Heydər Əliyev
Azərbaycan xalqının milli həmrəylik
simvoluna çevrilib
Yeni
Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi,
millət vəkili Əli Əhmədov www.yap.org.az saytına
müsahibə verib:
- Əli
müəllim, Ulu öndər Heydər Əliyevin Azərbaycanın
dövlətçilik tarixində yeri və rolu barədə
nə deyə bilərsiniz?
- Bu
sualla bağlı deyilməsi vacib olan əsas fikir ondan ibarətdir
ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
qurucusudur. Amma düşünürəm ki, Heydər Əliyevin
Azərbaycan xalqının qarşısındakı xidmətləri
və müasir Azərbaycanın tarixindəki rolu daha
geniş məzmuna və mənaya malikdir. Onu da qeyd etmək
istəyirəm ki, Heydər Əliyev bu gün vətəndaşlarımız
tərəfindən müasir Azərbaycan cəmiyyətinin
qurucusu kimi də qəbul edilir.
Təbii
ki, Heydər Əliyevin müstəqil Azərbaycanın banisi
olması Azərbaycan xalqı tərəfindən Onun ən
böyük xidməti kimi dəyərləndirilməkdədir.
Əminliklə demək olar ki, hazırda Azərbaycanın
mövcudluğu, inkişafı və tərəqqisi bu
dövlətin Heydər Əliyev tərəfindən
yaradılmış özülünün kifayət qədər
möhkəmliyilə əlaqədardır. Heydər Əliyevin
yaratdığı fundamental baza üzərində qurulan Azərbaycan
dövləti həyatın bütün sahələrində
böyük uğurlar əldə edir. Buna görə də,
biz Heydər Əliyevin xidmətləri, Onun bu günkü Azərbaycan
tarixindəki rolu haqqında danışarkən, bir yandan Heydər
Əliyevin öz sağlığı zamanı həyata
keçirdiyi islahatları və onun nailiyyətlərini qeyd
etməli, digər tərəfdən isə Onun qurduğu
dövlətin bu günün özündə də əldə
etdiyi uğurları birmənalı şəkildə qiymətləndirməliyik.
Hörmətli Prezidentin də dəfələrlə
açıq şəkildə vurğuladığı kimi,
Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər
Əliyev siyasətilə bağlıdır. Azərbaycan cəmiyyəti
ölkəmizdə qazanılan uğurların əksəriyyətinə
görə, məhz, Heydər Əliyev siyasətinə
özünü borclu bilir.
Bir
sözlə, Heydər Əliyev Azərbaycanın ən
ağır dövrlərində ölkəni
başının üstünü almış təhlükələrdən
xilas edə bilib. Heydər Əliyev müstəqil Azərbaycan
dövlətini qurub, müasir Azərbaycan cəmiyyətini
formalaşdırıb, cəmiyyətimizin əsas dəyərlərini
müəyyənləşdirib və həmin dəyərlər
bu gün müasir cəmiyyətimizin inkişafının əsas
təməl prinsipləri kimi öz missiyasını yerinə
yetirir.
Heydər
Əliyev Azərbaycan xalqının Ümummilli lideri kimi
insanlarımızın milli həmrəylik və birlik
simvoluna çevrilib. Heydər Əliyev şəxsiyyəti,
adı və ideyaları ətrafında birləşən Azərbaycan
cəmiyyəti daha güclü, qüdrətli və əzəmətli
görünür. Bütün bunların hamısı təbii
ki, Heydər Əliyevin Azərbaycanın tarixində
oynadığı müstəsna roldur, həyata keçirdiyi
müstəsna xidmətlərdir və tarixi missiyadır. Eyni
zamanda, vurğulanmalıdır ki, əslində bu missiya Azərbaycanda
Heydər Əliyevin ideyalarının bu gün də davam
etdirilməsi formasında özünü göstərməkdədir.
-
Ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbinin
ənənələrinin, ideyalarının və siyasi
kursunun davam etdirilməsi haqqında hansı fikirləri
söyləmək olar?
-
Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir
ki, Onun müəyyənləşdirdiyi siyasət,
formalaşdırdığı dövlət və dəyərlər
bu gün də fəaliyyətdədir, Azərbaycan xalqına
xidmət edir. Təbii ki, bütün bunlar bir tərəfdən
Azərbaycan vətəndaşlarının Heydər Əliyev
şəxsiyyətinə və Onun siyasətinə dərin
hörmətini, ehtiramını ifadə edirsə, digər tərəfdən
bu dəyərlərin, ideyaların və müəyyənləşmiş
siyasətin həyatiliyindən, insanlara, bütövlükdə,
cəmiyyətimizə fayda veməsindən, Azərbaycanın
milli maraqlarına xidmət etməsindən irəli gəlir.
