götürərək çətin və kəşməkeşli
mücadiləsini qələbə ilə başa vuran siyasət
dahilərindən biridir. Bu böyük şəxsiyyətin
adı Azərbaycan tarixinə, xalqımızın
yaddaşına, haqlı olaraq, milli xilaskar kimi əbədi həkk
olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin
və unitar dövlət varlığının qorunub
saxlanması, xalqın gələcək taleyini təhdid edən
təhlükələrin siyasi uzaqgörənliklə aradan
qaldırılması Ümummilli liderin danılmaz tarixi xidmətidir.
Azərbaycan xalqına öz milli dövlətində əmin-amanlıq
şəraitində, azad və müstəqil yaşamaq
haqqını təmin etmiş Heydər Əliyev siyasi kursunun
bu gün birmənalı şəkildə dəstəklənməsi
də, ilk növbədə, bu amillə bağlıdır.
Heydər Əliyev siyasi fəaliyyətində
və dövlət idarəçiliyində klassik və
müasir anlamda dövlət quruculuğunun təməl
prinsiplərinə, eyni zamanda, zəngin şəxsi təcrübəyə
əsaslanırdı. Kritik situasiyaların
doğru-düzgün qiymətləndirilməsi və
çevik siyasi qərarların qəbul edilməsi, dövlət
həyatının bütün sahələrini əhatə
edən prioritetlərin və strateji hədəflərin
müəyyənləşdirilməsi, daxili-xarici amillərin
milli maraqlara uyğun məqsədyönlü idarə
olunması, gözlənilən təhdid və təhlükələrin,
dünyada gedən mürəkkəb geosiyasi proseslərin
proqnozlaşdırılaraq düzgün taktika və
strategiyanın seçilməsi Heydər Əliyev dövlətçilik
məfkurəsinin başlıca siyasi, ideoloji və nəzəri
əsaslarını təşkil edirdi.
Ümummilli lider qısa müddət ərzində
xalqın quruculuq enerjisini, mədəni-intellektual
potensialı, milli-mənəvi dəyərləri, təbii-iqtisadi
sərvəti milli ideyanın və dövlət
maraqlarının reallaşdırılması naminə səfərbər
edə bildi. Ölkədə siyasi zərurətə
çevrilmiş ictimai-siyasi sabitlik 90-cı illərin
ortalarından etibarən təmin edildi ki, bununla da gələcək
uğurların əsası qoyuldu. Azərbaycan dövlətinin
milli-siyasi suverenliyini qoruyub saxlaması, daxili və xarici siyasət
sahəsində inamlı addımlar atması onun beynəlxalq
mövqelərinin güclənməsinə və xarici
investisiyaların ölkə iqtisadiyyatına cəlb
olunmasına təkan verdi.
1994-cü ilin sentyabrında “Əsrin
kontraktı” adlandırılan neft müqaviləsinin
imzalanması müstəqil Azərbaycan dövlətinin və
Heydər Əliyev siyasətinin beynəlxalq arenada strateji
mahiyyət kəsb edən möhtəşəm qələbəsi
idi. Məlumdur ki, əvvəlki hakimiyyətlərin
dövründə də Azərbaycan neftinin dünya
bazarına çıxarılması təşəbbüsləri
olmuş, lakin son dərəcə problematik xarakterli bu məsələnin
çözülməsi üçün edilən cəhdlər
bəlli sonluqla fiaskoya uğramışdı. Beynəlxalq
güclərin regionda kəsişən və toqquşan
siyasi, iqtisadi maraqlarının uzlaşdırılması,
daxili və xarici təxribatların, təzyiq və
basqıların siyasi çevikliklə dəf edilməsi,
mürəkkəb və ziddiyyətli geosiyasi vəziyyətin
Azərbaycanın milli maraqları xeyrinə dəyişdirilməsi
yalnız Heydər Əliyevin uzaqgörən müdrik siyasəti
sayəsində mümkün oldu. Bu taleyüklü hadisə
ölkəmizin dünyada nüfuzunun göstəricisi olmaqla,
Azərbaycanın dövlət müstəqilliyinin
özünütəsdiq faktı və beynəlxalq təhlükəsizliyinin
etibarlı qarantı kimi qiymətləndirilməlidir.
