Qızıl əbədiyyət
çələngi
Böyük Nobellər ailəsi və
onların təsis etdiyi mükafatlar barədə mülahizələr
AzərTAc Azərbaycan Mühəndislik
Akademiyasının prezidenti, akademik Arif Paşayevin
böyük Nobellər ailəsi və onların təsis
etdiyi mükafatlar barədə məqaləsini təqdim edir.
Üçüncü minillikdə də başa
çatan hər ilin son ayında Stokholmdan maraqlı xəbərlər
gözləyirik. Görəsən bu dəfə bəşər
nümayəndələrindən kimi yaxşıların ən
yaxşısı hesab edəcəklər? Ulu Tanrının yaradıcılıq dühası
bəxş etdiyi bəndələrindən hansı bu planetdə
həyatın təkmilləşdirilməsinə və tərəqqiyə
inqilabi töhfələr verə bilmişdir? Kimin adı bəşər tarixinin salnaməsinə
həmişəlik yazılacaqdır? Obrazlı
şəkildə desək, görəsən şöhrət,
xatirə və ölməzlik çələngi kimə qismət
olacaqdır?
Əslində bizim burada istifadə etdiyimiz obrazlı ifadələr
bəşəriyyətin təkmilləşməyə
doğru bir addım atmasına öz fəaliyyəti ilə
imkan vermiş müxtəlif şəxsiyyətlərin
uğurlarının qlobal miqyasda etiraf edilməsindən ibarət
olan yüksək mənanın yalnız metaforik ifadə
formasıdır. Təbii ki, burada söhbət dəfnə
çələngindən deyil, yüksək əyarlı
qızıl medaldan gedir. Bu medalın
üzərində olduqca sadə və eyni zamanda, görkəmli,
fenomenal bir insan olan Alfred Nobelin şəkli həkk
olunmuşdur. Bax bu məqamda biz qürur
hissi ilə qeyd etməliyik ki, bu medalın parlaq
işığının iki mühüm tərkib hissəsi
vardır. Şübhəsiz, bunlardan
birincisi, Nobelin özünün dühası, ikincisi isə
karbohidrogenlərlə çox zəngin olan bizim doğma
Bakı torpağıdır. Bunlar bir-birini
tamamlayır və biri olmasaydı, o biri də olmazdı.
Burada heç bir mübaliğə yoxdur...
Alfred Bernhard Nobel hələ 9 yaşında ikən
Rusiya imperiyasına gəlmiş və uzun müddət burada
yaşamışdır. O, rus dilini və öz parlaq taleyinin qismətindən,
yaşayıb yaratmalı olduğu ölkələrin
xalqlarının ləhcələrini çox yaxşı
bilirdi. O, fransız, alman və ingilis dillərində ana dilində
olduğu kimi sərbəst danışırdı. Təbii ixtiraçılıq istedadı kimi,
poliqlotluq da onun üçün tamamilə təbii hal idi.
İsveç və Norveç kralı İkinci Oskarın
kamergeri Arne Ulof Svensonun gündəliyində belə bir qeyd
var: “...Zati-aliləri Ryudbeklər nəslindən olan cənab
Nobel ilə də uzun müddət söhbət etdi. Söhbət zamanı Nobel bir dildən digərinə
çox asanlıqla keçirdi. Zati-aliləri
bu məqamı qeyd edəndə Ryudbeklər nəslindən
olan Nobel hələ Qafqaz tatarlarının (azərbaycanlıların
- Müəllif) dilini də bilməsi ilə öyünmək
fürsətini əldən vermədi. Orada o, iyli qara
maye sayəsində Krez şöhrəti
qazanmışdı...”
Monarxın kamergerinin gündəliyindəki bu qeydin məzmunundan
görünür ki, o, Ryudbeklər nəslindən olan Alfred
Nobeli xoşlamırmış, “iyli qara maye” dedikdə isə
aşkardır ki, Bakı neftini nəzərdə tuturmuş. Burada biz onunla
mübahisə edə bilərik. Nobel Bakıya gələndə
artıq imkanlı adam idi.
Alfred də atası kimi kimya ilə maraqlanırdı və
tezliklə özünün ilk, o vaxtlar
yazıldığı kimi, “epoxal ixtirasını”
etmişdir. Söhbət “Nobel partladıcısından” gedir.
