Prezident İlham Əliyevin
tapşırığına əsasən 2012-ci ildə
bütün rayon mərkəzlərində su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulmasına
başlanılacaq
“Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
Hüseynov www.yap.org.az saytına müsahibə verib:
-
Qorxmaz müəllim, məlumdur ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə bütün
infrastruktur sahələrinin inkişafı ilə bağlı
dövlət siyasəti həyata keçirilir. Bu siyasətə
uyğun olaraq respublikamızda əhalinin içməli su təminatının
və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması istiqamətində
hansı tədbirlər görülür?
-
Bildiyiniz kimi, bu gün respublikamızda genişmiqyaslı
abadlıq, quruculuq işləri həyata keçirilir. Ölkə
başçısının bu uğurlu siyasəti su təsərrüfatı
sektorundan da yan keçməyib. 2011-2012-ci illərdə bu
istiqamətə daha çox diqqət ayrılıb və
dövlət büdcəsindən su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulmasına ayrılan vəsaitlərin
həcmi ilbəil artır. Hazırda dövlət
proqramları çərçivəsində həm Bakı
şəhəri və onun qəsəbələrində, həm
rayon mərkəzlərində, həm də kəndlərdə
mühüm layihələr həyata keçiririk. Bakı
şəhərində su və kanalizasiya sisteminin
inkişafı ilə bağlı biz əsasən mövcud
kommunikasiyaların təmiri istiqamətində işlərimizi
aparırıq. Eyni zamanda, Bakıətrafı kənd və qəsəbələrdə
layihə və tikinti işləri həyata keçirilir.
Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin təqribən
1 il əvvəl təsdiqlədiyi “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”
çərçivəsində Bakıətrafı kəndlərin
və qəsəbələrin su təchizatı və
kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması nəzərdə
tutulub. 2011-ci ildən başlayaraq bu istiqamətdə bir
sıra layihələr həyata keçiririk və ölkəmiz
üçün çox böyük bir proqramı icra edirik.
İlkin
olaraq 2012-ci ildə yay aylarında paytaxtımızda və ətraf
ərazilərdə əhalinin su təchizatını
yaxşılaşdırmaq üçün ən vacib tədbirləri
həyata keçiririk. Maksimum proqramlar olaraq isə layihələr
hazırlanır və həmin layihələr üzrə
şəbəkələrin, su və kanalizasiya sistemlərinin
qurulması işləri həyata keçiriləcək. Bu
işlərin başlanğıcı kimi, ən vacib məsələlərdən
biri olan böyük Bakının Master Planını
hazırlayırıq. Burada təkcə Bakının deyil, həm
də, ətraf kənd və qəsəbələr, hətta
Sumqayıt şəhəri və Abşeron rayonunun mövcud
şəbəkəsi və perspektiv inkişafı nəzərə
alınır. 2011-ci ilin sonundan işlərə start verilib və
ötən həftə Master Planın ilkin təqdimatı
oldu. Başqa sözlə, Planın birinci mərhələsinin
hazırlanması başa çatdı və onun təqdimatı
keçirildi. Doğrudan da görürük ki, Bakı şəhərinin
su və kanalizasiya sisteminin kompleks həlli üçün bu
Master Plan çox əhəmiyyətli bir sənəddir. Yəni,
biz artıq burada Bakı şəhərində yerləşmə
planına, şəhərin hündürlük səviyyəsinə
görə neçə zonadan ibarət olduğunu, hər zona
üzrə əhalinin yerləşmə
sıxlığını görə bilirik. Master Planın
son variantı hazır olanda, 2035-ci ilə qədər
inkişaf perspektivi nəzərə alınmaqla “Azərsu”
ASC-nin hansı işlər görəcəyini proqram şəklində
təsdiq edəcəyik. Orada həmin işin layihəsi, eləcə
də büdcəsi yer alacaq.
