Yeni Azərbaycan Partiyası xalqın iradəsini ən dolğun şəkildə ifadə edir

 

Müsahibimiz Bakı Metropolitenin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədovdur

 

- Tağı müəllim, bəlli olduğu kimi, noyabrın 21-də YAP-ın yaranmasının 20-ci ildönümü qeyd olunacaq. Sizin fikrinizcə, partiyamız ötən müddət ərzində nələrə nail ola bilib? Ulu öndərin rəhbərliyilə hansı tarixi nailiyyətlərə imza atılıb?

- Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan Yeni Azərbaycan Partiyası 20-ci ildönümünü qeyd edir. Lakin tarixə nəzər salarkən, bu 20 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. Çünki, Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının Sədr məsuliyyətini üzərinə götürmüşdü. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi.

Məhz, Yeni Azərbaycan Partiyasının yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi, və ümumxalq partiyasına çevrildiyi illər ərzində Ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar edildi.

Təbii ki, söz partiyamızın yaranmasının 20 illiyindən düşübsə, bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, yaratdı. Qeyd edək ki, o vaxtlar Siyasi Bürodan uzaqlaşan adamlar ciddi təzyiqlər altında olurdular. Ancaq Heydər Əliyev heç nədən çəkinmədən öz sözünü deyirdi və 1990-cı il 20 yanvar hadisəsi haqqında verilən bəyanat buna sübutdur. Ulu öndər Heydər Əliyevin Moskvadan sağ-salamat Azərbaycana qayıdışı bizə Allahın verdiyi bir lütf idi. Amma bu şansdan necə istifadə olundu? O zaman iqtidarda olanlar Heydər Əliyevə təzyiqlər göstərirdi. Bu səbəbdən də O Naxçıvana getdi. Heydər Əliyev böyük vəzifələrdə işlədiyi dövrlərdə özünə bir ev də almamışdı, O Bakıda qardaşının evində qalırdı. Naxçıvana getdikdən sonra isə Ulu öndərimiz bacısının evində yaşadı. Əlbəttə ki, Naxçıvan əhalisi böyük məhəbbətlə Heydər Əliyevi qarşıladı və Onu dəstəklədi. Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyev Muxtar Respublika üçün misilsiz xidmətlər göstərdi. Xalqla Heydər Əliyevin birliyi Naxçıvanı bir çox problemlərdən xilas etdi.

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisində ilk dəfə üçrəngli bayrağımızı ucaltdı, eləcə də, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əliyev Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Təsis konfransında 500 nəfər iştirak edirdi. Amma bu gün partiyanın sıralarında 560 minə yaxın insan birləşib. Sovetlər dövründə birpartiyalı sistem zamanı 70 il ərzində Azərbaycan Kommunist Partiyasının 370 min üzvü vardı, amma çoxpartiyalı bir sistemdə 20 il ərzində ölkəmizdə YAP-ın 600 minə yaxın üzvü var. Çünki bu partiya Ümummilli lider Heydər Əliyevin qurduğu partiyadır. Bu gün YAP-a rəqib ola biləcək hansısa partiya yoxdur və inanmıram ki, gələcəkdə də olsun.

Əgər Ulu öndərimiz ikinci dəfə hakimiyyətə qayıtmasaydı, indi müstəqil bir dövlətimiz yox idi. Uzun illər-demək olar ki, 1969-cu ildən bu yana Azərbaycan Heydər Əliyevin çiyinləri üzərində inkişaf etdi, respublikamızı ermənilərin, qeyri-millətlərin hücumundan qorudu. 1993-cü ildə Bakıya qayıdışından sonra Azərbaycanı məhv olmaqdan xilas etdi. Daha dəqiq desəm, naxçıvanlılar Heydər Əliyevi dəstəklədi, qulluğunda durdu - bütün Azərbaycanın xilası üçün. Çox şükürlər olsun ki, Heydər Əliyev var idi.

- Həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət ağır idi. Lakin Ümummilli lider Heydər Əliyev bütün çatışmazlıqların öhdəsindən gələ bildi. Sizcə bunun səbəbləri nə ilə bağlı idi?