“Əsrin müqaviləsi” ilə
reallaşdırılmağa başlayan yeni neft strategiyası,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri, hazırda Azərbaycan
sərmayəsi ilə tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolu
xətti kimi strateji layihələr bölgədə və
dünyada yeni coğrafi-siyasi mənzərənin
yaranmasını, beynəlxalq enerji və nəqliyyat sistemində
Azərbaycanın mühüm oyunçulardan birinə
çevrilməsini təmin etdi. Bununla da, milli müstəqillik
yolu ilə inamla irəliləyən Azərbaycan
Respublikasında 90-cı illərin ortalarından növbəti
tarixi mərhələ - iqtisadi islahatlar və yüksəliş
dövrü başlandı. Qeyd edilməlidir ki, bu gün
qlobal transmilli layihələrin reallaşdırılması,
bölgədə və dünyada enerji təhlükəsizliyinin
təminatı Azərbaycanın iştirakı olmadan
mümkün deyildir və bu, ilk növbədə, Heydər Əliyev
tərəfindən əsası qoyulan və hazırda da davam
etdirilən neft strategiyasının uğuru kimi qəbul
olunmalıdır.
Məhz bu siyasi kursun davamı olaraq
2003-cü ildən etibarən Azərbaycanda yeni inkişaf
strategiyası həyata keçirilir. Prezident İlham Əliyevin
daxili və xarici siyasəti nəticəsində son 10 ilə
yaxın bir müddətdə ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatın bütün sahələrində,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda ciddi yeniliklər və nailiyyətlər əldə
olunmuş, Azərbaycan bir çox parametrlər üzrə
sürətlə inkişaf edən ölkəyə
çevrilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının qəbulu və müvəffəqiyyətlə
icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə
və iqtisadi inkişafına güclü təkan
vermişdir. Bu müddət ərzində 40 mindən artıq
yeni müəssisə yaradılmış, böyük əksəriyyəti
daimi olmaqla ümumilikdə bir milyona yaxın yeni iş yeri
açılmış, son 8 ildə yoxsulluğun səviyyəsi
49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə
enmişdir. Son illərdə büdcə xərcləri 12 dəfə,
ümumi daxili məhsul 3 dəfə artmış, 1995-2010-cu
illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan
çox sərmayə cəlb edilmişdir. Təkcə 2011-ci
ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq
investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna
yatırılmış, dünyanın 149 ölkəsi ilə
xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil
etmişdir. Ötən il ölkəmizdə ümumi daxili məhsulun
həcmi 63,4 milyard dollara çatmışdır ki, bu da Cənubi
Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən
çoxdur. Hazırda adambaşına düşən illik məhsul
istehsalının həcmi 7 min dolları ötmüş, əvvəlki
illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri
20 faizə qədər artaraq 36,6 milyard manata
çatmış, adambaşına düşən məbləğ
3 min 400 manat olmuşdur.
Uğurlu və
düşünülmüş siyasətin nəticəsidir
ki, 2008-2009-cu illərin qlobal maliyyə-iqtisadi böhranı,
demək olar ki, Azərbaycandan yan keçmiş,
dünyanın bir çox ölkələrini sarsıdan bu
böhranlı illərdə Azərbaycan iqtisadiyyatı
sürətli inkişaf tempini və
dayanıqlılığını qoruyub saxlamış və
ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur.
İndi də davam etməkdə olan qlobal iqtisadi böhran
şəraitində 2011-ci ilin nəticələrinə
görə, ölkəmizin qeyri-neft sektorunda yüksək göstərici
- 9,4 faiz artım əldə edilmişdir.
Azərbaycanda ardıcıl və dinamik
inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin
edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri,
o cümlədən, beynəlxalq birlik tərəfindən
ciddi təhlil edilir və yüksək qiymətləndirilir.
BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin
göstəricilərinə görə, Azərbaycan 169
ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq
“Yüksək insan inkişafı” ölkələri
kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB
məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir.
Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsi
və Azərbaycanda həyata keçirilən müasir
inkişaf strategiyasının təkzibolunmaz
faktlarıdır. Bu nailiyyətlərin təməlində Prezident
İlham Əliyevin qeyd etdiyi kimi,
“düşünülmüş siyasət, ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi
islahatlar dayanır”.
Başa vurmaqda olduğumuz mərhələ
sosialyönümlü büdcə siyasəti, əhalinin
sosial müdafiəsinin beynəlxalq standartlara
uyğunlaşdırılması və maddi rifah
halının yaxşılaşması, neft gəlirlərini
qeyri-neft sektoruna yönəltməklə və modern
texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin
yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat
sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin
hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar
olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng
tikinti-quruculuq və abadlıq işləri
aparılmış, çoxsaylı körpülər və
yollar, minlərlə məktəb, idman-sağlamlıq kompleksləri,
xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət
müəssisələri, turizm-istirahət mərkəzləri
tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət,
səhiyyə, idman, turizm, ekologiya sahələrində
böyük irəliləyiş baş vermişdir. Ölkə
rəhbərliyi səviyyəsində qəbul olunan və
ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın
çoxşaxəli spektrini əhatə edən 60-a yaxın
konseptual-strateji mahiyyətli sənəd və dövlət
proqramları hazırda icra edilməkdədir. On ilə
yaxın bir müddətdə görülən işlər və
nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan
dünyaya özünün uğurlu inkişaf modelini təqdim
edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə,
sözün əsl mənasında, inqilabi yeniləşmə
və tərəqqiyə nail olunmuşdur.
Artıq Azərbaycan Respublikası ikitərəfli
və çoxtərəfli münasibətlərdə
etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik
və enerji sektorunda mühüm söz sahibi, dünyada
multikulturalizm və etnik-dini tolerantlıq örnəyi,
sivilizasiyalararası və mədəniyyətlərarası
dialoq məkanı kimi tanınır və qəbul edilir.
Ötən ilin sonlarında 155 ölkənin etimadı ilə
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi, bir neçə ay əvvəl
isə Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət
edilən 10 ölkədən biri və MDB məkanından
yeganə dövlət olması ölkəmizin böyük
siyasi-diplomatik qələbəsi və beynəlxalq
nüfuzunun birmənalı etirafıdır.
Cəmiyyətimizdə dayanıqlı
ictimai-siyasi sabitlik, iqtisadi potensialımız, şaxələndirilmiş
iqtisadiyyat və qeyri-neft sektorunun inkişafı, dünyada
siyasi-iqtisadi zərurətə çevrilmiş neft-qaz amili,
mövcud tranzit imkanlarımız, böyük transmilli layihələr
üzərində aparılan işlər, “qara
qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində
atılan məqsədyönlü addımlar ölkəmizə
yeni perspektivlər və aydın üfüqlər
açmaqdadır. Dövlət başçısı
İlham Əliyevin uğurla reallaşdırdığı
inkişaf strategiyası artıq özünün növbəti
- üçüncü mərhələsi ərəfəsindədir.
2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə
Azərbaycanın inkişaf etmiş ölkələr
sırasına çıxarılması və əhalimizin
yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft
sektorunun hərtərəfli inkişafı sayəsində
ümumi daxili məhsulun 2 dəfə artırılması,
dövlət və özəl qurumların birgə fəaliyyəti
üzrə yeni strategiyanın hazırlanması, ən
müasir texnologiyaları tətbiq etməklə
iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara
əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik
prinsiplərinin, insan hüquq və azadlıqlarının tam
bərqərar edilməsi - Prezident İlham Əliyevin
qarşıya qoyduğu başlıca hədəflərdir.