Sonra o, dinamit, tüstüsüz barıt ixtira
etmiş, nitroqliserini partlayıcı maddə kimi təkmilləşdirmişdir.
Bununla əlaqədar xüsusi qeyd etmək istərdik
ki, o, öz yeniliklərini yaradarkən, ilk növbədə,
onlardan dinc məqsədlər üçün istifadə
edilməsi barədə düşünürdü. Bu yeniliklər şaxtalar, yollar və tunellər
tikintisi işində dönüş yaratmalı idi.
A.Nobel sintetik materiallar istehsalı sahəsində də
çalışmış və o vaxtlar yeni yaranmaqda olan
rabitə sistemləri üçün çox iş
görmüşdür. Onun aktivində 355
patentləşdirilmiş ixtira vardı.
Eyni zamanda o, gərgin sahibkarlıq fəaliyyəti ilə
məşğul olurdu. Nobel bu sahədə özünü
çox mürəkkəb və hərtərəfli şəxsiyyət
kimi göstərmişdir. Bakıdakı
Nobel Qardaşları Ortaqlığının üzvü
kimi, əvvəllər malik olduğundan qat-qat çox sərvət
toplamışdı. Onun Almaniya, İngiltərə,
İtaliya, Fransa və İsveçdə laboratoriyaları
vardı. Ömrünün axırlarında onun
imperiyası dünyanın 20 ölkəsində təqribən
90 şirkət və müəssisəni əhatə edirdi.
Nobel Rusiyanı tərk edəndən sonra bir müddət
Stokholmda yaşamış, sonra isə Parisə
köçmüş və uzun müddət orada
yaşamışdır. Ölümündən 1 il əvvəl,
1895-ci il noyabrın 27-də Parisdə qeyri-adi bir vəsiyyətnamə
tərtib etmişdir. Bu vəsiyyətnamə
elan ediləndən sonra onun doğurduğu effekt Nobelin
özünün yaratdığı dinamitin günün
günorta vaxtında partlaması nəticəsində yaranan
effektə oxşayırdı. Bütün
dünya heyrət içində idi. Nobel
özünün bütün daşınmaz əmlakını
satmağı, əldə edilmiş vəsaitdən fond
yaratmağı və qazandığı bütün
kapitalı “təhlükəsiz qiymətli kağızlara”
çevirməyi vəsiyyət etmişdir. Bəri başdan deyək ki, indi onun fondundakı
kapital təqribən 400 milyon İsveç kronuna bərabər
məbləğlə ifadə olunur.
Nobel vəsiyyətnamədə
öz əli ilə yazmışdı ki, həmin kapitaldan
yaranan gəlir “hər il əvvəlki ildə bəşəriyyətə
ən böyük fayda gətirmiş insanlar arasında
mükafatlar şəklində
bölüşdürülsün... fizika və kimya sahəsində
mükafatlar İsveç Akademiyası tərəfindən,
fiziologiya və təbabət sahəsində işlərə
görə mükafatlar Stokholmdakı Karolina İnstitutu tərəfindən,
ədəbiyyat üzrə mükafat Stokholm Akademiyası tərəfindən,
sülh uğrunda mübarizəyə görə mükafat isə
Norveç Stortinqinin seçdiyi 5 nəfərdən ibarət
komitə tərəfindən veriləcəkdir”.
Məlum olduğu kimi, Nobel mükafatlarının təqdim
edilməsi mərasimi ənənəyə görə
dekabrın 10-da, Alfred Nobelin ölüm günündə, hərtərəfli
işlənib hazırlanmış ssenari üzrə
keçirilir.
Demək olar ki, bütün dünya bu mərasimi
izləyir. Lakin qeyd etmək lazımdır
ki, Nobellər ailəsi, konkret desək Nobel
qardaşlarının böyüyü Lyudviq, sonra isə onun
oğlu Emmanuel də mükafatlar təsis etmişlər.