Hazırda
Bakı şəhərinin əsasən mövcud şəbəkələri
üzərində maksimum işlər aparmağa
çalışırıq ki, yay aylarında insanların su
təminatı ən azından ötən ilkindən
yaxşı olsun. Bir sıra tədbirlər artıq öz həllini
tapıb. Belə ki, “+160 Şimal” anbarından çəkilən
yeni su xətti Binəqədi və Nəsimi rayonları ərazisindəki
mikrorayonlarda, Azadlıq prospekti boyunca demək olar ki, 40 minə
qədər insanın fasiləsiz rejimdə su təminatına
imkan verir. “+110 Şərq” anbarının yenidən
qurulması, orada suyun anbara girişi və anbardan
çıxışının səmərəli tənzimlənməsi
istiqamətində işlər aparılır. Oradan Elşən
Süleymanov küçəsi boyunca Bakıxanov qəsəbəsinə
qədər magistral su xətti çəkilir və bununla
Bakıxanov qəsəbəsinin də fasiləsiz su təminatı
mümkün olacaq. Eyni zamanda, Nizami rayonu “8 km” qəsəbəsində
fasiləsiz su rejiminə nail olacağıq. Bundan başqa
Hövsan qəsəbəsi üçün xüsusi əhəmiyyət
daşıyan layihə həyata keçirilir. Hövsanda yeni
xəttin inşasına başlamışıq və onu
mövcud kəmərə birləşdirəcəyik. Paralel
olaraq dəniz səviyyəsindən 70 metr
hündürlükdə yerləşən həcmi 20 min
kubmetr olan anbar kompleksində son tamamlama işləri gedir,
bunlar başa çatandan sonra illərdir içməli sudan əziyyət
çəkən Hövsan qəsəbəsinin böyük
bir hissəsinə fasiləsiz rejimdə su vermək mümkün
olacaq.
Eyni
zamanda, bu layihələr məhəllədaxili anbarların,
nasosxanaların ləğvinə gətirir. Burada bizim
üçün maddi cəhətdən də sərfəli məqamlar
var. Çünki əlavə elektrik enerjisi sərfindən
azad oluruq və eyni zamanda suyun fasilələrlə verilməsi
ortadan qalxır. Ən başlıcası məhəllədaxili
anbarlardan biz azad ola bilirik ki, bu da suyun daha keyfiyyətli şəkildə
əhaliyə çatdırılması deməkdir.
Son
vaxtlar Bakıda aparılan abadlıq işləri ilə
bağlı hətta əvvəlcədən nəzərdə
tutmadığımız işləri də həyata keçirmişik.
Xüsusilə “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar
yolların asfaltlanması zamanı fürsətdən istifadə
edərək həmin küçələrdən keçən
köhnə, yararsız və kiçik diametrli xətləri
yeniləri ilə əvəz etmişik. Belə
ünvanların sayı 30-dan artıqdır. Qısa müddətdə
bu işləri başa çatdırmaq üçün “Azərsu”
ASC-nin tikinti ilə əlaqəli əməkdaşları,
podratçılar demək olar ki, fasiləsiz işləyiblər.
-
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nda, regionlarda infrastruktur layihələrinin
icrası ilə bağlı işlərin icrası nə yerdədir?
- Mən
yuxarıda bu sualın cavabını müəyyən qədər
əhatə elədim. Amma geniş məlumat verərək deyə
bilərəm ki, Abşeron yarımadasında sürətli
urbanizasiya və şəhərsalma prosesi gedir, yeni-yeni
yaşayış massivləri yaradılır. Bakı şəhəri
və Abşeron yarımadasında 54 kənd və qəsəbə
var ki, bu gün onların 40-a qədərində içməli
su təchizatı sistemi ya yoxdur, ya da qismən mövcuddur. Cənab
Prezident İlham Əliyevin 2011-ci il may ayının 4-də təsdiq
etdiyi “2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nda bu məsələlərin
hamısı öz əksini tapıb və hər bir qəsəbə
üçün konkret tədbirlər müəyyənləşib.
Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan,
Pirallahı və digər qəsəbələri mərkəzləşdirilmiş
su təchizatı sisteminə qoşmaqla onların hər
birində şəbəkə yaratmaq niyyətindəyik.
Yaşayış massivlərinə fasiləsiz su vermək,
suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət
edilməsi məqsədilə Bakıətrafı qəsəbələrdə
ümumi həcmi 200 min kub metr olan 10 su anbarının tikintisi
planlaşdırılır və artıq Balaxanı, Məhəmmədi,
Zirə qəsəbələrində onların tikintisinə
başlanılıb.
Proqramın
tərkib hissəsi olaraq Ceyranbatanda Avropanın ən
böyük ultrasüzgəcli sutəmizləyici qurğusunun
(məhsuldarlığı saniyədə 5 kubmetr və ya
sutkada 520 min kubmetr) tikintisi uğurla davam edir. Abşeron
yarımadasında yerləşən bütün qəsəbələr
üzrə su təchizatı və kanalizasiya sistemləri
şəbəkəsinin layihələndirilməsi işləri
başa çatdırılıb, həmin qəsəbələrin
bəzilərində tikinti işlərinə başlanıb.
