DEMOKRATİK İNKİŞAFIN YENİ MODELİ: AZƏRBAYCAN NÜMUNƏSİ

 

Demokratik dövlətin formalaşması və inkişafı hər bir siyasi-sosial şəraitdə fərqli olur. Milli dəyərlərdən və mentalitetdən asılı olaraq, formalaşan demokratik idarəçilik müxtəlif elementləri və faktorları özündə birləşdirir. Əlbəttə ki, ümumi mənada real demokratiya xalq tərəfindən seçilən adamların hakimiyyətidir. Bu da təbii olaraq, nümayəndəli demokratiyadır. Amma bütün hallarda demokratiyanın cəhətləri kimi aşağıdakıları göstərmək olur:

- demokratik dövlətlərdə hakimiyyətin mənbəyi xalqdır. Yəni, xalq öz rəyinə əsaslanaraq, nümayəndələrini seçir və onlara dövlətin məsələlərini həll etməyə hüquq verir;

- siyasi hakimiyyət demokratiya şəraitində legitim xarakter daşıyır və qəbul olunmuş qanunlara müvafiq olaraq həyata keçirilir;

- demokratik idarəçilik forması üçün hakimiyyətin bölünməsi prinsipi səciyyəvidir. Bu, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bir-birindən ayrılması, praktiki olaraq, real müstəqilliyinin təcəssümüdür;

- demokratik rejim xalqın siyasi qərarların işlənib hazırlanmasına təsiri hüququ ilə səciyyələnir. Yəni, burada qərarların işlənib hazırlanmasında xalqın siyasi iştirakına konstitusiya ilə təminat verilir;

- əsas cəhətlərdən birini də iki və ya çoxpartiyalı sistemin yaradılmasını, siyasi partiyaların rəqabətliliyini, eyni zamanda, partiyaların həm parlamentdə, həm də ondan kənarda qanun çərçivəsində mövcudluğunu nəzərdə tutan siyasi plüralizm təşkil edir;

- nəhayət, demokratik siyasi rejim insan hüquqlarının reallaşmasının yüksək səviyyəsilə səciyyələnir.

Bütün sadaladığımız amillər klassik demokratik rejimlərin mahiyyətini təşkil edir. Demokratik inkişaf yolunu tutmuş bütün dövlətlərin hakimiyyətləri bu və ya digər formada bu faktorları özlərində birləşdirirlər. Biz bunu müasir Azərbaycanın timsalında da görə bilərik.

 

Anarxiyadan siyasi sabitliyə, demokratiyaya doğru

 

Ümumiyyətlə, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi fundamental istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən iddialı ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin komponentlərinin təşəkkül tapmasını, inkişafını təmin edən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi olub.

Belə ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin qarşısında duran başlıca vəzifə totalitar sistemdən çıxıb yeni cəmiyyət və milli dövlət quruculuğunun həyata keçirilməsi, həmçinin, onun fonunda reallaşdırılacaq islahatların davamlılığının təmin edilməsi idi. Bunun üçünsə, rasional strateji konsepsiyanın hazırlanması və praqmatik addımların atılması zəruri idi.

Amma müstəqilliyin ilk illərində hakimiyyətdə olan səriştəsiz qüvvələrin irrasional fəaliyyəti nəticəsində ölkəmizdə, sözün əsl mənasında, siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən böhran tendensiyası bəhs edilən vəzifələrin reallaşdırılmasını mümkün etmədi. Ölkəyə “rəhbərlik” edən şəxslərin ümummilli mənafedən uzaq şəkildə korporativ maraqların təmin olunması uğrunda mübarizəyə qalxması ölkəni müxtəlif təyinatlı qüvvələrin mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirdi. Bu isə qeyd etdiyimiz kimi, demokratik tranzitin başlanmasına imkan vermədi. Nəticə etibarilə, sistem dəyişikliyi avtoritarizmdən oxlokratiya ilə ayaqda duran neoavtoritarizmə keçid formasında baş tutdu.

Lakin 1993-cü ildən, yəni, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra həyata keçirilən kompleks islahatlar demokratik transformasiyanı təmin edən fundamental mexanizm oldu. Ölkə daxilində ayrı-ayrı şəxslərin və ya siyasi subyektlərin maraqlarını ifadə edən silahlı qruplaşmalar neytrallaşdırıldıqdan, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra siyasi-sosial və iqtisadi stabillik bərqərar oldu. Bunun davamı olaraq, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum nəticəsində ölkə Konstitusiyasının qəbul edilməsi demokratik transformasiyanın əsasını qoyan tarixi addım oldu. Bundan sonra çoxpartiyalı təmsilçilik əsasında parlament seçkilərinin keçirilməsi, qanunvericilik prosesinin rasional və konstitusion şəkildə təşkil edilməsi hüquqi dövlət quruculuğu prosesini sürətləndirən mühüm amil oldu.

Beləliklə, hüquqi nihilizmin aradan qaldırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Bu sırada Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi, mətbuat üzərindəki senzuranın ləğv edilməsi və müstəqil medianın formalaşdırılması kimi islahat xarakterli addımlar xüsusi vurğulanmalıdır.

 

Azərbaycanda demokratik idarəçiliyin möhkəmləndirilməsində Prezident İlham Əliyevin rolu

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirdi. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirdi.