Heydər Əliyev Azərbaycanın bu gününü və
gələcəyini təmin edən siyasət və
konsepsiyalar müəyyənləşdirib. Bu konteksdə mən
Heydər Əliyevin dühasının məhsulu olaraq, ortaya
çıxmış və Azərbaycanın
iqtisadiyyatının qüdrətli əsası kimi, neft
strategiyasını ayrıca vurğulamaq istəyirəm.
Neft strategiyası
yalnız bir iqtisadi layihə deyil. Bu, bir iqtisadi
layihə olduğu qədər də, sosial və geopolitik konsepsiyadır ki, bu gün
Azərbaycan cəmiyyəti
onun faydalarını görməkdədir. Neft strategiyası
bir tərəfdən
Azərbaycan iqtisadiyyatının
təməlini təşkil
edir, digər tərəfdən, bu strategiyanın sayəsində
ölkədə çox
əhəmiyyətli sosial-iqtisadi
layihələr, həmçinin,
insanlarımızın rifahının
yaxşılaşması, ölkəmizin
bütövlükdə simasının
dəyişdirilməsi məqsədi
güdən infrastuktur
lahiyələri həyata
keçirilməkdədir. Bütün bunlar isə mahiyyət etibarilə Heydər Əliyevin neft strategiyasının üzərində qərar
tutub.
Eyni zamanda, Azərbaycanın istər
regionda, istərsə
də, beynəlxalq aləmdə güclü mövqeləri yenə də Heydər Əliyevin neft strategiyasına istinad edir ki, bu
da Onun geopolitik
əhəmiyyətindən və rolundan xəbər verir.
Heydər Əliyevin azərbaycanlıq
prinsipi dövlətimizin
ideya, məfkurə əsasını təşkil
etməklə, Azərbaycanda
mili həmrəyliyin,
birliyin möhkəmlənməsinə
xidmət edir. Azərbaycançılıq dövlətçiliyimizin ideya əsası kimi, bu dövlətin
daha da möhkəmlənməsinə,
güclənməsinə, qüdrətinin
artmasına xidmət edir.
Azərbaycançılıq ideyası təkcə ölkəmizin hüdudlarında
deyil, sərhədlərimizdən
də kənarda, ayrı-ayrı ölkələdə
cəmləşmiş etnik
azərbaycanlıların milli
həmrəyliyinin və
birliyinin formalaşmasına
da müstəsna təsir göstərir. Hesab edirəm
ki, dünyada müşahidə olunmaqda
olan, Azərbaycan diaspor hərəkatının
da inkişafında, onun genişlənməsində
Heydər Əliyevin azərbaycançlıq konsepsiyası
çox mühüm rol oynayır.
Əlbəttə ki, bütün bunların hamısı, sadalanmalı olan digər dəyərlər
də bu gün Azərbaycanın maraqlarına xidmət edir və dövlətimizin
inkişafının əsası
kimi çıxış
edir.
- Əli müəllim,
sonuncu sualımız siyasi sistemin demokratikləşməsində mühüm rol oynayan müstəqil mətbuat və söz azadlığı ilə bağlıdır. Məlum
olduğu kimi, 3 may tarixi dünyada Ümumdünya Mətbuat Azadlığı Günü
kimi qeyd olunur. Bu gün
Azərbaycanda da müstəqil mətbuat formalaşıb. Məhz, bu
prosesdə Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.
Bu konteksdə Ümummilli
lider Heydər Əliyevin xidmətləri
haqqında danışmağınızı
istərdik...
- Qeyd edim ki,
Heydər Əliyevin dövlətçilik konsepsiyası
bir neçə fundamental
əsaslara söykənir.