Bildiyiniz
kimi, Dövlət Proqramında Bakı şəhəri
üzrə də tədbirlər nəzərdə tutulub.
Bakı şəhərinin mövcud kommunikasiyasının
böyük bir hissəsi istismara yararsız vəziyyətdədir,
deməli, şəhərdə kommunikasiyalar yenilənməlidir.
Amma bütün bunlar bir günün, iki günün işi
deyil. Çünki, bu, şəhər infrastrukturu olan yerdə
mürəkkəb bir işdir. Bu səbəbdən də
işlər planlı şəkildə həyata keçiriləcək.
Biz maksimum çalışırıq ki, şəhər
daxilində, xüsusi yerlərdə bu layihələr həyata
keçirilərkən müasir texnologiyaların tətbiqinə
üstünlük verək.
-
Bildiyimiz kimi “Azərsu” ASC regionlarda da iri layihələr həyata
keçiri və onların icrasında beynəlxalq maliyyə
qurumları ilə əməkdaşlıq edir. Bu barədə məlumat
verməyinizi xahiş edirik...
- Əksər rayonlarda bu istiqamətdə layihələr
başlayıb. Bir çox rayonlarda layihələrin həyata
keçirilməsi üçün tədbirlər
görülür. 2011-ci ilin büdcəsinə
dəyişikliklər təsdiqlənərkən “Azərsu”
ASC-yə əlavə vəsait ayrıldı. Bu vəsait hesabına qısa müddətdə 11
şəhərdə (Quba, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab,
İmişli, Biləsuvar, Lənkəran, Şəmkir, Mingəçevir
və Qax) su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması və tikintisinə başlanıldı.
Quba, Ucar və Qax şəhərlərində
layihələrin təməlini Prezident İlham Əliyev
şəxsən özü qoydu. Çox
qısa müddətdə, yəni 2011-ci ilin son 4-5 ayı ərzində
adıçəkilən şəhərlərdə işlərin
20-25 faizi keyfiyyətlə yerinə yetirildi və hazırda
işlər davam etdirilir.
Bilirsiniz ki, Azərbaycan hökuməti infrastruktur layihələrinin
icrasında beynəlxalq maliyyə qurumları ilə uğurlu
əməkdaşlıq edir. Su və kanalizasiya
layihələri üzrə Asiya İnkişaf Bankının
krediti hesabına Ağdaş və Göyçay şəhərlərində
işlərin birinci mərhələsi artıq başa
çatıb və ikinci mərhələ üzrə işlərə
başlanılıb. Beyləqan, Balakən
və Ağcabədidə isə tender prosedurları davam edir.
Almaniya İnkişaf Bankının (KfW) maliyyə
dəstəyi ilə Şəki və Gəncə şəhərlərində
işlər uğurla həyata keçirilir. Dünya Bankı ilə bağlanmış kredit
sazişi Şamaxı, Qəbələ, Saatlı və
Sabirabad şəhərlərini əhatə edir. Şamaxı və Qəbələdə işlərin
müəyyən hissəsi görülüb. Belə ki, Şamaxıda birinci mərhələyə
uyğun olaraq sugötürücü qovşağın
inşası yekunlaşıb, Qəbələdə isə
birinci mərhələ başa çatmaq üzrədir.
Saatlı və Sabirabaddakı layihələrimizin
tenderi yekunlaşıb, bu yaxınlarda işlərə
başlanması nəzərdə tutulur.
Astara,
Samux, Tərtər, Qazax, Daşkəsən və Gədəbəy
şəhərlərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihələri İslam
İnkişaf Bankının krediti hesabına maliyyələşdiriləcək.
May ayında kreditin ayrılması ilə
bağlı kredit sazişi imzalancaq. Bu
rayonlarda işlərin qısa müddətdə icra
olunması üçün kreditin ayrılmasını
gözləməyərək İslam Bankının
razılığı ilə Azərbaycan hökumətinin vəsaiti
hesabına həmin şəhərlərdə layihə
işlərini yekunlaşdırdıq.