Bir məqamı qeyd edək: bu mükafatların hamısı
eyni dəyərə malik idi və onların vahid stimul
ideyası vardı - planetin texniki tərəqqisini maddi və
mənəvi cəhətdən təşviq etmək. Mükafatların maddi tərəfi Nobellər tərəfindən
Bakı neft yataqlarının istismarı hesabına əldə
edilmiş kapitaldan ibarət idi. İsveçli
tarixçi və maliyyəçi E.Bergenqren obyektiv mövqedən
çıxış edərək yazır: “...Rusiya Nobellərinin
məhz vəsaitlərin müəyyən hissəsinin,
xüsusən Bakı neft mədənlərinin istismarı nəticəsində
toplanmış vəsaitlərin Nobel Mükafatları Fonduna
köçürülməsi barədə qərarı
ümumiyyətlə Nobel mükafatlarının yarana bilməsində
həlledici amil olmuşdur”.
Azərbaycanın ikinci neft bumu dövrünü
yaşadığı indiki vaxtda respublikamızda neft
işinin inkişafında Nobel qardaşlarının rolunu
yada salmamaq çətindir. Bir əsrdən
çox bundan əvvəl Binəqədi neft
yatağının sənaye miqyasında istismarı məhz
Nobel qardaşları tərəfindən
başlanmışdır.
1896-ci ildə onlar tarixdə ilk dəfə olaraq zərbə-kanat
üsulu ilə dərinliyi 403 metr olan 1004 nömrəli neft
quyusunu qazmışdılar. O dövr üçün bu dərinlik
rekord göstərici idi. Xüsusi qeyd etmək
lazımdır ki, qazma avadanlığını Nobel qardaşları
özləri yaratmışdılar. Bu
avadanlıq Azərbaycanda neft maşınqayırma sahəsinin
yaranmasının əsasını təşkil etmişdir.
Buna görə də Nobel
qardaşlarının bizim Bakı şəhəri
qarşısında xidmətlərini yada salmamaq olmaz. Bu, ilk növbədə Alfred Nobelə aiddir. Azərbaycan paytaxtının ən uzun və gözəl
küçələrindən birinə onun adı
verilmişdir. Bundan əlavə, qədirbilən
bakılılar Nobel qardaşlarının Villa Petrolea ofisinin
binasını da qoruyub saxlamışlar. Bununla əlaqədar,
1996-cı il avqustun 24-də Bakının
köhnə mədən ərazisi olan Bayıl qəsəbəsində
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ)
ofisinin açılışında şirkətin prezidenti
Terri Adamsın çıxışı yada düşür.
O
demişdir: “Biz öz ofisimizi “II Villa Petrolea”
adlandırmışıq. Bu onu göstərir
ki, Azərbaycanın neft sənayesinin ənənələri
qədim tarixə malikdir. Əvvəlki
Villa Petrolea Nobellər ailəsinə mənsub idi və bu bina
Qaraşəhərdəki gözəl parkda indiyə qədər
qorunub saxlanmışdır. Nobel
qardaşlarının və Azərbaycan mühəndislərinin
neft texnologiyası sahəsində uğurları və nailiyyətləri
hələ də istifadə edilir və bu gün bütün
dünyada məlumdur. Bakı haqlı
olaraq dünya neft sənayesinin paytaxtı hesab edilir. Nobellər ailəsi maarifçilik tərəfdarları
olmuş, həmişə azərbaycanlılara qayğı
göstərmiş və onları qiymətləndirmişdir.
Biz ümid edirik ki, indi ABƏŞ bu ənənələri
davam etdirəcəkdir”.
Prezident
Heydər Əliyev həmin mərasimdə yekun sözündə
demişdir: “Azərbaycanın gözəl binalarından biri,
indi önündə toplaşdığımız bu bina
konsorsiumun Beynəlxalq Əməliyyat Şirkətinin sərəncamına
verilibdir. Cənab Terri Adams mənə bildirdi
ki, onlar bu binanı təmir ediblər, modernləşdiriblər,
dediyi kimi, Azərbaycan rəssamlarının əsərləri
ilə bəzəyiblər və bu gün bizi binanın
açılışına dəvət ediblər. Bu binanın adını “Villa Petrolea” qoyublar və mənə
verilən izahatdan belə başa düşdüm ki, “II Villa
Petrolea” vaxtilə Nobel qardaşlarının ofisinin adı
olubdur. Azərbaycanın neft sənayesində
Nobel qardaşlarının gördükləri işlər
ölkəmizin tarixinə həkk olubdur və bunu biz bu
gün də xatırlayırıq. O işlər XIX əsrin
son dövründə başlanmışdısa, indi müstəqil
Azərbaycan Respublikasının dünyanın böyük
neft şirkətləri ilə əməkdaşlığı
XX əsrin sonunda başlayıbdır. Şübhəsiz
ki, bugünkü işlər bir əsr bundan öncə
görülən işlərdən bütün xüsusiyyətlərinə
görə qat-qat fərqli olmalıdır”.
