Heydər Əliyev
dənizçilərin ən yaxın dostu və himayədarı
idi
Müsahibimiz Azərbaycan
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Aydın Bəşirovdur
- Aydın müəllim, xalqımızın Ulu Öndəri Heydər Əliyev ümumxalq səviyyəsində məhəbbətlə yad olunan nadir şəxsiyyətlərdəndir.
- Mütərəqqi ideyaları və əməlləri ilə tanınan siyasətçilər, xalqının liderinə çevrilən insanlar təkcə öz zəmanələrinin deyil, bütün dövrlərin ən sevimli, ən nüfuzlu şəxsiyyətləridir. Ulu Öndərimiz Heydər Əliyev də öz ölkəsinin inkişafındakı tarixi xidmətlərinə görə əbədiyaşarlıq qazanmış dühalardandır. Təsadüfi deyil ki, siyasətşünaslar azərbaycanlı olmağı ilə fəxr edən, bütün həyatını dünyalar qədər sevdiyi Azərbaycanın çiçəklənməsinə və inkişafına həsr etmiş Heydər Əlirza oğlu Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi fəaliyyəti ilə öz ölkələrində milli lider səviyyəsinə yüksələn Corc Vaşinqton, Şarl de Qoll, Mustafa Kamal Atatürk kimi tarixi simaların fəaliyyətləri arasında çoxlu bənzərliklərin olduğunu söyləyirlər. O, hələ sovetlər dövründə respublikamıza rəhbərlik edərkən Azərbaycanın hərtərəfli inkişafı üçün nələr etməmişdi?!. Neçə-neçə fabrik və zavodlar istifadəyə verildi, minlərlə iş yerləri açıldı. Azərbaycan tikinti meydançasına çevrildi. Təkcə Bakıda çoxsaylı ailələr heç bir kommunal rahatlığı olmayan və zirzəmilərdə yerləşən mənzillərdən işıqlı və yaraşıqlı evlərə köçdülər. Respublikamızın nəqliyyat infrastrukturunun inkişafı hər addımda müşahidə olunurdu. Azərbaycanlı gənclərin dərin biliyə və dünya görünüşünə yiyələnməsi üçün ən qabiliyyətli oğul və qızlarımız keçmiş ittifaqın ən nüfuzlu universitetlərində və institutlarında oxumağa göndərilirdi…
Yəqin ki, 90-cı illərdə respublikamızda baş verən hadisələr heç kimin yadından çıxmayıb. Qarabağda qanlı döyüşlər gedirdi. Günahsız insanlar qətlə yetirilir, məcburi köçkünlərin sayı gündən-günə artırdı. İqtidarda olan cəbhəçilərin bacarıqsızlığından iqtisadiyyatımız dağılır, hakimiyyət uğrunda mübarizə ölkəni uçuruma aparırdı. Milli tənhalığın şüurlara hakim kəsildiyi, Azərbaycanın bir ölkə kimi xəritədən silinmək təhlükəsinin son həddə çatdığı bir vaxtda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər respublikamızı xilas etməklə bütün dünyanın tanınmış siyasətçilərini heyrətə gətirdi. Xalqımızın Ümummilli Lideri hüquqi-demokratik dövlət quruculuğunda çoxlarının illərlə görə bilmədiklərini on ildə reallaşdırdı. Qısa vaxtda ölkədə baş alıb gedən anarxiyaya, özbaşınalığa son qoydu, cəbhədə atəşkəsə nail oldu və iqtisadiyyatımızı, insanları ümidsizlik girdabından qurtardı… Bax bütün bunlara görə xalq öz böyük oğlunu - Ulu Öndərimiz Heydər Əliyevi hər zaman minnətdarlıqla, tükənməz sevgi ilə yad edir…
- Dəfələrlə ən mötəbər tədbirlərdə qədirbilənliklə işlətdiyimiz bir ifadə var: «Ulu Öndərimiz Heydər Əliyev dənizçilərin ən böyük dostu və himayədarı idi». Bu fikir nədən qaynaqlanır?
- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin son 40-45 illik tarixini diqqətlə öyrənən hər kəs tərəddüd etmədən deyər: Gəmiçilik öz varlığına görə məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevə borcludur. Biz dönə-dönə bu barədə mətbuata geniş məlumat vermişik. Elə bilirəm ki, bu, heç vaxt köhnələn və tükənən mövzu deyil. Nə qədər ki, dəniz var, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi var, dənizçiliyi özünə peşə seçən və çörəyi Gəmiçilikdən çıxan nəsil-nəsil insanlar bu mövzu ətrafında həvəslə danışacaq, öz xilaskarını şirin dillə xatırlayacaq, əməli işləri ilə Ulu Öndərin arzularının gerçəkləşməsinə çalışacaqlar.
- Gəmiçiliyin
son 45 illik tarixinə istinad etdiniz. Mümkünsə deyin,
konkret olaraq hansı hadisələri nəzərdə
tutursunuz?
- Bu
böyük tarixdən üç hadisəni xatırlamaq istərdim.
Yəqin ki, 60-cı illərdə dənizə gələnlər
o illərdə Gəmiçiliyin necə ciddi problemlərlə
üzləşdiyini indi də unutmayıblar. Yüz ildən
artıq ölkə iqtisadiyyatının inkişafına
layiqli töhfələr verən, İkinci dünya müharibəsində
ordunun yanacaqla təmin olunmasında müstəsna xidmətləri
olan Xəzər Dəniz Gəmiçiliyi 60-cı illərin
ikinci yarısında Dəniz Donanması Nazirliyinin diqqətindən
kənarda qalmışdı. Soyuqluq, ögeylik donanmanın təzələnməsində
də özünü göstərdi. SSRİ-də ticarət
gəmiçiliyi çiçəklənmə
dövrünü yaşadığı illərdə Xəzər
Dəniz Gəmiçiliyinə təzə gəmilər
ayrılmırdı… Yalnız xalqımızın ümummilli
lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər
təyin olunandan sonra bu problem öz həllini tapdı. Ulu
Öndər bu məsələni şəxsi nəzarətinə
götürdü. 70-ci illərin əvvəllərində
böyük rəhbərin köməkliyi və təşəbbüsü
ilə Xəzərə yeni nəsil tankerlər və quru
yük gəmiləri gətirildi, hövzədə yük
axını sürətlə artmağa başladı. O, Xəzər
dənizçilərinin itirilməkdə olan şöhrətini
özünə qaytardı…
Daha sonra,
ötən əsrin sonunda respublikamız müstəqillik
qazananda, yuxarıda qeyd etdiyim kimi, ölkədə işbazlar
əl-qol açdılar. Talançılıqla varlanmaq istəyənlər
Gəmiçiliyə də əl uzatmışdılar. Bir
sıra sahil obyektləri mənimsənilmiş, iki tanker
satılmışdı, neçə-neçə gəminin
«sövdələşməsi» yekun mərhələsində
idi. Onu da deyim ki, o dövrdə keçmiş ittifaqa daxil olan
respublikalarda nəhəng gəmiçiliklərin
dağıdılması prosesi başa
çatmışdı. Yalnız xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə
qayıdışı bizi bəladan qurtardı.
Nəhayət,
bizim üçün çox vacib olan üçüncü
bir hadisəni xatırlamaq istərdim. Mən hələ gənclik
illərindən arzu edirdim ki, gəmiçilik ölkəsi
olan Azərbaycanda da dənizçi kadrlar hazırlayan ali təhsil
müəssisəsi açılsın. Gənclərimiz
doğma dilimizdə dənizçi peşəsinin sirlərini
öyrənib ali təhsilli mütəxəssis diplomu ala
bilsinlər. Biz ikinci dəfə dövlət müstəqilliyi
əldə edəndən sonra bu məsələ daha da
aktuallaşdı.
