“Güllələnmiş
heykəllər və ruhlar şəhəri”
- ŞUŞA
YAP Gənclər Birliyi Şuşa
şəhərinin işğalının 20-ci
ildönümü ilə bağlı fotosərgi təşkil
edib
Dünən
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB)
Ofisində Şuşa şəhərinin ermənilər tərəfindən
işğalının 20-ci ildönümünə həsr
olunmuş sərgi keçirilib. Şuşanın
işğalı ilə bağlı həqiqətləri bir
daha gənclərə və ölkə ictimaiyyətinə
çatdırmaq məqsədilə təşkil olunmuş sərgidə
“Şuşa işğaldan öncə”, “Şuşa
işğaldan sonra”, “Ermənilərə yaraşmayan
Şuşa”, “Şuşa od içində”,
“Şuşalılar”, “Güllələnmiş heykəllər
və ruhlar şəhəri”, “Abidələr şəhəri-Şuşa”
mövzusunda olan fotoşəkillər nümayiş etdirilib.
YAP Gənclər
Birliyinin sədri Seymur Orucov YAP GB-nin Şuşanın
işğal edilməsinin 20-ci ildönümü ilə
bağlı tədbirlər planı
hazırladığını və aksiyalar həyata
keçirdiyini söyləyib. Onun sözlərinə görə,
YAP Gənclər Birliyinin hazırladığı
Şuşanın işğalı ilə bağlı
müraciət beynəlxalq təşkilatların katibliklərinə,
bəzi dünya dövlətlərinin parlamentlərinə
elektron poçt vasitəsilə ünvanlanıb. Keçirilən
sərgi də məhz bu tədbirlər silsiləsindəndir.
Tədbirdə
çıxış edən YAP Sədrinin müavini-İcra
katibi, millət vəkili Əli Əhmədov bildirib ki, YAP Gənclər
Birliyi tərəfindən hazırlanan bu sərgi erməni
vandalizmini, erməni vəhşiliyini açıq şəkildə
təsəvvür etməyə imkan yaradır. Əli Əhmədov
qeyd edib ki, sərgidə təqdim olunan şəkillərdə
erməni işğalından sonra Şuşa şəhərinin
necə xarabalığa çevrildiyi açıq-aydın
görünür: “Eyni zamanda, bu şəkillərə baxanda
biz bu gün Şuşa şəhərində kimlərin
yaşadığını görürük. Vaxtilə Azərbaycanın
ən dilbər mədəniyyət mərkəzlərindən
olan Şuşada hansı insani keyfiyyətlərə-əgər
onlara insan demək mümkündürsə, malik olanların
yaşadığını görə bilirik. Bu gün
güllələnən abidələrin şəkilləri
nümayiş etdirilir. Hətta ermənilər görün
hansı keyfiyyətlərə malik bir xalqdır ki, onlar heykəlləri
də gülləyə tuturlar. Əlbəttə biz əminik
ki, yaxın zamanlarda bütün Azərbaycan torpaqları, eyni
zamanda, Azərbaycanın dilbər guşəsi olan Qarabağ,
Şuşa azad olunacaqdır. Təbii ki, bu sadəcə arzu
deyil, biz torpaqlarımızın azad edilməsi yönündə
dayanmadan çalışırıq”.
YAP-ın
Sədr müavini, həmçinin, deyib ki, dövlətimizin
gücü, hərbi potensialımızın artması,
iqtisadiyyatımızın möhkəmlənməsi, dövlətimizin
dünya birliyində mövqelərinin güclənməsi
yaxın zamanlarda Azərbaycanın haqqı, ədaləti bərpa
etməsinə möhkəm baza yaradır. Bu mənada, digər
çox ciddi amil ondan ibarətdir ki, Azərbaycanın gəncləri
torpaqlarımızı azad etmək üçün tam
hazırdırlar. “Zamanı gəlib çatanda sülh,
danışıqlar yolu ilə torpaqlarımızın azad
edilməsi potensialı tamamilə aradan qalxdıqda, dövlətimizin
gücü, ordumuzun qüdrəti və
insanlarımızın, ən əsası gənclərimizin
qətiyyəti sayəsində bu torpaqlarımızı
işğaldan azad edəcəyik. Hamımız buna hazır
olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı
buna hazır olmalıdır və güman edirəm ki,
hazırdır. Əminəm ki, biz Azərbaycanın ərazi
bütövlüyünü təmin edəcəyik. Mən
YAP Gənclər Birliyinin bu vətənpərvərlik
aksiyasını yüksək qiymətləndirirəm. Əminəm
ki, məhz bu gənclər torpaqlarımızın azadlığı
uğrunda mübarizənin, qətiyyətin, əzmkarlığın
önündə dayanacaq. Mən arzu edirəm ki, gələn
il Şuşa, Azərbaycanın digər işğal
altında olan əraziləri işğaldan tam azad olunsun”, -
deyə Əli Əhmədov qeyd edib.
