Asiyada sülh və barışıq” beynəlxalq konfransında Qafqazdakı vəziyyət müzakirə olunub

 

YAP-ın nümayəndəsinin təklifi ilə konfransın yekun Bəyannaməsinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddə əlavə edilib

 

Müsahibimiz Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyevdir:

- Asəf müəllim, bu yaxınlarda Şərqi Timorda səfərdə olubsunuz. Bu səfərdə məqsəd nə idi?

- Bir neçə gün öncə Şərqi Timorun paytaxtı Dili şəhərində “Asiyada sülh və barışıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbir Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP), Mərkəzi Asiya və Sakit Okean Beynəlxalq Demokratlar Təşkilatı (CAPDİ) və Beynəlxalq Ekologiyanın Qorunması Təşkilatının birgə təşəbbüsü ilə baş tutdu. Konfransda Asiya üzrə bütün bölgələrin vəziyyətinə dair müzakirələr aparıldı. Belə ki, Şərqi Timorda, İndoneziyada, Kambocada, Nepalda, Taylandda, Əfqanıstanda, Pakistanda, Hindistanda, bir sözlə Asiyada mövcud olan problemlər, münaqişələr analiz olundu. Konfrans iştirakçıları mövcud problemlərə dair geniş müzakirə apardılar. Yekunda isə beynəlxalq konfransın Bəyannaməsi qəbul olundu. Bəyannamədə  XXI əsrin Asiya əsri olduğu vurğulanır. Çünki Asiyada bu gün sürətli inkişaf müşahidə olunur. Asiyanın inkişafı dünyaya məlumdur və yaxın gələcəkdə bu məkanda bütün sahələrdə böyük irəliləyişlər gözlənilir. 

Onu da qeyd edim ki, beynəlxalq konfransın işində Asiyanın nüfuzlu siyasi xadimləri də iştirak edirdilər. Belə ki, İCAPP-ın qurucusu, təşkilatın Daimi komitəsinin həmsədri, beş dəfə Filippinin spikeri olmuş Xose de Vensia, Şərqi Timorun keçmiş prezidenti, Nobel mükafatı laureatı Ramoş Horta və başqalarının adını çəkmək olar.

- Konfransda Cənubi Qafqaz regionundakı vəziyyət, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi müzakirə olundumu?

- Bəli, Qafqazdakı vəziyyət də tədbirin müzakirə predmeti oldu. Bu barədə mən geniş məruzə ilə çıxış etdim. Mən çıxışımda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında ətraflı məlumat verdim. Məruzə edərkən xəritələrə istinad edib, real faktları diqqətə çatdırdım. Çünki bu xəritələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü öz əkini tapırdı. Nəzərinizə çatdırım ki,  çıxışımdan əvvəl təşkilatçılar həmin xəritələrdən 500 nəfərlik konfrans iştirakçılarının hər birinə  paylamışdılar. Mən çıxış edəndə hər kəsin qarşısında həmin xəritələr var idi. Çıxışdan sonra mən Qafqazda olan vəziyyətə dair müddəanın yekun  Bəyannaməyə əlavə olunmasını təklif etdim və bu təklifim qəbul olundu.

Şərqi Timorda keçirilən tədbirdə qəbul edilmiş Bəyannamənin “Qafqazlardakı vəziyyət haqqında” maddəsi birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibəti ifadə edir. Bəyannamədə deyilir: “Qafqazdakı vəziyyətə gəlincə, biz, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr çərçivəsində həll olunmasını və Prezident İlham Əliyevin, Yeni Azərbaycan Partiyasının bölgədə sülhə, əmin-amanlığa və inkişafa yönəldilmiş səylərini dəstəkləyirik”.

Hesab edirəm ki, bu, çox önəmli məsələdir. Çünki üç böyük beynəlxalq təşkilatın bir araya gəlməsi və bizim təklifimizlə Dağlıq Qarabağ münaqişəsinə dair müddəanın sənədə daxil edilməsi  göstərir ki, YAP nəinki Avropada, həmçinin, Asiya məkanında da beynəlxalq əlaqələrini çox düzgün qurub. Biz bu qərarı yüksək qiymətləndirik. Ona görə yox ki, qərar Azərbaycanın xeyrinədir. Biz ədalətli olduğuna görə bu qərarı dəstəkləyirik. Eyni zamanda, hesab edirəm ki, əldə olunan nəticə YAP-ın İCAPP-da fəal təmsilçiliyinin göstəricisidir. Təsadüfi deyil ki, YAP İCAPP üzvü olan 330 partiyanı idarə edən Daimi komitənin 18 üzvündən biridir. Daimi komitədə Rusiya, Çin, Yaponiya, Koreya və digər nüfuzlu dövlətlərin partiyaları təmsil olunur. Onların arasında əhalisinin sayı baxımından kiçik olan ölkə Azərbaycandır. Amma 330 partiyanı idarə edən partiyalar arasında YAP da var.  Bu amil ölkəmizin və partiyamızın beynəlxalq müstəvidə nüfuzunun göstəricisidir. 

- Asəf müəllim, yaxın zamanlarda ölkəmizdə partiyamızın beynəlxalq əməkdaşlığı çərçivəsində hansı tədbirlərin keçirilməsi gözlənilir?

- YAP-ın beynəlxalq əlaqələri yalnız Avropa məkanı ilə bitmir. Azərbaycan Avropa ilə Asiya arasında bir körpüdür. Ona görə də, Asiya qitəsi ilə də əməkdaşlıq məsələlərinə önəm veririk. Belə ki, 2012-ci ilin iyun ayında Azərbaycanda İCAPP-ın Daimi komitəsinin iclası keçiriləcək. Qeyd edim ki, Daimi komitənin iclasının harada keçirilməsi müzakirə olunanda ölkənin inkişafı, orada baş verən proseslər nəzərə alınır. Ötən il seçim zamanı bir neçə ölkənin namizədliyi olsa da, Azərbaycana üstünlük verildi. Bu da onu göstərir ki, Azərbaycanda baş verən proseslərə dünya böyük maraq göstərilir.

Qazanılan uğurlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Azərbaycan həm Avropa, həm də Asiya üçün çox cəlbedici ölkədir. Çünki inkişafın Azərbaycan modelini bir çox dövlətlər öyrənmək istəyirlər. Bu modeldən istifadə etməyə çalışırlar. Azərbaycan  modelinin xüsusiyyəti ondan ibarətdir ki, hər sahədə paralel inkişaf müşahidə olunur. Digər tərəfdən, bu modelin kökündə xalqla hakimiyyət, partiyamız arasında birlik dayanır. Bu birlik inkişaf prosesində böyük sıçrayışlara gətirib çıxarır.

Onu da qeyd edim ki, bu ilin noyabr ayında ölkəmizdə daha böyük siyasi hadisə baş verəcək. Belə ki, İCAPP-ın Baş Assambleyası Bakıda keçiriləcək. Bu tədbirdə Asiyanın ən aparıcı partiyalarının nümayəndələri, 400-500 siyasi xadim iştirak edəcək. Eləcə də, tədbirə Avropanın nüfuzlu təşkilatlarından da nümayəndələr dəvət olunacaq. Bu isə YAP-ın nüfuzunun artması ilə yanaşı, onun dünyanın siyasi qurumlarına inteqrasiyasının nəticəsidir.



Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2012.- 9 may.- S.3.