Məhz o vaxt Heydər Əliyev tədbir
iştirakçılarının məhdud dairəsində
çox maraqlı bir fikir söyləmişdir. Bizim
bugünkü mülahizələrimiz həmin fikirlə
bağlıdır.
Ulu
öndər demişdir: “Açığını deyim ki, mən
bəlkə də bilmirəm, lakin Bakıda Nobel
mükafatına layiq görülmüş neft mütəxəssislərinin
adları yadıma düşmür...”
Prezident bu sözləri tam səmimi deyirdi. Onunla işləyənlərin
hamısı yaxşı bilirdi ki, O həmişə
iştirak edəcəyi hər bir tədbirin mövzusunun əhatə
dairəsini çox diqqətlə öyrənirdi. Doğrudan da, biz nə qədər
çalışsaq da, Nobel mükafatı laureatlarının
bütün siyahısında, belə demək
mümkündürsə, xalis neftçi adları tapa bilmərik.
Belə laureatlar üç nəfər
olmuşdur, lakin onların hamısının neft işinə
dolayısı ilə aidiyyəti olmuşdur. Hərçənd,
Bakı Neft İstehsalı Ortaqlığının banisi və
rəhbəri Lyudviq Nobelin xatirəsinə təsis edilmiş
mükafatın əsasnaməsində hərfən bu sözlər
yazılmışdır: “metallurgiya və neft sənayesi
üzrə ən yaxşı əsərə və ya tədqiqata
görə ... və ya bu istehsalatların texnikasında hər
hansı görkəmli ixtira və ya təkmilləşdirmələrə
görə verilsin”.
Mükafatın 5 ildə bir dəfə verilməsi
planlaşdırılırdı. A.Stepanov “Lampalar nəzəriyyəsinin
əsasları” (kerosin lampaları nəzərdə tutulurdu)
işinə görə; V.Baskakov yaşayış evlərinin
və dəmirçi kürələrinin
qızdırılmasında “Neftin mükəmməl
yanması” probleminin həllinə görə; A.Nikiforov neftdən
aromatik karbohidrogenlərin ayrılması metodunun işlənib
hazırlanmasına görə bu mükafatın ilk
laureatları olmuşlar. Yalnız beş
ildən sonra 1909-cu ildə Emmanuil Lyudviqoviç Nobel
neftçıxarma və neft emalı texnikasına və ya ona
yaxın elmlərə, məsələn, geologiyaya həsr
edilmiş əsərlərə görə illik mükafat təsis
edəndən sonra birinci Nobel laureatı bakılı
neftçi-kimyaçı Viktor Gerr olmuşdur.
Təəssüf ki, indi həmin mükafat tamamilə
unudulmuşdur.
Hərçənd tarixi reallıq belədir ki,
Nobelləri bu mükafatları təsis etməyə
ruhlandırmış əsas amil olmuş ilk YÜKSƏK
TEXNOLOGİYALAR məhz NEFT İŞİNƏ aid idi.
Orijinal mühəndis qərarları sayəsində sürətlə
inkişaf etməkdə olan neft hasilatından əldə edilən
gəlirlərin kifayət qədər artması, Nobel Fondunun
elmin və həyatın başqa sahələrini - fizika, kimya, təbabət və
fiziologiya, ədəbiyyat, sülhün möhkəmlənməsi
üzrə fəaliyyəti və nəhayət,
iqtisadiyyatı da dəstəkləməyə imkan
vermişdir. Yeri gəlmişkən, sonuncu
mükafat - iqtisadiyyatda nailiyyətlərə görə verilən
mükafat İsveç Dövlət Bankının təşəbbüsü
sayəsində nisbətən yaxın vaxtlarda, 1968-ci ildə
təsis edilmişdir. Neftçıxarma və
neft emalı texnikasına həsr edilmiş əsərlərə
gəldikdə isə, nə qədər qəribə olsa da,
onlar zəruri stimullaşdırmadan kənarda qalmışlar.
Buna baxmayaraq, Fondun bu məsələyə
lazımınca diqqət yetirməməsinə rəğmən,
məhz neft sənayesində tətbiq edilən yüksək
texnologiyalar, çox cəhətdən, bütün planetdə
elmin sürətli inkişafını təmin etmişdir.