Yaponiya
Beynəlxalq Əməkdaşliq Agentliyi ilə də geniş
əməkdaşlığımız var. Bu agentliklə birgə
aprel ayında Qusar və Xaçmazda, may
ayında isə Xızı şəhərində layihələrin
təməlqoyma mərasimləri keçirildi. İlin
sonuna qədər isə Qobustan, Bərdə, Yevlax və
Naftalanda işlərə başlamağı hədəfləmişik.
Bunlardan başqa Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi və Səudiyyə İnkişaf Fondu su təchizatı
və kanalizasiya layihələrinə vəsait ayıracaq.
Qeyd edim ki, bu 2 qurum regionlarda yox, Abşeronda
layihələrin icrasına vəsait yönəldəcək.
Belə ki, Kürdəxanı qəsəbəsinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidənqurulması, həmçinin
Pirşağıda Çirkab Sutəmizləyici Qurğunun
inşası Koreya Agentliyinin, Səbail rayonunun “20-ci sahə” və
ona bitişik ərazilərdə, həmçinin
Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin
yenidənqurulması isə Səudiyyə Fondunun maliyyəsi
ilə reallaşacaq.
Respublikanın
rayonları ilə bağlı “Azərsu” ASC-dən başqa
“Meliorasiya və su təsərrüfatı” ASC-nin sifarişi
ilə Dünya Bankının maliyyəsi hesabına 8, Ərazilərin
Yenidən Qurulması və Bərpası üzrə Agentliyin
sifarişi əsasında isə dövlət büdcəsi vəsaiti
hesabına 6 rayon mərkəzində layihələr həyata
keçirilir. Artıq 40-dan çox rayonda bu
işlər başlayıb və bir neçə şəhərdə
işlərin birinci mərhələsi başa çatıb.
Yerdə qalan rayonlarda isə
düşünürəm ki, bu ilin sonuna qədər layihələrə
start veriləcək.
- Ölkə
başçısı bəyan edib ki, Azərbaycan vətəndaşları
keyfiyyətli su ilə təmin olunmalıdır. Bununla bağlı hansı layihələr həyata
keçirirsiniz?
- Cənab
Prezident 8 sentyabr 2011-ci ildə Ceyranbatanda yeni ultrasüzgəcli
sutəmizləyici qurğunun təməl qoyma mərasimində
“Su həyatdır, təmiz su sağlam həyatdır” deməklə
bizə istehlakçıların təmiz və keyfiyyətli
su ilə təmin olnması tapşırığını verdi. Bu
tapşırığı icra etmək üçün biz hərtərəfli
araşdırma aparmışıq və ilk növbədə
mənbələrin düzgün seçimi məsələsini
qarşımıza qoymuşuq. Artıq müəyyən
nəticələrimiz də var. Məsələn, əvvəllər
işlənmiş layihələrdə Ucar və Zərdab
şəhərlərinin, həmçinin
yaxınlıqdakı kəndlərin su təchizatının
Kür çayından aparılması nəzərdə
tutulmuşdu, amma sonradan o layihələrə dəyişiklik
etdik. İndi həmin şəhərlərə
və ətraf kəndlərə Kürdən yox,
Girdmançaydan qidalanan Külüllü mənbəyindən
ən yüksək standartlara uyğun su veriləcək.
Qeyd edim ki, hazırda Külüllüdən
Ucar, Zərdab və Kürdəmirə magistral kəmərlər
çəkilir.
Suyun nəqli, anbarlara toplanması və əhaliyə
çatdırılması zamanı bütün sanitar
normalara əməl edilməsini də nəzərdən
keçiririk.
Burada başlıca faktorlardan biri suyun
mikrobakterioloji zərərsizləşdirilməsi zamanı ən
müasir və insan həyatı üçün daha təhlükəsiz
metodlardan istifadə etməyi qərar almışıq.
Belə ki, Ceyranbatan və Kür su mənbələrində
emal olunan suyun zərərsizləşdirilməsi
üçün ozonlaşdırıcı qurğu inşa
etməyi planlaşdırmışıq. Artıq
bu işlərin öyrənilməsinə
başlamışıq və 2013-cü ildə bu işlər
tam başa çatdırılacaq. Bu
dünyanın ən müasir texnologiyasıdır, hansı
ki, artıq Avropada, Amerikada və dünyanın digər
inkişaf etmiş ölkələrində tətbiq edilir.
Bu da suyun keyfiyyətinə müsbət mənada
təsir edəcək əsas amillərdən biri olacaq.