- 1993-cü ildə Ulu öndər Heydər Əliyev Bakıya gələndə vəziyyət çox acınacaqlı idi. İnsanlar evindən səhər çıxanda axşam salamat qayıtmalarını arzulayırdılar. Belə bir vəziyyətdə o zamankı dövlət başçısının Bakıdan qaçması çox acınacaqlı idi. Bu faktlar bir daha təsdiqləyir ki, Heydər Əliyevdən başqa heç kim Azərbaycanı xilas edə bilməzdi. Məhz Ümummilli liderimizin qətiyyəti sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Ulu öndər Heydər Əliyev çox məntiqlə davrandı. İlk olaraq, 1994-cü ilin mayında atəşkəs imzalandı. Daha sonra ölkənin iqtisadiyyatını dirçəltmək istiqamətində işlər görüldü, «Əsrin müqaviləsi» imzalandı. 1994-cü ilin oktyabrında yeni bir çevriliş cəhdinə əl atıldı. Ulu öndər Heydər Əliyevin müraciəti əsasında yüzminlərlə insan Prezident Sarayının qarşısına toplaşdı. Həmin dövrdə metropoliten məhz səhərə qədər işləyib insanlara xidmət etdi. Xalq Heydər Əliyevin səsinə səs verdi və bu çevriliş cəhdinin qarşısı alındı. O hadisələr ərəfəsində isə, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Heydər Əliyev ABŞ-a gedəndə dövlət adamları Şəmsi Rəhimovu və Afiyəddin Cəlilovu öldürdülər. Bu, qara qüvvələrin Heydər Əliyevə mesajı idi. Amma Ulu öndərimizin məntiqi, cəsarəti bütün bunlara üstün gəldi. 1995-ci ilin mart ayında ikinci dəfə çevrilişə əl atılsa da, yenə Xalq-Heydər Əliyev birliyi bu təhlükənin qarşısını aldı. Bütün bu hadisələr göstərir ki, Allahın Heydər Əliyevə verdiyi ömür Azərbaycanın nicatı idi. Ümummilli liderimizin ikinci dəfə hakimiyyətədə olduğu 10 il Azərbaycan dövlətinin inkişaf və tərəqqi dövrü kimi tarixə düşüb. 10 il müddətində Heydər Əliyevin gördüyü işlər 50 ilə bərabər tutula bilər.

- Tağı müəllim, çox maraqlıdır ki, müxalifət partiyası kimi yaranmış YAP 6 aydan sonra hakim partiyaya çevrildi. Təkcə bu tarixi fakt YAP-a olan sevgidən və dəstəkdən xəbər vermirmi?

- Bu bir faktdır ki, demokratik dövlətlərdə gedən ictimai-siyasi proseslərdə siyasi partiyalar amili xüsusi əhəmiyyət kəsb edir. Dünya təcrübəsində siyasi partiyalar dövlətin idarə olunmasında tutduğu mövqeyinə, təmsil olunmasına görə iqtidar, müxalifət partiyası kimi fərqləndirilir. Bu prizmadan yanaşanda, Yeni Azərbaycan Partiyası yarandığı dövrdə iqtidarda təmsil olunmurdu, müxalifət statusu daşıyırdı. Partiyaların iqtidar partiyası olması tarixi bir prosesdir. Bu məhz iqtidarda olanların hakimiyyəti idarə edə bilməməsi səbəbindən yaranmış böhranlı vəziyyətdən çıxış üçün Heydər Əliyevə dəfələrlə müraciətindən sonra Yeni Azərbaycan Partiyası iqtidara gəldi.

Yeni Azərbaycan Partiyası ilk fəaliyyətə müxalifət partiyası kimi başlasa da, Azərbaycanın qarşısında duran çətin problemlərin həllində, ictimai-siyasi sabitliyin qorunmasında çox fəal iştirak etdi və Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində iqtidar partiyasına çevrildi. Məhz, Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi təkamül prosesi nəticəsində baş verdi və yaranmasından cəmi altı ay sonra hakim siyasi qüvvəyə çevrildi.