Çıxış
edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin
üzvü Bahar Muradova qeyd edib ki, bu günlər hər birmiz
üçün dərin kədər, həm də gələcəyə
inam hissi ilə qeyd olunur. Millət vəkili bildirib ki, bu
günlərdə respublikamızın hər yerində
Şuşanın işğalının 20-ci
ildönümü ilə bağlı tədbirlər
keçirilir. Bu tədbirdə Şuşanın Azərbaycan
xalqının ictimai-siyasi həyatında hansı yeri
tutduğu barədə fikirlərin səsləndiyini deyən
B.Muradova qeyd edib ki,
Şuşanın işğalı ermənilərə digər
Azərbaycan torpaqlarını işğal etmək
üçün “şərait” yaratdı: “Bu gün, eyni zamanda,
torpaqlarımızın işğaldan azad edləcəyi ilə
bağlı dərin inam ifadə olundu. Mən buna əminəm.
Çünki bu torpaq bizim torpağımızdır. Şəkillərə
baxdıq və müqayisə imkanı yarandı. Bu gün
ermənilər söyləyirlər ki, guya Şuşanı və
digər regionları “azad” ediblər. Bir müqayisəni gətirək
ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra erməni işğalı altında olan
ərazilərimizin bir hissəsi azad edildi. Füzuli, Ağdam
rayonlarının bir hissəsi, Dağlıq Qarabağın
bir hissəsi olan həmin torpaqlar bu gün özünün
inkişafını yaşayır, həmin torpaqlara can gəlir.
Bu torpaqlar abadlaşır, orada geniş abadlıq layihələri
həyata keçirilir. Çünki həqiqətən, bu
torpaqlar bizimdir və işğaldan azad olunmuş
torpaqlardır. Amma Şuşadan olan görüntülərdən
bir daha görürük ki, orada vəziyyət fərqlidir.
Onlar bilirlər ki, orada müvəqqətidirlər, özgə
torpağını zəbt ediblər. Onlar bilirlər ki,
özgə ocağında xoşbəxt olmaq mümkün
deyil. Ona görə də, bu gün işğal altında
olan torpaqlarda erməni gəncləri qalmır. Məhz Ermənistanın
özünün siyasəti nəticəsində
evini-eşiyini itirmiş bir neçə erməni orada məskunlaşıb.
Amma onlar Şuşanın sahibləri deyillər.
Şuşanın əsl sahibləri Azərbaycan dövlətidir,
azərbaycanlılardır. Biz bütün torpaqlarımıza
sahib çıxacağıq. Bunun üçün bizim
bütün imkanlarımız var. Azərbaycan dövlətinin
yeritdiyi siyasət bu gün Azərbaycanın beynəlxalq aləmdə
qazandığı yer, möhkəm mövqe, onun dünya
siyasətində öz sözünü deməsi
işğalda olan torpaqlarımızın azad olunmasına
möhkəm zəmin yaradır. Biz öz
torpaqlarımızın sahibi kimi o torpaqlara
qayıdacağıq. Və elə Qarabağda yaşayan ermənilərə
bizimlə bərabər yaşamaq hüququnu verəcəyik.
Bu, Azərbaycan dövlətinin, Prezidentinin iradəsidir və
Azərbaycan xalqının müqəddəs arzusudur. Mən əminəm
ki, bu gün hər bir Azərbaycan gənci ayaqdadır və
bu gəncliyin içində YAP
Gənclər Birliyinin öz yeri var. Bu gün bu tədbirin təşkili
ilə onlar öz siyasi münasibətlərini bildiriblər və
lazımi anda digər şəkildə də öz münasibətlərini
bildirməyə hazırdırlar”.
Çıxış
edən YAP Şuşa rayon təşkilatı Gənclər
Birliyinin sədri Samir Rəhimov bildirib ki, Şuşa şəhəri
işğal olunan zaman onun 8 yaşı vardı: “Bu gün mənim
28 yaşım var. Mənim üçün işğal
altında olan şəhərim haqqında danışmaq
çox çətindir. Amma möhtərəm Prezidentimizin
apardığı qətiyyətli və davamlı siyasi kurs
işğal altında olan torpaqlarımızın azad ediləcəyi
günü yaxınlaşdırıb. Mən hər bir Azərbaycan
gənci kimi cənab Prezidentimizin bu siyasətini dəstəkləyirəm
və hər zaman əsgər kimi torpaqlarımızın azad
edilməsində iştiraka da hazıram”.
Çıxış
edən Şuşa şəhərinin sakini, məcburi
köçkün Əyyub Əbdüləzimov da Şuşa
şəhəri ilə bağlı xatirələrini
bölüşüb. Qeyd olunub ki, hər bir şuşalı
gözəl şəhərin
azad ediləcəyi günü gözləyir.
Daha
sonra gənclər hazırlanan stendlərlə yaxından
tanış olublar və fotoşəkillərlə
bağlı onlara geniş məlumat verilib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2012.- 9 may.- S.3.