Eyni
zamanda, tikinti standartları hazırlanıb ki, burada poletilen
borulardan və içi izolyasiya olunmuş metal borulardan istifadə
olunacaq. Yəni, bununla biz suyun daşınma
zamanı keyfiyyətinin aşağı düşməsinin
qarşısını alacağıq. Keyfiyyətə nəzarəti
daha da gücləndirmək və əhaliyə verilən
içməli suyun tərkibinə nəzarəti ən
yüksək səviyyədə təmin etmək
üçün ötən il təməli
qoyulmuş “Azərsu” ASC-nin mərkəzi
laboratoriyasının inşası yekunlaşmaq ərəfəsindədir
və iyul-avqust ayında yeni mərkəz istifadəyə
veriləcək. Bu laboratoriya dünyanın ən
müasir laboratoriyaları səviyyəsində qurulur, burada
istifadə olunacaq avadanlıqların alınması
üçün Avropanın qabaqcıl şirkətlərinə
sifariş verilib. Laboratoriyamızın beynəlxalq
qurumlar tərəfindən akkreditasiya olunmasını da
planlaşdırırıq. Layihə
başa çatdıqdan sonra “Azərsu” ASC-nin Mərkəzi
Laboratoriyası Avropanın və digər ölkələrin
laboratoiyaları ilə eyni hüquqa malik olacaq və bizim
laboratoriyadakı analizlərimiz dünyanın hər yerində
qəbul olunan nəticələr sayılacaq. Qeyd edim ki, burada suyun 75-ə qədər parametrini
müəyyən edə biləcəyik, hansı ki, indi suyun
35 parametrini müəyyən edirik.
- Qorxmaz
müəllim, aprelin 16-da cənab Prezidentin rəhbərliyi ilə
keçirilən müşavirədə su təchizatı və
kanalizasiya sahəsinin perspektivlərindən
danışıldı və ölkə
başçısı şəhərlərlə
yanaşı kənd və qəsəbələrdə də
işlərin görülməsinin vacibliyini bildirdi...
- Cənab Prezidentin bu məsələni
vurğulaması bizim üçün çox əhəmiyyətlidir. Çünki
bu gün respublikanın bütün bölgələrində
layihələr həyata keçiririk. Burada
əsas məsələ su mənbələrinin düzgün
seçilməsidir. Bundan sonra biz layihəyə
uyğun onun hesabatını aparırıq. Amma cənab Prezidentin bu fikirlərindən sonra bu
layihələrə yenidən baxmağa
başlamışıq. Bütün rayon
mərkəzləri üçün müəyyənləşdirdiyimiz
mənbələrin imkanları yenidən təhlil olunur.
Əsas diqqət ona yönəldilir ki, həmin
mənbələr hesabına gələcəkdə daha
hansı kəndləri və qəsəbələri su ilə
təmin edə bilərik. Bununla
yanaşı, mənbələrdən şəhərlərə
çəkilən magistral xətlərin layihələndirilməsi
və tikintisində iri diametrli borulardan istifadə etməyi
planlaşdırırıq ki, gələcəkdə ətraf
kəndlərin su təminatını da aparmaq mümkün
olsun. Bəri başdan görüləcək
bu işlər gələcəkdə yeni yaşayış məntəqələrinə
su verilərkən əlavə xərclərin
qarşısını alacaq.
Bizim bir layihəmiz var, kəndlərin su təchizatında
mühüm əhəmiyyət daşıyan layihədir. Hacıqabul rayonunun
Talış kəndində yerləşən və Bakı
şəhərinin 4 su mənbəyindən biri olan Kür Sutəmizləyici
Qurğular Kompleksində emal olunan suyun bir hissəsi Şirvan,
Salyan, Neftçala, Biləsuvar, Saatlı və Sabirabad şəhərlərinə
veriləcək. Bu layihənin həyata
keçirilməsi ilə biz təkcə rayon mərkəzlərini
yox, həm də magistral kəmər boyunca yerləşən
147 kəndi də su ilə təmin edəcəyik. Nazirlər Kabinetinin iclasında cənab Prezidentin
qarşımızda qoyduğu tapşırıqlardan sonra biz
həmin kəndlərin sayının
artırılmasını düşünürük.
Yeri gəlmişkən, Kür mənbəyindən
adıçəkilən şəhərlərə magistral xəttin
tikintisi məqsədilə “Azərsu” ASC tender elan edib və
hazırda iddiaçıların təklifləri qiymətləndirilir.