XX əsrin ikinci yarısında həqiqətən
inqilabi xarakterli elmi və mühəndis-texniki dəyişikliklər
nəticəsində neft sənayesi, belə bir müqayisə
aparmaqdan çəkinməyərək, mükəmməllik
həddinə yaxınlaşmışdır. Fundamental elmi araşdırmaların
nəticələri nəşr edilmiş, neftçıxarma,
maili qazma, dənizin əvvəllər təsəvvürə
gətirilməyən ucsuz-bucaqsız ənginliklərində
karbohidrogen yataqlarının mənimsənilməsi
texnikasının ən yeni metodları işlənib
hazırlanmışdır. Bütün
bunlar ilk dəfə Azərbaycanın təbii neftli-qazlı
sahələrində və Xəzər dənizinin Bakıya
bitişik şelfində yaranmış və tətbiq
edilmişdir. Burada hələ keçən əsrin 50-ci illərində
Bakıdan 100 kilometr məsafəsində açıq dənizdə
sütunlar üzərində şəhər
salınmışdır. “Neft daşları”
adlanan bu şəhər indi də fəaliyyət göstərir.
Keçən əsrin 70-ci illərində burada üzən
qazma qurğusu (ÜQQ) yaradılmış və dənizə
buraxılmışdır... Bundan əlavə,
bir məsələni də yada salmaya bilmərik ki, bizim
inkişaf etmiş neftçıxarma və neftayırma sahələrimiz,
görkəmli milli alim və mütəxəssislərimiz
olmasaydı, faşizm üzərində Qələbə bəlkə
də mümkün olmazdı. Müharibə
illərində cəbhəyə göndərilən
yanacağın 80 faizdən çoxunu Bakı verirdi. Dünya şöhrətli azərbaycanlı alim
Yusif Məmmədəliyev isə müharibənin o
ağır dövründə yüksək oktanlı benzin və
məşhur “Molotov kokteyli” ixtira etmişdir.
Marşal
G.Jukov faşizm üzərində Qələbədə
Bakı yanacağının çox böyük rol
oynamasını hərbçilərə xas olan
soyuqqanlılıqla bu sözlərlə ifadə etmişdir:
“Bakı neftçiləri Vətənimizin müdafiəsi
üçün, düşmən üzərində Qələbə
üçün cəbhəyə və ölkəyə
lazım olan miqdarda yanacaq vermişlər”.
Digər əfsanəvi
marşal K.Rokossovski Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinə ünvanladığı məktubunda bu işə
bələd olan bir adam kimi yazırdı:
“Aviasiyanın hər bir döyüş zərbəsində,
sovet tankçılarının hər bir reydində,
alman-faşist qüvvələri üzərində hər bir
qələbədə Bakı neftçilərinin töhfəsi
çoxdur”.
İkinci Dünya müharibəsinin
iştirakçısı olmuş əsas ölkələrin
bütün liderləri - Ruzvelt, Çörçill, De Qoll,
İden və başqaları həmin müharibədə
Bakının rolunu dəfələrlə qeyd etmişlər.
Bu barədə düşüncələr bizi haqlı
olaraq belə bir mühakimə yürütməyə yönəldir
ki, sırf neft sahəsində nailiyyətlərə görə
Nobel mükafatları verilməsini bərpa etmək
yaxşı olardı. Bizim fikrimizcə, Fond onun təsisçiləri
Lyudviq və Emmanuil Nobellərin vəsiyyətini nəzərdən
qaçırmışdır. Onlar
neftçıxarma və neft emalı texnikasına həsr
edilmiş əsərlərə görə mükafat verilməsini
dəqiq qeyd etmişlər. Bütün
dünya neftçiləri özlərinin novator
araşdırmaları və konkret işləri ilə
sübut etmişlər ki, onlar böyük Nobel
qardaşları tərəfindən planetin ən yaxşı
adamlarına vəsiyyət edilmiş ölməzlik rəmzi
olan qızıl dəfnə çələnglərinə
layiqdirlər.
Arif PAŞAYEV,
Azərbaycan Mühəndislik
Akademiyasının prezidenti,
Akademik
Yeni Azərbaycan,-
2012.- 16 may.- S.4.