Hazırda Azərbaycan regionda liderlik səviyyəsinə
yüksələrək beynəlxalq mövqelərini daha da
gücləndirmiş, enerji təhlükəsizliyi sistemində
həlledici söz sahibi olmuş, Asiya və Avropa arasında
strateji nəqliyyat dəhlizinə çevrilmişdir.
Mövcud beynəlxalq şərait və ölkə daxilində
aparılan islahatların müsbət nəticələri
yaxın 10 il üçün müəyyən edilmiş
prioritetlərin realist mahiyyətini və uğurlu sonluğunu
şərtləndirən zəruri amillərdir.
Son 20 ildə keçilən müstəqillik
yolunun və qazanılan tarixi nailiyyətlərin təhlili
Heydər Əliyev siyasi kursunun alternativsizliyini və bu təməllər
üzərində 2003-cü ildən həyata keçirilən
yeni strategiyanın düzgünlüyünü bir daha
sübut edir. Artıq Azərbaycan öz inkişafının
elə bir mərhələsindədir ki, ölkənin
bütün potensialı dövlət müstəqilliyimizin əbədiliyi
ideyasına səfərbər edilmiş, bir-birini uğurla
tamamlayan daxili və xarici siyasət beynəlxalq aləmə
inteqrasiyanı təmin etmiş, milli iqtisadiyyatımız
dünya iqtisadi sisteminin ayrılmaz tərkib hissəsinə
çevrilmişdir.
Lakin qeyd olunmalıdır ki, bu gün
sürətlə dəyişən və ziddiyyətli təzahürləri
ilə qloballaşan dünyada son dərəcə mürəkkəb
proseslər baş verir. Yaşamaqda olduğumuz müasir
gerçəklik elədir ki, gələcəyi
proqnozlaşdırmadan, qlobal
çağırışları, təhdid və təhlükəli
siyasi-nəzəri təhlillərə əsaslanaraq qiymətləndirmədən
uğurlu inkişafa nail olmaq qeyri-mümkündür.
Bütün bunlar növbəti mərhələdə nəzərdə
tutulmuş milli hədəflərin
reallaşdırılması üçün yeni konsepsiya və
strategiyanın hazırlanmasını, fundamental inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsini,
hadisələrə konseptual yanaşmanı siyasi zərurət
kimi qarşıya qoyur. Bu baxımdan, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamı
dövlət həyatımızda müstəsna rol oynayacaq
tarixi bir hadisədir. 2012-ci ilin sonunadək hazırlanması nəzərdə
tutulan bu mühüm sənəd Azərbaycanda
reallaşdırılan quruculuq siyasətinin təməl
prinsiplərini, formalaşmaqda olan yeni dünya nizamında
ölkəmizin yerini və rolunu, onun hazırda yüksələn
xətlə davam edən dinamik inkişafının prioritetlərini
özündə ehtiva edəcəkdir. Konsepsiyanın
başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi
böhran və mürəkkəb qlobal dəyişikliklər
fonunda Azərbaycanın milli maraqlarının hərtərəfli
qorunmasına nail olmaq, XXI əsrin narahat şərtləri
daxilində dövlətimizin və xalqımızın siyasi
və iqtisadi təhlükələrdən
sığortalanmış etibarlı gələcəyini təmin
etməkdir. Bu mənada dövlət
başçısının aşağıdakı fikirləri
yeni inkişaf konsepsiyasının leytmotivi kimi qəbul
olunmalıdır: “Bizim ümumi məqsədimiz ondan ibarətdir
ki, Azərbaycanı hərtərəfli şəkildə
inkişaf etdirək, müasir dövlətə çevirək,
dünyada mövcud olan bütün mütərəqqi təcrübəni
tətbiq edək, insanların bütün
azadlıqlarını təmin edək, hüquqi dövlət
quruculuğu işində daha da böyük addımlar ataq.
Ancaq bu halda Azərbaycan uzunmüddətli və
dayanıqlı inkişaf imkanlarını tam şəkildə
ortaya qoya bilər”.