Külüllü
su mənbəyindən Kürdəmir, Ucar və Zərdab
şəhərləri ilə yanaşı 40-dan artıq,
Xaçmaz layihəsində 6, Lənkəran layihəsində
7, İmişli layihəsində 4 kəndin su təchizatının
aparılması nəzərdə tutulur. Bunlardan başqa
içməli sudan daha çox əziyyət
çəkən kəndləri də müəyyənləşdirmişik
və onların su təchizatının aparılması
üçün layihələr işləyirik. 130-a qədər belə kəndin problemini həll
etmək üçün təxirəsalınmaz tədbirlər
planı hazırlanıb.
Kənd və qəsəbələrin içməli su
probleminin həlli istiqamətdə səylərimizi daha da
gücləndirmişik. “Azərsu” ASC-nin Sukanal Elmi Tədqiqat və
Layihə İnstitutu respublikanın rayon və kəndləri üzrə
içməli su strategiyası hazırlayır.
- Mətbuatdan
da məlumdur ki, “Azərsu” ASC həyata keçirdiyi layihələrdə
yeni texnologiyalardan istifadə edir. Bunu tətbiq və
istismar etmək üçün kadr potensialının
gücləndirilməsinə ehtiyac var. Bu məsələ necə
həll olunur?
- Bu məsələ
“Azərsu” ASC-nin diqqət mərkəzindədir. Çünki biz böyük layihələr həyata
keçiririk və bu layihə işlərində ən son
texnologiyaların tətbiqinə çalışırıq.
Bu o deməkdir ki, həmin layihələr
başa çatdıqdan sonra yeni texnologiyaları idarə edən
kadrlar olmalıdır. Söz yox ki, Səhmdar
Cəmiyyətin hazırki kadr potensialı bu tələblərə
cavab vermir. Tikinti işləri aparılan
müddətdə kadrların hazırlanması işi də
aparılmalıdır. Bunun
üçün xüsusi proqramlarımız var. Yeni Kadr
hazırlığı şöbəsi, Təlim Tədris Mərkəzi
yaratmışıq. İşə cəlb
etmək istədiyimiz insanlar ixtisas və məntiqi təfəkkür
testlərindən keçirilir və uyğun gələnlər
işə götürülür. Yeri gəlmişkən,
yeni tədris mərkəzini inşasına qərar
vermişik. Bunun üçün vəsait
də nəzərdə tutulub, hazırda layihə işləri
başa çatmaq üzrədir. Düşünürəm
ki, gələn ilin birinci rübündə tədris mərkəzinin
inşasını başa çatdıra biləcəyik.
Layihələndirmə ilə yanaşı tədris
kurslarına başlamışıq. Əsasən
çirkab suların idarə olunması və təmizlənməsi
üzrə kadrların hazırlanması həyata
keçirilir. Eyni zamanda, kadrları nəzəri
cəhətdən hazırladıqdan sonra onları Türkiyəyə
göndərməyi planlaşdırırıq. Artıq Türkiyənin müvafiq qurumları ilə
danışıqlara başlamışıq ki, orada əlavə
nəzəri biliklər almaqla yanaşı praktiki təcrübələr
də keçsinlər.
Ümumilikdə, kadr məsələsi ilə
bağlı digər layihələrimiz də var. Nəzərdə
tuturuq ki, ölkənin 4 bölgəsində təcrübə
mərkəzləri yaradaq. Mərkəzlər
kompleks infrastrukturu olan şimal, cənub, qərb və şərq
bölgələrini əhatə edəcək. Qonşu rayonlarda işləyənlərin Bakıya
ezam olunmasına ehtiyac qalmayacaq, onlar həmin mərkəzlərdə
təcrübə keçəcəklər.
Digər bir məsələni də diqqətinizə
çatdırım ki, “Azərsu” ASC xarici maliyyə
qurumları ilə reallaşdırılan layihələrdə
kadr hazırlığı məsələsini də önə
çəkir və artıq bəzi layihələrdə bu məqsədlə
vəsaitin ayrılmasına, yerli kadrların xarici ölkələrə
ezam olunmasına nail olmuşuq. Ümumiyyətlə əsas
məqsədimiz odur ki, möhtərəm Prezident İlham Əliyevi
tapşırıqlarına uyğun olaraq Abşeronda və
rayonlarda yaradacağımız yeni infrastrukturu istismar və
idarə etmək üçün tam hazırlıqlı
mütəxəssislər yetişdirək.
Yeni Azərbaycan.-
2012.- 15 may.- S.4.