YAP cəmiyyətdə öz sosial dayaqlarını artıra-artıra, insanlara verilən vədi doğrultmaq keyfiyyətlərini nümayiş etdirə-etdirə, cəmiyyəti narahat edən problemlərin həllinin ən səmərəli yolunu müəyyənləşdirməklə cəmiyyətdə partiyaya inamın formalaşdırılması prosesini uğurla apara bildi və partiya tarixində inkişafın mahiyyəti özünü YAP-ın keçdiyi 20 ildə göstərdi.

- Ötən müddət ərzində YAP özünü respublikanın ən güclü və ən böyük sosial dəstəyə malik siyasi təşkilat kimi göstərib. Partiyamızın ölkədəki və sərhədlərimizdən kənardakı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının ötən 20 illik fəaliyyəti dövründə yüksək templə böyüyərək, respublikada ən güclü siyasi qüvvə kimi mövqe tutmasının təməl prinsipləri mövcuddur. Belə ki, partiyanın Ulu öndər Heydər Əliyev kimi dahi, uzaqgörən, böyük siyasi təcrübəyə, idarə etmək qabiliyyətinə və fenomen keyfiyyətlərə malik siyasi liderinin olması, YAP-ın Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında ölkədə hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədinə xidmət etməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, ictimai həmrəylik və demokratik vətəndaş cəmiyyətini formalaşdırması və insanları müstəqil dövlətçilik ətrafında birləşdirməsi kimi amillər söylənilən prinsipləri təşkil edir. Bununla yanaşı, partiyamızın ictimai-siyasi təşkilatlarla qarşılıqlı hörmət və əməkdaşlığa söykənən siyasi, sivil, mədəni dialoq qurmağa hazır olması və xarici ölkələrin mütərəqqi partiyaları və ictimai təşkilatları ilə hərtərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlıq uğrunda çıxış etməsi də onun həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə nüfuz qazanmasının əsasını təmin edir. Təbii ki, bu cür amilləri nəzərə alaraq, demək olar ki, Yeni Azərbaycan Partiyası müasir siyasi partiya kimi cəmiyyətin inkişafına özünəməxsus töhfələr verir. Hər şeydən əvvəl xalqın tələblərini cavablandıran YAP-ın güclü sosial bazaya malik olmasının və nüfuzlu ümumxalq partiyaya çevrilməsinin əsasları da var. Yəni, partiyanın fəaliyyətinin demokratik prinsiplərə əsaslanması, onun ərazi prinsipinə əsasən seçkili orqanlarının fəaliyyət göstərməsi və respublikanın bütün inzibati vahidlərində təmsil olunmaqla geniş struktura və resurslara malik olması və YAP-ın öz-özünü maliyyələşdirməsi, maliyyədə şəffaflığın olması və bütün strukturlarda üzvləri qarşısında vaxtaşırı maliyyə hesabatları verməsi onun müasirliyinin və insanlar tərəfindən sevilməsinin tutarlı faktorlarıdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə, müstəqil, demokratik dövlətə çevrilməsində qarşıya qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədi ilə öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi kimi ideoloji prinsiplərə əsaslanır. Heç də təsadüfi deyil ki, YAP bu gün ideoloji istiqamətlərinə və fəaliyyətinə görə, Avropa Xalqları Partiyasının, İCAPP-ın üzvüdür, həmçinin, dünyanın güclü dövlətlərinin hakim partiyaları ilə sıx əməkdaşlıq edir.

- Prezident İlham Əliyevin Sədrliyilə YAP-ın əldə etdiyi nailiyyətləri necə dəyərləndirirsiniz?

- YAP-ın təşkilatlanmasında və inkişaf etməsində tarixi əhəmiyyət daşıyan strukturlardan biri partiya qurultaylarıdır. Məlumat üçün bildirək ki, partiyamızın ötən müddətdə təsis konfransından sonra 4 qurultayı keçirilib. Bu qurultayların hər biri partiya həyatının ən mühüm hadisələri kimi tarixə düşüb.

Qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edən rəhbər orqan kimi partiyanın Siyasi Şurasının və Siyasi Şuranın iclasları arasındakı dövrdə partiyanın operativ fəaliyyətini həyata keçirən rəhbər orqan kimi İdarə Heyətinin partiya tarixinin müxtəlif mərhələlərindəki fəaliyyəti, zəruri qərarların çıxarılması və icrası istiqamətindəki prinsipial mövqe nümayiş etdirməsi xüsusi qeyd edilməlidir.

Xatırladaq ki, YAP 1999-cu il 20-21 dekabrda özünün ilk ali orqanı - I Qurultayını keçirdi. O vaxt qurultayın uzun fasilədən sonra keçirilməsində səbəb axtaranlar da tapıldı. Aydındır ki, hər bir məsələyə Ulu öndərimiz özünün müdrik münasibətini bildirdiyi kimi, bu suallara da layiqli cavabını vermişdi. I Qurultay partiyanın təsis konfransında müəyyənləşdirdiyi yaxın dövr üçün vəzifələrini layiqincə yerinə yetirdiyini, cəmiyyətdə rolunun artdığını bəyan etdi və partiyanın perspektiv üçün Nizamnamə və Proqramını qəbul etdi. YAP-ın inkişafında müstəsna əhəmiyyət daşıyan partiyadaxili yeni strukturlar yarandı. Prezident İlham Əliyevin partiya Sədrinin müavini seçilməsi isə partiyanın gəncləşməsi prosesinin başlanğıcını qoydu və partiyaya gənc üzvlərin axınını yaratdı.

YAP-ın formalaşmasında, təşəkkül tapmasında, təşkilatlanmasında, ümumiyyətlə, partiyanın inkişafında xüsusi yeri olan İcra Katibliyinin yaranması, onun strukturlarının formalaşması partiyamızın həyatına dinamizm, inkişaf gətirdi. Partiya üzvünün siyasi mənsubluğunu əks etdirən üzvlük vəsiqəsinin təsdiq edilməsi partiyadaxili intizamın möhkəmlənməsində, onlarda vəzifələrinə məsuliyyətlə yanaşmaq keyfiyyətinin formalaşdırılmasında əvəzsiz təsiri oldu.

Partiyamızın böyüməsi, inkişaf etməsi və sosial bazası genişlənərək ümumxalq partiyasına çevrilməsi onun II qurultayından sonra geniş vüsət aldı. 2001-ci ilin noyabr ayında keçirilmiş qurultay partiya tarixində öz vəzifəsini yerinə yetirərək partiya sədrinin birinci müavini strukturunu təsis etdi və bu vəzifəyə artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin sədri, Milli Məclisin deputatı, Partiya sədrinin müavini kimi vəzifələrdə ləyaqətlə işləmiş, daha yüksək keyfiyyətləri ilə fərqlənən cənab İlham Əliyevi seçildi.

Partiyamızın Ümummilli liderimizdən sonrakı dövrü cənab Prezidentimiz İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Partiyamızın 2005-ci il martın 26-da keçirilmiş III qurultayı partiya tarixinə yeniləşmə, gəncləşmə, siyasi mətinlik keyfiyyətlərinin formalaşdığı hadisə kimi düşdü. III qurultay Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevi Partiyamızın Sədri seçdi və bununla da partiya tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Ulu öndər Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etməyin böyük şərəf olduğunu qeyd edən Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevin vurğuladığı kimi: “Bizim partiyamızı fərqləndirən cəhət odur ki, bizim siyasətimiz konkret işlərdən ibarətdir. Biz heç vaxt populist vədlər vermirik, reallığı əks etdirməyən şüarlarla çıxış etmirik. Sadəcə olaraq, biz ardıcıl, məqsədyönlü şəkildə öz işimizi görürük. Azərbaycanın möhkəmlənməsi, iqtisadi potensialının güclənməsi, dünyadakı mövqeyinin möhkəmlənməsi üçün əlimizdən gələni edirik”.