Düz 15
il əvvəl – 1996-cı ilin yayında Ulu Öndərimiz
Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Dövlət
Dəniz Akademiyası həyata vəsiqə aldı… Bax
bütün bunlara görə biz hər zaman, hər yerdə
deyirik: «Ulu Öndər Heydər Əliyev dənizçilərin
ən yaxın dostu, himayədarı və xilaskarı idi».
Bu gün
Akademiyada tədrisin səviyyəsi Beynəlxalq Dəniz Təşkilatının
ekspertləri tərəfindən yüksək qiymətləndirilir
ki, bu da məzunlarımıza İMO-un üzvü olan 170-ə
yaxın ölkənin hər birində işə düzəlmək
imkanı verir. Bu, çox mühüm haldır və
respublikamızda dənizçiliyin inkişafı
üçün geniş perspektivlər açır.
-
Aydın müəllim, mümkünsə müasir Azərbaycanın
memarı Heydər Əliyevin iqtisadi inkişaf
strategiyasında gəmiçiliyin rolunu şərh edin.
- Ulu
Öndər Heydər Əliyev qeyd edirdi ki, «Xəzər Dəniz
Gəmiçiliyinin donanması Azərbaycanın çox
böyük sərvətidir. O, böyük işlər
görür və gələcəkdə də görəcəkdir».
Onun bu müdrik kəlamı Gəmiçiliyimizin zəngin
keçmişini, respublika iqtisadiyyatının
inkişafındakı bugünkü və gələcəkdəki
əhəmiyyətli rolunu əks etdirir. Yəni Gəmiçilik
tükənməyən sərvətdir, o, həmişə
xalqımıza ləyaqətlə xidmət etmişdir, bundan
sonra da edəcəkdir.
Biz bu
gün fəxrlə qeyd etməliyik ki, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin düşüncələrinin
məhsulu olan bir sıra siyasi-iqtisadi layihələrin
reallaşmasında bizim Gəmiçiliyin fəaliyyəti də
mühüm rol oynayır.
Azərbaycan
çox əlverişli coğrafi məkanda yerləşir.
Tarixən Şərqlə Qərbi qovuşduran, Avropadan
Yaponiyaya qədər uzanan Böyük İpək Yolu Azərbaycandan
gəlib keçmişdir. Uzun illər iqtisadi cəhətdən
səmərəli olan Qədim İpək yolunun bərpası
ideyası siyasətçiləri və
iqtisadçıları, iş adamlarını çox
düşündürürdü. Hətta 1988-ci ildə
YUNESKO «İpək yolu - Dialoq yolu» ideyasını irəli
sürərək İpək Yolunun təxmini marşrutunu da
müəyyənləşdirmişdi. Lakin sovet imperiyası
bu planın həyata keçməsinə imkan vermədi.
1993-cü ildə Avropa İttifaqının Brüssel
konfransında səkkiz dövlətin iştirakı ilə
TRASEKA dəhlizinin açılması barədə proqram qəbul
edildi. Qısa vaxtda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
açılması üçün tonlarla kağız sərf
olundu, onlarca beynəlxalq tədbir və yüzlərlə
seminar keçirildi. Lakin bu layihəyə qısqanclıqla
yanaşanların iradəsini sındırmaq mümkün
olmadı. Yalnız xalqımızın uzaqgörən,
müdrik oğlu Heydər Əliyevin məqsədyönlü
və gərgin əməyi sayəsində bütün maneələr
aradan qaldırıldı və 1996-cı ilin yayında
Türkmənistan və Azərbaycan ərazisindən
keçməklə Özbəkistandan qərbi Avropaya yola
salınan pambıq yükü ilə dəhlizdə yük
ötürülməsinin açılışı oldu. Bu dəhlizdə
ilk səfər «Akademik Həsən Əliyev» gəmi-bərəsi
heyətinin bəxtinə yazıldı.