Bu gün Azərbaycanda dövlət idarəçiliyinin
əsas spesifik xüsusiyyəti məqsədyönlü və
proqramlı idarəetmədir. Mövcud təcrübə də
göstərir ki, bu, özünü doğruldan bir
taktikadır. Bütün sahələr üzrə qəbul
olunmuş proqramlar uğurla həyata keçirilməkdədir.
Azərbaycanda artıq yeni mərhələ-kəmiyyət dəyişikliklərindən
keyfiyyət dəyişikliklərinə keçid mərhələsi
başlamışdır və hazırlamaqda olduğumuz
İnkişaf Konsepsiyası bu yeni mərhələnin
aydın, proqnozlaşdırılmış mənzərəsini
ortaya qoymalıdır.
Məlumdur ki, hazırkı dövlət
siyasətində iqtisadi siyasət və iqtisadi diplomatiya
mühüm çəkiyə malikdir. Bununla belə, nəzərdə
tutulan İnkişaf Konsepsiyası təkcə iqtisadi
inkişafı deyil, dövlət, cəmiyyət, iqtisadiyyat və
sosial sfera kimi blokları düzgün və balanslı şəkildə
əhatə etməlidir.
Dövlət başçısının
imzaladığı Sərəncamda da məhz inkişaf
konsepsiyasının hazırlanması nəzərdə tutulur
ki, bu da konsepsiya, strategiya və proqram arasında sərhədlərin
dəqiq müəyyənləşdirilməsini zəruri
edir. Biz, ilk növbədə, inkişafın konseptual əsaslarını
və prinsiplərini, dövlətin milli inkişafla
bağlı gələcəyə ümumi
baxışlarını hazırlamalı, bu müddəa və
tezislərə müvafiq olaraq strategiyanı müəyyənləşdirməliyik.
Bundan sonra konkret sahələr üzrə
proqramlar qəbul edilə bilər.
Hazırda, Azərbaycan iqtisadiyyatında
özəl sektorun 85 faiz təşkil etməsinə baxmayaraq,
qarşıya qoyulan vəzifələrin uğurla həyata
keçirilməsində dövlətin rolu və
funksiyaları məsələsi də öz aktuallığını
saxlamaqdadır. Eyni zamanda, daim üzərində işləməklə
və yeni-yeni proqnozlar verməklə, daha da təkmilləşdirilə
bilən mexanizmin yaradılması, strateji hədəflərin
və sahəvi proqnozların müəyyən edilməsi,
strateji planlaşdırma üçün zəruri
araşdırmaların və tənqidi təhlillərin
aparılması, qarşıya qoyulan meyarlara nail olmaq
üçün müasir dünya texnologiyasına və təcrübəsinə
əsaslanan optimal vasitə və yolların axtarılması,
keyfiyyətcə yeni sistemin yaradılmasına xidmət edəcək
çoxsaylı və ardıcıl islahatlar
aparılmasına zəruri şəraitin təmin edilməsi,
institusional məsələlərin effektiv həlli kimi vacib
şərtlər İnkişaf Konsepsiyasında əsaslandırılmış
şəkildə öz əksini tapmalıdır.
Qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda
60-a yaxın proqram və strateji sənəd müvəffəqiyyətlə
icra olunmaqdadır. Lakin bu sənədlər cəmiyyətin
problemlərini tam əhatə etmir və daha çox fraqmentar
xarakter daşıyır. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası zəncirvari
bağlı olan bütün əsas istiqamətləri həm
öz-özlüyündə, həm də bir-biri ilə
uzlaşdırılmış şəkildə əhatə
edəcək və başlıca məqsəd olan
“dayanıqlı inkişaf” pobleminə konseptual baxış və
yanaşma imkanı yaradacaqdır. Dayanıqlı inkişaf təbii
resursların istismarını, investisiya istiqamətlərini,
innovasiya və ekoloji yönümlüyü, insan
inkişafını, institusional dəyişiklikləri bir-biri
ilə uzlaşdıran prosesdir və burada başlıca məqsəd
mövcud və gələcək potensialın möhkəmləndirilməsi,
gələcəkdə həyat tərzinin yeni keyfiyyətinin
təmin olunmasıdır.