Partiyanın 2008-ci ilin 4 avqustunda keçirilən IV qurultayı isə partiya tarixinə demokratikləşmə, demokratik dəyərlərin möhkəmləndirilməsi yolunda sivil siyasi mübarizənin təkmilləşdirilməsi və nümunəsi kimi düşdü. Həmin qurultayda YAP prezident seçkiləri öncəsi özünün prezidentliyə namizədini irəli sürdü. Bu, nəinki YAP-ın, eyni zamanda, Azərbaycan xalqının yekdil seçimi idi. Həmin seçkilərdə YAP-ın namizədi böyük səs üstünlüyü ilə rəqiblərinə qalib gələrək növbəti beşillikdə də Azərbaycana rəhbərlik etdi.

Bununla yanaşı, YAP 2009-cu ildə keçirilmiş referendumda və bələdiyyə seçkilərində də cəmiyyətin böyük əksəriyyətinin dəstəyini qazandı, 2010 parlament seçkilərində isə Milli Məclisə 71 deputatla keçdi. Bütün bunlar əlbəttə ki, ilk növbədə xalq dəstəyindən və lider faktorundan asılıdır.

Eyni zamanda, böyük xalq dəstəyinin bir hissəsini təşkil edən YAP Yasamal rayon təşkilatının fəaliyyəti də qeyd edilməlidir. Rayon təşkilatının 30 minə yaxın üzvünün olması partiyanın ümumi qələbələrinin əldə olunmasına özünəməxsus töhfəsini verir. Əminəm ki, YAP Yasamal rayon təşkilatı bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və ümumi uğurlarda xüsusi payı olacaq.

- Tağı müəllim, aydındır ki, bu gün Bakı Metropolitenin inkişafında heç şübhəsiz YAP-ın üzvlərinin də böyük əməyi var. Elə bu konteksdə bilmək istərdik ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin metronun tərəqqisindəki rolundan danışasınız...

- Təbii ki, Azərbaycan hazırda dünyanın sürətlə inkişaf edən dövlətlərindən biri kimi tanınır. Bu yüksək tərəqqinin, misilsiz yüksəlişin əsasında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası dayanır. Məhz son 9 ildə qazanılmış uğur və nailiyyətlər dövlətimizin başçısının böyük istedad və fenomenal təşkilatçılıq qabiliyyətinin, səfərbəredici gücünün nəticəsidir.

Prezident İlham Əliyev fəaliyyətilə Ulu öndərimizin ideyalarının gerçəkləşməsini təmin etməklə yanaşı, onları müasir dövrün tələblərinə uyğunlaşdıraraq, mahiyyətcə daha da zənginləşdirir və təkmilləşdirir. Nüfuzlu ekspertlərin də qeyd etdiyi kimi, dövlətimizin başçısının son illərdəki fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının işlək mexanizmlər əsasında reallaşdırılması, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması, qlobal böhranın milli iqtisadiyyata təsirlərinin zəiflədilməsi ilə səciyyəvi olub. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 9 il paytaxtımızın ən populyar ictimai nəqliyyatının - metropolitenin inkişafında da yeni mərhələ kimi səciyyələnir.

Xüsusi olaraq, vurğulanmalıdır ki, YAP bu gün Azərbaycanın bütün sahələrində müşahidə olunan inkişaf prosesində aparıcı rol oynayır. Partiyamızın üzvləri cəmiyyətin bütün sahələrində öz potensialını ortaya qoymaqla, həmin sferaların tərəqqisinə layiqli töhfələr vermiş olurlar. Bu cür inkişaf prosesi Bakı Metropolitenin də həyatında görünür. YAP-ın Sədri, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində metronun modernləşdirilməsi prosesi genişləndi, yeni keyfiyyət qazandı.

Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına yeni metropoliten xətləri inkişaf etdirilib, “Nəsimi”, “Azadlıq prospekti”, ”Dərnəgül” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı istismara verilib. “İçərişəhər” və “Koroğlu” stansiyaları tamamilə yenidən qurulub. Metronun “Avtovağzal”, “Memar Əcəmi-2”, “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Yeni Günəşli” stansiyalarında işlər davam etdirilir.