Demokratik transformasiya kursunun uğurla davam etdirilməsi, demokratikləşmə prosesinin intensiv surətdə həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması, söz və özünüifadə azadlığının təmin və müdafiə olunması kimi başlıca strateji istiqamətlərdə fundamental uğurlar əldə edilib. Mövcud uğurların mahiyyətini və əhəmiyyətini anlamaq üçün bir neçə istiqamətdə atılan addımlara və əldə olunan nəticələrə toxunmaq məqsədəmüvafiqdir.

Qeyd etmək lazımdır ki, milli inkişaf strategiyasının hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması istiqamətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasıyla bağlı mühüm struktur islahatları həyata keçirildi. Belə ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlətin təməl atributlarından və əlamətlərindən biri kimi, ilk növbədə, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində kompleks tədbirlər görülüb. Bəhs edilən sahədə fundamental institusional mexanizmlərin formalaşdırılması və mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinə birmənalı şəkildə mühüm töhfələr bəxş edib. Bununla yanaşı, bəhs edilən istiqamətdə Konstitusiyaya müvafiq surətdə normativ hüquqi aktların qəbul edilməsi, müvafiq sərəncam və fərmanların verilməsi, ölkəmizin milli maraqlar və dəyərlər əsasında beynəlxalq konvensiyalara və müqavilələrə qoşulması insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizminin səmərəliliyini təmin edən növbəti strateji faktor kimi dəyərləndirilməlidir. Bu sıraya Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində müəyyən olunmuş tədbirlərin əsaslı və məqsədyönlü şəkildə həyata keçirilməsi məqsədilə Ulu öndər Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsini, məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyunun Azərbaycanda İnsan hüquqları günü elan edilməsini və bundan sonra da bu sahədə əhəmiyyətli strateji tədbirlərin görülməsini, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində keçirilmiş ümumxalq səsverməsi-referendumlar nəticəsində insan və vətəndaş hüquq və azadlıqları istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsini və digərlərini aid etmək olar. Ötən il isə insan hüquqları sahəsində Prezident İlham Əliyev mili fəaliyyət planını da təsdiqlədi.

Bundan başqa, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar da hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal substratlarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.

Beləliklə, bütün bunlar mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin də formalaşdırılması üçün xüsusi önəm kəsb edən təməl strateji substratlar oldu. Məhz bütün bu tədbirlər və nailiyyətlərin fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış etdi. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birilərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını da şərtləndirdilər. Bu isə ümumi sosiumun tərkibində “mərkəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində çıxış etmiş oldu.

Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd edib: “Biz müasir dövlət qururuq. Dövlət quruculuğu Azərbaycanda, əslində, 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir... Ancaq əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üzrə bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü siyasi sistem olmalıdır... Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, əks təqdirdə biz bu inkişafa nail ola bilməzdik”.

Ən əsası isə, ötən zaman ərzində söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra həyata keçirilən demokratik transformasiya və milli inkişaf strategiyasının fonunda media təsisatının təşəkkülü və inkişafına xüsusi diqqət göstərildi və bu sahədə strateji səciyyəli fundamental işlər görüldü. İlk növbədə, kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti üçün qanunvericilik bazası formalaşdırıldı və müvafiq hüquqi substratlar təsbit edildi.

Hələ 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ərəfəsində onun memarı, yaradıcısı Ulu öndər Heydər Əliyevin səyləri ilə insan və vətəndaş hüquq və azadlıqlarının-sərbəst düşüncə və özünüifadə, dini etiqad və məslək azadlığının təmin olunması istiqamətində xüsusi maddələr Ana Qanuna salındı. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə media sektorunun inkişafına, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunmasına fundamental töhfələr bəxş edən çox ciddi addımlar atıldı. 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.

1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu.

2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bununla yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən fundamental mexanizm qismində çıxış etdi.

 

Möhkəmlənən konsolidasiyalı demokratiya modeli...

 

Göründüyü kimi, Azərbaycan demokratik inkişaf yolunda uğurla addımlayır və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasi-hüquqi islahatların nəticəsi kimi Azərbaycan demokratik inkişaf baxımından Qərb dövlətlərilə eyni sırada durur. Yəni, Azərbaycan bu gün dünyada insan hüquqlarının qorunduğu və qanunun aliliyinin təmin edildiyi demokratik ölkələrdən biri kimi qəbul edilir. Artıq Prezident İlham Əliyev səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə konsolidasiyalı demokratiyanın oturuşmasını labüdləşdirir. Bütövlükdə, idarəçilik sisteminin təkmilləşdirilməsi, cəmiyyətin ayrı-ayrı fəaliyyət sferalarında şəffaflığın, vətəndaşla dövlətin birbaşa dialoqunun təmin edilməsi Azərbaycanın demokratik dəyərlərə nə qədər sadiq olduğunu sübut edir.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası nəticəsində ölkəmiz demokratik tərəqqi baxımından inkişaf etmiş ölkələrin sırasında duracaq.

 

 

Hüseyn PAŞAYEV,

YAP Mətbuat Xidmətinin

rəhbəri, YAP Siyasi Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2012.- 12 may.- S.4.