Qeyd etmək istəyirəm ki, Azərbaycanın
hazırkı reallığı və inkişafın
mövcud səviyyəsi daha iddialı vəzifələrin və
problemlərin qarşıya qoyulması və həlli
üçün fundamental zəmin yaratmışdır. Belə
ki, idarəetmədə sosial və istehsal infrastrukturu
formalaşmış, bazar yönümlü struktur və
institusional dəyişikliklər edilmiş, intellektual və
resurs potensialı yaranmışdır. Bu baxımdan, Konsepsiya
hazırlanarkən proqnozlaşdırılan dövrdə, yəni
2020-ci ildə “gələcəyin ideal obrazı”nın və
bu obrazı şərtləndirən ümumiləşdirilmiş
təsnifat kontekstində - dövlət, cəmiyyət,
iqtisadiyyat üçlüyündə baş verməli olan dəyişikliklərin
müəyyən edilməsinə ciddi diqqət yetirilməlidir.
Çünki 2020-ci ildə hədəf
götürdüyümüz siyasi, iqtisadi, sosial parametrlər
və meyarlarla bugünkü səviyyə arasındakı fərqlərin
aradan qaldırılması Konsepsiyanın və strateji
planlaşdırmanın başlıca mahiyyətini və məzmununu
təşkil edəcəkdir.
Hazırda, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının layihəsi
üzərində işi davam etdirilir. Sərəncamda da
göstərildiyi kimi, müvafiq dövlət orqanları, vətəndaş
cəmiyyəti təsisatları, yüksəkixtisaslı
mütəxəssislər, bir sözlə, ölkənin
aparıcı elmi ictimaiyyəti və siyasi-iqtisadi elitası
layihənin hazırlanması işinə cəlb olunmuş,
qabaqcıl dünya təcrübəsi və müasir
texnologiyalardan yararlanmaq məqsədilə, BMT-nin
İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla
zəruri əməkdaşlıq əlaqələri
qurulmuşdur.
Konsepsiyanın əhatə edəcəyi
növbəti 8 ildə Azərbaycan dövlətinin siyasi,
iqtisadi, hərbi qüdrətinin gücləndirilməsi xətti
əsas götürülməklə, aşağıdakı
kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur:
- siyasi sahədə: dövlət müstəqilliyimizin
daha da möhkəmləndirilməsi, ölkənin ərazi
bütövlüyünün təmin olunması, bölgədə
və dünyada sülhün, sabitliyin və beynəlxalq təhlükəsizliyin
təminatında Azərbaycan dövlətinin səylərinin
və rolunun artırılması, demokratik-hüquqi
islahatların davam etdirilməsi, ölkədə
siyasi-hüquqi sistemin inkişaf mexanizmlərinin təkmilləşdirilməsi,
demokratik institutların və vətəndaş cəmiyyəti
təsisatlarının rolunun gücləndirilməsi, insan
hüquq və azadlıqlarının tam bərqərar edilməsi
və qanunun aliliyi prinsipinin təmin olunması, qlobal
çağırışlara adekvat və önləyici
mexanizmlər sisteminin yaradılması;
- iqtisadi sosial sahədə:
iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft
sektorunun gücləndirilməsi hesabına davamlı və
sabit iqtisadi inkişafa nail olunması, ümumi daxili məhsulun
və dövlət büdcəsinin formalaşmasında təbii
ehtiyatlar amilinin azaldılması, iqtisadiyyata innovasiyaların tətbiqinin
təminatı istiqamətində güclü motivasiya mexanizmlərinin
yaradılması və inkişaf etdirilməsi, Azərbaycanın
bütün bölgələrinin sosial-iqtisadi vəziyyətinin
müasir tələblər səviyyəsinə
çatdırılması, ölkə iqtisadiyyatının rəqabət
qabiliyyətinin yüksəldilməsi və milli məhsulların
dünya bazarlarına ixracı imkanlarının
artırılması, əhalinin etibarlı sosial müdafiəsinin
təşkili və maddi-mənəvi rifah halının
durmadan yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin
və işsizliyin mümkün minimuma endirilməsi, orta təbəqənin
hər vasitə ilə genişləndirilməsi və cəmiyyət
həyatında onun rolunun artırılması;
- humanitar sahədə: elmin, təhsilin, mədəniyyətin,
səhiyyənin, idmanın günün tələbləri səviyyəsində
inkişafına dövlətin xüsusi diqqət və
qayğısının təmin edilməsi, “qara qızıl”
amilinin insan kapitalına çevrilməsi, xalqın intellektual
sərvətinin hərtərəfli təşviqi istiqamətində
zəruri addımların atılması.