Bütövlükdə, ictimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” əsasında reallaşır. Qeyd edək ki, Bakı Metropoliteni öz maddi-texniki təminatına, müasir texnologiyalarla təchiz edilməsinə və sərnişinlərə göstərilən xidmətin səviyyəsinə görə dünyanın qabaqcıl metropolitenləri sırasına daxildir. Nəzərə alsaq ki, dünyanın 55 ölkəsinin 154 şəhərində metro var, Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerə layiq görülüb. Metropolitenin maddi-texniki bazasının gücləndirilməsi, xüsusən, vaqon parkının genişləndirilməsi də diqqətəlayiq nailiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteni ayrılmış vəsait hesabına jeton sistemindən kart sisteminə keçib, qırx ildən artıq istifadədə olmuş turniketlər yeni müasir dizaynlı turniketlərlə əvəzlənib. çipkartın stansiyalarda qoyulmuş bankomatlarda bilavasitə sərnişinin özü tərəfindən doldurulması məsələsi də həll olunub.

Həmçinin, Prezident İlham Əliyevin tapşırığı ilə metronun təhlükəsizliyi, təxribat və terrorçuluq cəhdlərindən qorunması üçün ciddi tədbirlər görülüb. Stansiyalarımızın hamısı videomüşahidə qurğusu ilə təchiz edilib. Belə qurğular vaqonlarda da quraşdırılıb. Eyni zamanda, dünya metroları arasında birinci olaraq üztanıma kamerası bizdə quraşdırılıb.

Əlbəttə ki, metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, Prezident İlham Əliyev bu qurumun işçilərinin çətin və şərəfli əməyini daim yüksək qiymətləndirir. Dövlət başçısının hər il noyabrın 8-də metro işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 28 oktyabr 2006-cı il tarixli Sərəncamı bu diqqət və qayğının bariz təzahürüdür. Son illərdə dövlətimizin başçısının fərmanları ilə Bakı Metropoliteninin bir qrup işçisi yüksək mükafatlara - “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, fəxri adlara layiq görülüb, əmək veteranlarından bir nəfərə Prezident təqaüdü təyin edilib. Prezident İlham Əliyev Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqlarının artırılması məqsədilə sərəncamlar imzalayıb. Bütün bunlar metropoliten işçilərinin işgüzarlığını, məsuliyyətini daha da artırır, onları daha böyük uğurlar qazanmağa ruhlandırır.

“Dərnəgül” stansiyasının açılışı zamanı çıxış edən Prezident İlham Əliyev söyləyib ki, növbəti stansiyaların açılışı 2013-cü ildə nəzərdə tutulur: “2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcəkdir və ondan sonra hər il biz yeni stansiyaların tikintisinə də nail olacağıq. Dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq vardır. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir”.

Bir sözlə, Bakı Metropoliteninin qarşısında böyük perspektivlər var və ölkənin sosial-iqtisadi inkişaf sürəti nəzərə alınmaqla hazırlanmış layihəyə əsasən, 2030-cı ilədək respublikamızın paytaxtında metro stansiyalarının sayının 73-ə çatdırılması nəzərdə tutulur. Hər ildə bir neçə metro stansiyasının tikilib istifadəyə verilməsi dövlət başçısının Bakı Metropoliteninin rəhbərliyi qarşısında qoyduğu mühüm vəzifədir və metro inşaatçıları dövlətimizin dəstəyi ilə bu vəzifəni uğurla yerinə yetirmək əzmindədir.

Möhtərəm Prezidentimiz öz işi və fəaliyyəti ilə Ulu öndərimizin ölməz ideyalarının gerçəkləşməsini təmin etməklə yanaşı, onları müasir dövrün tələblərinə uyğunlaşdıraraq, mahiyyətcə daha da zənginləşdirir, təkmilləşdirir. Nüfuzlu ekspertlərin qeyd etdiyi kimi, dövlətimizin başçısının son illərdəki fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının işlək mexanizmlər əsasında reallaşdırılması, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması, qlobal böhranın milli iqtisadiyyata təsirlərinin zəiflədilməsi ilə səciyyəvi olub. Azərbaycanın bu uğurlu təməl üzərində 2013-cü ildə də sürətlə inkişaf edəcəyinə və xalqın yenidən YAP-ın Sədrinə etimad göstərəcəyinə əminik.

 

 

Yeni Azərbaycan .- 2012.- 25 oktyabr.- S.3.