Dediyim
kimi, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyətə
başlaması bir çox yüzilliklər bundan əvvəl
Şərq ilə Qərbi birləşdirən Qədim
İpək yolunun bərpası istiqamətində atılan
ilk real addım idi. Ulu Öndərimiz Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin əhatə dairəsini genişləndirmək,
onu tarixi məcrasına yönəltmək üçün fəaliyyətini
davam etdirdi. O, bütün görüşlərində
müxtəlif ölkələrdən olan həmkarlarına,
iş adamlarına, beynəlxalq tədbirlərin
iştirakçılarına, kütləvi informasiya nümayəndələrinə
söyləyirdi ki, Avropadan Asiyaya ən qısa yol Azərbaycandan
keçir. Bu, Tarixi İpək yoludur. İpək yolu Yaponiya,
Çin və Mərkəzi Asiyadan keçib Xəzərə
çıxacaqdır. Xəzərin Şərq və Qərb
sahilləri arasında bərə keçidi var və bu, Azərbaycana
məxsusdur…
Bəlkə
də Ulu Öndərin 20 il əvvəl Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizi barədə fikirləri bir çoxlarına xəyal
kimi görünürdü. Amma bu gün həmin nəqliyyat
dəhlizinin region ölkələrinin iqtisadiyyatının
inkişafında, bu ölkələr arasında hərtərəfli
əlaqələrin genişlənməsində əvəzsiz
rolu reallıqdır. Fəxrlə deyə bilərəm ki,
gündən-günə şaxələnən, əhatə
dairəsi böyüyən bu dəhlizi cazibədar və səmərəli
edən amillərdən biri də bizim Azərbaycan Dövlət
Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat
donanmasıdır…
- Gələn
il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi
gözlənilir. Bu isə dəhlizdə yük axının
artacağından xəbər verir. Gəmiçiliyin nəqliyyat
donanması böyük yük axınına
hazırdırmı?
- Mən
bu məqamda bir məsələni xüsusi olaraq qeyd etmək
istərdim. Bu gün hörmətli Prezidentimiz cənab
İlham Əliyev bütün sahələrdə olduğu
kimi, Gəmiçiliyə münasibətdə də Ulu
Öndərimiz Heydər Əliyevin kursunu davam etdirir.
Donanmanın təzələnməsi və yükötürmə
imkanlarının artırılması daim ölkə
başçısının diqqət mərkəzindədir.
Görün 2004-cü ildən bəri Gəmiçilik nə
qədər yeni gəmi alıb. Biz bu müddətdə 10 ədəd
iritonnajlı tankerin, bir quru yük gəmisinin, 4 gəmi-bərənin
istismara verilməsinin sevincini yaşadıq. Xorvatiyanın
"Ulyanik" tərsanəsində son 10 ayda tikilmiş daha
2 bərənin doğma limana – Bakıya gətirilməsi isə
2012-ci ilin nailiyyətlərindəndir. Biz bütün bunlara
görə məhz möhtərəm Prezidentimiz cənab
İlham Əliyevə minnətdarıq.
İndi
kollektivimizin qarşısında bir çox məsuliyyətli
məsələlərin həlli durur. Bu, ilk növbədə
ümummilli liderimizin əsasını qoyduğu və
gerçəkləşdirdiyi nəhəng planlar, o cümlədən
Azərbaycanın neft strategiyasını müəyyənləşdirən
«Əsrin müqaviləsi», tarixi İpək yolunun bərpası,
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi və
nəhayət, Bakı-Tbilisi-Qars layihəsinin gerçəkləşdirilməsi
ilə bağlıdır. Odur ki, Gəmiçiliyin kollektivi
öz işinə daim məsuliyyətlə yanaşır,
qazanılmış mövqelərini daha da möhkəmləndirmək,
yeni nailiyyətlər əldə etmək haqqında
düşünür. Kollektivimiz doğma Azərbaycana
sözdə deyil, işdə xidmət edir və bütün
çətinliklərin öhdəsindən inamla gəlməkdə
qətiyyətlidir. Bu inam isə hər şeydən əvvəl,
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
ardıcıl və uğurla davam etdirdiyi Heydər Əliyev xəttinin
möhkəmliyinə, sabit xarakter daşımasına
arxalanır.
Yeni Azərbaycan.-
2012.- 20 oktyabr.- S.3.