Bütün bunlar “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında əksini tapacaq
çoxşaxəli tədbirlərin ümumi aspektləridir.
Göründüyü kimi, yaxın
onillikdə bizi çətin və məsuliyyətli vəzifələr
gözləyir. 2003-cü ildən etibarən, birinci və
ikinci Dövlət proqramlarının həyata keçirilməsində
ölkə başçısının nümayiş
etdirdiyi qətiyyət və qərarlılıq növbəti
mərhələnin də uğurla nəticələnəcəyinə
dərin inam və əminlik yaradır. Çünki
qarşıya qoyulmuş məqsədləri reallığa
çevirmək üçün lazımi hüquqi-demokratik
şərait, xalqın maraqlarını ləyaqətlə təmsil
edən hakimiyyət və siyasi iradə mövcuddur.
Xalqımız özünün növbəti inkişaf və
tərəqqi mərhələsinə hazırkı müsbət
gerçəklikdən qaynaqlanan yüksək optimist ovqatla
daxil olur.
Çıxışımın sonunda Heydər
Əliyevin bir kəlamını xatırlatmağı zəruri
sayıram. Ulu öndər xilaskarlıq və quruculuq
missiyasına başlayarkən həyata keçirdiyi milli
siyasi kursun perspektivlərini aydın görür və gələcəyə
böyük inamla “Azərbaycan dünyaya günəş kimi
doğacaq” deyirdi. Məmnuniyyət və minnətdarlıq
hissi ilə qeyd etmək istəyirəm ki, Ümummilli
liderimizin siyasi xəttini yeni tarixi
çağırışlara uyğun olaraq daha da zənginləşdirən
və ardıcıllıqla gerçəkləşdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs
arzu artıq reallığa çevrilməkdədir”.
Daha sonra konfrans öz işini bölmələrdə
davam etdirib.
“Heydər Əliyev ideyaları: davamlı
inkişafın təminatı” adlı birinci bölmənin
iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli “Heydər
Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir”
mövzusunda çıxış edib. Ə.Hüseynli
çıxışında Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə Azərbaycanda hüquqi-demokratik dövlət
quruculuğu istiqamətindəki fəaliyyəti haqqında
fikirlərini bildirib. “Tam əminliklə deyə bilərik ki,
Prezident İlham Əliyev dövlətimiz qarşısında
duran taleyüklü məsələləri
xalqımızın dəstəyi ilə başa
çatdıracaq, Ulu öndər Heydər Əliyevin müstəqil
dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə
daha da zənginləşdirəcək” - deyə o
vurğulayıb.
Bölmənin iclasında həmçinin,
YAP Səbail rayon təşkilatının sədri,
partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralov
“Heydər Əliyevin Azərbaycanı inkişaf etdirmək
ideyaları və onları reallaşdırmağın elmi-nəzəri
əsasları”, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Hidayət Orucov “Azərbaycan dövlətçilik
arxitekturası üçün örnək obraz”, Milli Məclisin
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov
“Heydər Əliyevin “Azərbaycan xalqına müraciəti”ndə
dil, ədəbiyyat və mədəniyyət məsələləri”,
YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov
“Heydər Əliyevin liberal-demokratik ideyaları”, Milli Məclisin
deputatı Jalə Əliyeva “Azərbaycanın əbədi
günəşi” mövzularında məruzələrlə
çıxış ediblər.