Bunların içərisində heç şübhəsiz
demokratiya, demokratik dəyərlər və plüralizm xüsusi yer tutmaqdadır. Bir şəxsiyyət kimi Heydər Əliyev dərin demokratik dəyərləri mənimsəmiş
insan idi və Onun idarəçilik
stilində də demokratiya, insanlara hörmət, onların hüquq və azadlıqlarına sayqı
göstərmək çox
vacib rol oynayırdı. Heydər Əliyevin
müstəqil Azərbaycanın
quruculuğu istiqamətində
muəyyənləşdirdiyi siyasət və konsepsiya yenə də əhəmiyyətli
dərəcədə bütün
dünyada qəbul olunan ümumbəşəri
dəyərlər olan
demokratik dəyərlərə
istinad etməsilə seçilirdi. Buna kifayət qədər misallar gətirmək mümkündür. Məsələn,
Heydər Əliyevin rəhbərliyi altında
qəbul olunan Azərbaycanın ilk milli Konstitusiyasının çox
ciddi şəkildə
demokratik dəyərlərə,
insan hüquq və azadlıqlarına istinad etdiyini, özündə bu dəyərləri əks
etdirdiyini qeyd etmək kifayətdir.
Heydər Əliyev Azərbaycanda siyasi plüralizmin də geniş şəkildə təşəkkül
tapması üçün
ciddi səylər göstərirdi və bunun nəticəsində ölkəmizdə siyasi plüralizm və siyasi tolenrantlıq özünə mühüm
yer tuta bildi. Digər tərəfdən, Heydər Əliyev insan azadlığına böyük önəm verirdi. Bu mənada
söz və mətbuat azadlığı
da Onun dövlətçilik
konsepsiyasının çox
vacib cəhətlərindən
biri kimi qeyd oluna bilər.
Bu gün Azərbaycanda
geniş inkişaf tapmış müstəqil
mətbuatın yaranmasında
Heydər Əliyevin söz və mətbuat azadlığına
xüsusi önəm verməsi və sayqı ilə yanaşması vacib rol oynayıb. Etiraf etmək
lazımdır ki, Azərbaycan yaşadığımız
bölgədə ən
geniş inkişaf tapmış sərbəst
və azad mətbuata malik olan ölkə kimi qəbul olunur. Bunu istər Azərbaycanda
azad mətbuat orqanlarının sayının
çoxluğu, istərsə
də onların sərbəst fəaliyyət
göstərməsi üçün
dövlət və hakimiyyət tərəfindən
yaradılmış əlverişli
mühitin olması təsdiq edir.
Heydər Əliyev Azərbaycanda sərbəst mətbuatın
və söz azadlığının təmin
olunması üçün
lazım olan bütün addımları
atmaqla yanaşı, Azərbaycan cəmiyyətində
belə bir ənənənin əsasını
qoymuş olub. Məsələn,
sovetlər dönəmindən
qalmış senzuranın
ləğv edilməsi,
azad mətbuat üçün hər bir şəraitin yaradılması, mətbuatın
inkişafı üçün
dövlət dəstəyinin
göstərilməsi təşəbbüsü
ilə dəfələrlə
çıxış etməsi
və s. Azərbaycanda
Heydər Əliyevin və Onun müəyyənləşdirdiyi
siyasətin söz və mətbuat azadlığına nə
qədər hörmətlə
yanaşdığından xəbər
verir. Xatırladım
ki, dəfələrlə
Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan mətbuatının
bir neçə il öncə
müəyyən səbəblərlə
əlaqədar üzləşdiyi
iqtisadi sıxıntıların
aradan qaldırılması
ilə bağlı çox vacib addımlar atıldı. Bu ənənə də bu gün
Azərbaycanda davam etdirilməkdədir. Məhz,
mətbuat sahəsində
çalışanlara hörmətin
və qayğının
göstərilməsi, onların
daha yaxşı iş şəraitilə təmin olunması istiqamətində müəyyən
tədbirlərin həyata
keçirilməsi Azərbaycanda
əsası Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş çox vacib ənənənin bu gün də
yaşadığını nümayiş etdirir.
Hesab edirəm
ki, bu, Azərbaycan
cəmiyyətinin demokratik
dəyərlərə söykəndiyini
sübut edən bir amil kimi
də dəyərləndirilir,
eyni zamanda, Azərbaycan dövlətinin
təməl prinsipləri
kimi Heydər Əliyev tərəfindən
formalaşdırılmış ənənələrin də
yaşadığını göstərir.
Sadaladığım cəhətlər Heydər
Əliyevin xalqımızın
qarşısında göstərdiyi
müstəsna xidmətlərin
yalnız kiçik bir siyahısıdır. Ölkə
əhalisinin Ümummilli
liderin xatirəsinə
hədsiz hörmət
və ehtiramla yanaşmasının, hər
il onun
doğum gününü
böyük məhəbbətlə
qeyd etməsinin kökündə bu xidmətlər və onların unudulmaması dayanır.
Yeni Azərbaycan.- 2012.- 8 may.- S.3.