“İnkişafın Azərbaycan modeli:
müasirləşmə və rifah” mövzusunda olan ikinci
bölmə iclasında Milli Məclisin Elm və təhsil
komitəsinin sədri Şəmsəddin Hacıyev
“İnkişafın Azərbaycan modeli: müasirləşmə
və rifaha xidmət potensialı”, rabitə və informasiya texnologiyaları
nazirinin müavini Elmir Vəlizadə “Heydər Əliyevin
İKT siyasəti davamlı inkişaf mərhələsində”,
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əməkdaşlıq komitəsinin sədri
Səməd Seyidov “Heydər Əliyev: milli dövlətçilik
və inkişaf yolu”, Tibb Universitetinin rektoru, millət vəkili
Əhliman Əmiraslanov “Heydər Əliyev ideyaları: tibb təhsili
və tibb elminin dayanıqlı və sabit
inkişafının təminatı”, AMEA Tarix İnstitutunun
direktoru, millət vəkili Yaqub Mahmudov “Müstəqil Azərbaycan
quruculuq mərhələsində”, Milli Məclisin Regional məsələlər
komitəsinin sədri, Yap İdarə Heyətinin üzvü
Arif Rəhimzadə “Əksmərkəzləşmədən
subsidiarlığa”, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik Urxan Ələkbərov
“İnsan potensialının formalaşmasında biliyə əsaslanan
idarəetmə sisteminin tədrisi”, Milli Məclisin Sosial siyasət
komitəsinin sədr müavini Musa Quliyev “Müasir Azərbaycan:
sosial rifah dövləti” mövzularında məruzə ediblər.
“Gələcəyə baxış”
adlı üçüncü bölmə iclasında Milli Məclis
sədrinin müavini, YAP İdarə Heyətinin üzvü
Bahar Muradova “Gələcəyin obrazı: zəngin və
qüdrətli Azərbaycan” mövzusunda məruzə ilə
çıxış edib. B.Muradova Ümummilli lider Heydər Əliyevin
qurub yaratdığı müstəqil Azərbaycanın bu
gün öz inkişafında yeni mərhələyə qədəm
qoyduğunu vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili
Mübariz Qurbanlı “Azərbaycan BMT məkanında: yeni mərhələ-yeni
hədəflər”, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov “Uğurlu aqrar
islahatlar və perspektivlər”, Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan 2020:
sosial rifah dövləti modelinə doğru”, Milli Məclisin
deputatı Asəf Hacıyev “Müasir Azərbaycan: zamanın
çağırışları”, Müəllif
Hüquqları Agentliyinin sədri Kamran İmanov “Milli əqli
mülkiyyət sistemi inkişafın gələcək hədəfləri”,
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi
Şurasının üzvü Vüqar Rəhimzadə
“Müasir Azərbaycanın bu günü Heydər Əliyev
ideyalarının gerçəkliyidir”, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu “Milli iqtisadi inkişafdan
postsənaye erasına doğru”, Auditorlar Palatasının sədri
Vahid Novruzov “Azərbaycanın inkişaf modeli: maliyyə nəzarətinin
konsepsiyası” mövzularında məruzələrlə
çıxış ediblər.
Qeyd edək ki, Yeni Azərbaycan
Partiyasının İcra Katibliyi “Azərbaycan 2020:
inkişafın yeni hədəfləri” adlı kitab da
hazırlayıb. Nəşrə “Azərbaycan 2020:
inkişafın yeni hədəfləri” mövzusunda
konfransın materialları daxil edilib.
Kitaba “Heydər Əliyev ideyaları:
davamlı inkişafın təminatı”, “İnkişafın
Azərbaycan modeli: müasirləşmə və rifah”, “Gələcəyə
baxış” bölmələri daxildir.
NARDAR BAYRAMLI,
NURLAN QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2012.- 8 may.- S.4-5.